QAZİ ŞAİRİN ŞEİRLƏRİ

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN ŞEİRİ

BU AXŞAM….
Bu axşam yenə də gəlmədin gülüm…
Gözləyə-gözləyə qaldıq masada;
Bir ağ kağız idi, bir sarı qələm,
Pəncərə önündə üşüyən çayın,
Bir də öləziyən şamdı kasada….
Sarı yarpaqlar da elədi xiffət,
Hər səni görəndə gülən, sevinən…
Pəncərə şüşəsi ağladı xəlvət…
Çiyninə atdığın şalın üşüdü,
Halsız uzanıbdı, tir-tap masamda….
* * *
Bu axşam yenə də gəlmədin gülüm…
Ocaqda üşüyən odun ağladı,
Yataqda büzüşən yorğan ağladı,
Tək mənim vecimə omadı heç nə…
Dildə tez-tez dedim; gəlmir, gəlməsin…
İçin-için yandım bir mehə təşnə…
Yerin dəyişdiyin külqabı qəmgin,
Bir qəfil toxunuş gəlir işinə,
Mütəkkə qolunu gəzir bu axşam,
Rəqqas bir qapaza həsrət masamda….
29.09.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İstanbulda nəşr edilib

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.

Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.

Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.

İlkin mənbə: /azertag.az/

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ


ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR. LƏTAFƏT BEYBUTOVA.

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR

(Azərbaycanlıların soyqırımlarına verdiyi hüquqi-siyasi qiymət)

Azərbaycan tarixinin  Heydər Əliyev dövrü, tariximizin böyük inkişaf və  möhtəşəm   quruculuq  dövrüdür. Onun  rəhbərliyi  altında  əldə  olunan   uğurların ən mühümü  məhz qurub yaratdığı  müstəqil  Azərbaycan dövlətidir. Azərbaycanda  dövlət  quruculuğu dövlətçilik,  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılması,  iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlərin  qazanılması, coşqun  bir  tərəqqi  dövrü  məhz  Heydər  Əliyevin   uzaqgörən,  qətiyyətli  siyasəti   nəticəsində   yaşanmışdır. 

Ötən əsrin 90-cı ilin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqının səsinə səs verən Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini  itirmək  təhlükəsindən  xilas  edərək dövlətin dayanıqlı siyasi və  iqtisadi  inkişaf  yolunu  müəyyən  etmişdir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini  yaratmaq  imkanını  əldə  etməsi məhz  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa  qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl  qiymətini  alırdı.  Azərbaycan və ümumən Qafqazın  tarixinin  təhrif  olunması  həmin  proqramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.  “Böyük  Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni   qəsbkarları  1905-1907-ci illərdə azərbaycanlılara  qarşı  açıq  şəkildə  geniş miqyaslı qanlı aksiyalar  həyata  keçirdilər.  1918-ci ilin mart  ayından etibarən əks-inqilabçı  ünsürlərlə   mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən  ümumən   Bakı  quberniyasını  azərbaycanlılardan   təmizləmək  məqsədi  güdən  mənfur  plan  həyata  keçirilməyə  başlandı.  Böyük  dövlətlərin  yeritdikləri  imperiya  siyasətinin  icraçısı olan  ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti  yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı  milli  mənsubiyyətinə  görə  məhv  edilərək  öz ata-baba  yurdlarından  didərgin salınmışdır.  Azərbaycanın qədim  yaşayış  məskənləri xarabalığa  çevrilmişdir. Sonralar  tarixi dovr 30-cu illərin  ağir  represiyaları  ilə  müşayət  olunaraq  Azərbaycanin ziyalı genofondunun  məhvinə  nail  olunmuş,  bunun  ardınca 1948-53-cü illər  azərbaycanlıların   kütləvi  deportasiya dalğası, 80-ci illərdən başlayaraq   Dağlıq   Qarabağ  probleminin  yenidən  süni  şəkildə  qızışdırılması,  1990-cı il  20  yanvar  faciəsi  və  1992-ci il Xocalı  soyqırımı  demək olar ki,  bu faciələrin  pik nöqtəsi oldu. 

 Heydər Əliyevin  keçmiş hadisələrə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində  qərarları və  deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümumilli  matəm  günü  kimi  qeyd edilib. Əslində bu,  azərbaycanlılara  qarşı törədilən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi  qiymət vermək cəhdi  idi. Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı   hadisələrinə  siyasi qiymət  vermək  borcunu tarixin  hökmü   kimi  qəbul  edir.  Məhz bütün bunları  nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı  Azərbaycanlıların  Soyqırımı günü” kimi qeyd  edilməsi haqqında fərman imzalamışdır.  Fərman  imzalandığı  vaxtdan  hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı  qurbanlarının  xatirəsi ehtiramla anılır.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş  etdirən  xalqımız  əmindir  ki, əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən  yaradılan müstəqil dövlətimizin  inkişafı  etibarlı əllərdədir.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru