
Mənim ürəyimdə həsrət böyüyür,
Gözümün yaşından içir bu həsrət.
Küləyə döyünür, yağışa düşür,
Dərədən, təpədən keçir bu həsrət.
Hayana gedirəm məni çağırır,
Səsə aldanıram körpə uşaq tək.
Bu yolun başında tənhalıq varsa
Xəyallar qurmağım nəyimə gərək?
Neçə qat qabıqdan çıxır bu ürək,
Hər qatın altından bir ilan çıxır.
Ay aman, bu boyda dərdin içində
Adamın adı da yadından çıxır.
Hələ ki, alovdan, hələ ki, oddan,
Hələ ki, göynəkdən keçir bu sevgi.
…Hələ arınıram sənsizliyimdə,
Hələ ki, ələkdən ķeçir bu sevgi.
* * *
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ , yerində ağaclar bitə,
Sonra budaq -budaq yarpaqlayalar.
Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə qurdlar , köpəklər,
Sənə batırmağa dişi olmaya.
Sakitcə dolana dünya başına,
Sən də ağac kimi durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.
Başına yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz adamdan, bu ac adamdan.
Günəş budağında çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın–
Bu dağlar, dərələr, təpələr sənin.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
Müəllif: Təranə DƏMİR
Mustafa Müseyiboğlu adına kitabxana
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru