Cəlilabad ədəbi mühitindən yeni kitab

Cəlilabad ədəbi mühitindən yeni kitab
(Aydan Nizamiqızının işıq üzü görmüş ilk ədəbi kitabının təqdimatı)
Son günlər ərzində işıq üzü görmüş yeni kitablardan biri də Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi, Cəlilabad ədəbi mühitinin istedadlı xanım nümayəndələrindən, eyni halda həm yazıçı, həm şair, həm də ədəbi təhlilçi və tənqidçilərindən olan, ədəbiyyat sahəsində “Aydan Nizamiqızı” imzası və təxəllüsü ilə tanınan Aydan xanım Ələkbərlnin “Ədəbi misralar” adlı ilk kitabıdır.

Ümumi məlumat:
Kitabın adı: “Ədəbi misralar” (Aydan Nizamiqızının ədəbiyyat dünyasından bir damla) – Şeirlər və ədəbi təhlillər
Müəllif: Aydan Nizamiqızı
Redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, AYB, AJB və TYB-nin üzvü, yazıçı-publisist)
Nəşrə hazırlayan: “Həməşəra” mətbu orqanı
Naşir: “İmza” Nəşrlər Evi, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 112 səhifə.

Kitab barədə:
Cəlilabad ədəbi mühitinin istedadlı və yüksək intellek sahibi olan xanım nümayəndəsi Aydan xanım Nizamiqızının oxucularının görüşünə gəlmiş ilk kitabı iki ayrı fəsildən ibarətdir. Belə ki, kitabın ilk fəslində onun müxtəlif illər ərzində müxtəlif mövzularda və eləcə də fərqli formalarda qələmə aldığı səmimi və mənalı şeirləri, kitabının ikinci fəslində isə Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Məhəmmədhüseyn Şəhriyar, Xəlilrza Ulutürk, Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Nəriman Həsənzadə, Mirvarid Dilbazi və s. kimi tanınmış simalarının bəzi şeir nümunələri üçün qələmə aldığı qısa, amma mükəmməl ədəbi təhlillər yer almışdır. Ümumi baxımdan kitabda Aydan xanımın qələmə aldığı 34 şeir, həmçinin, 15 ədəbi təhlil mövcuddur. Məlumat üçün qeyd etmək lazımdır ki, Aydan Nizamiqızı Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Turan Yazarlar Birliyinin üzvü, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın qızıdır.

Təşəkkür və arzular!
Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi Aydan xanım Nizamiqızına ilk ədəbi kitabının hazırlanması və nəşri sahəsində mənə göstərdiyi etimada görə səmimi minnətdarlığımı bildirir, işıq üzü görmüş ilk kitabı münasibətilə onu səmimi qəlbdən təbrik edir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada kitabın yüksək keyfiyyətlə nəşrində rolu olmuş “İmza” Nəşrlər Evinin rəhbəri, dəyərli qardaşım Səbuhi Aslana və eləcə də kitabın peşəkar dizayneri Nigar xanım Sadıqovaya təşəkkürümü bildirir, onların hər birinin məsud olmasını arzulayıram!
Kitabın oxucular, xüsusilə də ədəbiyyat sahəsinin vurğunları üçün faydalı olacağı ümidi ilə!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
06.05.2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir