Qismət – Süni zəka və roman sənəti

Süni zəka və roman sənəti

Süni zəka vasitələri həyatımızın mərkəzinə yerləşib, ChatGPT çox sürətlə Koka-kola qədər məşhur ada, sözə, brendə çevrildi. Süni zəka təbii zəkanın nümayəndələrini, yəni yazıçıları da yeni, aktual mövzu kimi çox maraqlandırır. Maşınlar, kompüterlər roman yaza bilərmi? Onlar insan hisslərini, insan dilini axıracan təqlid edəcəklərmi? Bir maşın, bir süni zəka mənəvi və ya dini həssaslığı sahib ola bilərmi?

Ədəbiyyat üzrə Nobel mükafatçısı Kazio İşiquro “Klara və günəş” romanında bu suallara cavab axtarır. Romanın təhkiyəçisi Klara uşaqlar üçün yaradılmış “Süni dostdur”. Günəş enerjisiylə işləyən Klara vaxt keçdikcə ona həyat bəxş edən günəşə bağlanır, ondan asılı olur. Get-gedə Klara günəşi təkcə özü üçün enerji mənbəyi kimi yox, həm də insan dostu, xəstə Cosini sağaldacaq ilahi bir güc kimi görməyə başlayır. Klaranın mənəvi ritualları çox sistemli olur, özünə bir məbəd seçib davamlı dua edir. Cosinin vəziyyəti pisləşdikcə, Klara daha konkret əməllərə keçir, Günəşin hava çirkliliyini sevmədiyini bildiyi üçün, ətraf mühiti kirlədən bir maşını məhv etmək qərarına gəlir.

Mühəndislər, menecerlər süni zəkanın ancaq məntiqi bacarıqlarına, analitik imkanlarına köklənsələr də, ədəbiyyatçılar onun insan şüurdakı inanc, bağlılıq, asılılıq, fədakarlıq kimi cığırlarda özünü necə aparacağını anlamağa çalışırlar. Klaranın özündən daha böyük hesab etdiyi güclə əlaqə qurmaq, ona təslim olmaq istəyi bizi zəkanın təbiəti ilə bağlı ehtimallarımızı yenidən düşünməyə dəvət edir.

Çox sevdiyim yazıçı Yan Makyuenin “Mənim kimi maşınlar” romanında android var, adı Adəmdir. Adəmin yiyəsi Çarlidir, bir dəfə onlar mübahisə edirlər, yiyəsi Adəmin söndürmək istəyəndə gözlənilməz bir reaksiya ilə qarşılaşır. Adəm öz varlığını qorumaq instinkti ilə Çarlinin biləyini qırır, sonra isə onu təhdid edir: “Bir də məni söndürməyə çalışsan, sənin qolunu bütövlüklə yerindən qopardaram.” Öz varlığını dərk edən və həyatda qalmağı əsas prinsipə çevirən bir android, yiyəsi də olsa, bir insanın ona zərər vermək cəhdini böyük eksiztensial təhdid saya bilər.

Yan Makyuenin “Mənim kimi maşınlar” romanında android Adəm ədəbiyyatın, romanın gələcəyi haqqında da proqnozlar verir. O, bütün ədəbiyyat tarixini sürətlə öyrənərək belə bir radikal qərara gəlir: İnsanlar maşınlarla evlənməyə başlayanda ədəbiyyat lazımsız olacaq, çünki bir-birimizi ideal səviyyədə başa düşəcəyik. Bəlkə də yeganə ədəbi növ kimi hayku salamat qalacaq, hər şeyi olduğu kimi, sakitcə ifadə edən hayku!

Adəmin məntiqi belədir ki, əgər bir-birimizi ideal səviyyədə anlamağa başlasaq, romanlardakı konfliktlərin, mürəkkəb insanı qarşıdurmaların mənası qalmayacaq, onda bizim çoxsaylı sitatlara, dil oyunlarına, interteksuallığa, başqa əhvalatlara eyham vurmağa ehtiyacımız olmayacaq. Bircə haykunun anlıq, sakit, indiki anla bağlı müşahidələri maraqlı olacaq.

Məncə, min il, milyon il sonra bircə hayku qalacaqsa, yəni əlimizdə bircə kiçik şeir forması qalacaqsa, biz o şeirdən başlayıb yenidən böyük bir ədəbiyyat tarixi yaradacağıq, bir neçə dəfə etdiyimiz kimi…

Müəllif: QİSMƏT

QİSMƏT BƏYİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir