İlk türkcə lüğət olan “Divani-Lüğəti-Türk” Mahmud Kaşğari tərəfindən 25 yanvar 1072-ci ildən yazılmağa başlandı. İki ilə tamamlanan lüğət ümumtürk mədəniyyətinin ən mühüm yazılı əsərləri arasında yer alır.
Salman Mümtaz həyat yoldaşının qızıllarını satıb Seyid Əzim Şirvaninin əlyazmalarını alıb Əlyazmalar İnstitutuna təhvil vermişdi. Onun topladığı 270 əlyazma gözlərinin önündə yandırılmışdı.
Axı nəyə görə belə böyük şəxsiyyətlərimiz haqqında ciddi əsərlər yazılmır, bədii, sənədli filmlər çəkilmir? Niyə!?
25.01.2026-cı il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirildi. Ustad İsmayıl İmanzadə giriş nitqində hər kəsi salamlayaraq, keçən il görülmüş ədəbi işlərlə bağlı fikirlər söylədi və başda şəhərin gənc yazıçıları olmaqla, bölmənin bütün qələm əhlini təqdir edərək onlara uğurlar arzuladı. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Ağabala Salahlı, Mahir Musa, Eldəniz Cəfəroğlu, Əhməd Əfsun, Zümrüd Rəhimova, Mehman Rəsulov, Ruhani Gülövşəli, Rəşid Rəsulov müxtəlif mövzularda qələmə aldıqları şeirlərini səsləndirdilər. Gənc yazıçılardan Nicat Hunalp xalq yaradıcılığından təsirləndiyi “Bayquş kədəri” şeirini, Elçin Məhərrəm ekspressionist sərbəst şerini, Şamil Həsən isə “Bumeranq” adlı yeni essesini oxudular.
Müəllif: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
Azərbaycan dilində “ABŞ” qısaltmasının hər hərfi ayrıca oxunmur, yəni “A Be Şe” deyil, bir bütöv kimi “ABIŞ” (ardıcıl səsləndirilərək) tələffüz olunur. Bu, həm də Azərbaycan dilinin qısaltma oxunuş qaydalarına uyğundur: Əgər qısaltma tələffüz edilə biləcək bir söz kimi formalaşmırsa, onu hər hərfi ayrıca oxumaq olar (məs., BMT → Be Em Te). Amma “ABŞ” kimi qısaltmalar “Amerika Birləşmiş Ştatları” ifadəsini əks etdirdiyi üçün, rəsmi danışıq və yazıda sadəcə “ABŞ” kimi səsləndirilir. Əvvəllər Azərbaycan mediasında, rəsmi çıxışlarda və təhsil materiallarında bu formaya üstünlük verildiyi halda, son zamanlar bu qısalta yanlış olaarq “ABeŞe” kimi tələffüz olunur. Azərbaycan dilində qısaltmaların tələffüz qaydaları üçün qısa və anlaşıqlı bir izahı təqdim edək. Qısaltma növü, nümunə , tələffüz qaydası, izah: Bütöv söz kimi oxunan qısaltma NATO, UNESCO: Nato, Yunesko Əgər qısaltma hərflərin ardıcıllığı ilə tələffüz edilə bilən bir söz əmələ gətirirsə, bütöv söz kimi oxunur. Hər hərfi ayrı oxunan qısaltma: BMT, ADPU, MDB: Be Em Te, A De Pe U Əgər qısaltma tələffüz edilə bilən söz əmələ gətirmirsə, hər hərfi ayrı səsləndirilir. Bütöv kimi səsləndirilən, amma hərfi açılışı olan qısaltma ABŞ: Abış. Coğrafi-siyasi qısaltmalarda (ölkə birlikləri, dövlət adları) çox vaxt bütöv kimi səsləndirmə üstünlük təşkil edir, hərflər ayrıca oxunmur. Azərbaycanca sözlərin qısaldılması AzTU, AzTV: AzTeU, AzTeVe. Hərfi oxunuşda Azərbaycan əlifbasının səslərinə uyğun tələffüz edilir. Texniki və elmi simvol-qısaltmalar km, kq, mm kilometr, kiloqram, millimetr. Əksəriyyəti açılışına uyğun tam şəkildə oxunur. Nəticə: ABŞ kimi qısaltmalar — xüsusən dövlət adlarını ifadə edənlər — Azərbaycanda rəsmi üslubda bütöv olaraq “ABIŞ” şəklində oxunur, “A Be Şe” formasında deyil.
İran hakimiyyətinə qarşı PKK kartı, Qacar və Qaraqoyunlu şahzadələri
12 yanvar 2026-cı il tarixində qələmə aldığımız “İran İslam Respublikası süquta uğrayacaqmı?” adlı məqalədə göstərdik ki, ABŞ-ın İrana qarşı tətbiq edə biləcəyi effektli tədbirlərdən biri PKK-PJAK-dan istifadədir. Əvvəlcə yazının həmin hissəsini təqdim edək:
“Hərbi müdaxilənin daha bir variantını belə modelləşdirə bilərik: ABŞ aviasiyası İran Kürdüstanındakı hərbi bazaları, polis bölmələrini və hökumət binalarını bombalayır. Ardınca PJAK yaraqlıları geniş miqyaslı hücuma keçərək şəhərləri tutmağa başlayırlar. ABŞ aviasiyası isə qarnizonlara kömək üçün göndərilən hərbi karvanları vurur”.
Bu əməliyyat uğurlu olsa və İran İslam Respublikası Kürdüstan üzərində nəzarəti itirsə, həmin ərazi ölkənin digər silahlı qrupları üçün də plasdarma çevriləcək. İqtidar nəinki əhali arasında bütün nüfuzunu itirəcək, həm də hakimiyyətin öz daxilində də birlik pozulacaq.
Beləliklə, ABŞ son günlərdə İran körfəzində müxtəlif hərbi gəmilərdən ibarət güclü zərbə qruplaşması cəmləşdirib. Bu isə, İran üzərinə üçüncü dalğanın göndəriləcəyinə dəlalət edə bilər. Xatırladaq ki, 2025-ci ilin iyununda – on iki günlük müharibə zamanı ABŞ-ın İran ərazisinə illərdən bəri yeritdiyi, əsasən əfqan mühacirlərindən ibarət gizli şəbəkə hərəkətə gətirilmişdi. Lakin əməliyyat uğursuzluqla nəticələnmiş, birinci dalğa dəf edilmişdi.
2025-ci ilin sonunda isə ABŞ İran hakimiyyətini yıxmaq üçün daxili etirazları inqilaba çevirmək istədi. Həmin məqsədlə ikinci dalğa – əsasən monarxiya tərəfdarları fəaliyyətə başladılar. Amma bu cəhd də baş tutmadı. Tələfat isə yenə də çox ağır oldu.
ABŞ-ın əlində hələ tam istifadə etmədiyi üç imkan qalmaqdadır. Bunlardan ikisi daha realdır:
1)“İran Xalqının Mücahidləri Təşkilatı”. Sol təmayüllü, radikal şiə yönümlü bu təşkilatı 1965-ci ildə azərbaycanlılar – Səid Möhsün (1939-1972) və Muhəmməd Hənifnejad (1938-1972) yaradıblar. Təşkilat şah rejiminə qarşı şiddətli mübarizə aparıb, 1979-cu il İslam inqilabında fəal iştirak edib. Sonradan silahı İslam respublikasına qarşı çevirib. 1980-ci ildən bugünədək İslam Respublikasının ən barışmaz və amansız düşmənidir. Hazırda qərargahı Albaniyadadır. Bu ölkədə 3.000 döyüşçüsü və üzvü var. İran daxilində isə yüz minlərlə tərəfdarının olduğu güman edilir. Rəhbəri 1953-cü il təvəllüdlü Məryəm Qacar adlı azərbaycanlı qadındır. O, Fəth Əli Şah Qacarın (1772-1834) soyundandır.
Haşiyə. Şah Muhəmməd Rza Pəhləvinin (1919-1980) məşhur sərkərdələri – “Tehran qəssabı” ləqəbli general Qulam Əli Uveysi (1918-1984) Sultan Qara Yusif Qaraqoyunlunun (1355-1420), “Mavi gözlü general” ləqəbli general Nadir Cahanbani (1928-1979) isə Fəth Əli şah Qacarın (1772-1834) soyundan idi.
2)Kürd millətçiləri:
PJAK (Partiya Jiyana Azada Kurdistane – Kürdüstanın Azad Həyat Partiyası). 2004-cü ildə yaradılmış marksist partiyadır. Türkiyə Cümhuriyyətinə qarşı mübarizə aparan KİP-in (Kürd İşçi Partiyası və ya PKK) qanadı, yaxud elə özüdür. Bu partiya Abdullah Öcalanı öz rəhbəri kimi tanıyır.
İKDP (İran Kürdüstanının Demokratik Partiyası) – 1945-ci ildən İran dövlətinə qarşı mübarizə şəraitindədir.
İKKP (İran Kürdüstanının Komala Partiyası) – 2000-ci ildə yaranmış marksist partiyadır.
İKKP (İran Kürdüstanının Kommunist Partiyası). 1984-cü ildən İran İslam Respublikası ilə qarşıdurma vəziyyətindədir..
III dalğa ilə bağlı proqnozda göstərdik ki, ABŞ və silahlı qruplaşmalar İran Kürdüstanının şəhərlərinə koordinasiya olunmuş hücumlara başlaya bilərlər. Həmin şəhərlər aşağıdakılardır:
1.Kirmanşah – İranın ən böyük kürd şəhəridir. Eyni adlı ostanda yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 946.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvani ləhcəsində danışırlar. Kirmanşah şəhəri ilə İraq sərhədi arasında məsafə 170 km-dir.
2.Sənəndəc – İranın ikinci böyük kürd şəhəridir. Kürdüstan ostanında yerləşir. 2016-cı il məlumatına görə, əhalisi 412.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Sənəndəclə İraq sərhədi arasında məsafə 70 km-dir. Bu şəhər keçmişdə kürd üsyanlarının mərkəzlərindən olub.
3.Sakqız – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 226.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Sakqızla İraq sərhədi arasında məsafə 159 km-dir. Sakqızda həmişə İİR-ə qarşı üsyanlar olub. Ölümü İranda 2022-2023-cü il etirazlarına səbəb olmuş Məhsə Əmini bu şəhərdən idi.
4.İlam – eyni adlı ostanda yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 194.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvan ləhcəsində danışırlar. İlamla İraq sərhədi arasında məsafə 5-10 km-dir.
5.Bukan – Qərbi Azərbaycan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 193.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Bukanla İraq sərhədi arasında məsafə 159 km-dir.
6.Mehabad – Qərbi Azərbaycan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 168.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Mehabadla İraq sərhədi arasında məsafə 50 km-dir. Bu şəhərdə həmişə kürdlərin və solçuların İİR-ə qarşı üsyanları olub.
7.Mərivan – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 136.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Mərivanla İraq sərhədi arasında məsafə 7 km-dir. Bu şəhərdə də əvvəllər İİR-ə qarşı kürd üsyanları olub.
8.Baneh – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 110.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Şəhər hər tərəfdən 50.000 hektar meşə massivi ilə əhatə olunub. Baneh ilə İraq sərhədi arasında məsafə 5-10 km-dir.
9.İslamabade-Qərb – Kermanşah ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 90.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvani ləhcəsində danışırlar. İslamabade-Qərb ilə İraq sərhədi arasında məsafə 70 km-dir.
10.Kamyaran – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 57.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Kamyaranla İraq sərhədi arasında məsafə 5-10 km-dir.
İran Kürdüstanının digər şəhərlərindən aşağıdakıları göstərə bilərik.
Ümumiyyətlə, İran kürdləri dörd əsas qrupa bölünür: soranilər, qoranilər, pəhləvanilər, lurlar. Sorani və pəhləvani ləhcələrinin daşıyıcıları bir-birlərini anlamırlar. Pəhləvanilər və lurlar şiə, soranilər isə sünnidir. Aydındır ki, pəhləvanilərin və lurların dindar hissəsi İran iqtidarına qarşı daha loyaldır. Həm də onlarla soranilər arasında məzhəb və dil fərqləri da var. Bunlar isə İran dövlətinin xeyrinə olan amillərdir. Onu da nəzərə alaq ki, 1979-1984-cü, 1989-1996-cı və 2004-2025-ci illərdə sünni kürdlər İİR-ə qarşı silahlı üsyanlar qaldırmış, şiə kürdlər isə əksinə, İran hakimiyyətini dəstəkləmişlər.
ABŞ aviasiyası hərbi əməliyyata qoşulsa belə, təkcə kürdlərin piyada qüvvəsi kifayət etməyəcək. “İran Xalqının Mücahidləri Təşkilatı” da fəaliyyətə başlamalıdır. Döyüşçüləri gələcək savaş zonasına üç üsulla göndərə bilərlər:
1.Silahlı qruplar şəklində sərhədi keçib şəhərlər ətrafında mövqe tuturlar. Hava zərbələrindən dərhal sonra yaşayış məntəqələrinə daxil olurlar. Amma İran ordusunun dronlardan geniş istifadə etdiyini, Türkiyənin bu məsələdə İranı dəstəklədiyini, eləcə də qış fəslini (ağacların yarpaqlarının töküldüyünü) nəzərə alsaq, güman edə bilərik ki, belə yürüşlərin gizliliyini qorumaq çox çətin olacaq.
2.Hava zərbələri ilə eyni vaxtda solçu kürdlər və “İran Xalqının Mücahidləri Təşkilatı” hücuma başlayıb İraq sərhədinə daha yaxın olan yaşayış məntəqələrini ələ keçirməyə çalışırlar.
Qeyd. 1988-ci ilin iyulunda “İran Xalqının Mücahidləri Təşkilatı” İraq ərazisindən Kermanşah istiqamətində İran ordusuna qarşı məhz bu taktikanı tətbiq etmişdi. Əməliyyatın əvvəlində İraq aviasiyası hava dəstəyi verdiyinə görə, 7.000-10.000 mücahid İslamabade-Qərb şəhərinədək irəliləyə bilmişdi. Ancaq bu zaman Səddam Hüseyn İran dövləti ilə atəşkəs sazişi bağlayıb aviasiyasını geri çəkmiş, nəticədə mücahidlər darmadağın edilmişdilər. İndi isə vəziyyət fərqli ola bilər. Amma tarix ondan dərs çıxarmaq üçün öyrənilir. İran müxalifəti yəqin ki, eyni kolliziyanın təkrarlanacağını istisna etmir. Məsələ onda deyil ki, ABŞ üsyançılara xəyanət edəcək. Yox, sadəcə müəyyən obyektiv səbəblər aviasiyanın fəaliyyətinə mane ola bilər.
3.Döyüşçülər mülki şəxs kimi maskalanaraq şəhərlərdə yerləşirlər və “X” saatını gözləyirlər. Üçüncü variantın əsas çətinliyi ondadır ki, silah-sursat, fərdi müdafiə və rabitə vasitələri ayrıca keçirilməli, sonra təhlükəsizlik tələblərinə cavab verən müəyyən yerlərdə gizlədilməlidir. Bu isə yüksək dəqiqlik, koordinasiya və gizlilik tələb edir. Düzdür, silahlı İran müxalifəti belə işlərdə kifayət qədər mahirdir. Amma açıqlanma ehtimalı yenə də istisna deyil.
Nəhayət, yazımızın sonunda daha bir mümkün varianta nəzər salaq. Əvvəlki məqaləmizdə ondan ötəri bəhs etmişdik.
“ABŞ aviasiyası dəqiq zərbə ilə İranın ali dini rəhbərliyini vurur. Nəticədə, inqilab və ya üsyan olmasa belə, idarəetmə hakimiyyətin islahatçı qanadının əlinə keçir. Sonrası isə məlumdur…”
Amma ABŞ təhlilçiləri yaxşı anlayırlar ki, sözügedən variant da birmənalı və hamar deyil. Məsələ burasındadır ki, İranda ali dini rəhbəri əvvəlki rəhbərin ölümündən sonra “Məclise Xubrigan” (Mütəxəssislər Məclisi) seçir. “Məclise Xubrigan”ın 88 üzvü var. Onların hamısı İslam dinində ən yüksək dərəcəyə malikdir. Bu adamların hər biri mərceyi-təqlid, yəni ələm müctəhiddir. Həmin müctəhidləri isə “Məclise Xubrigan”a əhali 8 il müddətinə seçir. Məclisin fəaliyyətində bütün mümkün fövqəladə hallar nəzərə alınıb. İlk zərbələrdən sonra “Məclise Xubrigan”ın üzvlərindən hətta bir neçə nəfər belə qalsa, onlar öz aralarından növbəti rəhbəri seçib mübarizəni davam etdirə bilərlər. Ehtimal ki, ABŞ özü də bu qədər mərceyi-təqlidi qətlə yetirmək fikrindən uzaqdır.
P.S. Ümid edək ki, müəyyən fakt, əlamət və məntiqə əsaslanaraq qurulmuş bu proqnozların heç biri həyata keçməyəcək, bütün problemlər təkamül, danışıqlar və sülh yolu ilə həll ediləcək.
Sevginin, nurun və mənəvi bağlılığın poetik vəsfi (Zaur Ustacın dördlüyü üzərinə mülahizələr) Zaur Ustacın bu bir bəndi ilk baxışdan sadə, lakin dərin mənalarla yüklənmiş poetik düşüncənin parlaq nümunəsidir. Şair burada klassik Şərq poeziyasından gələn Ay və Günəş obrazlarını müasir duyumla yenidən yoğurur, onları yalnız təbiət hadisəsi kimi deyil, sevgi, ilahi nur, qarşılıqlı bağlılıq və mənəvi harmoniyanın rəmzi kimi təqdim edir: Vəsf etdiyin “Ay işığı”, Öz nurundu, ay Günəşim! Bu misralarda diqqəti çəkən əsas məqam “Ay işığı”nın mənbəyinin açıqlanmasıdır. Klassik poetik ənənədə Ay çox vaxt müstəqil bir gözəllik rəmzi kimi təqdim olunsa da, şair elmi və fəlsəfi həqiqəti poetik dillə ifadə edir: Ayın nuru Günəşdən gəlir. Burada Ay – sevən, Günəş isə sevilən obrazına çevrilir. Sevən tərəf öz gözəlliyini, parlaqlığını, dəyərini sevdiyi varlıqdan alır və bunu sevə-sevə etiraf edir. Bu, təvazökarlıqla yoğrulmuş sevgi etirafıdır: Sən şəfəq saç, daim parla, Mən də verim, pay Günəşim! Bu misralar bəndin fəlsəfi yükünü daha da dərinləşdirir. Burada münasibət birtərəfli deyil. Günəş parlayır, şəfəq saçır, həyat verir. Ay isə aldığı nuru geri qaytarmaq, onu paylaşmaq istəyir. Bu, mükəmməl sevgi modelidir – almaqla kifayətlənməyən, qarşılıq verməyi borc bilən sevgi. Publisistik baxımdan bu bənd insan münasibətlərinə ünvanlanmış açıq bir mesajdır: sevgi yalnız heyranlıq deyil, həm də məsuliyyətdir. Birinin nuruna sığınmaq olar, amma o nurun qarşılığında işıq saçmaq, fayda vermək, paylaşmaq da lazımdır. Bu, ailə münasibətlərindən tutmuş, dostluğa, müəllim–şagird, vətəndaş–cəmiyyət əlaqələrinə qədər geniş bir mənəvi spektri əhatə edir. Zaur Ustac burada sevən insanın passiv mövqeyini rədd edir. Ay sadəcə Günəşin işığında gözəl görünən səssiz cisim deyil; o, öz növbəsində gecəni aydınladan, qaranlığa işıq gətirən bir varlıqdır. Bu yanaşma insanın cəmiyyətdəki roluna da işarədir: hər kəs öz yerində nur daşıyıcısı ola bilər. Bəndin dili sadə, axıcı və səmimidir. “Ay Günəşim” müraciəti klassik sevgi poeziyasının isti nəfəsini xatırladır, eyni zamanda müasir oxucu üçün də doğma səslənir. Burada pafos yoxdur, amma emosional dərinlik kifayət qədər güclüdür. Şair hisslərini süni bəzəklərlə deyil, təbii metaforalarla ifadə edir. Bu “dördlük” oxucunu düşünməyə vadar edir: – Biz kimin nurundan pay alırıq? – O nurun qarşılığında nə veririk? Zaur Ustacın bu poetik nümunəsi göstərir ki, əsl sevgi işıq almaqla bitmir, işıq verməklə kamilləşir. Ay Günəşsiz parlamadığı kimi, insan da sevgi, inam və mənəvi dayaq olmadan bütöv ola bilməz. Amma ən gözəli odur ki, insan aldığı nuru başqalarına ötürməyi bacarsın.
Saatsaz Mahmud dayı illərdir çalışırdı. O, hələ də saatları hamıdan yaxşı təmir edirdi. Əlləri köhnə idi, barmaqları yağ və metal qoxuyurdu, gözləri isə həmişə bir az yorğun görünürdü. Yorğunluq da adamı bəzən yaşlı göstərir. Özünün dar emalatxanasında onlarla saat vardı. Divardan asılanlar, vitrində yatanlar, çəkməcədə unudulanlar… Heç biri eyni vaxtı göstərmirdi. Saat ustası bunu normal sayırdı. Deyirdi ki, insan həyatı kimi, vaxt da hamı üçün eyni axmır. O, illərlə halal işləmışdi. Kimsəni aldatmamışdı. Bir vint üçün artıq pul almamışdı. Müştərilər ona etibar edirdi — çünki o, saatları yox, əmanətləri təmir edirdi. Emalatxanası şəhərin kənarında, köhnə bazarın arxasında idi. Bir vaxtlar burada adam əlindən tərpənməyə imkan yox idi. İndi isə günlərlə qapısı açılmırdı. İnsanlar saatı təmir etdirmirdi artıq. Ya ucuz plastik alırdılar, ya da telefonun vaxtına baxırdılar. Saat ustasının peşəsi səssiz-səssiz köhnəlirdi. Kirayəni gecikdirirdi. Elektrik borcu yığılmışdı. Evdə çörək bəzən iki gün kifayət edirdi. Arvadı illər əvvəl xəstəlikdən ölmüşdü, oğlu isə Rusiyaya getmişdi — gedəndə “tez qayıdacam” demişdi. İllər keçmişdi, amma oğlu qayıtmamaışdı. Usta hər axşam emalatxananı bağlayanda, işıqları söndürməzdən əvvəl saatlara baxırdı. Divardakı köhnə saatlardan biri həmişə tələsirdi. O, onu düzəltmirdi. Deyirdi ki, bəzən vaxtın tələsməsi lazımdır. Bir gün emalatxanaya yad bir adam girdi. Üzündən bilinirdi ki, kasıb deyil. Təmiz geyimli idi, amma təkəbbürlü də deyildi. Cibindən köhnə, ağır bir saat çıxarıb masaya qoydu: — Atamdan qalıb, — dedi. — Dayanıb, işləmir. Usta saatı əlinə alan kimi içində nəsə qopdu. Bu saatı tanıyırdı. Gəncliyində belə bir saatı vitrində görmüşdü, amma ala bilməmişdi. Maaşı çatmamışdı. Sonra saat satılmışdı. İllər boyu o vitrindəki boş yeri xatırlamışdı. — Bir-iki günə hazır olar, — dedi. O gecə usta evdə sobanın yanında oturdu. Saat masanın üstündə idi. Sanki təkcə mexanizm yox, onun keçmişi işləyirdi. Gəncliyi, gecikmiş arzuları, çatmayan pulları, vəsaiti. Ertəsi gün müştəri gəlmədi. Sonra bir gün də keçdi. Usta tərəddüd etdi. Qapının ağzında dayanıb bazara baxdı. İnsanlar keçirdi, amma heç kim içəri girmirdi. O an usta ilk dəfə düşündü: mən bu qədər düz işlədim, nə qazandım? Axşam saatı vitrinə qoydu. Özünə dedi ki, bir-iki gün də gözləyər. Amma gözləmək uzandı. Saat artıq onun idi. Satdı. Pulunu kirayəyə verdi, çörək aldı, elektrik borcunu bağladı. Bir həftə sonra emalatxanaya bir qadın gəldi. Əlində köhnə bir kağız vardı. — Sizə saat gətirmişdilər, — dedi. — Ərim idi, qəfil öldü. Saatı mənə tapşırmışdı. Ustanın boğazı qurudu. — Satılıb, — dedi astadan. Qadın susdu. Ağlamadı. Sadəcə başını aşağı saldı: — O saat bizdə qalan yeganə xatirə idi, — dedi və çıxdı. O gündən sonra ustanın əlləri hələ də işləyirdi, amma saatlar düzəlmirdi. Mexanizmlər sanki ona inanmırdı. Artıq insanların etibarını itirmişdi. Müştərilər get-gedə azalırdı. Söz bir anda hamıya yayılmışdı. Axırda usta emalatxananı bağladı. Divardakı saatlar dayanmışdı. Sonuncu dəfə qapını örtəndə düşündü: “Bəzən insan bir dəfə səhv edir, amma o səhvin bədəlini ömrünün sonunadək ödəməli olur”.
Prof. Ədalət Tahirzadə bolşevik Mircəfər Bağırovun nadir fotosunu aşkarlayıb. O, yazır:
“Düz ortada Lenin və Trotski təsvir olunub. 1919-cu ilin 7 noyabrıdır. Moskvada Qırmızı meydanda bolşevik “inqilab”ının 2-ci ildönümü qeyd olunur. Əlbəttə, məni nə Lenin və Trotski, nə də onların “inqilab”ı maraqlandırır. Məni maraqlandıran öndə sol tərəfdə gördüyünüz ağ papaqlının arxasından bizə baxan, yaxası qarlı, qara Qafqaz papaqlı, gözlüklü adamdır. Bilirsinizmi o, kimdir? Mircəfər Bağırov! Mənə maraqlı gələn onun bu tədbirə necə düşməsinin tarixçəsidir.” deyə qeyd edib.
Naturalizm XIX əsrin ikinci yarısında Avropa ədəbiyyatında realizmin daxilində formalaşmış və reallığı, xüsusilə insan həyatını və davranışlarını elmi obyektivlik, dəqiq müşahidə və təfərrüatlı təsvir yolu ilə əks etdirməyi qarşısına məqsəd qoyan ədəbi cərəyandır.
Naturalist ədəbiyyatda insan xarakteri və taleyi əsasən irsi (genetik), fizioloji və sosial mühit amillərinin təsiri ilə izah olunur. Müəlliflər hadisə və obrazlara subyektiv qiymət verməkdən daha çox, onları müşahidəçi mövqeyindən təqdim etməyə çalışmışlar. Bu baxımdan naturalist yazıçı bədii yaradıcılıqda tədqiqatçı rolunu yerinə yetirir və insan davranışlarını konkret şərtlər daxilində araşdırır.
Fransız yazıçısı Emil Zolya naturalizmin nəzəri əsaslarını 1880-ci ildə nəşr etdirdiyi “Eksperimental roman” əsərində sistemləşdirmişdir. Onun fikrincə, romanda hadisələr real həyatda mövcud olan faktlara əsaslanmalı və obyektiv şəkildə təsvir edilməlidir.
Naturalist metodun əsasını canlı və sistemli müşahidə təşkil edir. Yazıçı təsvir etdiyi mühiti, sosial təbəqəni və ya peşə sahəsini əvvəlcədən dərindən öyrənməlidir. Məsələn, Zolya “Jerminal” romanını yazmazdan əvvəl mədən fəhlələrinin həyatını müşahidə etmiş, onların əmək şəraitini, sosial münasibətlərini və psixoloji durumlarını araşdırmışdır. Bu əsər naturalist ədəbiyyatın klassik nümunələrindən biri hesab olunur.
Naturalizm yalnız fransız ədəbiyyatı ilə məhdudlaşmamış, digər Avropa ölkələrinə də yayılmışdır. Gi de Mopassan, Henrik İbsen, Gerhart Hauptman, August Strindberq, Frank Norris və Knut Hamsun kimi yazıçıların əsərlərində naturalist təsvir üsurlarının müəyyən cəhətləri müşahidə olunur. Lakin bu müəlliflərin heç biri naturalizmi Emil Zolya qədər ardıcıl və planlı şəkildə ədəbi yaradıcılıqlarında tətbiq etməmişdir.
Naturalizmin realizmdən əsas fərqi ondadır ki, realist ədəbiyyatda bədii ümumiləşdirmə aparıcı rol oynadığı halda, naturalizmdə konkret və fərdi faktın təsviri ön plana çəkilir. Məsələn, Onore de Balzak geniş müşahidələrə əsaslansa da, müşahidə etdiyi faktlardan ümumi tip və xarakterlər yaratmağa çalışırdı. Naturalist yazıçılar isə ümumiləşdirməni minimuma endirərək hadisələri olduğu kimi təqdim etməyə üstünlük verirdilər.
Ədəbiyyat tarixində naturalizm müstəqil və uzunömürlü ədəbi cərəyan kimi möhkəmlənməmişdir. Buna baxmayaraq, naturalist təsvir üsulları sonrakı dövrlərdə realist, neorealist və faktlara əsaslanan bədii əsərlərdə müəyyən dərəcədə istifadə edilmişdir.
Azərbaycan ədəbiyyatında naturalizm müstəqil və sistemli ədəbi cərəyan kimi formalaşmamışdır. Bununla belə, XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmış realist və tənqidi realist nəsr nümunələrində həyat hadisələrinin obyektiv təsviri, sosial mühitin təsirinin qabardılması və müşahidəyə əsaslanan detallı təsvirlər naturalist metoda yaxın xüsusiyyətlər kimi qiymətləndirilə bilər.