Beynəlxalq İşıqfor Günü

Beynəlxalq İşıqfor Günü
Hər il 5 avqust dünyada Beynəlxalq İşıqfor Günü kimi qeyd olunur. Bu tarix 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində qırmızı və yaşıl rəngli ilk elektrik işıqforunun quraşdırıldığı gün ilə əlaqədardır.
İşıqfor əslində mədəniyyət, etika və məsuliyyətin gözəl bir təzahürüdür. İşıqfor adlandırdığımız bu qurğu cəmiyyətdə nizam-intizamla yanaşı həm də təhlükəzisliyimizə böyük töhfə verir. Lakin təhlükəsizliyimizlə yanaşı həm də dilimizi qorumaq boynumuzun borcudur.
Bu qurğunun yaradıcısı biz olmasaq da, Azərbaycan türkcəsində “İşıqfor” sözünün mənası anlaşılmazdır. Belə ki, “işıq” öz dilimizdə olsa da, “for” birləşməsi “daşıyan” mənasını yetirən yunan mənşəli bir sözdür.
Biz Sovetlər dönəmindən etibarən buna “svetafor” deyirdik və yalnız müstəqillik illərində nə qədər çətin olsa da adını dəyişib bu formaya saldılar. İnsanlar da çətinliklə yeni adı qəbullanıb işlətməyə başladılar. Amma bu, yetərsiz bir addım idi. Çünki “for” ifadəsi əcnəbi sözüdür. Onun Azərbaycan türkcəsində kifayət qədər uyğun mənaları mövcud olarkən nədən ayrı-ayrı dillərdəki ifadələrdən istifadəyə bu qədər can atırıq? Yoxsa işıqforun “for” birləşməsini öz dilimizə tərcümə etmək üçün daha bir əsr gözləməliyik?

İlqar İsmayılzadə
05.08.2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir