Metronun içində qələbəlik idi. Elə bil bütün şəhəri yığıb tökmüşdülər bura. Böyükdən kiçiyə burdaydı hamı. Boyalı, boyasız qadınlar, qalstuklu, qalstuksuz kişilər, tələbələr, qocalar, cavanlar, anasının qucağında uyuyan körpələr -hamı, hamı burdaydı… Qatarlar dolurdu, boşalmırdı amma elə bil. Hər halda adama elə gəlirdi. Qapı açılan kimi bir-birini itələyib içəri atan adamlar elə qatar dayanan kimi də eyni sürətlə bir-birini çölə tullayırdı. Elə bil hamı öyrəşmişdi metronun bu basabas halına. Ona görə də heç kim narahat deyildi. Sanki elə belə də olmalı imiş. Əynində xəz palto, qulaqları və barmaqları qızılla dolu bir qadın bayaqdan qıraqda dayanıb gözləyirdi. Qatarlar bir -bir gəlib keçirdi. Amma qadın birinin də qapısına yaxınlaşa bilmirdi. Elə uzaqdan baxa-baxa qalırdı. Özü də nigaran, təəccüblə, küskün. Görünür gücü çatmırdı ki, insan selini yarıb qatara minsin. Üz-gözündə bərk narahatlıq və narazılıq vardı. Tez-tez qolundakı saatına baxırdı. Yəqin ki, harasa gecikməkdən qorxurdu. Saat da qızıldan idi deyəsən. Uzaqdan bərq vururdu, göz qamaşdırırdı. Qatarlarsa bir -bir gəlib keçirdi. Düz bir saat idi ki, qadın gözləyirdi. Hərdən cəsarətlənib bir addım irəli atanda, iki addım geri gedirdi. Yanından keçənlər arada təəcüblə bu qadına baxırdılar. Yəqin üst-başından sərnişinə bənzətmirdilər. Yəni ki, “bu geyimlə sənin burda nə işin var ?”-demək istəyirdilər yəqin. Üzlərinin ifadəsindən bunu sezmək elə də çətin deyildi. Qadın ona zillənən baxışların altında əzilsə də inadkarcasına gözləyirdi amma. Mədəni qadına oxşayırdı duruşundan, baxışından. Həm də sakit. Görünür gözləyirdi ki, metroda bir az sakitlik yaransın . Bu basabasa girmək istəmirdi yəqin. Heç girə də bilməzdi . Öyrəncəli deyildi axı .İş vaxtının qurtarması ilə bağlı insanlar getdikcə çoxalırdı metroda. Sərnişinlərin ardı -arası kəsilmirdi . İnsanlar çoxaldıqca qadın əl çantasından möhkəm-möhkəm yapışırdı .Qorxurdu ki, bu tünlükdə çantasını kimsə əlindən alıb qaçar. Şəhərdə o qədər olurdu ki, belə hadisələr. Az eşitməmişdi ki. Qıraqdan baxana elə gəlirdi ki, qadın neçə ildi metroya girmir və ya ömründə metroda olmayıb. Təəccüblü baxışlarından hiss etmək olurdu bunu. Axı hər gün metrodan istifadə edən adam yaxşı bilir ki, ucuz olduğu üçün insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsi metrodu və buna görə də bura hər gün basabas olur. Qadınınsa üzündə təəcübqarışıq təlaş vardı və ətrafdakılar anlayırdılar ki, o burda yenidi.Bilirdilər ki, heç dünyadan xəbəri yoxdu bu qadının. Qadınınsa narahatlığı getdikcə bir az da artmağa başlayırdı. Artıq ümidi itmişdi. Amma inadından da vaz keçmirdi. Bu qədər zaman gözlədikdən sonra metrodan çıxıb taksi axtarmağa da ərinirdi sanki. Ya da özünə sığışdırmırdı. Özündən də narazı olduğu bilinirdi. Bura gəldiyi üçün əməllicə peşman da olmuşdu deyəsən. Amma hər kəsə acıq verirmiş kimi dayanıb gözləyirdi.. Birdən nə fikirləşdisə durduğu yerdən aralandı, addım-addım irəli yeriməyə başladı. Növbəni yara-yara özünə yer eləməyə çalışdı. Nə olur olsun o bu gün bu qatara minəcəkdi. Başqa cür ola da bilməzdi. Gedənlər ondan artıq deyildi ki. Kimdən acizdi? Onun bu hərəkətindən narazı qalanlar qıraqdan söz atırdılar, söyən, qarğış edən də vardı. İtələyənlər də olurdu. Hiss olunurdu ki, hamı əsəbidi bu qadına. Qadınsa özünü eşitməməzliyə vururdu. Artıq heç nə vecinə deyildi.Gözləməkdən yorulmuşdu .Ayaqları sözünə baxmırdı artıq. Sakitliyi, kübarlığı da unutmuşdu . Bu dəfə də qatar yaxınlaşan kimi adamlar adəti üzrə itələyib qadını içəri atdılar .Səndirlədi, yıxılmadı. Qatara minə bildiyi üçün sevindi də hətta. Ətrafa baxdı. İçəri adamla doluydu. Əl atıb nədənsə tutmaq istədi. Heçnə gözünə dəymədi. Tıncıxdı . Havasız idi bura. Tər qarışıq kəskin qoxu gəlirdi qatardan. Ürəyi bulandı. Nəfəsini içinə çəkdi. Özünə təsəlli verməyə çalışdı. Hər nə olur olsun sakitliyini qoruyacaqdı. “Az qalıb, az qalıb” .Ən az on dəfə təkrarladı bunu özünə .Səsdən-küydən qulaqları gurlayırdı. Qatarda adamlar getdikcə artırdı. Hər stansiyada yeni-yeni sərnişinlər dolurdu qatara. Bir -birini itələyə-itələyə, əzə -əzə həm də. Hər dəfə də qadını sıxışdırıb irəli atırdılar. Qatar dolduqca yer daralırdı. Yer daraldıqca qadın daha çox sıxılırdı, utanırdı. Əynindən , başından , qızıllarından utanırdı . “Gərək belə geyinib çıxmayaydım evdən. Nə vacib idi axı? Elə bil cin buyurdu mənə. Yox e. Mənə deyən gərək sənin burda nə işin var axı? .İndi hamı qıraqdan baxıb mənə gülür yəqin” .Sonra ətrafına nəzər saldı. Heç kimin ona baxmadığını görüb bir qədər sakitləşdi. Hamı öz dərdində idi. Kim idi onu düşünən? . . Stansiyaları keçdikcə ürəyi rahatlanırdı . Bilirdi ki, çətini qatardan düşənəcən və metrodan çıxanacandı. Sonra bir də nə metroya girəcəkdi , nə də bu adamların üzünü görəcəkdi. Buna yüz faiz əmin idi. Bu fikirlərlə bir də gözünü açıb yumdu ki,qatar artıq doğma stansiyadadı. Çətinliklə də olsa gəlib mənzil başına çatmışdı. “Çatdım. Şükür. İcazə verin. Burda düşməliyəm. Xaiş edirəm. Yol verin. Çəkilin yoldan. Qolumu buraxın” .Hiss etdi ki, sözünü özündən başqa kimsə eşitmir. Səsini bir az da qaldırdı. Heç kimin vecinə deyildi qadın sanki. Hamı bir -birini itələyə-itələyə qatardan düşürdü. Başa düşdü ki, ona heç kim yol verməyəcək. Qatara daxil olanlar düşənlərə heç macal vermirdilər. Qadın həyəcanla əl-qol atırdı. Adamlar onu itələyib pəncərə tərəfə sıxışdırmışdılar artıq. Qadın çırpınırdı adam selinin içində. Boğulurdu. Artıq anlayırdı ki, burdan çıxmaq mümkün deyil. Heç yalvarışları da işə yaramırdı. Yorulmuşdu tamam. Amma hardasa bir ümid də vardı ürəyində . “Yox , nə olur olsun, çıxmalıyam”. Var qüvvəsini toplayıb adamları kənara itələməyə başladı. Artıq heç kim və heç nə vecinə deyildi.” Kim nə deyir, desin. Burdan çıxmalıyam. Vəssalam”. Birdən qulağına gələn səsdən diksindi: “Qapılar bağlanır. Növbəti stansiya “AZADLIQ”.
Mənə elə gəlir ki, bütün yaxşı şeirlər yazılıb. İnsan tərəfindən yox, hardasa, nə vaxtsa bir sirr tərəfindən yaradılıb və üstü yaddaşsızlıq, görməmizliklə örtülüb. Bu gün də yaradılmaqda və gizlədilməkdə davam edir. Bəlkə də insan yazıb, sonra da zaman tərəfindən unutdurulub. İndi əsas məsələ onu yada salmaqdır. Gərək elə düz yada salasan ki, onun hecasıni, qafiyyəsini, bütün əzalalarını çox doğru-düzgün xatırlaya biləsən.
Məsələn, evdə, ümimiyyətlə, hər yerdə bir şeyi itirəndə, hara qoyduğunu xatırlamağa çalışırsan. On gün, bir ay, bir il… Axır ki, tapırsan. Şeiri yazmaq da belə xatırlamaq, yadına salmaq və axtarmaqdır.
Dünyada icad olunmamış nə qədər kəşflər var. Bizdən kənarda dayanıb. Biz onun yerini, dilini, üslubunu hələ ki, bilmirik, axtarırıq. Düz ünvana gedib tapanda kəşf olur, yalnışlıq olanda uğursuzluq. Alimlər kəşflər axtarırlar, şairlər də gözəl şeirlər.
Mənə elə gəlir tanınmış şair Faiq Balabəyli də indiyə kimi çox yaxşı şeirlər xatırlaya bilib. Axtarıb, düşünüb, axır ki, yaxş şeirin yerini müəyyən edib, ordan da köçürüb ağ vərəqlərə.
Dənizçinin yuxusuna Torpaq ətri girər hər gün. Dənizçiyə dalğaların arasından əl eləyər su pərisi, dənizçiyə ad qoyarlar – su dəlisi.
Niyə bu şeir mənim xoşuma gəlir? Çünki Faiq bu şeiri olduğu, yarandığı kimi düz tapıb, ünvana düz gedib, düz xatırlayıb, burda yalnışlıq yoxdur. Müşahidə çox dəqiqdi. Ona görə ki, o, dənizçidir.
Faiqin hərdən müəyyən məsələlərdə pərt olmağı, elə yerindəcə də qəfil donub qalmağı var. Bu, Faiqin şair vəziyyətidir. Bir dəfə şeir məclisində Əjdər ol onun oxuduğu şeiri yüngül tənqid elədi, Faiq yerindəcə donub qaldı. Başqası olsaydı, yeri – göyü dağıdardı, bu şeirin harası pisdi, bunu flan akademik bəyənib, mənim kitabıma flan akademik ön söz yaz və sair.
O, bir dəfə haqsız olaraq həbs olunmuşdu, dəqiq bilirəm ki, onda da dəmir barmaqların arasında beləcə donub qalıb.
Faiq ürəyindən əməliyyat olununda xəstəxanaya yanına getmişdim. Üzünə baxan kimi o saat düşündüyüm bu oldu ki, yəqin həkim əməliyyat söhbətini qəti şəkildə ortaya qoyanda Faiq elə beləcə yerində donub. Faiqin belə halları həmişə məni kövrəldir.
Göz yaşları həm də ürəyində Gəzdirdiyin daşlardı, Ata bilməyəndə əriyib su olurmuş.
Göz yaşının əriyib su olması məni xeyli düşündürdü. Doğurdan da, həmişə hiss eləmişəm ki, ya daş suyu yaradıb, ya da su daşı. Hər halda daşla su arasında bir ana -balalıq var. Bax, görürsünüz, Faiqin bu şeiri mənə nəyisə xatırlada bildi. Xatırlada bilən əşya və detallar gözəldi.
Ayağının altından qum dənəsini, Özüylə götürüb gedən ləpələr.
Aha, bu şeirdə nəyinsə ünvanını tapılıb. Qum dənəcəyinin qapısı düz döyülüb. Mənim üçün qumun dənəsinin beyinciyi daha maraqlı olardı. Kaş şair bir az da irəli getsəydi… Amma bura qədər də maraqlıdır. Mənalandırmaq və yozmaq olar ki, ləpələr qum dənəsini kənarda qoymaq istəməyib, bəlkə bu qum dənəsi ləpə qızın sevgilisidir, daha doğrusu, toxumcuğudur. Bəlkə də, ləpəni aydınladan, duruldan, hərəkətə gətirən qum dənəsinin beyinə milyon illərdi yerləşdirilimş enerjidir.
Mən indi Faiqin şeirləri ilə danışıram. Sual verib cavab alıram. Yazımı onun şeirləri üzərində inkişaf etdirirəm. Daha başqa bəzi tənqidçilər kimi özümü savadlı, elm dəryası kimi göstərmək üçün dünya ədəbiyyatanda onun şeirləri ilə üyğunlaşa bilən detalları müqayisə edib şairi göylərə qaldırmıram. Ya da Faiqin bir şerini müasir İspaniyada “Ürəyi əzən şairlər” qrupunda paylaşılan bir şeirlə səsləşdiyini deyib haray – həşir qoparmıram. Bunu etmək olar. Amma bu, təhlinin zahiri tərəfidir. İç tərəfi isə şeirlərin dünyada, kainatda ünvanladığı yerin doğru – düzgün tapılmasıdır.
Dərd, sevincin üstünə İmza atır, qol çəkir.
Mən şairin yerinə olsaydım, “dərd”in yerinə “qəm” yazardım. Çünki dərd bir insanın fərdi şəkildə başına gələn bədbəxt hadisədir və ya heç vaxt həllini tapmayan bir həyat problemidir. Amma qəm dünya qəmidir, o, dünyəvi olduğu üçün şirindir. Belə bir ifadə var: “qəmin şirinliyi”. Leyli ilə Məcnunun bir – birindən uzaq düşməsi və çəkdikləri dərd deyil, qəmdir. Özü də Füzulu qəmi.
Bizim Haqdan qopub gəlməyimiz dərd deyil, qəmdir. Deyir Adəm peyğəmbərin qəbir palçığının yoğrulması üçün otuz doqquz gün qəm, bir gün isə sevinc yağışı yağdı. Elə insanın o vaxtdan dəyəri qəmlə ölçülür. Ona görə sevincin üstünə qəmin qol çəkib imza atması çox gözəldir.
Faqi Balabəyli daim yeni axtarışlar edir, şeirlərində alleterasiyalar, mübaliğə, litotadan və digər təsvir vasitələrindən bəhrələnir. Aşağıdakı misralarda “sel olub selləndi” ifadəsinin səslənişi uyarlıdır. Necə ki, M. Füzuliin “canı canan diləmiş…”, xalq mahnısında “piyalələr irəfdədi, hər biri bir tərəfədi” ifadələri şeirin təsir gücünü artırır, həm də bu, o deməkdir ki, Faiq klassika və folklora çox bağlıdır.
Sel olub selləndi Xəzərim o gün; Ləpələr sevindi, sular gülüşdü.
Şeirdə “sular gülüşdü” birləşməsi tablo kimi çox dəqiq tapılıb və şairin şeirlərində təbiət lövləri də orjinallıqla sərgilənir.
Bu gün yaxşı şeir yazmağın əsas yolu istedad və zəhmətdən başqa peşakarlıqdan keçir. Yəni, şeiri necə yazmaq, hardan və nədən başlamaq, fikri necə demək kimi məsələlər müəllifin yadına düşməyəndə və ona əhəmiyyət verməyəndə yüz il də şeir yazsa, ancaq söz yığını olacaq. Şeirdə əsas iş onu (təkçə şeirdə yox bütün əsərlərdə) necə başlamaqdır.
Məncə, şair misralarından başlayır. 80- ci illərdə məşhur tənqidçi Mürşüd Məmmədov “Azərbaycan” junalında çap etdirdiyi “Misra və onun fikir yükü” məqaləsi ədəbi mühitdə böyük rezanans doğurdu. Bundan əvvəl Aydın Məmmədov “Zamanla səsləşən şeirlər sorağında” məqaləsi “Ulduz” junalında işıq üzü gördü və hər iki müəllif qaragurh, boz ədəbiyyatla üz- üzə qaldı və nə qədər əziyyət çəksələr də, onların haqlı iradəsi müasir ədəbi prosesə yeni töhfələr verdi. Faiq Balabəylinin yaradıcılığına da həmin məqaalələrin müsbət təsiri olub. Onun misraları dolu sümbül kimidir. Böş- boşuna küləyin diktəsi ilə yellənmir.
Yuxarıda dediyim kimi, yaxşı şeir yazmaq üçün şair peşakar olmalıdır. Deyək ki, evdə yuxarıda, məsələn tavanda nadinc uşaqların atdığı bir qızılgül kolu ilişib qalıb. Amma ona əl çatmır. Ona görə də ayağımızın altına hər hansı bir əşyanı qoymaq lazım gəlir. Hələ bundan sonra da biz dabanlarımızı qaldırıb pəncələrimizin üzərində dayanırıq.Yaxşı şeirdə də orjinaıl fikirləri tapmaq üçün təfəkkürümüzü “ayağının” altına nəsə qoymalıyıq: Bu mütalilə, zəhmət, peşakarlıq, dünya görüşü ola bilər. Faiqin şerlərində peşakarlıq öz yerindədir. Amma bəzən şair yazdığının üstündə çox dayanmır, bir an kimi misra gəlib keçir. Məsələn:
Mən bu şeiri yazsaydım, “arxamca” sözünün yerinə “üzümə” yazardım. Çünki qapının bağlanması da, niqab da, ən çox üzə aiddir.
Şeir yazmaq ən çox bənna işinə bənzəyir. Usta daşı hörgüyə qoymazdan əvvəl onu xeyli əlində sazlayır. Uyarlı tərəfini tapıb daşı hörgüyə qoyur, sonra daşı silkələyir, laxlamırsa, demək, yerini tutub. Şair sözü misraya qoymazdan əvvəl onu dilində bir neçə dəfə ifadə eləməlidir. Əgər ifadə zamanı ağzı- gözü əyilmirsə, demək, sözü yerinə qoymaq olar. Deyirlər ki, böyük aktyor və rejissor Carlı Caplin filmlərini ilk dəfə uşaqlara göstərirmiş. Əgər uşaqlar gülüşdülərsə, ondan sonra istehsalata buraxırmış. Çünki uşaq heç vaxt yalandan gülmür və heç kəsi aldatmır. Yaşlı şair dostum bu yaxınlarda mənə bir sirr açdı, dedi ki, mən protez dişlərimi çıxaranda şeir yaza bilmirəm. Çünki sözlər ürəyimdə düz oxunmur, hər misra mənə kələ- kötür gəlir. Şair haqlıdır. İ ndi dostum Faiqin şeirləri nə yaxşı ki, dişli şeirlərdi. Həm sosial, içtimai məna, həm təbiət və cəmiyyət məsələləri, sevgi, iztirabları, həm də iztirabın həzzi Faiqin şeirlərində arı pətəyi kimidir, həm nizamlı, həm də hisslər, düyğular qaynayır.
Qaranlıq dərə bilib ovcumda əl gəzirəm Qoşa əlin ovucu, qaranlıq kaha mənə…
Bu misraların materalı əruz olsa da, fikir əridilib heca qəliblərinə ustalıqla tökülüb. Əvvəla, onu deyim ki, mən Faiqin əksər şeirlərini, nəsr əsərlərini və əsərləri haqqında yazılan məqalələri də oxumuşam. Yazdıqlarının düz yerini də, əyri yerini də görmüşəm. Naşılıqları da çıxıb qabağıma. Düşünmüşəm ki, bir adam kiməsə zəng edəndə nömrəsinin bir rəqəmini səhv yığanda başqasına düşdüyü kimi, bəzi şeirlərdə də Faiq nə vaxtsa İnsanın(özünün) yazdığı şeirləri dərindən xatıralaya bilməyib. Nömrə səhv yığıldığı üçün ünvana zəng(şeir) düz çatmayıb. Amma Faiq həmişə şair ömrü yaşayır.
Yuxarıdakı iki misra məni çox düşündürdü. Faiq milyon il bundan qabaq yazdığı şeiri olduqca dəqiq xatırlayıb. Artıq bu, mənim tanıdığım Faiq deyil. Faiq öz düşüncəsini, fikrini inkişaf etdirib, düyğularını yetişdirib, ərsəyə çatdırıb. Faiq bu iki misraya (beyt də demək olar) içtimai, sosial məzmun, əzab, əsəbi həyat, ömür və bu özünün çəkdiyi iztirabları yerləşdirib. Bu, o zaman baş verib ki, Faiq şeirin əl – ayağa dolaşan, taqqıldayan, heca şeirinin qabar tutmuş qafyəsindən azad olub. Şairə, Faiqə ən çox maniə olan heca şeirinin qafiyə sindiromudur. Belə də demək olar, qafiyə Faiqə maniə olur. Onun əksər şairlərində qafiyə sarıdan əzab çəkdiyini bilirəm. Nə yaxşı qafiyə tapa bilir, nə də köhnə qafiyələrdən əl çəkir. Demək, çıxış yolu qafiyə axtarmaq da deyil, təzə fikir, təzə mətn tap, “zəng elə ünvana düz düş”, yenilik öz qafiyəsini özü gətirəcək. şair qafiyə gəzməməlidir, mətinin ünvanına düz gedib onun qapısını döyməlidir.
Yuxaıda ki, iki misra Faiqin bütün şeirlərinin baş cümləsi və epiqarafı kimi məni sevindirdi. Şair ovucu qaranlıq dərəyə bənzədib və onun içində əl gəzməsiylə yeni bir orjinal manifest sərgiləyir. Dünyada nə baş verirsə, əllə icra edilir. Hələ ki, heç kəs kahaya bənzəyən ovucu ilə tanış deyil. Ona şirin nemət verən ovuc – kaha həm də sirlidir, qaranlıqdır. Bu kaha ovuclara qəşəng bir balanın da ayaqlarını “əkmək” olar, Suriyaya tuşlanan bir raketi də. Suriya da bimədiyimiz bir ovucun içindir. Qarabağ da dərin bir ovucda gizlədlib. Bəli, insanlar min illərdir, bu ovuclarda tutmağa əl gəzir. Hanı o əl? Bu qaranlıq kahanın içində hər şey var, amma əl yoxdur. Dünya sirrini, həyat əksiliklərini özündə saxlayan bu kaha ovuclar heç sahibinin özünə də dəqiq aydın deyil. Çünki bu ovucu yaradan (siyasət) unudulub. İndi şair kaha ovcu düz tapıb, amma növbəti şeirdə o qaranlıq kahanı yaradanı dəqiq tapmalıdır. Ürəklə deyirəm və sevinirəm ki, dostum Faiq milyon il əvvəl unuduğu bu şeiri olduğu kimi xatıralaya bilib. Indi aşağıdakı şeirinə baxaq:
Sən şeir yazdığın ulduzlu səma, Damından su daman daxmadı mənə.
İki tərəf var bu şeirdə; biri ulduzlu səmaya şeir yazıb tərifləyən, bir də, o ulduzlu səmanın onun evinin daman tavanı olduğunu deyən. Mətn də yerindərir, qafiyə də. Şünki qafiyəni mətn özü ilə gətirib, daha onu şairin qələmindən hazır almayıb. İki misradakı əkslik, parodoks burada yeni məna yaradır. Daxildəki ehtiyacın gözü ilə baxanda, göy ulduzlu səma da ola bilir, daman tavan da. Məncə, Faiq gözəl xatırlayır və gələcəkdə ən gözəllərini xatırlaya biləcək. Uğur olsun! Şair dostumun 60 yaşı mübarək.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözovanın “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” adlı monoqrafiyası Xan nəşriyyatında ayrıca kitab şəklində çap olunub. Naşiri Səbuhi Şahmursoy olan bu nəşr AMEA-nın adı çəkilən institutunda “Sənətkarın elmi pasportu” seriyasından həyata vəsiqə qazanmış növbəti faydalı kitablardan biridir.
“YAZARLAR” olaraq, Elnarə xanımı bu münasibətlə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Bu dəfəki qəhrəmanım nə şair deyil, nə yazıçı, nə rəssam , nə musiqiçi.Nə sözü şeirə çevirəndi, nə səsin, nə rənglərin diliylə danışan. Bütün həyatını rəqəmlərin üzərində quran , elmlərin açarı sayılan riyaziyyatın nazını balası kimi çəkən, üstündə əsən , tətbiq və tədris edən elm fədaisidi eləcə. Pafosdan uzaq, tərifdən qaçan, təqdimatı sevməyən elm fədaisidi bir sözlə. Sakitdi. Eqosuz, bərsiz-bəzəksiz danışmağı sevir.Özünüreklamdan uzaqdı. Neynirsə ürəyinin diktəsilə edir. Sadədi, utancaqdı. Fikrini birnəfəsə deyir. İncitməkdən qorxandı. Dinləməyi gözəl bacarır. Sakitliyində bir təlatüm var . Sükutunun səsini duyan lazımdı sadəcə. İncikliyini də, sevincini də səsindən anlarsan. Dilə gətirməz. Vətən , el təəsübkeşidi həm də. Bu dünyanın adam yükünü çəkənlərdəndi eyni zamanda. Maraqlı adamdı, deyilmi? Həm də sirli. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət Feyruz Məmmədovdan gedir. Riyaziyyatçı Feyruz Məmmədovdan. Biz sözdən söz yoğururuq, o rəqəmlərlə oynayır. Yaradıcıyıq dolayısı ilə hər ikimiz. Bəlkə bu xüsusiyyətimizdi bizi elm adamlarıyla dost edən, yaxınlaşdıran. Feyruz müəllim ədəbiyyatı da sevir amma. Elə gözəl izahları və fikirləri var ki. Duyur ürəyimizdən keçənləri. Mən elə bilirdim ki, riyaziyyatçılar sərt və rəqəmsal olurlar. Yanılmışam. İnsanlığın heç bir elmlə bağlılığı yoxdu. İnsandı, vəssalam. Feyruz müəllim kimi. Dünənəcən müəllim kimi tanıyırdım onu sadəcə. Vicdanına və savadına söykənən müəllim kimi. Bu günsə 6 riyazi kitabın, testin , elmi araşdırmaların müəllifi kimi . Doğrusu ondan söz almaq da bir o qədər asan deyil.Dedim axı tərifdən qaçan adamdı, təvazökardı. Sakitliyinin özündə qəribə bir səs var. Bu qəribəlik oldu elə mənə bu yazını yazdıran da. Bu yazım da elə belə doğmadı ha. Tanrı göndərdi. Diktəsiz, sifarişsiz, filansız. Elə qəhrəmanım kimi. Axı Tanrıdan doğan yazıların içindəki işıqdan hər kəsə pay düşür. Göz qamaşdırmır, sadəcə nuru var. Mənə elə gəlir ki, hər kəs sözü boyda, əməli boydadı. Yəqin mənimlə razılaşarsız. Əminəm ki, bu çağacan Feyruz müəllimin ürəyinin və ruhunun işığından çox evə , çox ocağa pay düşüb. İnsanlığına, pedaqoqluğuna, peşəsinə hədsiz sevgisinə sığınıb deyirəm bunu. İndi gəlin bir az da yaxından tanıyaq bu sirli qəhrəmanı. Məmmədov Feyruz Əliqulu oğlu 1953-cü ildə ,avqustun 17-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb. Əslən Şamaxının Dağ Kolanı kəndindəndilər. Yəni tərəkəmədilər. (Soyumuz, kökümüz birdi .Həmişə bununla fəxr etmişəm) Əvvəlcə Salyan rayonunun Yolustü kənd səkkizillik məktəbində, sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970 -ci ildə ADU -nun, indiki BDU-nun tətbiqi riyaziyyaz fakültəsinə daxil olub.1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və doğma elinə obasına qayıdıb. Müəllim kimi əmək fəaliyyətinə Salyan rayonu Yolüstü kənd orta məktəbindən başlayıb. Pedaqoji fəaliyyətində də el arasında böyük hörmət və nüfuz qazanıb.Şagirdləri respublikanın müxtəlif tədris ocaqlarında təhsillərini davam etdiriblər.Olimpiadaların qalibi olublar. Bir sözlə müəllimlərinin başını uca ediblər hər yerdə. Bu da bir uğurdu. 2002-2005 -ci illərdə Azərbaycan Müəllimlər İnistitutunun Salyan rayonu filialında baş müəllim kimi fəaliyyət göstərib həm də. Feyruz müəllim təkcə tədris və təlimlə kifayətlənməyib bu illərdə. Yazıb yaradıb. Elmə bir -birindən dəyərli töhfələr verib. Onun “Beşinci və altıncı siniflər üçün olimpiada məsələləri ” ,” Riyaziyyatda bəzi məsələlərin müxtəlif üsullarla həlli”, “1453- cü ilin riyaziyyat sərgüzəştləri”, ” Gənc riyaziyyatçı”,” Zəfər ilinin riyazi aləmi”,” Riyaziyyat__251 məsələnin 1170 həlli” adlı kitabların , 10- dan çox elmi məqalələrin müəllifidi. 2009-cu ildə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin tarixi sərəncamı ilə ” Tərəqqi” ordeni ilə təltif olunub. Feyruz müəllim bu gün də sakit deyil. Elə gənclik şövqüylə axtarır, tapır, yazır, yaradır. Həm də xüsusi zövq və sevgiylə. Amma yenə də hay-küysüz, sakit. Özünü riyaziyyatda çoxdan isbat etsə də bu gün də axtarışdadı.Bu onun daxili təlatümündən irəli gəlir. İşinə, peşəsinə sonsuz sevgisidi onun dincliyini əlindən alan. Nə deyirik. Təki belə əməlisaleh elm fədailərimiz çox olsun. Dünya da bunun acı deyilmi? Elə biz də belə ruhun işığına can atanlardanıq.Bilirəm ki, Feyruz müəllim bu yazını oxuyub sakitcə “Çox sağ olun” -deyəcək. Amma bu sakitliyin içindəki şükranlığı bir mən duyacam, bir də Tanrı. Zehnin və ruhun həmişə açıq olsun, işıq adam!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabu, bil!!! 19.02.2023. Bakı.
21 fevral Beynəlxalq Ana Dili Günüdür. Hər hadisəyə fikir bildirən bizim şanlı “Hərşeyşünaslar” bu günü necə qeyd etdilər, nə yazdılar, nə pozdular, ürəkləri sızlayaraq kədərləndilərmi, dərindən bir ah çəkib haray saldılarmı?… Ritorik suallara cavab vermək yerinə sosial şəbəkələrdə mənim ən çox paylaşılan, ən çox təqdir alıb, ən çox da təhqir edilən yazımı ürək ağrısı ilə paylaşıram. Sizdən xahişim fikirlərimlə razısınızsa yazını paylaşın ki, oxumayan qalmasın, oxuyanlar isə bir də oxuyub düşünsünlər…
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” deyə bir status yazdım. Təbii ki, rezonansa səbəb oldu. Statusu xeyli bəyənən oldu, çox şərh yazıldı, yüzlərlə paylaşım edildi. Paylaşanlar içində rusdilli bir qrup da vardı. Ancaq onlar təhqirə keçdilər…
Məşhur rus pedaqoqu Konstantin Uşinskinin öz sözləri ilə başlayım bu yazıya:
“Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir”.
Hər şey buxar mühərrikinin, dəmir yolunun, radionun, Kimyəvi Elementlərin Periodik Cədvəli və onlarla, yüzlərlə, hətta minlərlə kəşfin qonşularımız tərəfindən öz adlarına çıxarmaları ilə başlayır yəqin. Televizoru açırsız “Периодическая Система Химических Элементов Менделеева” görür, qəzeti açırsan “Радио Попова” oxuyur, radiodan isə Çerepanov qardaşları haqda “əfsanələr” eşidirsiz.
Bunların təsiri böyükdür. Rusiyanı elmin, tərəqqinin, mədəniyyətin beşiyi kimi təqdim edirlər. Və bu təbliğatın, ki onun yaşı 200-ə çatır, təsiri altına düşüb, vurulursuz bu möhtəşəm tarixə.
Halbuki böyük mədəniyyətlər Şərqdə, Balkanlarda yaranmışdır. Rusiyanın yazılı tarixindən çox-çox əvvəl – “Слово o Полку Игореве” eposundan minlərlə il əvvəl yaranmışdır bu böyük mədəniyyətlər. Qonşularımız millət kimi formalaşana qədər Dünyada çox mədəniyyətlər yaranıb süqut etmiş, yeniləri yaranmışdı.
Bəşəroğlu elmin, tərəqqinin arxasınca gedəndə artıq nə elədiyinin fərqində idi. Platon, Sokrat, Aristotel insanlığa töhvələr verib, düşüncəyə, məfkurələrə təsir edəndə “Çaadayev, Solovyov, Tolstoy və Dostoyevskilər” yox idilər. Qədim dövrlər ədəbiyyatı, orta əsrlər ədəbiyyatı kimi zəngin bir keçmişə gəlin baş vurmayaq. Opponentlərimi çətinə salmayım çox. Hər biri üzərində tək-tək durmağa vaxtım yoxdur, bəlkə də heç ehtiyac da görülmür buna, sadəcə bəzi “dəmir kimi sərt” gerçəkləri paylaşım deyə düşünürəm.
Haşıyədən kənara çıxmaq kimi baxmayın. Seçim üçün, tarixdəki rolu üçün “Ölkələr və İxtiralar”a bir nəzər salaq:
Buxar mühərriki – İngiltərə Dəmir yolu – İngiltərə Poçt markası – İngiltərə Televiziya – Almaniya Motorsiklet – Almaniya Avtomobil – Almaniya Helikopter – Fransa Multiplikasiya – Fransa Kino – Fransa Piano – İtaliya Radio – İtaliya Kaset – Hollandiya Dinamit – İsveç Teleqraf – ABŞ Yol işıqları(svetofor) – ABŞ Kassa aparatı – ABŞ Fotokopiya aparatı – ABŞ Traktor – ABŞ Atom bombası – ABŞ Aeroplan – ABŞ Kondisioner – ABŞ Elektrik plitəsi – ABŞ İnternet – ABŞ
Diqqət edin, burada 18-ci əsr də var, 21-ci əsr də. Burada Bəşəriyyətə verilən töhvələr, sənaye inqilablarını təşviq edən möcüzələr var.
“Şərqdə poeziyanın dili farsca, Qərbdə isə almancadır” yazmışdım bir məqaləmdə. Bir dostum sormuşdu ki, bəs ingilis dili nəyin dilidir. Düşünmədən cavab verdim:
“İngilicsə 21-ci əsrin, IT texnologiyalarının, Süni İntellektin, bu günün və sabahın dilidir”.
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” statusuma sərt müxalifət edən bir nəfər də soruşmadı ki, niyə və ya nədən peşman olacaqsınız. Cavab verim özüm verdiyim suala…
11 il sonra ancaq rusca danışa biləcək uşaqlarınız. Əmin olun buna. Riyaziyyat, fizika, kimya, kodlaşdırma bilməyəcəklər. Bilirsiz niyə? Çox sadə səbəbi var. Çoooox sadə. Çünki ölkədə onları tədris edən müəllim qalmayacaq. Bəli, rus məktəblərində müəllim qıtlığı artıq indidən hiss olunur.
Ey dili-qafillər, yoxdur, müəllim yoxdur, bilin artıq bunu. Bax buna görə üsyan edirəm.
Hansı gənc indiki dövrdə sənədlərini Pedaqoji universitetin məs., riyaziyyat fakultəsinin rus bölümünə verər? Haradan alacaqlar bəs sizin artan rus sektorlarınıza riyaziyyat, fizika, kimya, kodlaşdırma müəllimlərini? Tapa bilməyəcəklər, il-ildən sayları da azalalacq bu müəllimlərin.
Bəs nə olacaq bu durumda?
Heç nə olmayacaq, 70-80 il əvvəlki kimi idman müəllimi fizika, əmək müəllimi kimya tədris edəcək. Kodlaşdırmanı filanı isə unudun, o sahədə zatən müəllim yoxdur, qalmışdı rus dilində kod yazmağı bilənlər…
11 illik rus məktəbində təhsilə “11 illik rus dili kursları” deyirlər. Ağlamalı deyilmi – uşağını 11 il oxut ki, rusca danışsın!…
Buna necə razı olursuz? Bunu övladlarınıza necə rəva bilirsiz? Yoxsa siz Molokan bağı ətrafındakı kafelərin, mağazaların üzərindəki iş elanlarına görəmi hərəkət edir, övladınıza gələcək qurursuz:
“Rus dilini bilən ofisiant və satıcı lazımdır”.
Əminəm ki, aranızda övladları 21-ci əsr peşələrinə yiyələnmək istəyənlər də var. Məsələn, kosmik biologiya, mühəndis-genetik, yaşıl şəhərlər memarlığı, bio-etika, dijital linqvistika, data jurnalistikası və s.
Bütün bunlar Rusiya universitetlərində tədris olunmur. Çoxları heç adlarını belə eşitməyiblər.
Bu söylədiklərimi bəzi rəsmi statistik datalarla da göstərməyə çalışəm…
Süni İntellekt (AI) sahəsində patent müraciətlərinə baxın. Bu şirkətlər içərisində şimal qonşumuzun bir dənə də şirkəti varmı? Nə qədər geridə olduqlarını bu statistikasız da bilirsiz axı.
1 IBM 2 Microsoft 3 Toshiba 4 Samsung 5 NEC 6 Fujitsu 7 Hitachi 8 Panasonic 9 Canon 10 Alphabet 11 Siemens 12 Sony 13 Toyota 14 NTT 15 SGCC
Bütün dünya “Əşyaların İnterneti” (Internet of Things) haqda danışır. İnkişaf mərhələlərinə nəzər salaq:
İnternet öncəsi – İnsandan insana
Kontent İnterneti – WWW
Xidmətlər İnterneti – WEB 2.0
İnsanların İnterneti – Sosial Media
Hər Şeyin İnterneti – Cihazdan cihaza
Qərb Dünyası addım-addım, səbrlə, hər mərhələni “həzm edərək”, zənginləşdirərək bir sonrasına keçib. Ancaq qonşu ölkə 4-cü dən o yana keçə bilmir – resurslar tükənib, təhsil sistemi tənəzzül içindədir, demoqrafik və sosial problemlərlə boğuşur. İqtidarları hakimiyyətini sərhədlərdən o yana münaqişə zonaları yaratmaq, oralara müdaxilə etmək və “derjavaçılıq” nərələri ilə saxlamağa çalışırlar. Ancaq hara qədər?
İki qonşunu sadə misalla qarşılaşdıraq:
Dövlət xərcləri (1 ildə)
Yaponiya: Əhalisi: 127 milyon Səhiyyə: $473 milyard Təhsil: $162 milyard Ordu: $48 milyard Yollar: $37 milyard
Rusiya: Əhalisi: 146 milyon Səhiyyə: $45 milyard Təhsil: $50 milyard Ordu: $61 milyard Yollar: $9 milyard
Bu rəqəmləri ətraflı şərh etməyək. Sadəcə təhsilə ayrılan pullara baxsaq bu bizə xeyli informasiya vermiş olacaq…
ABŞ və Çin arasındakı rəqabət:
– Çin 2016-da növbəti “Beşillik İnkişaf Planı”nı hazırlamışdı; – Bu planın “Stratejik Məsələ” bölümündə əsas yeri Kvant (Quantum) Kompüterlər tutur. Bəşəriyyətə yeni çağ açacaq bu nəhəng maşın üçün Çin ABŞ-dan 2 dəfə daha çox patent alıb. – Quracaqları “Kvant Milli Data Servisləri Laboratoriyası “üçün çinlilər 10 milyard dollar xərcləyirlər.
Google ve NASA Kvant kompüterlərində üstünlüyü ələ alıblar. Ancaq Çin ABŞ-ın çox da gerisində deyil, hətta amerikalılar onun nəfəsini ənsələrində hiss edirlər.
2020-2030 arasında dünyada ölkələr arasındakı texnolojik fərq uçurum təşkil edəcək. Təbii ki, sadəcə bircə laboratoriya üçün 10 milyardlar xərcləyən millətlər istiqbal əldə edəcəklər. Betona pul qoyma dövrü çoxdan keçmişdə qalıb. Pulu beyinlərə xərcləyən ölkələrdə o beyinlər elmi-texniki tərəqqinin memarlarına çevrilirlər…
Gəlin aşağıda “Tədris hansı dildə olmalıdır?” sualına cavab axtaraq bir yerdə. Amma bu boş bir məşğələ olacaq, çünki artıq dil deyəndə “kod” başa düşülür. Uğur qazanan ölkələr balalarına “xəyal qurmağı öyrədən” ölkələr olacaqlar. Xəyal isə Ana dildə qurulur, Ana dili isə laylalar, nağıl və əfsanələr, Məlikməmməd, Dədə Qorqud və Koroğlulardır.
Dünyada mübarizələrin, hətta müharibələrin nə uğrunda və necə gedəcəyinə baxanda nə görürsüz? Bir az da bunlar haqda düşünək:
Silahlanma yarışı kimi Süni İntellekt uğrunda yarış başlayıb;
Yetərli datanız varsa bir ölkəni əsgərlə kontrol etməyə gərək qalmayacaq;
Süni İntellekt inqilabı siniflər və ölkələr arasında görülməmiş bir bərabərsizliyə yol açacaq (19-cu əsrdə ilk sənayeləşən İngiltərə və Yaponiyanın dünyanın bir çox bölgəsini kontrol etməsi kimi);
Süni İntellekt yarışında ABŞ və Çin böyük bir fərqlə önə keçərək digər ölkələri geridə qoyublar;
Süni İntellektin gücünü, yaratdığı faydaları insanlar arasında adil şəkildə paylaşmasaq Süni İntellekt bəzi mərkəzlər üçün görülməmiş sərvət və güc mənbəyinə yol açacaq. Digər ölkələr isə çökərək, “data koloniyalarına” çevriləcəklər.
Çox uzaqlara sürükləməyim sizi, hərdən Yuval N. Harariyi vərəqləyin bir az ya da Frensis Fukuyamanı. Hətta kitabları uşaqlarınıza da oxuyun. Çalışın oxutdurun…
Bu arada deyim ki, mütləq İlon Maskı da oxumalıdır uşaqlarımız. O İlon Maskı ki, Rusiya rəsmi təbliğatı gecə gündüz onu “fırıldaqçı”, “əfsanə satan”, “uğursuz mühəndis”, “pulgir və yalançı kosmos heyranı” adlandırırlar.
Halbuki onları “yandıran” özəl bir şirkətin (SpaceX) dövlətin “Roskosmos” kimi bir nəhəngini “böyrüüstə” qoymasıdır. 50 yaşlı bir adam 10 il ərzində kosmos ənənələri olan bir ölkəni tarixin uzaq küncünə sıxışdırdı.
Mən 3 il əvvəl İlon Maskı Ana dilimizə gənc nəsli düşünərək tərcümə etmişdim. İstəyirdim ki, bizdən sonra gələnlər Elmə inansınlar, Elmi sevsinlər, gecələr yatanda beyinlərdə möhtəşəm layihələr, fantaziyalar, xəyallar qursunlar, xəstə nənə və babalarına çarə üçün Allahdan açıq zehin, oturma qabiliyyəti və çalışma şövqü istəsinlər. Və xəyalları da Ana dilində olsun, duaları da…
Xəyal dünyasından gerçəklərə baxaq. Məsələn, Süni İntellekt üçün xərclənənlərə:
–Süni İntellekt texnoloji təşəbbüslərinə dəstək fondlarının 81 %-i ABŞ və Çin şirkətlərinə xərclənir; –Patent üçün 2018-də müraciət edən 20 qlobal şirkətin 12-si Yaponiya, 3-ü ABŞ, 2-si Çindəndir…
Rusiyanın adını axtarmayın, burada da onlar yoxdurlar. Ola da bilməzlər. Alman Huqo Şmayser birdən birə Kalaşnikov olanda başlamışdı proseslər. Üstündə durmayaq, bu haqda da çox yazmışam. Ancaq dillərə görə Web kontent üzərində bir az dayanaq. Zatən dillər deyilmi mövzumuz.
2018-ci il rəqəmlərinə görə İnternet kontentinə bir fikir verin. Bu rəqəmlər “Biz dünyaya Rus dili üzərindən açılacağıq” deyənlər üçün son dərəcə maraqlı olmalıdır:
Əziz valideynlər, statistikanı daha dar çərçivədə verirəm indi. Üç böyük ölkəni götürdüm, onların Elmi potensialını, Texnoloji Qüdrətini, Beynəlxalq Arenadakı nüfuzunu oxuyacaqsız bu çılpaq rəqəmlərdən. FB statuslarımda bunlara “Çox Şey Deyən Rəqəmlər” deyirəm:
Yüksək texnologiyaların ixracı:
ÇİN: 496 milyard $ ABŞ: 153 milyard $ RUSİYA: 7 milyard $
Dərc olunmuş Elmi məqalə sayı:
ÇİN: 426 min 165 ABŞ: 408 min 985 RUSİYA: 59 min 134
Beynəlxalq patentlər:
ABŞ: 56 min 624 ÇİN: 48 min 882 RUSİYA: 1 min 097
Sadə bir həqiqəti unuduruq (ya da işimizə gəlmədiyi üçün qəbul etmək istəmirik):
“Uşaq Ana dilində tədris almalı, dilləri sonradan öyrənməlidir”.
Bu, o qədər təbii bir yanaşmadır ki… Onun gözəlliyi, zərifliyi ondadır ki, bu sadə qayda bütün ölkələr tərəfindən qəbul edilmiş bir həqiqətdir. Tərsi müzakirə belə olunmur, çünki nonsensdir əksi, absurddur.
Ən ağlasığmaz olanı budur ki, bizim düşdüyümüz vəziyyətin dünyada bənzəri yoxdur. Dünyanın nə inkişaf etmiş, nə də geridə qalmış ölkələrində (bir neçə Afrika ölkəsini çıxmaq şərtilə) belə bir şey yoxdur. Cinayətdir bu həm də. Bu, ölkənin suverenliyini təhlükəyə atan, onun gələcəyini baltalayan, bütün tariximizi, milli-mədəni irsimizi silib atmaq deməkdir.
Və sonda çıxış yolları haqda mənim təvazökar düşüncələrim. Nə velosiped ixtira edirəm, nə də Amerikanı kəşf etməyə çırmalayıram qollarımı. Bütün dünyada görülən praktikanı götürüb tətbiq etməyi təklif edirəm. Heç uzağa da getməyə ehtiyac yoxdur.
Beləliklə,
Azərbaycanda təhsilin 3 hissədən ibarət olmasını düşünək:
İbtidai təhsil – 4 il
Orta təhsil – 4 il
Lisey – 3 il
Daha sadə şəkildə 2 hissə kimi də görmək olar:
İbtidai və orta – 8 il
Lisey – 3 il
– İbtidai və orta təhsil ancaq və ancaq Ana dilində olsun; – 8 ildən sonra isə valideynlər uşaqlarını istədikləri dildə – ingilis, rus, fransız, ərəb və b. dillərdə oxuda bilərlər; – Xarici dillərdə təhsil rus dili də daxil pullu təhsil olmalıdır.
Xarici dillərdən birinə imtiyazlar verilib, digərlərini bundan məhrum etmək, zənnimcə doğru deyil. Nə üçün rus dilində təhsil pulsuz, ancaq ingilis dilində pullu olmalıdır?
Bir çox Avropa ölkəsində də belədir. Uzağa getməyək, Türkiyədə də təhsil sisteminin əsasını Ana dili təşkil edir. Belə ki,
– Uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Olduqca çətin imtahandır; – İmtahanlardan uğurla çıxanlar Türkiyənin əfsanəvi Robert Kollec, Galatasaray Liseyi, Avstriya liseyi, Notre-Dame de Sion Fransız Liseyi, Üsküdar Amerikan Liseyi, Qalileo Qaliley İtalyan Liseyi kimi məktəblərinə qəbul olunurlar; – Bu məktəblər pulludurlar, təhsil haqqı isə çox yüksəkdir. Ancaq xüsusi istedadlı və yüksək bal (hardasa 100-dən 100) toplayan gənclər təqaüd alaraq pulsuz oxuyurlar; – Bu gənclərin çoxu məzun olduqdan sonra dünyanın ən əlçatmaz əfsanəvi universitetlərinə qəbul olunurlar.
Zənnimcə, çox önəmli bir məsələ daha var. “İki dövlət, bir millət” fəlsəfəsi və onun 2-ci Qarabağ müharibəsindəki böyük rolu, xalqımıza verdiyi güc, Ordumuza verdiyi böyük mənəvi dəstək. Biz Türkiyəyə Ana dilimiz üzərindən bağlıyıq, eyni dili danışmasaq bu qədər böyük birlik və yardımlaşma mümkün ola bilərdimi? Ancaq gəl gör ki, bu total rus dilində təhsil “modası” bizim uşaqlarımızı Türkiyədən ayıracaq. Axı onlar türklərlə nəinki ünsiyyət qura biləcək, onlarla ortaq gələcəkdən məhrum olacaqlar. Bu cümlələri də düşünməniz üçün yazdım. Çünki bunlar başqa bir fəlakətin xəbərçiləridir.
Artıq Türkiyəyə gələn bizim rusdillilər tələb edirlər ki, burada rus məktəbləri açılsın. İnanmayanlar olacaq buna, ancaq belədir bu. Restoranlarda rusca anlamayan ofisiantları “çuşka” adlandırdıqlarına şahid olmuşam…
Türkiyə ilə bağları qoparmaq olmaz. İndiki həssas dövrdə, şimaldan cənubdan təhdidlərin artdığı bir zamanda bunun nələrə gətirib çıxaracağı isə mövzumuz deyil bu gün.
Mənim həyəcan təbili çalmağım Ölkəmin gələcəyinə yeni insanlar yetişdirmək eşqindən, yanğısından gəlir. Yoxsa Ana dilim kimi bildiyim Rus dilinə, ədəbiyyatına qarşı deyiləm. Tanıyanlar mənim mütaliəmi də bilirlər, dünya görüşümü də, kimlərin tələbəsi olmuşam, elmi rəhbərim kim olub, namizədlik dissertasiyamı harada və hansı mövzuda etdiyimdən də xəbərdardırlar. Bu səbəbdən də yazdıqlarım haqda istənilən hər kəslə açıq debata, polemikaya hazıram – Bu şeytan, bu meydan. Yoxsa ki, sosial şəbəkələrdən təhqiramiz ifadələr işlədib, komplekslərini bəlli edən, kin, nifrət, aqressiya nümayiş etdirməklə uzağa getmək olmaz.
FB-da gənc bir xanım yazdığı kommentdə məktəbli qızının 4 dildə danışdığını, rus sektorunda oxuduğunu yazır və rişxəndlə mənə “Bizim üçün narahat olmayın” deyir. Ona belə cavab verdim:
“Sizin üçün əsla narahat olmaram. Siz qızınızın gələcəyini düşünərkən, biz millətimizin gələcəyini düşünürük”.
Başqa bir izləyicim isə mənim səviyyəmi ölçməyə təşəbbüs etmişdi. O da yuxarıdakı xanımdan geri qalmır, özünün və oğlunun rus ədəbiyyatının tamamını mütaliə etdiyini (şəxsən tanıdığım üçün bunun belə olmadığını bilirəm), Tolstoy və Dostoyevskidən dəm vurdu.
Sürəkli Tolstoy və Dostoyevskini – Dünya Ədəbiyyatının mübaliğəsiz 2 nəhəng isminin adını çəkir, onları orjinaldan oxumaq kimi mənasız arqument gətirirlər.
Birincisi, balalarını rus dilində məktəbə göndərən qadınların əksəriyyəti nəinki rusca bilmir, heç Tolstoyla Dostoyevskini bir-birindən ayıra da bilmirlər. Onlar rusca danışanların “yüksək təbəqəyə” aid olacaqları kimi gülünc bir gözlənti içindədirlər.
İkincisi, gürcülər və ermənilər rus məktəblərini bağlayıblar və rus ədəbiyyatını orjinaldan oxumurlar deyə bizdən gerimi qalırlar?
Üçüncüsü, bu sarsaq məntiqlə fransızlar, almanlar, ərəblər dəmi uşaqlarını rus məktəblərinə qoymalıdırlar? Qoymalıdılar ki, rusların 18-19-cu əsr ədəbiyyatının qəhrəmanlarını – bədbəxt rus qadını obrazlarınımı öyrənsinlər?…
Yuxarıda 21-ci əsrdə ədəbiyyatdan daha vacib şeylər olduğunu, zəmanənin başqa tələblər ortaya qoyduğunu, İnsanın planetlərarası səyahətə hazırlaşdığını ön plana çəkmişdim. Mənim mənsub olduğum yaş qrupu və bizim atalarımız insanlıq tarixinin ən çox mütaliə edən nəsillərinə məxsusdurlar. Ancaq…
Ancaq bizdən sonrakılar belə deyillər. X, Y nəslindən sonra gələn Z “jenerasyonu” (2000-ci illərdə doğulanlar) başqadırlar, axı heç olmasa bunları görün, analiz edin. Siz onların smart telefonlarını, iPad-lərini əlindən alıb Dostoyevskinin ağır psixoloji romanlarınımı oxudacaqsınız? Bunu edə biləcəyinizə ciddi şübhəm var…
Rus elmi pedaqoqikasının banisi K.D.Uşinski ilə başlamışdım. Yazımı başqa bir rus pedaqoq – akademik, professor Gennadiy Volkovun sözləri ilə bitirirəm. Onun bu sözləri də bütün “Rus dili sevdalıları” ilə Stokholm sindromuna yoluxanlara getsin:
“Milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayır”.
Gələcək Çox Tez Gələcək! Gələcək Elmlə Gələcək! Gələcək Ana Dilimizlə Gələcək!
Aktual mövzular barədə burada: >>>> https://t.me/ibrahim_nebioglu