İNTİQAMIN PSİXOLOGİYASI VƏ CİNAYƏTİN SƏNƏTƏ ÇEVRİLƏN ÜZÜ (Züleyxa Maşərifovanın “İntiqam hissi” romanı haqqında publisistik düşüncələr) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış Özbəkistan yazıçısı Züleyxa Maşərifovanın yeni çapdan çıxmış “İntiqam hissi” kitabı üzərindən olacaq. Müasir dünya ədəbiyyatında kriminal-detektiv janr təkcə cinayətlərin açılması, süjet gərginliyi və hadisələrin ardıcıllığı ilə deyil, eyni zamanda insan psixologiyasının dərin qatlarına enmək, cəmiyyətin gizli ağrılarını üzə çıxarmaq baxımından da böyük əhəmiyyət kəsb edir. Bu mənada Özbəkistanın tanınmış yazıçısı Züleyxa Maşərifovanın “İntiqam hissi” romanının Azərbaycan dilində nəşri həm ədəbi, həm də mədəni baxımdan mühüm hadisə kimi dəyərləndirilməlidir. Romanın “İmza” nəşrlər evində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Əli bəy Azərinin redaktorluğu ilə işıq üzü görməsi əsərin dil, üslub və məzmun baxımından peşəkar təqdimatını təmin edən əsas amillərdən biridir. Bu nəşr, eyni zamanda, türk xalqları arasında ədəbi əlaqələrin möhkəmlənməsinə, oxucu auditoriyasının genişlənməsinə xidmət edən dəyərli bir mədəni körpü rolunu oynayır. QISA ARAYIŞ Tanınmış Özbəkistan yazıçısı Züleyxa Maşərifova 1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975 – 1980-ci illərdə Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim kimi çalışıb.Özbəkistanda “Damğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli evlilik”, “Dəli qadın söhbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Xəta”, “Maska”, Türkiyədə “Kabul edilen suç” adlı detektiv kitabları çap edilib. 384 səhifəlik kriminal-dedektiv romanı Azərbaycan dilinə tərcüməçi Rəhmət Babacan tərcümə edib. “İntiqam hissi” yazıçının Azərbaycanda nəşr olunan ilk kitabıdır.
“İntiqam hissi” romanı zahirən klassik detektiv süjet üzərində qurulsa da, əslində insan ruhunun ziddiyyətlərini, daxili sarsıntılarını, ədalət və intiqam anlayışlarının sərhədlərini araşdıran dərin psixoloji əsərdir. Müəllif cinayəti yalnız hüquqi hadisə kimi deyil, sosial və mənəvi fəlakətin nəticəsi kimi təqdim edir. Burada hər bir cinayət bir taleyin, bir həyatın pozulmasının nəticəsi kimi ortaya çıxır. Züleyxa Maşərifova hadisələrin dinamik inkişafını oxucunun diqqətini daim diri saxlayan gərginliklə təqdim edir. Lakin romanın əsas gücü süjetin sürətində deyil, personajların psixoloji portretlərinin canlılığı və inandırıcılığındadır. Züleyxa Maşərifovanın “İntiqam hissi” romanı ilk baxışdan kriminal süjet üzərində qurulmuş psixoloji-bədii əsər təsiri bağışlasa da, mahiyyət etibarilə ailə institutunun, mənəvi dəyərlərin və sosial məsuliyyətin sarsılması haqqında dərin fəlsəfi düşüncələr toplusudur. Əsər oxucunu təkcə “qatil kimdir?” sualının arxasınca aparmır, daha ağrılı və daha mürəkkəb bir sualın qarşısında saxlayır: bir ailənin hamının gözü önündə məhv olmasına səbəb olan əsas günahkar kimdir? Roman boyu ortaya çıxan ritorik suallar təsadüfi deyil. Günahsız körpələrin göz yaşları, çarəsiz qadının didərgin düşməsi, gənc bir oğlanın vaxtsız ölümü, qoca bir atanın rahatlığının pozulması – bütün bunlar tək bir cinayətin deyil, illərlə yığılıb qalan mənəvi aşınmanın nəticəsi kimi təqdim olunur. Burada məsələ yalnız içkiyə qurşanmış bir insanın zəifliyi deyil. İçki romanın məntiqində səbəb yox, nəticədir. Əsl səbəb ailədə vaxtında verilməyən tərbiyə, diqqətsizlik, sevgisizlik, mənəvi boşluq və cəmiyyətin biganəliyidir. Yazıçı göstərir ki, insanı uçuruma aparan yol bir gündə başlamır; bu yol uşaqlıqdan, ailə ocağında atılan yanlış addımlardan, susqunluqdan və laqeydlikdən başlayır. Əsərdə yetmiş beş yaşlı Xudayar atanın obrazı xüsusi diqqətə layiqdir. O, sadəcə köməkçi fiqur deyil, vicdanın və gec də olsa oyanan ədalətin simvoludur. Onun fədakarlığı sübut edir ki, yaş insanın qətiyyətini yox, bəzən onu daha da möhkəmləndirir. Xudayar ata vasitəsilə müəllif oxucuya mesaj verir: həqiqət gecikə bilər, lakin vicdanlı insan onu axtarmaqdan vaz keçməməlidir. Mahir müstəntiq Sabircan və onun şagirdi Fərhadın istintaq prosesi isə romanın sosial yükünü daha da artırır. Cinayətin səbəbləri tədricən açıldıqca aydın olur ki, intiqam hissi bir anlıq emosional partlayış deyil, illərlə içində saxlanılan ədalətsizliklərin, haqsızlıqların və sarsılmış dəyərlərin məhsuludur. İntiqam edən də, qurban olan da eyni sistemin zədələdiyi insanlardır. Roman oxucuya açıq şəkildə demir ki, dağılan ailənin günahkarı filan şəxsdir. Əksinə, oxucunu düşünməyə vadar edir: – Günah təkcə içkiyə qurşanmış insandadırmı? – Yoxsa onu bu hala salan ailə mühiti, valideyn məsuliyyətsizliyi, cəmiyyətin laqeyd münasibətidirmi? – Bəlkə əsl günahkar susan, görüb danışmayan, başqasının faciəsinə biganə qalan hər kəsdir? “İntiqam hissi” romanı göstərir ki, ailə bir fərdin deyil, bütöv bir cəmiyyətin məsuliyyət daşıdığı müqəddəs məkandır. Ailədə baş verən mənəvi çöküş gec-tez ictimai faciəyə çevrilir. Günahsız körpələrin taleyi, qadınların çarəsizliyi, gənclərin vaxtsız ölümü – bunlar təsadüf yox, xəbərdarlıqdır. Romanın adında yer alan “intiqam” anlayışı əsərin fəlsəfi yükünü müəyyənləşdirən əsas xəttdir. Müəllif oxucunu daim bu sualla üz-üzə qoyur: İntiqam ədalətin bərpasıdırmı, yoxsa insanı daha dərin uçuruma sürükləyən təhlükəli hiss? Əsərdə intiqam hissi təkcə fərdi emosional reaksiya kimi deyil, cəmiyyətin yaratdığı ədalətsizliklərin, biganəliyin, laqeydliyin məhsulu kimi təqdim olunur. Bu baxımdan roman oxucunu sadəcə hadisələrin axarını izləməyə deyil, həm də mənəvi mühakimə aparmağa vadar edir Azərbaycan dilində nəşr olunan bu romanın oxunaqlılığı, üslubi axıcılığı və dilin təmizliyi xüsusi qeyd olunmalıdır. Əli bəy Azərinin redaktorluğu əsərin milli oxucu üçün anlaşıqlı, səlis və estetik formada təqdim edilməsində mühüm rol oynayıb. Tərcümə və redaktə işi orijinal mətnin ruhunu qorumaqla yanaşı, Azərbaycan oxucusunun dil duyumuna uyğunlaşdırılıb. Züleyxa Maşərifovanın yaradıcılığı Özbəkistanda olduğu kimi, Türkiyədə də sevilərək oxunur. “İntiqam hissi” romanının Azərbaycan dilində nəşri isə göstərir ki, insan taleyi, ədalət axtarışı, mənəvi ağrılar türk xalqları üçün ortaq mövzulardır. Fərqli coğrafiyalar, fərqli həyat tərzləri olsa da, insanın daxili mübarizəsi dəyişmir. “İntiqam hissi” romanı yalnız kriminal-detektiv janrının uğurlu nümunəsi deyil, eyni zamanda insanı düşünməyə, mühakimə etməyə, öz daxilinə boylanmağa çağıran ciddi ədəbi əsərdir. Bu kitab Azərbaycan oxucusu üçün həm yeni bir yazıçı ilə tanışlıq, həm də çağdaş türk ədəbiyyatının ruhunu daha yaxından duymaq imkanı yaradır. Şübhəsiz ki, Züleyxa Maşərifovanın bu romanı Azərbaycanın geniş oxucu auditoriyasında maraqla qarşılanacaq, kriminal ədəbiyyata marağı olanlarla yanaşı, psixoloji və sosial mövzulara həssas oxucuların da diqqətini cəlb edəcəkdir. Nəticə etibarilə, Züleyxa Maşərifovanın bu romanı oxucunu qəti hökm verməyə deyil, öz vicdanında məhkəmə qurmağa çağırır. Burada nə tək bir cinayətkar var, nə də tək bir günah. Günah – zamanında deyilmiş bir sözün susdurulmasında, atılmamış bir addımda, qorunmamış bir ailə dəyərində gizlənir. “İntiqam hissi” bizə bir həqiqəti xatırladır: saf niyyətli insanlar imanına sadiq qalaraq xeyirli yoldan dönməsə, intiqam hissi də ədalətə çevrilə bilər. Əks halda, intiqam ailəni də, cəmiyyəti də məhv edən kor bir duyğu olaraq qalır. Bu mənada roman təkcə bədii əsər deyil, hər bir oxucu üçün ciddi mənəvi hesabatdır. “İntiqam hissi” romanı başqalarının səhvlərindən nəticə çıxararaq düzgün yol seçməyin mümkünlüyünü təbliğ edən mükəmməl bir nümunədir.
Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!
Dünyasını dəyişmiş insanlar üçün “Quran” oxutdurmağı mənasız hesab edənlərin hələ də anlamadıqları bir məsələ var: Yas mərasimində “Quran” ölü üçün deyil, orada iştirak edənlər üçün oxunur ki, ondan ibrət götürsünlər, təsəlli tapsınlar. Ölüyə, daha doğrusu onun Bərzəx aləminə getmiş ruhuna isə dirilərin maariflənməsində vəsilə olduğu üçün müəyyən bir savab düşə bilər.
Bəs niyə belə mərasimlərdə “Qurani-Kərim”in məhz “Yasin” surəsi qiraət edilir?
Çünki bu surə həyatın üç əsas mərhələsi haqqındadır:
1) Tovhid (Allahın təkliyi, başqa sözlə, ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr); 2) Nübuvvət (Peyğəmbərlər, yəni xeyirlə şər arasında mübarizənin getdiyi dövr); 3) Qiyamət (xeyrin şərə tam qalib gələcəyi dövr).
Eynilə zərdüştilərin müqəddəs kitabı “Avesta”nın “Yasna” (keçmişdə “Yasın”) hissəsi də həmin üç mərhələdən bəhs edir:
1) Ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr; 2) Xeyirlə şər arasında mübarizənin getdiyi dövr; 3) Xeyrin şərə tam qalib gələcəyi dövr.
Daha maraqlısı isə budur ki, “Yasin” surəsinin oxunduğu mərasimin özü dilimuzdə qədim zamanlardan yas adlanır. Xatırladaq ki, Azərbaycan dilindəki “yaş” və “yaşıl” sözləri, əslində, elə həyatı bildirir. Onlar öz növbəsində “yaşa”, “yaşam”, “yaşayış”, “yaşamaq” kimi sözləri əmələ gətirmişlər.
Azərbaycan dilindəki “yaşıl” sözü çuvaş dilində “ejel” formasındadır. Rus dilində həmin söz əvvəlcə «желтый» (“jeltıy” – sarı), sonra isə «зеленый» (“zelyonıy” – yaşıl) şəkillərini almış, nəhayət, bu dildəki «жил» (“jil” – yaşayırdı), «жить» (“jit” – yaşamaq), «живот» (“jivot” – qarın), «жизнь» (“jizn” – həyat), «бытие» (həyat), «быть» (olmaq), «было» (olmuşdu), «быль» (“bıl” – olmuş), «боль» (“bol” – ağrı), ingilis dilindəki “be” (olmaq), “ill” (xəstə), “kill” (öldürmək), Azərbaycan və digər türk dillərindəki “il”, “jıl” (il), “öl” və “ol” (yenə də həyat), “bol” (“ol” anlamında), eston dilindəki “olla” (olmaq), “elu” (ol, həyat) sözlərini doğurmuşdur.
Qədim türklərdə həyat, yaşayış haqqında qanunların adı “Yasa” idi. “Yasa”, əslində, qədim türklərin “Törə” qanunlarının əsas hissəsi idi. Qəribədir ki, qədim yəhudilər də öz müqəddəs kitablarını “Törə” (Tourə) adlandırırdılar. “Törə”nin (“Tövrat”ın) birinci kitabı olan, dünya və həyatın yaranmasından bəhs edən “Sefer maase be-reşit”in adı ivrit dilində “ilk”, “başlanğıc”, “əvvəldə” və ya “həyatın əvvəli haqqında kitab” mənalarını verir.
Həmin ad Avropa dillərinə “Genesis” (mənşə, yaradılış, həyat), rus dilinə «Бытие» (“bıtiyo” – həyat, olum), Türkiyə türkcəsinə “Tekvin” (yaradılış) kimi tərcümə olunmuşdur.
P.S. Qədim yəhudi “Törə”sinin “Həyat”, qədim türk “Törə”sinin “Yasa”, “Avesta”nın “Yasın” hissələrinin, müqəddəs “Qurani-Kərim”in “Yasin” surəsinin adlarını hansısa təsadüflərin nəticəsi, “Yasin” surəsinin qiraətini isə faydasız bir əməl hesab etmək olarmı?
“Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir”. Lev Tolstoy
“Ədəbiyyat və İncəsənət” qəzetinin 1990-cı il yanvar nömrəsinin lk səhifəsi “Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçovun Sovet xalqına yeni il müraciəti” başlıqlı yazı ilə başlayır. 1989-cu ilin son dəqiqələridir. “…qurtarmaqda olan ildə elə toxumlar səplib ki, bunlar şübhəsiz cücərəcəkdir. Bizim torpaqda onlar asan cücərmir, onlara daim qulluq etmək və qayğı göstərmək tələb olunur. Lakin onlar tələf olmayıb kök salsalar onda bizim ölkəyə və hər kəsə bolluca bar gətirərlər”. Sosializmi demokratiya ilə birləşdirməyin zəruri olduğunu bildirir. Sətirlər tanış gəldi, xüsusilə də “toxum əkməklə onun cücərməsi”. Deyəsən, “Vremya” proqramı idi. Atamla anam baxıb müzakirə edirdilər. Biz uşaqlar da səssizliyə riayət edirdik. Proqram başa çatdıqdan sonra anam dedi ki, deyir, biz elə bir toxum əkmişik ki, o cücərəcək. Soveti dağıtmaqideyasını nəzərdə tutur. Atam tərcüməyə düzəliş etdi. O düzəlişindi qəzetdə gözlərimin qarşısında daş altından çıxmış qarışqalar kimi qaynayırdı. Sabiq ABŞ prezidenti Franklin Delano Ruzvelt deyir ki, “…Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutlub”. Bu fikrə əsaslanaraq 1989-cu ildən üzü bəri başımıza gələnlərin hamısının ssenari olduğu məlum olur. Uşaq vaxtı evimizdə Qulam Məmmədlinin “Dostluq şarjları” kitabçasında gördüyüm şarjlar qəzetin bu nömrəsində səhifələrə səpələnmişdi. Növbəti səhifədə Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı verilib. Fərmanda deyilir: Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çox saylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (8-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır: Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi R.Qazıyeva. Bakı şəhəri, 30 dekabr 1989-cu il. Əliağa Bakirin “Gəncə” şeiriniFərmandan sonra oxuyuruq: “Gözün aydın qayıdıb ismi-vüqarın, Gəncə.” Demək, addım-addım müstəqilliyə doğru gedirik. Biz olmağa başlayırıq, amma bu yolda cəmi on beş gün sonra başımıza nələr gələcəyini bilmirik. Fevralın 16-da qəzetin 5-ci nömrəsində Famil Mehdinin “Cavab istəyirəm” yazısından artıq nə baş verdiyi bəlli olur. Müəllif mərkəzi qəzetlərin “Bakıda qan tökülüb” ikibaşlı sözlərini tez-tez işlətdiyinə etiraz edir: “Xeyir, qan tökülmək nədir, Bakıda bir xalqa açıq-aşkar qəsd edilib, əli-ayağı yalın günahsız insanlar, qocalar, analar, uşaqlar gülləbarana tutulub, al qanına qəltan edilib.” Şairin: “…bu düşünülmüş milli-qəsd deyildisə nə üçün fövqəladə vəziyyət elan edilmədən qaragüruhçu adamöldürənlər dəstəsi şəhərə daxil olmuşdur?” soruşması o zaman bütöv bir xalqın cavabını bilmək istədiyi sual idi. Azərbaycan KP MK-nın plenumu haqqında məlumatı, Azərbaycan KP MK-nın birinci katibi A.N.Mütəllibovun 1990-cı il yanvarın 27-də respublika televiziyası ilə çıxışının, Azərbaycan KP Bakı şəhər komitəsiylə Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin şəhidlərin, həlak olanların ailələrinə verdikləri başsağlığının mətnini oxuduqca müstəqilliyə necə çətinliklə nail olduğumuzu bir daha dərindən dərk edirik. 20 Yanvar faciəsinə Türkiyə, Özbəkistan yazıçıları, Tiblisidən gənc alimlər, Pravoslav gürcülər, Parisdən Azərbaycana Yardım Komitəsi münasibət bildirir, Qorki vilayətində hərbi xidmətdə olan əsgərlər xalqa başsağlığı verirlər. Azərinformın “Zərərçəkənlərə yardım” elanı adamın yarasını qoparır. 29 yanvar – doqquz gündür millət yas içindədir. “Nə təsəlli sözləri tapıram, nə ürək-dirək vermək istəyirəm”. Bütün sözlər deyilib qurtarıb, deməyə söz qalmayıb, elə bil sözlərin içi boşalıb. Dünya sanki sözsüzlük səhrasıdır…Danışa bilmirəm, düşünə bilmirəm, söz tapmıram deməyə”. Yazıçı Anarın “Danışa bilmirəm” mətnindən. B.Vahabzadə də millətini “Dərdə dözümlü xalqım” deyib oxşayır. Fevralın üçündə Hamlet Xanızadənin ölüm xəbəri yayılır. Elçinin siyasi mövzuda “Ağır sınaq günləri” məqaləsinə də nəzər salaq: “Mərkəzi mətbuat, televiziya, radio teleqraf agentlikləri Azərbaycan xalqının problemlərini, ilk növbədə isə Qarabağ problemini tendensiyalı, bir tərəfli yarımçıq işıqlandırır”. Yazıçı Moskvada erməni mədəniyyət cəmiyyəti tərəfindən “Hay gruver” adlı qəzetin nəşr olunduğunu, Moskvada Azərbaycan mədəniyyət Mərkəzinin açılmasını tezləşdirməyin vacibliyini bildirir. Qəzetin bütün nömrələrində faciəni əks etdirən fotolar yer alır. Fevralın 9-da 20 Yanvar hadisələrinin xəstəxanada yatan iştirakçıları ilə aparılan söhbət “Bu faciə olmaya da bilərdi” adlı məqalədə yer alıb. Sinəmizdəköhnə dərdlərimiz dəyurd salıb. Sağalası yaralar deyil. Teymur Elçinin 1937-ci və sonrakı illərdə Stalin zindanlarında həlak olmuş azərbaycanlıların xatirəsinə həsr etdiyi “Analar yanar ağlar” şeiri bunu sübut edir. Bir dərdimiz də Kamilə Nemətin “Xatirəyə döndülər” məqaləsinin sətirlərindədir. Bir səhifə bütövlükdə Ermənistana yardım aparan təyyarənin qəzaya uğramasından bəhs edir: “1988-ci il, dekabr ayının 11-də Azərbaycana bir bəd xəbər yayıldı. Bakıdan Leninakana (Ermənistan SSR) uçan İl-76 hərbi nəqliyyat təyyarəsi nəzərdə tutulan şəhərin aeroportuna yaxınlaşarkən qəzaya uğramışdır. Doqquz nəfər heyət üzvü və zəlzələnin nəticələrinin ləğv edilməsində iştirak etmək üçün Leninakana göndərilmiş 80 hərbi qulluqçudan 79-u həlak olmuşdur. Gərək ki, hamının yaxşı yadındadır. O vaxt baş vermiş ikinci təyyarə qəzasına uğramış yeddi nəfər Yuqoslaviya vətəndaşı üçün Ermənistan hökuməti başsağlığı verdi. Azərbaycanlı ailələrinə başsağlığı vermək isə tamamilə unuduldu. İstər Mərkəzi mətbuat, istərsə də yerli qəzetlər bu hadisənin üstündən elə sükutla keçdilər ki, Qazaxstan Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi Oljas Süleymənovun SSRİ xalq deputatları qurultayında dediyi kimi həlak olanların haqqında yalnız gözüyaşlı anaları bildi. Bu da görünür, təsadüfi deyil ki, Ermənistan hökuməti qəzaya uğramış Yuqoslaviya vətəndaşlarının xatirəsini əbədiləşdirmək üçün bu günlərdə hadisə yerində abidə qoydular. Azərbaycanlılarınsa heç adları belə çəkilmədi. Almaz Binnətovanın “Ülviləşən Ülvim”, Süleyman Vəliyevin “Şəhidlərin əziz xatirəsinə” məqaləsi, Aqil Abbasın “Bu yaradan qan damır” yazısı dərdlərimizinçoxluğundan xəbər verir. (Aqil Abbas yazını Qarabağ hadisələrində ilk qurbanların- Əli ilə Bəxtiyarın ölümünün 2-ci ilinə həsr edilib.) Martın 2-də şəhidlərin qırx mərasimi olur. Qəzet “Azərinform”un şəhidlərin qırx mərasimi xəbəri ilə başlayır. Faciəni əks etdirən fotolar görür,(S.Rasim, H.Enura məxsus), bəstəkar Şəfiqə Axundovanın “Belimiz bükülməsin” yazısını oxuyuruq. Ayın 16-daisə (9-cu nömrədə) ilk səhifədə Novruz bayramını əks etdirən fotolarvə“Novruz nəğmələri” adlı şeirdərc edilib.Xonça tutub şəkil çəkdirən xanımın üzündə bayram sevincindən əsər-əlamət görünmür, əksinəcizgilərindən kədər yağır. Yanvarın 20-də faciə, martın 2-də şəhidlərin qırx mərasimi, 16-da novruz bayramı… başqa necə olacaqdı ki? Qəzetin tam orta hissəsində iri hərflərlə verilmiş: “İngiltərə Azərbaycan görüşləri” başlığı diqqətimi çəkir. Cabir Novruz İngiltərə təəssüratlarını bölüşür. Tutuldum. “Anaların, bacıların ahı dəhşət!” yazan şair deyəsən, “Kaş millətdə ruh yaşasın” dediyinə birinci özü əməl edir. Xalqının matəm günündə şair səyahətmi həvəsinə düşüb? Oxuyanda bunu özünün də vurğuladığını bildim. Şair səfərin əvvəldən planlaşdırıldığını bildirir. Hava limanına gedəndə küçələrin qərənfillərə qərq edildiyini gördüyünü yazır. 23 martda Novruz ab-havası davam, A.Mütəllibov da xalqa müraciət edir. 6 aprel 1990-cı il Azərbaycan KP MK Bürosunun məruzəsi geniş şəkildə dərc edilib. “Ən yaxşı estrada mahnısı” üçün müsabiqə elanı B.Vahabzadənin “Dərdə dözümlü xalqım” mətnini doğruldur. Yanvar ayından üzü bərimillət qan-yaş tökür, aprel ayında estrada müsabiqəsi elan edilir. Adətən, qonşuda yaşlı adam öləndə də yas saxlanar,ruhuna hörmət əlaməti olaraq televizor açılmaz, musiqi dinlənilməzdi. Xalqın faciəsindən cəmi dörd ay sonra estrada müsabiqəsi həvəsinə düşənlər olub. Yaxşı ki estrada musiqisi ilə yanaşı milli alət də unudulmayıb. “Sazın hikməti” Müzəffər Şükürlü(9 fevral 1990-cı il № 4 (2399), “Bu bulaq niyə quruyub?” Mahud Ələsgəroğlu (aşıq Şamaxıdan), “Gəncədə çatılan ocaq” Tərlan Göyçəlinin yazıları saza həsr olunub. Folklorçu-tədqiqatçı Əkbər Yaşılyurdun (Türkiyə) “On min il əvvəldən bu günə qədər türk xalq oyunları” yazısı da təqdirəlayiqdir. “Yallı” Urfanın halayları” türk bağlılığından bəhs olunan mətniHüseyn Sadıqov tərcümə edib. Oxunulması vacib olan daha bir yazı professor Həbib Babayevdən: “Bakını nə gözləyir?” Erməni-Azərbaycan münaqişəsindən bəhs edir. “Nə üçün heç yerdə düz və açıq-aşkar deyilmir ki, Bakı talanlarının birbaşa səbəbi Dağlıq Qarabağla Ermənistanın “birləşdirilməsi” (1 dekabr 1989-cu il) və xüsusən Dağlıq Qarabağı Ermənistanın təsərrüfat planına daxil etmək barədə (9 yanvar 1990-cı il) Ermənistan SSR Ali Sovetinin qərarları olmuşdur? Məhz həmin qərarlar ölüm və zorakılıq dalğasını qaldırdı”. Dərdi şeirə çevirmək də bir ayrı dərd verir. Dərd sözə dönəndə ağı, səsə qoşulanda nalə olur. 12 yanvar tarixində Qabilin dərc edilən “Türkün qəbri” şeiri ilə başlayan poeziyanı getdikcə ağrılardan doğulan digər poeziya nümunələri(N.Kəsəmənlinin sözlərinə M.Babayevin bəstəsi “Ağlama, torpağım, ağlama”, Svetlana Nəcəfovanın “Analar şərəfinə elegiya”, Fikrət Əfəndiyev “Cavanların məzarına”, Fəsat Zeynal “Qərənfil”, Elnarə Buzovnalı “Vətən şəhidlərinin xatirəsinə”, Nəriman Həsənzadənin “Ankarada Rəsulzadənin məzarı önündə”) davam etdirir. Bundan başqa Camal Yusifzadənin Ülvi Bünyadzadə haqqında yazdığışeirlər, Ülvinin qəlbindən axan misralar, B.Vahabzadənin “Şəhidlər” poemasından parçalar da dərc edilib. “Biz sizin zəkanıza inanırıq” – Azərbaycan və Ermənistan xalqlarının mədəniyyət xadimlərinə bir qrup əcnəbi ziyalıların, o cümlədən Çingiz Aytmatovla, Tengiz Abdullazadənin və31 avqust SSRİ Prezidenti M.Qorbaçova Azərbaycan yazıçılarının müraciət etmələri də üzücüdür. Həmin il qəzetin müxtəlif nömrələrində xarici mətbuatın Azərbaycana qərəzli mövqeyi dədiqqətdə saxlanılır: Milis baş leytenantı Mehman Mehmanovun “Həqiqəti günəş kimi görmək lazımdır” məqaləsindən bilinir ki, rus mətbuatı bizə qarşı qərəzli məlumat yayır. “Son iki ildən artıqdır ki, Mərkəzi mətbuat sayıb daha sanballı, daha nüfuzlu təbliğat vasitəsi hesab elədiyimiz və yazdığının “daşdan keçənliyinə” yəqinlik hasil etdiyimiz “Pravda”, “İzvestiya”, “Literaturnaya qazeta”, “Krasnaya zvezda”nın Azərbaycanla bağlı ürəksiz, soyuq, bəzən ikrah, bəzən də lağ, istehza işartıları açıq-aydın hiss olunan məqalələrini oxuduqca, “Zaman” xəbərlər verilişinə baxdıqca həm içində qovrulur, həm öz SSR Vətəninin bir parça torpağına bu cür ögey-doğmalıq istər-istəməz səndə ümumi Vətən hisslərini öldürür,həm də 70 ildir ki, saf bildiyimiz bir xalqın bu cür jurnalist oğullarının belə riyakar və ikiüzlüyü sənin başından elə bil bir qazan qaynar su tökür. Axı mətbuat işçisi lap münasibətimiz pis olan hər hansı bir xarici ölkədən də yazanda faktları təhrif etməməli, öz qələminə, jurnalist məfkurəsinə, nəhayət bir şəxsiyyət kimi həqiqət adlı müqəddəs bir mənəvi sərvətə ehtiramla yanaşmağı bacarmalıdır. Lakin çox təəssüf… Mən bu yazımda, “Literaturnaya qazeta”nın 7 fevral tarixli nömrəsində dərc olunmuş “Baku do i posle prikaza” məqaləsi haqqında öz rəyimi bildirmək istəyirəm. Müəllifi Andrey Krujilindir. Yazının ümumi ruhundan xəbərdar olmaq üçün onun sərlövhəsinə diqqət yetirmək kifayət edər. Müəllifə görə ordu Bakıya gəlməmişdən qabaq bura dünyanın ən hərc-mərclik yuvası imiş, Sovet hökuməti yıxılıbmış, hamı dönüb ekstremist, terrorçu olubmuş və ordunun buraya yeridilməsi dərdimizə ən yeganə məlhəm imiş. Müəllifin bu qənaəti bilavasitə onun məsələləri kökündən bilməməsi və cərəyan edən hadisələrə əvvəlcədən birtərəfli yanaşmasından irəli gəlir. Axı Bakıdakı son həyəcan (Dağlıq Qarabağ bir yana dursun) Şaumyan rayonunda, Xanların Kamo, Azad, Çaykənd yerlərində ermənilərin necə deyərlər gəmidə oturub gəmiçiylə dava etməsi, Azərbaycan respublikasının nəinki suveren hüquqlarına hörmətsizliyi, eləcə də bu xalqın şərəfinə, milli hisslərinə meydan oxuması ilə bağlı idi. Bir şey də qəribədir, vaxtilə A.Volski, bizi siyasi cəhətdən naşı adlandırırdı, indi də A.Kurujilin bizi liberal, kor hesab edir. Biz kor deyilik, həqiqəti günəş kimi görürük. Ancaq sizin kimi əlinə qələm alanlar kor yapalaq kimi günəşdən qorxub ağa qara deyirsiniz. Lakin unutmayın, “haqqın da əyilməz qolu, dönməz üzü vardır.” “Şeytan yuvaları yaxud erməni mətbuatının uydurmaları” Rövşən Vəliyev: “Ətrafımızı bürüyən şübhələrdən, yaranmış ziddiyyət və uçurumlardan ideoloji düşmənlərimiz, xüsusən Qərb mətbuatı və kütləvi məlumat vasitələri geniş və istədikləri tərzdə istifadə edirlər. Necə deyərlər, bu hadisələrin gedişində düşmən tərəf həmişə ümidləri, közü el tərəfinə çəkir. O da təəssüf doğurur ki, bəzilərimiz hətta bu axına qoşulmaqdan da çəkinmirik. Belə olanda şübhəsiz, qurunun oduna yaş da yanır. Dağlıq Qarabağ hadisələrini nə unutmaq olur, nə də biganə qalmaq. Bütün bəlaların düyünləri də məhz, Dağlıq Qarabağın ətrafında və mərkəzində baş verən hadisələr zamanı açılır. Həmin hadisələrin ilk aylarını müşahidə edən Qərb jurnalistləri belə bir ssenarinin mətnini xatırladırlar: “Qarabağ hadisələri əvvəlcədən düşünülmüş və hazırlanmış plan əsasında baş verdi. Fikrimizcə, bədbəxt hadisələr vilayətə rəhbərlik edən Boris Sarkisoviçik Gevorkovun adı ilə bağlıdır. Onu da qeyd edək ki, Qərbdə Azərbaycanı öyrənən səkkiz yeni müxtəlif mərkəz yaradılıb. Yaponiyada, Almaniya federativ Respublikasında, Amerikada, Fransada açılmış bu təxribat mərkəzlərinin məqsədi də aydındır: Sovet azərbaycanını bütövlükdə tədqiq etmək, onun ədəbiyyat və tarixini, adət və ənənəsini saf-çürük etmək, tarixən qədim inqilabi ənənələrini saxtalaşdırmaq.” “Bakı hadisələri xarici mətbuatda” adlı daha bir məqalənin müəllifi tarix elmləri doktoru, professorYaqub Mahmudovdur. Əməkdar müəllim Mirhaşım Talışlının “Yalan ayaq tutar yeriməz” məqaləsində Erməni alimi Vartan Qriqoryannın talış milləti ilə azərbaycanlıların qarşı-qarşıya qoyulması pislənilir. “Milli Azərbaycan hərəkatı” Akademik Ziya Bünyadov. Mövsüm Vəliyev. Tarixdən 1905-1911, 1917-ci illər hadisələri vərəqlənir, 1918-ci ildə mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan olunması ilə başa çatır. Nəsib Nəsibzadənin “Azərbaycan Parlamenti” adlı məqaləsində 1918-ci ildə baş verən siyasi hadisələrdən bəhs olunur. Qəzet səhifəsində həmin hadisələri oxuyanda adamda azadlıq duyğuları baş qaldırır. “Azərbaycan hökuməti” məqaləsi, (“Azərbaycan hökumətinin tərkibi”nin siyahısı) “Vicdan komissiyasının sədri” Murtuz Sadıqovun “Rəsulzadənin ailə üzvlərinin taleyi”, Nəriman Əbdülrəhmanlının “Bir dəfə yüksələn bayraq” adlı Rəsulzadədən bəhs edən yazısı artıq milli özünəqayıdışın başlanğıcıdır. R.Rzanın Azərbaycan KP MK katibi C.Cəfərov yoldaşa məktubunda Azərbaycanda yer adlarının dəyişdirilməsindən şikayət var. Nəsib Ələkbərov atanın şəhid oğlu haqqında danışdıqlarını “Belimi bükdün” məqaləsində ipə-sapa düzüb.“20 Yanvar gecəsi”, (Hikmət Mahmudov)“Üç dostdan ikisi(K.Aslan və Elman Bədəlov),“Susmaq həmişə qızıldırmı?”(Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun rektoruZemfira Verdiyeva), “Cavabsız sual” (“Kəmərli xeyriyyə Cəmiyyəti İdarə heyyətinin sədri” Aslan Kəmərli), “Naxçıvanda dörd gün”(Aydın Uluxanlı)məqalələri vəİ.Əhmədovun “İz” hekayəsiağrılarımızın sözlə ifadəsidir. Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin əməkdaşları “Quldurlar” mətnində son dörd ayda Kəlbəcərdə şəhid olanların siyahısını veriblər.Güldəstənin yazısının mövzusu da adından bəllidir: “Məhəbbət ölüncə var” İlhamla Fərizə haqqında”. “Namərd gülləsi Bəhruza dəydi”, İnqilab imzalı “Ayıl ey, millət, ayıl” oxucu məktublarının, Almaz Binnətovanın “İgid Rüstəm-şəhid Rüstəm” və Xankəndindən Ramiz Məmmədzadənin “Bəsdir, Sero xanzodyan” yazılarının hər birində xalqın faciəsi əks olunub. Almaz Binnətovanın daha bir məqaləsində (“Qazax: torpaq namusumdur”)sakinlər danışdırılır,Qazaxdakı yurd yerlərindən, ermənilərin orda törətdiklərindən bəhs olunur. Qəzet o zamankı Azərbaycanı, mühiti, ab-havanı, siyasi hadisələri tam ehtiva edir. Bütün nömrələrdə 20 Yanvar faciəsi tez-tez xatırlanır. Lap əvvəldən Qarboçovun nitqindən başlayaraq son nömrəyədək oxuyanda böyük faciələrə doğru getdiyimiz bəlli olur. Müstəqillik, ana dili problemi və digər vacib mövzulara həsr edilən mətnlərlə zəngin olan qəzet vətənpərvərlik ruhu aşılayır. Təkcə bu qəzetin illik nömrələrini oxusaq, o illərdə nələr baş verdiyindən ətraflı məlumat ala bilərik. Şəhid fotoları. (H.Elnurun), “Hələ yara istidir”,“Şəhidlər bizim qəlbimizdədir”. (Ağəli Mansurzadə), “Sərhəd rayonlarımız”, Şəhidlər xiyabanı (fotolar), (Erməni quldurlarından alınmış silah şəkilləri) “Azərinform”un çap olunan iki kitab haqqında məlumatı. “Qara yanvar, Bakı – 1990 sənədlər və materiallar” “İki ildən bəri davam edən faciə, hadisələrin fotoxronikası” albomu “Azərinform”un jurnalistləritərəfindən hazırlanmışdır. “Qızıl qərənfillər” Zemfira Rzayeva 20 Yanvar hadisəsi haqqında: “Şəhidlərin qırxı verilən gün dəfn komissiyası öz işini bitmiş elan etdi. Amma nahaq. Komissiya heç olmasa şəhidlərin ilinə kimi işini davam etdirməli idi. Şəhidlər üçün ağlayırıq. Bəs itkin düşənlərin, yaralıların taleyi necə oldu?” “Yaralılardan birinin ərizəsini oxuyanda gözlərimə inanmadım. Ayağını və qolunu itirmiş yaralının vəziyyəti çox ağırdır. Həyat yoldaşı işləmir. Körpə uşaqları var. Özü də hara gedirsə eyni cavabı alır: “Kim sənə demişdi ora gedəsən?” Deməli, şəhidlər üçün ağlayır, Vətən yolunda öldükləri üçün onları qəhrəman adlandırırıq, sağ qalan yaralıları isə ekstremist.” Nizami Cəfərovun Gürgüstan təəssüratları, Dilarə Əliyevanın “Dərdimizə şərikdirlər” yazısı,Vəli Musayevin gürcü xalqına minnətdarlıq məqaləsi Gürcüstan-Azərbaycan əlaqələrinə həsr edilib. Dilarə Əliyevanın daha bir mətni də (“Ürək harayı, vicdan səsiylə”) Gürcüstan-Azərbaycan şəhidlərinə həsr olunub. Nəriman Baxışlı (Əliyev) isə “Dərdimiz birdir” adlı məqaləsində gürcülərlə gərgin münasibətdən yazır. “Beynəlmiləlçilik, yoxsa millətçilik?” Məqalədə dil məsələləri, milli şüurun formalaşması, xalqların birgəyaşayış qaydalarına, beynəlmiləlçilik, erməni həyasızlığı və s.mövzulara toxunulub. Müəlliflərfəlsəfə elmləri doktoru professoru Nurələm Mikayılov və fəlsəfə elmləri namizədi dosent Əlikram Tağıyevdir. “Səbr acı olsa da…” Atabala Hacıbabayevin (?) məqaləsi Bakı şəhər təcili yardım xəstəxanasında yatan Ermənistandan döyülüb təhqir olunaraq qovulan azərbaycanlılardan bəhs edir. Məqaləni oxuyanda adam dəhşətə gəlir. Faciədə itkin düşənlərin sonda Xızır İlyas kimi qayıdacaqlarına inamhissini Musa İsmayılsoylunun “İtkin düşən balam hey” məqaləsi oyadır. Valideyn harayını bu dəfə “Ağlar ana məktubu” adıyla Nəriman Həsənəliyevhazırlayıb. Mövzunun daim diqqətdə saxlanıldığı Əminə Tuncayın (Abbasova) “Şəhid anasıyla görüş” yazısından da bəllidir. Qərənfil Dünyamalıqızının “Gərək belə olmayaydı”, İntiqam Səmədovun “Vüsal Baxışov və Elşad İsmayılov haqqında” yazıları da eyni mövzudadır. “Qarabağ dərsləri” “Ləmbəli həsrəti” yenə soydaşlarımızın doğma yurdlarından qovulması haqqında. Qılman İsmayılov tarix elmləri namizədi. Səfalı Nəzərli Aprelin 27-də “Ümidlə gözləyirik” başlığıyla Gədəbəyin Şınıx kəndinin iqtisadi vəziyyəti ilə əlaqədar məktub dərc edilib. Məktubda Şınıxın boş, viran qaldığı bildirilir. Uşaqlığımı xatırladım. Müharibənin ağır havası bizi də az vurmadı. Təpəyə çıxıb atəşə tutulan kəndlərə baxıb ağlayırdıq.Ermənistanla sərhəddə yaşayan qohumlar kəndimizəüz tuturdular, onların qorxu və həyəcanları bizə də sirayət edirdi. 28 dekabrda Atabala İsmayıloğlunun “Şəhidlər, didərginlər” yazısı faciənin ildönümünün yaxınlaşmasından xəbər verir. 1991-ci ilin yanvar ayının 11-dən faciənin il dönümü iləbağlı yazılar görünməyə başlayır. Ağdam Dövlət Dram Teatrınıntəqaüddə olan aktrisası ilə söhbəti Yaqub Məmmədov“ Rollarım yuxuma girir” sərlövhəsilə qələmə alıb.Məqalə hazır olunca Ağdam şəhəri noyabr ayının 20-də işğaldan azad edildi.Erməni vandallarının dağıtdığı şəhərin yayılan görüntülərində sözügedən teatrın binasını xaraba vəziyyətdə gördük. Qələbə qazansaq da ehtiyatlı olmalıyıq. Erməni xisləti dəyişməyib. Havadarları da iş başındadırlar. Buna sübut olaraq xronologiyanı pozub qəzetdə ilk aylarda dərc edilən oxucu məktubunu sona keçirməli oluram. “Oxucu səsləri” Əşrəf İbrahimov: “Şəkidən S.Məmmədov yazır ki, nə üçün təzə qoşun hissəsi çağırmaq fikrinə düşmüşük? Yaxşı olardı ki, o qoşun torpağımıza gözünü dikənlərin respublikasına göndərilsin və orada sakitlik yaradılsın. Bir də qol gücünə yaradılan sakitliyin (Dağlıq Qarabağdakı) daimi olacağına kim təminat verə bilər?” Göründüyü kimi, bu gün də Qarabağa rus sülhməramlılarının gətirilməsi məsələsi müzakirə olunur.Faciələrimizin təkrarlanmaması üçün bu gün bu hadisəni tərəddüdlə qarşılayırıq.Xalq haqsız deyil, tarixdən dərs götürmüşük. Şuşanı əlbəyaxa döyüşlərlə azad etməyimiz Xocalını ovundura bilərmi? Otuz bir yaşlı 20 Yanvar faciəmiz yaşa dolduqcaçox şey dəyişdi, həqiqətisə yerindən tərpədə bilmədilər – Qarabağ Azərbaycandır! Nə vaxtsa kimsə məni kimi kitabxanalarda 2020-ci ilin dərgilərini axtaracaq. Qəzetlərin və yaxud jurnalların səhifələrində Azərbaycan xalqının 2020-ci il boyunca pandemiya dövründəki çətinliklərindən bəhs olunacaq. Araşdırmaçı isə daha çox bir mövzu üzərində dayanacaq – sentyabrın 27-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin başladığı müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Bu onu göstərdi ki, aləm koronavirusa dönsə də yaddan çıxmadı Qarabağ! Azərbaycan xalqı qırx dörd gün ərzində işğalda olan torpaqlarını düşmən tapdağından azad etdi.