Fəridə ƏFRUZ – VƏTƏNIM

VƏTƏNIM

Düzənliyin tən ortasında,
yayın istisində, tut kölgəsində,
körpəsini bağrına basan
gənc can –
mənim Vətənim.

Pambıq sahəsinin güllərin öpüb,
hər şırıma can tərini töküb,
pambığının gülməyin görüb,
gözlərinə yaş alan
dehqan –
mənim Vətənim.

Yayın çilləsində daş qazanda,
qovurma kimi qovrulub, küləkdə sovrulub,
küləyə də şaftalı uzadan
bağban –
mənim Vətənim,

Qışda, şaxtalı gecələrdə oyaq,
canavarları yaxın buraxmadan,
quzusunu qoynuna alıb,
nəğməsi dərəni tutan
çoban – mənim Vətənim.

Babasının kəmərin ədalət bayrağı edib,
“halal, halal, halal!” deyə,
rəqibin kürəyin yerə vuran
oğlan –
mənim Vətənim…

Millətim, yurdum — qeyrətim deyib,
sülh daim, pak niyyətim deyib,
Teymur atını minib,
sinəsin oxa tutan,
yalın sinəli
sultan —
mənim Vətənim!


Qadını sev,
qadına yalvar,
Min bir gecə nağıllarını danış,
Alpamışlar doğub verər.
Qadını sev,
kandarını öp,
saray tikmə, könlünü soruş,
bəla gəlsə, sinə gərər..
Qadını sev,
“ölərəm” de,
eşqi yaradan Pərvərdigardan,
sənə ömrü o diləyər.

EY ÜRƏK

Ürək, sənə nə eləyim,
Nə eləsəm ağrımazsan?
Əldə tutum, gülə büküm,
Nə eləsəm ağlamazsan?

Dilin varsa, söylə axır,
Uçaqmı biz asimana?
Adamı yox, azarı yox,
Qədəm qoyaq hansı yana?
Nə eləsəm ağlamazsan?

Guya şehtək atdılar da,
İzn alıb saçdılar da.
Bir kasıbın bazarında
Heç sövdəsiz satdılar da,
Ürək, sənə nə eləyim,
Nə eləsəm ağlamazsan?

Saçı yaran qırx çiçəksən,
Eşq əhlinə sən dirəksən.
Susuzlara sevgin bulaq,
Ovucda tut, can çıxacaq,
Nə eləsəm ağlamazsan?

Üzüm dözüb şərab oldu,
Dağ dözümü turab oldu.
Sən ağrısan, sən ağlasan,
Adəm oğlu xarab oldu.
Xarab oldu, xarab oldu,
Ürək, sənə nə eləyim.
Nə eləsəm ağrımazsan?

ÖMÜR BIRCƏ GÜNDÜR…

Uçur göy qurşağın yellənçək ilə,
Dön, dolan, rəqs elə kəpənək ilə,
Yaşa canı fəda eləmək ilə,
Ömür bircə gündür, o gün – bugündür.
Sabahı bağlanmaq sənlik deyildir,
Keçənə ağlamaq sənlik deyildir.
Cəzanı saxlamaq sənlik deyildir,
Ömür bircə gündür, o gün – bugündür.
Ətəyindən yellər keçdimi, bəsdir,
Yaşamaq önündə hər şey əbəsdir.
Başın salamatsa, dağlar da pəsdir,
Ömür bircə gündür, o gün – bu gündür.
Ata-anan getdi, sən də dönməzsən,
Bu aləm dibinə sən də enməzsən.
Nəvai deməzi, sən də deməzsən,
Ömür bircə gündür, o gün – bu gündür.
Nuhtək ömür sürmək istəsən də – bu,
Zamanın atına çap, desən də – bu.
Yaxşı ad alsan da, itirsən də – bu,
Ömür bircə gündür, o gün – bu gündür.
Ey Fərid, anların şükrüylə yaşa,
Bu dünya bayramdır, eylə tamaşa.
Aşiq adın qalar, əsrlər aşa,
Ömür bircə gündür, o gün – bu gündür.

SƏBƏB

Dünyada heç bir şey səbəbsiz olmur,
Səndən də səbəbsiz qalmayıb, könlüm.
Yolların axırı bitən sayağı,
Tükəndi mənim də çay kimi sevgim.

Səbəbsiz səbəblər baş verməz axı,
Səbəbsiz deyildir ayrılıq, hicran.
Bir damcı yaş gəlməz, gözlərinə nəm,
Günün bitməyibsə, üzülməzdi can.

Şərəflər, alqışlar, adlar, mükafat –
Kimlərsə səninçün olubdur fəda.
Hər əməl səbəbi özünsən, özün,
Bu gün kim olursan – şahsanmı, gəda?!

Başın göylərə yetsə, səbəbkarı var,
Özəyin, damarın, beşiyin, kökün.
Yerin altında ol, ya asimanda,
Demək, işin səbəb niyyətin üçün.

Bəs onda, səbəbin səbəbin axtar,
Düşün, ara, tap, elə təfəkkür.
Səbəb tap, səbəbkar hüzuruna qaç,
Et təzim, ehtiram, ibadət, şükür.

Fəridə ƏFRUZ,
Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi, Özbəkistan Yazarlar Birliyi sədrinin müavini.
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZÜLEYXA MAŞƏRİFOVANIN KİTABI AZƏRBAYCAN DİLİNDƏ

ZÜLEYXA MAŞƏRİFOVANIN KİTABI AZƏRBAYCAN DİLİNDƏ

Məşhur Özbək yazıçısı ilk dəfədir Azərbaycanda çap olunur

Məşhur Özbək yazıçısı Züleyxa Maşərifovanın kriminal-dedektiv janrda qələmə aldığı “İntiqam hissi” romanı Azərbaycanda “İmza nəşrlər evi” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən nəşr olunub. Bu, yazıçının Azərbaycanda nəşr olunan ilk kitabıdır.
384 səhifəlik kitab nəfis tərtibatla çapdan çıxıb.
Züleyxa Maşərifova 1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975 – 1980-ci illərdə Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim kimi çalışıb.
Özbəkistanda “Damğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli evlilik”, “Dəli qadın söhbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Xəta”, “Maska”, Türkiyədə “Kabul edilen suç” adlı detektiv kitabları çap edilib.
Kriminal-dedektiv romanı Azərbaycan dilinə tərcüməçi Rəhmət Babacan tərcümə edib. Kitab yazıçı Əli bəy Azərinin redaktorluğu ilə hazırlanıb.

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı
11.01.2026 – “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Zeynəb xanım Alıhüseynqızının “Ana sevgisi” və “Şəhidlər” adlı yeni nəşr edilmiş iki şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun tanınmış ziyalı simaları, Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələri və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə keçirildi.
Tədbiri öz nitqi ilə açan fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə ilk öncə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov və eləcə də Cəlilabad MKS-nin direktoru Qənimət xanım İsrafilovaya yaratdıqları şəraitə və ədəbi tədbirlərə verdikləri səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi.
O, Zeynəb xanım Alıhüseynqızının həyat yolu və yaradıcılığından söz açaraq, onun yenicə nəşr edilmiş son iki kitabı barədə tədbir iştirakçılarına əhatəli məlumat təqdim etdi. İ.İsmayılzadə çıxışının davamında ədəbi mühitin formalaşması və inkişafı üçün hər kəsin öz bacarığı çərçivəsində əlindən gələni əsirgəməməsinə təkid edərək, xüsusilə də bununla bağlı müəyyən təklif və tənqidlərini səsləndirdi…
Ardınca tədbirdə iştirak edən rayon ziyalıları və tanınmış simalarından: “Əmək zərbəçisi” və “Əmək veteranı” Hacı Paşa Rüstəmov, tanınmış pedaqoq Dadaş Bayramov və tanınmış bədii qiraətçi və pedaqoq Adıgözəl Nuriyev, polis polkovnik leytenant Əflatun Məmmədov, Cəlilabad rayon Əliabad kənd ümumtəhsil məktəbinin müəllimləri Ülvi Şahverdiyev və Şahmar Hümbətov, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı şair Zülfi Vellidağ, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla Rəvan, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən Şahmuradlı, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə Nərimanova, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd, hərbi pedaqoq və şair mayor Elşən Türksoy, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair Sevinc Şirvanlı, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin müəllimi, ədəbiyyatşünas, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Aydan Ələkbərli və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu Əyyarqızı öz çıxışlarında Zeynəb Alıhüseynqızının poeziyasından söz açaraq onun poeziya aləmindəki dəsti-xətti və xüsusi istedadından, həyatda malik olduğu əxlaqi və insani keyfiyyətlərindən söz açaraq yenicə nəşr edilmiş şeir kitabları münasibəti ilə onu təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Ədəbi tədbir iştirakçılarına müəllifin yeni nəşr edilmiş kitabları hədiyyə edildi və tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı. Qeyd etmək lazımdır ki, bu gözəl tədbir Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında çay süfrəsi arxasında davam etdi və iştirakçılar müxtəlif ədəbi və ictimai-mədəni mövzularla bağlı fikir mübadiləsi apardılar. Bundan sonra isə rayonun Üçtəpə kəndinə doğru hərəkət edərək Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Sakit Üçtəpəliyə baş çəkib, əziz qızının vəfatı ilə bağlı ona və yaxınlarına başsağlığı verdilər və üzləşdiyi itkidə ona mənəvi dəstək oldular…

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mahcamal Babayeva- 77

Ay simalı, ay üzlü- Mahcamal…

Mahcamal Babayeva- 77

Şərq dünyasına məxsus olan qəzəl janrı, əsrlər boyu formalaşaraq, Azərbaycan ədəbiyyatında xüsusi yer tutub. Qəzəl bu gün də poeziyamızın ən incə və mürəkkəb janrlarından biri kimi, mənaca dərin və düşündürücü şeirlərin yaranmasına səbəb olur. Bu janr həm də söz sənətinin ruhunu, klassik poeziyanın fəlsəfəsini, lirikasını nəsildən-nəslə ötürür. Bu gün ölkəmizin müxtəlif bölgələrində yaşayan qəzəlxan şairlər özünəməxsus üslub və istedadları ilə Azərbaycan poeziyasının zənginliyinə xüsusi rəng qatırlar. Sevindirici haldır ki, poeziyamızın bu qədim janrı bu gün də yaşamaqdadır və yeni nəsil şairlərin yaradıcılığında öz inkişaf mərhələsini keçir. Bu məsələdə özünəməxsus dəsti-xətti olan şairlərdən biri də haqqında söhbət açmaq istədiyim Mahcamal Babayevadır…

Mahcamal xanım 1949-cu ilin yanvar ayının 14-də Bakının Əmircan kəndində musiqiçi-neftçi ailəsində dünyaya gəlib. Atası Kərim Şərif istedadlı klarnet, saksafon ifaçısı, Əmircan və Suraxanı mədəniyyət saraylarının nəfəsli alətlər orkestirinin dirijoru və rəhbəri vəzifəsində çalışıb. Böyük Vətən müharibəsindən sonrakı ağır illərdə gəncləri müsiqi mühitinə cəlb edərək bir çox məşhur musiqiçilərin, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Əziz Əzizlinin, Azərbaycan müsiqi konservatoriyasının müəllimi, dosent Yaşar Qarayusiflinin, vertioz klarnet ifaçıları Şəmsi İmanovun, kiçik qardaşı Tofiq Şərifin müəllimi olub…

Musiqiçi ailəsində böyüyən Mahcamal xanım uşaq yaşlarından ədəbiyyata olan sevgisi ilə seçilib. Orta məktəbdə oxuyarkən bədii qiraətə böyük maraq göstərib və məktəbin mədəni-kütləvi tədbirlərində fəal iştirak edib. Orta təhsilini Əmircan kəndindəki 84 № li məktəbdə alaraq son 11-ci sinifi 226 № li məktəbdə başa vurub. Həmin ilin oktyabr ayından Azərbaycan Neft Akademiyasının dekanlığında işə başlayıb. Ədəbiyyata olan sevgisinə baxmayaraq 1968-ci ildə Azərbaycan Neft Akademiyasının kimya-texnologiya fakultəsinə daxil olub. 1972-ci ildən təhsilini Moskvada D. İ. Mendeleyev adına Kimya- texnologiya institutunda davam etdirib. Təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda, sonralar isə Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1981-1982 illərdə AzNeft-in nəzdində olan Neft Quyularının yeraltı təmiri idarəsində mühəndis-texnoloq, 1982-ci ildən isə Bakı Geofizika Cihazları Təcrübə zavodunda mühəndis-texnoloq vəzifələrində işləyib. Əmək fəaliyyətinin son 11 ilini isə Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda böyuk elmi işçi kimi fəaliyyət göstərib. Eyni zamanda İnstitutun təkmilləşmə kurslarında dərs deyib…

…Güclü iradəsi və yaxşı müşahidə qabiliyyəti onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. İnsanlarla ünsiyyətdə susmağa, müşahidə etməyə, fikir qazanmağa üstünlük verir. Keçmişinə və adət-ənənələrinə bağlı xanımdır. Xaraktercə mülayim, həssas və qətiyyətlidir. Təşkilatçılıq qabiliyyəti yüksəkdir. Heç vaxt istədiyi bir şeydən asanlıqla əl çəkmir və nəhayət ki, ona çatır. Güclü yaddaşı var və kifayət qədər bacarıqlıdır. Adətən konkretliyə üstünlük verir, amma mücərrəd anlayışlardan da uzaq qala bilmir. Həsəd, paxıllıq ona yaddır. İnsanlarda sevgi, dürüstlük və zadəganlığı qiymətləndirir. Sərt görünüşə malik olsa da, duyğularında şəfqət, şirinlik var…

Mahcamal xanım ədəbi mühitə 2002-ci ildən qədəm basıb, əvvəlcə “Şam” ədəbi məclisinin, sonra isə “Məcməüş – Şüara”, “Vahid” ədəbi məclislərinin üzvü olub. İlk şeirləri təhsil aldığı ali məktəbin “Neft kadrları uğrurnda” qəzetində çap olunub. Dövri mətbuatda isə, ilk dəfə olaraq “Qobustan” dərgisində “Səttar Bəhlulzadənin heykəli önündə” adlı şeiri işıq üzü görüb. 2004-cü ildən “Azərbaycan”, “Ulduz”, “Yada düşdü” dərgilərində mütəmadi olaraq həm klassik janrda, həm də heca vəznində yazdığı şeirləri dərc edilir. Əsasən yazdığı qəzəllər ilə tanınan Mahcamal xanımın “Bizim bağın çəpəri yox…” adlı ilk şeirlər kitabı 2010-cu idə işıq üzü görüb. 2004- cü ildən etibarən mütəmadi olaraq Azərbaycan Dövlət televiziyasının Mədəniyyət kanalında “Məclisi – Üns” verlişinin iştirakçısı olub. Qəzəlləri bəzi xanəndələr tərəfindən ifa olunur və şözlərinə müxtəlif mahnılar bəstələnib. Klassik janrda yazdığı “Hələ də gec deyil” adlı kitabı 2024-cü ildə nəşr edilib. Həmin ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Prezident mükafatına layiq görülüb. 2025- ci ildə “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq dərgisinin Dünyaya sülh naminə Türk Dünyasının dəyərli mükafatı “Dədə Qorqud” mükafatı ilə təltif olunub…

Deyir ki:

“Ömrüm qışı həsrət çəkir ötmüş yaza neynim?
Qoymuş yaz özün həddin aşan min naza neynim?

Boylandım ötən günlərə ah pərdəsin açdım,
Sandım ki, gələr, gəlmədi can pişvaza neynim?

Durdum bu günün qəsdinə, hönkürdü sabahlar!
Dönmüş zamanın sərhədi bir sərvaza neynim?

Fikrin kəhərin çapdı xəyal, eylədi cövlan,
Meylin sala bilmir ki, olar, olmaza neynim?

Bir gün belə, üç gün belə keçsin nə ziyan var?
Hər gün salıram mehri qalar, qalmaza neynim?

Dildarlığı, dilbərliyi qurban elədim mən,
Gah var kimi, gah yox kimi bir pərvaza neynim?

Ey Mahcamal, oynaqdı bu təzyiq, coşur hər gün.
Bir azca ara vermədi çoxdan aza neynim?”

…Yanvarın 14-ü Mahcamal xanımın növbəti ad günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəlalə Camal – Nə tez yoruldun!?

Nə tez yoruldun!?

Ay əlin qurusun, əlimdən tutan,
Bəs niyə əlimi havada qoydun?
Söz verdin bu yolu birgə qət edək,
Mənzilə çatmamış nə tez yoruldun?

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I