
GECİKMİŞ MƏKTUB və ya QARABAĞ AZƏRBAYCANDIR
(hekayə)
Gecəni silah səsləri, vəhşi erməni cəlladlarının məhəllənin başındakı evlərə basqını ilə başlayan haray-qışqırıq sədaları ilə keçərən ailə səhərə yaxın gözlərinin çimirini almaqdaydı ki, qapı təpiklə, avtomat qundağı ilə bərk-bərk döyüldü…
Rasim kişi dik atıldı, yerindən hövlnak qalxıb oturdu. Ətrafa göz gəzdirib, yenə yuxu gördüyünü anladı.
Xocalıdan çıxandan bəri, 30 ildir eyni, ya da oxşar yuxular onu rahat yatmağa qoymuşdu. Bu qapı döyülmələrinin ardından erməni qəsbkarları evə girib hamilə arvadını öldürürdülər… Sonra vəhşicəsinə vurulan zərbələrdən huşunu itirirdi… Rasimin o vaxt 28 yaşı vardı…
Bir az dayanıb qulas asdı. Bu dəfə qapının həqiqətən də döyüldüyünün fərqinə vardı. Qalxıb qapını açdı, gələn qonşusu idi. Qaçqınlar binasında illərdir qonşu idilər. Dürdanənin xəstə olduğunu bilirdi, bəlkə nəsə lazımdır, – deyə gəldiyini düşündü.
Rasim kişinin gözlərinin qarşısından Dürdanənin, “baxanın” ömür boyu unuda bilməyəcəyi film kimi 8 günlük əsrlik həyatı keçdi. Xocalı alınanda Dürdanə 20 yaşındaydı, rabitəçi idi. Hamı canını götürüb qaçmağa çalışanda Dürdanə vəzifəsini icra etmiş, son hadisələrin xəbərini mərkəzə çatdırmağa çalışarkən əsir düşmüşdü. Əsirlikdən qurtarandan bugünədən başına gətirilən faciələri danışıb qurtara bilmirdi. Yaşadıqları onu həm ruh, həm də bədən sağlığından etmişdi. Son illər ağır xəstəliyə tutulmuşdu. Mərhələlərlə kimyaterapiya müalicəsi aldığına görə saçları tökülmüşdü…
Rasim kişi onu içəri dəvət etdi. Dürdanə başını yaylıqla bağlamışdı. Ləngərli yerişindən, ağır hərəkətlərindən canının ağrıdığı bəlli olurdu.
- İndi oyadaram oğlanı, gedib nə lazımsa alıb gətirər. Keç içəri, bacım.
Dürdanə gözləri yaşlı olsa da, sevinc süzülən baxışlarıyla, “yox”, – dedi, başını buladı. Rasim kişi niyəsini soruşmağa macal tapmamış Dürdanə dilləndi: - Heç nə lazım deyil, gəldim xəbər verim. Əsgərlərimiz Xocalıya bayrağımızı asıblar.
Dürdanə bilirdi ki, Rasim kişi televizora baxmır. Həkim Xocalıda başından aldığı travmalardan yaranan uzun sürən psixoloji xəstəliyə görə ona televizora baxmağı, sarsıdıcı xəbər və məlumatları izləməyi qadağan etmişdi. Rasim kişi arvadının ölümündən sonra iyirmi il evlənməmişdi. Yaşının ahıl vaxtında – altmışına az qalmış yaxın dost-tanışlarının təkidi ilə Səidə adlı qadınla ailə qurmuşdu. Səidə də ona yaxşı həmdəm olmuşdu. Layiqincə qulluğunda dayanırdı, müalicəsi ilə məşğul olurdu.
Səsə Səidə ilə qardaşı oğlu tarix müəllimi Qoşqar da yuxudan oyanmışdılar. Qoşqar təyinatını yaxınlıqdakı məktəbə almışdı. Hərdən gəlib bibisigildə qalır, onların bəzi məişət işlərinə əl atırdı.
Səidə xanım qapıya gəlib salam verdi, Dürdanəni qonaq otağına dəvət etdi. - Keç içəri, bacı, qapı ağzında niyə dayanmısan? Gəl, gəl içəri. Siz içəri keçin, mən də çay hazırlayım.
İçəri keçdilər, stul çəkib oturdular. Rasim kişi darısqal otağın pəncərəsini açdı. İçəriyə dolan nəm havanı ciyərlərinə çəkdilər. Dürdanə yana-yaxıla danışmağa başladı: - Ay Rasim qardaş, yenə şəhid gətirdilər qonşuya. Deyirlər, 200-ə yaxın şəhidimiz var. Yenə elə yaraşıqlı, boy-buxunlu oğullar şəhid olub ki. Adam qıymır üzlərinə baxa. Feysbukda da paylaşırlar şəkillərini. Dözmək olmur. Həyətə çıxırsan qonşu arvadlar danışır, feysbuka girirsən səhifə dostların. Hamı gileylənir, qarğış edən, kin püskürənlər var. Heç bilmirsən kimi təsdiq, kimi inkar edəsən.
Səidə müxtəlif rəngli kapsulları və bir stəkan suyu gətirib Rasim kişinin qabağına qoydu və əlavə etdi. – Bunları iç, bir azdan yeməyi də gətirirəm.
Bu vaxt Qoşqar müəllim söhbətə qarışdı: - Dürdanə xala, camaatın danışığına çox da fikir verməyin. Rahat olun, hər şey yaxşıya doğru gedir. Onları da başa düşmək olar hardasa, amma həqiqət budur ki, şəhidsiz müharibə olmur.. hələ qələbə, heç olmur. Bilirik ki, Birinci Qarabağ müharibəsində rəsmi qeydlərə əsasən 23.500 şəhidimiz olub. Üstəlik məğlub olmuşuq. İndi qələbə qazanmışıq, əlbəttə şəhidimiz olacaq. Tarixi müharibələrə baxanda indi biz bu qələbəni ən az minimum şəhid verərək qazanmışıq. Bircə misal deyim, rəsmi mənbələrə əsasən, Birinci Dünya müharibəsində Çanaqqala döyüşündə Türkiyənin 253 min döyüşçüsü üstəgəl 3 minə yaxın da azərbaycanlı şəhid olmuşdu. Azərbaycan ordusunun hazırlığı, xüsusilə də XTQ hərbçilərinin şücaətləri nəticəsində biz az itki ilə qələbə çalmışıq. Təbii ki, Türkiyənin dəstəyini də özəlliklə vurğulamalıyıq. Biz buna sevinməliyik. Əfsuslar olsun ki, ölkəmizdə zəfərimizə kölgə salan bəzi qruplaşmalar var, aranı qızışdırmaq üçün belə gərəksiz söhbətlərlə insanları çaşdırmaq istəyirlər. Amma ağıllı adamlar bu xainlərin hansı düşmən dəyirmanına su tökdüklərini yaxşı bilirlər. Dürdanə xala, biz dövlətimizin yanında olmalıyıq. Bir yumruq kimi birləşməliyik. İndi dünya düzəni dəyişir. Güclü olan dövlətlər ayaqda qalacaq. Ermənistan kimi zəif dövlətlər isə dırnaqarası havadarlarına yem olacaqlar.
- Başa düşürəm, ay oğul, mən də bunları çox gözəl anlayıram. Amma heyif ki, bəzilərinin ağzını yığmaq olmur.
- Onlara ən yaxşı cavabı onların dediklərini saymamazlıqla qarşılamaq, görməzdən gəlməklə verməliyik. Yox, görsək ki, susmurlar, onda savaşmalıyıq, mübarizə aparmalıyıq. İctimai qınağa çəkməliyik.
Qoşqar müəllim öz-özüylə danışırmış kimi astadan deyindi:
Nə edək? Bizim bəxtimizə bütün tarixlərdə həm də “özümüzlə” savaşmaq düşüb. Əsas odur, qətiyyətli olaq.
Dürdanə xala susub xəyala getdi. Handan-hana dilləndi: - İndi mənim bir arzum var, oğlum. Əsirlikdə saxlandığım o məkanlara getmək… Bir də xəyalımda bir şey var. Qoşqar oğlum, deyirəm bir sehrli dəyənəyim ola, özümə vuram və qayıdıb yenə Xocalıda olam və 20 yaşıma dönəm…
- Dürdanə xala, sən nikbin ol, olan olub… Sehrli dəyənək olmasa da “Dəmir Yumruq” var. Odur bizi Xocalıya qaytaran. Biz o güclü yumruğun üstünə on milyon yumruq qoymalıyıq. Bizim vətəndaşlıq vəzifəmiz budur.
Dürdanə alacalanmış gözləri ilə Qoşqar müəllimin sözlərini təsdiqlədi.
Səidə xanım süfrə açmışdı. Səhər yeməyinə yenicə başlamışdılar ki, qapı yenə döyüldü. Gələn poçtalyon idi. Dürdanə xanımın da, Rasim kişinin də üzv olduğu “Xocalıya ədalət” İctimai Birliyin adından illər öncə BMT İnsan Haqları Şurasına ünvanladıqları məktuba cavab gəlmişdi.
Rasim kişi o gün axşamadək yatağından qalxmadı. Qoşqar müəllimin telefonunda Xocalıya Azərbaycan bayrağı asan əsgərin 34 saniyəlik videosuna dəfələrlə baxdı və hər dəfə də o əsgərin dediyini təkrarladı: Qarabağ Azərbaycandır!
25.09.2023.
Müəllif: Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru
>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR
Mustafa Müseyiboğlu adına kitabxana
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru