Şamsız Zəngəzurun qədim kəndidir

   Şamsız Zəngəzurun qədim kəndidir

    Şamsız (Dzorak) – Zəngəzur mahalının  qədim  tarixə  malik olan kəndlərindən biridir.
Şamsız  kəndi  Qafan – Gorus  yolunun  sağ  tərəfində  Ağbulaq,   Qurdqalaq  və  Şurnuxu  kəndlərinə  yaxın, meşənin içərisində, Daşbaşı – dağın ətəyində,   Gorus – Qafan yolu ilə Ağbulaq kəndi arasında yerləşir.

 Ata yurdum olan Şamsız kəndi Zəngəzur mahalının Gorus rayonuna aid olan beş azərbaycanlı   kəndindən   biridir.   Bu  kənd  ata  –   babalarımızın    bizə   qoyub getdiyi  ən  böyük  sərvətdi.  Qədim  tarixə  və  zəngin mədəniyyətə malikdir. Bu toponim  P. Zelinskinin  tədqiq  etdiyi  qeydlərdə  vardır. Q. Qeybullayev   o adın Qızılbaş tayfasından olduğunu qeyd etmişdir.  
 Kənddə 1897-ci ildə 124 nəfər,  1914- cü ildə 186 nəfər, 1916 –cı ildə  911 nəfər azərbaycanlı yaşamışdır. 1918 –ci ildə kəndin  əhalisi erməni quldur dəstələrinin hücumuna  məruz  qalaraq  kəndi tərk  etməyə  məcbur  olmuşlar.  Yalnız  indiki  Ermənistanda  sovet   hökuməti   qurulandan  sonra  sağ   qalanlar   tarixi   etnik torpaqlarına dönmüşlər . Burada  1926 – cı ildə  54  nəfər,  1931- ci ildə  52 nəfər, azərbaycanlı  yaşamışdır.  1949 – cu ilin  oktyabr  ayına  qədər  kəndin  26 evdən
( bəzi evlərdə 2- 3 ailə yaşayıb) ibarət  əhalisi  kənddən  çıxarılmış,  deportasiya  olunmuşdur.   Deportasiya   olunanlar   əsasən   Yevlağın   Malbinəsi,    Salahlı kəndlərində,  Bərdənin  Cijimli   kəndində   və   Ağdamda   məskunlaşmışlar.
 1941 – 1945 – ci  illərdə   Böyük   Vətən   müharibəsi   zamanı   şamsızlılarda müharibədə   iıtirak etmişdir. Onlardan 13 nəfəri müharibədən qayıtmış, 4 nəfəri isə qayıtmamışdır.
          1935 – ci   ildə   kənddə   “26 komissar” adına kolxoz qurulmuş, ibtidai sinif, klub, mağaza  1949- cu ilə qədər  fəaliyyət    göstərmişdir.  Deportasiyadan   bir neçə  il  sonra  vətən  həsrəti  ilə  yaşayan  şamsızlı  ailələrdən   bəziləri   Şamsız kəndinə qayıdıb və orada yaşamışlar. Lakin   kəndin kolxozu  Ağbulaq  kəndinin kolxozu  ilə  birləşdirildi.  Ferma   isə  Şamsız  kəndində  yerləşirdi.  İbtidai  sinif yenidən açıldı və 1974 –cü ilə qədər fəaliyyətini davam etdirdi. Mağaza isə bir evin zirzəmisində yerləşmişdir. 1988-ci ilə qədər fəaliyyət göstərmişdir.
1988- ci ildə isə kəndin əhalisi yenidən erməni təcavüzünə məruz qalaraq kəndi məcburən tərk etmişlər.
    
        Təbiətin bütün gözəlliklərini özündə əks etdirən Şamsız kəndini,  Ağbulağa gedən yol iki yerə ayırır.  El arasında yoldan yuxarıda olan hissəyə yuxarı məhlə, yoldan  aşağıda  olan  hissəyə  isə  aşağı  məhlə  deyilir.  Kənd   dağın   ətəyində, daşbaşının  altında  meşənin  içərisində  yerləşir.  Kəndin  toponimlərinə Yuxarı məhlə,  Aşağı məhlə,  Süleyman bulağı,  Ağ bulaq,  Xor-xor bulaq,  Soyuq bulaq, Ayna bulaq,  Xallava bulağı,  Qəhrəman bulağı,  Taxta körpü,  Daş körpü,  Qum dərəsi,  Sulu dərə,  Kəpəz dağı,   Daşbaşı,   Kaha,  Dəf  yalı,  Kotan yalı,  Üç ağac, Alçalıq,  Armudluq,  Almalıq,  Cilli  çəmən,  İsmayıl  çəmənliyi,   Şamolu  yurdu, Təpəsər və Biçənək daxildir.
        Kənd  sakinləri  deyirdilər ki, Qaçaq Nəbi dəstəsi ilə dağın başında yerləşən kahada gizlənirmiş.
1949 – cu ilə  deportasiyaya  məruz qalan,  vətən  həsrəti  ilə dünyadan köçmüş Şahsuvar Cəfərov yazdığı bayatılarında kəndə aid toponimlərin adlarını  çəkmiş dir.
                   
Şamsız bayatıları

 Əzizim Daşbaşına,                                           
Çıxaydım daş qaşına,                                        
Ordan hər yana baxıb,                                     
Güc verib göz yaşına.                                        

Əzizim Kəpəz qaldı,                                          
Baxmadıq Kəpəz qaldı                                      
O bahar köç eylədi                                             
Yurdunda Kəpəz qaldı.                                      

Əzizim Xor-xor bulaq,                                       
Dəf yalı, Xor-xor bulaq,                                     
Vətən erməniyə qaldı,                                        
Xorulda Xor-xorbulaq.                                         

Əzizim Ayna bulaq,                                              
Gözündən qayna bulaq,                                      
Elimiz köç eylədi,                                                   
Dərdimi söylə, bulaq.                                           

Əzizim Suludərə
Su vermə, sulu dərə
Vətən düşmənə qaldı
Qalasan quru, dərə.

Əzizim  Cərgədaşı
Tarixdir Cərgədaşı
Biz köçdük, sən qalırsan
Cərgələn , Cərgədaşı.

Əzizim Kotanyalı
Böyük yer, Kotan yalı
El köçdü, oba köçdü
Hər yanın qaldı xalı.

Əzizim Təpəsərdən
Yel əsdi mənə sərdən,
Mikoyan hiylə qurdu
Milləti etdi sərgən.


Əzizim Qanlı gədik                                                                    
Qədimdən Qanlı gədik                                          
Erməni qan axıtdı,                                                  
Sən qaldın qanlı, gədik.                                         

Əzizim ay Niyadar,                                                 
Hökumət Verdi qərar                                          
Elimiz köç eylədi                                                     
Yurdu qaldı tarimar.                                               

Əziziyəm boy otu                                                
 Kəklikotu, boyotu                                                  
Çayına mən həsrətəm                                             
Söyləyirəm bayatı.                                                   

Əzizim Qalaboynu,                                                    
Çay zəmi, Qala boynu,                                              
Rusun fitvası ilə                                                         
Erməni qurdu oynu.  

Əzizim ay bənövşə
Lalə, nərgiz, bənövşə
Biz köçdük, siz qaldınız
Bəzək vurun dağ döşə

Doyunca gəzim, meşə.
Əzizim uzun meşə
Bu dərdə dözüm meşə
Arzum budur səndə bir
Doyunca gəzim, meşə.

Əzizim zirə qaldı
Qantəpər, zirə qaldı
Şamsıza qayıtmağım
Qiyamət günə qaldı.

Əzizim div damları,
Daşdandır div damları
Şamsız xaraba qalıb
Yox imiş adamları.

Şamsız haqqında Təvəkkül Goruslu “Şamsız”,  kənd sakini Zərifə Əliyeva “Kəndimiz” adlı şeirlər, Qiyas Quliyev “Şamsızdan gələn köç” adlı əsər yazmışdır.
    I Qarabağ  döyüşləri  zamanı  Şamsızda  anadan  olmuş  Quliyev  Seymur Misir oğlu 02. 09. 1992 – ci ildə  Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəman
casına şəhid olmuşdur. Şamsız kəndində anadan olmuş orada böyümüş  1949 -cu ildə   deportasiya  olunan  1934 – cü  il  təvəllüdlü   mülki  şəxs   Əliyeva   Sürəyya Bayram qızı  Xocalı faciəsi zamanı şəhid olmuşdur.  Əslən Şamsız kəndindən olan daha  3  nəfər Qarabağ döyüşlərində şəhid olub, 6 nəfər isə müharibə Onlar döyüşlərdə iştirak edərək medallarla təltif edilmişdir.
Görkəmli alim, tex.e.d. professor Xansuvar Fərzəli oğlu Cəfərov, (Azərbaycan Milli Ensiklopediyasında adı var), Sosialist Əməyi Qəhrəmanı  Tamara Bəbir qızı Heydərova ( Azərbaycan Sovet Ensiklopediyasında adı var), Beynəlxalq dərəcəli hakim, Boks üzrə SSRİ idman ustası  Məmməd Fətəli oğlu Eyvazov(ibtidai sinfi Şamsızda, 8-ci sinfə qədər isə Ağbulaq kəndində oxuyub. Azərbaycan Milli Ensiklopediyasında adı var),  Şamsız kənd sakinləridir. Əslən Şamsızdan olan bir çox tanınmış şəxsiyyətlərdən biri də Filologiya elmləri doktoru, professor Zahid Xəlildir.
Şamsız kəndində 1988 –ci  ildə əhali kəndi tərk etməyə məcbur olmuşlar. Ermənilər Ağbulaq kəndindən olan Əsgərov Bərxudarı da qətlə yetirmişdilər.
Hələ 1944- cü ildə  Şamsiz kəndinin kolxoz sədri Sona Məmmədova (quçağında körpə uşağı), sovet sədri Adıgözəlov Usub və kəndin ibtidai sinif müəllimi İsa Quliyev  rayon mərkəzindən qayıdarkən taxta körpüdə erməni əsilli qaçaq Levon onların  qarşısını  kəsmiş  və  atəş  açmışdır.  Bu zaman  Sona Məmmədova atdan yıxılmış başından xəsarət almışdır. Qızı Zərqələm isə heç bir xəsarət almamışdır. Zərqələm hal –hazırda Yevlax şəhərində yaşayır.
Kənd ta qədimdən ermənilərin təcavüzünə  dəfələrlə məruz qalmışdır.
Qəbrista lıq  Gorus –Qafan yolundan kəndə tərəf döndükdən sonradaş körpüdən kənd  istiqamətində,  yolun  sağ tərəfində  150 – 200 m məsafədə dağın döşündə yerləşir. Qəbristanlıqda yeni məzarlarla yanaşı köhnə məzar da əhali tərəfindən qorunub   saxlanırdı.  Əhali   kəndi    tərk  etdikdən   sonra   məzarlar  ermənilər tərəfindən    dağıdılmışdır.  Hal – hazırda  peyk  vasitəsilə   baxdıqda  evlərin   də ermənilər tərəfindən dağıdıldığı aydın görünür. Kənddə yerləşən ferma binasının (kolxoz  birləşsə  də  ferma  Şamsız kəndində idi)   dağıdılmaması  aydın görünür. Fermanın   qarşısında   maşınların  olması  onu  göstərir  ki,  ermənilər  fermadan istifadə edirlər.
Vətən   həsrətilə   yaşayan  şamsızlılar  ümid   edirlər   ki,   tezliklə   dədə – baba torpaqlarına qayıdacaqlar. O günü səbirsizliklə gözləyirlər.


 Müəllif: İnarə Şahsuvar qızı Musayeva
Qərbi Azərbaycan Gorus rayon  icmasının üzvü

Şamsız Zəngəzurun qədim kəndidir PDF
 

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Şahin Həmidi – Bu qış gecəsinin yuxusu qaçıb

Bu qış gecəsinin yuxusu qaçıb

Aldım qadasını bu soyuq mehin,
Şaxtalı havanın sıxdım əlini.
Xoş gəldin çəmənə gecənin şehi,
Sən yaxşı bilirsən yerin dilini.

Hələ yuxudadır hər tərəf, hər yan,
Qaranlığı yora-yora gedirsən.
Dayan, ayaq saxla, ay sökülən dan,
Söylə, hardan gəlib, hara gedirsən?

Deyəsən zülmətin heç xoşu gəlmir
Küləyin sükütü pozan səsindən.
Şeytanın yoxdur ki, dini-imanı,
Dinləyib həz alsın azan səsindən.

Gecə yaddaşını heç saxlamayıb,
Elə bil qürbətdə qərib oxuyur.
Quşlar da dilini dinc saxlamayıb
Sübh çağı cəc-səsə verib oxuyur.

Vaxtın həyəcanı, duyğusu qaçıb,
Rahatlıq yol üçün bir oyun olub.
Bu qış gecəsinin yuxusu qaçıb
Gözəl bir səhərlə qol-boyun olub.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

            

“Otuzuncu vərəq” işıq üzü görüb – Təbrik edirik!

YAZILMAYAN MƏKTUBLARIN KİTABI
(“Otuzuncu vərəq” kitabına ön söz)

Adilə Aslanın poeziyası yazılanlardan çox, yazılmayanların yükünü daşıyır. Bu şeirlər məktub kimi qələmə alınır, amma göndərilmir; səssiz etiraflar, yarımçıq qalan cümlələr, içdə saxlanan suallar şəklində oxucuya çatır. Onun şeirləri uzun illərdir ədəbi saytlarda, mətbuatda dolaşır və oxucusunu tələsik deyil, səbirli şəkildə tapır. “Üşüyən şeirlər”, “Ləpələrin göz yaşı”, “Son görüş”, “Sənsən alınmaz qalam” kimi kitabları göstərir ki, bu poeziya təsadüfi duyğu partlayışlarından yox, davamlı daxili müşahidədən doğur. Payız, gecə, işıq və qaranlıq kimi obrazlar şairin daxili dünyasının, qadın taleyinin və psixoloji gərginliyin metaforalarıdır; o, ağrını bəzəmir, hissi olduğu kimi, sərt amma dürüst saxlayır.
“Otuzuncu vərəq”i oxuduqca bu qənaətə gəldim ki, o, heç həyata dair ümidlərini, şəxsi arzularını da şüara çevirmir, onlara səs-küy salmadan yol açır. Buna görə də, onun poeziyası yormur, insanı öz olduğu və olmalı olduğu halına qaytarır.
“Gəlmir” şeiri kitabın psixoloji yükünü açıq şəkildə ortaya qoyur. Burada insan öz hisslərini “ütüyə salmaq” istəyir, amma alınmır. Şeir iradə ilə hissin toqquşmasıdır.

Elə qarışıb ki, fikrim, qərarım,
Ha sığal çəkirəm, ütüyə gəlmir.
Qətləmi yetirim duyğularımı?
Neyləyim, əllərim tətiyə gəlmir.

…İlahi, baş qoydum soyuq qiblənə,
Qədər, qismətimlə təsliməm sənə,
As məni ruhumdan, yerbəyer elə,
Nə qədər Əzrayıl qapıya gəlmir…

Əllərin tətiyə gəlməməsi qorxaqlıq deyil, içində ağlı, inancı, ümidi ilə hələ də insan qalmağı bacaran adamın halıdır. Şeirin sonundakı Əzrayıl gözləntisi isə ölüm arzusundan çox, yaxasını buraxmayan həyatın yüküdür.

“Bənövşə” şeiri ana səsi, qadın təcrübəsi və həyat dərsinin sintezidir. Burada bənövşə bir çiçəkdən daha çox kövrək qadın obrazıdır.

…Aldanıb fəsilə, düşərsən qara,
Dünya sən gördüyün deyil, bənövşə.
Boynubükük görüb salarlar tora,
Nə güvən, nə də ki əyil, bənövşə.

…Çox qalıb bahara, çox qalıb yaza,
Kövrək qanadların düşər ayaza,
Yer vermə yanında ruhu dayaza,
Aman ha, salarsan meyil, bənövşə.

Şeir vaxtından tez böyüdülən qızlara ünvanlanıb. “Çox qalıb bahara, çox qalıb yaza” misrası burada həm bioloji, həm də psixoloji zamanın altını cızır. Şair demək istəyir ki, hər şeyin öz vaxtı var. Kövrək qanadların ayaza düşməsi erkən məsuliyyətin, yarımçıq uşaqlığın, vaxtsız qadınlaşmanın və ya qadınlaşdırılmanın metaforasıdır. “Ruhu dayaz”lar burada bir az da bu prosesi sürətləndirən mühitə işarədir. Yeniyetmə qızlar üzərində təzyiq yaradan, onları tələsdirən, aldadan mühitə qarşı işlənmiş ifadədir. Şairin “Aman ha” deyə xəbərdarlıq etməsi artıq fərdi duyğu yox, ictimai həyəcan siqnalıdır. Bu misralar göstərir ki, qadın olmaq tələsik keçilən mərhələ deyil, vaxtsız yaşanan hər bahar sonradan həyatın uzun, bəzən də heç bitməyən qışına çevrilə bilər.
Adilə Aslanın bəzi şeirləri sualla başlayır və cavabsız qalır. “Heç sevgi şeiri yazmısanmı, qız” sanki bir etirafın sorğusudur. Burada romantik sevgi hissi yoxdur, duyğular imtahan kimi təqdim olunur. Sevgi obraz üçün ağrı-acıdandan keçib-keçmədiyini ölçən bir tərəzidir.
Qəbir daşları, ruhların göz yaşları, qarğışlar və s. sevginin ucuz olmadığını göstərir. Şeir sual verir, amma bu sual əslində müəllifin özünə yönəlir.

…Təbib gəzmisənmi, ruhun “ölən”də?
Həsrət dilim-dilim səni böləndə,
Nəmli biləyinlə gözün siləndə,
Biraz da içinə sızmısanmı, qız?!

…Nə sən deyən deyil, nə də mən deyən,
Zamanın təkəri deyil ləngiyən,
Sən ki o deyilsən, dönən, təngiyən,
Uzat əllərini, buzmusanmı, qız?!

Bəndlərin son misralarındakı sual-təzyiq bir sınaq kimi qurulur. Burada şair qızı sınağa çəkir, onun dözümlülüyünü, hisslərini ölçür. Bu məqam birbaşa “Dədə Qorqud” filmindəki Beyrəyin nişanlısını sınaması səhnəsini xatırladır. Şair sualla həm sarsıdır, həm də qadının özünü kəşf etməsinə imkan yaradır; bu suallar sadəcə səsləndirilmir, mətnin içində ruhu titrədən mənəvi rezonansa çevrilir.
Kitaba ümumilikdə nəzər salsaq görərik ki, əksər şeirlərin mərkəzində bir obraz dayanır: darıxan, inciyən, yorulan, bəzən şıltaqlaşan, bəzən də üsyan edən dəli bir qız. O qız məktub yazır, amma göndərmir, qatar gözləyir, amma minmir, sevgini düşünür, amma adını da çəkmir. Çünki bu kitabda əsas olan qoyulan problemin, işlənən məsələnin həlli deyil, sadəcə yaşanılan haldır.

Adilə Aslanın poeziyası sevinc, kədər, ümid, yol, təcrübə və duyğunun transformasiyası ilə bağlı çoxşaxəli səslərdən ibarətdir. Oxuculara dəfələrlə düşünmək, hiss etmək və yenidən qayıtmaq hissi verir ki, bu da poeziyanın yaşayan, dəyişən ruhunu göstərir. Belə ki, kitab yalnız iç dünyanı deyil, ictimai, siyasi və sosial sınaqları da əks etdirir. “Qarğa və bülbül”, “Eşşəyin arzusu”, “Kaftar və Ceyran”, “Qurbağa və Qu quşu” adlı təmsillər bunun üçün əla vasitədir. Məsələn, “Kaftar və Ceyran” xarakterləri, vəzifə sahiblərini, bəzi üzdəiraq məmurların məsuliyyət və zorakılığını simvolizə edir. Kaftarın müştəbeh, qüsursuz görünmək cəhdi ilə Ceyranın qorxu və ehtiyatı güc və zəiflik, haqsızlıq və vicdan dilemmasını üzə çıxarır.

…Axtardı əyalətdə
“İşin bilən” heyvanı.
Gəzdi dağı, qayanı,
Gözü tutdu Ceyranı.
Utanıb qızarmadan
Tərif düzdü yan-yana.
Bir gün də lap Şahzadə
Adın qoydu Ceyrana.

…Çırpdı qapını Ceyran,
Az qaldı tavan uça.
O ağılsız Kaftarın,
Arzusu çıxdı puça…

Şeirlərlə paralel olaraq, bu təmsillərdə mənəvi yük dözüm, daxili güc mövzusu dominantdır. Kaftarın həris arzusu ilə Ceyranın səbr və müdrikliyi zorakılıqla vicdanı qarşı-qarşıya qoyur və göstərir ki, eqo və zor gücü davamlı deyil, haqqın yolu gec-tez üzə çıxır. Bundan əlavə, təmsillər kitabı uşaq və yeniyetmələr üçün də cəlbedici edir. Onlara qətiyyət, dözümlülük, ədalət, ağıllı qərar vermək kimi daxili keyfiyyətləri, vacib dəyərləri öyrədir.
Kitabın adı ilə eyniləşən “Otuzuncu vərəq” poeması Vətən müharibəsinin qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun xatirəsinə həsr olunmuş poetik salnamədir. Əsər müharibənin insan talelərində açdığı ən ağır və eyni zamanda ən şərəfli səhifəni bir qəhrəmanın ömür yolu üzərindən təqdim edir. Poemanın adı İsmayılın yarımçıq qalan ömür kitabının ideya xəttini cəmləyən əsas mətnlərdən biri kimi çıxış edir. Poemanın ilk hissəsində İsmayılın dünyaya gəlişi bir nəsilin bayramı kimi təqdim olunur: “Gəlişin nəsilin təntənəsiydi, /

Baba İsmayılın özü doğuldu.” Kəndçi əlləri, halal süfrə, ocaq obrazları ilə müəllif şəhidin təmiz ictimai və mənəvi kökə sahib olduğunu vurğulayır. Burada ana obrazı xüsusi olaraq ideallaşdırılır: “Ananın el boyda böyüklüyü var.” misrası Azərbaycan poeziyasında ana arxetipinin – səbir, ailə yükü və müqəddəslik rəmzinin uğurlu ifadəsidir.
İsmayılın hərb yolunu seçməsi isə taleyi yox, özünün şüurlu qərarı idi. Qəhrəman hələ döyüş başlamamışdan işğal ağrısını öz içində daşıyır. Ali Hərbi Məktəb, xüsusi təyinat, sınaqlar onun əsl döyüşə qatılmaq üçün bərkimə mərhələləridir.
Poemanın ən lirik, ən işıqlı qatlarından biri toy və ailə səhnələridir. Müəllif burada oxucunu bilərəkdən rahatladır, çünki bu işıq qarşıdakı qaranlığın bədii kontrastıdır: “Tarixə çevirdin bu toy-düyünü, / Sevdiyin telli saz, zurna səsiylə.”
Poemada İsmayıl ləyaqətli hərbçi olduğu qədər övladlarını sevən ata, yaxşı ər kimi də təqdim olunur. Bu detal şəhid obrazını ideallaşdırmaqdan çox, onu oxucuya insani ölçüdə yaxınlaşdırır. Bu xoşbəxtliyin qısa olması isə əvvəlcədən hiss etdirilir: “Daha olmayacaq belə toplanış.” misrası poema boyunca dolaşan faciəvi önsezinin açıq ifadəsidir.
III–IV hissələrdə poema epik ritm qazanır. “YAŞMA”, Hadrut, xüsusi tapşırıqlar – real döyüş detallarının verilməsi mətni sənədli-poetik müstəviyə çıxarır. Ali Baş Komandanla dialoq isə İsmayılın fərdi qəhrəmanlığını dövlət miqyasında tanıdır.
Poemanın finalı klassik ağı deyil. Burada fəryaddan çox qürur var: “Şəhid evdən deyil, eldən gedəndi” fikri İsmayılı şəxsi itkədən milli dəyərə çevirir.
“Otuzuncu vərəq” poeması kitabın ideya xəttini cəmləyən əsas mətnlərdən biri kimi çıxış etdiyindən, kitab da adını məhz bu poemadan alır.
“Onu özün tap” poeması Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsinə yazılıb, əsər şeirin və poematik ənənənin zamanla davamlılığını göstərir. “Çanaqqalam” poeması isə Çanaqqala zəfərinin 110 illiyinə ədəbi töhfə olaraq yazılsa da, tarixə, konkret olaraq Çanaqqala savaşına diqqət çəkir, oxucunu tarixi qələbənin gerçəkləri, mənası və ruhu ilə tanış edir.
Poemalar şeirlərin və təmsillərin yaratdığı dünyanı genişləndirir; onların dərinliyi və tarixi ağırlığı ayrıca diqqət tələb edir.
Beləliklə, kitabdakı şeirlər fərdi hisslərdən kollektiv yaddaşa uzanan, keçmişlə indini birləşdirən poetik məkan yaradır. Adilə Aslanın şeirləri qadınlıq duyğusunu və daxili səsi sakit, amma təsirli şəkildə ifadə edir və müasir qadın poeziyası axınında özünəməxsus yer tutur. “Otuzuncu vərəq” oxucunu düşünməyə, hiss etməyə və yaşananları içdən anlamağa dəvət edən səssiz məktublar kimi çıxış edir.

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Arzu Əyyarqızı – Uzaqlarda bir ev var

Uzaqlarda bir ev var

Uzaqlarda bir ev var, ata evidir adı,
Orda bişən xörəyin getməz damaqdan dadı.

Böyüyüb qocalarsan, varın dövlətin olar,
Ancaq elə həmişə qəlbin o evdə qalar.

Köhnəlsə də , uçsa da , can atarsan oraya,
Gedərsən, xatirələr yenə çatmaz haraya.

Uşaqlaşıb bir anlıq, hər kəsi sağ görərsən,
Gəzib həyət- bacada nəfəsini dərərsən.

Gözlərin yaşarsa da dodağın gülümsəyər,
Özünü unudarsan,başın qapıya dəyər.

Qəfil xatırlayarsan, həmin uşaq deyiləm,
Saçım ağ, boyum uzun gərəkdir ki, əyiləm.

Xatırlarsan, atan da başın əyib keçərdi,
Baş əydiyi qapıya hələ and da içərdi.

Baş bulayıb keçərsən, dünyadan giley edib,
Deyərsən ki,”İlahi o dövran çoxdan gedib”.

Oturarsan həyətdə köhnə kətil üstündə,
Yanarsan, alışarsan boğularsan tüstündə.

Ayrılarsan o evdən, düzələrsən yoluna,
Heç nə təsəlli olmaz o çarəsiz halına.

Arzu Əyyarqızı,
“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist

ARZU ƏYYARQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

POEM.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I