
ÖMRÜMDƏN SƏHİFƏLƏR SİLSİLƏSİNDƏN
HƏMİŞƏ ÇƏTİNLİKLƏRLƏ RASTLAŞMAQ İSTƏDİM
1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşam. Hələ məktəbli ikən dünyagörüşümün zəngin olmasını, eləcə də çətinliklərlə rastlaşmaq istəmişəm. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun “texniki əmək və rəsmxət” müəllimi ixtisasında təhsil alırdım. Texnikumun 1-ci və 4-cü kurslarında oxuyarkən dərslər saat 8.30-da başlayır, 14.30-da bitirdi. 2-ci və 3-cü kurslarda oxuyan zaman isə dərslər günorta saat 14.30-da başlayır, axşam saat 8 radələrində qurtarırdı. Dünyagörüşümün zəngin olmasına görə bədii kitablar mütaliə edirdim. 2-ci kursda oxuyan zaman artıq düşündüm ki, səhərdən günortaya kimi haradasa işləmək olar. Yenə deyirəm, oxucu düşünməsin ki, yəqin pula görə işləmək istəmişəm. Xeyr, düşünmüşəm ki, işlədiyim sahədə müxtəlif yaxşı və pis insanlarla tanış olum, insan xarakterlərinə bələd olum, çətinliklər görüm. Axı, çətinliklər görən insan həyatda mətinləşir, sonra isə rahat həyatı yaxşı dada bilir.
2-ci kursda təhsil alırdım. Oktyabr ayında Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 4-cü idarənin 2 nömrəli xəstəxanasına bağban işinə düzəldim. Hər gün səhər saat 8-də işə gedir, saat 12-də işdən çıxıb dərsə gedirdim. Evdə ana və atama işlədiyimi deməmişdim. Onlar zənn edirdilər ki, orta məktəbdə olduğu kimi, yenə də müxtəlif dərnəklərə gedirəm. İşdən 35 rubl əmək haqqı alırdım. Mənim üçün çox çətin günlər idi. Təsəvvürünüzə gətirin: hər gün gecə saat 11-də evə çatırdım. O dövrlərdə Mərdəkandan Bakıya elektrik qatarı işləyirdi. Texnikuma gedən zaman və evə qayıdarkən, elə elektrik qatarında dərslərimi öyrənirdim.
İki aydan sonra xəstəxananın baş həkimi Mehdi Rzayev məni yanına çağırdı. Kabinetinə daxil oldum. O, məni görcək ayağa qalxdı, əl verib görüşdü. Hal-əhval tutdu, dərslərimlə maraqlandı. Katibə xanıma göstəriş verdi ki, mənim üçün çay gətirsin. Sonra baş həkim mənə dedi:
-Fərhad, arabir pəncərədən ərazimizdə işləyən işçilərə, eləcə də sənə baxıram. İşinə məsuliyyətlə yanaşırsan. Mən maaşından əlavə, sənə bu ay mükafat olaraq 50 rubl pul yazacağam. Və hər iki aydan bir bunu həyata keçirəcəyəm. Dərslərini yaxşı oxu. Nəbadə dərsdən yayınasan. Səni burada incidən olsa, utanma, mənə de. Yorulsan, məndən icazə al, arabir dincəlmək də lazımdır.
Kövrəldim, təşəkkürümü bildirib kabinetdən çıxdım.
Səkkiz aydan sonra atam mənim işləməyimdən xəbər tutdu və məni işdən çıxartdırdı. Atamın dediklərindən: “Sənin tələbə ikən işləməyini bilənlər, nə düşünərlər? Yəqin düşünərlər ki, səni yaxşı dolandırmıram”. Atama hansı səbəbə görə işləməyimi başa saldım. O, məni başa düşdü və alnımdan öpdü…
Haşiyə: 1997-ci ildə Mehdi Rzayevin evini axtarıb tapdım. Onunla görüşdüm. Artıq qocalmışdı. Məni tanımadı. Tanışlıq verdikdən sonra tanıdı və kövrəldi, hal-əhval tutdu, keçirdiyim həyat yolu haqqında maraqlandı, xeyli söhbət edik. Həmin gün ona müəllifi olduğum 200 səhifədən ibarət olan “Ötən günlər” kitabımdan hədiyyə verdim. Ona dedim ki, “Mehdi müəllim, kaş Sizin beyninizdə olan düşüncələr, saf ürək, insana insan kimi yanaşmaq, insanların ürəyini oxumaq, yaxşılıq etmək başqalarında da olaydı. Nədənsə, bəzən hətta hiyləgər insanlara rast gəlirəm”. Tələbə olarkən mənə göstərdiyi qayğıya görə ona minnətdarlıq etdim, ona can sağlığı, uzun ömür arzuladım. Hələ neçə illər bundan əvvəl o, rəhmətə gedib. Allah rəhmət eləsin…
İkinci kursu bitirdim. Artıq atamdan icazə aldım və iyul, avqust aylarında o dövrlərdə Şüvəlan qəsəbəsində fəaliyyət göstərən “İskra” pioner düşərgəsində tərbiyəçi-müəllim işlədim. İki ay mənim üçün çox maraqlı keçdi. Ayda bir gün işçilərə evə getməyə icazə verirdilər. Pioner düşərgəsinin rəisi Nurəddin (familiyasını unutmuşam) müəllim idi. Ondan heç vaxt incimədim, gözəl insan idi, yaxşı xasiyyəti vardı.
3-cü kursda oxuyan zaman işləmək istədiyimi atama bildirdim. O, icazə verdikdən sonra Mərdəkan qəsəbəsindəkim uşaq xəstəxanasında çilingər işinə düzəldim. Səhər saat 8-dən saat 12-yə kimi işləyir, sonra isə dərsə gedirdim…
…Texnikumun 4-cü kursunda oxuyan zaman dövlət imtahanlarından əvvəl tələbələrə işləmək üçün təyinat verirdilər. Qrupumuzda 30 nəfər idik. Tələbələrin hamısı Azərbaycanın kənd rayonlarından idilər. Maarif nazirliyindən (indiki Elm və Təhsil nazirliyi) texnikuma gələn nümayəndələr tələbələrin hamısına işləmək üçün yaşadıqları rayona təyinat verdilər. Bakıdan olduğuma görə mənə azad təyinat veriləcəkdi. Yəni, Bakının hər hansı bir rayonunda fəaliyyət göstərən məktəbdə işləyə bilərəm. O dövrlərdə Azərbaycanın hər bir rayonunda müəllimə ehtiyac var idi. Mən də yaşadığım Əzizbəyov (indiki Xəzər rayonu) rayonunun məktəblərinin birində işə düzələ bilərdim. Maarif nazirliyindən gələn nümayəndələrə dedim:
-Məni respublikanın ucqar dağ rayonlarından birinə göndərin.
Mənim sözümü eşitcək məətəl qaldılar, təəccüblə üzümə baxdılar. Onlara dedim ki, kənd həyatını görmək istəyirəm, bulaqdan su daşıyıb, evdə peçi qalamaq istəyirəm. (Haşiyə: o dövrlərdə Azərbaycanın kənd rayonlarının əksəriyyətində kəndlərdə qaz yox idi). Həmin gün mənim təyinatımı Kəlbəcər rayonuna verdilər…
…Məni ilk dəfə Kəlbəcər rayonuna atam Ramiz Əsgərov və Elmira bibimin həyat yoldaşı Talıb Əsədov apardı. Talıb müəllimin “Jiquli 06” markalı maşını var idi. Talıb Əsədov Tovuz rayonunun Yanıqlı (dağ kəndi) kəndində anadan olmuşdu, Bakının Binə qəsəbəsində yaşayırdı. Onu hamı yaxşı, hamı ilə mehriban davranan, xeyirxah, gözəl bir insan kimi tanıyırdılar. Onun maşınında rahatca Kəlbəcərə çatdıq. Birlikdə Kəlbəcər rayon Maarif şöbəsinə (indiki Təhsil şöbəsi) getdik. Şöbənin müdiri İslam (familiyasını unutmuşam) müəllim mənimlə tanış olduqdan sonra, məni rayonun Kilsəli kənd orta məktəbinə göndərdi. Atam və Talıb kişi mənə xeyir-dua verib Bakıya qayıtdılar. Allah Elmira bibimə (uzun illər müəllim vəzifəsində çalışıb), atama, Talıb kişiyə qəni-qəni rəhmət eləsin…
…Bəli, dağlar qoynunda idim. Rayondan kolxoza məxsus yük maşınında kəndə yola düşdüm. Məktəbin direktoru Aslan Mirzəyev məni gülərüzlə qarşıladı. İki gün direktorun evində qaldım. Sonra o, kirayə qalmaqdan ötrü mənim üçün ev tapdı. Kilsəli kənd orta məktəbində ibtidai sinifə (2-ci sinifə) dərs deyirdim, eləcə də rəsmxət fənnini tədris edirdim.
Yaşamaq çətin olsa da, maraqlı idi. Həftədə bir dəfə – şənbə günü, işdən sonra kolxozun yük maşınında rayona hamama gedirdim. Süd bidonları ilə dolu olan yük maşınında kənd camaatı da olurdu. Onlar rayona ərzaq məmulatları almaq üçün gedir və bir neçə saatdan sonra yenidən həmin maşınla kəndə qayıdırdılar. Süd bidonlarında olan süd isə rayondakı süd zavoduna təhvil verilirdi. Həmin gün mehmanxanada qalırdım və ertəsi gün yenidən kolxozun yük maşınında kəndə qayıdırdım. Yaşadığım kəndə avtobus işləmirdi. Minik maşınları kəndə qalxa bilmirdi. Nadir hallarda “Vilis” markalı balaca maşın görmək olardı. Oktyabr ayı artıq soyuq idi. Bütün evlərdə odun sobasından istifadə edirdilər. Məktəbin hər sinfində odun sobası vardı. Məktəbin ocaqçısı hər tənəffüs vaxtı sobaların hər birinə 1-2 odun parçası qoyurdu.
Təyinat müddəti üç il idi. Yəni mən üç il həmin kənddə işləməliydim. Lakin ömürlük də qalıb işləmək olardı. O, dövrlərdə kənd məktəblərində işləyən müəllimləri əsgəri xidmətə aparmırdılar. Səbəb isə müəllim çatışmazlığı idi. Lakin əsgəri xidmət də bir məktəbdir – deyə düşündüm. Noyabr ayının ortalarında Kəlbəcər rayon Hərbi Komissarlığında oldum və komissara könüllü surətdə əsgər getmək istədiyimi yazılı surətdə təqdim etdim. O, bu barədə telefonla Kəlbəcər rayon Maarif şöbəsinin müdirinə məlumat verdi. Mən Maarif şöbəsinə çağırıldım. Maarif şöbəsinin müdiri İslam müəllim rayonun kəndlərində müəllim çatışmadığını və heç olmasa may ayına kimi kənddə işləməyimi xahiş etdi. Sözə qulaq asmadım, həqiqi hərbi xidmətə getmək istədiyimi bildirdim. Məktəbin direktoru Aslan Mirzəyev isə dedi:
-Bəzi gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayınırlar. Sən isə respublikadan uzaqlara hərbi xidmətə getmək istəyirsın. 27 yaşa kimi müəllim işlə və hərbi biletini al. Bundan gözəl nə olar ki. İstəsən 27 yaşda get Bakıya, istəməsən həmişəlik qal kəndimizdə.
Haşiyə: Həmin illərdə belə bir qanun var idi. Kənddə müəllim işləyən şəxsi həqiqi hərbi xidmətə aparmırdılar. 27 yaşa kimi müəllim işləyən şəxsə, artıq 27 yaşın tamamında rayon Hərbi Komissarlıqları tərəfindən hərbi bilet verilirdi…
…Kəlbəcər Hərbi Komissarlığından razılıq aldım və Bakıya evimizə qayıtdım. Mənim üçün xoş xəbər olan xəbəri ailə üzvlərimizə çatdırdım. Atam iş yerimə qayıtmağı bildirdi. Atama dedim:
-Bir neçə ay da olsa kənd həyatında yaşadım. Əsgərlik də bir məktəbdir, kişilik məktəbi, həyat məktəbi. Mən bu məktəbi hökmən “oxumalıyam”.
Başqa çarə yox idi. Atam razılaşdı. İki gündən sonra Biləcəri Hərbi Komissarlığına gəldim. Məni ya Moskva ətrafına, ya da Leninqrad şəhərinə həqiqi hərbi xidmətə göndərəcəkdilər. Orada xahiş etdim ki, məni ən çətin yerə göndərin. Beləliklə, 1980-cı il noyabr ayının son günlərində səhər tezdən eşalonla Qazaxstan Respublikasına yola düşdüm. Eşalon 14 vaqondan ibarət idi. Azərbaycan, Ermənistan və Gürcüstandan olan təxminən 1000 nəfər gənc 14 vaqonda yerləşdirilmişdi.
4 sutkadan sonra Tyura-tam dəmiryol stansiyasına çatdıq və bizi eşalondan düşürdülər. Soyuq qılınc kimi kəsirdi. Mən hələ o vaxta qədər Bakıda, eləcə də Kəlbəcərdə elə soyuq hava görməmişdim. Oraya xeyli sayda rus və qazax millətindən olan zabitlər toplaşmışdı. Zabitlərin hər biri 40-50 nəfər gənci götürüb maşınlarla xidmət etdikləri hərbi hissələrə yola düşürdülər. Mən isə Kızıl-orda vilayətinin Leninsk şəhəri 10 deyilən ünvana, 45-ci ploşadkaya göndərildim. Bura kosmodrom Baykonur idi. Məndə olan məlumata görə hələ neçə illər bundan əvvəl Leninsk şəhərinin adı Baykonur ilə əvəz edilmişdir.
Hərbi hissənin dörd tərəfi də səhralıq idi. Leninsk şəhəri mən olduğum hərbi hissədən təxminən 50-60 kilometr aralıda yerləşirdi. 2 il Baykonurda hərbi xidmətdə olsam da, şəhəri görə bilmədim. Burada qış ayları soyuq, qar, şaxta olurdu. Yayda isə istidən nəfəs almaq olmurdu. Çox çətin şəraitdə həqiqi hərbi xidmətdə oldum…
1982-ci ilin dekabr ayında həqiqi hərbi xidmətdən qayıtdım. Bir neçə gün Bakıda evimizdə qaldım. Sonra yenidən Kəlbəcər rayonuna yola düşdüm. Kəlbəcərdə əvvəlcə Hərbi Komissarlıqda oldum və hərbi xidmətdən qayıtmağım barədə məlumat verdim. Sonra rayon Təhsil şöbəsinə getdim. Bu dəfə məni rayonun Seyidlər kənd orta məktəbinə göndərdilər. Həmin məktəbdə rəsmxət, fizika və 10-cu sinifdə traktor fənnini tədris edirdim. Seyidlər kənd orta məktəbinin direktoru şair Bəhmən Vətənoğlu idi…
…Sonralar Bakı şəhərinin məktəblərində müəllim işlədim. Müəllim işləsəm də, müxtəlif qəzetlərlə əməkdaşlıq etdim. Respublika radiosunda xeyli sayda informasiya və məqalələrim səsləndirildi. 1993-cü ilin yanvar ayından 2011-ci ilin son günlərinə kimi ancaq redaksiyalarda jurnalist kimi çalışdım. Müxbir vəzifəsindən baş redaktor vəzifəsinə kimi pillə-pillə qalxdım. 300 dəfədən çox Azərbaycanın kənd rayonlarında ezamiyyətdə oldum, sənədli povest yazmaqdan ötrü 1997-ci ildə Qazaxstan Respublikasının Taldı-Kurqan vilayətinə ezamiyyətə getdim və sonradan rus dilində “Neslomlennıy repressiyami” adlı kitabım işıq üzü gördü. 1998-ci ildə yenidən Qazaxstana getdim. Taldı-Kurqan vilayətində olarkən “Şağanskiye Zori” qəzeti redaksiyasının qonağı oldum. Qəzetin redaktoru qocaman yazıçı-jurmalist Sağındıq Tenekenovun söhbətləri mənim üçün çox maraqlı oldu. Müəllifi olduğum “Neslomlennıy repressiyami” kitabından redaksiya işçilərinə hədiyyə verdim. Yaşadığım illər ərzində Bakının müxtəlif müəssisələrində oldum və qəzetlər üçün materiallar hazırladım…
…Beləliklə, çətinliklərlə qarşılaşsam da, həyatda daha güclü oldum. Hazırda 65 yaşım var. Güclü, dünyagörüşlü olsam da, böyük həyat təcrübəsinə malik olsam da, enişli-yoxuşlu, mənalı həyat yolu keçsəm də, son illərin yaşayışı mənim üçün çox çətin oldu. Bəzi insanların təfəkküründə yalançılıq, dolayısı yolla istəmədiyi şəxsə iş vurmaq, hiyləgərlik və digər neqativ amilləri görəndə, eşidəndə və yaxud hiss edəndə ürəyim ağrıyır. Dar düşüncəli belə insanların halına acıyıram…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında