Rafiq Yusifoglu – Zamansız şeir

DÜŞÜNCƏ SELLƏRİ

Bir yağış gəldi ki, tufan gücündə, –
Səngərdən yan ötüb, Kəpəzi tutdu…
Yoxsa qərq olardıq sel-su içində,
Bizi bu leysanın şəpəsi tutdu…

Gövdəsi mamırlı qoca palıddan
Quru budaqları ayırdı gəldi…
Görünməz bir qüvvə qara buluddan
Şimşək qılıncını sıyırdı gəldi…

İldırım çevrildi qorxunc fişəngə,
Leysan ot tapdayır, çiçək əzirdi.
Buludlar dönmüşdü topa, tüfəngə
Gurultu səsindən yer, göy əsirdi…

Güllə yağışıydı elə bil dolu,
Hara dəyirdisə, yaralayırdı…
Quşlar, kəpənəklər dibində kolun
Başını soxmağa yer arayırdı…

Qara buludlardan üzülən yağış,
Qarışqa boydaydı, filə dönürdü…
Dağın dabanından süzülən yağış
Dərənin qoynunda selə dönürdü…

Bir-birinə dəyib axırdı daşlar,
Hücuma keçmişdi leysan qoşunu…
Susurdu qanadı islanan quşlar,
İnsan düşünürdü tutub başını…

Özü tənzimləyir dünya balansı,
Perikən durnalar gölə dönərmiş.
Buluddan ayrılıb damla olan su
Yerlərdə birləşib selə dönərmiş.

Gözlər boylansa da ulduza, aya,
Yaralı quş kimi ürək ağlayır.
Güman buludları dönüb damlaya,
Düşüncə selləri coşub çağlayır…

06.07.2021- Zamansız şeir.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir