
TƏƏSSÜF…
(birinci yazı)
Təəssüf, əlacsızlıq, məyusluq daha sonra isə kin, nifrət, həqarətlə sənə tuşlanan baxışları özündə hiss etməyin necə ağır olduğunu bizim kimi heç kəs duya bilməz. Az qala hər gün üzləşdiyimiz gerçəkliklə baş-başa yaşamaq çətin və dözülməzdir. Min bir ümidlə dərdlərinə əlac olunacağı məkana üz tutanları biz qarşılayırıq. Düzdü, içəridən naəlac qalıb açılmamıza əmr verildiyi də olur. Amma nə olsun, elə ki, dərdini danışan dərdli ayağını kandarımızdan bayıra qoydu, iç üzümüz onun dalınca deyilən rişxəndli, tənəli sözlərdən iyrənir. İnsanlar o deyir ee bir üzü ağlar bir üzü gülər, bax onu biz yaşayırıq. Bir tərəfimiz ümidli nəzərlərlə o biri tərəfimiz tənəli, kinayəli sözlərlə əsl cəhənnəm əzabı yaşayır. Hamı da elə bilir ki, üzümüzə ənlik-kirşan kimi çəkilən lak zamana görə solğunlaşır. Yox, əsla eşitdiyimiz gördüyümüz olaylardır üzümzə çəkilən lakı da, qara meşinlərin də “suyunu” tökən. Hələ bu azmış kimi çöl tərəfimizdə mələk qiyafəsində bulunanların iç üzümüzün “gözləri” qarşısında riyakarlığını görmək qədər dəhşətin içində yaşamaq məcburiyyətimiz də başqa bir dərdir. Hiylələr qurulur, haqqa tələ planı cızılır, nalayiq sözlər deyilir. Fikirləşirik ki, bizə nə. Onsuz da cansız, dilsiz ağızsız kimi qəbul olunmuşuq. İç üzümüzün şahidi olduqlarının əksinə bayır tərəfimiz, ancaq ”mələkləri” görəndə nəyin ki, taxta hətta dəmirdən olanlarımız da dözə bilmir. Biz qapılar utanırıq. O deyirlər ha, utanırsan üzünə ələk tut! Yox! Nə ələk, heç dəmir torlar da bizim gördüklərimizdən utanmağımıza sipər ola bilməz. Bir üzümüz gerçək, o biri üzümüz yalançı gerçəyi yamsılayanları seyr etməkdən zülmümüz ərşə qalxır.
Cansız əşyaya belə sevgi can verə bilər. Sevgisizlik, riyakarlıq, ikiüzlülük isə cansız əşya belə olsa yenə onun canını alır.
Belə qismət payımıza baş əyib, yox ee açılıb-örtülüb yaşamaq çətindir. Eh! Kimdi bizi duyan, gördüklərimizə, eşitdiklərimizə əhəmiyyət verən. Bizi insanlar bəlkə də bu əzabları yaşamaq üçün düzüb-qoşublar. Yenə də olsun! Kaş onların üzünə bağlı olan bütün həmcinslərimizin açılması mümkün olsun.
Müəllif: Pərviz Yəhyalı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru