
Qardaş
Gəlmir səs sorağın neçə zamandır.
Olmaya küsmüsən məndən a qardaş?
Soyuqluq ucalıq gətirməz sənə
Uzaq dur məkirli kindən a qardaş.
Nə yaxşı varımsan, nə yaxşı varsan.
Var ikən yoxluqdur könlümü ‘sarsan’
Dünya dağılmaz ki halımı sorsan
Mən ki pay ummuram səndən a qardaş.
Çalınır ömrümün qocalıq sazı
Götürmür ürəyim, götürmür nazı
Gəncliyi, təpəri, baharı, yazı.
Ötürdüm ömürdən, gündən a qardaş.
Muradam, dağ boyda qəmim var mənim
Sevincdən, sevgidən kəmim var mənim
Bəs səndən səvai kimim var mənim?
Niyə dolanırsan gendən a qardaş?
24.01.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var