
“YURD YERİ” HAVASI ÜSTÜNDƏ
-1-
Nə vaxtsa
yolunu azanların
unutduğu yerdi göy üzü,
elə göy üzü də çoxdan unutmuş
sürünənləri yerlərdə.
Qəzaya uğramış tramvay fiti deyil,
nə də ayaqları sürüşüb
dərəyə yuvarlanmış bir kəlin boynundakı…
İlan səsi çıxarır cır zınqırov səsi,
dünyanın
haqsızlıqdan qovrulduğu məkanda
yanğı dolu bir mələrtimi yoxsa…
İtiyi tapılmayanların
ahıdır qızmar küləyin uğultusu.
Günəş
kölgələnməyə bulud axtarır
ən uzaq nöqtədə,
bir-birinin ətini yeyir yaxın adamlar.
Yanğın düşmüş kimidir
üfüqlərin canına.
Dəniz kimi dalğalanır
taxıl zəmisi susuzluğa,
tox sünbülqıranlar civildəmədə,
ac çırçıramalar susmada istiləri…
Biz isə atıb getdik
bu dağları dərələrin dibinə
yaşamaq adına,
çörək adına…
-2-
Dağları dolu döydü o gecə
su artdı dərələrdə
sel basdı çayların məcrasını…
Yuxu kimi axıb töküldü
gözlərimdən göy üzü…
Azdı aşığın zənguləsi yağışın şıdırğısında,
batdı sazın səsi havaların çalpoyunda.
Şimşəklərin şaxıması bir ayrı möcüzə,
ildırımların şaqqıldaması bir ayrı…
Çadırı qırmanclayan leysana
açdım ömrümün bir sabahını da,
navalçaların şırıltısında uşaqlıq xatirələrim…
“Mən şəhər adamı ola bilmədim”
deməyi unutdum buludlar səyriyəndə.
O kimdi qaçan
ətəyi dolu qum göyqurşağının ardınca,
kimdi o?
– 3 –
Uçmağa nifrət edər qanadı sınmışlar,
yuvası uçurulmuşların
başlarına yıxılmış dünyaları…
Unudulmuş bir yurd yeri var yaddaşımda,
Yiyəsi tərəfindən atılmış binələrin
çürük çubuqlardan hörülmüş
qəfəsələrini görəndə əhədi uçur adamın,
ya da dünyası başına uçurulmuşların.
Yolları daş-kəsək,
cığırları ot basmış yaylaqların…
Atını çidarlayıb
biçənəyə buraxmış qarovulçu
bağlamış yurd yerlərini camaatın üzünə…
Dağlar həsrət qalıb
dəyələrin tüstüsünə,
ocaqların istisinə,
adamların hənirtisinə…
Uçmağa zirvə qalmamış, uçurmağa yurd yeri,
Nifrət edər hər kəsə qanadı sındırılmışlar…
17.06.2024.
Müəllif: SÜLEYMAN ABDULLA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru