QADIN
Qadın ruha yaraşıq
Ömrümüzün yarısı.
Sevgisiylə qarışıq
Həm xanımı, qarısı.
* * *
O, dünya yaranandan
Sevgi dolu sonadır.
Biz asılıyıq ondan
Çünki qadın Anadır.
* * *
Qadın həyatın gözü
Aldığımız nəfəsdir.
Həm söhbəti həm sözü
Sevgiylə dolu kəsdir.
* * *
Bu dünya gül qoxuyar
Ətir saçar onunla.
Sevgiylə can toxuyar
Qürur duyar bununla.
* * *
Qadın övlad anası
Hamımızın canıdır.
Bütün bəşəriyyətin
Üzüdür, ad sanıdır.
* * *
Başımızın tacıdır
Həyası, ismətiylə.
Qadın ana, bacıdır
Gözəldir qismətiylə.
* * *
O, dünyanın bəzəyi
İnsanlığın yaşıdır.
Sevgimizin özəyi
Onun məhək daşıdır.
DEMƏYİN
Heç kimə, ay yetim, deməyin dostlar,
Hamımız insanıq, kimsə baş deyil.
Bu sözdə təənə var, daha nələr var,
Açıb ağartmaq da mənə xoş deyil.
* * *
Qismətdən, yazıdan qaçan olmayıb,
Bu dünya yazılı kitaba bənzər.
Bağlanmış bir bəxti açan olmayıb,
Hər kəs öz bəxtini soraqlar, gəzər.
* * *
Kimsəyə yetimdir, söyləyib durma,
Onun da hifz edən Allahı vardır.
Gəl ürək sındırma, gəl könül qırma,
Düşünmə ki, ona bu dünya dardır.
* * *
Heç kəsin taleyi əlində deyil,
Kimsəyə lağ edib, sındırma onu.
Çalış bu kəlməni yaddaşından sil,
Çünki könül qırmaq dünyanın sonu.
* * *
Bu söz yoxa çıxsa dildən, ağızdan,
Hər kəs öz adıyla öyünər məncə.
Bu adın əsiri oğuldan, qızdan,
Dünya xeyir görər hər şeydən öncə.
BELƏDİR
İnsan robot deyil ki,
Həmişə düz işləsin.
Sadə məntiq deyir ki,
Səhvi olur hər kəsin.
* * *
Bu səhvlərin içində
İtib-batan çox olar.
Hamısı bir biçimdə,
Olmur, çaşan yox olar.
* * *
Çalışırıq hamıda
Qüsur tapaq, səhv tutaq.
Ağzımızda tamı da
Az qalır ki, unudaq.
* * *
Bu dünyanın gərdişi
Bizi maraqlandırmaz.
Bir insanın səhv işi
Qəti bizi yandırmaz.
* * *
Acımasa xəmiri,
Küt gedəcək kündələr.
Yola verər ömürü,
Saf, əlacsız bəndələr.
* * *
Ağıllı baş seçilər,
Düz əməli, işiylə.
Yaşandıqca kiçilər
Dərd, ağıllı kişiylə.
* * *
Bu dünya hamı üçün
Gör-götür dünyasıdı.
Baxın, yaşayın, keçin,
Həyat ömrün yasıdı.
ŞEİR
(Bir şeir kitabını oxuduqdan sonra…1982ci il.)
Şeirə meyl eləyin, şeir oxuyun,
Sevinclə, kədərlə dost olmaq üçün.
Şeirə meyl eləyin, şeir oxuyun,
Şeir dünyasından zövq almaq üçün.
* * *
Mənimçün şeirdir, hər açılan gül,
Mənimçün şeirdir, oxuyan bülbül.
Mənimçün şeirdir, o şehli çəmən,
Şeirdir mənimçün o ağ yasəmən.
* * *
Mənimçün şeirdir, gördüyüm gözəl,
Şeirdir mənimçün tökülən xəzəl.
Mənimçün şeirdir, payızın sonu,
Yazda göz oxşayan nərgizin donu.
* * *
Şeirdir həyatım, şeirdir canım,
Şeirsiz keçməyir vaxtım, zamanım.
Deyirəm a dostlar, şeir oxuyun,
Duyun, duyğulanın, çələng toxuyun.
* * *
Şeirdir mənimçün var da, dövlət də
Şeirdir sevinc də, qəm də, nifrət də.
Şeirdir həmişə, hər an, hər zaman
Mənimçün edilən quru hörmət də.
Müəllif: Murad MƏMMƏDOV
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru