SÖZÜ ÖZÜNƏ BƏNZƏYƏN ŞAİR

SÖZÜ ÖZÜNƏ BƏNZƏYƏN ŞAİR

Bu dəfə şair-publisist, neçə ildi “Ulduz”-un yükünü çiyinlərində sevə-sevə daşıyan Qulu Ağsəs haqda tamam fərqli yazı yazmaq istədim. Heç şeirlərindən də misal gətirmək fikrim yoxdu bu dəfə.. Sadəcə özündən danışmaq istəyirəm. Düşündüklərimi üzünə deyə bilmirəm( ayağı yer tutar deyə) , heç olmasa gizlində danışım. Heç Qulu da bu yazının fərqli olduğunu bilməyəcək. Bir az eynəyi güləcək, vəssalam. Bilirəm. Tanıyıram axı. Bəzən təlatümlü , bəzən sakit şairin çoxlarının düşündüyü kimi nə eqosu var, nə təkəbbürü. Bir özüdü, bir də sözü. Anlayançun uşaq kimi safdı, başa düşməyənçün daş, qaya. Əvvəlcə mən də onun içində gizlənən o uşağı duya bilmirdim. İnciyirdim, incidirdim. Sonra eynəyiylə, daha sonra səsiylə , ən sonda sözüylə tanıdım Qulu Ağsəsi. Özündən də yaxşı tanıdım. Hərf-hərf, heca- heca,sətir -sətir anlatdı özünü və anladım ki, nöqtədən sonra vergül olmur.
Qulu Ağsəs hər adama etibar etməz, etibar etdiyinəsə axıracan güvənər. Bacarmadığı işin qulpundan yapışmaz, amma söz verdisə edər. Dünya dağılsa da eləyər. Ona zorla heç nə etdirə bilməzsən.Gərək özü istəyə. Ürəyinə bir şey yatmadısa, vəssalam. Bircə dəfə deyər sözünü. Amma sözü də daşdan keçər.
Tərifi inandığı adamdan qəbul edər ancaq. Səsindən tutarsan ürəyindən keçənləri. Onun paltarı da, çantası da, eynəyi də adamla danışar. Özü də şeircə. Adamın üstü, başı şeirdi elə.. Gözlərində doğar əvvəlcə şeir, sonra ürəyində, daha sonra barmaqlarında. Sirrlidi. Yerişi, duruşu, gülüşü, baxışı -hamısı sirrdi. Özünü bircə özü çəkər, kimsəyə etibar etməz.Ya da qıymaz kiməsə.Bəlkə özünə qıymaz Qulu Ağsəs. Susa -susa danışar bəzən. Susa-susa qışqırar, susa-susa küsər, susa-susa barışar, susa-susa ağlayar, susa-susa gülər, susa-susa axtarar, susa-susa gözləyər. Səssizliyinin öz dili var şairin. Tənhalığında bircə özüylədi. Heç kimə borclu qalmaz. Bircə borcu Tanrıyadı. Ürəyindən keçənləri dilinə gətirməz. Hünərin var onu səssiz anla. Kiməsə bənzəməyi sevməz . Elə özünə bənzəyər həmişə. Çox dostu yoxdu . Ən yaxın dostu sözüdü. Sözüylə nəfəs alar sadəcə. Gizlində yazar, gizlində pozar. Hər kəs anlamaz quş dilini. Mükəmməliyə qaçar. Yazdığını min dəfə özünə oxuyar . Varağa oxuyar, divara, tavana, qapıya, pəncərəyə oxuyar. Pıçıltısını uzaqdan eşidərsən. Hay-küyü sevməz. Elə hamıyçun da yazmaz Qulu Ağsəs. Heç hamı kimi düşünməz də .Elə hamı da onun kimi düşünə bilməz. Eynəyindən oxuyarsan ürəyindən keçənləri. Zarafat deyil .Onun qəhrini o eynəkdi çəkən elə. İkisi də bir -birinə vəfalıdı. Bir də əl çantasıdı ona dözən.. Heç yanından əksik etməz. Hara getsə özüylə daşıyar. Nə o çantaya yükdü, nə çanta ona. Yollaşıb gedirlər .
Yeriyəndə qolları özündən qabaqda qaçar. Elə bil ki, ayaqlarına yol açar qolları. Sükutunun içində şeir doğular. Elə gözəl yiyə durar ki, sözünə. Sözünün ağasıdı axı. Onu özündən heç kim çıxara bilməz, bircə özündən başqa. Sözü balası kimi sevər, amma özünə deməz. Dedim axı, Qulu Ağsəs fərqlidi. Hərdən elə söz çıxar ki, ağzından məətəl qalarsan. Sözü bişirənlərdən deyil axı. Fərasəti yoxdu bu sarıdan. Bər-bəzəkdən uzaqdı. İnnən belə istəsə də bəzək vura bilməz fikirlərinə. Necə düşünürsə elə danışır . Uçurub dağıtdığını da özü yığışdırar. 55 ildi bir üzü var. Min şükür….
Bilmirəm yazı necə alındı. Amma bir az Qulu Ağsəsə bənzədi deyəsən.

Müəllif: Təranə DƏMİR

Qulu AĞSƏSi öz səsində buradan dinləyə bilərsiniz.

Qulu AĞSƏS digər mənbələrdə: /www.adalet.az/

QULU AĞSƏSİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir