
Dünya bir pəncərədir
Görünən adamın xatirəsinə elegik pıçıltılar
Nə qədər yazaq, nə qədər söz çevirək, yenə son nəticədə xalqın dediyinə, bizdən əvvəlki insanların sözünə qayıdırıq.
Görkəmli ictimai-siyasi xadim Tağı Əhmədovun ölüm xəbəri çoxlarına, elə mənə də qəlbimi sıxan, ruhuma kövrəklik qatan bir kədər gətirdi. Harada olsa, Tağı Əhmədov görünən idi. Bütün həyatını məsul işlərdə, mötəbər vəzifələrdə keçirsə də, həyat onu ütüləyə bilməmişdi. Bircə onu deyirəm ki, Tağı müəllim ömrünün axırınacan orijinal olaraq qaldı.
Düşünürəm ki, orijinallığı, müstəqilliyi, qorxmazlığı qoruyan, gözü qıpıqlığı sərhədlərinə yaxın buraxmayan insan elə bizim arzuladığımız obrazdır.
Haracan desən, səmimi idi. Qətiyyən sözü tələb olunan ahəngindən aşağı salmırdı. Görünür, onun sərtlik, bəlkə bir az da zahirən qabalıq kimi görünən tərzi çox vaxt mübahisələrə səbəb olurdu.
Ancaq o, sözünün necə başa düşüləcəyinin fərqində olmurdu. Ona görə ki, mənanı açıq, qabarıq şəkildə qarşısındakına çatdırmağa təbiətindən gələn heç bir maneə yox idi.
Əvvəllər elə bilirdim ki, Tağı Əhmədov kimi adamlar kövrələ bilməz, heç yumşaq da danışa bilməz. Bir-iki tədbirdə adamlar arasında məni görən kimi əli ilə yaxına çağırıb. Bir az aralı dayanmışam, lap qolumdan tutub özünə sarı çəkib.
Kövrəklik dedim… Cavidin xatirə günü idi. Məni də yenə yanına çağırmışdı. Turan xanımdan, Ərtoğruldan söhbət daha ağrılı keçirdi. Çıxış edənlərin nitqi bu ağrını nə dərəcədə çatdırıb-çatdırmamağının fərqində deyildi. Amma özü kövrəlmişdi və hiss edirdim ki, o, Ərtoğrulun taleyinə kövrəlir.
Bir dəfə də Milli Dram Teatrında bir tamaşanın premyerasına yığılmışdıq. Bir də gördüm ki, tanımadığım bir şəxs məni kənara çəkdi. “Tağı müəllim səni gözləyir”, – dedi. Getdim, baş rejissorun kabinetində idi. Deyəsən, fasilə idi. Az müddətdə kifayət qədər məşhur olan adamların arasında rəğbətini elə incəliklə və həm də gizlətmədən bildirdi ki, hər kəsin diqqətini cəlb elədi. Haqqımda xoş sözlər dedi; guya ki, mən çox istedadlıyam, yorulmadan yazıram və çox ilhamlı şairəm. Etiraf edim ki, görkəmli incəsənət adamlarının arasında Tağı müəllimin dilindən səslənən bu sözlər təsirsiz qalmadı. O az müddətli görüşdən sonra orada məni görüb tanıyanlarla sonralar aramızda isti salam-kəlamlar yarandı.
Tağı müəllim şairlik iddiası olmayan şair idi. Ədəbi təxəllüsünü də “Sadiq” ünvanı kimi seçmişdi. Bəli Tağı Sadiq vətəninə, xalqına, ən başlıcası, insanlığa sadiq idi. Cavidşünaslıqla məşğul olanların hamısına birmənalı olaraq qayğı göstərirdi. Kimə, necə, nə qədər – deyə bilmərəm.
Bir etirafım da var: “Niyə bir kitabını da gətirmirsən çap elətdirim?” – bu da Tağı Sadiqin sözü idi. Beləcə, “Araz ağrısı” kitabımın maketini və diskini aparıb iş yerində birinci mərtəbədəki mühafizəçiyə verdim. Və nəticəni intizarla gözləmədim. Elə bil ki, unudacağını, yaddan çıxaracağını fikirləşirdim. Amma yox.
Şəxsiyyətlər heç nəyi unutmur.
Tağı Əhmədovda – Tağı Sadiqdə bir mənəvi toxluq vardı. O insanlara yox, ümumiyyətlə, həyata yuxarıdan aşağı baxırdı. Bir dəfə “3d” verilişində aparıcı (adını çəkmirəm) “Sizə metro Tağı deyirlər, bu sizi narahat etmir ki?” sualını vermişdi.
“Niyə narahat olmalıyam? İşimlə, ixtisasımla, əməli fəaliyyətimlə bağlı addır. Burada pis nə var ki?!” – bəli, Tağı Əhmədov belə təmkin sahibi idi. Cırmaqlamağa, ilişməyə yer axtaranlara iynə ucunca da imkan verməzdi.
Xələflinin yaxşı suyu olur – bunu da bir dəfə Tağı müəllim dedi. Sanki ayağımın altından yer qaçdı: “O, Xələflini haradan görüb, hansı sudan danışır?” – təəccübümü hiss edib “Araz qırağındakı dəmiryol stansiyasındakı vağzalın qabağındakı sudan danışıram” – dedi. Bəli, axı Tağı naxçıvanlı idi, şahbuzlu idi. Tipik naxçıvanlılıq, istiqanlı şahbuzluluq onun xarakterinə hopmuşdu. Və özü danışdıqca xəyalım 70-80-ci illərə getdi. Naxçıvan qatarı ilə gedənlər bizim vağzalda düşüb gəzinir, dağlardan süzülüb gələn sudan içir, Diri dağlarının əzəmətinə, sərhədin içincə çağlayıb gedən Araza, vadidəki bağ-bağata baxıb “buralar əsl cənnətdir” deyərdilər. İndi mənə aydın oldu ki, bizim yerləri cənnət hesab edənlərdən biri də Tağı müəllim olub.
Yuxarıda demişdim axı, el sözü daha mötəbərdir. Daha gedib başqa yaxşısını axtarmağa da yer qalmır. Bu pəncərə olan dünyadan Tağı müəllim də baxdı, getdi. Amma elə-belə baxmadı. Şöhrətinin, incə-kövrək şeirlərinin, ən başlıcası, humanizminin, insanlığının pəncərəsindən baxıb getdi.
Ədəbi-bədii kitabları, mütəxəssis yazıları, rəsmi dövlət təltifləri ilə heç vaxt unudulmayacaq. Yaddaşlarda bütöv şəxsiyyət kimi, açıq danışmağı bacaran xarakter sahibi kimi qalacaq.
Neyləmək olar, dünya bir pəncərədir. Hər gələn baxıb gedər. Amma bu baxıb gedənlərin çoxu görünməz, görünmədiyi üçün də yaddaşda qalmaz.
Tağı Əhmədov görünən insan idi.
23.10.2024