Çar generalı Sisyanovun başını Hüseynqulu xanın qohumu İbrahim bəy kəsib. Sisianov öldürüldükdən sonra meyiti Qoşa qala divarının yanında, ayaq altında basdırılır. Ruslar onun şərəfinə öldürüldüyü yerdə abidə ucaltsalar da, sonradan bu abidə dağıdılır və onun daşlarından M.Ə Sabirə heykəl qoyulub. Bu gün həmin yerdə şair Sabirin heykəli ucalır.
Bu həyat, bu mən, bu siz, deyin neyləyim indi? Həyat ağrı acıya dözüb tab edənindi
Ayrılığa həsr edib ömrümü verdim bada Gedirəm ayrılıqla…eh..əlvida…və nida!
Göz yaşlarım
Səndən ayrılandan sonra Təsəllim, həmdəmim oldu Kədərim, dərdim, qəm- qüssəm Hərdən də keyf dəmim oldu Göz yaşlarım
Hər vaxt yetişdi dadıma Bağrı çatladı düşmənin Səndən sadiq oldu, inan Heç tərk eyləmədi məni Göz yaşlarım
Bulaq suyundan durudu Dəniz suyu qədər duzlu Sevgim kimi qaynar, isti Qışın şaxtasl tək buzlu Göz yaşlarım
Elə yara vurub getdin Ürəyim oyma -oymadı Bir an yaddan çıxarmağa Unutmağa da qoymadı Göz yaşlarım
Bir içim su qədərdi o Hicran yandırsa içərəm Sənin bütün səhvlərindən İcazə versə keçərəm Göz yaşlarım
Ürəyim başı odlandı Dedim nə olar getmə, dur Sevgimizin xatirinə Ardınca səpdiyim sudur Göz yaşlarım… Göz yaşlarım…
Qalib olsun əzrayil
Bilirsənmi, sənsiz hər şey dəyişib Yeməyin də dadı- duzu başqadı Həyat sanki yaşanmayır, əzizim O da elə gün ötürür, baş qatır
Darıxmağa axı nə ad qoyasan Lap çıxarır çiləsindən insanı Hərdən elə qəribsəyir ürəyim Göz yaşlarım xatırladır leysanı
Oturmuşam, dərin fikrə gedərək Xatirələr yenə sənə üz tutub Çəkəmmirəm gözlərimi yolundan Gözləyirəm, ölümünü unudub
Anlayıram, səni geri qaytarmaq Mümkünsüzdür, bu, baş tutan iş deyil Mən gələrəm görüşərik, eybi yox Bu dəfə də qalib olsun əzrail
Qaranlıq
Sevmirəm gecənin qaranlığını Qara buludlar da məni qorxudur Elə düşünürəm ölmüş kimiyəm Sanıram dünyanın dibi, sonudur
Amma bir tək bundan əminəm ki, mən Qaranlıqdan doğar işıqlı səhər Günəşli səhərin xətrinə çox vaxt Qaranlığa dözmək olar birtəhər
Bilirəm, qaranlıq işıq doğacaq Səbrlə gözlərəm gələn sabahı Mənim ümidlərim gecə doğulur Toxum qaranlıqda cücərir axı!
Adam
Deyirlər sevimli bəndələrini Hərdənbir sınağa çəkər yaradan Allahın sevimli bəndəsiyəmmi, Nə qədər sınağa çəkilər adam?!
Hayana qaçsaq da bu tale bizim Göz yaşı tökməkdən solub bənizim Nə qədər yazsam da bitməz, əzizim Dərdin pəncəsində tək gülər adam
Nə deyim, belədir dünya əzəldən Yoxdu bir əyrisin tapan, düzəldən Sonda heç seçilməz quru xəzəldən Həyat ağacından tökülər adam.
Təəccüb
Qəribə talelər gördüm həyatda Bu qədər təsirli gəlmədi mənə Gördüyüm səhnənin mənzərəsini Bilmirəm mən necə anladım sənə
Kor oğlan bir qıza gözəlsən dedi İlahi, o bunu necə anladı? Əsas qəribəsi burasıdır ki Bu qız həm eşitmir, həm də ki, laldı
Kor oğlan kar qıza gözəlsən dedi Qurudum yerimdə təəccübümdən Oğlanın baxışı qızın üzündə Bir-birin anlayır onlar dinmədən
Qız sakit, astaca gülümsəyərək Baxırdı oğlanı duyurmuş kimi Nə qədər saf idi, pak idi onlar Sevgiydi onların könül hakimi
Sevginin gözüylə baxanda demək Görmək də, duymaq da olurmuş asan Yazıq o şəxsə ki, görür, eşidir Yaşayır həyatı ancaq duymadan
Xəyalımın xəyalı
Saat əqrəbi kimi Uzun bir dövrə vurub Nələrdən adlayaraq Gör nələri unudub Yenə eyni məqamda Yenə eyni məkanda Səni salamlayaraq Ürəyimdən, zehnimdən Miyon danlaq alaraq Səni anır xəyalım Verdiyi sözü tutub Olanlara göz yumub Bağışlayır xəyalım Xəyalım xəyalında Yenə sənlə görüşür Elə əvvəlki istək Əvvəlki məhəbbətlə Yenə səndən soruşur, Döyərsənmi qapımı, Gəlırsənmi evimə? Sən gedəli qapımı Küləklər döyür ancaq Yoxdu bir isti nəfəs Həyata tutunacaq Evim haçan qızacaq? Gəl qızınsın ürəyim O isti nəfəsinə Qulağımdan getməyən Sözlərinə səsinə Tamarzı qoyma məni Daxilindən çürüyən Məhv olan ağaclar tək içimdən oyma məni Gəl, gözünü sevdiyim Gəl, qurbanı olduğum Söhbətini, sözünü Gəl özünü sevdiyim Bunlar hamsı xəyalmış O boyda məhəbbətdən Təkcə xəyallar qalmış Təkcə..xəyallar qalmış…
Yazmaq istədiyim məktub
Salam, bivəfam, necəsən? De, necədir orda halın? Yaxşı keçirmi günlərin, Gözəldirmi keyf- əhvalın?
AZƏRBAYCANLI HÜQOŞQNAS ALİM Bir neçə il əvvəl Azərbaycanda Viktor Hüqonun tədqiqatçısı, professor Əsgər Zeynalov haqqında yazı hazırlayarkən alimin “Hüqonun Şərq baxışı” əsərində maraqlı bir məlumatla tanış olmuşdum. Sən demə, Hüqo İslam dinini qəbul edibmiş və bundan sonra özünə Əbu Bəkr Hüqo adını götürübmüş… “Hüqonun Şərq baxışı”nda fransız yazıçısının İslamı qəbul etməsi faktının üzə çıxarılmasının da əsərdə öz əksini tapması və onun İngiltərədə nəşr olunması Əsgər Zeynalovun böyük cəsarəti idi…
Hüqonun anadan olmasının 100 illiyində – 1902-ci ildə Fransa dövləti onun İslam dininə həsr etdiyi şeirlərinin 100 il müddətinə nəşrini qadağan etmişdir. Əsgər müəllim bu əsərlərlə (Hicrinin doğuz ili, “Məhəmməd”, “Sidr ağacı”) yazıçının sağlığında , 1859-cu ildə nəşr olunmuş “Əsrlərin əfsanəsi” kitabından məlumatlı idi. Yeri gəlmişkən, “Hüqo” əsəri haqqında çıxışlarının birində prof. Cəlil Nağıyev demişdir ki, bu monoqrafiyada hər şey yenidir, ancaq Hüqonun İslam dinini qəbul etməsi tamamilə gözlənilməz idi. Əsgər Zeynalov Azərbaycanda ən böyük hüqoşünas alimdir.
Azərbaycan ədəbiyyatının ən yaxşı əsərlərinidən biri və birincisi
Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası ənənəvi Azərbaycan kənd həyatının özəyində dayanan, Sovet dönəminin gətirdiyi böyük dəyişiklikləri təsirli və dərin şəkildə əks etdirən üç povestdən ibarət əsərdir. Trilogiyanı “Mənim nəğməkar bibim”, “Tənha narın nağılı” və eyniadlı “Adamlar və ağaclar” povestləri təşkil edir.
Birinci povest – “Mənim nəğməkar bibim” kənd həyatının nağılvari gözəlliyini, ailə ənənələrini və nəsillərarası əlaqələrdəki incə duyğuları ön plana çıxarır. İkinci hissə – “Tənha narın nağılı” simvolik təsvirlərlə doludur: nar ağacı bir ailənin və kəndin yaralı, amma davamlı ruhunu təcəssüm etdirir.
Trilogiyanın üçüncü – “Adamlar və ağaclar” povesti isə Sovet hakimiyyətinin məcburi modernləşmə siyasəti fonunda köklərindən qopmuş insan talelərini və cəmiyyətin öz dəyərlərinə dönüşünü əks etdirir.
Bu trilogiya həm milli yaddaşı qoruyan, həm də Sovet realistik şərtlərini ifşa edən dərin sosial-fəlsəfi panoramı ilə oxucunu düşünməyə vadar edən incə təhlildir. Əkrəm Əylisli ənənəyə və kəndə olan sevgisini, dəyişən zamanın insan həyatına vurduğu sarsıntıları sənədli şəkildə təqdim etməklə qalıcı əsər ortaya qoyub.
ÇƏTİR Səhər tezdən yağış yağır selləmə, Çətin mənim asan ola çətinim. Yaşamışam qaçdı-qovdu, çölləmə, Ömrüm boyu olmayıbdı çətirim.
Yasağımdı qoltuqlara sığınmaq, Mənimki də, neynim, belə gətirib. Zərbə dəyib hey solumdan-sağımdan, Ömrüm boyu olmayıbdı çətirim.
Bir gözəllə görüşmüşəm bir axşam, Ürəyimdə ümman idi xətiri. Qərq olunca göz yaşının selində, Boş vədlərdən ona çətir tutmuşam – Ömrüm boyu olmayıbdı çətirim.
O ayrılan ayrılsaq da o qızla, Yaddan çıxmır çətiriylə ətiri… Bu yaşımda hamı mənə gülsə də, Keçinirəm qəzet, jurnal, kağızla – Ömrüm boyu olmayıbdı çətirim.
Şükür olsun bu qismətə, baxta ki, Allah qoymur ümidimi itirim. Yağışı dərd eləmirəm, çox da ki, Ömrüm boyu olmayıbdı çətirim. 18/01-26.
Bu gecə ay işığı dolmuşdu pəncərəmə… Sükutun səsi vardı bu gecə… Zaman dayanmışdı sanki, nəfəs belə ehtiyatla alınıb-verilirdi. Ay işığı pəncərəmə dolarkən, təkcə gecəni deyil, qəlbimin ən gizli qatlarını da işıqlandırırdı. O işıq nə soyuq idi, nə də kor edən — sanki bir könül toxunuşu, bir ruh salamı kimi narın-narın süzülürdü içimə. Ay, bu gecə bir rəssam idi. Səssiz, iddiasız, amma möcüzə yaradan… Rəsmini çəkirdi yarımın — xatirələrin ağ fonunda, həsrətin incə kölgələri ilə. Hər şüası bir xətt idi, hər kölgəsi bir sirr. Üz cizgilərində zaman yox idi; nə keçmiş, nə gələcək… Yalnız saf bir varlıq, yalnız sevginin özü vardı. Pəncərənin önündə dayanıb baxdım. Ay işığı divarlara düşdükcə, könlümün divarları da işıqlanırdı. İnsan bəzən tək qalanda daha çox olur — daha çox anlayır, daha dərindən hiss edir. Bu gecə ay mənə ayrılığı anlatmadı, əksinə, görünməyən bir qovuşmanı pıçıldadı. Çünki sevən ürəklər üçün məsafə yoxdur; ruhlar işıqla görüşür. Ay işığı narın-narın xatirələrimi oxşadı. Sözə çevrilməyən arzularımı, dilə gəlməyən dualarımı dinlədi. O işıqda bir sükunət vardı — insanı qoruyan, yaralarını incitmədən sarıyan bir sükunət. Yarımın rəsmi isə nə xəyal idi, nə də yuxu… O, ruhumun aynasında canlanan həqiqət idi. Bu gecə anladım ki, ay işığı yalnız səmanı deyil, insanın içini də işıqlandıra bilir. Sevgini uzaqdan da yaşadan, həsrəti ümidə çevirən bir nurdur o. Pəncərəmə dolan ay işığı ilə birlikdə qəlbimə bir inam doldu: Sevgi çəkilən rəsmlərdə yox, o rəsmi çəkən işıqda yaşayır. Və mən bu gecə ay işığının şahidliyində bir daha bildim — Yarım uzaqda olsa da, ruhumda idi.
Asif Yusifcanlının “Azərbaycan əsgəri” şeiri (səh. 51) müasir Azərbaycan poeziyasında vətənpərvərlik mövzusunun ən dolğun, emosional və publisistik ifadələrindən biridir. Bu şeir təkcə poetik mətn deyil, eyni zamanda milli ruhun, tarixi ədalətin və xalq–ordu birliyinin ədəbiyyatda bədii həllini necə tapdığını əks etdirən ən gözəl nümunələrindəndir. “Azərbaycan əsgəri” şeiri məzmununa, ritminə, daşıdığı məna yükünə görə əldə silah Vətənə xidmət missiyasını şərəflə yerinə yetirən Azərbaycan əsgərini son və qəti döyüşə səsləyən, qələbədən-qələbəyə götürən yürüş marş kimi səslənir. Əslində bu şeir bütöv bir zümrənin – şanlı Azərbaycan gəncliyinin zəfər dastanı, uğur manifestidir. Şeirin mərkəzində dayanan əsas obraz müzəffər “Azərbaycan əsgəri”dir. Lakin bu obraz sıradan hərbi fiqur deyil; o, Vətənin vicdanı, haqqın səsi, tarix qarşısında cavabdeh olan mənəvi simadır. Şair“Sağ ol, igid əsgər!” deyə başlayaraq əsgərə minnətdarlıq bildirir və onu alqışlayır. Bu müraciət publisistik mətnlərdə rast gəlinən açıq çağırış və ictimai mövqenin ifadəsi kimi diqqət çəkir. Burada şair xalqın adından danışır, əsgərə mənəvi borcunu sözlə ödəyir. Şeirin əsas ideoloji xəttini haqq anlayışı təşkil edir. “Bilsinlər haqdasan, haqq söyləyirsən” misrası təsadüfi deyil. Asif Yusifcanlı müharibəni güc mübarizəsi kimi yox, ədalət savaşı kimi təqdim edir. Bu yanaşma şeiri sırf hərbi pafosdan çıxararaq onu mənəvi-fəlsəfi səviyyəyə yüksəldir. Əsgərin gücü silahında deyil, haqq tərəfində olmasındadır. Şeirdə çəkilən “Murov zirvəsi”, “Qarabağ”, “Vətən torpağı” kimi anlayışlar poetik məkandan daha artıq məna daşıyır. Bunlar tarixi yaddaşın simvollarıdır. Murov zirvəsi ucalığın, məğrurluğun, sarsılmazlığın rəmzi kimi təqdim olunur. Əsgərin ayağının altında olması isə qələbənin, yüksəlişin bədii ifadəsidir. Qarabağın “saf havası” obrazı torpağın təmizliyini, mənəvi haqqını ön plana çıxarır. Asif Yusifcanlının “Qəlbimin səsi” kitabında da ardıcıl yer almış; “Azad etməliyik ana torpağı” (səh. 50) və “Azərbaycan əsgəri” (səh. 51) şeirləri həm mövzu, həm də ideya baxımından bir-birini tamamlayır. “Azad etməliyik ana torpağı” şeirindəki çağırış və ideya “Azərbaycan əsgəri” şeirində davam və inkişaf etdirilir. Sadəcə birinci şeirdə müraciət ümumi xalqadırsa, ikinci şeirdə çağırışın ünvanlandığı konkret ünvan var. Bu ünvan müzəffər Azərbaycan əsgəri, şanlı Azərbaycan gəncliyidir! Birinci şeirdən fərqli olaraq, ikinci şeirdə düşmənə münasibət açıq, sərt və kompromissizdir. Bu sərtlik publisistik üslubun əsas xüsusiyyətlərindən biridir. Şair düşməni humanist romantizmlə deyil, xalqın yaşadığı ağrının dili ilə təqdim edir. Bu, oxucuda emosional təsir yaradır və mətni ictimai çağırış səviyyəsinə qaldırır. Burada məqsəd nifrət yox, ədalətin bərpası ideyasını gücləndirməkdir. Şeirin kulminasiya nöqtəsi “Qarabağ Azərbaycandır!” ifadəsidir. Bu cümlə artıq poetik misra olmaqdan çıxaraq milli şüarın bədii forması kimi səslənir. Əsgərin zirvələrdə dayanaraq bu həqiqəti dünyaya göstərməsi Zəfərin həm fiziki, həm də mənəvi ölçüsünü ifadə edir. Bu, müasir Azərbaycan tarixinin poeziyaya köçürülmüş qürur anıdır. Asif Yusifcanlının “Azərbaycan əsgəri” şeiri müasir publisistik poeziyanın uğurlu nümunəsidir. Burada lirika ilə ictimai mövqe, poetik obrazla siyasi-hissi reallıq üzvi şəkildə birləşir. Şeir oxucunu təkcə duyğulandırmır, həm də düşündürür, milli yaddaşı oyadır, qürur hissini gücləndirir. Bu əsər bir daha sübut edir ki, Azərbaycan əsgəri təkcə sərhədləri yox, haqqı, ədaləti və milli ləyaqəti qoruyan tarixi missiyanın daşıyıcısıdır. Poeziya isə bu missiyanın əbədiləşən səsidir. Ümumilikdə bu şeir bir əsgərin – bir gəncin deyil, bütöv bir ordunun – Azərbaycan gəncliyin manifestidir!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
“Azad etməliyik ana torpağı” şeiri haqqında Asif Yusifcanlının “Azad etməliyik ana torpağı” şeiri (səh. 50) Azərbaycan ədəbiyyatında Vətən mövzusunun ictimai-siyasi, mənəvi-psixoloji qatlarını özündə birləşdirən, çağırış və ittiham, etiraf və and mahiyyəti daşıyan sanballı poetik nümunələrdən biridir. Bu şeir təkcə bədii mətn deyil, həm də müəyyən bir tarixi dövrün milli yaddaş sənədidir. 2016-cı il tarixinin şeirin sonunda qeyd olunması onun konkret ictimai-siyasi kontekstdə yazıldığını göstərir, eyni zamanda mətnin publisistik dəyərini və tarixi əhəmiyyətini artırır. Şeir“bir arzu, bir nisgil” ifadəsi ilə başlanır. Bu iki söz artıq oxucunu emosional baxımdan səfərbər edir. Arzu – gələcəyə yönəlik ümid, nisgil isə itirilmiş keçmişin ağrısıdır. Müəllif bu iki anlayışı “ürəyimizdə” birləşdirərək milli dərdin fərdi yox, ümummilli xarakter daşıdığını vurğulayır. “Ulu diyarımız hələ dardadır” misrası torpaq itkisi problemini sadəcə fiziki işğal kimi yox, mənəvi boğulma, sıxıntı və iztirab kimi təqdim edir. Şeirdə zaman anlayışı xüsusi yer tutur. “Aranda günümüz necə keçsə də, / Bizim varlığımız o dağlardadır” misraları ilə müəllif rahatlıq və nisbi sabitlik içində yaşamağın belə vicdanı rahatlatmadığını göstərir. Burada “aran” və “dağ” anlayışları yalnız coğrafi deyil, həm də simvolik məna daşıyır: aran – rahatlıq, dağ – mübarizə, qeyrət və müqavimət məkanıdır. Asif Yusifcanlı növbəti bəndlərdə illərlə davam edən gözləntilərin, boş vədlərin və beynəlxalq laqeydliyin acı nəticələrini publisistik kəskinliklə tənqid edir.“Boş vədlər nə verir, görəsən bizə?” sualı ritorik olmaqla yanaşı, oxucunu düşünməyə məcbur edən açıq ittihamdır. Şair burada yalnız düşməni deyil, susan dünyanı, haqq səsinə səs verməyən beynəlxalq ədalətsizliyi də ifşa edir. “Düşmənin özündən betərdi dünya” misrası şeirin ən sərt və ən ağrılı nəticələrindən biridir. Şeirin mühüm cəhətlərindən biri də özünütənqid ruhudur. Müəllif“Gəlin özümüzü heç aldatmayaq” deyərək məsuliyyəti təkcə başqalarının üzərinə atmır. Bu çağırış milli oyanışın, ayıqlığın və daxili səfərbərliyin zəruriliyini ortaya qoyur.“Yadlara əl açmaq yaraşmır bizə” fikri isə milli ləyaqət, müstəqil iradə və öz gücünə inam ideyasını ön plana çəkir. Son bəndlər şeirin ideoloji kulminasiyasıdır. “Başımız üstündə Vətən bayrağı, / Silaha sarılaq bir nəfər kimi” misralarında artıq söz yox, əməl çağırışı var. Bu çağırış emosional təbliğat yox, tarixi zərurətdən doğan milli mövqedir. Şair qələbəni təsadüf kimi yox, məqsədli mübarizənin nəticəsi kimi təqdim edir: “Qoy zəfər olmasın bu zəfər kimi” – yəni bu qələbə təsadüfi deyil, şüurlu, haqqı yerinə qoyan bir zəfər olmalıdır. Ümumilikdə,“Azad etməliyik ana torpağı” şeiri Asif Yusifcanlının vətəndaş mövqeyini, milli məsuliyyət hissini və poeziyanı ictimai tribuna kimi görmək bacarığını aydın şəkildə nümayiş etdirir. Bu əsər oxucuya təkcə keçmişi xatırlatmır, həm də gələcək üçün mənəvi istiqamət göstərir. Şeir bir çağırışdır, bir anddır və eyni zamanda bir hesabatdır – həm tarix qarşısında, həm vicdan qarşısında. Bu baxımdan Asif Yusifcanlının sözü yalnız oxunmur, yaşanır; yalnız səslənmir, mübarizəyə səsləyir. Şeir milli ruhun poetik təcəssümü kimi yadda qalır! Bu şeir qələmə alındığı dövr üçün əsl şüar kimi səslənir, bütöv bir xalqı gələcəyə ümidləndirir, öz torpaqları uğrunda mübarizəyə savaşa çağırır. Özü də adi savaşa deyil, sonu möhtəşəm bir zəfərlə bitəcək mübarizəyə: “Qoy zəfər olmasın bu zəfər kimi”!
Daha ümumi, qlobal miqyasda götürəndə “Azad etməliyik ana torpağı” şeiri fərdilikdən, bir xalqın olmaqdan çıxaraq, daha ümumi – bəşəri bir dəyər qazanır və əzilən, haqqı tapdanan xalqlar üçün istiqbal manifestinə çevrilir.