Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
Vaqif Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri – Qazağın Yuxarı Salahlı kəndindən start götürüb.
İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edəcək.
Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçiriləcək.
Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirilməkdədir.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
VAQİF POEZİYA GÜNLƏRİ 2023
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru