
Biz səni saxlaya bilmirik Ata
(Allah bütün xəstələrə şəfa versin inşallah)
Başını qatırıq quruca sözlə
Üzünə baxırıq axı nə üzlə?
Durduq keşiyində var gücümüzlə
Əziyyət əzaba hey bata-bata
Biz səni saxlaya bilmirik Ata.
Dilimdə gəlmir ki bir söz deməyə
Artıq təbiblər də yetmir köməyə
Gərdişə gücümüz çatmadı deyə
Utana-utana baxdıq həyata
Biz səni saxlaya bilmirik Ata.
Möcüzə göstərə uca yaradan
Səni qüdrətilə çıxarda dardan
Dərmanın tapardıq desələr hardan?
Gecəni gündüzə biz qata-qata
Biz səni saxlaya bilmirik Ata.
Yalvardıq Allaha biz neçə qardaş
Bu yaşda nə köçmək? Axı nə təlaş?
Kaş Allah möcüzə göstərəydi kaş
Gedəydi başından bu bəla, qada
Biz səni saxlaya bilmirik Ata.
19.09.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var