XATİRƏLƏR, HƏSRƏT VƏ PAYIZ

XATİRƏLƏR, HƏSRƏT VƏ PAYIZ

Atamın atasını,Şaxı babamı görməmişəm. Mən dünyaya gəlməmişdən xeyli əvvəl dünyasını dəyişib.İkinci dünya müharibəsindən iki əlinin səkkiz barmağını itirib gəlibmiş , üstəlik də “asqolla”.Bədənindəki qəlpəyə görə də müharibədən sonra çox yaşamayıb.52 yaşında ,atamın 22 yaşı olanda bu dünyadan köç edib. Ona görə də onunla bağlı heç bir xatirəm yoxdu. Adamların,atamın danışığından xəyalımda bir baba obrazı canlandırmışam həmişə,vəssalam.Qoçaq,vətənpərvər,ailəcanlı,işgüzar baba obrazı.Mülkədar nəslindən olub.Şəkillərindən tanıyırdım babamı. Babamın anası Xumar nənə də kənddə ən sözükeçən və mötəbər qadın imiş. Elə əri -babamın atası böyük babam Murtuza da sayılıb,seçilən kişilərdənmiş .
Kolanıda Dəmirlilər adla deyilirmiş o vaxt. Elə indi də belədi.Soya, kökə bağlılıq lap uzun illərə gedib çıxır. Ulu babam molla Aydəmir Xorasanda təhsil alıbmış.Yəni keçmişin ziyalılarından hesab olunur. Təəssüf ki, adını çəkdiyim insanların , doğmalarımın heç birini yaxından görməmişəm, haqqlarında yalnız eşitmişəm. Uşaq vaxtı onlar haqqında danışılanda elə bilirdim ki,hansısa bir nağıla qulaq asıram,maraqlı gəlirdi mənə.Saatlarla oturub dinləmək istəyirdim insanları. Bu yazdıqlarım da uşaqkən yaddaşıma həkk olanlardı.
Anamın atası, Məmmədhəsən babamsa yadımdadı.Qara, arıq,balacaboy kişi idi. Sakitdi, çox danışmazdı.Onu həmişə buxara papaqda görərdim. Çox sevgisini biruzə verməzdi.Amma hamımızı ayrı-ayrılıqda sevdiyini bilirdim. Mənə elə gəlirdi ki,həmişə kədərlidi babam.Gözlərindən oxuyurdum. Təəsüf ki, o da mən 4 yaşımdaykən dünyasını dəyişdi. Başında buxara papağıyla yaddaşımda qaldı həmişə.
Anam Abdulabaddan idi..Sabirabadın o vaxtkı Abdulyan kəndindən.
Çoxlu xalam, dayım vardı.Bacım,qardaşım olmadığından dayı , xalauşaqlarını özümə bacı-qardaş bilirdim.Zaman keçdikcə bunun ancaq mənim təxəyyülümün məhsulu olduğunu anladım. Uşaqkən bunu anlamır insan çox təəssüf ki..Məhəmmədhəsən babam müharibədə çox doğmalarını itirmişdi.Anam deyirdi ki,yaxınlarından hər dəfə qara kağız alanda, günlərlə xəlvətə çəkilib ağlayırdı.O vaxt anam uşaq olsa da bunu gözəl xatırlayırdı.Demək onun gözlərinə hopmuş kədər də bundan idi.
Babam dünyadan köçəndə qardaşım təzə doğulmuşdu.Anamın,nənəmin ağlamağı yadımdadı.Babamın papağı paltar dolabının üstündəydi.Uzun müddət o papağa toxunan olmadı.Amma hər dəfə nənəmgilə gedəndə papağı zorla aşağı endirib bağrıma basırdım.Onunçun çox darıxırdım.Bir gün papağı yerində görmədim.Bilmədim papağı neynədilər.Yəqin ki,məndən gizlətdilər.Həmin gün o ki,var ağladım.Özü də içdən,göynəyə -göynəyə ağladım.Amma nə babam yaddan çıxdı,nə papağı.
Anam Abdulabaddan Kolanıya gəlin köçmüşdü.Atamla sevib evlənmişdilər , hər İkisi müəllim idi. Babam tez-tez Abdulabaddan Kolanıya bizi yoluxmağa gələrdi.Gələndən gedənəcən iş görərdi həyət bacada.Yırtığı, söküyü yamayardı,ağac əkərdi,çəpər çəkərdi.Onu görəndə anamın gözü işıqlanardı.Ağac kötüyündən bizə ət taxtası düzəldib gətirmişdi bir dəfə. O vaxt ət maşınları yox idi,əti baltayla döyürdülər.Mənə elə gəlir döyülən ətin dadı bir ayrıydı. Hələ də istifadə edirik o kötükdən.Xeyirdə, şərdə çox karımıza gəlir.
Yetimliklə böyüyübmüş babam.Anasız,əmi ,nənə umudunda.Nənəm onun ikinci həyat yoldaşı olub.O biri evlilikdən bir xalam vardı. Bunu çox sonralar bildim, qonşular dedi.Onu eşidəndə özümü çox pis və qəribə hiss etmişdim.Axı nənəm və anamgil bu ögeyliyi heç vaxt hiss etdirməmişdilər deyə mən o xalamı da ən az o biri xalalarım qədər, bəlkə də lap çox istəyirdim.Çünki anam onu lap çox sevirdi.Kubra xalam nənəmə bacı deyə müraciət etdiyi üçün bütün uşaqlar da nənəmi bacı deyə çağırırdılar.Yəni analarına bacı deyə xitab edirdilər.
Babalarım haqda bildiklərim bu qədərdi.Nənələrimləsə xatirələrim bitib tükənməz.
Nənələrim dayıqızı,bibiqızıydı.Ona görə də oxşar cəhətləri çox idi.Sözübütöv,ədalətli,eyni zamanda davakar ruhlu,üsyankar,bir sözlə özünə,sözünə güvənən qadınlardı ikisi də.Kişilər də çəkinərdi onlardan.Heç kim sözlərinin qarşısına söz gətirməzdi.Elə ailədə də hökmran idilər.Sərt xarakterləri vardı.Amma mənimlə son dərəcə mülayimdilər. Onların yanında sərbəst şəkildə ərköyünlük edə bilirdim.Atamın anası Səfurə nənəm uzun ətəkli ,uzun qollu paltarlar geyinərdi, başını iki şalla örtərdi,saçı görünməzdi. Mən onu həmişə qara paltarda görmüşdüm deyə təsəvvürümdə də elə qalıb. Anamın anası Bikə nənəmsə bir qədər fərqliydi.O daha müasir geyinərdi, başına kəlağayı bağlayardı. Paltarlarını da özü tikərdi.
Düşüncələrində də fərqlilik vardı.Səfurə nənəm sevərək evlənməyin əleyhinəydi. Deyərdi ki, mən ərimi toy gecəsi görmüşəm. Xoşbəxt olmadıqmı? Olduq. Uşaqlar ( onun aləmində biz uşaqdıq) nə bilir sevməyi.Ata,ana kimi məsləhət bilirsə övlad da onunla evlənməlidi.Amma Bikə nənəm daha romantik idi. Payızı çox sevirdi və eyni zamanda şeir, poeziya vurğunuydu. Çoxlu bayatı, ağı bilirdi. Çoxusunu da özü qoşmuşdu. Heyf ki, onları bir yerə yığa bilmədim. Sevgiylə qurulan ailənin təməli möhkəm olur deyirdi. Eyni zamanda hamının sevgisinə hörmətlə yanaşırdı. Qızlar,gəlinlər sirrini ona açardılar.Məsləhət yeri idi hamının.Əlindən hər iş gəlirdi.Tikiş tikmək,xalça, kilim toxumaq,yorğan-döşək salmaq.Təmizkardı.İşi-gücü bitməzdi.
Amma qadının ,qızın oxumağına elə də xoş baxmazdı.Onun aləmində qadın ailə qurmalı,oğul,uşaq sahibi olmalıydı. Buna baxmayaraq elə böyük qadağaları da yox idi.Olsaydı anam yəqin ki, təhsil ala bilməzdi.
Səfurə nənəmsə fərqlidi.İstəyirdi ki, hamı oxusun.Atamı palaz,kilim toxuya-toxuya oxutmuşdu.Deyirdi ki, qaynanamdan qalan bütün qızılları satıb Ağaqardaşı(atamı)oxutdum.Fəxr edirdi onunla-atamla.Deyirdi “raykom”,”İspalkom” hamısı qorxur oğlumdan.Atam sözün deyən,dalaşqan adam olub deyə nənəm də həmişə oğlu haqda öyünə-öyünə danışırdı. Qürrəllənərdi oğluyla. Dərslərimi yaxşı oxuduğumçun nənəm mənə”uçitel”balam deyirdi.Bir də xiyara yelpənək,təyyarayə əyripalan,pəncərəyə ağüşkə (akoşka),aşın qarasına qəlyə ,nencəyə decurka deməyi vardı.Uzun illər nənəmin yanında yaşamışam.
Anam sığalsız -tumarsız qadındı. Sərt xarakteri olduğu üçün ondan çəkinərdim,yanında çox dəcəllik etməzdim.
Nənəmsə mənim azadlığımdı,əlləriylə sığallanardı saçlarım,daranıb hörülərdi,üzümdən, gözümdən öpərdi,hər sözümə qurban olum, başına dönüm deyərdi.Hər kəlməsi can idi. Onun yanında uşaqlığımı doya-doya yaşayırdım.Qaçardım , ağaca dırmaşardım , qışda palçığa , yayda toza-torpağa batardım .Onun yanında gözün üstə qaşın var deyən olmazdı mənə.
Məsələn, sevmədiyim südü zorla içirməzdilər, ,xoşlamadığım yeməyi məcbur yedirtməzdilər, sevmədiyim paltarları döyə-döyə geyindirməzdilər əynimə. Bir sözlə tam azad idim onunla. Hara getsəydi məni də özüylə aparardı. Məscidə gedərdik məhərrəmlik başlayandan axıracan. Kəndin bu başından o başına yol ölçərdik hər gün. Orda danışılan nağıllar mənə elə qorxulu və eyni zamanda maraqlı gələrdi ki, saatlarla dinləməkdən doymazdım.Nənəm inanardı mollaların hər sözünə, imamlarçun göz yaşı axıdardı ürəkdən. Əmimin uşaqlarına laylay çalanda gizlicə ağlayardım.Səsi çox qəmliydi,ürəyimə toxunurdu.Yekə qız olananacan kürəyində gəzdirərdi məni. Özü demiş kopan şalıyla məni kürəyinə sarıyıb qonşulara aparardı.O vaxt qonşular da qalsız-qeybətsizdi, bir -birlərinə gedib gələrdilər,qapılarda kilid olmazdi.
Sonra böyüdüm . Sonra bütün bütlər sındı,sonra ayrılıqlar başladı .Hamı köç edib getdi bu dünyadan.Nə buxara papaqlı babalar, nə uzun ətəkli nənələr qaldı. Sonra nənələrimin bizə yuva olan evlərini sökdülər . İçində xatirələrimiz olan o evin yerində daha modern , daha müasir evlər tikildi.Sonra oyanıb gördüm ki,elə mən də nənəmin məni bağrına basdığı ,saçımı sünbül hördüyü yaşdayam.Bir xatirələrdi, bir həsrət,bir də payız.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadədən Selçuk İnana anlamlı hədiyyə

Etibar Həsənzadədən Selçuk İnana anlamlı hədiyyə

Yazar Etibar Həsənzadə “”Zəfərlərə Doğru” və digər kitablarını Tüm Medya Mensupları Derneği Ankara İl Başkanı, Tüm İnternet Medya Birliği Yenimahalle İlçe Temsilcisi Selçuk İNAN bəyə hədiyyə etmişdir.
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir:
“Zəfərlərə Doğru”, “Vətən Uğrunda” ,”Mən Şəhid Olacam Ana” və ” Duyğular Dinsin” adlı kitablarımı dəyərli dostum, hər zaman mənə dəstək olan, uğurlarıma sevinən, işıqlandıran Selçuk İnan bəyə kitablarımı oxuyub dəyərli fikirlərini paylaşdığı və gözəl videoçarx və şəkil hazırlayıb göndərdiyi üçün təşəkkürümü bildirirəm.
Allah ömür versin, Allah razı olsun, var olun”.
Selçuk İnan bəy dəyərli hədiyyələrə görə Etibar Həsənzadəni təbrik edib yaradiciliginda daha böyük uğurlar, bundan da gözəl kitablar yazmağı arzulamışdır.

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vasif Zöhraboğlu – Əcəb tənhalıqdı

Əcəb tənhalıqdı

İlahi, sənin də minnətin olsun,
Sənin də dünyanda qalan deyiləm.
Sal məni çarmıxdan aşağı, görüm,
Mən sənin müjdəli balan deyiləm.

Sus daha səsin də başıma düşür,
Yoxsa ki gedərəm sükutu tapıb.
Göyləri özümə çətir tutaram,
Yağış yağdıraram buludu tapıb.

Əcəb tənhalıqdı, vaxt da vaxt deyil,
Getməyə bir ünvan harasa olur,
Çiynimin üstündə qanad çəkirəm,
Çevrilib ovcumda yarasa olur.

Götürüb dünyanı, yuxu götürüb,
Düşüb yer üzünə mürgüsü, düşüb.
Min ildir Tanrı da özünü görmür,
Bəlkə də əlindən güzgüsü düşüb.

İ̇lahi, sənin də minnətin olsun,
Sənin də dünyanda qalan deyiləm.
Sal məni çarmıxdan aşağı görüm,
Mən sənin müjdəli balan deyiləm…

Müəllif: Vasif Zöhraboğlu

Vasif Zöhraboğlunun yazıları

Oxuyun >> Gözündə tük var

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

“Tanrıya məktublar”a məktub

“Tanrıya məktublar”a məktub

Sözün nəfəsini və hənirini hiss etmək, duymaq hər qələm adamına müyəssər olmur. Şair tanıyıram ki, hıqqana- hıqqana şeir adına nəsə yazır, daha doğrusu sözə əzab, işgəncə verir. Amma, şair də var ki, təbi, ilhamı dağ şəlaləsidi.Şeirlərini oxuyanda ruhuna qəribə bir rahatlıq gətirir. O şairlərdən biri də” titullarını sadalamağa ehtiyac duymadım, çünki onlar çoxdu” Bəhruz Niftəliyevdir.Keçən il ” Bakı Mətbəəsi ASC- də nəfis tərtibatla çap olunmuş ” Tanrıya məktublar” kitabı masamın üstündədir.Hər dəfə yuxu qabağı o kitabdan mütləq bir şeir oxuyub sonra yatmalıyam.Elə bil ki, oxuduğum şeir anamın laylasını əvəz eləyir mənimçün.Bu kitabda yer almış şeirlərin hər birində Tanrıya sevgi var.Əbəs yerə deyil ki, müəllif kitabın adını ” Tanrıya məktublar” qoyub. Mən B. Niftəliyevi ” Mədəniyyət” kanalında ” O” verilişinin aparıcısı kimi tanımışam. İntellekti, ensiklopedik biliyi, savadı, gözəl nitqi, fəlsəfi düşüncələri məni həmişə heyrətləndirib.
Söhbət etdiyimiz mövzu ürəyimcə olan mövzuydu.
Bir saat ərzində Ulu Tanrının möcüzələrindən danışdıq.
Verdiyi suallar çətiniydi, ancaq Allah özü o mürəkkəb suallara cavab verməkdə mənə yardımçı olurdu. Ona olan sevgimi hiss edirdi, duyurdu Tanrım. İstəmirdi ki, çətin duruma düşüm.Əlbəttə böyük Allah haqqında hər kəsin özünün düşüncələri və qənaətləri var. Mən həmişə demişəm, yenə də deyirəm, bir insan ömrü Allahın dərki üçün yetərli deyil, azdır.Sonralar sosial şəbəkələrdə paylaşdığı şeirlərə rast gəldim. Sözün doğrusu hər dəfə təzə yazdığı şeirini oxuyub duyğulanırdım. Təbii ki, oxuyandan sonra münasibətimi bildirirdim.Əsas o idi ki, mənim bu istedadlı şair haqqında artıq müəyyən qənaətlərim varıydı. Hətta arada yaradıcılığı haqqında bir yazı yazmaq fikrinə də də düşmüşdüm.Və birdən vatsapıma bir dəvətnamə gəldi. Bəhruz Niftəliyev məni özünün ” Tanrıya məktublar” kitabının təqdimatına dəvət edirdi.Keçən ilin noyabr ayının 28- də, şəhərin mərkəzində, Üzeyir Hacıbəyli- 5 ünvanında yerləşən kitab evində möhtəşəm bir tədbir keçirildi.Çoxdan idi ki, belə izdihamı görməmişdim.Hətta tədbir iştirakçılarının əksəriyyəti oturmağa yer tapmadı.
İstedadlı kamança ustası Munislə yanaşı oturmuşduq. İkimizin də ürəyindən bir istək keçdi.Bu tədbir kaş R. Behbudov adına mahnı teatrında, yada ki, muğam mərkəzində keçiriləydı.Bəlkə heç Bəhruz müəllim təsəvvür etməzdi ki, tədbir belə izdihamlı olacaq. İlahi, bu tədbirdə kimlər yoxuydu. Bütün zümrələri təmsil edənlər oradaydı.Deputatlardan tutmuş hörmətli
akademikimiz Nizami müəllim Cəfərova qədər.Bir- bir ad çəkib oxucuların vaxtını almaq istəmirəm.Çıxış edənlərin hər biri bu bənzərsiz şairin yaradıcılığından sitatlar gətirir və şeirlərinin işığına yığışdıqlarını qeyd edirdilər. Hörmətli akademikimiz N. Cəfərov ” Tanrıya məktublar” kitabındakı şeirlərin incə bir məqamına toxundu. Qeyd etdi ki, şair hər şeirinin tamamında, yəni sonuncu misrasına nöqtə qoyanda, uşaq anadan doğulan kimi, şeirin də doğum vaxtını, tarixini qeyd edir.İlk baxışdan bu məqam sadə olsa da, əslində Allaha bağlılığın və sevginin təntənəsidir.Mənə elə gəlir ki, ədəbi tənqid və ədəbiyyatşünaslar mütləq bu kitabın izinə düşəcək və dəyərli fikirlərini dövri mətbuatda, ədəbi orqanlarda bildirəcəklər.” Müharibə və məhəbbət” şeirində fikirlərin qısa və lakonik ifadəsi adamı heyrətləndirməyə bilmir.
Şair yazır:
Həyat savaş,
Mən yaralı,
Sar yaramı, tibb bacısı

və ya
” Hələlik” adında sevgi şeirində şairin iç dünyası təlatümlərlə doludu.Misra- misra hiss edirsən ki, sevginin nə yaşı var, nə də ki, ömrü.O ilğım kimidi adamı gedər gəlməzlərə aparır.

Hələ səni öpmədim,
Necə qadın olduğunu hardan
biləsən?
Hələ səndə sönmədim,
odun deyil,
Yadın olduğumu hardan
biləsən?
Şeh bil dodağında məni,
Şah bil yatağında…
Yaşat məni, yaşat getsin,
” Ah… ” bil ən gözəl cümləmi.

Sünbül kimi dop- dolu şeirlər oxucunu dərin ədəbi qatlara endirir və oxucu heç cürə ordan çıxa bilmir.

” Tanrının şərəfinə” adlı şeiri də bir az səmavi ovqata köklənib.

Bir az hissimdən, bir az
duyğumdan qopub gəlsən?!
Fələkdən bir gün, ya ömür
qapıb gəlsən?!
Yarama sarıl, nolar,
Ayrılığın gözlərindən öpüb
gəlsən,
Kədəri sevib, dərdimdən ölüb gəlsən?!

” Tanrıya məktublar” kitabı 767 səhifədən ibarətdir.
İllərlə ürəyində poetik hissləri, saf duyğuları gizlədən
şairin bu müqəddəs və möhtəşəm kitabı müəllifə bütün zamanlarda baş ucalığı gətirəcəkdir.
Bəzən istedadlı bir qələm adamının keçmişinə, qanına, geninə nəzər salanda bəzi nəsnələr üzə çıxır. Bəhruz Niftəliyev ” əməkdar jurnalist”, Prezidentin fərdi təqaüdçüsü, ” Şöhrət” ordenli Flora xanım Xəlilzadənin ədəbiyyatımıza, poeziyamıza bəxş etdiyi ədəbi simadı. Flora xanım kimi bir ananın övladı olmaq, sözün bütün mənalarında fəxarətdir. Əsrlər, min illiklər, üç min illiklər keçəcək” Tanrıya məktublar ” dakı şeirlər öz təravətini itirməyəcək. Tanrıya xitab olan bu kitabın ömrü Ayın, Günəşin, suyun, havanın ömrü qədər olacaq. Qalır şairə uğurlar diləmək. Eşq olsun gözəl şairimizə, ucaların Adamına!

23.01.2026.

Müəllif: Fəxrəddin Teyyub

Fəxrəddin Teyyubun yazıları

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

Oxuyun >> Gözündə tük var

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Sovet yazıçılarının birinci qurultayı, Moskva, 17 sentyabr, 1934.

Sovet yazıçılarının birinci qurultayı, Moskva, 17 sentyabr, 1934.

Ön cərgədə: 1) Əli Nazim 2) Səməd Vurğun 3) Aleksey Tolstoy 4) Maksim Qorki 5) SALMAN MÜMTAZ 6) Məhəmmədkazım Əliəkbərli Arxa cərgədə: 1) Yusif Şirvan 2) Əbülhəsən Əliəkbərzadə 3) Mikayıl Rəfili 4) Əli Səbri Qasımov 5) Arşavir Darbni 6) Cəfər Cabbarlı 7) Mehdi Hüseyn 8)Əhməd Bədi Triniç 9) Qafur Əfəndizadə

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxana tərəfindən Koha AKİS üzrə onlayn təlimlərə başlanılıb

Milli Kitabxana tərəfindən Koha AKİS üzrə onlayn təlimlərə başlanılıb

Azərbaycan Milli Kitabxanası tərəfindən Koha AKİS-də həyata keçirilmiş yeniliklər və təkmilləşdirmələr nəzərə alınmaqla, 21 yanvar tarixindən etibarən 8 günlük onlayn təlimlərin keçirilməsinə başlanılıb.

21-23 yanvar tarixlərində keçirilmiş təlimlərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları iştirak edib.

Onlayn təlimlərin keçirilməsində əsas məqsəd Koha proqram təminatında edilmiş yeniliklərin kitabxana əməkdaşlarına düzgün və effektiv şəkildə çatdırılması, yenilənmiş funksiyaların praktiki istifadəsinin öyrədilməsi, eyni zamanda proqramdan istifadə zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına metodiki dəstək göstərilməsidir. Təlimlər kitabxanalarda vahid iş prinsiplərinin formalaşdırılmasına və elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Təlim proqramı çərçivəsində iştirakçılara Koha sisteminin yenilənmiş modulları üzrə ətraflı nəzəri məlumatlar verilir, ekran paylaşımı vasitəsilə real iş prosesinə uyğun praktiki əməliyyatlar nümayiş etdirilir. Bununla yanaşı, iştirakçıların gündəlik fəaliyyət zamanı rastlaşdıqları məsələlər müzakirə olunur, suallar cavablandırılır və mövcud problemlərin həlli yolları üzrə izahlar təqdim edilir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QAZİ – ŞAİRİN “QAR DUASI”

QAZİ – ŞAİRİN “QAR DUASI”

Şairlər də Tanrının elçiləridir. Bu inama məni Süleyman Abdullanın “Qar duası” gətirdi. O, “Tanrının qarla dediyini” bizə poetik dillə çatdırdı. Anlatdı ki, qar “qaranlıqları üşütmək” üçün yağıb…

Nə yaxşı ki, yağdı bu qar. Bəlkə bizi qorxudan qatı qaranlıqları qorxudar həm də. O qədər qaranlıqlar var ki, içində özümüzü görə bilmirik, fikirdən başımızı itiririk. Bəlkə dübbədüz çıxan hava proqnozunun gətirldiyi ilahi bəyazlıq aydınladar bu qaranlıq müəmmaları…

Süleyman Abdulla öncəgörənlik edir – hava proqnozu verir, bizim işimizə “şərik” olmaq iddiasındadır. Biz onun şeir mülkündən qidalanmaq istəyəndə əlimiz ona çatmır, çünki o zirvəyə yol gedir. O, zirvədə “Qar duası” edəndə açılmış qoşa əli Tanrının əlinə çatır. Əlimiz Tanrının əlində olmaq bizim də arzumuzdur. Tanrı da həqiqi sözə vurğun olduğundan şairlərin əllərindən yapışıb. Bizim isə bircə işimiz qalır – Tanrıya əl uzadanları uğurlamaq…

Amma öz aramızdır, şair yazanda ki, “bizim üçün təhlükə şimaldan gələndir, tutmaq olmur səmtini”, tam doğru deyir. Şimaldan – “sever”dən – “nord”dan gələnlər – istər hava kütlələri, istərsə də Pyotr törəmələri 200 ildən çoxdur ki, başımızın üstündə Domokl qılıncı kimi dayanıb başımızın üstündə, həmişə qaraltmağa çalışır Göy Tanrının göylərini və böyük Türkün qaynar qanını.

Qan yerdə qalacaqmı? Nə vaxt onların “tövrünü anlayacaq, təhərini biləcəyik”?..

Bizim proqnozlarımız üst-üstə düşür, qazi Süleyman. Sən də hidrometeoroloqların dediyini deyirsən şair diliylə:

İndi Qarabağda daha soyuqdu,
üşüyür küçələrin boşluğu…
Bir də komendant saatı
Xankəndindəki sülhməramlıların qolunda.
Laçın dəhlizinə yağan
yenə də qürbət qarıdır…

Kəlbəcərin yollarına heyran-heyran baxardıq. Xocalının qanlı qarının rəngi hələ dəyişməyib. 10 noyabr o yerlərin dumanını daha da qatılaşdırıb. Məramı müəmmalılar icazə vermirlər Xankəndinə, Xocalıya gedib o yerlərin temperaturunu ölçməyə, küləyinin səmtini təyin etməyə. Orada şimal küləyini “hay” küləkləri əvəz etmişdi, indi də “sever” səmtindən əsir. Bizim küləkölçənimiz qalıb “hay”la – huyun arasında.

Şair, minalar alan canları kimin üstünə yazaq? Qar altda gizlənən erməni xislətli mərmininmi, niyyəti, məramı məchullarınmı?

Hər sabah işıq qəlpələri ümidində,
hər axşam mərmi partlayışı xofunda…

Göy Tanrı bizə ismarışlar göndərir, şair-qazi qardaş (qandaş). Deyəsən o, nəhayət bizə baxır. Ustad Məmməd İsmayılın duası müstəcəb olub:

Sən də bizim kimi göyə baxırsan?
Dönüb yaratdığın yerə bax, Allah!

Bəli, Süleyman Abdulla,

“Tanrı qarla dedi gecə həqiqətləri…
…İndi bizi eşidən vaxtıdı göylərin”…

Tanrı deyib ki, səndən hərəkət, məndən bərəkət…

Sizin də, hidrometeoroloqların da proqnozları dəqiqmiş…

23 YANVAR 2021

Hörmətlə:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

TƏRLAN MUSAYEVA HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Şəfəq Vilayətqızı

ÜMÜDÜM VAR

Gecə gəlib pəncərəmə söykənib,
Ulduzlar da yorğun baxır üzümə.
Bu günədək qoymadığım adını,
Həsrətim var, başın qoyub dizimə.

Kirpiklərim gözlərimə tor atıb,
Dalğalarım arzuları batırır.
Ay ilahi, gör nə günə qalmışam,
Dərdim mənə lay-lay çalıb yatırır.

Yollar uzun, addımlarım səssizdi,
Yorğun-yorğun hara gedir xəyalım?
Ümüdlərim incə ipə çevirib,
Cəllad kimi boğur məni ay zalım!

Dindirməsən aylar ilə dinmərəm,
Mən özünə düşmən olan biriyəm.
Külə dönmüş xatirələr içində,
Göz yaşımı gərək boğam, kiriyəm.

Ümüdüm var səhər yenə gələcək,
Qaranlıqlar gün gölündə batacaq.
Bu gün mənə üsyan edən duyğular,
Sakitləşib qucağımda yatacaq…

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunub

AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunub

Yanvarın 22-də AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktorunun müavini, baş direktor v.m.i.e., fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kəmalə Məmmədzadə, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Bayramov, ölkənin görkəmli alim və ziyalıları, institut direktorları, dövlət və özəl nəşriyyatların nümayəndələri, nəşriyyatın sabiq direktorlarının ailə üzvləri, keçmiş və hazırkı əməkdaşlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qonaqlar müxtəlif illərdə müəssisədə işıq üzü görən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iştirakçıları salamlayıb, “Elm” nəşriyyatının kollektivini yubiley münasibətilə təbrik edib. Akademik İsa Həbibbəyli bildirib ki, 2025-ci ildə həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 ili tamam olub. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın yubiley tədbirində iştirakı və parlaq nitqi Akademiyaya verdiyi dəyərin göstəricisidir: “Biz cənab Prezidentin nitqində səsləndirdiyi mühüm fikirlər ətrafında həm Rəyasət Heyətində, həm də müvafiq institutlarda geniş müzakirələr aparmış, tədqiqatlar müəyyənləşdirmişik və onları həyata keçiririk. Hesab edirik ki, AMEA-nın 80 illik yubileyi onun institutlarının, geniş mənada Azərbaycan elminin yeni inkişaf mərhələsinin yol xəritəsini təqdim edir. Bunun üçün biz ölkə Prezidentinə bir daha minnətdarlığımızı bildiririk, onu əmin edirik ki, bu yolda fəaliyyətimizi davam etdirərək Akademiyanı yeni inkişaf mərhələsinə çatdırmağa çalışacağıq”.
AMEA rəhbəri bir çox qurumların Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti dövründə yarandığını, sonralar Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətini davam etdirdiyini söyləyib. Vurğulayıb ki, bir müddət əvvəl Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi keçirilib, bu gün isə “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunur. Natiq bildirib ki, AMEA Rəyasət Heyəti 22 yanvar 2025-ci il tarixli “AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında” və 10 fevral 2025-ci il tarixli “AMEA “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı haqqında” qərarlar qəbul edib.
AMEA rəhbəri xatırladıb ki, nəşriyyat 1925-1932-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1932-1935-ci illərdə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin, 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının, 1945-ci ildən isə Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərib. Akademik İsa Həbibbəyli bu illərdə müəssisəyə Bəkir Çobanzadə, Abdulla Vəliyev, Ziya Bünyadov, Əjdər Xanbabayev kimi bir sıra görkəmli şəxsiyyətlərin rəhbərlik etdiyini deyib.
Akademik İsa Həbibbəyli müstəqillik dövründə Akademiyada nəşriyyat sahəsinin yeni tipli – nəşriyyat-poliqrafiya sisteminin inkişaf etdiyini vurğulayıb: “Əvvəllər Akademiyada nəşriyyat və mətbəə ayrı-ayrı strukturlar kimi fəaliyyət göstərmiş, müstəqillik illərində isə bu iki sahə vahid ad altında birləşdirilmişdir. Həmçinin dövrün görkəmli alimlərindən ibarət Redaksiya-nəşriyyat şurası da formalaşdırılıb. Bu prosesdə nəşriyyatın mərhum direktorlarından filologiya elmləri doktoru, professor Şirindil Alışanovun əməyi yüksək olmuşdur”.
Akademik İsa Həbibbəyli qeyd edib ki, nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib, bu gün də fəaliyyətini uğurla davam etdirir. Nəşriyyat işinin daha da səmərəli olması üçün mühüm işlər görülüb, bu məqsədlə müəssisənin maddi texniki bazası gücləndirilib. O, son illərdə mətbəəyə müasir çap, kəsim, kitab cildləyən maşınlar, kompüterlər və digər lazımi avadanlıqların alındığını, redaksiya üçün əlavə iş otaqlarının ayrıldığını da bildirib. Qeyd edib ki, hazırda “Elm” nəşriyyatı nüfuzlu nəşriyyat kimi hər il müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir. Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın stendində nümayiş olunan seriyalı nəşrlər, monoqrafiyalar, çoxcildliklər və s. nəşrlərə baxdıqda Akademiyada nəşriyyat sahəsinin, çap prosesinin inkişafını görmək mümkündür.
Akademik İsa Həbibbəyli nəşriyyatın diektoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun da bütün işlərdə əməyini yüksək qiymətləndirib. Bildirib ki, S.Qəhrəmanovun müəllifliyi ilə hazırlanan “Azərbaycan elminin salnaməsi və bələdçisi”, eləcə də tərtib etdiyi “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1925-1990)” və “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1991-2025)” adlı ikicildlik biblioqrafiya və “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşrlər müəssisənin 100 illik yubileyinə mühüm töhfədir. Vurğulayıb ki, ikicildlik biblioqrafiyaya salınmış yeddi mindən çox kitab müəssisənin yüz il ərzindəki fəaliyyətinə bir daha nəzər salır.
Akademik İsa Həbibbəyli nəşriyyatın işini yüksək qiymətləndirib, əməkdaşları yubiley münasibətilə bir daha təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Sonra nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “AMEA-nın “Elm” nəşriyyatının inkişaf yolu və qarşıda duran vəzifələr” adlı məruzə ilə çıxış edib. Bildirib ki, AMEA-nın sələfi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti təsis edilərkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin sistemli şəkildə nəşri, elmi jurnalların təsis edilməsi olub. O, Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair çoxsaylı əsərlərin çapının planlaşdırılmasının nəşriyyatın yaradılmasını labüd etdiyini vurğulayıb: “Bu məqsədlə 1925-ci ildə Nəşriyyat yaradılmış, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Blinov və elmi katib Bəkir Çobanzadəyə həvalə edilmişdir”.
Sonrakı onilliklərdə nəşriyyatın ayrı-ayrı qurumların tabeliyində fəaliyyət göstərdiyini deyən S.Qəhrəmanov bildirib ki, bütün bunlara baxmayaraq, müəssisənin missiyası hər zaman Azərbaycanda elmi biliklərin yayılmasına xidmət etmək, milli kitab mədəniyyətini inkişaf etdirmək və müxtəlif elm sahələrində aparılan fundamental tədqiqatların nəşrini təmin etmək olub. Bu tarixi yolun formalaşmasında Azərbaycan elminin böyük şəxsiyyətlərinin – akademiklərin, alimlərin, redaktorların, rəssamların əməyini xüsusi vurğulayıb.
Məruzəçi son illər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində “Elm” nəşriyyatının da modernləşmə və inkişaf prosesinə qoşulduğunu diqqətə çatdırıb. O, Akademiya rəhbərliyinin qayğısı nəticəsində nəşriyyatın fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırıldığını, müəssisənin maddi-texniki bazasının son iki ildə əsaslı şəkildə yenilənərək müasir standartlara uyğunlaşdırıldığını, yeni avadanlıqlar alındığını əlavə edib.
S.Qəhrəmanov məruzəsində nəşriyyatın beynəlxalq əməkdaşlığı, standartlaşdırma sahəsindəki fəaliyyəti, yerli və beynəlxalq sərgilərdə iştirakı, müəssisənin yenilənmiş veb-saytı, ümumən müəssisənin son illər əldə etdiyi uğurlar haqqında da ətraflı məlumat verib. Sonda bir daha yubiley münasibətilə hər kəsi təbrik edib, “Elm” nəşriyyatına, əməkdaşlara yeni nailiyyətlər arzulayıb.
Sonra “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktorunun müavini, baş direktor v.m.i.e, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kəmalə Məmmədzadə çıxış edib. Bir əsrlik fəaliyyət yolu keçmiş “Elm” nəşriyyatının Azərbaycan elminin, təhsilinin, milli-mədəni irsinin formalaşmasında və inkişafında müstəsna rol oynadığını deyən K.Məmmədzadə bu müəssisənin uzun illər ərzində elmi fikrin cəmiyyətə çatdırılmasında, fundamental və tətbiqi elmi əsərlərin nəşrində, eləcə də alimlərimizin zəngin intellektual irsinin qorunub saxlanılmasında etibarlı bir elmi platforma kimi çıxış etdiyini bildirib.
Qurum rəhbəri bildirib ki, institut tərəfindən AMEA-nın “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib. O, bu texniki komitənin informasiya idarəçiliyinin təkmilləşdirilməsinə, sənədlərin düzgün tərtibatının və saxlanmasının təmin edilməsinə, nəşriyyat məhsullarının, o cümlədən kitabxana işinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş dövlət standartlarının işlənib hazırlanmasında və qəbulunda bilavasitə iştirak etdiyini diqqətə çatdırıb. O, AZSTAND/TK 52 tərəfindən hazırlanan “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” və “Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı” standartlarının artıq “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təsdiq olunduğunu bildirib, həmin standartların çap variantını akademik İsa Həbibbəyliyə təqdim edib.
K.Məmmədzadə “Elm” nəşriyyatı ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasındakı əməkdaşlığın daha da genişlənəcəyinə, birgə layihələrin cəmiyyət üçün faydalı olacağına əminliyini ifadə edib. O, nəşriyyatın kollektivini bu əlamətdar yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar, elmi nəşrlərində daha böyük nailiyyətlər və uzunömürlü yaradıcılıq yolu arzulayıb.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək nəşriyyatın əməkdaşlarını yubiley münasibətilə təbrik edib. Bildirib ki, yüz illiyini qeyd edən “Elm” nəşriyyatı XX əsr Azərbaycan xalqının sosial inkişafında elmi-mədəni həyatında müstəsna rol oynamış Azərbaycan Milli Elmlər Akademiyasının ən uğurlu strukturlarından biridir. Sovet hakimiyyəti illərində Azərbaycan cəmiyyətinin inkişafında “Elm” nəşriyyatının misilsiz rolu var: “Həmin dövrdə düşünən insanların formalaşmasının əsas vasitəsi kitabdan ibarət idi. “Elm” nəşriyyatı tərəfindən çap olunan çoxsaylı elmi ədəbiyyat, monoqrafiyalar, lüğətlər, elmi əsərlər Azərbaycanda elmi biliyin formalaşmasında son dərəcə müstəsna rol oynayıb, elmi mühitin yaranmasında mühüm bir funksiyanı həyata keçirib”.
Alim vurğulayıb ki, müəssisə fəaliyyət göstərdiyi müddət ərzində cəmiyyətdə özünə qazandığı imiclə yalnız bir nəşr qurumunun çərçivələrinə sığmır, öz fəaliyyəti ilə xüsusi brendə çevrilib. Qeyd edib ki, “Elm” nəşriyyatı” brendi bu gün də nüfuzunu yüksək səviyyədə qoruyub saxlamaqdadır.
S.Xavəri kitab çapı tarixindən ətraflı bəhs edib, müasir dövrdə nəşriyyatlar qarşısında qoyulan vəzifələrdən də danışıb. Natiq çıxışında “Elm” nəşriyyatının əldə etdiyi uğurlarda direktor Səbuhi Qəhrəmanovun xüsusi əməyinin olduğunu, onun nəşriyyatın işini akademiya rəhbərliyinin müəyyənləşdirdiyi prinsiplər, ideyalar əsasında həyata keçirdiyini diqqətə çatdırıb.
Alim son illər Akademiyada akademik İsa Həbibbəylinin rəhbərliyi ilə aparılan mühüm islahatlar birinin elmin informasiya təminatının həyata keçirilməsi olduğunu deyib. Bildirib ki, “Elm” nəşriyyatı, Mərkəzi Elmi Kitabxana, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bir-biri ilə qarşılıqlı əlaqəda fəaliyyət göstərir, elmin informasiya təminatını yüksək səviyyədə icra edirlər. S.Xavəri bir daha nəşriyyat əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Bayramov, BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, “Elm” nəşriyyatının sabiq direktorlarından Əjdər Xanbabayevin qızı və müəssisənin keçmiş əməkdaşı Afət Xanbabayeva çıxış ediblər. “Elm” nəşriyyatının fəaliyyəti, əldə etdiyi uğurları yüksək qiymətləndirib, kollektivi yubiley münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar diləyiblər.
Tədbirdə akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanova Akademiyada uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)” döş nişanını təqdim edib.
Daha sonra “Elm” nəşriyyatının bir qrup əməkdaşı 100 illik yubileyi münasibətilə müəssisənin elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə AMEA Rəyasət Heyətinin Təşəkkürnaməsi və AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif ediliblər.

http://sciencepublishing.az/xeberler/amea-nin-elm-nesriyyatinin-100-illik-yubileyi-qeyd-olunub

KİTABLAR HAQQINDA – OXU

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İbrahim İlyaslı təbrik edir

EHTİRAMa
Doğum günü kutlaması

Doğum günün kutlu olsun,
Dost adam, əziz arkadaş.
Ruhu günəş təcəllası,
Ürəyi dəniz arkadaş!

Yüz də axtar, min də ara;
Kimin var belə qardaşı?!
Uca könüllər fatehi,
Alçaq könüllər sirdaşı.

Necə olub bilməyibsən,-
Ağıymış kömür deyilən!
Elə sənin sürdüyünmüş,
Ən gözəl ömür deyilən!

Müəllif : İBRAHİM İLYASLI

EHTİRAM İLHAMIN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

SÜLEYMAN ABDULLANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I