Rafiq Yusifoğlu – DAĞLAR OĞLU

DAĞLAR OĞLU

Qorxdu ki, bu qürura əzəmətə göz dəyə,
Sən zirvəyə qalxanda dağ dumana büründü.
Şiş qayanın üstünə qonaraq qartal kimi,
Bir azca dincini al, nəfəsini dər indi.

Torpaq bərəkətlidi, yerə nə atsan bitər,
Başımızın üstündən buludlar, quşlar ötər,
Seyr elə təbiəti, bir az dincəldin, yetər,
Udub dağ havasından çiçəkləri dər indi.

Qıjıltıyla dərəyə axan çaya, selə bax,
Çiçəkləri sayrışan çəmənə bax, çölə bax,
Cilvələnir, nazlanır, dağ başında gölə bax,
Ağlın çaya getməsin, bu göl yaman dərindi.

Sən ki dağlar oğlusan, bilmirdin işini sən?
Gedib dərin xəyala söylə nə düşünürsən?
Tüklərin biz-biz olub, görürəm, üşüyürsən,
Burda təkcə sular yox, havalar da sərindi.

Gözəllikdən məst olan ürək çox şey umacaq,
Gül dərməyə gəlmişdin şehli düzə, yamaca,
Sən yağışın altında islanmısan yamanca,
Paltarını çıxarıb gün altına sər indi…

Bir gül xoşbəxt olarmış bircə damcı su ilə,
Dolub zərif ləçəklər yağış damcısı ilə,
Göy yeri şallaqladı şimşək qamçısı ilə,
Yağış kəsdi, gün çıxdı, göyqurşağı göründü…

Dağlara çox yaraşır bu əzəmət, bu qürur,
Gözəl-gözəl duyğular içində bardaş qurur,
Gözündə gün işığı, qəlbində sevgi nuru,
Həyat necə gözəldi, həyat necə şirindi…

Yusifoğlu, Yaradan nur səpib yollarına,
Məhəbbətlə baxırsan həmərsin kollarına,
Bu dağlar qüvvət verib, dizinə qollarına,
Önündə dura bilməz daha pələng, şir indi!

16.11.2025

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir