O hansı ay idi, aylandın, gülüm?!


O hansı ay idi, aylandın, gülüm,
O hansı gün idi nurunu saçdın?!
Bir anda gülləndi çəmənim, çölüm,
Könlümdən dünyaya pəncərə açdın.

Heyrətlə boylandım günəşə, aya,
Köksümdə tufanlı dəniz göründü.
Mən o pəncərədən baxdım dünyaya,
Dünya saf göründü, təmiz göründü.

Aman istəmədim, ilhamdan aman,
Boş-boş uydurmadım dağdan, dərədən.
Qapılar üzümə bağlanan zaman
Gəldi şeir payım o pəncərədən.

Yaşadı bir eşqin günahı məndə,
Bir göz qırpımında zaman ötüşdü.
İllərin üstündən körpü çəkəndə
Həmin pəncərəmi yadına düşdü?!

Bəzən o pəncərə tutuldu daşa,
Puç oldu həyatın zövqü, səfası.
Çevrildi yuvadan perikən quşa
Kişi sədaqəti, qadın vəfası.

Ay ovçu, ovun ki keçib bərədən,
İçindən ovulma gəl naşı-naşı.
Çətin canlanacaq o pəncərədə
Deyə bilmədiyin sözün yaddaşı.

Gərək ürək dönə daşa, dəmirə,
İndi göynəyirəm kamansız, udsuz.
Necə qısa deyim axı bu ömrə,
Sevgi nəhayətsiz, istək hüdudsuz…

Görüşdük, yetişdim imana, dinə,
Qəlbim şan-şan oldu titrək səsindən.
Şüvərək bir oğlan boylandı sənə
O uzaq illərin pəncərəsindən.

Yaş ötür, sovuşmur başımın çəni,
Taleyin hökmündən qaçmaq olarmı?!
İllər toz bağlayan o pəncərəni,
Dünyaya təzədən açmaq olarmı?!

09.06.2017

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir