
GƏLİN QAXA
Səfası var cəfasında,
Paklığı var vəfasında,
Sularının aynasında,
Əksinizə baxa-baxa,
Gəlin Qaxa.
Xəbər tutun ellərindən,
Şərbət için dillərindən,
Şehli-şehli güllərindən,
Döşünüzə taxa-taxa,
Gəlin Qaxa.
Təbiətin nazı burda,
Könüllərin yazı burda,
Qəhrəmanlar izi burda,
Çaylarıyla axa-axa,
Gəlin Qaxa.
Sağa dönün, verin imdad,
Başsız yatır Hacı Murad.– -1
Dildə nalə, qəlbdə fəryad,
Pillələri qalxa-qalxa,
Gəlin Qaxa.
Baş endirin Baydarlıya,
Bir igidi bir alaya,
Süvar olub, qanı çaya,
Ürəyindən axa-axa,
Gəlin Qaxa.
İlisuda qonaq qalın,
Almalıda alma alın.
Cəlayirdə süfrə salın.
Qədəhləri sıxa-sıxa,
Gəlin Qaxa.
Vətənidir min ərlərin,
Zəfərlərin, hünərlərin.
Həsrətiylə bu yerlərin,
Qəlbinizi yaxa-yaxa,
Gəlin Qaxa, gəlin Qaxa.
1 Hacı Murad—– Şeyx Şamilin silahdaşıdır. Onun başı kəsilmiş halda məzarı Qax rayonu ərazisində, yol kənarındadır.
Müəllif: Sərraf Şiruyə
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru