ÖMRÜMÜZÜN HESABDAN SİLİNƏN İLLƏRİ

ÖMRÜMÜZÜN HESABDAN SİLİNƏN İLLƏRİ: PENSİYA SİSTEMİNDƏ SOSİAL ƏDALƏT QƏDDARCASINA POZULDU. NİYƏ?!

(bir narahatlığımı sizlərlə bölüşmək istəyirəm)

Mən hal-hazırda təqaüdçüyəm, 66 yaşın içindəyəm. 1981-ci ildən 2006-cı ilədək olan iş stajım barədə danışmaq istəyirəm. Həyatımın ən enerjili, ən işgüzar, ən çətin və eyni zamanda ən yüksək maaş aldığım dövr məhz bu illərə təsadüf edir. Lakin pensiya hesablanarkən həmin illər faktiki olaraq nəzərə alınmadı — sanki həyatımın o dövrünün üzərindən xətt çəkildi, dəyərsizləşdirildi.

Elə bil ömrümüzün 300 il olduğunu düşünüblər və 25 ili rahatlıqla “heç” ediblər. Nəticədə pensiya yalnız 2006-cı ildən sonrakı sığorta yığımına əsasən hesablandı. Halbuki həmin dövrdə də işləyirdim, amma işəgötürənlərin bir qismi hər vəchlə vergidən yayınmaq üçün əməkhaqqının rəsmi hissəsini bilərəkdən minimuma endirirdi. Bu isə sığorta yığımının az olmasına, dolayısı ilə bu gün aldığım pensiyanın ürəkaçan olmamasına səbəb oldu.

Rəsmi mövqedə isə belə deyilir: “2006-cı ilə qədər olan dövr üçün 25 il staj bağışlanıb.” Amma sual yaranır: əgər bu “bağışlanan” 25 ilin arxasında real maliyyə dayanmayıbsa, həmin stajın hər ili 2006-cı ildən bəri olan hər bir il ilə eyni statusa malik deyilsə, hər il üçün cəmi 3–4 manatlıq formal hesablamadan ibarətdirsə, bunun vətəndaş üçün nə real əhəmiyyəti var? Kağız üzərində stajın tanınması, amma pensiya məbləğinə təsir etməməsi — bu, bağışlama yox, sadəcə statistik illüziyadır. İnsan ömrü rəqəmlə yox, dəyəri ilə ölçülməlidir.

1981–2006-cı illər arasındakı əmək dövrüm həyatımın “əsas yükünü” daşıyan illərdir. İnsanın gücü, məsuliyyəti, məhsuldarlığı və cəmiyyətə real töhfəsi məhz həmin yaşlarda olur. Bu illərin pensiya hesablamasında faktiki olaraq “yox sayılması” təkcə texniki məsələ deyil — bu, ömürlə hesablaşmamaqdır. İnsan işləyir, vergi verir, ailə saxlayır, dövlətin yükünü daşıyır, sonra isə deyilir ki, “o illər pensiya üçün demək olar ki, əhəmiyyətsizdir”.

Bu yanaşma sosial ədalətin ruhuna tamamilə ziddir. Çünki pensiya sadəcə riyazi formul deyil — bu, ömür boyu çəkilən zəhmətin tanınmasıdır. Qanun real tarixi və iqtisadi şəraiti nəzərə almadan tətbiq ediləndə, bütün risk və məsuliyyət vətəndaşın üzərinə atılmış olur. İşəgötürənin rəsmi maaşı bilərəkdən aşağı göstərməsi işçinin seçimi deyildi, amma nəticədə cəzanı məhz işçi çəkdi.

Ən ağrılı məqam isə budur: insanın heç bir təsir imkanının olmadığı bir sistemin nəticəsi sonradan yenə onun öz əleyhinə çevrilir. “Rəsmi maaş az idi” deyilir, amma niyə az idi, kim buna şərait yaratmışdı — bu suallar cavabsız qalır. Elə bil dövlət deyir: “Sistem belə idi, amma məsuliyyəti sən daşı.”

Bəli, bu zaman “ömrümüz 300 ildir” ifadəsi acı bir istehza kimi səslənir. Dövlətin sosial siyasəti insan həyatının təbii mərhələlərinə uyğun qurulmalıdır. Əks halda qanun formal olaraq “qanuni”, mahiyyətcə isə ədalətsiz olur. Bu isə artıq hüquq yox, sadəcə kağız üzərində işləyən mexanizmdir.

Bu məsələ təkcə mənim şəxsi narahatlığım deyil. Bu, bütöv bir nəslin problemidir — minlərlə insanın illərlə susaraq dözdüyü, amma içində daşıdığı haqsızlıqdır.

15 yanvar 2026

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir