Müəllimliyin sirli fəlsəfəsi

Müəllimliyin sirli fəlsəfəsi
(Mən bu məqaləni haqq dünyasına qovuşmuş, daim hörmətlə andığım, elm-bilik-həyat dərsi öyrədən elmi rəhbərim, müəllimim, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlunun əziz xatirəsinə həsr edirəm)

Bolqarıstanlı türk şairi Məfkurə Mollova şeirlərinin birində deyir ki, səni insan adam elədiyi üçün əvvəl müəlliminin qarşısında diz çök, sonra ata-ananın. Müəllimlik gərəkli, müqəddəs, həmçinin də çətin peşədir. Bu müqəddəs yolda tələbələrinin şüur və təfəkkürünə işıq salmaq, onları vətənpərvər yetişdirmək, dünyagörüşlü böyütməkdi müəllim olmaq.
Tofiq Hüseynoğlu Bakı Dövlət Universiteti filologiya fakültəsində mənim bakalavr və magistratura təhsil pillələrimdə çox hörmət etdiyim müəllimlərimdən biri, həmçinin BDU doktorantura təhsil illərimdə elmi rəhbərim olmuşdu. 82 illik ömür yolunun 60 ilini filologiya sahəsində iz qoymuş, tədqiqat aparmış hörmətli ədəbiyyatşünasın elm payından bəhrələnmək səhrada su tapmaq kimi böyük şans imiş. Çünki dahilər təkrar doğulmur. Əgər onun müəllimlik illərində təhsil almaq nəsibim olubsa, demək, şanslı insanların sırasındayam.
Doktorantura təhsil illərimdə mənə daim doğru elmi istiqamət vermiş, daim əzmə, çalışqanlığa, araşdırmalar aparmağa sövq etmişdi. Nəticədə 3 illik əyani müddətdən daha tez 27 yaşımda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını aldım. Bu uğuruma görə Tofiq müəllimə – böyük alimə minnətdarlıq borcum və rəhmətim sonsuz olacaqdır.
Bu ifadə pafoslu səslənməsin. Onu bir balaca yaxından tanıyan və ya bir dəfə də olsa çıxışını, ədəbi söhbətini, mühazirəsini eşidən hər kəs mənim fikrimi doğru, səmimi qəbul edər. Bu müdrik şəxsiyyətin ensklopedik, fenomenal yaddaşına heyran idim. Dərs prosesində anidən soruşulan istənilən sualımıza çox müfəssəl, dolğun, elmi cavablar verməsi tələbələr tərəfindən maraqla qarşılanardı. Özünəxas bir üslubunu da hiss etmişdim. İzahının sonunda bizim daha ətraflı bilik əldə etməyimiz üçün sadaladığı monoqrafiyaların adları ilə bərabər suallarımıza cavab tapa biləcəyimiz səhifələri də vurğulayardı. Bu kimi nüanslarla iti yaddaşına təəccüb etməmək mümkün deyildi. Filologiya sahəsindəki bütün kitablar, monoqrafiyalar, məqalələr, əsərlərdən tutmuş, ən kiçik həcmli tezislərə, çoxlarının diqqətindən yayınan ən xırda şeir parçasına kimi xəbəri vardı. Tofiq müəllimin bu xüsusiyyətini tələbə yoldaşlarımızla öz aramızda danışıb müəllimimizin elminə, biliyinə həsəd aparardıq.
Müəllimim gözünə eynək taxıb, qeydlər etmək üçün əlinə sadə karandaş götürüb iş saatlarının bekar vaxtlarında daim mütaliə edən obrazda gözlərim qarşısında canlanır. Çünki müşahidə edənlər təsdiq edə bilər ki, mütəmadi mütaliə edərdi. Başa düşmək olurdu ki, bu onda artıq vərdişə çevrilmişdi.
Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdı.
1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdi. “Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və “Qan içində” romanı” mövzusunda namizədlik (1975), “Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı” mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə etmişdi.
Azərbaycan ədəbiyyatının ən aktual mövzularında yazdığı elmi məqalə və tezisləri daim maraq doğurmuşdu. “Tarixi roman ustası”, “Yusif Vəzir Çəmənzəminli”, “Ədəbiyyatla yaşayıram”, “Söz-tarixin yuvası”, “Qurban Səid, mübahisələr, həqiqətlər” və s. kitabları filologiya elmləri sahəsində ən güclü tədqiqatlardan sayılır. Uzun illər Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimləri – Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Abbas Zamanov, Fəridə Vəzirova, Cəlal Abdullayev, Təhsin Mütəllimov, Abdulla Abasov, Qara Namazov, İfrat Əliyeva, Almaz Məmmədova, Vaqif Sultanlı və d. mənsub olduğu ədəbi mühitdə, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır.
Azərbaycan filologiyasında ən aktual və problemli mövzularda araşdırmalar aparan alim idi. Uzun illər “Əli və Nino problemi”nə dair araşdırmaları ilə mətbuatda elmi məqalələri ilə ədəbi tənqidin diqqətini çəkərdi. Elmi arqumentləri tutarlı idi.
Davranışı, alicənablığı, mədəniyyəti, nəzakəti, nitqi, öyrətmə üsulu biz tələbələrinə yaxşı bir örnək idi. Mən müəllimimin ömrünün qocaman illərində onunla eyni – Azərbaycan ədəbiyyatı tarixi kafedrasında birlikdə əməkdaşlıq etməklə iş sahəsində də ondan xeyli təcrübə qazana bilmişdim. Həmişə bildirərdi ki, universitetin ənənələrinindən biri də Vətənimizə, elmimizə layiqli vətəndaş olmaqdır. Çünki özü də əsl vətəndaş ziyalı, vətənə-torpağa bağlı professor idi.
Bütün tələbələrinə qayğıkeş münasibət nümayiş etdirərdi. Bizə də gələcək yollarda bu cür müəllim olmağı məsləhət bilmişdi. Elmi biliyi nə qədər çox olsa da, o qədər də sadə idi. Təvazökarlığı xüsusi diqqət çəkirdi. Uşaq kimi məsum, saf, təmiz idi. Çox da üzdə görünməyi sevməzdi. Qayğılı bir siması diqqətdən qaçmazdı.
Heç unutmaram. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almaq üçün diplomum səbəbsiz gecikdirilirdi. Tofiq müəllim o ərəfələrdə səhhətindən dolayı Moskva şəhərinə getmişdi. Ömrünün son günlərində Moskvadan zəng edib diplomumu almağımla bağlı soruşdu. Verdiyim “xeyr, hələ bir xəbər yoxdur” cavabı onu da məyus etdi. Günün birində də iş kollektivimizlə birlikdə onun dünyadan köçməsi xəbərini eşidib sarsıldıq. Tofiq müəllim əbədiyyətə, haqq dünyasına qovuşmuşdu.
Günlər ayları əvəz edirdi. Bir gün yuxuda gördüm ki, Tofiq müəllim mənə deyir: “Qızım, diplomun hazırdı, niyə gedib maraqlanmırsan?”. Səhər yuxudan oyanandan bəri bu yuxu barədə düşünürdüm ki, telefonuma bir zəng gəldi: “Salam. Siz, Yeganə Xanlarova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunuzu təhvil almaq üçün Ali Attestasiya Komissiyasına yaxınlaşa bilərsiniz!”. Bilmirdim bu xəbərə sevinim, yoxsa Tofiq müəllimin göy üzündən mənim yuxularıma göndərdiyi mesaja təəccüb edim. Və beləcə bir daha müəllimimin həm müqəddəs bəndə, tərtəmiz şəxsiyyət olduğuna əmin oldum.
Deyirlər, yaradıcı şəxslərin kapriz tərəfləri olur. Həmçinin Tofiq müəllimi bu cəhətinə görə xatırlayarkən üzümdə xəfif bir təbəssüm yaranır. Doktorantura təhsilimdə tapşırıq verdiyi məqaləni dediyi vaxtda yazıb aparmayanda əsl pedaqoq kimi davranar, ağayana tərzdə sözünü elə bildirərdi ki, evə çatan kimi bütün kitabları qarşıma töküb səhər işıqlanana qədər həvəslə tapşırığa əməl etməklə özümü doğrultmağa çalışırdım. Heç yadımdan çıxmaz. Günlərin bir günü, mən BDU oxu zalından, Tofiq müəllim isə mühazirə dərsindən çıxıb evə gedirdik. Təsadüfən filologiya fakültəsinin yerləşdiyi 1 saylı korpusun çıxışında rastlaşdıq. Avtobus dayanacağına qədər yol yoldaşı olacaqdıq. Dissertasiyam, oxuduğum kitablar barədə xəbər aldı, öz tövsiyələrini deyə-deyə yolumuza davam edirdik. Narın yağış yağırdı. Qəflətən yadıma düşdü ki, səhər universitetə gələndə kitabxanaçıya bir neçə kitabın siyahısını verib arxayın şəkildə yığmağı xahiş etmişdim. Kitabxanaçı özü də kitabları günün sonunda götürməyimi söyləmişdi. Bu etimada məsuliyyətsizlik etmək olmazdı. Gedib götürmək lazım idi. Tofiq müəllimə fikrimi deyib geri qayıtmağa məcbur oldum. O, dissertasiyamla bağlı hansı kitabları oxumağımı bilmək üçün, “mən universitetin həyətində gözləyirəm, kitabları götür, dayanacağa çatana qədər baxaram, uyğun olmayanları geri təhvil verərsən” – demişdi. Mən isə əgər yağış güclənsə, qocaman müəllimimin yağışda islanmaması üçün getməyini təklif edib iti addımlarla geri qayıtdım. Cəld pilləkənləri qalxıb kitabxanaya daxil oldum. Kitablar hazır yığılmışdı. Bu arada qeyd edim ki, universitet kitabxanaçılarının zəhməti danılmazdır. Siyahıdakı kitablardan yalnız biri yox idi. Kitabxanaçı həmin kitabı tapmaq üçün yenidən geri qayıtdı. Kitabxananın pəncərəsinə tərəf baxıb yağışın get-gedə gücləndiyini görüb özümü əmin etdim ki, Tofiq müəllim getmiş olar. Arxayın şəkildə kitabları götürüb tələsmədən pilləkənləri düşür, yağışın bir qədər səngiməsi üçün ləngiyir, sanki bununla da vaxtı yubadırdım ki, evə islanmadan gedə bilim. Nəhayət, təxminən 10-15 dəqiqə sonra mən geri qayıtdım. Tofiq müəllimi universitetin həyətində yağışın altında görüb həm məəttəl qaldım, həm də pərt oldum. Tofiq müəllimin insani həssasiyyəti, tələbələrinə ciddiyyəti vardı. Ona görə də gözləyibmiş. Yağış güclənmişdi. Buna baxmayaraq gözləmişdi. Qorxdum ki, xəstələnər. “Əgər yağış güclənərsə gedə, seçdiyim kitablara sabah baxa bilərsiniz” demək, mənəvi qayğımı bildirmək istəyəndə, sözümü kəsdi və dedi: “Qızım, mən söz vermişdim ki, kitabları götürüb qayıdana kimi burda gözləyib onlara baxacağam”. Tofiq müəllimin şəxsiyyətindəki ucalığa, mənəviyyatındakı bütövlüyə hər dəfəsində olduğu kimi, bir daha şahid oldum. Gülümsəyib dedim:
Bu hadisəylə bağlı məqalə yazacağam.
O isə: – Söz ver ki, indi deyil, mən bu dünyadan köçdükdən sonra məqaləni yazacaqsan, – demişdi.
Tofiq müəllimin mənəviyyat dünyasında yalnız yaxşı, müsbət keyfiyyətləri gördük: söz verib əməl etmək, tələbələrə şəxsiyyət kimi davranmaq, dünya malına gözünün ucuyla baxmamaq, dürüstlük, saflıq, ziyalılıq… Bir sözlə, müəllimimi insan və alim kimi yüksək səviyyədə dəyərləndirib, daim müşahidə edər və pedaqoqluğundan, ən əsası insanlıq payından nəsə öyrənməyi özümə qazanc bilərdim. Və mən bu geniş qəlbli, Azərbaycan ədəbiyyatının bir hissəsinə öz elmi möhürünü vuran, öz elmi töhfəsini verən bir müdrik şəxsiyyətin bu dünyadakı yaşam kodunu belə başa düşdüm: Allahın bəxş etdiyi ömür möhlətində insan bacardığı yerə qədər yaxşılıq etməyi bacarmalıdır. Çünki Tofiq müəllim özü belə idi: humanist, insanpərvər. Tez-tez deyərdi: “Dünya fanidir, çalışıb yaxşılıq etmək lazımdır”.
Yaxşılıqlarınız sizə savab yazılsın, ruhunuz şad olsun, ey hörmətli müəllimim!

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

Mahirə Nağıqızı – Könülə

Könülə
(Qızım Könülün ad günündə)
Qızım, sənin doğum günün mübarək,
Bu dünyanın xas gözəli, pəri-sən.
Bilirəm ki, bəxt üzünə güləcək,
Bəxtin ilə qismətinə yeri sən.

Söz yaşayar ötüb dildən-dilə, bil,
Ad qalandı, belə qavra, belə bil.
Mənim ömrüm nağıl imiş elə bil.
Göydən düşən üç almanın biri sən.

Xoş gün olsun balamızın bələyi,
Belə dedik ömrümüzün mələyi.
Ana adı qız olanın diləyi,
Ana oldun, balaların piri sən.

Mən anayam, Tanrım məni eşitsin,
Dualarım imdadına yetişsin.
Cabirə de bunu mənnən bölüşsün,
Baş tacımın ən qiymətli zəri -sən.

İllər gələr-gedər, dünya dəyişməz,
Nə axtarsan axtar, məna dəyişməz.
Cavan-yaşlı olar, ana dəyişməz,
Mahirəyə mələk sənsən, huri sən.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

Ziyodulla HƏMİDULLAYEV – “BAHOR”UN ZİYODASİ

“BAHOR”UN ZİYODASİ

“Bahor” ansamblı təkcə Özbəkistanda deyil, həm də xaricdə tanınır və populyardır. Hazırda Mükərrəmə Turqunbayeva adına “Bahor” Dövlət Rəqs Ansamblının rəhbəri istedadlı xoreoqraf, baletmeyster, Özbəkistanın Əməkdar Artisti və Qaraqalpaqstanın Xalq Artisti Ziyoda MƏDRƏHİMOVAdır. O, Mukərrəmə Turqunbayeva Məktəbində gənc rəqqaslara dərs deyir.

— Ziyoda xanım, rəqqas olmaq arzunuz uşaqlıqdan yaranıbmı? Uşaqlıq xatirələrinizi bizimlə bölüşə bilərsinizmi…
Mən Fərqanədə sənətkar ailəsində anadan olmuşam. Valideynlərim Özbəkistanın əməkdar artistləri Ubaydulla Mədrəhimov və Erqaşxon Mirmahmudovadır və onlar saysız-hesabsız mərhum sənətkarlarla, məsələn, Məmurjon Uzaqov, Coraxon Sultanov, Muhiddin Qori-Yaqubov, Tamaraxanım, Qavhar Rəhimova, Mukaramma Turqunbayeva, Fəxrəddin Umarov, Təvəkkəl Qadirov, Murodjon Əhmədovla yaxın əməkdaşlıq ediblər. Yuxarıda qeyd olunan insanlar incəsənətimizin kökləridir və onlar olmasaydı, Özbəkistan incəsənəti bu səviyyəyə çatmazdı.

Mən ailəmizdə altı uşağın ən kiçiyiyəm – iki oğul və dörd qız. Adım məsələsinə gəldikdə, böyüklər həmişə adımın mənasını soruşar və deyərdilər: “Adın nədir?” Əgər bir yerdə artıqlaması ilə oğlan doğulsa, ona Ortiq, qız doğulsa, ona Ziyoda adını verərlər. Valideynlərimdən bu barədə soruşdum. Mən doğulanda anam dedi: “Oğlan doğulsaydı, daha yaxşı olardı. Üç oğlumuz və üç qızımız olardı”, atam isə dedi: “Üç qızınız öz yolunuzla gedəcək və bu qız digərlərindən daha çox olacaq. Buna görə də qızımıza Ziyoda adını verəcəyik”. Uşaq vaxtı özümlə fəxr edirdim, deyirdim: “Ən çox uşaqlı mənəm”. Tamaraxanım Daşkənddə işləyərkən respublikanın hər yerindən istedadlı insanları paytaxta pop teatrı açmağa dəvət etməyə başladı. Valideynlərim də onların arasında idi. 1955-ci ildə ailəmiz Fərqanədən Daşkəndə köçdü. Ən kiçik uşaq olduğum üçün anam məni dünyaya etibar etmədən özü ilə aparırdı. Yadımda qalan qədər uşaqlığım pərdəarxası keçib. Musiqini, səhnəni, teatrı və oteli xatırlayıram. Qürurla deyə bilərəm ki, Təvəkkəl Kadırov, Məhəmmədjon Mirzəyev və Murodjon Əhmədov kimi müəllimlərin əlində böyümüşəm. Müəllimlər övladlarını və nəvələrini darıxanda məni əzizləyib sevər, mahnı oxuyardılar. Səhnədə konsert gedəndə küncdəki stulda oturardım. Məni görüb ilhamlanardılar…
Bir gün şiddətli soyuqdəymə tutdum. Ayam konsertə getmədi, mənimlə oteldə qaldı. Atamın rəhbərlik etdiyi sənətçilər konsert verib geri qayıtmışdılar. Qızdırma ilə uzandığım zaman Məhəmmədjon Mirzəyev rübabı ilə yanıma gəlib dedi: “Ziyoda, yaxşı çıxış etmədin. Konsertə getmədin, konserti korladıq. “İnsanlar və Ziyoda gəlmədi, biz də konserti görmədik, ona görə də geri qayıtdıq” (Əslində, belə deyildi, o, bunu mənim daha tez sağalmağım üçün dedi). Mən də uşaq idim və düşünürdüm ki, konsertlərə getməsəm, məni tərk edəcəklər. Əyamın sözlərinə görə, Məhəmmədjon ləqəbli rübab çalırdı, mən də qızdırmam olanda çalırdım. O vaxtlar harasa səyahətə çıxsaydılar, bir-iki ay gedərdilər. İndi isə maksimum bir həftə qastrol səfərinə çıxmaq olar. Üç ay məktəbdən tətildə olanda vaxtımın çox hissəsini ortancıl bacım Nəsibə ilə keçirirdim. Bacım məni “Bahor” ansamblı ilə aparırdı. Mükərrəmə Turqunbayevanı ilk dəfə orada görürdüm. Mükərrəmə oba saçlarımı sığallayır, özümü yaxşı hiss etməyimə kömək edirdi və… dedi: “Sən bacın Nəsibənin yolunu getməlisən. Anana de ki, Xoreoqrafiya Məktəbində oxumalısan və “Bahor” ansamblında işləməlisən”, – dedi. Məşq prosesini izlədim və rəqs elementlərini yadda saxlamağa çalışdım. Məhz o zaman rəqs öyrənmək məqsədim formalaşdı. Xoreoqrafiya Məktəbinə 6-cı sinifdən daxil ola bilərdin. Bundan əvvəl tələbə sarayında təşkil olunmuş bir dərnəyə getməyə başladım. Dərnək rəhbəri Bella Arytyunova idi. Rəqs şöbəsinə Gülçehrə Cəmilova, Qızlarxon Dostməhəmmədova, Diləfroz Cabborova, dram şöbəsinə isə Fərrux və Cəmşid Zakirovlar, Rüstəm Sədullayev kimi görkəmli sənətçilər daxil idi. Sarayda bir növ sehr var idi, bu dərnəkdən bir çox məşhur sənətkarlar gəlmişdi.
Hamımız Milad ağacı festivalını gözləyirdik. Festival “Yoşluq” arenasında keçirilirdi. Milad ağacı festivalı 10 gün davam edirdi. Biz rəqs edəndə Fərrux və Cəmşid Zakirov, Rüstəm Sədullayev nağıl personajlarını canlandırırdılar. Uşaqlığımı xatırlayanda o gözəl vaxtlara qayıtmaq istəyirəm. Ən gözəl xatirələr də uşaqlıqdan qalıb.

— Sizcə, təhsil insanın həyatına nə dərəcədə təsir edir?
Ümumiyyətlə, biz elə bir şəkildə böyümüşük ki, avtobusa böyüklərdən əvvəl minməməli və yerlərimizi böyüklərə verməli idik. Ailə ilə eyni boşqabdan yemək yeyirdik. Uşaqların ailənin böyükləri yeməyə əl uzatmadan yeməyə başlaması hörmətsizlik hesab olunurdu. Yaşlı bir insan metroya minəndə və gənclər yerlərini vermədikdə, bu, ailənin kifayət qədər təhsil almadığına işarədir. Aldığım təhsili uşaqlarıma, hətta şagirdlərimə də öyrədirəm. Çünki təhsil və nizam-intizam həmişə vacibdir.

— Mükərrəmə Turqunbayeva özbək incəsənətində iz buraxan bir məktəb hesab olunur. Müəlliminizin hansı keyfiyyətlərini xatırlayırsınız?

Əgər Lütfixan Sarımsokovaya özbək “Aya“sı deyilirsə, Mükərrəmə Turqunbayeva özbək “Opa“sı hesab olunur. Müəllimimizə adı ilə müraciət etməyə dözə bilməzdik. Ona yaxın bir insan kimi “opa” deyə müraciət edərdik. Mükərrəmə opa haqqında saatlarla danışa bilərdik. Əgər müəllimimiz incəsənətdə rəqs kraliçası idisə, həyatda mədəni bir qadın idi. Opa hər rəqsi göz bəbəyi kimi qorumağa çalışırdı. Şöhrətini qorumaq üçün toylara getmirdi. Rəqqas aktyor demək deyil. Aktyor sirkdə və ya idmanda müxtəlif hərəkətlər edənləri də nəzərdə tuta bilər. Bu baxımdan rəqqasə ilə aktyorun nisbətindən istifadə etmək düzgün deyil. Həmin insanın səhnədə, dairələrdə və küçələrdə necə davranmasına heyran olardım. Mükərrəmə bacımızda anamız kimi mehriban, səmimi bir dost və nümunəvi müəllim obrazını görə bilərsiniz. Əgər bir qız işə pis əhval-ruhiyyədə gəlsəydi, Mükərrəmə bacı onu kənara çəkər, niyə kədərli olduğunu soruşar, təsəlli verər və ruhlandırardı. Əgər nəyisə səhv etsəydik, sadəcə “sən” deməsindən başa düşərdik. Onun danlamalarında bir çimdik sevgi hiss etmək olardı. Vaxtı gələndə anamıza deyə bilmədiyimiz sirlərimizi Mükərrəmə bacı ilə bölüşərdik. Mükərrəmə bacı geyimimizə xüsusi əhəmiyyət verirdi, qolsuz köynək, şalvar geyinməyimizə və saçımızı kəsməyimizə icazə vermirdi, yəni əsl özbək qızı kimi iffətli, zərif və gözəl olmağımızı istəyirdi. İstərdim ki, gələcək nəsil çoxşaxəli sənətkar, ehtiraslı müəllim və sevən ana olan Mükərrəmə bacını tanısın və ondan öyrənsin.

— “Bahor” Dövlət Rəqs Ansamblında ilk gününüz necə keçdi?
Bacım Nəsibə mənim “Bahor” ansamblına gəlməyimi istəmirdi, dedi: “Ansamblda nə edəcəksən, qoy bundan daha yaxşı oxusun?” Bacım evləndiyindən bəri ilk dəfə 1972-ci ildə ona demədən Qutluq Dargoha gəldim. Bacım Nəsibə təəccüblənsə də, bacım Mükərrəmə məni sevinclə qarşıladı. Sənədləri rəsmiləşdirdikdən və rəqs etməyə belə macal tapmamışdan əvvəl məni Nəvai Teatrına göndərdilər. Mən təəccüblənsəm də, bacım Mükərrəmə haqqında “Sənətə həsr olunmuş bir həyat” adlı film çəkildiyini dedilər və yeni bir qız istədilər. Studiyaya getdim, Qəhrəman Dadayev dairə çalırdı, bacım isə mənə rəqs hərəkətləri öyrədirdi. Filmdə “Bayot” rəqsinin geyimlərini geyinərək çəkilmişdim. “Bahor”dakı ilk günüm belə keçdi.

*Aya — özbək şivasında ana mənəsinda
*Opa — hörmət məasında bacı

Onlar sonuncu dəfə Moskvadakı Çaykovski Zalında çıxış etdilər. Yaşlarına görə “Tanovor”u ifa edərkən əvvəlki kimi otura və ya mürəkkəb hərəkətlər edə bilmirdilər. Səhnədə çıxış edəndə ürəkləri döyünürdü. Buna baxmayaraq, rəqs etməyə davam edirdilər. Rəqsdən sonra səhnə arxasına keçdilər, huşlarını itirdilər və yıxıldılar. Hamı qaçdı. Kreml xəstəxanasından həkimlər gəldi. İlk müayinədə həkimlər dedilər: “Onun infarkt keçirdi. İndi baş vermədi. 10 dəqiqə əvvəl baş verdi”. 10 dəqiqə əvvəl harada idilər? SƏHNƏDƏ! Onların iradəsinin nə qədər güclü olduğunu görə bilərsiniz. Ümumittifaq Xalq Artistləri olduqları üçün Kreml xəstəxanasında müalicə olunmaq hüququ var idi. Bacılarını xərəkəyə qoyub apardılar, biz də onların ardınca ağladıq. Bundan sonra onlara səhnəyə çıxmaq qadağan edildi. Amma onlar səhnəsiz yaşaya bilməzdilər. Tezliklə Mükərrəmə bacı vəfat etdi.
Xalqımız bacımızın ölümünü göz yaşları ilə qəbul etdi. Dəfn mərasimində minlərlə insan iştirak etdi. O qədər çox insan var idi ki, əsgərlər tabutun ətrafına toplaşdılar. Onlar Mükərrəmə Turqunbayevanı Həmzə Teatrından Çiğatay qəbiristanlığına müşayiət etdilər.
— Ağlınıza gəldimi ki, bir gün Bahor ansamblının bədii rəhbəri olacaqsınız?
İllər sonra heç vaxt bu ansamblın bədii rəhbəri olacağımı ağlıma belə gətirməzdim.
Müstəqilliyin ilk illərində Silahlı Qüvvələr nəzdində yaradılmış ansamblın bədii rəhbəri təyin edildim. Burada 16 il çalışdım. Ansamblımız Prezidentin Fərmanı ilə yenidən canlandı. Bədii rəhbər təyin edildim. Bu il yeni “Bahor” ansamblının 6 illiyidir. Hələ ki, yeni yaranma mərhələsində olan ansamblımız öz bəhrəsini verməyə başlayır. 10-dan çox ölkəyə səyahət etdik. Qızlarımız Qran-pri, “Nihol”, “E’tirof”, milli mükafatlar və Mükərrəmə Turqunbayeva müsabiqəsi kimi beynəlxalq müsabiqələrin qalibləri və mükafatçıları oldular. Əminəm ki, uğurlarımız davam edəcək.

“Bahor” ansamblı Özbəkistanın vizit kartıdır. Orada olan bütün rəqslər xalqımızın qızıl irsidir. Dövlətimizin başçısı özbək milli incəsənətini qorumaq və Mükərrəmə Turqunbayevanın yaradıcılıq yolunu geniş şəkildə təbliğ etmək məqsədilə bu ansamblı dirçəltmək qərarına gəldi. Buna görə də öz adımdan və ansambl kollektivi adından minnətdarlığımızı bildiririk.

Söhbətləşdi: Ziyodulla Həmidullayev,
Əlişir Nəvai adına Daşkənd dövlət özbək dili və ədəbiyyatı universitetin tələbəsi.

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldroğlu – Təbrik edirəm!

Təbrik edirəm!

Ömür Allahın insana verdiyi möhlət, uzun ömür isə lütfüdür. Xoşbəxt o kəslərdir ki, nəvə, sonra da nəticə toyunda iştirak edə bilirlər. Fəqət qocalığın da öz çətinlikləri olur. Bir az canın ağrayır, bir az yaddaşın korşalır, bir az gözlərin zəif görür, bir az qulaqların ağır eşidir, bir az da… Amma bütün bunlara baxmayaraq yaşamaq gözəldir, həyat isə şirin…

Respublikanın əməkdar jurnalisti Sahib Əliyevi çoxdan tanıyıram. Haradasa qohumluq əlaqələrimiz də var. Bundan əlavə xalam oğlu, rəhmətlik Höccət Kərimov bir vaxtlar onun sürücüsü işləyib. Sahib müəllim uzun illər Yardımlının ictimai-siyasi həyatında mühüm rol oynayıb, rayon qəzetinin baş redaktoru vəzifəsində çalışıb. O, həm də şairdir, neçə-neçə kitabı işıq üzü görüb. Sözlərinə bir sıra mahnılar bəstələnib. Onlardan biri, illərlə ünlü sənətkarımız Zeynəb Xanlarovanın repertuarını bəzəyib…

Yanavrın 10-u Sahib müəllimin növbəti ad günüdür, səhv etmirəmsə, 90-a iki il qalır. Onun “HƏMİN DÜNYA DEYİLSƏN” şeirini təqdim etməklə, dünya haqqında qənaətini sizinlə bölüşmək istəyirəm:

Yolların qorxu içində,
Qorxudan keçə bilmirəm.
Suların da ki, bulanıq,
Çimçəşir, içə bilmirəm.

Həmin dünya deyilsən sən,
Dəyişmisən niyə, nədən?
Gör nə hala düşüb bədən,
Artıq don biçə bilmirəm.

Bu hal səni tapdı hardan,-
Qəlbin soyuq olub qardan.
Dostu da durub əğyardan
Mən indi seçə bilmirəm.

Dumana bürünüb yazım,
Köklənibdi qəmə sazım.
Belə ömür nəyə lazım?
Xoşla da köçə bilmirəm…

Sahib Əliyevi ad günü münasibətilə təbrik edir, ona 100 il ömür arzulayıram…

…Hə, az qala unutmuşdum. O gün onunla telefonda danışanda gileyləndi ki, heç kim zəng edib hal-əhvalını soruşmur. Bir vaxtlar susmayan telefonunun bu gün səssiz qalması onu çox duyğulandırır. Gəlin bu qocaman jurnalisti, qayım-qədim şairi ad günündə sevindirməyə çalışaq: 055-948.94.09…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – GİRİŞ

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

İKİNCİ YAZI – BAYATILAR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.

Azərbaycan xalq poeziyasının ən qədim və ən təsirli janrlarından biri olan bayatı, zamanın sınağından keçərək bu günə qədər gəlib çıxmış mənəvi xəzinədir. Bayatı – dörd misraya sığan bir ömür, bir nisgil, bir ümid, bir dua, bəzən də bir fəryaddır. Qəndab xanımın gül ətirli bu kitabında yer alan bayatılar “Anamın bayatıları” sərlövhəsilə təqdim olunur. Bu bayatıların içərisində ən çox diqqətimi cəlb edən 13-cü səhifədə ən aşağıdakı bayatı oldu:

Araz, Araz, xan Araz,
Soltan Araz, xan Araz
Ayırmısan elləri
Eyləmisən qan Araz!

bu bayatını bir neçə variantda eşitmişəm. Xüsusilə cənublu qardaş və bacılarımızın dilində son iki misranın fərqli olduğu variantlar mövcuddur. Mən isə bu bayatını aşağıda təqdim etdiyim variantda xatırlayıram:

Araz, Araz, qan Araz,
Sultan Araz, xan Araz,
Otun, suyun qurusun
Mənim kimi yan Araz!

bəzən isə;

Araz, Araz, xan Araz,
Sultan Araz, xan Araz,
Otun, suyun qurusun
Alış, Araz, yan, Araz!

yeri gələndə bütün tədbirlərdə səsləndirdiyim, haqqında yazdığım bu bayatı mənim əzbərimdə qalan ilk nəzm nümunəsidir. Gözümü açandan gün ərzində ən azı 10-15 dəfə nənəmin (ana nənəm Ağgül – Ağdam rayonu, Yusifcanlı kəndi – Əfkərli) ağzından eşitdiyim bu bayatını hələ oxumağa başlamazdan çox əvvəl şifahi əzbərləmişdim. Nəzərə alsaq ki, 5 yaşımda Yaman əmim mənə əlifbanı öyrətmişdi və artıq sərbəst oxuya bilirdim, deməli bu bayatını 5 yaşımdan əvvəl əzbərləmişdim. Bütün sözlər eyni qalsa da, nənəm hərdən birinci misranın sonunda da “xan Araz” deyərdi, ancaq əksərən təqdim etdiyim kimi söyləyirdi. Bir də “Mənim kimi yan Araz!”ı və ya “Alış, Araz, yan, Araz!”ı sonda dəfələrlə təkrar edərdi. Nənəmin bu məqam üçün tutarlı səbəbləri çox idi. Ancaq onu ən çox yandıran gün ərzində dəfələrlə: “can ay bala”, “can ay balalarım”, – deyə xatırladığı müharibə (1941-45) vaxtı aclıq və xəstəlikdən tələf olmuş təxminən 5-11 yaş arası dörd qızının vaxtsız ölümü idi.

HAŞİYƏ

Mürşüd və Ağgül cütlüyün vaxtsız tələf olmuş qızları; Təra, Emla, Şayə, Səringül bacıların dağıdılmış məzarları son illərdə məlum hadisələr zamanı, xüsusilə torpaqlarımız işğaldan azad ediləndən sonra ortaya çıxan bir-birindən ayrı salınmış bacıların qəbri məsələsində (Ağdam rayonu, Yusifcanlı kəndi qəbiristanlığında ortasından səngər keçən dörd bacının məzarı) xeyli müddət yerli və dünya mediasında gündəmi zəbt etmişdi. Həmin bacıların – doğmaca xalalarımın Mürşüd babam 1941-45-ci il müharibəsində olduğu vaxt həyətin doqqazına çıxıb ataları üçün dediyi bayatını da diqqətinizə çatdırmaq istəyirəm:

Qoyun qoyun gəlsin,
Dərisin soyun gəlsin,
Ay ordakı camaat
Qaqamı* qoyun gəlsin.

Kimisi mənim kimi nənəsinin adı ilə, kimi də Qəndab xanım kimi anasının adı ilə xatırladığı bu bayatılar məhz xalq yaddaşının içindən doğan, ana laylası kimi könül oxşayan, eyni zamanda taleyin ağır yükünü daşıyan poetik nümunələrdir.

Qəndab xanımın yaradıcılığında bayatı, sadəcə folklor forması deyil, həyatın özüdür. Onun bayatılarında ana taleyi, ayrılıq ağrısı, Vətən nisgili, övlad həsrəti, zamanın amansızlığı və qadın qəlbinin səssiz fəryadı iç-içə keçir. “Anamın bayatıları” başlığı altında təqdim olunan nümunələr bunu açıq-aydın göstərir. Burada saz, aşıq, dağ, yol, gül, fal, şərbət kimi obrazlar sırf poetik bəzək deyil – bunlar xalqın minillik düşüncə sisteminin simvollarıdır.

“Əlində sazın nədi,
Tutmusan sazın nədi?”
– misralarında saz təkcə musiqi aləti deyil, sözün, taleyin, dərdin ifadə vasitəsidir. Qəndab üçün saz həm yol yoldaşı, həm sirdaş, həm də həyatın ağır yükünü daşıyan bir rəmzdir. Aşıq obrazı isə xalqın vicdanı, sözün keşiyində duran mənəvi keşikçidir.

Qəndab xanımın bayatılarında qadın baxışı xüsusi yer tutur. Bu baxış nə pafosludur, nə də süni romantikdir. Bu baxış həyatın içindən gəlir. “Baladan ayrı düşmək”, “günlərin, ayların keçməməsi”, “gül balam qala yalqız” kimi ifadələr ana qəlbinin ən dərin qatlarından qopan səssiz fəryaddır. Bu bayatılarda ağrı qışqırmır, sadəcə danışır – sakit, təmkinli, amma sarsıdıcı bir dillə.

Qarabağ, Araz, ayrılıq mövzuları Qəndab xanımın bayatı dünyasında xüsusi poetik yük daşıyır. “Araz, Araz, xan Araz, / Ayırmısan elləri” misraları təkcə coğrafi ayrılığı deyil, tarixi ədalətsizliyi, parçalanmış taleləri ifadə edir. Araz burada çay olmaqdan çıxır, milli yaddaşın qanayan yarasına çevrilir. Qəndab bu ağrını hay-küylə deyil, bayatı sakitliyi ilə təqdim edir və məhz bu sakitlik oxucunu daha dərindən sarsıdır.

Qəndab xanımın bayatıları həm də bir dövrün sosial portretidir. “Aşıq yamanca döyül, / Halım yamanca döyül” deyən şairə, zamanla barışmayan, amma ümidini də itirməyən xalqın səsini çatdırır. Burada nə ümidsizlik var, nə də saxta nikbinlik. Burada həyatın olduğu kimi qəbulu və ona sözlə dirəniş var.

Ümumi götürəndə isə, Qəndab xanımın bayatıları Azərbaycan xalq poeziyasının şah damarına bağlıdır. Bu bayatılar oxunmur, yaşanır; öyrədilmir, ötürülür; yazılmır, danışılır. Onlar ana laylası kimi qulaqda qalır, Vətən nisgili kimi ürəkdə sızlayır. Qəndab bu bayatılarla təkcə söz demir, xalq yaddaşını qoruyur, ana dilinin kövrəkliyini və gücünü eyni anda nümayiş etdirir.

Bu bayatı dünyası bir daha sübut edir ki, böyük poeziya üçün bəzən bir kitab yox, dörd misra kifayətdir.

İstər tərtibatçı qismində, istərsə də, müəllif olaraq Qəndab xanımın seçib təqdim etdiyi bayatı nümunələri milyon illik söz yaddaşımızın qorunması və təbliği baxımından ən zərif, ən duyğusal, ən ibrətamiz nümunələr kimi təqdirə layiqdir. Bayatıları “Anamın bayatıları” adı altında təqdim etməsi isə, kitab boyu janrından asılı olmayaraq bütün əsərlərində qırmızı xətt kimi keçən “Ana obrazı”nı yaşatmaq və təbliğ etmək baxımından əhəmiyyətlidir. “Ana” adı, “Ana” obrazı, anaya-anasına bağlılıq (1963 – bir fərd kimi) Qəndab xanımın bütün həyat və fəaliyyətində hiss olunur:

Aman fələy, dad fələy,
Olma səni şad fələy.
İçirdiyin şərbətdən
Bir özün də dad fələy.

Yeri gəlmişkən bu bayatını olduğu kimi dəfələrlə nənəmdən eşitmişəm. Qəndab xanımın seçib bu kitabına daxil etdiyi bayatilar hamısı mənə çox doğma gəldi. Böyük əksəriyyətini kiçik söz dəyişikliklərilə lap körpəlikdən çox eşitmişəm.

İnanıram ki, Qəndab xanımın təqdim etdiyi bu bayatılar və gələcəkdə tanış olacağımız digər əsərləri milli kimliyimizi xatırlatmaq baxımından çox faydalıdır.

Ümumiyyətlə oturuşmuş ailə institutumuzun, milli-mənəvi dəyərlərimizin qorunması yolunda çağırışlar və təbliği Qəndab xanımın həm alim, həm də şair kimi bütün fəaliyyətində əsas missiya kimi görünür.

Növbəti yazımızda Qəndab xanımın sirli-sehirli şeir dünyasına səyahət edəcəyik. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

*-“Qaqa” – biz tərəflərdə “Ata”ya “Qaqa” (“Qağa”) deyirdilər.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – ŞEİRLƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ozanlar yurdunun sirr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

BİRİNCİ YAZI – GİRİŞ

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair -ədəbiyyatşünas alim, hər sözündən, əməlindən bütöv Azərbaycan boylanan Qəndab (Qəndab Haqverdi – Əliyeva Qəndab Əjdər qızı) xanımın “Ətirli güllər” kitabı haqqında olacaq. Bu söhbətimiz zamanı yeganə istinad edəcəyim mənbə kitabın əlimdə olan filologiya elmləri doktoru Rəhim Əliyevin redaktorluğu və ön sözü ilə 2020-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində, 136 səhifədən ibarət xüsusi tərtibatla, nəfis şəkildə “Qanun” nəşriyyatında nəşr olunmuş variantı olacaq. Kitabda müəllifin insanı məst edərək, dünyamızın ovqatı təlx edən bütün eybəcərliklərindən ayırıb müşki-ənbər qoxulu “altından çaylar axan Ədn cənnətləri”nə, nağıllar aləminə səyahətə götürən gül ətirli bayatıları, şeirləri, və ibrətamiz hekayələri, esseləri, miniatürləri, etüdləri toplanıb. Bu yazımı gələcəkdə ayrıca kitab şəklində çap olunacaq “Gül ətirli kitab” adlı monoqrafiya üçün müqəddimə kimi nəzərdə tutduğuma görə filologiya elmləri doktoru Rəhim Əliyevin kitaba yazdığı əhatəli ön sözə, ümumilikdə kitabın tərtibatına söykənərək müəllif və kitab haqqında ümumi məlumat verməyə çalışacağam. Kitabı əlimizə alanda diqqət ilk cəlb edən üz qabığındakı rəsm və müəllifin və ya redaktorun önə çıxartdığı“Qızıl gül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” cümləsidir. Bu qatmanlı cümlənin ifadə etdiyi məna çalarları hər bir oxucunu öz dünyasına götürür. Bu cümlə məni öz uşaqlığıma, yeniyetməlik çağlarıma götürdü. Ağdam rayonunun Yusifcanlı kəndinin düz mərkəzində yerləşən həyətimizin tən ortasında olan çəkil (tut) ağacının ətrafındakı qızıl gül kolları gözümün önünə gəldi. Həmin günləri yaşadım. Ən maraqlısı odur ki, bu assosasiya dəyişmir, kitabı hər əlimiə götürəndə isə eyni yerdən başlamalı oluram; xəyalən həyətimizə gedir, 13-15 yaşlarında bir yeniyetmə oluram. Həmin qızıl gül kollarından toplayaraq, üzərində sinif yoldaşlarımın adlarını yazdığım (indi də – 24 May 2024 – qoruyub, saxladığım) quru ləçəklər gözümün önünə gəlir. Hər ləçək bir insan, insan taleyi olur…

Rəsmdə ilk baxışdan bir kitab üz qabığı ilə qarşılaşırıq. Lakin bu, sadəcə dizayn elementi deyil, dərin mənəvi-emosional yük daşıyan vizual mətndir. “Ətirli güllər” adı altında təqdim olunan bu obraz bütöv bir düşüncə dünyasını, qadın ruhunun incəliyini (1963 – cü il təvəllüdlü – 1951, 1975, 1987, ..), təbiət və insan arasında pozulmayan bağları simvolizə edir.

Üz qabığında yaşıl yarpaqların fonunda açan çəhrayı güllər həyatın, saflığın və təbiətin əzəli ahəngini, tamlığı, bütövlüyü xatırladır. Gül motivi burada klassik bəzək funksiyasından çıxaraq fəlsəfi məna qazanır. Gül – kökü torpaqda, üzü işıqda olan varlıqdır; insan kimi. Xüsusən də alt hissədə yer alan fikir — “Qızılgül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” — müasir dünyanın saxtalaşdırılmış dəyərlərinə qarşı bir etiraz, təbiiliyə və əsilliyə çağırış kimi oxunur. Bu cümlə təkcə güldən yox, həm də dəyişməyən insan xarakterindən (1963 – cü il təvəllüdlü – 1951, 1975, 1987, ..), saf duyğulardan, mənəvi kökdən danışır.

Rəsmdə təsvir olunan qadın obrazı (müəllifin real öz fotosu əsasında) xüsusilə diqqət çəkir. Onun başını bir qədər yana əyib düşüncəyə dalması daxili sükutu, xatirələrlə dolu bir ruh halını ifadə edir. Bu duruş nə kədərli, nə də tam sevinc içindədir – bu, düşünən, hiss edən, yaşayan insanın duruşudur. Qadın burada konkret bir şəxs deyil, ümumiləşdirilmiş insan ruhunun simvoludur. O, güllərlə eyni müstəvidə təqdim olunur: sanki təbiətin bir parçasıdır, yaxud təbiət onun daxili aləminin davamıdır.

Rəng seçimi də təsadüfi deyil. Yaşıl rəng ümidin, yenilənmənin və həyatın rəngidir. Çəhrayı isə zəriflik, sevgi, həssaslıq və yetkinlik deməkdir. Qara-ağ qadın portreti isə bu rənglərin fonunda daha da qabarır və insanın daxili aləmi ilə xarici dünyanın rəngarəngliyi arasında kontrast yaradır. Bu kontrast bizə xatırladır ki, insanın daxilində bəzən sükut, bəzən sual, bəzən də cavabsızlıq hökm sürür, amma ətraf aləm öz axarı ilə çiçəkləməyə davam edir.

Publisistik baxımdan bu rəsmi müasir dövrə ünvanlanan sakit, amma təsirli bir çağırış kimi dəyərləndirmək olar. Texnologiyanın, süni dəyişikliklərin, “geni dəyişdirilmiş” münasibətlərin artdığı bir zamanda bu üz qabığı orijinallığın, kökə bağlılığın və mənəvi saflığın müdafiəsinə qalxır. “Ətirli güllər” təkcə gül deyil, təkcə qadın deyil – bu, dəyişməyən dəyərlərin, ruhun ətrinin simvoludur.

Ümumilikdə, bu mənzərə oxucunu səssizcə düşündürür, onu zahiri gözəllikdən daxili dərinliyə doğru aparır. O, bizə xatırladır ki, hər gülə sadəcə gül kimi baxmaq olmaz, bəzən bir gül bütöv bir həyat fəlsəfəsini daşıyır. Eləcə də hər insan – xüsusən də susaraq düşünən insan – içində açılmamış bir bağ gizlədir.

Kitabı açırıq və ilk səhifədəcə belə bir bəndlə qarşılaşırıq:

Saralmış yarpaqlarda
Quru nəfəsdir şeir!
İnsanların səsində
İlahi səsdir şeir!

Hələlik hər şey mükəmməldir; üz qabığındakı cümlə və girişdəki bu bir bənd artıq kitab barədə kifayət qədər müsbət fikir formalaşdıra bilir. “Yaxşı kənd yolundan, yaxşı ev qapısından bəlli olar” deyib atalar. Bilmirəm, mətnin (bəndin) ifadə etdiyi məna ilə tam razılaşdığıma görə (mənim də 1975 təvəllüdlü olduğumu nəzərdən qaçırmayaq), ya hansısa başqa bir səbəbdən kitab maqnit kimi məni özünə çəkir. Bu bir bəndin təsirində növbəti vərəqləri çevirirəm, ancaq hələ də beynimdə analiz gedir. Min cür xəyallarla uğraşan beyin bu qısa, lakin dərin məna qatlarına malik misraları Azərbaycan poeziyasının fəlsəfi-estetik gücünü bir daha nümayiş etdirən poetik nümunə kimi qəbul edir. Şeir zahirən sadədir, lakin məzmun etibarilə insan ruhunun, sözün və ilahi nəfəsin təmas nöqtəsində dayanır. Bu misralar oxucunu təkcə ədəbi zövqə deyil, həm də düşüncəyə, daxili səssizliyə və mənəvi oyanışa dəvət edir.

“Saralmış yarpaqlarda / Quru nəfəsdir şeir!” – deyə başlayan şeir üz qabığında xoş rayihəsinə qapıldığımız qızıl güllərin əhatəsində qəfildən peyda olan payız obrazı üzərindən həyatın keçiciliyini, zamanın amansız axarını və insan ömrünün faniliyini simvolizə edir. Saralmış yarpaq burada təkcə təbiət detalı deyil, həm də yaşanmış duyğuların, itkilərin, yorulmuş ruhun rəmzidir. “Quru nəfəs” ifadəsi isə sözün bəzən mexaniki şəkildə, ruhsuz səsləndirilməsinə işarədir. Şair bu misralarla oxucuya xatırladır ki, söz yalnız forma ilə kifayətlənəndə, daxili yanğıdan, ruhdan qopanda öz canlılığını itirir.

Lakin Qəndab xanım poeziyanı bu səviyyədə saxlamır. Şeir ikinci misra cütlüyündə yeni bir məna mərhələsinə yüksəlir:
“İnsanların səsində / İLAHİ səsdir şeir!”
Burada şair sözün və şeirin həqiqi missiyasını ortaya qoyur. İnsan səsi — ağrı, sevinc, ümid, dua və etirazın cəmləndiyi məkan kimi təqdim olunur. Məhz bu səsdə şeir ilahiləşir, yəni adi ifadə vasitəsindən çıxaraq mənəvi bir gücə çevrilir. Şairə görə poeziya yalnız estetik zövq üçün deyil, insan ruhunu Tanrıya, həqiqətə, işığa yaxınlaşdırmaq üçündür.

Bu yanaşma Qəndab xanımın alim təfəkkürü ilə şair duyumunun vəhdətindən qaynaqlanır. Onun poeziyasında söz təsadüfi deyil, məsuliyyətlidir; emosional deyil, dərin düşüncə ilə yoğrulub. Şeir burada həm sosial, həm mənəvi, həm də fəlsəfi məna daşıyır. Şair cəmiyyətə mesaj verir: əgər söz insanın səsində, dərdində, vicdanında yoxdursa, o, yalnız “quru nəfəs” olaraq qalacaq.

Publisistik baxımdan bu bir bənd müasir dövr üçün son dərəcə актуaldır. İnformasiya bolluğu, süni pafos, şablon ifadələr dövründə Qəndab xanımın bu misraları sözün saflığını, səmimiliyini müdafiə edən bir çağırışdır. Şair sanki xəbərdarlıq edir: poeziya da, ümumiyyətlə söz də insanın ruhundan qoparsa, mənasını itirər; amma insanın səsində, taleyində, ağrısında yer alsa, ilahi bir gücə çevrilər.

Qəndab xanımın bu qısa şeiri Azərbaycan ədəbi düşüncəsində sözə münasibətin örnək təzahürü kimi dəyərləndirilə bilər. Bu misralar bizə xatırladır ki, şeir kağız üzərində deyil, insanın içində yaşayır. O, saralmış yarpaqlarda susa bilər, amma insan səsində Tanrının nəfəsi kimi əbədiləşir. Məhz buna görə də Qəndab poeziyası oxucunu oxumağa yox, düşünməyə, hiss etməyə və öz daxilinə qulaq asmağa vadar edir:

“Mən həqiqətlərimin olmadığı yerdə daha rahatam” — bu cümlə təkcə bir şair etirafı deyil, həm də müasir insanın daxili ziddiyyətlərini açan fəlsəfi düşüncənin real inikası kimi ortaya çıxır. Bu sözlər Qəndab poeziyasının başlanğıc nöqtəsi, onun daxili dünyasının açarı kimi səslənir. Çünki Qəndab xanımın şeirləri faktların, sərt gerçəkliklərin deyil, hisslərin, yaddaşın, ana nəfəsinin, şəhər boğuntusunun poeziyasıdır.

Ədəbiyyat hər zaman duyğuların məktəbi olub. Oxucu da bu məktəbdə özünə bənzər ruhlar axtarır. Qəndab xanımı oxuyanlar onun nədən danışdığını anlayırlar — çünki o, hamının içində gizlənmiş, amma hamının dilinə gətirə bilmədiyi hissləri səsləndirir. Bu poeziya oxucuya yeni bir həmdəm, yeni bir daxili yol yoldaşı təqdim edir.

Qəndab xanım heç kimə bənzəməyən şairdir. Onu yaxından tanıyanlar bilirlər ki, şeirlərinin kökündə duran mətləblər onun kövrək, həssas daxili aləmindən qaynaqlanır. Bu kövrəklik zəiflik deyil — bu, duymaq cəsarətidir. “An”, “Alışmışam”, “Sevgi yağışı”, “Gerçək xəyal” kimi şeirlər sadə sözlərlə yazılsa da, dərin məna çalarlarına malik rəngarəng nümunələrdir. Bu dərinlikdə hər bir insanın, xüsusilə yaradıcı ruhun “bir xalqın tarixi qədər zəngin” mənəvi aləmi görünür.

Qəndab xanım üçün ana obrazı poeziyanın mərkəzində dayanır. Şair duyğularını ifadə edərkən tez-tez anasının obrazına sığınır, onunla dərdləşir. Ana burada təkcə valideyn deyil — sığınacaqdır, təsəllidir, ən böyük qorxuda, ən ağır ağrıda insanın qeyri-iradi çağırdığı müqəddəs ünvandır. Qəndab xanım giley-güzarını da ona edir. Hətta bitməyən yuxusuz gecələrin sona çatması üçün belə ana nəfəsinə ümid bağlayır. Bu, fitri bir instinktin poeziyadakı təzahürüdür.

Qəndab poeziyasının əsas motivlərindən biri də müasir şəhər həyatının doğurduğu mənəvi ziddiyyətlərdir. İnsan ailədə, məktəbdə əziz-xələf kimi böyüyür, lakin çoxmərtəbəli binaların beton hücrələrində böyük dünyanın nəbzini itirir. Məktəbdən həyata atılanda isə şəhərin qəddar üzü ilə qarşılaşır: kobudluq, eqoizm, tamahkarlıq — bunlar təbiətin saf çiçəyini solmağa məcbur edir. Bu çiçəklər şəhərin boz simasına alışa bilmir və Qəndab xanımın şair kimi yaratdığı lirik qəhrəmanı da məhz bu solan çiçəklərdəndir.

Qəndab xanımın şeirləri milyonluq şəhərdə tənhalıqda boğulan insanın mənəvi tarixçəsidir. Gecə ilə gündüzün bir-birinə qarışdığı, səs-küy içində səssizliyin hökm sürdüyü bir ekzistensial təkliyin poeziyasıdır bu. Bu təkliyin səbəbi təkcə tərbiyə və mühit deyil — bu, anadangəlmə bir həyat qavrayışıdır. Böyük Azərbaycan şairi Füzulinin dediyi kimi, insan dünyaya ağlayaraq gəlir və Qəndab bir şair kimi bu ağrını ömür boyu içində daşıyanlardandır.

Bütün bu iztirabların içində şairin dözümlülüyü heyrət doğurur. Daş-qaya kimi lal şəhərdə insanın bu qədər əzaba necə tab gətirdiyi sualı ortaya çıxır. Bəlkə də Qəndabın şair kimi gücü elə onun alim kimi agah olduğu həqiqətlərdən qaçıb sığındığı poeziyada, ana obrazında, xəyallarında gizlidir. O, həqiqətlərin olmadığı yerdə rahatlıq tapır — çünki o məkanda insan hələ özüdür, hələ safdır, hələ sınmayıb.

Qəndab poeziyası bizə bir həqiqəti xatırladır: bəzən insanı yaşadan gerçəkliyin özü yox, ondan qaçmaq cəsarətidir. Və poeziya məhz bu qaçışın ən dürüst, ən saf ünvanıdır. Qəndab xanım cəsarətli və səmimi şairdir. Bu xüsusiyyət onun alim kimi bir çox elmlərə vaqif olmasından qaynaqlanır. Onun yaradıcılığı daxili həyəcan motivlərinə görə və sözə məsuliyyətlə yanaşma baxımından müəyyən məqamlarda Azər Turanın, Namiq Hacıheydərlinin, Qənirə Paşayevanın, Kənan Hacının, Bəhruz Niftəliyevin dəsti-xəttilə üst-üstə düşsə də özünəməxsus ifadə tərzilə seçilir. Qəndab xanımın yaradıcılığının təbliği məqsədilə qələmə alınmış bu monoqrafiya “Giriş”, “Bayatılar”, “Şeirlər”, “Etüdlər”, “Miniatürlər”, “Esselər”, “Hekayələr” və “Yekun” olmaqla səkkiz bölümdən ibarətdir. Qeyd olunmuş bölmələr üzrə təfsilata keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:

QISA ARAYIŞ
Qəndab — Qəndab Haqverdi — şair-ədəbiyyatşünas alim (Əliyeva Qəndab Əjdər qızı) — 5 oktyabr 1963-cü ildə Azərbaycan Respublikası, Bərdə rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetində tamamlayıb. Filologiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi var. Namizədlik (PhD) dissertasiyası  “Mirzə İbrahimovun bədii nəsrində Cənub mövzusu”, Doktorluq dissertasiyası isə “Cənubi Azərbaycanda milli-demokratik ədəbiyyat və folklor (1945–1979)” üzrə olan Qəndab xanım əsl ədəbiyyat fədaisidi. Təxminən 40-a yaxın elmi məqalə çap etmişdir, o cümlədən beynəlxalq bazalarda indeksləşdirilən jurnallarda nəşrləri də mövcuddur (10 beynəlxalq, 3 isə digər elmi nəşrdə, mənbə AMEA-nın saytı) .
2020-ci ildə XX əsr Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının nümayəndəsi, el şairi Muradəli Qüreyşi Qaflantının əlyazmalarını aşkara çıxarmış, 200-ə yaxın şeiri köhnə əlifbadan latın əlifbasına transliterasiya edərək “Ulu Çinar” kitabını tərtib etmişdir. Bu işlə həmin şairin irsi Azərbaycan ədəbiyyatı tarixinə daxil edilmişdir .
2022-ci ildə “Fədai şair Qaflantının həyatı və sənəti” adlı monoqrafiyası çap olunmuşdu. Güney Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı: “XIX-XX əsr Güney Azərbaycan el şairləri”, “XX əsr Güney Azərbaycan milli demokratik poeziyası” adlı iki antologiya nəşr etdirmişdir. “Sədyar Vəzifə Eloğlunun ədəbi fəaliyyəti”, “Güney Azərbaycan Folklorunda milli kimlik – Şəhriyar həqiqəti” kimi elmi məqalələri Azərbaycan ədəbiyyatı tarixinə verilmiş misilsiz töhfələr kimi dəyərləndirilməlidir.
Elmi əsərlərinin seçilmiş siyahısı:
Mirzə İbrahimov nəsrində Cənub mövzusu (2016)
Kurban Said’in “Ali ve Nino” romanında fərqli toplumların baxış açısı (2019)
Çağdaş Güney Azərbaycan poeziyasında lirik psixologizm (2020)
Fədai şair Qaflantının həyatı və sənəti (2022)
Eldar Muğanlı poeziyasında sosial-siyasi motivlər (2022)
Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutu, (Bakı şəhəri)  Aparıcı elmi işçi vəzifəsində çalışır.
Çoxlu sayda bədii kitabların da müəllifi olan Qəndab xanım eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Çağdaş ədəbi proseslərin fəal iştirakçılarından biri olan Qəndab xanım özü olduqca müxtəlif mövzularda yaratdığı nümunələrlə ədəbiyyatımızın fondunu zənginləşdirməklə kifayətlənməyib, digər şairlərin də xüsusilə cənublu şairlərin aşkarlanıb fondumuza daxil edilməsinə, tanınmasına böyük töhfələr verir. Təhqiqat mövzusu kimi ədəbi təhlilə cəlb etdiyim “Ətirli güllər” kitabı şairin xoş rayihəli gül bağçasından dərdiyimiz sadəcə bir qönçədir. Onun ilk şeirlər kitabı “Səni elə sevdim ki!..” adlanır.
Növbəti yazımızda Qəndab xanımın bayatılarından söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>>GÜL ƏTİRLİ KİTAB – BAYATILAR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yeni kitab təqdimatı

Yeni kitab təqdimatı
Bu günlərdə Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan, “Həməşəra” Fəxri Diplomu laureatı, dəyərlimiz şairə xanım Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.

Kitabın əsas məlumatları:
Kitabın adı: “Şəhidlər” (Şeirlər, ağılar və mərsiyələr toplusu)
Müəllif: Zeynəb Alıhüseynqızı
Redaktor: Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist)
Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist)
Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×84 1/16
Səhifə sayı: 112 səhifə.

Kitab barədə:
Bu kitab Zeynəb xanım Alıhüseynzqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş sayca dördüncü kitabıdır. Bundan öncə onun 2017-ci ildə “Nə qədər sualım cavabsız qalıb” ilk, 2018-ci ildə “Allah, məni Əhli-Beytə dost eylə” adlı ikinci, bir müddət öncə isə “Ana sevgisi” adlı şeir kitabları çap olunmuşdur.
Şair xanımın bu kitabında əsasən xalq şeiri üslubunda şəhidlərlə bağlı 60-dan çox şeirlər, ağılar və mərsiyələri yer almışdır.
Tərəfindən və eləcə də Zeynəb xanım tərəfindən qələmə alınmış iki ayrı ön sözlərdən sonra kitabın birinci fəslində Qarabağ Savaşında canını qurban vermiş əziz şəhidlərimiz, ikinci fəslində isə Peyğəmbər və onun Əhli-beyti haqqında qələmə alınmış ədəbi nümunlər təqdim edilmişdir.
Kitab Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair-publisist Arzu xanım Əyyaqrızı tərəfindən redaktə edilmiş, tərəfimdən isə məsləhətçi redaktor olaraq şeirlər üzərində müəyyən düzəliş və korrektor işləri həyata keçirilmişdir.
Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin nümayəndəsi Zeynəb xanım Alıhüseynqızını işıq üzü görən sayca dördüncü şeirlər kitabına görə səmimi qəlbdən təbrik edir, mənə göstərdiyi etimada və səmimiyyətə görə minnətdarlığımı bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də “Elm və təhsil” nəşriyyatına təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
08.01.2026

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I