Bir foto – bir tarix

Bir foto – bir tarix
Yazıçı Əlfi Qasımovun xatirələrindən:
“1961-ci ilin yayı idi. Şair dostum İslam Səfərli ilə Şuşada istirahət evində dincəlirdik. Bəstəkar Fikrət Əmirov, Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev, həkim İbrahim Balakişiyev də öz ailələri ilə birlikdə Şuşada idilər. Günlərimiz bir-birindən mənalı keçirdi. Söhbətlərimiz tuturdu.
Bir gün bəstəkar Süleyman Ələsgərov bizi qonaq çağırdı. Onun arana baxan eyvanında istirahət etməyin özgə ləzzəti var idi. İstirahət evinin həyətində qardaşım Fazili gördüm. Öz dostları ilə Ağdamdan gəlmişdilər ki, bizi qonaq aparsınlar. Düzü, nəinki yeyib-içməyə, heç adi söhbətə belə halımız yox idi. Dincəlmək istəyirdik. Amma qardaşımgilin xətrinə dəymək də yaxşı düşməzdi. Mənim tərəddüd elədiyimi görən qardaşım İslam Səfərlinin qulağına nəsə pıçıldadı. İslam təntənə ilə:

  • Gedirik! – dedi.
    Qonşularımız xudafizləşib ayrıldılar. Həyat yoldaşlarımız da ev-uşaq qayğısını bəhanə elədilər. İslamın həyat yoldaşı Anaxanım bacı astadan:
  • İslam, – dedi – uzağa getməyin nə mənası, bəlkə elə bu armud ağacının kölgəsində süfrə açaq… İslam ürəkdən güldü və dedi:
  • Anaxanım, istirahətçilər cəhənnəm, turistləri umsaq edərik.
    Sonra Fazilə döndü:
  • Fazil, hara gedirik?
  • İslam müəllim, İsa bulağı necədir?
    İslam etiraz etdi:
  • İsa bulağında çox olmuşuq. Gözəlliyinə söz ola bilməz. Amma hər gözəlin bir eybi olan kimi İsa bulağının da eybi var. Xəfədir, ağacdan başqa heç nə görünmür. Başqa yerə, görmədiyimiz yerə.
  • Elə isə Çarığbulağa gedək. Suyuna, mənzərəsinə söz ola bilməz. Amma…
  • Nə amma? – deyə İslam soruşdu.
    Fazil onun sorğusunu cavabsız qoydu. Dili-dinc durmazlardan biri kimsə bu “amma”nı qadınlara xəbər verdi. Sən demə, bulağın yolu bərbadmış. Ora ancaq üstü açıq maşınla getmək mümkünmüş. Yolun bərbadlığı yoldaşlarımızın ciddi narazılığına səbəb oldu. Amma getməməkdə olmazdı. İslam artıq maşının üstündə idi. Mən də maşına qalxdım. Dağların döşünə kəmər kimi dolanan daşlı-dolay yolla Turşsuya tərəf irəlilədik. Mən daxili narahatçılığımı İslama bildirdim:
  • Heç yaxşı olmadı – dedim – Qadınları nigaran qoyduq.
    İslam narazılıqla əlini yellədi:
  • Eh, heç nə olmaz. Mənə qalan bu olacaq. Gəzmək, görmək, götürmək!
    Mən İslamın sözlərini ürəyimdə dolandırdım. Birdən qəlbimdə bir hiss baş qaldırdı.
  • İslam, – dedim – əsl şeir mövzusudur: “Mənə qalan bu olacaq”.
    İslamın qaşları çatıldı. Gözündə qəribə bir ifadə parladı.
  • Ay uşaq, bir kağız verin, şeir yazacağam.

Yan-yanadır yüz alaçıq,
Gah yamaca, gah yala çıx.
Ürək geniş, süfrə açıq,
Kefim duru, damağım çağ,
Mənə qalan bu olacaq.

Bir bələdçim ol, ay yollar,
Daşlı yollar, qolay yollar.
Dolay yollar, dolay yollar,
Xoş xəbərli “Sağsağan dağ”,
Mənə qalan bu olacaq.

Otlar üstə izim qaldı,
Gah dirsəyim, izim qaldı.
Min çiçəkdə gözüm qaldı,
Turşsu üstü, “Çarıq bulaq”,
Mənə qalan bu olacaq.

Göy buludlu, hava sərin,
Çırpı yığın, moruq dərin.
Çubuq şişdə kabab verin,
Yağar yağış, sönər olacaq,
Mənə qalan bu olacaq.

Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm,
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq.

Bu ellərin bil ki, hər dəm,
Sevinciyəm, kədəriyəm.
Dəmə gəldi-gedəriyəm,
Mən İslama, ay Qarabağ,
Vallah, qalan bu olacaq..”.

İslam Səfərlinin “Mənə qalan bu olacaq” şeiri belə yazılmışdı. Şeirin ilk dinləyicisi də yazıçı dostu Əlfi Qasımov olmuşdu. Bu şeir isə Azərbaycanın dilbər güşələrindən olan Şuşada yaranmışdı. Təqdim etdiyimiz foto da həmin istirahət günləri zamanı çəkilmişdir…

İlkin mənbə: “Poeziyamızın İslam Səfərli Zirvəsi” kitabı, Bakı 2003

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir