www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Akif  Abbasov – İNJİNER

İNJİNER

(hekayə)

          Əbülfəz Qədirli neçə illərin kolxoz sədri idi. İşinin öhdəsindən yaxşı gəlirdi. Rəhbərlik etdiyi kolxoz planı da, öhdəliyi də vaxtında artıqlaması ilə yerinə yetirirdi. Odur ki, rayonda hörmətini şaxlar, kənddə  sözünün üstünə söz deyən tapılmırdı.

          Əbülfəz neçə gün idi ki,  Kənd Təsərrüfatı Nazirliyindən cavab gözləyirdi. Məktub yazmışdı ki, kolxoza bir injiner lazımdır. Hələ ki, xəbər-ətər yox idi.

          Əbülfəz  telefonu götürüb nazirliyi yığdı. Zəng etdiyi məsul şəxsin telefonu məşğul idi. Dəstəyi yerinə təzəcə qoymuşdu ki,  katibədən xəbər gəldi:

          – Əbülfəz müəllim,  sizi gözləyən var. Bakıdandır.

          Əbülfəz Qədirli özünü tarazlayıb dik oturdu:

          -Buyurub gəlsin.

          Orta boylu cavab oğlan idi. Yayın cırhacırında kostyum geyib qalstuk taxmışdı.

          Əbülfəz öz-özünə: “Mərifətli, qanacaqlı oğlana oxşayır. Bilir ki, kolxoz sədrinin yanına necə getmək lazımdır. Daha bəziləri kimi yaxası açıq qısa qol köynəkdə, cinsi şalvarda  yox.

          Oğlan qovluğundan bir kağız çıxarıb irəli gəldi. Əbülfəz Qədirli məktubu alıb gözdən keçirdi. Nazirin əmri idi Əbülfəz oxudu: “Maarif Səlim oğlu Nəzərli “Şərəf” kolxozuna mühəndis təyin edilsin”.

          Əbülfəz qaşlarını çatdı. Başını qaldırıb Maarif Nəzərliyə baxdı. Maarif kolxoz sədrinin ona “Xoş gəldin”, deməsini,  oturmaq üçün yer göstərməsini istəyirdi. Bunun əvəzində Əbülfəz Qədirli nazirliyin məktubunu geri qaytararaq:

-Ay bala, ay oğul, əziyyət çəkib gəlmisən, – dedi.

Maarif Nəzərli qulaqlarına inanmadı. Özü-özünə: “Bu kişi nə danışır?“ – dedi.

Əbülfəz Qədirli sözünə davam etdi:

-Məndə mühəndis yeri yoxdur. Mən injiner istəmişəm. Gedə bilərsən.

Maarif key-key kolxoz sədrinin üzünə baxıb özünü çölə atdı. O,   kolxozda mühəndis yerinin olmamasına az qala inanmışdı. Tər onu basmışdı. Boyun-boğazının tərini silib fikrə getdi:

-Necə yəni mühəndis yeri yoxdur. İnjiner yeri ki var…

Kolxoz sədrinin sadəlövhlüyünə  gülməyi tutdu. Nazirliyin məktubu əlində təzədən kolxoz sədrinin otağına girdi.

                                                            Bakı şəhəri, 23 senytabr 2024-cü il.

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ulduz” jurnalının sentyabr sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub

Ulduz” jurnalının sentyabr (2024) sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub 

“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb (pdf: ulduz-sentyabr-2024). Dərginin bu nömrəsi Türkiyənin “Genç Yürekler” jurnalına həsr olunub. “Ulduz”un və “Genç Yürekler”in birgə layihəsinə əsasən dərc olunan yeni sayda 51 türk müəllif yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”. “Genç Yürekler”in baş redaktoru Mühterem Şahin bildirib ki, tezliklə Azərbaycan ədiblərinin əsərlərindən ibarət xüsusi sayımız çap olunacaq. Azərbaycan türkcəsində dərci nəzərdə tutulan “Genç Yürekler” “Ulduz” jurnalının göndərdiyi materiallar əsasında işıq üzü görəcək. “İki millət, bir dövlət!” şüarını rəhbər tutan dərgilər Türkiyədə Azərbaycan müəlliflərini məhz Azərbaycan türkcəsində, Azərbaycanda isə Türkiyə müəlliflərini Türkiyə türkcəsində təqdim edəcəklər.

Ortaq əlifbanın artıq arzudan gerçəyə çevrildiyi tarixi günlərdə “Ulduz” və “Genç Yürekler” dərgilərinin birgə əməkdaşlığı Azərbaycan-Türkiyə  qardaşlığının bariz nümunəsidir. Hər iki nəşrin birgə təqdimatı nəzərdə tutulur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ulduz” jurnalının sentyabr (2024) sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub

Ulduz” jurnalının sentyabr (2024) sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub – pdf: ulduz-sentyabr-2024

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri

Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri

Əhməd bəy Ağaoğlu XIX əsrin sonu və XX əsrin birinci yarısını əhatə edən dövrdə formalaşmış Azərbaycan ictimai-siyasi fikrini formalaşdıran böyük mütəfəkkirlərdən biri olmuşdur. Hərtərəfli dünyagörüşünə sahib olan Ə. Ağaoğlu Azərbaycan və Türkiyə dövlətlərinin ictimai-siyasi tarixində də xüsusi yeri olan dövlət xadimi kimi bilinir. O, çoxcəhətli və zəngin yaradıcılıq yolu keçmiş ədib, filosof, ictimai xadim, mübarizəsindən dönməz inqilabçı, siyasətçi, jurnalist, pedaqoq, hüquqşünas, şərqşünas alim, yazıçı, türkoloq, qələmi kəskin tənqidçi, ədəbiyyatşünas olmuşdur. Görkəmli yazıçı qiymətli ədəbi-elmi irsi ilə XX əsrdə Azərbaycan mühacirət ədəbiyyatının, həmçinin, ədəbi-bədii və elmi nəzəri fikrinin inkişafında xüsusi rol oynamışdır.     

Ədəbi tənqid də bir janr kimi Əhməd bəy Ağaoğlunun yaradıcılığının böyük və mühüm sahəsini təşkil etmişdir. Əhməd bəy Ağaoğlunun yaradıcılığının bütün dövrlərində ədəbi tənqid məsələləri onu maraqlandıran problemlərdən olmuşdur. Əhməd bəy Azərbaycan ədəbiyyatından başlayaraq ədəbiyyatın bir çox janrlarını, dünya ədəbiyyatı klassiklərinin yaradıcılığını məqalələrində təhlil etmiş, yeri gəldikdə janrlar və ya yazıçıların əsərləri arasında paralellər aparmışdır. Əhməd bəy Ağaoğlunun Azərbaycan ədəbiyyatı, tənqidi, dini dünyagörüşünün formalaşması üçün gördüyü işlər bugün də aktualdır və dəyərlidir. Əhməd bəy Ağaoğlu ədəbiyyatın ən qədim dövrlərindən başlayaraq tədqiqi və təbliği ilə məşğul olmuşdur. Yaradıcılığı dövründə yazdığı ədəbi-tənqidi məqalə və elmi əsərlərin təhlilləri olduqca qiymətlidir.  

Dövrünün ən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisə və problemləri, Azərbaycan və dünya ədəbiyyatında yazılmış əsərlər, həmçinin ədibin yaşadığı dövrdə yazılan əsərlər onun elmi və ədəbi-tənqidi əsərlərində, məqalələrində özünə yer tapmışdır.

Əhməd bəy Ağaoğlu yaradıcılığında  dəyərli məxəzlərdən olan ədəbi-tənqidi irsin Azərbaycan ədəbiyyatı tarixində oynadığı yeri və rolu müəyyənləşdirməkdən ibarətdir. Ə.Ağaoğlunun məqalə, məruzə, şərh, icmal, məktub və s. janrlarda qələmə aldığı ədəbi-tənqidi xəzinəsini araşdıraraq onların sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirmək ədəbiyyatşünasların daim diqqət mərkəzlərində olmuşdur. Əhməd bəyin “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarında çap edilən əsərlərinin ədəbiyyat tarixinin öyrənilməsində müstəsna rolu olmuşdur. Ədibin dünya dinlərinə münasibətini və dini dünyagörüşünü onun yaradıcılığındakı kulturoloji fikir tariximizi müəyyənləşdirməklə nail olmaq olar. Ədibin özünün də yaradıcılığında tez-tez  müraciət etdiyi  tarixi-müqayisəli metod tədqiqatçılar tərəfindən onun yaradıcılığının öyrənilməsində ən çox istifadə olunan metoddur. Ağaoğlu irsi dərindən araşdırılmış, əlyazmalarına müraciət olunmuş, ədəbi tənqidlə bağlı yazıları müqayisəli şəkildə tədqiq edilmişdir. Azərbaycan ədəbiyyatında Ağaoğlu yaradıcılığının tədqiq edilməsi  daim vacib məsələlərdən olmuşdur. Onun ədəbi tənqidlə bağlı məsələləri araşdırması, o dövr tariximiz, həyatımızla bağlı mühüm faktların ortaya qoyulması deməkdir. Ədibin əsərlərinin vasitəsilə Azərbaycanın hansı məhrumiyyətlərlə, problemlərlə üzləşib, onlarla mübarizə  aparıb bu günə gəldiyinin şahidi ola bilərik. Əhməd bəy Ağaoğlunun yaradıcılığında dini dünyagörüşü və kulturoloji düşüncələr məsələsi olduqca aktual bir mövzudur. Belə ki, müəllifin mövqeyinin ədəbiyyatşünaslıqda geniş yayılmış bir konsepsiya yarada bilməsini onun yaradıcılığına əsaslanaraq, araşdırmaq üçün bu məsələni bilmək olduqca vacibdir. Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini onun yazmış olduğu nəsr əsərlərində açıq bir şəkildə görmək olur. Əhməd bəyin əsərləri vasitəsilə gələcək nəsillərə ötürdüyü dünyagörüşünü və kulturoloji düşüncələri tarixi hadisələr və problemlər baxımından da çox dəyərlidir. Əhməd bəy əsərlərində tarixi hadisələri, sənədləri, tarixi gərçəklikləri təhrif etmədən tarixdə qalan hadisələrə özünəməxsus bir şəkildə öz mövqeyini bildirmişdir. Bu mövqe bizə onun dini dünyagörüşünü və kulturoloji düşüncələrini meydana çıxarmaqda çox kömək olur. İslamda qadına verilən dəyərlərin ədəbiyyatdakı əhəmiyyəti, tarixi spesifik xüsusiyyətləri Əhməd bəyin yaradıcılığından gətirilən nümunələr vasitəsilə sistemləşdirilmişdir. Əhməd bəyin yaradıcılığının bir qismi uzaq tarixi keçmişin, bir qismi isə yaxın tarixi keçmişin nümunələrini özündə əks etdirir. Ədibin əsərlərini bütünlüklə tarixi əsərlər kimi dəyərləndirmək düzgün deyildir. Lakin Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini müəyyən etməkdə bu tarixi vacib amillərin çox böyük xidmətləri olmuşdur. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında bitkin bir şəkildə işlənməsi öz əksini tapmışdır. Bununla yanaşı, İslamdan öncəki dövrdə və İslamda qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələr Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri əsasında sistemləşdirilmişdir. Ədib bu mövzunu dövrün ziddiyyətli problemlərini nəzərə alaraq, öz düşüncələrini keçmiş tarixi hadisələrin timsalında oxucuya çatdırmışdır. Əhməd bəy “İslama görə və islamiyyətdə qadın” əsərində yaşamaq hüququ, cəmiyyətdə iştirak etmək hüququ, ayrıseçkiliyə məruz qalmamaq hüququ, seçmək və seçilmək hüququ, təhsil hüququ, iqtisadi müstəqillik hüququ, xərclərini tələb etmək hüququ, nikahda sərbəstlik hüququ, miras hüququ, eyni haqq və cəzanın verilməsi kimi məsələlər araşdırılmışdır.

Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsinə üstünlük verdiyini açıq bir şəkildə görürük. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyət vasitəsilə dünyada qələbə qazanmağın mümkünlüyü fikrini dəstəkləmişdir. Şərq mədəniyyətinin və Budda-Brahma mədəniyyətinin bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olduğu fikrində olmuşdur. Ümumiyyətlə, Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti “Yaxşıları özündə birləşdir” prinsipində görürdü.

Azərbaycan ədəbiyyatşünaslığında Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətinə tam aydınlıq gətirilmişdir. Əhməd bəyin dünya dinlərinə öz yaradıcılığında obyektiv münasibət göstərməsi, yaradıcılığında bu tarazlığı qoruyub saxlaya bilməsi onun əsərlərindən gətirilən faktlar vasitəsilə əsaslandırılmışdır. Əhməd bəy Ağaoğlu  əsərləri vasitəsilə İslam və Xristianlığı müqayisəli şəkildə təhlil etmişdir.

Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Qərb mədəniyyətinə bu qədər çox meyilli olmasının səbəbini aydın bir şəkildə görürük. O bu fikirdə idi, çünki Qərb mədəniyyətini qalib mədəniyyət hesab edirdi. Ədib Qərb mədəniyyətinin başqa mədəniyyətlər üzərində qələbə qazanmasını çox böyük yazıçı istedadı və məharəti ilə oxucuya çatdırmağı bacarırdı. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında öz əksini tapması vasitəsilə onun qadınlara, onların hüquq və vəzifələrinə qarşı fikirləri və həssaslığı öz əksini tapır. Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri onun qadınlara qarşı olan fikrinin sistemləşdirilmiş yekun nəticəsidir. Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətini təhlil edərək belə bir nəticəyə gəlinir ki, Əhməd bəyin dünya dinlərinə münasibəti tamamilə obyektivdir. O bu fikirlərində də tarazlığı qoruyub saxlamağa nail ola bilmişdir. Əhməd bəy Ağaoğlu istər İslam dini olsun, istərsə də, Xristian dini o, saf və təmiz fikrə, düşüncəyə sahib ola bilməyin insan üçün vacib olması fikrində idi. Əhməd bəy Ağaoğlunun yaradıcılığında ədəbiyyat problemləri məsələsinədə çox geniş yer verilmişdir. Ədib haqqında yazılan əsərlərdə onun Qərb ədəbiyyatını öz yaradıcılığında təhlil etməsi, dünya klassiklərinin yaradıcılığı ilə bağlı fikirləri əsas götürülmüşdür. Əhməd bəy yaradıcılığının böyük bir qismini Qərb ədiblərinin yaradıcılığına həsr etmişdir. Onun yaradıcılığında Qərb ədiblərini təhlil etməsi və gəldiyi nəticə əsərlərindən gətirilən vacib ünsürlər ilə sübut olunur. Əhməd bəyin Qərb meyilli olması və Qərbdə ədəbiyyatın gücü haqqındakı araşdırmaları əsərləri vasitəsilə tədqiq olunmuşdur. Müəllifin tarixi real şəxsiyyətləri və onların yaradıcılığını ümumiləşdirmə vasitəsilə öz yaradıcılığında tədqiqata cəlb etməsi və dünya klassiklərinin yaradıcılıq xüsusiyyətlərinə həm tarixi, həm də qeyri-tarixi cəhətdən yanaşmaq Əhməd bəyin qələmi üçün xarakterik idi. Əhməd bəy Ağaoğlunun Qərb ədəbiyyatının hər dövr üçün aktual ola biləcək istedadlı nümayəndələrinin və orijinal, zəngin əsərlərinin olduğunu bildirirdi. Əhməd bəy Qərb ədibləri olan Lavellenin, Edel de Merilinin, E.Renanın, F.Mişelinin, Şekspirin, Volterin, Leybnitsinin, Dantenin yaradıcılıqlarına xüsusi bir diqqətlə yanaşmışdır. Onların müəllifliyini böyük bəşəri ideyalar uğrunda mübarizə aparmağa layiq kimi qiymətləndirmişdir. Əhməd bəy rus ədibləri olan Tolstoy, Dostoyevski, Qorki kimilərin yaradıcılığını ideya baxıxımdan ən üst səviyyədə olan kimi dəyərləndirirdi. Puşkinin, Qorkinin, Lermontovun, Qoqolun, Dobrolyubovun, Turgenevin, Tolstoyun rus ədəbiyyatı üçün etdiklərini çox qiymətli hesab edirdi. Əhməd bəy Puşkini Rusiyanı olduğu kimi təsvir etdiyinə, həyatı və mühiti bütün gerçəkliyi ilə təsvir etdiyinə görə alqışlayırdı. Onun yaradıcılığının seçilmiş cümlələr ilə zəngin olduğu nəticəsinə gəlirdi. Əhməd bəy Ağaoğlu bu fikirdə idi ki, Lermontov, Qoqol, Turgenev belə təbiət təsvirləri yaratmaqda mahirdirlər. O yazırdı ki, Lermontov, Puşkin, Tolstoy Qafqazın, Krımın bədii dillə təsvirini oxucunun gözləri qarşısında elə canlandırırdılar ki, heç vaxt Qafqazda və Krımda olmayan oxucu belə Qafqaziyanın səmalarını, Qafqaz dağlarının uca zirvələrini, Krımın sahillərini gedib öz gözləri ilə görmüş kimi olurdu. Əhməd bəy Ağaoğlunun Şekspir, Milton, Lokk, Spenser, Gete, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan Jak Russo, Viktor Hüqo, Dante, Makfavell, Bruno, Puşkin, Lermontov, Tolstoy və s. kimi ədiblər haqqındakı fikirləri onun yaradıcılığından gətirilən nümunələr ilə əsaslandırılmışdır.

Ə.Ağaoğlunun Şərq ədəbiyyatına münasibətini əsərlərində rast gəlinən nümunələr ilə əsaslandırılıb və izah olunmuşdur. Onun Şərq klassikləri olan N.Tusi, Ş.Sədi, Hafiz, M.C.Rumi, Siseron, Platon, Nizami, Füzuli haqqındakı fikirləri geniş bir şəkildə dövrü ab-havanı nəzərə alaraq, müəllifin mövqeyinə aydınlıq gətirilmişdir. Əhməd bəyin Azərbaycan ədəbiyyatının nümayəndələri olan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi ədiblərinə qarşı fikirləri əsərlərində öz əksini tapmış və ədibin fikirlərinin açılmasında mühüm rol oynamışdır.

Ə.Ağaoğlunun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqatlara cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır. Xalqının mənəvi dəyərlərinə sahib çıxması, keçmişini daim təbliğ etməsi, haqsızlığa qarşı mübarizə aparması, humanizm və tolerantlıq hisslərini ön plana çəkməsi Əhməd bəyin yaradıcılığı üçün daim ön planda olmuşdur.

Əhməd bəy Ağaoğlu dini dünyagörüşünü və kulturoloji düşüncələrini sənətkar bacarığı ilə öz əsərləri vasitəsilə müasir dövrümüzə qədər çatdırmağa nail ola bilmişdir. Onun mövqeyi, araşdırmaları hadisə və problem əks etdirmə baxımından daim müasirliyini qoruyub, saxlaya bilmişdir. Onun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqata cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səssiz yeriyən adam… – Yunus Oğuz – Akademik Nizami Cəfərovun 65 illiyinə

YUNUS  OĞUZ

O, səssiz yeriyir. Çoxları onu başa düşmür. Bəzilərinə sadə, bəzilərinə qəliz, bəzilərinə isə “özününkü” kimi görünür bu adam. Deyər, gülər, fikir bildirər, ancaq səssizliyin içindən boylanar bu adam.

Minillərin yükünü, biliyini, dərdini çəkir bu adam. Ona görə səssiz yeriyir. Qorxur ki, çəkdiyi bu yük dağılıb tökülər, məhv olar, töküləni kimsə qaldırmaz, heyif olar. Ona görə ehtiyatla yeriyir, səssiz yeriyir. Anlayır ki, bu millət, bu xalq, bu tayfa, bu qəbilə ona bir əmanət qoyub; Qan yaddaşı əmanəti. Bu yaddaşı hər kəsə əmanət qoymurlar. Bu yaddaşı seçilmişlərə əmanət verirlər.

Onun səssizliyinin içində müdriklik var, məsuliyyət var. Bu üzdən səssiz yeriyir, səssiz danışır.

Onun səssiz addımlarının səsini eşidirəm. Səssizlik səs yaradır, mühit yaradır, məktəb yaradır.

İlahi! Bu səssizliyin içində nələr yoxdur? Min illərin tarixi, dili, şifahi və yazılı ədəbiyyatı. Səssiz danışır. İçindən tarixi dostları axışıb gəlir. Bu günün dostları yox eee… Bu bilikləri ona ötürən dostlar axışıb gəlir. Deyirlər, öyrədirlər, ötürürlər. Tarixi pıçıldayırlar, dilimizin mükəmməlliyini və gözəlliyini ötürürlər ona. Ətrafdakı dostlardan da ehtiyatlı olmağı məsləhət görürlər. Yükünü heç kimə verməsini istəmirlər. Başını müdrükcəsinə yelləyərək səssiz yeriməyində davam edir.

Ağır olan ətrafı onu başa düşmür. İstədikləri dövrün yaşam istədikləridir. Birinin ailə vəziyyəti ağırdır, biri elmdə, digəri bədii ədəbiyyatda qısırdır. Ətrafının hay-küyü onu səssiz yeriməyə vadar edir. O, bu dünyanın dərdini, sərini həll etməyə gəlməyib. Onun missiyası başqadır. Ancaq kimə deyirsən, kimi başa salasan? Bu üzdən, o, içində səssiz yeriyir. Qarşısına qoyulan ali məqsədə doğru yeriyir… səssiz yeriyir. Onu başa düşənlər barmaq sayı qədərdir. Arada dayanıb nəfəs alır, ətrafına baxır. Onlar harda, o harda? Arada təəssüf də edir. Seçilmişlərin bəziləri sosial, ailə qayğıları içində itib batır, sonra hamıya qarışırlar. Əlini atıb onları oradan çıxarmaq istəyir. Amma ağır əllər onu özlərinə doğru çəkməyə başlayanda o, geri çəkilir. Sonra yenə səssiz yeriməyinə davam edir.

O, hissəcikləri, dağılıb itməkdə olanları kütlə halına gətirməyi bacarır. Sonra bu kütləni strukdurlaşdırır, süxurlaşdırır, ona forma və məzmun verir.

Səssiz yeriyə-yeriyə ruhunu keçmişdən gələcəyə daşıyır. Daşıdıqca hər dayanacaqda vaxtı və zamanı bitmiş hissəcikləri, kəsləri elə o dayanacaqda düşürür, özünü silkələyib yenə səssiz yoluna davam edir.

Yeridikcə kəhkəşanları görür, onların içində millətin tutacağı, dilinin söykəndiyi mənbəni görür, qürur duyur, fəxr edir, qürurlanır.

Dostlar arasında güləndə gülüşü titrəməyə, zəlzələyə çevrilir. Çoxları görmür bu titrəmənin, zəlzələnin içindən nələr tökülüb səssiz yeridiyi yollarda qalır. Yad ünsürləri, nifrəti, xəyanəti, satqınlığı, əcaib-qəraib şeyləri özü ilə apara bilməz bu yolçuluqda. Gülüşü, zəlzələsi onları töküb sökür bu yollarda. Bu səssizlikdə saflıq lazımdır, sevgi lazımdır. Bu, eşqin yoludur. Səssizlik həm də Tanrı yurdudur. Tanrı yoluna bundan savayı yol yoxdur.

Səssizlikdə yaşayan onun qəlbidir, beynidir, düşüncələridir, fikirləridir. Özünün xəbəri də olmadan beynində “fikir qəbiristanlığı” yaradıb. Səssizcə ölən fikirlərini, düşüncələrini beynindəki “fikir qəbiristanlığı”nda basdırır. Sonra buna səssizcə peşman olur, fəryad edir, təəssüflənir, amma yenə səssizcə yoluna davam edir.

Yeriyən adam yolçudur. Yolçuluğun məramı, məqsədi olar. Səssiz yeriməyinsə öz aləmi, öz xatirələri var, hər mənzilin öz dayanacağı var. Bu dayanacaqda səssizcə lazım olmayanlar tökülür… tökülür… gərək olmayanlar bu dayanacaqlarda tökülüb qalır. O isə səssiz yoluna davam edir.

Onun üçün vətən millət deyil, millət vətəndir. O yoldan nələr görünür… nələr? İlahi eşqdən başlayan millət, vətən, dövlət.

Səni sevəcəklər də, tənqid edəcəklər də.

Vətən – səni sevməyəcək hər yoldan ötən!

Yol gedirsən, səssiz yeriyirsən bu yolda. Sən bu yoldasan.

Millət yolu ruhunda!

Vətən yolu canında!

Dövlət yolu qanında!

İlahi eşq yolu vəhdəti vücudundur.

Vəhdəti vücudun mübarək olsun! Bu üçü olmasa, vəhdəti vücudun olmaz”.

Səssizliyin mübarək!

Müəllif:  YUNUS OĞUZ (  olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QARA QUL, TƏNGƏ, XOCA…

QARA QUL, TƏNGƏ, XOCA…
Rus dilində türkizmlər

Караул. Əslindəbu söz türkcə “qara qul” sözündən götürülüb. Gözətçi mənasındadır.
В самих же тюркских языках «караул» имел значение «дозор» или «стража», но имелись и другие равнозначные понятия, нетипичные для нашего языка. Пример — «мушка на ружье».

Деньги. Türkcü “dəngə”, “tanqa” sözündən yaranıb. İndi bu sözü ruslar “denqi” kimi işlədir. Qazax dilində isə “tenge” ifadəsi halhazırda pul mənasında saxlanılmaqdadır.
Слово «деньга» в тюркских языках означало любую монету, сделанную из серебра — оно перекочевало в XIV веке к нам в схожем значении. Интересно отметить, что в ряде языков (киргизский, узбекский, казахский), корень этого слова имеет второе значение — белка. Все дело в том, что в древности пушнина часто использовалась людьми как валюта.

Хозяин. Fars mənşəli türkizmdır. Belə ki, “xoca” sözündən götürülüb.
История слова берет свое начало именно в период нашествия татаро-монгол. Изначально появилось в персидском языке («ходжа» — господин), откуда и перекочевало в тюркские наречия.

P.S
Qəribədir, mənim pulsuz apardığım maarifçilik işi kiməsə xoş gəlmir.
Bəs Sizə..?

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MİNA RƏŞİD – MƏN AZAD XOCALIYAM

MƏN AZAD XOCALIYAM

İllərdi dərd dağıydım,

Kədərdən yoğrulmuşam.

Bu gün Zəfər mənimdi

Yenidən doğulmuşam.

Mən azad Xocalıyam,

Daha qəm istəmirəm.

Silirəm göy yaşımı

Duman, çən istəmirəm.

Mən azad Xocalıyam,

Dönəcəm gülüstana.

Yarama məlhəm olub

Görk olacam cahana.

Keçmişimdən min iz var,

Badara, Qarqaram mən.

Min bir sınaqdan keçib

Yenə yaşayıram mən.

Qoy var olsun ordumuz,

Şəhidimiz, qazimiz.

Yeni bir tarix yazdı

Müzəffər sərkərdəmiz.

Mən azad Xocalıyam,

Daha qəm istəmirəm.

Silirəm göy yaşımı

Duman, çən istəmirəm.

AĞDƏRƏ

Duman-çənə bürünən

Ağ dərələr necəsiz?

Ağ dağlar, ağ oymaqlar,

Ağ bərələr, necəsiz?

Xoş gördük, Ballıqaya!

Qozlukörpü necəsən?

Burda üzüm bal dadır,

Taxıl tel-tel, biçəsən…

Bura necə gözəldi,

Havası can dərmanı.

Çölü-düzü bənövşə

İnsanları mərdanə.

Ağdərəm, ağ günlərin

Yaxındadı, çox yaxın.

Sənsiz çox darıxmışam

Oxu, bülbülüm, oxu.

XANKƏNDİYƏ GEDİRƏM

Sən qəlbimin sevinci,

Nurlu, aydın səhərim.

Şəhərlərin içində

Ay mirvari şəhərim!

Yadındamı uşaqkən

Biz qoynuna gəlmişdik.

Onda anam sağ idi,

Biz necə sevinmişdik…

Yazıq anam vaqonda

Həsrətindən saraldı.

Dözmədi ayrılığa

Ömrümüzü qar aldı…

Səni heç unutmadım

Nələr çəkdim, can yurdum.

Xəyalınla qəlbimə

Naxış saldım, gül vurdum…

İndi anam sevinir

Duyuram, hiss edirəm.

Çünki Ağdamdan yenə

Xankəndiyə gedirəm.

ALİ BAŞ KOMANDANIM!

Yatmadı sübhə qədər

Ali Baş Komandanım.

Düşmənlərlə savaşdı

Ali Baş Komandanım.

Vardı səbri, dözümü,

Çox sərt dedi sözünü,

Dosta tutdu üzünü

Ali Baş Komandanım.

Hamı ona “Can!” dedi,

“Bu müqəddəs an” dedi,

“Can, Azərbaycan!” dedi

Ali Baş Komandanım!

BİZ QANADLI ƏSGƏRLƏRİK

XTQ əsgərlərinə

Qayaları ram edərik,

Keçərik uçurumdan.

Qarşımızda dağ dayanmaz,

Enərik aşırımdan.

Düşmən bir də oyanar ki,

Biz artıq yanındayıq.

Hanı qurduğu istehkam?

Biz heç sədd tanımadıq.

Biz hər yandan yola çıxdıq-

Çaydan, dağdan, meşədən…

Düşməni saldıq tələyə

Çaş-baş qaldı bu işdən.

Biz qanadlı əsgərlərik

Göyümüz var uçmağa.

Düşməni aldıq araya

Yer tapmadı qaçmağa.

Aşdıq Murovu, Şişdağı,

Cıdır düzünə çatdıq.

Şuşada bayrağımızı

Uca zirvəyə taxdıq.

Biz qanadlı əsgərlərik

Heç zaman yorulmarıq.

Yurdumuzun gecə-gündüz

Keşiyində durarıq.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ NÖVBƏTİ – ALTMIŞINCI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“XƏZAN” JURNALININ GECİKMİŞ ALTMIŞINCI SAYI

“Xəzan” ədəbi-bədii jurnalının gecikmiş altmışıncı sayı çapdan çıxıb. Jurnal iki ayda bir dəfə mütəmadi olaraq 2016-cı ildən çıxır. Sizə təqdim olunan cari ilin iyul-avqust aylarında nəzərdə tutulmuş nömrədir. Bu barədə mətbuata jurnalın baş redaktoru yazıçı Əli bəy Azəri məlumat verib. O, deyib: 

“Bunu məlumat kimi yaymamaq da olardı. Jurnalın çapının gecikməsi elə də qeyri-adi hadisə hesab olunmamalıdır. Ancaq ədəbiyyat tarixi naminə bunu mütləq bildirməliyəm. Biz – redaksiya heyəti formalaşdıraraq neçə ildir ki, ədəbiyyatla məşğuluq. Müəlliflər ən yaxşı əsərlərini çap etdirmək üçün bizə ünvanlayırlar. İndiki məqamda Azərbaycan ədəbi mühitində bizdən cəld işləyən hələ ki, yoxdur. Heç bir əsər aylarla redaksiyanın arxivində yatmır”. Baş redaktor onu da bildirib ki, gecikmələr başqa jurnalların taleyində də olub. Uzun sürən tətillər, yerdəyişmələr, çap materialının tapılmaması və s. səbəblərdən bu hal da normal qarşılanmalıdır.

Jurnalın iyul-avqust nömrəsi rəngarəng materiallarla zəngindir və yazı düzümü aşağıdakı kimidir:

Redaktor guşəsi

-Parlament seçkilərində şair faktoru

Publisistika

-Vüqar ƏHMƏD – “Ziyalı ömrünün akkordları” (şair İbrahim Yusifoğlunun 70 yaşına)

-Ələsgər TALIBOĞLU – “Söz çəmənində söz göyərdən şair” (İ.Yusifoğlunun 70 yaşına)

-İntizar TURAN – “Füruzə Məmmədlinin çoxşaxəli yaradıcılıq yolu”

-Göyərçin KƏRİMİ – “Polis generalı, və yaxud, hardan başlayır Vətən?”

-Nağdəli KEŞTƏKLİ – “Damət Salmanoğlu: ictimai-siyasi şeirlər müəllifi”

-Nəzakət EMİNQIZI – “Zəfər yolu ilə səfər”

-Əli BƏY AZƏRİ – “Nəzmə çəkib nəğmə kimi”

Poeziya

-İbrahim YUSİFOĞLU – “Bu səsə dözə bilmirəm”, “Yaylaq lövhələri”, “Gəlmişəm sizləri görəm, a dağlar”, “Çiçəklə, badam ağacı”, “Ana kəndim, qayıtmışam qoynuna”, “Dağlardan o yan da dağlardı, ana”, “Bir də ələ düşməz bu yaz yağışı” (şeirlər)

-Zaur USTAC – “Hürriyyət elçisi” (sonet çələngi)

-Günay ƏHMƏDLİNSKAYA – “Turan var”, “Bağlanma dünyaya”, “Gedib”, “Bir qadın var”, “Qürbətin qadınıyam”, “Gedəni”, “Oyanan qadın”, “Sevərsən”, “Bilməzsən” (şeirlər)

-Məhəmməd ƏLİ – “Bu dünya mənlik deyil, qardaşım” (şeir)

-Xuraman ZAKİRQIZI – “Bir sevgi nağılı” (poema)

-Polad İBRAHİMOĞLU – “Tapşır”, “Gəlirəm”, “Bilmədim – 1”, “Deyildi”, “Dostlarım”, “Sənin”, “Bilmədim – 2”, “Ağlayırdı”, “Adam”, “Həvəsindəyəm” (şeirlər)

-Seymur SÖNMƏZ PAŞAYEV – “İnan, inanma”, “Dəlinin birinə rast gəlmişəm mən”, “Görüşək”, “Darıxsan, özün yazarsan”, “Ölsəm, məni ağlama ha”, “Kimsə məndə məndəki sən deyil ki”, “Dönüşü olmayır bu son mənzilin”, “Bir sən çatışmırdın, hər şey düz idi”, “Möcüzə göstərə Allah” (şeirlər)

-Xəlil TAHİRBƏYLİ – “Özün gəl”, “Tamahkar” (şeirlər)

-İltimas SƏMİMİ – “Görünür yerin”, “İnsana bəlli”, “Saf eşqim mənim”, “Günün xoş ötər”, “Alışmaqdadır”, “Ölüm”, “Kölgən”, “Yadımıza düşməzdi”, “İllərin tozu yatır”, “Qış da sənə bahar ola”, “Xəyala daldı”, “Dünya başıma dar gəlir”, “Bir az da ümid gərək” (şeirlər)

-Məzahir AĞAYEV – “Mavi Xəzərim”, “Gözəl Lənkəran”, “Sərhədçi əsgərlər”, “Mənəm”, “Sən oldun”, “Gülümsən, gülüm”, “Xoşbəxt qadın”, “Tapmayacaqsan”, “Qara gözlərin” (şeirlər)

-Həqiqət ŞAMİLLİ – “Şəhid qızı”, “Sən başqa adamsan, mən başqa adam”, “İlləri geriyə qaytara bilsəm”, “Şəhidlər xiyabanı”, “Yuxuma gəl, görüşək”, “Qəlbini təmiz saxla”, “Mən belə dünyanın nəyini sevim? (şeirlər)

Nəsr

-Sədulla ŞİRİNOV – “Zəhlətökənlər” (hekayə)

-Damət SALMANOĞLU – “Alabaşın bir üzü” (hekayə)

-Ramiz İSMAYIL – “Hacı qardaşlar” (novella)

-Sabir ETİBAR – “Üç fədakar” (hekayə)

-Əli BƏY AZƏRİ – “Erməni BORİSOV” (povest)

Redaksiya heyəti jurnalın yeni sayının işıq üzü görməsi münasibətilə müəllifləri və oxucuları təbrik edir. Yaxşı oxu və qızğın müzakirə arzulayır.

Jurnalın elektron variantı “BƏYDƏMİR.RU” və “YAZARLAR.AZ” saytlarında yerləşdiriləcək. 

“XƏZAN” JURNALI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid mayor Nəcəfi Elxanın xatirəsinə

Şəhidlərimizin əziz xatirəsinə

“40 gün – 40 şeir” layihəsi


IV GÜN – IV ŞEİR

HÜRRİYYƏT  ELÇİSİ – SONET ÇƏLƏNGİ

(Şəhid mayor Nəcəfi Elxanın xatirəsinə)

I

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

Görmüşdü Vətəni vətən içində.

Xəyalən keşikdə dururdu hər gün,

Arzusu çin oldu bir gün içində.

*  *  *

Mundiri alan gün çox sevindi, çox…

Həmən evə qaçdı  sevinc  içində,

Üçrəngli bayrağı öpdü min dəfə,

Sinəsi qabardı güvənc  içində.

*  *  *

Az yaşda dynyanın görüb hər üzün,

Bərkdə də, boşda da  demişdi sözün.

Əmələ keçməyin vaxtı yetmişdi…

*  *  *

Bəlkə də duyduğu ilk söz “Araz”dı,

Qorunda bişdiyi köz də “Araz”dı,

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

II

“Ata”, “Ana” deyil, “Araz” demişdi,

İlk gündən orduda qazandı hörmət.

Təlimdən təlimə oldu peşəkar,

Hər gün bir şücaət, yeni məharət.

*  *  *

“Təşəkkür” qazandı, “Çox sağol” aldı,

Yoruldum demədi, durmadı bir an.

Bilirdi,  nə qədər olasa da çətin,

Döyşüdə o qədər olacaq asan.

*  *  *

Təlimdə hər hədəf düşmən olurdu,

Bütün hədəfləri bir-bir vururdu,

“Qızğın döyüşlərdə qalib gələrkən”;

*  *  *

Vətəndi, torpaqdı sözü, söhbəti,

Həzm edə bilmirdi heç cür möhnəti.

Nisgili, həsrəti dadmışdı erkən.

III

Nisgili, həsrəti dadmışdı erkən,

İlk öncə andını salırdı yada.

Anası gəlirdi gözü önünə,

Deyirdi, sadiqəm ana o anda…

*  *  *

Bir gün arzuların çin olacaq bil,

“Dördyol” yönəldəcək səni Ağdama.

İnan ki, o günlər çox uzaq deyi,

Anda xilaf çıxsam, gözə ağ dama…

*  *  *

Ən çətin anlarda nənəsi yenə,

Xəyalən yetirdi daim köməyə;

“Mənim aslan balam, qurdum demişdi…

*  *  *

Heç nədən qorxmayan igidim, ərim,

Mənim şir biləklim, mənim hürr nərim…”

– Şəkər əvəzinə ayaz yemişdi…

IV

Şəkər əvəzinə ayaz yemişdi…-

“Güclüdən çəkinmə, zəifi əzmə.

İlahi ədalət var olan yerdə,

Haqlını tək qoyub, haqsızla gəzmə.

*  *  *

Süfrədə olandan yaxşı ye, şükr et,

Ərköyünlük edib, ağzını büzmə.

Atanı, babanı xatırla daim,

Naxələflik edib, nənəni üzmə!”

*  *  *

Hər belə söhbətdə sevib nənəsin,

Möhkəm qucaqlayıb, öpüb nənəsin;

Nə olur, olsa da deyildi  küsən…

*  *  *

Böyüyə yoldaşdı, kiçiyə qardaş,

Andına sadiqdi, sirrinə sirdaş,

Babası hürriyyət carçısı Həsən…

V

Babası hürriyyət carçısı Həsən

Arazı keçmişdi onun yaşında…

Adaşı Babəkdən hey söhbət açıb,

Bəzzi yaşadırdı Qarqar daşında…

*  *  *

Xanqulu əyrisi müqəddəs pirdi,

İkinci Araza dönmüşdü Qarqar…

Atası, babası o tayda “üzgün”,

Özü bu yaxada qalmışdı naçar…

*  *  *

Yenə xain qonşu işini gördü,

Qurşundan rəngbərəng çələnglər hördü,

Çox sayda məsuma çatdı bu “pay”dan…

*  *  *

Kimi iş başında, kimisi yolda,

Uşağı, böyüyü hamısı qalda,

O taylı, bu taylı Yurd idi Elxan!

VI

O taylı, bu taylı Yurd idi Elxan,

O gün al lalər bitdi çöllərdə.

Yaşıl yarpaqları güzün əvvəli,

Sübhün al günəşi ütdü çöllərdə…

*  *  *

Günəşin alından al alan ərlər,

Ayağı zəmində göyə qalxdılar.

Analar ağ südün  sağıb laləyə,

Yeri Göyə büküb məlhəm yaxdılar.

*  *  *

Nə qədər atanın yaralı bağrı,

Odlanıb çəkərkən içindən ağrı,

Söylədi; anası, atası şükür…

*  *  *

Bülblər oxudu, güllər ağladı,

Hər ana bir güllü dastan bağladı,

Anası Afətdi, atası Şükür…

VII

Anası Afətdi, atası Şükür,

Ana gözü yolda, Ata “sərgərdan”…

Dünya çalxalandı nehrəsində qan,

Doğru mədət umdu o gün oğrudan…

*  *  *

Zamanı gəlmişdi dostun, qardaşın,

Anında qardaş da, dost da yetişdi…

Ucaldı hər yanda azan səsləri,

Ruhlar da qovuşdu, can da bitişdi…

*  *  *

Geyindi al donu igidlər, ərlər,

Güzün sazağında açdı lalələr,

Göydə buludların rəngi oldu qan…

*  *  *

Toy, nişan boğçası qara bağladı,

Nə qədər sevgili gizlin ağladı,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

VIII

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

Hər səhər yenidən al geydi üfiq.

Ağardı, qızardı, qaraldı hərdən,

İlk  yağış sonrası  itdi münafiq…

*  *  *

Qısır buludlardan mədət umanlar,

Əlləri göylərə uzalı qaldı.

Haqqın dərgahında oyaq qalanlar,

Uca Yaradandan müjdəni aldı.

*  *  *

İgid, ər oğullar vüsala yetdi,

İllərin həsrəti axır ki, bitdi,

Sevindi yurd yeri, şad oldu İNSAN…

*  *  *

Sısqa bulaqların açıldı gözü,

Aşdılar dağları, keçdilər düzü,

Bir elin xanıydı, adıyla Elxan…

IX

Bir elin xanıydı, adıyla Elxan,

Yamac dırmandılar, zirvə aşdılar.

Nələrdən keçdilər, nələr gördülər…

Hər zəfər sonrası qucaqlaşdılar….

*  *  *

Keçilməz sədləri keçdi ər Elxan,

Yürüdü, yürüdü Araza yetdi…

“Xudafərin” – deyib, hıçqıran Elxan,

“Körpümüz bizdədir!” – məruzə etdi…

*  *  *

Sinələr qabardı, ucaldı şərəf,

Sevincə büründü, hər yan, hər tərəf,

Yurdun dörd-bir yanı gövhəri-cahan…

*  *  *

İtirdi neçə döst, neçə ər igid,

Özü bu ütüdən çıxdı salamat,

Əməli eylədi məşhuri-cahan…

X

Əməli eylədi məşhuri-cahan,

Hələ yol yarıdı, güc ver, İlahi.

Nə qədər zirvə var hələ aşası,

Məqamı yaxın et, tac ver, İlahi.

*  *  *

Araza yetişmək yolun yarısı,

Xudafərin indi ancaq yol-yolaq.

Üzündə təbəssüm, çöhrəsində nur,

Yurddaşa yurdundan vermişdi soraq.

*  *  *

Hər kəlmə başında dilində Vətən,

Arxasında Vətən, önündə Vətən,

Müqəddəs bir yolda olmuşdu sarvan…

*  *  *

Bir gün arzusuna yetdi nəhayət,

Özü sevinsə də, qəm etdi heyət,

Şəhidi – şühəda Nəcəfi Elxan…

XI

Şəhidi – şühəda Nəcəfi Elxan…

Bu qordan od aldı  ərlər, ərənlər.

Hər gün yeni zəfər, yeni qələbə,

Bu gün sevinclidir, onu sevənlər.

*  *  *

Arzusu, istəyi çin olub onun,

Ananın açıqdır  yolu Ağdama.

İndi olanları görməzdən gələn,

Namərdin gözünə gərək ağ dama.

*  *  *

Görmək istəyirdi azad yurdunu,

Qalib istəyirdi görsün ordunu,

Bütün xəyalların gördü gerçəkdən.

*  *  *

O, keçən cığırlar yol olub indi,

O, içən bulaqlar göl olub indi,

Ruhu Kərbəladan, qutu Nəcəfdən…

XII

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bu gün çiçəklənir can Azərbaycan.

Binalar tikilir, yollar çəkilir,

Göylərə ucalır can Azərbaycan.

*  *  *

Ümid ağacları artıq bar verir,

Çölləri  yurd  edir can Azərbaycan.

Artıb doğma yurdun hörmət, izzəti.

Şanına şan qatır can Azərbaycan.

*  *  *

Bütün fəsillərdə geyinir əlvan,

Heyrətlə danışır eşidən, duyan,

İgid ərənlərdən, şanlı sələfdən!!!

*  *  *

Hər bahar boy verib, bitən lalər,

Şanlı sərkərdədən gətirir xəbər –

Bəzzdə məskən salan ulu xələfdən…

XIII

Bəzzdə məskən salan ulu xələfdən,

Sevinir, boş yerə verməyibdi can.

Əbəs deməyibmiş hər addımbaşı,

Biz gedək, sən yaşa can Azərbaycan!

*  *  *

Ən uca zirvədən süzür Arazı,

Arazın dərd-səri nədir bilirəm.

Bu gnlər yaralı Araz da nədən,

Bilmirəm,  nədənsə görünür xürrəm.

*  *  *

Araz kənarının yoxdur şəriti,

Bu gələn hənirti, başqa hənirti,

Fəth edib Arazı, Nəcəfi Elxan…

*  *  *

Təbriz də sıyrılır qanlı tarixdən,

Ulu əcdadlardan, şanlı tarixdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

XIV

Dərs alan elçidi Nəcəfi Elxan,

Sonalar Göyçəyə enib bu axşam.

Köhlənlər Dərbəndə dəmir aparıb,

Durnalar Kərkükdə görüb ehtişam.

*  *  *

Yurdun dödr bir yanı ona doğmadır,

Xeyməsi laməkan gəzir Elxanım…

Yurdunda yurdundan yeni Yurd quran,

Keçilməz sədləri əzir Elxanım….

*  *  *

Yenə həmin günə getdi xəyalı,

Mundiri alan gün kefi, əhvalı,

Üçrəngli bayrağı asdı gözündən…

*  *  *

Qardaşı  dilləndi, bacısı  güldü,

Qulağına gəldi nənə  öydü:

– Bilirdi, “Sərhəddən başlanır Vətən!”

XV

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

Nisgili, həsrəti dadmışdı erkən.

Şəkər əvəzinə ayaz yemişdi…

***

Babası hürriyyət carçısı Həsən.

O taylı, bu taylı Yurd idi Elxan!

Anası Afətdi, atası Şükür,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

***

Bir elin xanıydı, adıyla Elxan,

Əməli eylədi məşhuri-cahan,

Şəhidi – şühəda Nəcəfi Elxan…

***

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bəzzdə məskən salan ulu xələfdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

28.05 – 24.08.2024. – Bakı – Bərdə – Ağdam – Xocalı – Şuşa – Laçın – Bakı..




Qeyd:
Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir.
Səninlə qürur duyuram, Azərbaycan gənci!

“40 gün – 40 şeir” layihəsi

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitab çap olunub

Esmira Fuadın yeni kitabı

Bu günlərdə Filoogiya elmləri doktoru Esmira Fuadın ərsəyə gətirdiyi “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə çap olunub. Kitabda ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi sənəd – Kürəkçay müqaviləsi – Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi və bədnam Türkmənçay “Sülh” müqaviləsi yer alıb. Və bu adında “sülh” yazılan-içəriyində isə əsrlərcə bir-vahid olan Azərbaycanın bölünməsi əks olunan müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolu təhlil olunur. Daha sonra İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir. Dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllik­lə­ri açıqlanır. Güney Azərbaycan türklərinin ana dili problemindən sonra ikinci ən böyük problemi olan Urmu gölünün qurudulması məsələsi tarixi faktlara əsaslanaraq incələnir, xalq həyatının və milli kimliyin əks-sədası olan Güney Azərbaycan folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsr, “Fləş Fikşn”: Kibriti hekayələr, Güney ədəbiyyatında feminizm hərəkatı, qarşı tərəfin qələm adamlarının Qadına poetik münasibəti, tərcümə ədəbiyyatı və yayın məsələləri çözülür, real durum və çapa təqdim olunmuş əsərlərdən qısaca söz açılır, o taylı-bu taylı – Bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu təhlil edilir. Bu dəyərli kitabın təqdimatı 10 sentyabr 2024-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında keçirildi… Yazıçı Aysel Əlizadənin aparıcılığı ilə keçən təqdimatda bilim adamları,şair və yazıçılar, oxucular iştirak edirdi. Çıxışçıların hər biri kitabın ədəbiyyatımıza, tariximizə, bütöv Azərbaycanımıza olan layiqli bir töhvə olduğunu vurğuladı. “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” hər bir vətəndaşın masaüstü kitabı olması fikri önə çəkildi.

Esmira Fuadın yazıları

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru