YAYIN “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ

YAYIN “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ

“Ulduz”un iyul-avqust sayı işıq üzü görüb. Qulu Ağsəs “Bircə kəlmə: Hicran”, TəranəVahid “Yaşıl elegiya” yazıları ilə jurnalın mərhum şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynovanı yad edirlər.
“Şeir vaxtı”nda Həmid Herisçi, Seyyidəli Sübhi, Cavid Fərzəli, Zaman Piriyev, Şəfəq Sahibli və Zaur Ərmuğandır.
“Nəsr” Nemət Mətinin “Zəlzələ”, Əli Bağışın “Dörd tabut”, Əli bəy Azərinin “Messi”, Sadiq Qarayevin “Çalası” hekayələrini təqdim edir.
Oxucular “Tərcümə saatı”nda çeçen yazıçısı Səid-Həsən Katsayevin “Qaranlıqda” hekayəsini Seyfəddin Hüseynlinin tərcüməsində oxuya bilərlər.
“Beş əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt”ı gənc ingilis ədəbiyyatı mütəxəssisi Alsu araşdırıb.
“Ədəbi fraqmentlər”də “Şəhidlər – Qəhrəmanlar” yazısı ilə Vaqif Yusiflidir.
İlahə Səfərzadənin “Məti Osmanoğluyla tamamlanmamış söhbət”i, Anar Seyidağanın, İbrahim Yusifoğlunun, Qəhrəman Kamiloğlunun şeirləri, Qalib Arifin hekayəsi də bu nömrənin oxunaqlı yazılarındandır.
“Dərgidə kitab” Hafiz Ataxanlının “Varlıq və yoxluq” fantasmaqorik povestini təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə Məryəm Məmmədzadədir.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli – Miniatür


BALACA PULUN BAŞAĞRISI
(miniatür)
Pul da bel kimi, balta kimi bir şeydi. Nə qədər çox işlənsə, yəni cibdən-cibə girsə, o qədər də damarlarına isti qan yeriyər. Pul ona can verənə “can” deyir. Məni niyə istəsin ki?! Əlimə düşən kimi can qurtarmaq istəyirəm ondan. Ya xərcləyirəm, ya da aparıb tapşırıram yad əllərə – bir sözlə banka qoyuram.
O günü SOCAR istiqrazının dividendini almağa getmişdim. Çox deyildi, pula məhəbbətim qədər ola-olmazdı – cəmi 540 dollar. Əməliyyatçı xanım qəribə bir sual verdi mənə:
–Hamısını götürəcəksiniz?
Düzü, mat qaldım. Birdən fikirləşdim, bəlkə alacağım 540 yox, 5400-dü?!
Yalançı Allahın düşmənidi, düzü bərk sevincək oldum:
–Necə hamısını?! Nə qədərdi ki, alacağım?
–540 dollar.
–Bu qədər yoxdu məgər bankda?
–Bir nəfərin 50 min alacağı var, qoy xəzinəçidən soruşum, görüm nə deyir. – Zəng elədi… – Bir az gözləyin, 10-15 dəqiqəyə fasilədən qayıdacaq.
Başımı əyib, gözümü dikdim əlimdəki kitaba. Çox keçmədi…
–Allo… – əməliyyatçının səsinə diksindim. – 540 dol¬lar var xəzinədə? – Eşitdiyi cavaba dodağını büzdü. – Bəs nə vaxt olacaq? Sabah?! – xanım üzümə baxdı.
–Niyə sabah? – Qaşlarımı çatdım.
–50 minin başı yarımçıqdı. 540 dolları sizə versək, o müştərimizin işi sabaha qalmalı olacaq. Bu da bizim operativlik imicimizə 500 minlik ziyan deməkdi. Sizin alacağınız isə cəmi 540 dollardı. Bunun da bizə elə bir isti-soyuqluğu olmaz.
Mən əlimi ağ saçlarıma apardım.
–Müəllim, sizi yaxşı başa düşürəm. Amma pul insanların saç-saqqalına baxmır.
–Baxsaydı yaxşı olardı!
–Metroya minəndə, ağ saçlarınıza görüb, durub yer verən olurmu sizə?
Ayağa qalxdım:
–Salamat olun, sabah gələrəm…

18-19.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Abid Şamiloğlunun hekayəsi

Dostluq

(Esse-hekayə)

Şəki Xan sarayı haqqında düşüncələrim

Şəkinin sərin dağ havası üzümə toxunanda bu dünya gözümdə daha da gözəlləşdi. Addımlarım məni Yuxarı Baş Dövlət Tarix – Memarlıq Qoruğunun qədim qala divarları daxilinə, əsrlərin şahidi olan o möhtəşəm tikilinin – Şəki Xan Sarayının qarşısına gətirib çıxarmışdı.

Başımı qaldırıb sarayın fasadına baxdım. Günəşin son şüaları minlərlə rəngli şüşənin – şəbəkənin üzərində bərq vurur, həyətdəki əzəmətli, qoca Xan çinarın yaşıl budaqları binanın divarlarına kölgə salırdı. O an beynimdə yalnız tək bir fikir fırlanırdı: insan əli bu qədər incəliyi və əzəməti necə yarada bilərdi?
Həyətdəki oturacaqda əyləşib gözlərimi o pəncərələrdən çəkə bilmədim. Heç bir mismar və ya yapışqan istifadə edilmədən sadəcə taxta və şüşənin bir-birinə geydirilməsi ilə yaranmışdı bu şəbəkələr.
Mən sarayın qarşısında xəyala dalarkən, sanki XVIII əsrin sədaları qulağımda əks olundu. Bu divarların arxasında kim bilir hansı gizli fərmanlar verilib, hansı xanların amiranə səsi divarları titrədib.
“Zalım xan sarayı” deyirdilər bura. Gözəlliyin ortasında gizlənən bu amansızlıq mənə insan təbiətinin ziddiyyətini söyləyirdi: “Bir tərəfdə kainatı heyran qoyan sənət, digər tərəfdə isə hakimiyyət hərisliyi.”
Yüngül bir meh əsdi. Xan çinarın yarpaqları xışıldadı. Elə bil qoca ağac mənə təsəlli verirdi: “Keçmiş əhvalatlar qan və göz yaşları ilə yazılsa da, geriyə qalan yalnız bu gözəllikdir. İnsanlar gəldi-gedərdi, amma sənət və ruh əbədidir.”
Bu saray bütöv bir xalqın səbrinin, zövqünün və dözümünün vizual simfoniyasıdır.
Binaya daxil oldum. Divarlardakı döyüş və ov səhnələrinə, Nizaminin poemalarından süzülüb gələn o zərif divar rəsmlərinə diqqətlə baxdım.
Otaqların birində olarkən bələdçi qadın bizə bir tarixi həqiqəti söylədi: “Bu sarayı inşa edən Məhəmmədhüseyn xan “Müştaq” təxəllüsü ilə qəzəllər yazmış, dövrünün görkəmli şairi olmuşdur. Həmişə bu otağa şairləri toplayardı. Həmin dövrün görkəmli Azərbaycan şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi onun dostları idilər. Bu otaqda şeir məclisləri keçirərdilər.”
Maraq məni bürüdü. Otağın hər bir künc-bucağına nəzər yetirdim. Bura mənə doğmalaşdı. Bu gözəl insanların burada qalan ayaq izlərini axtardım. Divarlara dəyərək, əks-səda verən danışıqları qulaqlarımda səsləndi.
Şəki Xan sarayının qarşısından ayrılarkən mən artıq bir neçə dəqiqə əvvəlki insan deyildim. Ruhum rəngbərəng şəbəkə şüşələrdən süzülən işıqla yuyulmuş, tarixin həm qanlı, həm də möhtəşəm tərəfi ilə barışmışdı. Ürəyimin bir parçasını o rənglərin, o qədim çinarın yarpaqlarının xışıltısı arasında qoyaraq gedirdim.
Bu səfərdən aldığım təəssürat məni xəyallar aləminə apardı. Bələdçi qadının söylədikləri bir kino lenti kimi gözlərim qarşısından gəlib keçdi. Ən axırda bədii bir yazıya çevrildi.

Hekayə

Şəki xan sarayının şəbəkəli pəncərələrindən süzülən rəngbərəng günəş şüaları otağın naxışlı divarlarına xalça kimi səpələnmişdi. Havada təzə dəmlənmiş kəklikotu çayının və Şəki şirniyyatlarının ətri vardı. Xanlığın rəhbəri, eyni zamanda həzin qəzəllər müəllifi olan Məhəmmədhüseyn xan Müştaq baş tərəfdə əyləşmişdi. Onun sağında şair Molla Pənah Vaqif, solunda isə dərin, kədərli misraların ustadı Molla Vəli Vidadi əyləşib söhbət edirdilər.
Məhəmmədhüseyn xan Müştaq bir qurtum çay içərək dedi: “Xoş gəlmisiniz, mənim söz sərraflarım, könül dostlarım. Bu gün siyasəti, xanlığın ağır yüklərini bir kənara qoymuşam. Sarayımın pəncərələrindən baxanda Şəkinin bu gözəl təbiəti mənə ancaq yazıb-yaratmaq tövsiyə edir. Vaqif, de görüm, Qarabağdan bura hansı gözəl misraları töhfə gətirmisən?”
Molla Pənah Vaqif təvazökarlıqla baş əyib dedi: “Sağ olun, xan! Sizin bu möhtəşəm sarayınız, divarlardakı hər bir naxış özü bir sənət əsəridir. Bura ayaq basan şairin ilhamı coşmaya bilməz. Mən hər zaman gözəlliyi, yaşamaq sevincini tərənnüm etməyi sevirəm. Dünya fanidir, amma onun bəxş etdiyi gözəlliklərdən zövq almaq lazımdır.”
Molla Vəli Vidadi ağsaqqal müdrikliyi ilə ah çəkib dedi: “Ah, Molla Pənah, sən yenə dünyanı bəzəməkdən, gözəllərdən danışırsan. Bu dünyanın vəfası yoxdur. Ona belə ürək bağlama. Xan sağ olsun, mənim könlüm bu gün yenə bir az qəmlidir. Dünya gəldi-gedərdir. Fələyin gərdişi məni daha çox düşündürür.”
Məhəmmədhüseyn xan Müştaq Vidadinin çiynini sıxıb dedi: “Gözəl dostum Vidadi, sənin o həzin, qəmli şeirlərin olmasaydı, Azərbaycan şeirinin bu qədər dərinliyi olmazdı. Sənin kədərinin də fəlsəfi mənası var. Amma gəlin bu gün ruhumuzu təzələyək. Hamıdan bir təzə misra eşitmək istəyirəm. Vaqif, sən başla!”
Molla Pənah Vaqifin gözləri parıldadı, əlini sinəsinə qoyub “Pəri” qoşmasını söylədi:

Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri.
Sən ha bir sonasan, cüda düşübsən,
Bir bölük yaşılbaş sonadan, Pəri!

Vaqif gülərək xana baxdı, dedi: “Amma bura gələndən, sizin bu məclisinizdəki şuxluğu görəndən sonra daha da nikbin şeirlər yazacağam.”
Məhəmmədhüseyn xan Müştaq uca səslə güldü, sonra dedi: “Yaşa, Vaqif! Sənin bu hazırcavablığın və incə yumorun qaranlıq otağı belə işıqlandırar. Bəs, sən nə deyirsən, Vidadi? Vaqifin bu şuxluğuna cavabın nədir?”
Molla Vəli Vidadi sakit səslə, süzgün baxışlarla misraları pıçıldadı:

Ey həmdəmim, sənə çoxdur sözlərim,
Məni ağlar qoyub hara gedirsən?
Həsrətindən yol üstədir gözlərim,
Məni qəmli qoyub hara gedirsən?”

Vidadi sonra Vaqifə baxdı, dedi: “Molla Pənah, dünya həmişə sənin gördüyün kimi toylu-büsatlı deyil. Həyatın acılı, kədərli günləri də çoxdur. Bu gün varıq, sabah yoxuq. Dostların ayrılığı var, hicranı var.”
Molla Pənah Vaqif Vidadinin əlini tutub dedi: “Doğru deyirsən, ustad. Amma bu gün biz bir yerdəyik, bu gün Şəki xanının məclisində sözün, sənətin zirvəsindəyik. Gəl, bu anın qiymətini bilək. Şairin qəmi də gözəldir, sevinci də.”
Məhəmmədhüseyn xan Müştaq ayağa qalxdı, hər iki şairə ehtiramla baxdı, dedi: “Dostlarım, sizin bu mübahisəniz, bu səmimi söhbətiniz elə poeziyanın özüdür. Biri bədbin, biri nikbin, amma hər ikisi bənzərsiz. Nə qədər ki, bu saray var, nə qədər ki mən bu taxtdayam, Şəki sizin kimi ustadların ocağı olacaq.”
Üç dost xanın işarəsi ilə çay qədəhlərini qaldırdılar. Çay içdikdən sonra Məhəmmədhüseyn xan Müştaq özünün “Qurban olduğum” adlı şeirini oxudu:

Ağ üzdə xalları filfilə nisbət,
Can quşu bağında bülbülə nisbət,
Ləbləri çiy düşmüş bir gülə nisbət,
Əhrər yanağına qurban olduğum.

Həmin gecə Şəki xan sarayının o kiçik otağında bədii sənətkarlığın zirvəsi yaşandı. Vidadi fəğan dolu qəzəllərini oxudu, Vaqif ona şux və şən qoşmaları ilə cavab verdi. Müştaq isə öz bədii yaradıcılığı ilə bu məclisə xanlıq əzəməti qatdı. Üç fərqli tale, üç fərqli yaradıcılıq üslubu, amma tək bir sarsılmaz dostluq.
Səhər açılarkən onlar ayrıldılar. Amma otağın divarlarına, rəngli şəbəkələrinə və tarixin yaddaşına bu üç sənətkarın bədii nəfəsi, bir də heç vaxt unudulmayacaq dostluq hekayəsi əbədi olaraq həkk olundu.
Üç dostun taleyi
İllər keçdi. Sənətkarlarımız bu dünyadan köçüb haqq dünyasına qovuşdular.
1759-cu ildən 1780-ci ilə kimi Şəki xanı olmuş Məhəmmədhüseyn xan Müştaq avqust ayında törədilən saray çevrilişi nəticəsində qətlə yetirildi. Molla Vəli Vidadi onun ölümünə “Müsibətnamə” əsərini yazdı.
1797-ci ildə Qarabağ xanının baş vəziri olan Molla Pənah Vaqifi və onun oğlu Əli bəyi İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir qətlə yetirdi. Molla Vəli Vidadi onun faciəvi ölümünə “Ey həmdəmim can, getdin” rədifli mərsiyəsini yazdı.
Qazaxın II Şıxlı kəndində yaşayan Molla Vəli Vidadi Molla Pənah Vaqiflə həm dost, həm də quda olmuşlar. Vaqifin 2 qızını Vidadi 2 oğluna almışdı. Vidadi yüz il ömür sürmüş, 1809-cu ildə Şıxlıda vəfat etmişdir.
Sənətkarlarımız xalqımıza böyük ədəbi miras qoyub getdilər. Qədirbilən Azərbaycan xalqı onları heç vaxt unutmur. Əsərləri sevilə-sevilə oxunur.

Müəllif: Abid Şamiloğlu

Quba, Afurca kəndi, müəllim

Abid Şamiloğlunun yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QAÇAQ NƏBİ və Koroğlu

QAÇAQ NƏBİ və Koroğlu

Son günlər Xalq qəhrəmanı QAÇAQ NƏBİ və Koroğlu müzakirə mövzusuna çevrilib. Efir, sosial şəbəkə onların müzakirəsinə əməlli-başlı yer ayırıb. Bir tərəf özünün subyektiv fikirlərini səsləndirir, sübut etməyə borclu olmadıqlarını bildirir, böyük bir qisim olan digər tərəf isə onları söyür, lənətləyir.
Belə olmaz AXI…
Birincisi, özünə doğma saydığı Qaçaq Nəbinin və Koroğlunun əzəz xatirəsini qədirbilən Azərbaycan xalqı heç vaxt unutmayacaq. Kimin nə deməsindən asılı olmayaraq onlar xalqın yaddaşında özlərinə yer tutublar. İkincisi, tarixçilər öz məntiqi araşdırmaları ilə onlara cavab verməlidirlər.
Koroğlu konkret bir dövrdə (?) başına dəstə toplayıb Azərbaycan bölgələrinə mütəmadi basqınlar edərək əhalini yağmalayan osmanlı paşalarına qarşı vuruşub.
Qaçaq Nəbi niyə qaçaq düşüb? Xalqın təəssübünü çəkməsəydi, o da indiki mühacirlər kimi çıxıb başqa bölgəyə gedər, ayın-arxayın orda yaşayardı. Adam bütün varlığı ilə Zəngəzur bölgəsinə, Qarabağa, o taylı-bu taylı Azərbaycana bağlıydı, hər yerdə xalqa zülm edənlərə qarşı vuruşurdu. Bununla belə o vaxt da satqınlar var idi, Nəbini satırdılar. İndi siz niyə əsəbləşib özünüzdən çıxırsınız. İmkan verin, tarixçilər ortaya sübut qoysunlar.
Azərbaycan gündəmini dəyişənlər ortada meymun oynadırmışlar kimi davranırlar.
Azərbaycan milli dəyərlərinə zərbə hardan gəlmiş olar? Dost, qardaş sandığın adamdan aldığın zərbələr necə göynədir?
Hədəf niyə Azərbaycançılıq ideologiyası olsun axı..?
Düşünün, cənablar, düşünün, boş-boş söyüşməkdən bir şey çıxmaz.

Böyük ehtimalla: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I