
QAZAXDA BİR GÜN
Bura tariximin şanlı yeridi,
Bürcümə, qəsrimə, qalama gəldim.
Göyəzən bu yerin ocaq, piridi,
Didivan gölünü salama gəldim.
Uzaqda zirvələr bürünüb çənə,
Qazax Borçalıya arxa və təndi.
Hər daşı, qayası doğmadır mənə,
Hər qarış torpağı ana Vətəndi.
Çobanyastığından don geyib çöllər,
İndi ağacların gəlin vaxtıdı.
Ətrinə bələnib obalar, ellər,
Lalələr dərməyə gəlin, vaxtıdı.
Bura Dilbazini yetirən kəndi,
Bu yerlər Səmədi Vurğun eylədi.
Sevə-sevə keçdim bərəni, bəndi,
Demərəm ki, yordu, yorğun eylədi.
Dostum Ələddinin Vəkillə birgə,
Gəlib “Göyəzən”də qonağı oldum.
Düzmüşdü kababı cərgəbə-cərgə,
Bir təzə şeirdə sınağı oldum.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru