KÜLƏK YAZIR YARPAQLARA ADIMI

KÜLƏK YAZIR YARPAQLARA ADIMI

Gecə keçir, yaddaşıma ay doğur,
Xatirələr kölgə-kölgə danışır.
Ürək susur, sükut dinir, söz sağır,
Qəlbimdəki sirri bəkə danışır?

Külək yazır yarpaqlara adımı,
Budaqlarda yelləndirir yel kimi.
Öz bəxtinə calaq edib adamı,
Sonra səpir küçələrə sel kimi.

Dünya sükut içindədir elə bil,
Ay da susur, ulduzlar da, külək də.
Yarpaqlar da küçələrlə dərdləşir,-
İşıqlar da mürgüləyir dirəkdə.

Bir gecəni qərq eləyib sükuta,
Tanrı özü dincəlməkmi istəyir?
Söz verilib insanlara bir buta,
Sükut sözə güc gəlməkmi istəyir?.

Müəllif: Müzəffər MƏZAHİM

MÜZƏFFƏR MƏZAHİMİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elxas Comərd yazır

SÖZÜN TALEYİNİ DAŞIYAN ŞAİR — ADİL CƏFAKEŞİN ƏDƏBİ PORTRETİ

Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə, burax!
Nizami Gəncəvi.

Söz hər kəs üçün danışıq vasitəsi ola bilər, amma şair üçün söz — tale məsuliyyətidir. Hər kəs söz deyər, lakin hər deyilən söz yaşaya bilməz. Sözün ölçüsünü bilmək, onun çəkisini daşımaq isə yalnız seçilmiş qələm sahiblərinə nəsib olur. Məhz bu baxımdan çağdaş Azərbaycan poeziyasında Adil Cəfakeş imzası ilə tanınan şairimiz sözə məsuliyyətlə yanaşan, sözü taleyin yükünə çevirən şair obrazı kimi seçilir…
Lap çoxdan istəyirdim ki, sözün dəyərini bilən, sözə və sözünün məsuliyyətinə daim uca yerdən baxan ustad şairlərimizdən olan — “Sarı Aşıq” Ədəbi Məclisinin rəhbəri Adil Cəfakeşin yaradıcılığına münasibətimi qələmə alım. Zaman-zaman onun şeirlərindən seçmələr də etmişəm. Amma nədənsə bu yazı həmişə “sonra”ya qalıb.
Bəlkə də insan taleyində yazılmış qismət kimi, edəcəyimizin, deyəcəyimizin və yazacağımızın da öz zamanı, “qismət vaxtı” var. Hər şeyin bizə etdirənin məsləhəti, buyruğu və vaxtı olduğuna inanaraq, bu gecikməni taleyin İlahinin bir səssiz razılığı kimi qəbul etdim.
Adil Cəfakeş mənim üçün poeziyanı ilahi səviyyədə dərk edən, sözlə düşünən, sözlə taleyini danışan bir şair obrazıdır.
Adil Cəfakeş poeziyada “deyən” yox, “düşünən” şairlərdəndir. Onun şeirləri oxunmur — yaşanır. O, sözü bəzək kimi yox, yük kimi daşıyır.
Sosial şəbəkələrdə dostluğumda olan çoxsaylı yaradıcı insan arasında onun poeziyası bir çox dostların yaradıcılıqı kimi xüsusi çəkisi ilə seçilir. Mükayıl Müşfiqin dediyi kimi: “Şairə ilhamdan maya gərəkdi” — bu həqiqəti Adil Cəfakeşin və digər bir çox şair dostlarımın hər misrasında aydın görmək mümkündür.
Bu gün Adil Cəfakeş yaradıcılığına müraciət edəcəm deyə onun şeirlərindən danışacam. Şairin, “SƏNIN GÜNAHLARIN SU GÜNAHLARI” şeiri bütün təşbehləri özündə cəmləyən, qısa, lakin son dərəcə dolğun bədii təsvirləri ilə seçilən, güclü fəlsəfi sevgi şeiridir. Viktor Hüqonun qənaəti ilə desək: “Gözəl ifadə gözəl fikri qoruyur” — bu şeir həmin fikrin canlı təsdiqidir.

Yenə sillələyir qar sifətimi,
Yenə kaman çalır külək saçımda.
Yazır ayaqlarım altımda səkkiz,
Yorulub əlimdə əl ağacım da.

Burada bədii simvolların dəqiq və yerində seçimi şeirin emosional yükünü artırır. Qar, külək, ayaqların “səkkiz” yazması, hətta əl ağacının yorulması — hamısı daxili gərginliyin, ruhi sarsıntının göstəricisidir.
Şairin yolu yalnız fiziki məsafə deyil, ruhi əzab yoludur.

Arxamca boylanıb qımışır həsrət,
Kür taleyim havalanıb qabaqda.
Çöllərə salmısan yetim eşqimi,
Edam hökmün saxlamısan nə vaxta?

Şair arxada qalan həsrətlə vidalaşıb, qarşıda onu gözləyən qaçılmaz “Kür taleyi”nə doğru gedir. Sevgisinin edam hökmünün nə vaxta saxlanıldığını bilmədən, yetim eşqinin onu çöllərə salmasını obrazlı şəkildə ifadə edir.

Batıb boğulmuşam dərinliyində,
Sənin günahların su günahları.
Heç bir zaman yuya bilməz suyu su,
Nəynən yuyacaqsan bu günahları?

Burada sevginin yaratdığı boğulma halı, günahın yuyulmazlığı və bağışlama ilə unudulma arasındakı fərq ustalıqla təqdim olunur. “Su” həm təmizlik rəmzi, həm də batma və boğulma bənzətməsidir. Günahın özü sudursa, onu yumağa artıq vasitə qalmır. Şairin “sən”i həm günahkar, həm də sevgi obyektidir. Burada ittiham yox, sual və təslimçilik var.

Şairin digər bir şeiri, “BİR YOLÇU SƏNDƏDİ, BİR YOLÇU MƏNDƏ” şeiri struktur, ideya və fəlsəfi bütövlüyü baxımından xüsusi yer tutur.

Qanadı dibindən kəsilən eşqin,
Bir suçu səndədi, bir suçu məndə.
Ortası dolaşıq kələfdi bu suç,
Bir ucu səndədi, bir ucu məndə.

Bu şeir ortaq günah və ortaq tale manifestidir. “Bir suçu – bir suçu”, “bir ucu – bir ucu” təkrarı ilə sevginin bölünmüş məsuliyyət modeli yaradılır.

Adəmin, Həvvanın nəvəsiyik biz,
Bu yolun kiridi, həvəsiyik biz.
Minilmiş bir ömrün dəvəsiyik biz,
Bir yolçu səndədi, bir yolçu məndə.

Adəm–Həvvaya istinad günahın ilkinliyini və insanın təbiətən səhv edən varlıq olduğunu xatırladır. Sevgi burada qurban axtarmır, məsuliyyəti bölür.

Ögey bir məhəbbət doğma kimidi,
Hər söz ağzımızda loxma kimdi.
Dünyamız darısqal daxma kimidi,
Bir küncü səndədi, bir küncü məndə.

Cəfakeş, etginən meyil, özün bax,
Çöküb diz üstünə, əyil, özün bax.
Məzarımız eyni deyil, özün bax,
Bir ölçü səndədi, bir ölçü məndə.

Final isə acı, amma real poetik həqiqəti ortaya qoyur: sevgi həyatda bölünür, ölümdə isə tam birləşmir.

Şairin, YAZIQ ÜRƏYİM”-şeiri, emosional və daxili monoloq, baxımından ən səmimi şeirdir.
Burada şairin “sən” müraciəti – insanın öz ürəyidir, şair özü özünə hökm oxuyur. Çünki, insan ürəyini ən çox öz sahibi incidər. Şair doğru olsraq, ürəyi – əsir, vəzir, sədaqətli qulluqçu kimi, özünü isə, istənilən insan, “mən” – şah, amma zalım şah obrazında verir.
Həmdə bu misrada, – “Mən hər gün bir kəsə vermişəm səni” – deməklə ürəyə nə qədər zülüm etdiyin göstərir. Yəni, hissləri satmaq, ürəyi dəyərsizləşdirmək, sevginin ucuzlaşması, yolun sonu, fani dünya,
özündən bezmə – bütün bunlar yorğun müdrikliyin səsidir.

Həmişə mən sənə əzab vermişəm,
Sənsən ki, dözürsən, yazıq ürəyim.
Sinəmin ən dərin quyusunda sən,
Əsirsən, yesirsən, yazıq ürəyim.

Hərdən bəhsəbəhsə vermişəm səni,
Gah zilə, gah pəsə vermirsən səni.
Mən hər gün bir kəsə vermişəm səni,
Nə ucuz “nəzirsən”, yazıq ürəyim.

Mən səni çox uzuz satmışam, baham
Mən səni göynədən, yandıran aham.
Mən sənin rəyinlə hökm edən
şaham,
Sən ali vəzirsən, yazıq ürəyim.

Mənzil başındayam, yol çatır sona,
Dünya da, həyat da fənadlr, fəna.
Adil Cəfakeşdən ta doyub cana,
Görürəm bezirsən, yazıq ürəyim.

Bu üç şeiri birləşdirən poetik silsilə günah – məsuliyyət – bölünmüş tale, sevgi ilə cəza arasındakı gərginlik, “mən”lə “sən”in qarşıdurması yox, ortaq günahı götürülməsi üzərində qurulmuşdur.
Şair heç yerdə özünü tam haqlı çıxarmır, bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Bu misra sevginin ucuzlaşmasını, hisslərin bazara çıxarılmasını sərt, amma dürüst şəkildə ifadə edir. Ürək əsirdir, şair isə hökm edən, lakin vicdan əzabı çəkən şahdır.
Final misralarında isə yolun sonu, fanilik və daxili yorğunluq var. Bu, üsyan deyil — qəbulun səsidir.
Adil Cəfakeş poeziyası texnikadan çox həyat təcrübəsinin məhsuludur.
Bunlar şairin yetkin poeziya düşüncəsinin, daxili məsuliyyətin və taleylə dialoqun məhsuludur.
O, özünü heç yerdə tam haqlı çıxarmır. Bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Adil Cəfakeş sözün ölçüsünü bilən, sözün taleyini daşıyan şairlərdəndir. Onun poeziyası oxucuya cavab vermir — sual verir. Və bəlkə də həqiqi poeziyanın əsas missiyası elə budur.

P. S. Bu kiçik yazımla dəyərli ustad şairmiz Adil Cəfakeşə yaradıcılıqında uğurlar diləməklə bərabər, ona, uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər arzulayıram.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın söz dünyasına səyahət – Günəşə doğru yolçuluq

“YOLUN SONUNDA GÜNƏŞ VAR”
(Zaur Ustacın öz dünyası, söz dünyası)
Zaur Ustacın “YOLUN SONUNDA GÜNƏŞ VAR” şeiri müasir Azərbaycan poeziyasında yol–insan–zaman üçbucağını həm poetik, həm də fəlsəfi-publisistik dərinliklə ifadə edən nümunələrdəndir. Bu mətn təkcə lirika deyil. O, oxucunu daxili hesabat verməyə, həyatın mənası üzərində düşünməyə dəvət edən bir çağırışdır.
Şeirin ilk misrasından aydın olur ki, söhbət adi bir fiziki yoldan getmir. Burada yol taleyin, seçimin, insanın özünə doğru hərəkətinin metaforasıdır:
“Bu yol özünə doğru
sakit bir irəliləyişdir.”

Müəllif yol anlayışını nə qaçış, nə də qayıdış kimi təqdim edir. Bu, insanın öz iç dünyasına, öz həqiqətinə doğru apardığı səssiz, amma qətiyyətli yürüşdür. Bu baxımdan şeir ekzistensial fəlsəfə ilə səsləşir: insan haradan gəldiyini deyil, kimə çevrildiyini anlamalıdır.
Günəş şeirdə təkcə təbiət hadisəsi deyil. O, mənəvi məqsədin, ümidin, saf niyyətin simvoludur. Maraqlıdır ki, Günəş yolun sonunda deyil, sanki yolun özündədir:
“Günəş dayanıb yerində,
üfüqün lap kənarında,
səni gözlər.”

Bu gözləmə passiv deyil. Günəş insanın hazır olub-olmamasını yoxlayır. Onun rəngi insanın əməlindən asılıdır – parlaq da ola bilər, solğun da. Bu misra müəllifin açıq publisistik mövqeyidir: işıq kənardan verilmir, qazanılır.
Payız şeirdə təsadüfi mövsüm seçimi deyil. Payız – hesab vaxtıdır. Yarpaqlar keçmişi təmsil edir, yolun “daş yaddaşı” isə kollektiv tarixdir:
“Bu yolun daş yaddaşında
neçə ananın gözləri,
neçə min ilin sözü var.”

Burada yol artıq milli yaddaşa çevrilir. Analıq göz yaşları, minillik söz – bu, xalqın keçdiyi əzablı, amma şərəfli tarixin poetik kodudur. Müəllif fərdi taleni ümummilli taleyin içində təqdim edir.
Şeirin ən güclü poetik cəhətlərindən biri təbiətin danışan subyektə çevrilməsidir. Külək xəbər yayır, qamışlar baş əyir, sükut danışır. Bu, klassik Şərq poetikasının müasir interpretasiyasıdır. Xüsusilə qamış obrazı sufi mətnlərini xatırladır:
“— Keç,
amma iz qoymadan yox,
ürək qoyaraq keç.”

Bu çağırış artıq poetik deyil, əxlaqi prinsipdir. Müəllif oxucuya deyir: iz buraxmaq kifayət deyil, ürək buraxmaq lazımdır.
Şeirin kulminasiya nöqtələrindən biri zamanla bağlı misralardır:
“ayağın altda
vaxt xırdalanır”

Bu obraz zamanın insan üzərində hökmranlığının qırıldığını göstərir. İnsan yola çevrildikcə qorxular azalır. Bu, daxili azadlığın poetik ifadəsidir. Qorxu gedir, məsuliyyət gəlir.
Şeir finalda açıq publisistik çağırışa çevrilir:
“Biz getməsək, adi yoldu,
biz gedəndə dünya olur”
Bu misralar Zaur Ustacın həm şair, həm də publisist kimliyini aydın göstərir. Burada oxucu passiv müşahidəçi deyil, məsuliyyət daşıyan subyektdir. Dünya hazır vəziyyətdə verilmir – insanın addımı ilə formalaşır.
“YOLUN SONUNDA GÜNƏŞ VAR” şeiri:
-fərdi mənəvi axtarışı,
-milli yaddaşı,
-fəlsəfi düşüncəni,
-publisistik məsuliyyəti
vahid poetik mətnə çevirən mükəmməl sənət nümunəsidir.
Zaur Ustac bu şeirlə oxucuya bir yol göstərmir, yolun özünə çevirir. Və bu yolun üstündə doğan Günəş nə sorğu-sual edir, nə də hökm verir – sadəcə işıq saçır. Çünki həqiqi işıq hara getdiyini soruşmaz.
Bu şeir müasir Azərbaycan ədəbiyyatında daxili oyanışın, sakit irəliləyişin və məsuliyyətli işığın poetik güzgüsü kimi dəyərləndirilməlidir.

Oxu: >>>Zaur Ustac – Yolun sonunda Günəş var

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Fəridə ƏFRUZ


Uzu-zu-zu-zu-u-un
yaşamaq istəyirsən,
özün əkdiyin ağaclardan da,
Uzu-zu-zu-zu-u-un
yaşamaq istəyirsən,
özün dediyin nəğmələrdən də,
Uzu-zu-zu-zu-u-un
yaşamaq istəyirsən,
özün tikdiyin binalardan da,
Amma,
əsla və əsla,
uzu-u-un yaşamaq istəmirsən,

öz doğduğun övladlarindan!..


Düşkünlüyə qapılma, əzizim,
Günəşin batmağına var hələ,
Sən o cilvələnən şəfəqlərə bax,
Varlığında yanmaq istəyi var , hələ.

Düşkünlüyə qapılma, əzizim.
Üzümüzə gülümsəyən sabahlar,
Könül ovunduran gözəl ümid var,
Onu çox gözləmişik, əzizim.

Düşkünlüyə qapılma, əzizim.
Vaxtı çatdı- yaşamağın vaxtı,
Axı, biz də insanıq,əzizim,
“Xuda” dedik- səsimiz qayıtdı.

Dükünlüyə qapılma, əzizim.
Qismətdirsə bu qəribə sövdə,
Hər anımızı eşqə tapşırdıq,
Bundan sonrasına təvəkkül elə.

Fəridə ƏFRUZ,
şairə, tərcüməçi
Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi, Özbəkistan Yazarlar Birliyi sədrinin müavini.

Tərcümə: Cahangir NAMAZOV

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏLİMDƏ QALAN İZLƏR

ƏLİMDƏ QALAN İZLƏR

(esse)

Yaşadığımız bu dünyanın — bu möhtəşəm kainatın — hər yerində ağaclar, dağlar, çiçəklər var. Amma doğulub böyüdüyümüz torpaq, vətən torpağı tamam başqadır. O torpaq içimizdə bir nəfəsdir — ondan ayrı düşəndə ruhumuzun bir parçası sanki susur.
Həyatın ən dərin izləri bəzən bir ləçəkdə, bir qoxuda, bir səsdə gizlənir.
Laçın işğaldan yenicə azad olunmuşdu. O vaxt həmin torpaqlara yalnız həkimlər, təsərrüfat işçiləri və xüsusi müxbirlər gedə bilirdilər. Elə həmin günlərdə iş yoldaşım mənə elə bir hədiyyə verdi ki, bu hədiyyə ömürlük qəlbimdə iz qoydu: su, kəklikotu və torpaq.
Suyu qaynadıb, Laçından gələn o kəklikotunu dəmlədim. Su buxarlandı, kəklikotu yumşaldı, qoxusu otağa yayıldı…

O qoxu əllərimə hopdu — sanki vətən barmaqlarıma toxundu.
Səssiz bir salam idi, uzaq dağlardan gələn bir nəfəs kimi.Sonra bir doğmam Laçından çiçəklər və alma gətirdi. Uşaqlığım gəlib gözlərimin önündə dayandı.
Dəcəlliyimdən və ya sadəcə xoşuma gəldiyindən yığdığım o çiçəklər…Yetişməsini gözləmədən dərdiyim meyvələr…
Şuşadan gətirilən şam ağacının budağını əlimə götürəndə də eyni duyğunu yaşadım — sanki o torpaq insanı tanıyır, qoxusu ilə qucaqlayırdı.
İllər sonra özüm də Laçıma qovuşdum. Bir zamanlar lalə yığarkən yaşadığım hiss yenidən içimdə oyandı.
Əlimdə qırmızı rəng qalmışdı — lalənin özü yox, sadəcə izi… O an anlamışdım ki, bəzən ən gözəl şeylər biz toxunan kimi solur.
Bəzi anlar isə lalə kimi ruhumuza ilişib qalır — rəngsiz, amma dərin.
Sonralar yenə lalə dərdikcə lalənin izi qaldı əlimdə.
Amma bu dəfə başqa iz idi — ruhuma hopan görünməz izlərin yanına əlavə olunan, görünən bir xatirə.
44 günlük Vətən müharibəsində Qələbə üçün hər kəs əlindən gələni etdi.

Bu gün biz də Laçınımızda həmin Qələbənin ruhunu yaşatmaq, əhaliyə xidmət göstərmək üçün əlimizdən gələni edirik.

Müəllif: Natəvan Uğurlu

Natəvan Uğurlunun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ziyodulla HƏMİDULLAYEV – ƏSL SƏNƏT ÖLMƏYİR

ƏSL SƏNƏT ÖLMƏYİR
Özbək sənəti uzun müddətdir ki, öz gözəlliyi ilə dünyanın hər yerində hər kəsi valeh edir. Həqiqətən də, Özbəkistan torpağından gələn xofizlər və müğənnilər böyük bir miras qoyublar. Üstəlik, onların yolunu tələbələri davam etdirir. Sevimli sənətkarımız, Özbəkistan və Qaraqalpaqstan Xalq Artisti, Xeyrulla Lütfullayev 80 yaşını qeyd edir. Ustad müğənni uzun illər “Bahor” dövlət rəqs ansamblında çalışıb. Hazırda Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda milli xanəndəlik istiqamətində tələbələrə dərs deyir.

– Uşaqlığınız necə keçib?
– Mən Daşkəndin mərkəzindən, Eski Juvanın 200-300 metr aralıda, Saqbon küçəsində doğulub böyümüşəm. Məktəbdən boş vaxtlarımızı, xüsusən də yay tətilində qonşularımız, sinif yoldaşlarımız və həmyaşıdlarımızla onların hasarlarında keçirirdik. O vaxtlar onların damları qalaydan deyil, gildən idi. Məsələn, məhəllədə kimsə evlənsəydi, binanın tikintisi üçün hasar təşkil olunurdu. Palçıq tökmək, suvaq çəkmək və yuyulmuş paltarları boşaltmaq üçün quyu qazmaq kimi işlərdə iştirak edirdik.
Ailəmiz əl işləri ilə məşğul idi və atam və əmim məhsi, kavuş və çəkmələr tikirdilər. Əmim otağında klassik sənətkarlarımızın mahnılarını oxuyar və məhsi-kavuş tikirdi. Mən də bu prosesi izləyirdim. Bəlkə də bu, sənətə olan sevgimin səbəbi idi… Evdə kiçik bir radiomuz var idi. Məmurjon Uzaqov və Komiljon Otaniyozov kimi Fərqanə və Xorazm sənət ustalarının mahnılarını dinləyərək böyüdük.

-Sizin dövründə sənətə qarşı çıxma halları tez-tez olurdu. Sənətkar kimi necə inkişaf etdiniz?
-Ailəmizin sənətə hörməti var idi. Əmimin oğlu Nurulla küçəyə səsgücləndirici quraşdırmışdı. Ustad sənətkarların mahnıları həmin səsgücləndiricidən eşidilirdi. Öz gözlərimlə görürdüm ki, atam mahnıları dinləyir və orada oturub onların melodiyaları ilə yellənirdi. Həqiqətən də, o dövrün mahnıları çox mənalı, düşündürücü və xeyirxahlığa çağıran bir ideyaya malik idi. Nəvai, Cami, Füzuli və Ogahi kimi klassik şairlərimizin şeirlərində ilahi güc var idi. Buna baxmayaraq, onlar yenə də mənim sənətkar olmağıma qarşı idilər. Təkcə bizim ailəmiz deyil, bir çox özbək ailələri də sənətkarlığa mənfi baxırdılar. Amma o dövrün sənətkarları pul qazanmaq üçün oxumurdular. Onların məqsədi istedadlarını ictimaiyyətə nümayiş etdirmək idi. Hər şey ilk növbədə Allahdan gəlir. Əgər insan başqalarına yoluxdurmursa, o, musiqiçi və ya müğənni ola bilməz. Yaradan mənə bu istedadı verdiyi üçün mən onu tərk edib bu yola getmədim. Bacım Rəna popop fabrikində işləyirdi. Bacıma yalvardıqdan sonra mənə 10 mənətə rübab verdilər. Səhərdən axşama qədər, atam evə gələnə qədər rübab çalırdım. “Yaxşı, otur, səliqəyə sal, atan gəlir”, – deyə anam deyərdi.
Məktəbdə və məhəllədə istedadımla tanınmağa başlayanda insanlar məni toylara, sünnət toylarına və qadın məclislərinə dəvət edirdilər. Bir gün məni mütləq böyük bir mərasimə apardılar və oxumağımı əmr etdilər. Atam da həmin mərasimdə keçirilən “yerkökü kəsimi”ndə iştirak edirdi. Onda atam səsimi eşitdi. Alqışlar və təriflər səsləndi. Məndən on yaş böyük və savadlı bir adam olan Şəribulla qardaşıma dedi: “Şəribulla, dünən qardaşın filankəsin evində oxudu. Səsi çox yaxşıdır.” Bu, atamın razılıq əlaməti idi. Bu hadisəyə görə o, mənim sənətçi olmağıma etiraz etməyi dayandırdı. Sonra Həmzə Musiqi Akademiyasına daxil oldum.
Universitetin ikinci kursunda oxuyanda hərbi xidmətə çağırıldım. 1964-cü ildən 1967-ci ilə qədər indiki Sankt-Peterburqdan 40 km aralıda yerləşən Qatçina bölgəsində hərbi orkestrdə xidmət etdim. Orkestrin xor üzvü olaraq xor dirijorumuz səslərimizi inkişaf etdirdi. O, bizə səslərimizdən necə istifadə etməyi, yorulmadan necə oxumağı və hansı hərflərin ən yaxşı səsləndiyini öyrətdi. Bunlar səsimin inkişafına kömək etdi. Akademik karyera qurmaq əvəzinə milli müğənnilik sahəsini seçdim.

– Mükərrəmə Turqunbayeva ilə işləmisiniz və birlikdə bir çox sınaqlardan keçmisiniz. Mükərrəmənin hansı cəhətlərini xatırlayırsınız?

– Hərbi xidmətdən qayıtdıqdan sonra Mükərrəmə Turqunbayeva məni “Bahor” ansamblına dəvət etdi. Mükərrəmənin insani keyfiyyətlərini xatırlamağa dəyər. İndiyə qədər nəyə nail olmuşamsa, Mükərrə xanımin zəhməti hər şeyin mərkəzindədir. Xanım yeddi yaşından yetmiş yaşına qədər hər kəsə, gəncə və qocaya kömək etməyə can atırdı. İstər işdə, istərsə də küçədə olsun, o, hər kəsə sevən bir ana kimi qayğı göstərirdi. Müəllimimiz Bəxtiyar Yuldaşevin vəfatından sonra “Tanovor” mahnısını oxuyan mən oldum. Konsertdə bir çox insan Mükərrəmə xanımin “Tanovor” mahnısına rəqs etməsini gözləyirdi.
“Tanovor” müəllim Babarəhim Mirzəyevin dövründə ifa olunmağa başladı. Rəhmətli Təvəkkəl Qədirovun ifası da xüsusi idi. Onun ifasında kədəri və ağrını hiss etmək olar.
Ümumiyyətlə, hər sənətkarın öz ürəyi, düşüncəsi və ağrısı var. Mükərrəmə xanimin yerişindən, əl hərəkətlərindən və baxışlarından zövq alaraq oxuyurdum.
İndiyə qədər “Tanovor”u harada ifa etsəm də, kimin rəqs etməsindən asılı olmayaraq, Mükərrəmə Turqunbayeva ağlımda peyda olur. Bu anda ürəyimdə daxili bir ehtiras oyanır. Bu, ifamda və gözlərimdə hiss olunur.

– Sənətkar üçün ən vacib şey səsdir. Səsimi yaxşı saxlamaq üçün nə etmək lazim?
– 1970-ci illərdə tanınmağa başladım. Böyük bir deleqatsiya ilə Suriya və Livana səyahətə çıxdım. Küçə çox isti idi, otellər isə mərmərdən idi, ona görə də içəridə sərinlik var idi. O vaxt soyuqdəymə keçirdim. Banan və mandarin yedim, səsim xırıltılı idi. 2 ay oxuya bilmədim. Böyük konsertlərə və toylara çoxlu dəvətnamələr aldım. Amma səsim işləmirdi. 24 gün 1-ci şəhər xəstəxanasında müalicə aldım. 15 gün səsimi və oxuma gammalarını tənzimlədikdən sonra səsim normallaşdı. Bundan sonra səsimi itirəcəyimdən qorxdum, ona görə də buzlu su içmədim və ədviyyatlı yemək yemədim. Həmçinin, müəllimlərimizin dediyi kimi, insan rahat yatsa, səsi də yaxşı olar.

Bu gün Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda dərs deyirəm. 17 tələbəm var. Komiljon Otaniyozov, Ma’murjon Uzaqov, Fəxrəddin Umarov, Nuriddin Hamrokulov və Joraxon Rəhimov kimi sənətkarların mahnılarının siyahısını və audio yazılarını toplamışam. Tələbələrimizin bəzilərinin tenor səsi, digərlərinin bas səsi var. Vokal diapazonuna görə mahnılar öyrədirəm.
Sənətkar xalqa laqeyd qalmadan xidmət etməlidir. Xalq qərəzsiz qiymət verə bilər. Dinləyicilərin qəlbinə yol tapa bilən bir mahnı oxuya bilən sənətkar, şübhəsiz ki, xeyir-dua alacaq. Buna görə də, axtarışlarımızı heç vaxt dayandırmamalıyıq.

Söhbətləşdi: Ziyodulla Həmidullayev,
Əlişir Nəvai adına Daşkənd dövlət özbək dili və ədəbiyyatı universitetin tələbəsi.

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – SƏHƏR-SƏHƏR

SƏHƏR-SƏHƏR

Oyan qəflətdən, ey dostum,
Haqqa şükr et səhər-səhər.
Dolan üzdə gülümsəmə,
İslan, quru şəhər-şəhər.

Bağ içrə oxusa bülbül,
Naz eyləsə bülbülə gül,
Haqq deməkdən qurusa dil,
Ömür olar bəhər-bəhər.

Kədərin yığısa çin-çin,
Sev yenə də, Haqqı sev ki…
Qəlbini yandırsa sevgi,
Eşq iç üstən qəhər-qəhər.

Dünya dayanacaq deyil,
Dolaşma da veyil-veyil,
Qır dizini, Haqqa əyil,
Get Özünə təhər-təhər.


Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Nazlı ananın anadan olduğu gündür

Nazlı ana

Bu gün Həsən Mirzə kimi böyük bir ziyalının bacısı, dövlətçiliyimizin qorunması‚ ölkəmizin milli maraqlarının təmin olunması yolunda əzmlə, yorulmadan çalışan vətənpərvər və ləyaqətli övladlar böyütmüş Nazlı ananın anadan olduğu gündür.

Nazlı ana müqəddəs ANA obrazının rəmzidir.
Dərələyəz mahalında dünyaya göz açmış, ürəyi xeyirxahlıq və mərhəmət hissi ilə zəngin, zəhmətkeş, humanist, dili bayatılı, hər sözü hikmət dolu, nümunəvi ana, Vətən həsrətli Nazlı anamız daima yaddaşlarda yaşayacaqdır.

“Gəlibdir Həqdən laylası,
Sözü də Nazlı Ananın.
Hifz edəcəkdir duası
Bizi də Nazlı Ananın.

Boylanır Cənnətdən bizə,
Nur baxışı bir möcüzə,
Qovuşub Dərələyəzə
Ruhu da Nazlı Ananın”…

Mahirə Nağıqızı Nazlı ana

Nazlı ananı böyük hörmət və ehtiramla yad edir və Allahdan rəhmət diləyirik.
Məkanın Cənnət olsun, Nazlı ana!

ADPU-nin Filologiya Fakültəsi


YAZARLAR.AZ

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

O, BİR “75”

SƏKSƏN BİRİNCİ YAZI

O, BİR “75”
(Namiq Hacıheydərlinin yaradıcılığı)
Salam olsun, çox dəyərli oxucum! Notbukumu açıb, yazı masamı iş üçün hazırlayanda fikrim Cekinin (Cek London) “Ağ diş”i haqqında yazmaq idi. Ümumiyyətlə yanvar ayı gələndə fikrimdə ancaq yazıçılar assosiasiya edir. Bu dəfə də qəfil rəhmətlik Namiq Hacıheydərlini xatırladım və avtomatik olaraq mövzu dəyişdi.
    Müasir Azərbaycan poeziyasında elə sənətkarlar var ki, (Namiq çoxdan bizi tərk etsə də onun, həmçinin Qənirə Paşayevanın yoxluğuna inanmaq olmur. Onlar haqqında keçmiş zamanda danışa, yaza bilmirəm) onların yaradıcılığı təkcə estetik zövq formalaşdırmır, həm də milli yaddaşı oyadır, mənəvi məsuliyyəti diri saxlayır, oxucunu düşünməyə vadar edir, sorğu-suala çəkir. Tanınmış şair, fikir adamı Namiq Hacıheydərli məhz bu cür söz adamlarındandır. Onun poeziyası bir tərəfdən klassik türk–Azərbaycan şeir ənənəsinə söykənir, digər tərəfdən müasir insanın ağrılarını, qorxularını, ümidlərini cəsarətlə ifadə edir.
QISA ARAYIŞ
1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulan Namiq Hacıheydərli həyatın içindən gələn, xalqın dərdini-sözünü bilavasitə yaşayan bir şair kimi formalaşıb. Filologiya təhsili (N. Tusi adına ADPU) onun sözə münasibətini elmi əsaslarla möhkəmləndirsə də, poeziyasının əsas qaynağı xalq ruhu, torpaq yaddaşı və milli kimlikdir.
1999-cu ildə yaratdığı “Dan yeri” Ədəbi Birliyi, sonralar Muğan bölgəsində ədəbi mühitin canlanmasında mühüm rol oynayıb. Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri kimi fəaliyyəti, türk dünyası ilə bağlı təşəbbüsləri, beynəlxalq tədbirlərdə iştirakı onun yalnız şair deyil, həm də ictimai–mənəvi lider olduğunu təsdiqləyir.
Namiq Hacıheydərli poeziyasında aparıcı xətt ruh anlayışıdır. Onun məşhur “Ruhumuz ucadır” ifadəsi təsadüfi deyil. Bu poeziyada insanın cismani varlığından çox, ilahi mənşəyi, mənəvi ucalığı ön plana çəkilir. Şair üçün insan – torpaqla göy arasında bir körpüdür (eyni adlı şeirindən):
“Ruhumuz ucadır, yerlərə sinməz,
Nadanlar nə bilsin Ulu Tanrının
Uca yaratdığı göylərdən enməz…”

Bu misralar Namiq Hacıheydərlinin poetik kredosudur: insan alçala bilər, cəmiyyət korlana bilər, amma ruh əyilməməlidir.
Şairin sevgi şeirləri sırf romantik duyğuların ifadəsi deyil. “Sən mənim kimimsən?”, “Sən hardan alırsan bu gözəlliyi?”, “Yadıma sən düşürsən” kimi şeirlərdə sevgi ruhi qohumluq, kosmik yaxınlıq, ilahi bağ səviyyəsinə yüksəlir. Burada sevgili – bəzən qadın, bəzən Vətən, bəzən Tanrıya aparan yoldur:
“Bir kökdən yaranmasaq da,
Ruhumuz bir kökdən boy atmış…”

Bu yanaşma klassik sufizmlə müasir poetik düşüncənin vəhdətidir.
Namiq Hacıheydərli təkcə lirika şairi deyil, o, həm də zamanın vicdanı kimi çıxış edir. “Göylər deyir ki”, “Tanrıya səsləniş”, “Kişilər var idi” kimi mətnlərdə şair cəmiyyətə, ədalətsizliyə, ikili standartlara, mənəvi aşınmaya qarşı sərt mövqe tutur.
“Tanrıya səsləniş” şeiri çağdaş poeziyada nadir rast gəlinən fəlsəfi–publisistik monoloqdur. Burada şair Tanrı ilə polemikaya girir, amma bu üsyan yox, insanlıq adına edilən yalvarışdır. O, Tanrını sual altına almır, insanın məsuliyyətsizliyini ifşa edir.
Şairin “Bəyan” adlı şeiri onun yaradıcılığında xüsusi yer tutur. Bu əsər poetik mətn olmaqla yanaşı, metafizik manifest təsiri bağışlayır. Burada türk mifologiyası, dini tarix, fəlsəfi konsepsiyalar və poetik iddia birləşir. “Biz” anlayışı fərdi mənlikdən çıxaraq kollektiv şüura, ilkin yaddaşa çevrilir.
Bu cür mətnlər Namiq Hacıheydərlinin sırf emosional yox, konseptual şair olduğunu göstərir.
“Ey türk doğulan”, “Muğanın səsi”, “Yaralı Azərbaycan”, “Dağ Kolanı dastanı”, “Sözüm sənədi, Tanrım” və digər kitabları onun poeziyasının əsas istiqamətlərini – türkçülük, vətənpərvərlik, mənəviyyat, eşq və fəlsəfi düşüncə – sistemli şəkildə təqdim edir.
Onun şeirlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Hollandiya və digər ölkələrdə çap olunması, aldığı beynəlxalq mükafatlar (Şahmar Əkbərzadə adına mükafat, Türk dünyasına xidmət ödülləri) yaradıcılığının regional yox, ümumtürk miqyaslı olduğunu sübut edir.
Namiq Hacıheydərli Azərbaycan poeziyasında sözün məsuliyyətini daşıyan, ruhun ucalığını qoruyan, oxucunu təkcə duyğulandırmayan, həm də düşündürən şairlərdəndir. Onun poeziyası rahat oxunuş üçün deyil – oyanış üçündür. Bu yaradıcılıq bizə xatırladır ki, insanın ən böyük vəzifəsi ruhunu itirməməkdir.
O, öz sözləri ilə desək, hələ bu dünyada “nidada olan”, sual verən, cavab axtaran bir şairdir. Və bu suallar bitmədikcə, Namiq Hacıheydərlinin sözü də yaşayacaq.

Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Elə insanlar var ki, onlar sanki dünyanı xilas etmək üçün doğulurlar. Namiq Hacıheydərli məhz belə – hər iki dünyada öz missiyası olan böyük insanlardan biridir…

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Yolun sonunda Günəş var

YOLUN SONUNDA GÜNƏŞ VAR

Yolun sonunda Günəş var;
uca dağların başında,
pambıq buludlar qoynunda.
Rəngi əməlindən aslı;
parlaq olur, solğun olur…

Əgər, yol alsan payızda,
ilk salam, yarpaq səsidir;
şütüyüb keçər yanından,
ya da qalar ayaq altda.

Bu yolun daş yaddaşında
payızın barmaq izləri,
neçə ananın gözləri,
neçə min ilin sözü var.

Səni görən kimi külək,
qamışların dili ilə
haray salar, xəbər yayar,
hamı bilər;
sən gəlirsən…

Günəş dayanıb yerində,
üfüqün lap kənarında,
səni gözlər.
Kölgə susar, səni görməz.
İşıq görər, işıq gülər…

Sən davam et!
Heç aldırma;
vızıltıya,
sızıltıya,
uğultuya.

Sən davam etdikcə ayağın altda
vaxt xırdalanır,
yarpaqlar keçmişi
yumşaq səslə bağışlayır.
Hər addımda
sən daha az qorxursan,
daha çox yola çevrilirsən.

Bu yol
qaçış deyil,
qayıdış da yox!
Bu yol özünə doğru
sakit bir irəliləyişdir.
Sükut danışır,
sözlər kölgə salmır.

Qamışlar baş əyir:
— Keç,
amma iz qoymadan yox,
ürək qoyaraq keç.

Günəş doğur,
yalnız səmanın deyil,
sənin də yolunun üstünə.
Və sən anlayırsan:
işıq haradan gəldiyini soruşmur,
hara getdiyini də.

Yolumuza Günəş doğsun!
Yolumuza davam edək!
Biz getməsək, adi yoldu,
biz gedəndə dünya olur…

04.01.2026. Bakı .

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I