MUNCUQ: – “Xocalı Azərbaycandır!!!

Xocalının işğaldan azad olmasını görməyən başda Xocalı -Gədəbəy mədəniyyətinin görkəmli tədqiqatçısı elmi rəhbərim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyevin və bütün dünyasını dəyişmiş mərhum arxeoloqlarımızın əziz xatirəsinə ithaf edirəm.

MUNCUQ

(hekayə)

Düz otuz bir il susdum. Yaddaşımın üç min illik tarixini lal dinməz edib səssiz qaldım. Yan-yörəmdəki körpə uşaqların, azğın vəhşət qurbanı saysız-hesabsız günahsızların sızlayan ruhlarından utanıb kirimişcə durdum. Əslində öz dərdimi unudub ətrafımdan göylərə ucalan ahlara için-için ağladım. O müdhiş gecədə eşitdiyim fəryadları, qışqırıqları bir-birinə calanan əsrlər boyu nə görmüşdüm nə də təsəvvürümə gətirmişdim.
Ruhum bədənimdən ayrılanda elə bilirdim min illiklər boyu mənim dərdim kimi dərd olmayacaq. Sən demə yanılırammış. İndi səmalarından doğma Xocalıya enən ruhum nələrə şahidlik etmədi.
Uzaq zamanlarda, indi insanların İsanın doğulmasından hesabladıqları eradan min il əvvəl göz açmışdım bu dünyaya. Ağılım söz kəsəndə bildim ki,bura doğma yurdum Xocalıdır. Mənim tapındığım, inandığım tanrım bu yerlərdən heç bir gözəllik əsirgəməmişdir. Hər fəsli biri-birindən ecazkar yurdumda hamı xoşbəxt və qayğısız idi. Təbiəti kimi insanlar da bəxtəvər. Fəqət fələk qələm çəkib taleyimi qara yazdı. Bu dünyanın nakam eşqi qismətimə tuş oldu. Qəbiləmizin mənə elçi düşən say-seçmə igidlərinin içərisindən könül vediyim Azay bir gün Araz boyundakı Quzğun dərəsində namərd oxuna tuş gəldi. Hardan biləydim ki, ikicə gün əvvəl görüşümüz sonuncu vüsal günümüz imiş. O vaxt tanrı yerə nə Davudu nə İsanı nə də Məhəmmədi hələ elçi göndərməmişdi. Biz xocalılar öz ay tanrımıza sitayiş edirdik. Öz tanrımızın izni ilə də nişanlanmışdıq. Azayla sonuncu görüşümüzdə onun uzaq Dəclə sahillərindən mənə hədiyyə gətirdiyi mucuğu boynuma öz əli ilə bağladığı anları indi olubmuş kimi xatırlayıram.
-Selin, bizim Xocalıdan çox uzaqlarda Dəclə çayı axır. Onun sahillərində Assuriyalılar məskundur. Qüdrətli hökmüdarları Adadnirari Nil vadilərinin ən yaxşı sənətkarlarını öz ölkəsinə toplamışdır. Onun sarayında Urmiyə ətrafının ən adlı-sanlı sənətkarları da çalışır. Bu boyunbağını çox guman ki, bizim mannalı ustalar düzəldib. Bax, bu xətləri görürsən? Burada hökmüdar Adadnirarinin adı yazılıb.
-Nədən bilirsən ki mannalı ustalar düzəldib?
-Muncuqlar elə cilalanıb ki, Urmiyyənin suları kimi şəffafdır. Doğma gəlir mənə nədənsə
-Gözəldir. Yəqin çox qiymətlidir. Tanrı bilir bəlkə də bir dənəsinə bir sürü qoyun almaq olar. Bir de görüm necə aldın?
-Urmiyədən aşağı Su ellərində qalın meşələrin əhatəsində bir orman var. Orada bir çeşmə başında yorğunluğumu alırdım. Ayaq səslərinə oyandım. Yanımdan gur sürüsü keçdi. Köhlənimi çapıb, sürüyə çatdım. Gurun birinin üstə atılıb, buynuzlarından yapışdım. Hökmüdar mənim ov ovlamağımı seyr edirmiş. Öz dəstəsi ilə yaxınlaşıb haralı olduğumu soruşdu. Qafqazlardan olduğumu bilincə bu muncuğu mənə bağışladı. Sonra da dedi ki, madyanın nə vaxt qulunlasa onun qulununu mənim sarayıma göndər. Əgər igidliyini gözlərimlə görməsəydim atını alacaqdım əlindən. Sənin atın ildırım təki şığıyırdı gurların arxasıca.
Azayın yoxluğu ilə barışa bilmədim. Ağlamaqdan gözlərim tutuldu. Tezliklə mən də əbədiyyətə qovuşdum. Qəbiləmiz adətlərimizə xilaf Azayın hədiyyəsini boynumdan açmadı. O vaxtlar Xocalıda dəfn olunanların yanında bəzək, zinət əşyaları basdırmırdılar. Mən ilk oldum.
O vaxtdan ruhum göylərə qalxıb doğma yurdun üstə əbədi sakin oldu. İllər qərinələrə çevrildi. Qərinələr əsrlərə calaq oldu. Nəsillər dəyişdi, insanlar yeni-yeni inanclara tapındı. Zəlzələlər, tufanlar tüğyan etdi. Amma doğma yurdumuza yağı ayağı dəymədi. Hər yaz dağ döşündəki laləli düzə enib köhnə, təzə bütün ruhlarla yurd gözəlliyindən zövq alırdıq.
Çox sonralar bildim ki, insanlar bizim Azayla xoşbəxt çağlarımıza İsanın mövludundan min il əvvəl deyirmiş. Elə o miladın XIX əsrində, 1895-ci ildə bir Resler soyadlı əcnəbi arxeoloq ruhumun gözləri qarşısında muncuğumu tapıb nəşimin boynundan götürdü. Eşitdiyimə görə indi onu uzaq Şimalda Neva sahillərində, Piterdə Ermitajda saxlayırlar. Zamana buraxsam da hər gün, hər saat mucuğumun Xocalıma, Azayın uyduğu torpağa qayıdacağını həsrətlə gözləyirdim. Ta ki, O dəhşətli gecəyə kimi. 1992-ci ilin 26 fevralı. Üç min ildə görmədiyim vəhşiliyi gördüm həmin gecə. Bu yerlərə köçürülüb gətirilən erməni azğınları körpə uşaqlara belə aman vermədən qətliam yapırdılar. Bu insanların “günahı” yalnız türk olmaları idi. Faryad, ah, nalə, qışqırıq səslərindən göylər belə lərzəyə gəlirdi. İnsan cildində quduzlaşmış ermənilər bir xocalılıya belə aman vermirdi. Biz bütün zamanların ruhları göylərdə qərar tutmaqdan utanırdıq. Bəlkə biz bulud olub tanrının aşağıdakı zülmü görməsinə mane oluruq deyə.
Düz 31 il idi mənim üçün əziz olan hədiyyəmin xiffətini çəkmirdim. Düz 31 il idi yanımızadakı 613 günahsızın ruh gözlərindən axan yaşı silirdik. Düz 31 sinə narahatlıqdan sızım-sızım sızlayan ruhların əhatəsində Azay niskilimi düşüncəmin ucundan belə keçirə bilmirdim.

Bir payız günü, bir günəşli küz vədəsi 15 oktyabr 2023-ci il Xocalının səmasında üç rəng kombinasiyasından ibarət, mənim göylərə qalxdığım e. ə. X əsrdə olduğu kimi müqəddəs bildiyimiz hilallı bəlgə ucaldı. Adına bayraq deyilən üç rəngli gözəllik dalğalanan səma köks dolusu nəfəs aldı. Bu bayrağın göylüyü Urmiyənin bir vaxtlar dupduru rəngindən rəng almış, alı Xocalımın sızlayan yaralarından qan rəngli lalələrdən qızarmış, yaşılı Murovdan Savalana uzanan ormanlardan rişələnmiş. Lap mənim mucuğum kimi rəngli gözəl.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

.

                  

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir