Məhəmməd Kərimov – O belə deyildi axı…

O belə deyildi axı…

Təmirdə olan şirkətdə fəhlə kimi çalışırdım. Artıq iki gün idi ki, həmin şirkətdə təmir işlərinə başlamışdım. Şirkət rəhbərinin  isə çox soyuqqanlı və zəhmli biri olması  simasından bəlli idi. Təkcə xarici görünüşü deyil, xarakter çəhətdən də məhz soyuqqanlı olması bəlli olmuşdu.

  • Salam, Sahil müəllim, necəsiz?

İşi ilk götürdükdə rəhbərə yaxınlaşaraq sual etdim.

  • Buyurun, nə lazım idi? – deyərək salam belə vermədən niyyətimi öyrənmək istəmişdi.
  • Məni sizə Valid bəy yönəldib, şirkətinizdə olacaq təmir işləri üçün.

 Əllərimi  qarşımda birləşdirərək bildirdim.

  • Aha, başa düşdüm sizi. Ümumi təmirə başlaya bilərsiz, Valid bəyə izah etmişəm hər şeyi. Ödəniş olaraq da danışdığımız qədər olacaq. Nə az, nə çox. – deyərək Sahil bəy komputerdə olan işinə dönmüşdü.
  • Oldu, baş üstə – deyərək otağından ayrılmış və işimə başlamışdım.
  • Holdinq sahibi olasan, nə az, nə çox deyəsən ödəniş üçün deyə işimi görərək həm də dodağımın altında danışmaqda davam etdim.

Beləcə iki günü başa vurmuşdum. Hər gün çalışır və tezliklə bitirməyi arzulayırdım, çünki Sahil bəyin münasibəti  mənə heç xoş deyildi. Həmin günü axşam saatlarında düşüncələr dəryasında üzərək evimə dönürdüm. Ailə sahibiyəm və iki övladım var. Məryəmim bir həftəyə məktəbə başlayacaq, lakin hələ də ona lazım olanları ala bilməmişdim. Sahil müəllimdən  alacağım ödənişi sabah birdəfəlik əldə edə bilsəm, qızıma məktəb ləvazimatlarını ala bilərdim. Görəsən,  bu yaxşılığı edərdimi mənə? Hər halda sabah yoxlayaram, güman ki, heç bir zərəri olmaz. Zatən başqa bir yolum yox idi.

Evə daxil olaraq ayaqqabılarımı çıxardar-çıxartmaz qızım qabağıma qaçdı. Onun məsumluğu və sevgisinin istiliyi simasından bəlli idi. Həyatımın anlamıdır Məryəmim. Kaş insanlıq uşaq olaraq qalsa da, heç böyüyüb real sevgini unutmasa.

  • Atacan, darıxmışam sənin üçün – sözləri ilə  qucağıma atladı.
  • Can, Məryəmim mənim – deyərək saçından  öpdüm.
  • Qonaq otağına daxil olduq, yoldaşımdan yemək gətirnəsini istədim.
  • Qızım bu gün nə iş görmüsən?, Günün necə keçib? – yemək hazır olana qədər qızımla divanda söhbətimiz oldu.
  • Atacan, məktəbə hazırlaşmışam, aldığın dəftərdə hərfləri yazmışam – deyərək dəftərini gətirdi və mənə çox həyacanla göstərdi.
  • Ay MaşaAllah qızıma, gələcəyin alimi!  – deyərək gözlərindəki parıltıda özümü itirmişdim.

Qızım sevinirdi, həyəcanı gözlərinin parıltısına yansımışdı. Mənim də gözlərim parıldayırdı, amma kədərdən. Belə həvəslə məktəbə hazırlaşan qızım üçün çanta, qələm, dədftər ala bilməmişdim. Mən necə atayam, nə edəcəyəm, heç bir fikrim yox idi.

Səhər şirkətdə işə başlamazdan əvvəl Sahil bəyin yanına daxil olmaq üçün icazə istədim. İzin verdikdən sonra otağa daxil olaraq:

-Sahil bəy, mənim bütün ödənişimi bu gün verə bilərsizmi? – deyə sual verdim salamlaşdıqdan sonra.

  • Səbəbi nədir bu istəyinizin?
  • Qızım məktəbə başlayacaq, amma lazım olanları almağa pulum yoxdur. Fəqət, işimi eyni məsuliyyətlə davam edəcəyəm, buna şübhəniz olmasın.
  • İşini evində davam edəcəksən, ya başqa yerdə?
  • Necə, anlamadım Sahil bəy?
  • Sənə güvənə bilmərəm, onu deməyə çalışıram.

Artıq bütün gərginlik içində idim. Həm güvənsizlik aşılandığı üçün, həm də qızıma nə alacaqdım. Həmin gün işimi necə gördüyümü özüm də bilmədim. Hətta nahara belə çıxmamışdım. Sahil bəy isə gün içində bir necə dəfə yanımdan keçmiş, amma təəssüf, fikrində heç bir dəyişiklik olmamışdı.

Axşam saatlarında evimə döndüm. Beləcə dörd gün keçmişdi və məktəbin başlamağına son üç gün var idi. Növbəti gün şirkətdə işdə olarkən orada işləyən xidmətçi xanım mənə yaxınlaşaraq  şəhərdə  olan “Ali və Nino”  mağazalarında bu günə xas ödənişsiz qəbz əldə etmişəm – dedi və ardından ona lazım olmadığı, istəsəm mənə verə biləcəyini də əlavə etdi. Təklifini, əlbəttə ki, qəbul etdim. Göydən düşmə bir surpriz oldu mənim üçün. Axşam işdən çıxar-çıxmaz mağazaya getdim, lazım olan bütün məktəb ləvazimatlarını alaraq kassada qəbzi göstərdim. Kassir qəbzi götürərək, məni  yola saldı.

Məktəb açıldı, canım qızımın həyacanı ürəyində qalmadı. Belindəki çantasında ehtiyacı olacaq bütün məktəb ləvazimatları vardı. Başı uca şəkildə sinfinə  daxil olmuşdu.

Səhəri gün şirkətdə son günüm idi. Artıq işlərimi bitirmişdim və son proseslər qalmışdı. Gün sonunda qapıda həmin xidmətçi xanım ilə qarşılaşdım.

  • Sizə nə qədər təşəkkür etsəm azdır, çox sağolun həqiqətən – yaxınlaşaraq xanıma dedim.
  • Nəyə görə təşəkkür edirsiz mənə?
  • Dünən mənə qəbzinizi verməsəydiniz, mənim qızım məktəbdə məyus olacaqdı. Onlar axı uşaqdır və bəzi problemləri bilmirlər
  • Elədir, mən özüm də dünən mağazalardan oğlum üçün bazarlıq etmişəm.
  • Sizin qəbziniz məndə idi, o zaman ödənişlə etmisiz bazarlığınızı?
  • Xeyr, qəbz ilə etmişəm.
  • Axı qəbzinizi mənə vermişdiniz ki, lazım deyil.
  • Elədir, amma qəbzi sizə verməyimi və elə deməyimi Sahil bəy tapşırmışdı.
  • Necə? Sahil bəymi?
  • Əlbəttə, Sahil bəy ildə bir necə dəfə öz hesabına mağalardan qəbzlər götürərək biz işçilərə təqdim edir.
  • Mənə niyə bunu demədiniz bəs?
  • Əslində sizə indi də deməməli idim. Sahil bəy etdiyi yaxşılığın çox zaman bilinməsini istəməyən bir insandır – sözlərindən sonra mənim susduğumu görən xanım:
  • Kənardan sərt görünə bilər, lakin yardımı sevən şəxsdir – deyə əlavə edərək yoluna davam etdi.

Dərhal xanımdan uzaqlaşıb Sahil bəyin otağına yollandım, lakin otağında olmadığını  bildirildi. Qəbul otağında gözləmək üçün icazə aldığımda səbəbini sual etdilər. Mən isə dedim:

  • Təşəkkür etmək üçün.

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir