LALƏ İSMAYIL. AĞLAYAR.

LALƏ İSMAYILIN YAZILARI

AĞLAYAR
Kimsə bilə bilməz nə çəkdiyimi,
Bir bilsə arxamca min “ah” ağlayar.
Alıb ürəyimi basıb bağrına,
Axşam layla çalıb, sabah ağlayar.
* * *
Zalım hökm oxuyar, zülüm işində..
Adamlar dolaşar şeytan peşində,
Əridər əcəli ölüm dişində,
Sıxıb boğazını tamah, ağlayar.
* * *
Qəlbi kor, can alan cansızı görüb,
Tər qana susayan qansızı görüb,
Haqqı minib, çapan haqsızı görüb,
Dəyişər donunu günah, ağlayar.
* * *
Ha dilən, ha yalvar, əl aç, um dəni..
Yer qaçar, tapılmaz əlac qum dəni..
Sevgiyə tamarzı bu ac bəndəni,
Görüb, boynu bükük, Allah ağlayar.
03.03.2023.

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sənsizliklə boğma məni, ay adam… . Sevil Gül Nur.

SEVİL GÜL NURUN YAZILARI

ŞAHMAT OYUNU
Sənin də gücün bitdi, sən də çox zəif oldun,
Sən də dözə bilmədin bu dəlisov qadına.
“Dəlilik” dediyin eşq ağır gəldi ruhuna,
Bir anda verdin onu ayrılığın badına.
* * *
Bu qəlbdə bir sən vardın, yalandırsa, oy onu,
Al qılıncı əlinə, diri-diri soy onu.
Mən “eşq” dedim bu hissə, sənsə – şahmat oyunu,
Hansı gedişlər etdin, salım bir-bir yadına?
* * *
Son gediş mənim oldu, sən buna məcbur etdin,
Uduzdun bu oyunda, oldu məğlub niyyətin,
Səni unutmağımdır böyük məğlubiyyətin,
Məndən salam deyərsən yıxılmış inadına.
* * *
İndi çək öz ruhuna hicran vurduğu dağı,
Dur qarşıla ömrünə “təklik” adlı qonağı,
Xatirələr üşütsün ətrim dolan otağı,
Dizlərini qucaqla,  “sızıltı” de adına.
* * *
İndi uzun gecələr çəkər səni çarmıxa,
Ağrıların birləşər səni kökündən yıxa,
Quduz həsrət acısı canından çətin çıxa,
Darıxmaq deyirəm e, gəl indi bax dadına.

RİYAZZİYYAT
Sənli xatirələri
Topladım bir araya,
Təkə, cütə ayırıb
Düzdüm iki sıraya.
* * *
Yüz minin birə oldu
Təkin cütə nisbəti.
Mən də sevgi zənn etdim
Bu nataraz qisməti.
* * *
Bu eşqi dönə-dönə
Vurdum neçə qatına.
Gah qüvvətə yüksəltdim,
Gah saldım kök altına.
* * *
Qəmi ixtisar etdim,
Sevinc də kəsr oldu.
Həsrəti sıfra vurdum,
Ayrılıq hasil oldu.
* * *
Sən “biz”dən “sən”i çıxdın,
Yerində tək “mən” qaldı.
Bu yarımcan duyğunu
Ha topladım, dağıldı.
* * *
İkimizə bir ömrü
Hey böldüm sevə-sevə.
Nə etdim, alınmadı,
Qalıq qaldı hər dəfə…
* * *
Səndən sonra hissləri
Hesablamaqdır peşəm.
Sevmədiyim bir fənni
Gör necə öyrənmişəm…
01.10.2022.

“AZADLIQ” STANSİYASI
Məni gözləmə daha,
Yolumuz haçalandı.
Qəlbinin ünvanını
Unutmuşam haçandır.
* * *
Daha ruhuna çıxmır
Məni aparan yollar.
İndi bu addımların
Getdiyi başqa yer var.
* * *
Gözlərim ta yorulmur
Avtobus durağında.
“İndi gələrsən” deyə
Qalmıram sorağında.
* * *
Bilirsənmi, sevirəm
Bu yeraltı qatarı.
Səni tez unutdurur
Metro stansiyaları.
* * *
Elə gözəl olur ki,
Vaqonda mürgüləmək.
Nə mesaj yazmaq olur,
Nə də ki zəng eləmək.
* * *
Gözlərimi yumuram
Əvvəldən düz sonacan.
Çatanadək sayıram
Üç dəfə yüz onacan.
* * *
Xatirə tıxacında
Nə itir, nə batıram.
Səndən rahatca keçib
Mən özümə çatıram.
* * *
Ruhum çıxır məhbəsdən,
Aydınlanır dünyası.
Növbəti dayanacaq –
“Azadlıq” stansiyası…
10.10.2022.

SOYUQ GECƏ
Üşütdü içimi soyuq noyabr,
Çəkdim ciyərimə odlu ahımı.
Kəsdim kəndirini baxışlarının,
Səndən azad etdim dustaq ruhumu.
* * *
Qırıldı gözümdə qorunan əksin,
Xatirə qalmadı bir xoş anımdan.
Səpdim şeirlərə ağrılarımı,
Sən də misra-misra çıxdın canımdan.
* * *
Nələr yaşatmadın yazıq könlümə?!
Demə, qabaqdaymış hələ çətini.
Bu dəfə ürəyim çox zəif oldu,
Qaldıra bilmədi xəyanətini.
* * *
Bu gecə ilk dəfə andımı pozdum,
Adını biryolluq atdım dilimdən.
Səndən keçməyim də çətin olmadı,
Sağ olsun, nifrətim tutdu əlimdən.
* * *
Ağrılı deyilmiş unutmaq yolu,
Bir azca ruhumun dizin qanatdım.
Bu gecə ilk dəfə çıxdın yadımdan,
Bu gecə son dəfə səni unutdum…
30.11.2022.

UZAQLIQ
Bu ayrılıq parçaladı köksümü,
Qopub düşdü ürəyimin tək simi.
Baxışların tez soyundu əksimi,
Daha sənə görünürəm yad kimi…
* * *
Şeirlərin keçmədi ki əynimə,
İndi bu sərt soyuqlarda neynim, hə?
Nəfəsindən köz düşmədi çiynimə,
Bürümədi vücudumu od kimi…
* * *
Bilməzdim ki, doğma dönər yad olar,
Gedişinin başqa necə adı var?
Saçlarımda əllərinin dadı var,
Dad görmədim ondan şirin dad kimi…
30.10.2022.

DODAQLARIN YADDAŞI
Bu həsrətin atəşi heç səngimir,
Hicran dolu od-alovdur yan-yörəm.
Mən gündüzlər adlayıram siratı,
Gecələrsə cəhənnəmdə yanıram.
* * *
Əllərimi soyuq kəsir bu bahar,
Saçlarımı yaz küləyi dağıdır.
Buludlarda baxışlarım əriyir,
Gözlərimin alovunu dağ udur.
* * *
Dodaqlarım həzm eləmir bu dərdi,
Sən gedəli tökür qanlı göz yaşı.
Yadındadır, demişdim ki, unutmur,
Güclü olur dodaqların yaddaşı.
* * *
Hey adını pıçıldayır gizlicə,
Qürurum da yoxluğuna yenilir.
Çeynənməkdən gömgöy olub dərisi –
Bütün hirsim dodaqlara yönəlir.
* * *
Bu eşq qaya, ayrılıqsa xəfif yel,
Nə apara bilər ki, yel qayadan?
Nəfəsimi kəsir acı yoxluğun,
Sənsizliklə boğma məni, ay adam…
12. 03.2023.

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru