www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi

Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı “Ulduz” və “Ədirnə fəthi” əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq “Ədirnə fəthi” əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı “Ədirnə fəthi” əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. “Ədirnə fəthi” əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. “Ədirnə fəthi” əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir.  Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”!                                                                                        Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ SENTYABR – 2024 № 09 (45)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ SENTYABR – 2024 № 09 (45)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB (PDF): yazarlar-45

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏHİD MAYOR NƏCƏFİ ELXAN HAQQINDA KİTAB – PDF

SERİYA: YUSİFCANLI ŞƏHİDLƏRİ

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” (PDF):

Zaur Ustac – “Elxan Nəcəfi” (PDF)

ELXAN NECEFİDownload

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hər səngər məbəddi, pirdi hər əsgər!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağ adam – Rəşad Məcid – 60

Zaur Ustac – “Ağ adam” kitabı PDF: Ag-adam.pdf

AG ADAM>>> >DOWNLOAD

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – BORANI TUMU

BORANI TUMU

(hekayə)

          Aptekdə olanda Arizə məsləhət gördülər ki, boranı tumu onun xəstəliyinin ən yaşı dərmanı ola bilər. O, həkim yazan həbləri alıb aptekdən çıxdı.

          İndi binanın həyətində əyləşmişdilər. Sakinlər öz təşəbbüsləri ilə binanın qarşısında park salmışdılar. Necə il əvvəl buralarda yır-yığış etmiş,  ağaclar, güllər əkmişdilər. Bir neçə   “Besedka” da düzəltmişdilər.  Rayon bələdiyyəsinə müraciət etmişdilər. Onlar da dəstək durub abadlıq işləri görmüş, uşaqlar üçün yellənçək də quraşdırmışdılar. Əlqərəz, daş-kəsəkli yer dönüb olmuşdu park. Parka asfalt da döşənmişdi. Qonşu binaların sakinləri də gəlib bu parkda gəzişir, dincəlir, təmiz hava alırdılar.

          Əyləşib söhbət edirdilər. Əlibala da gəlib onlara qoşuldu. Əlibala qonşu idi.  Anası, bacısı ilə bu binada yaşayırdı. Elmlər Akademiyasının yaxınlığındakı binaların birində  atadanqalma bir mənzilləri vardı. Bina plana düşdüyündən, sökülüb yenidən tikiləndən sonra təzə tikilidə mənzil almış, oraya köçmüşdülər.   Buradakı mənzili isə kirayəyə vermişdilər.  Əlibala arada yolunu buradan salır, qonşularla qaynayıb-qarışır, parkda oturub söhbət edir, çay içirdi. Ay tamam olanda da gəlib kirayə haqqını alırdı.

Əlibala qonşularla  salamlaşıb hal-əhval tutdu. Ariz fikir verib gördü ki, o, boranı tumu çırtlayır.  Tez üzünü ona tutdu:

-Əli, boranı tumunu haradan alırsan?

Əlibala elə bildi ki, Ariz ona söz atır, sataşır, burada, onların yanında tum çırtlamasını ona irad tutur. Odur ki, əlini saxladı. Çırtlamadı.

Əlibalanın dinmədiyini görən Ariz bir də dilləndi:

-Əli, deyəsən eşitmədin. 

Əlibala pərt olmuşdu. qonşuların yanında Arizin onu dolaması kefinə soğan doğramışdı. Ağzını doldurmuşdu ki, onun cavabını versin, Ariz onu qabaqladı. Ciddi:

-Boranı tumu mənə də lazımdır. Aptekçi məsləhət gördü. Xəstəliyimə görə. Bayaq bir yerdə gördüm, nə isə xoşuma gəlmədi. Yaxşı qovurulmamışdı.

Arizin həqiqətən boranı tumu lazım  olduğunu, onu doğrudan dolamadığını başa düşən Əlibalanın eyni açıldı:

-Bizim qonşuluqda, anam-bacım olsun, bir  qadın var. Ondan alıram.

Ariz:

-Pul versəm, mənimçin də alarsan? – deyə xəbər aldı.

Əlibalanın dayanıb baxdığını görüb:

-Qulluq olmasın. Xahişdir.

Əlibala:

-Alaram, niyə almıram?! – dedi.

Arız çıxarıb ona 10 manat pul verdi:

-Elə 10 manatlıq olsun.

Əlibala pulu alıb:

-Problem yoxdur, – dedi. -Sabah çatdıraram

Bir müddət keçdi. Ariz Əlibalanın aldığı boranı tumunu çırtlayıb qurtarmışdı. Gözləri yolda idi ki, bir də gördü, budur, Əlibala gəlir. Elə həyətdəcə onun qabağını kəsdi. Əl verib səmimi görüşdü:

-Ay qardaş, harada qalmısan?  Boranı tumum qurtarıb, qalmışam belə: baxa-baxa. Allah köməyin olsun, mənim də köməyimə çatır.

Ariz 50 manatlığı ona uzatdı:

-Al bu pulu, yenə qardaşın üçün 10 manatlıq boranı tumu al. Bax, yenə deyirəm. Buyruq deyil ha. Dost xahişidir.

Əlibala pulu götürmədi:

-Ariz, xırdam yoxdur. Qalıq qaytara bilməyəcəyəm.

Ariz tez:

-Onda, qardaş, gözlə Azərin marketinə dəyim, pulu xırdalayım.

Əlibala razılaşmadı:

-Yox, gözləyə bilmərəm. Tələsirəm. Eybi yox, alaram, gətirəndə pulunu verərsən, – deyib yola düzəldi.

Ariz əlində 50 manatlıq baxa-baxa qaldı.

İki gün sonra Əlibala göründü. Ariz incik:

-Məni  tumsuz qoydun.  Xırdan olmadı, pul xırdalamağımı da gözləmədin.

Əlibala heç nə olmayıbmış kimi:

-Eybi yox, pulunu ver, alıb uzağı sabah çatdıraram sənə.

Ariz nə vaxtdan ayırıb  pencəyinin döş cibinə qoyduğu şax onluğu ona uzatdı.

Əlibala pulu alıb əlini plaşının yan cibinə atdı. Çıxarıb boranı olan bükülünü ona verdi, sonra dönüb getdi.

Ariz onun dalınca baxa-baxa: “Mən bu Əlibalanı sadəlövh, bir az avamtəhər, tez inanan bir adam kimi tanıyırdım, – dedi. -O səfər əslində cibimdə xırda pul, onluq da vardı. Fikirləşdim ki, görüm Əlibalanı hərifləyə bilərəm. Demə, bu dostum qazdan ayıq imiş. Pulunu almamış boranı tumunu mənə vermədi.  Alaram adı ilə pulu alıb, sonra verdi tumu. Gör ha. Fikirləşib ki, birdən tumu mənə verər, pulunu ala bilməz. Bu da ona sərf eləmir axı. Oyunun olsun, Əlibala, sən demə, sən məndən də tədbirli imişsən. Afərin sənə”.

Bakı şəhəri, 20.08.2024-cü il

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – “Ağ adam” kitabı – PDF:

Zaur Ustac – “Ağ adam” kitabı PDF: Ag-adam.pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlahə Səfərzadə – Mübhəm tənhalıq

Mübhəm tənhalıq

(Hekayə)

 Hər gün səhər olduğu kimi bu gün də Günəş öncə başını azca çıxardaraq ətrafı oğrun nəzərlərlə süzdükdən sonra bütün möhtəşəmliyi ilə cahanı aydınladıb nura qərq etmək üçün səmanın fövqünə qalxmaqda idi. Yay boyu mütəmadi olaraq hər gün ən uzağı saat altıda oyanır, öncə Günəşin doğmasını seyr edir, sonra elmi işi yazmaq üçün eyvandakı masamın arxasında əyləşirəm. Uzun müddətdir, tək yaşayıram. Səbəbi insanlardan qaçmağımdır. İki il davam edən uğursuz ailə həyatından sonra özümü toplamağım üçün çox uzun zaman lazım olmuşdu. İndi o hissləri yenidən yaşamağa da qorxuram, düzü. Övladım da yoxdur. Buna kədərləndiyimi desəm, yalan olar. Hərdən düşünürəm ki, xoşbəxt uşaqlıq dövrü bəxş edə bilməyəcəyin övladı dünyaya gətirib onu da bu həyatın dərd-sərinə ortaq eləmək hansı xudbinliyin əlamətidi? Tək qalmaq qorxusununmu? Yoxsa “hər kəsdə var, məndə də olsun” düşüncəsininmi? Ya da, bəlkə, Tanrının qadınlara bəxş etdiyi ana olmağa həvəs instinktininmi? Bunun səbəbləri haqqında çox düşünmüşdüm boş vaxtlarımda. Yaxşı ki, indi beynimi elmi işdən başqa nəyəsə məşğul eləməyə vaxtım qalmır. “Təklik zirvədəkilərə məxsusdur” – deyib arada özümə naftalin ətri gələn köhnəlmiş zarafatlar eləməkdən də qalmıram. Tez-tez mənə elə gəlir ki, şəhər bom-boşdur. Burada uzun zamandır heç kim yaşamır. Bəlkə də, mövcuddurlar, amma yaşamırlar. Ola bilsin ki, Diogen də ona görə insanlardan qaçıb təkliyi və bir çəlləkdə yaşamağı üstün tutmuşdu. Çəllək ha! Özümə gülməyim gəlir. Görürsünüz də, adam uzun müddət tək qalanda belə fəlsəfi fikirlər istehsal eləməyə başlayır. Çəllək! Yox bir! Olmaya sən də özünü Diogen sayıb evinin bu tək eyvanını da çəllək hesab edirsən? Bax beləcə, tez-tez özümlə mənasız zarafatlar edib gülürük. Bəlkə də, dəli olmuşuq. Nə isə!

Səhər saat altıdır. Şəhər hələ yatır. Bir azdan Günəşin qalxması ilə bərabər isti adamları təngnəfəs etməsinə baxmayaraq küçədə maşın və adamların izdihamı başlayacaq. İndi isə səhərin erkən çağı olduğu üçün küçədə çox az, demək olar ki, bir neçə adam gözə dəyir. Beş-altı yaşlarında bir qız anasının əlindən tutub onun addımlarını balaca ayaqlarına uyğunlaşdırmaq üçün yeyin hərəkətlərlə getməkdədir. Qəfildən anasının əlini buraxıb Günəşə tərəf baxdı.

-Salam, Günəş, -deyərək üzündə şən gülümsəmə ilə onu salamladı.

Anası hövsələsiz halda:

-Tez gəl, gecikirik, -deyə onu çağırdı.

Qız Günəşə əl edib becid hərəkətlə qabaqda gedən anasına çatıb onun əlindən tutdu.

Uşağın davranışı mənə həm məzəli göründü, bir qədər də düşündürdü. Hərgah yay fəsli başlayandan hər gün lap erkən çağlarda qalxıb binanın eyvanında Günəşin necə çıxmasını izləyirəm. Amma bir dəfə də onunla salamlaşmamışam. Birdən bir qədər uca səslə “Salam, Günəş” deyə gülümsəyirəm. Mənə elə gəldi ki, Günəş də mənə gülümsədi.

Bir aydan çoxdur ki, bu təkliyimin içinə başqa bir təklik də əlavə olunub. Kiminləsə tanış olmağım fikri ağlınıza gəldisə, təbii ki, o deyil. Mən öz təkliyimlə dostam və ona xəyanət eləmək niyyətində deyiləm. Çünki uzun müddət sənə həmdəm olanı sevməsən də ona bağlanırsan. Mən qonşudakı qadını nəzərdə tuturdum. Hər gün onun eyvanına baxıram. Qəribədir, uzun zamandır, o mənzildə heç kim yaşamırdı. İndi isə səhv eləmirəmsə, bir aydan çoxdur ki, orada hər gün orta yaşlı, dolu bədənli, bəstəboy bir qadın görürəm. O, hərdən gözündə eynəklə bir müddət noutbukda nələrisə yazır. Sonra yenidən eynəyi çıxarıb əlini çənəsinin altına dayaq edib uzun müddət səmaya baxır. O, çox nadir hallarda aşağıdakı adamları, maşınları, yəni, qaynayıb-qarışan həyatı seyr edir. Hətta bəzən iki avtomobildəki adam bir-birinə yol vermək üstündə dava edirlər, ya da bir neçə qadın nəyəsə görə qışqıra-qışqıra danışırlar, səsləri aləmə yayılır. Qonşu qadın həmin anlarda belə bir saniyəlik də olsa, başını aşağı salıb küçədə baş verənlərə baxmır. Ola bilsin, o, kardı, səsləri eşitmir. Amma hər halda, bu az ehtimaldır. O daha çox bütün dünyaya laqeyidləşmiş kimi görünür. Səmada hərdənbir görünən təyyarələrin arxasınca onların silueti yoxa çıxıb göy qübbəsi ilə bir bütün təşkil edənə qədər gözlərini zilləyib ümidlə baxır. Sanki kimsə təyyarənin pəncərəsindən baxıb ona güləcəkmiş kimi gözlərində bir neçə anlıq ümid işartıları yanır. Təyyarənin görüntüsü öləziyib yoxa çıxandan sonra qadının üzünə yenə həmin mübhəm kədər yüklənir. Doğrusu, gözlərim qadının bütün üz cizgilərini sezəcək qədər yaxşı görmür, bunları yalnız onun qımıldamalarından hiss edirəm. Eyvanın divarına yapışdırılmış bir heykəl kimi uzun müddət hərəkətsiz qaldıqdan sonra onun ən cüzi tərpənişlərinin, reaksiyalarının nəyə olduğunu anlamaq elə də çətin olmur. Nədənsə qəlbimdən gələn bir hisslə qadını bir az daha yaxından tanımaq arzusu dolur içimə. Bu mənim yazıçı marağımdanmı irəli gəlir, yoxsa insani hisslərdimi qərar verə bilmirəm. Hər halda, əsas məsələ odur ki, bax elə indicə bu dəqiqə eyvandan yataq otağına keçib əynimə qonşuya getmək üçün daha münasib paltar geyinirəm. Bu xasiyyətimi sevimmi, yoxsa tənqid edimmi, heç bilmirəm. Uşaqlıqdan beləyəm. Ağlıma gələn ilk fikri reallaşdırmağa çalışıram. Daha bunun sonrası haqqında düşünmürəm. Etdiyi hərəkətlərin nəticələrini hesab-kitab edib sonra qərar verən adamlara həsəd aparmışam həmişə. Mən isə elə hey ağlımın əksinə hərəkət edib qəlbimin dediyini etməkdə israrçı olmuşam. Bax, indi mənə deyən lazımdır ki, axı təxminən bir aydır ki, müşahidə etdiyin bu qadını yaxından tanımaq sənin nəyinə gərəkdir? Durub da öz eyvanında. Adama deməzlərmi, sən kimsən ki, mənim həyatımla bağlı sual verməyə, məni daha yaxından tanımağa gəlmisən?

Təbii ki, özümə etdiyim bu töhmətlərin heç faydası olmadı. Artıq onların binasının giriş qapısından içəridəyəm. Bəlkə, marketdən nəsə bir şirniyyat filan alardım? Deyim ki, mən sizin qonşunuzam. Yəqin, buralarda heç kimi tanımırsınız. Tanış olmağa gəlmişəm. Qadın da deyə ki, lap yaxşı, şirniyyat sevmirəm, tanış olmaqla da aram yoxdu. Təklik daha gözəldir. Xoş getdiniz…

Heç nə almadım. Artıq qapının zəngini çalmışam. Mən evdən çıxanda qadın eyvanda oturmuşdu. Bəlkə də, oraya səs getmir. Ola bilsin ki, qapını ümumiyyətlə heç kimə açmır. Ya da ola bilsin ki… Düşüncələrim burada yarımçıq qalır.

-Salam, -qadın qapını açıb üzündə mənim təsəvvür elədiyim həmin o anlaşılmaz ifadə ilə gözlərini mənə dikmişdi. Nə deyəcəyimi bilmirəm. Ey Tanrı, yardım elə, marağımın güdazına gedirəm.

-Salam, necəsiz? Mən sizin qonşunuzam. İçəri girmək olar? –deyib qadının məni qapıdan qovmağını gözləyirəm. İlahi, görəsən, dünya yaranandan bəri qarşısındakına ikinci belə mənasız sual verən olub?

-Buyurun, əlbəttə, – qadın mübhəm tənhalığının üzünə çökdürdüyü məhzun ifadə ilə heç uyuşmayan istiqanlılıqla məni içəri dəvət edir.

Birbaşa salona keçdik. Orada divan, önündə balaca jurnal masası və bir də kitablar yığılmış maraqlı dizaynı olan rəfdən başqa demək olar ki, heç nə yoxuydu. İndi künc divanının hərəmiz bir başında oturub sanki belə də olmalı imiş kimi bir-birimizə baxırıq. Yəqin ki, qadın aramızdakı sükutu pozub axır ki, ona nəsə deməyimi, gəlişimin əsas səbəbini bilmək istəyir.

-Bilirsiniz, mən sizinlə üzbəüz binada yaşayıram. –deyə sözə başladım, səmimi olmaq həmişə ən yaxşı seçimdir. Al-əlvan bəzənmiş üstü bəzək altı təzək cümlələrə ehtiyac görmürəm. –bəlkə, səfeh olduğumu düşünə bilərsiniz. Deyə bilərsiniz ki, bu dövrdə kimdi ki, kimisə yaxından tanımaq üçün qapısını döyən? Yenə kənd olsa, başadüşülən olardı. Orada hamı bir-birinə daha çox can yandırır. Ancaq şəhərdə kim kimədir ki? Deyəsən, bura yeni köçmüsünüz, əvvəllər sizi heç görməmişdim bu mənzilin eyvanında. Və mənə birdən maraqlı gəldi. Xahiş edirəm, elə bilməyin ki, dəliyəm, mən sadəcə yazıçıyam. Ancaq biz yazıçılar da bir növ dəli sayıla bilərik. Ona görə də bu mənasız marağımı üzrlü sayın, -deyib yenə şit zarafat etdim.

-Yox, niyə, ola bilər də. –qadının nəzakət xətrinə üzünə qondurduğu süni gülümsəmə müşayiəti ilə verdiyi bu etinasız cavabı məni daha da pərt edir. Qovsa, daha yaxşı idi. – əslində, doğru təxmin etmisiniz, tək yaşayıram. –qadın başını aşağı dikərək yenidən danışmağa başlayanda ürəyim yerinə gəldi. Döşəməyə o qədər diqqətlə baxırdı ki, elə bil, deyəcəkləri orada yazılmışdı və oxumağa çalışırdı. –təxminən, on ildir ki, tək yaşayıram. Əvvəllər işə gedib-gəlirdim. Böyük bir şirkətin mətn redaktoru işləyirdim. Orada da heç kimlə qaynayıb-qarışmazdım. Adamlardan qaçıram çox vaxt. Heç kimlə söhbət eləməyi sevmirdim. İş yoldaşlarımla olan ünsiyyətim ancaq işlə bağlı suallara çox qısa və konkret cavablar verməkdən ibarət olurdu. Sonra daha cavan kadrlar işə gəlməyə başladı. Onların təcrübəsi az olsa da həyat enerjisi, işə həvəsi, özlərini təsdiqləmək üçün hər gün daha yaradıcı ideyalar irəli sürməyi rəhbərliyi daha çox cəlb edirdi. Mən bunu anladığım üçün onların məni ixtisara salmağını gözləmədən üzüsulu özüm ərizə yazıb çıxmaq qərarına gəldim. İndi sərbəst olaraq redaktor kimi işləyirəm. Əvvəldən işlərimə bələd olan adamlar ehtiyac olduqca mənə mətnlər göndərir, onlarla məşğul oluram, geriyə qalan zamanı da yola verirəm gedir, -qadın gözlərini döşəmədən qaldırıb mənə baxaraq yenidən gülümsədi, amma bu gülümsəmənin içində dərin bir təəssüf oxudum. –siz də tək yaşayırsınız? Ailəniz haradadır? –heç gözləmədiyim halda o da mənə şəxsi həyatımla bağlı suallar verdi.

-Bəli, mən də tənhayam. Ailəm yoxdu. İllər öncə evli idim, sonra ayrıldıq. Uşağım da yoxdur. –mən gülümsədim. İndi fikir verdim ki, mən bu cümlələri təəssüf hissi ilə deyil, beləsi daha yaxşı olubmuş kimi öz təkliyindən qürur duyan adam ədası ilə dedim.

-Həə, -deyərək qadın yalançı təsəlli sözləri tapmağa çalışmaq üçün vurnuxub bir müddət bilmədi nə desin.

-Həyatda hər şey yaxşılığa doğrudur. Belə olubsa, deməli, xeyirlisi bu imiş. –mən belə deyərək onu pis vəziyyətdə qalmaqdan xilas elədim.

-Əlbəttə, -deyə qadın məmnun ifadə ilə dediklərimi təsdiqlədi. Sonra yenidən üzünə yenə həmin kədər qondu. –yəqin ki, hər şey yaxşılığa doğru olur. Amma bəzən… –qadın duruxub fikirlərini hansı sözlərlə ifadə edəcəyini düşündü, -bəzən elə hadisələr olur ki, biz onlarda nə qədər yaxşılıq payı axtarsaq da tapa bilmirik. Mənim övladlarım var. Daha doğrusu, biri artıq yoxdur, o biri var. O isə… Həyat yoldaşımla bir-birimizi sevib evlənmişdik. Uzun müddət övladımız olmamışdı. Sonra biz mənim bacımın üçüncü oğlunu övladlığa götürdük. Mən onu lap doğulandan götürdüm ki, ana kimi məni bilsin. Onun üç yaşı olanda bir möcüzə oldu və mən də hamilə qaldım. İkinci oğlumuz dünyaya gəldi. O anadan olduqdan bir müddət sonra həyat yoldaşımı maşın qəzasında itirdik. –qadın bunu deyərkən bir az duruxdu. Bu itkinin təsirindən doğub artıq korşalmış iztirab hissi onu göz yaşı ilə müşaiyət etməsin deyə dodağını dişlədi, sonra yenidən davam etdi, -mən oğlanlarımı çətinliklə böyüdürdüm. Hətta bir neçə dəfə bacım uşaqları böyütməkdə çətinlik çəkdiyimi görüb öz oğlunu geri götürmək istəyirdi. Mənsə bundan inciyib daha da məyus olurdum. Yoldaşımın vəfatı mənə ağır təsir eləmişdi. Sarsıntıdan kimi günahlandıracağımı bilmirdim. Doğma oğlum atasına çox oxşayır. İçimə doğmuş xudbin hisslərin təsiri ilə atasının ölümündə onu günahkar bilməyə başladım. Eləbil, Tanrı mənim uşaq üçün yalvarışlarımı eşidib oğlumu verdi, amma yoldaşımı aldı. Gündən-günə oğluma qarşı daha çox qəzəb yaranırdı içimdə. Bunu böyük qardaşına həmişə yaxşı davranıb onu hər fürsətdə sancmağımla da bəlli edirdim. –bunları deyərkən qadın ağlamırdı, amma balaca bir yaş dənəsinin kipriyindən necə qopub yanağına düşərək orada yoxa çıxdığını görə bildim, – sonra orta məktəbi bitirib hər ikisi universitetə qəbul oldu. Böyük oğlum ali təhsilini yekunlaşdıranda əsgərliyə getdi. Və… –qadın bir neçə dəqiqə səssizcə döşəməyə baxdı. Mən ürəyimdə özümü tənbehləyirdim. Axı başqalarının yaralarını tərpətməyə, onlara keçmişi xatırlatmağa nə ehtiyac var? Necə də pis insanam!

-Əgər sizə çətindirsə, qalanı danışmaya bilərsiniz, -deyə çox quru cümlə ilə guya onu ovutmağa çalışdım.

-Narahat olmayın, adam hərdən bölüşməyə də ehtiyac duyur, -deyə o davam etdi. –müharibə bizim əlimizdən çox sevdiklərimizi aldı. Elə deyil? –deyib mənə baxdı. Mən nə deyəcəyimi bilmədiyim üçün susdum. O isə davam etdi, –Hə, elədi. Doğrudur, adamlar bəzən bədbəxt hadisələr nəticəsində də dünyadan vaxtsız köçə bilir, biz buna “uğursuz tale” deyirik, amma gərək müharibə insanların taleyi olmasın. Ondan sonra mənim kiçik oğlumu görməyə heç gözüm qalmadı. Hər fürsətdə onu acılayır, bütün əsəbimi ondan çıxır, başıma gələn bütün fəlakətləri onun ayağına yazır, ailəyə bədbəxtlik gətirdiyini düşünürdüm. Bəlkə də, dəli olmuşdum. Oğlum Bakıda universiteti bitirdikdən sonra Amerikada təhsilini davam etdirmək üçün vətəni tərk elədi. Sonralar məktubunda yazmışdı ki, orada yaxşı bir işdə çalışır, hətta evlənib. Nömrəmi bilməsə də “facebook” hesabımdan mənə tez-tez yazaraq nəyəsə ehtiyacım olub-olmadığını soruşur. Heç bir mesajını cavablamasam da o daim yazır. Əslində, onun üçün çox darıxmışam. Başıma gələn fəlakətlərdə günahsız uşağı müqəssir bildiyim üçün özümə nifrət eləmək istəyirəm. Amma cavab da yaza bilmirəm. Sanki hansısa gözəgörünməz bir qüvvə mənim artıq onu oğul bilməyə haqqımın olmadığını deyir. Neçə dəfə yazsam da göndərə bilməyib silmişəm. Daha haqqım çatmır özümü ona ana bilim. Mən çox pis insanam. Hələ sağ olsun ki, məni sayıb yazır, axtarır, maraqlanır. Onun da bir oğlu var, yəni mənim nəvəm –qadın bunu deyərkən gülümsədi, -çox şirin uşaqdı, şəkillərini görmək istəyirsiniz? –qadın sanki yüz illin rəfiqəsiyikmiş kimi cəld hərəkətlə noutbukda “facebook” hesabını açıb oğlunun profilinə daxil oldu. Burada uşağın fərqli məzəli fotoları var idi: yemək yeyərkən üzünə makaronlar yapışmış halda, hovuzda çimərkən, çəmənlikdə yıxılmış və başqa fərqli situasiyalarda.

-Çox şirindi, Tanrı qorusun. –mən şəkillərdən gözümü çəkmədən dedim.

-Çox sağ olun. –deyib sonra birdən xatırlayıbmış kimi –ay, üzrlü sayın heç sizə çay təklif etməmişəm bayaqdan. –deyərək cavab gözləmədən mətbəxə yüyürdü. Adını belə bilmədiyim qadının “facebook” hesabı qarşımda açıq qalmışdı. Profilinə baxıb öyrəndim: Səma Əlizadə.

Mesaj bölməsi ekranda açıq qalıb. Oğlundan gəlmiş çoxlu mesajlar var. Bunun yanlış olduğunu bilsəm də əlim dinc durmur və qeyri-iradi oğlunun yazdığı mesajlar bölməsinə girib qadının profilindən ona yazdım: Sizin üçün çox darıxıram…

Mesajı göndərib-göndərməyəcəyimə tərəddüd etməyə vaxt yox idi. Ona görə də birbaşa “göndər” etdim. Və göndərilmiş mesajı sildim. Vəssalam! Bəzən sevdiklərimizə qovuşmaq bu qədər rahatdır. Həyatı qəlizləşdirməyə nə ehtiyac var?

-Heç sizdən çay yoxsa kofe xoşladığınızı soruşmadan birbaşa çay gətirdim. Ümid edirəm, narazı qalmazsınız, mən çayı yaxşı dəmlədiyimi düşünürəm, kofeylə isə aram yoxdu –deyə çayı və şirniyyatı balaca jurnal masasının üstünə qoydu. –bayaqdan danışıb dostlaşırıq, amma heç adlarımızı da bilmirik. Mən Səmayam. Sizinlə ünsiyyətə şad oldum. Bilirsiniz, qəribədir, ünsiyyətsevən olmasam da sizə hər şeyi danışmağım gəldi birdən. Eləbil, sizi mənə Tanrı göndərdi. Bax beləcə Tanrının qəribə işləri olur arada, -deyərək qadın gülümsəyən gözlərini tavana dikdi. Sanki Tanrı orada oturmuşdu.

-Mən də Zərifə. Mənə də xoş oldu tanış olmaq. Artıq gedim, yenə gələrəm, qonşuyuq onsuz, yol yaxındı, -deyərək çaydan bir qurtum alıb durdum.

-Tez-tez gəlin, -qadın gülümsədi və məni yola saldı.

Mən artıq öz binamızın qapısından girirəm və düşünürəm ki, necə tez-tez gedə bilərəm? Mən dostlaşmağı və ünsiyyət qurmağı sevmirəm axı. Bu da sadəcə bir maraq idi, tanımaq ehtiyacımı təmin etdim, bundan sonrakı ünsiyyət mənə zövq verən deyildi, yəqin ki. Mənzilə girib yenidən əzəli məkanım olan eyvana çıxdım və beynimi başqa düşüncələrdən arındırmağa çalışıb yenidən elmi işimlə bağlı kitabı oxumağa başladım.

Bir müddət sonra yenidən qonşu binaya baxıram. Qadın eyvanda yenə həmin yerdə oturmuşdu. İndi o, bir qədər daha doğma görünürdü. Üstəlik, bir az da sevincliymiş kimi gəldi. O, harada yaşadığımı bilmirdi. Çünki mən səkkizinci mərtəbədə, o isə qarşı binadakı dördüncüdə qalır. Yəqin ki, onu izləyənin məhz mən olduğumu anlamış deyildi. Oğlunun ona verdiyi cavabı, yəqin ki, heç vaxt öyrənə bilməyəcəm. Heç olmasa, adımı səhv deməsəm, bəlkə, tapardı məni. Eh, bu da bir gün idi, yaşadım… Günəş isə üfüqdə son qalan şüalarını da yığışdırıb binaların arasında itib-batırdı…

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” PDF KİTAB

SERİYA: YUSİFCANLI ŞƏHİDLƏRİ

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” (PDF):

Zaur Ustac – “Elxan Nəcəfi” (PDF)

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid Mayor Nəcəfi Elxanın əziz xatirəsinə

HÜRRİYYƏT ELÇİSİ

(Şəhidi-şühəda Nəcəfi Elxanın xatirəsinə)

I

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

Görmüşdü Vətəni vətən içində.

Xəyalən keşikdə dururdu hər gün,

Arzusu çin oldu bir gün içində.

* * *

Mundiri alan gün çox sevindi, çox…

Həmən evə qaçdı sevinc içində,

Üçrəngli bayrağı öpdü min dəfə,

Sinəsi qabardı güvənc içində.

* * *

Az yaşda dynyanın görüb hər üzün,

Bərkdə də, boşda da demişdi sözün.

Əmələ keçməyin vaxtı yetmişdi…

* * *

Bəlkə də duyduğu ilk söz “Araz”dı,

Qorunda bişdiyi köz də “Araz”dı,

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

II

“Ata”, “Ana” deyil, “Araz” demişdi,

İlk gündən orduda qazandı hörmət.

Təlimdən təlimə oldu peşəkar,

Hər gün bir şücaət, yeni məharət.

* * *

“Təşəkkür” qazandı, “Çox sağol” aldı,

Yoruldum demədi, durmadı bir an.

Bilirdi, nə qədər olasa da çətin,

Döyşüdə o qədər olacaq asan.

* * *

Təlimdə hər hədəf düşmən olurdu,

Bütün hədəfləri bir-bir vururdu,

“Qızğın döyüşlərdə qalib gələrkən”;

* * *

Vətəndi, torpaqdı sözü, söhbəti,

Həzm edə bilmirdi heç cür möhnəti.

Nisgili, həsrəti dadmışdı erkən.

III

Nisgili, həsrəti dadmışdı erkən,

İlk öncə andını salırdı yada.

Anası gəlirdi gözü önünə,

Deyirdi, sadiqəm ana o anda…

* * *

Bir gün arzuların çin olacaq bil,

“Dördyol” yönəldəcək səni Ağdama.

İnan ki, o günlər çox uzaq deyi,

Anda xilaf çıxsam, gözə ağ dama…

* * *

Ən çətin anlarda nənəsi yenə,

Xəyalən yetirdi daim köməyə;

“Mənim aslan balam, qurdum demişdi…

* * *

Heç nədən qorxmayan igidim, ərim,

Mənim şir biləklim, mənim hürr nərim…”

– Şəkər əvəzinə ayaz yemişdi…

IV

Şəkər əvəzinə ayaz yemişdi…-

“Güclüdən çəkinmə, zəifi əzmə.

İlahi ədalət var olan yerdə,

Haqlını tək qoyub, haqsızla gəzmə.

* * *

Süfrədə olandan yaxşı ye, şükr et,

Ərköyünlük edib, ağzını büzmə.

Atanı, babanı xatırla daim,

Naxələflik edib, nənəni üzmə!”

* * *

Hər belə söhbətdə sevib nənəsin,

Möhkəm qucaqlayıb, öpüb nənəsin;

Nə olur, olsa da deyildi küsən…

* * *

Böyüyə yoldaşdı, kiçiyə qardaş,

Andına sadiqdi, sirrinə sirdaş,

Babası hürriyyət carçısı Həsən…

V

Babası hürriyyət carçısı Həsən

Arazı keçmişdi onun yaşında…

Adaşı Babəkdən hey söhbət açıb,

Bəzzi yaşadırdı Qarqar daşında…

* * *

Xanqulu əyrisi müqəddəs pirdi,

İkinci Araza dönmüşdü Qarqar…

Atası, babası o tayda “üzgün”,

Özü bu yaxada qalmışdı naçar…

* * *

Yenə xain qonşu işini gördü,

Qurşundan rəngbərəng çələnglər hördü,

Çox sayda məsuma çatdı bu sövqat…

* * *

Kimi iş başında, kimisi yolda,

Uşağı, böyüyü hamısı qalda,

O taylı, bu taylı Yurd idi Elxan!

VI

O taylı, bu taylı Yurd idi Elxan,

O gün al lalər bitdi çöllərdə.

Yaşıl yarpaqları güzün əvvəli,

Sübhün al günəşi ütdü çöllərdə…

* * *

Günəşin alından al alan ərlər,

Ayağı zəmində göyə qalxdılar.

Analar ağ südün sağıb laləyə,

Yeri Göyə büküb məlhəm yaxdılar.

* * *

Nə qədər atanın yaralı bağrı,

Odlanıb çəkərkən içindən ağrı,

Bu məlhəm basıldı od sinəsinə…

* * *

Bülblər oxudu, güllər ağladı,

Hər ana bir güllü dastan bağladı,

Anası Afətdi, atası Şükür…

VII

Anası Afətdi, atası Şükür,

Ana gözü yolda, Ata “sərgərdan”…

Dünya çalxalandı nehrəsində qan,

Doğru mədət umdu o gün oğrudan…

* * *

Zamanı gəlmişdi dostun, qardaşın,

Anında qardaş da, dost da yetişdi…

Ucaldı hər yanda azan səsləri,

Ruhlar da qovuşdu, can da bitişdi…

* * *

Geyindi al donu igidlər, ərlər,

Güzün sazağında açdı lalələr,

Göydə buludların rəngi oldu qan…

* * *

Toy, nişan boğçası qara bağladı,

Nə qədər sevgili gizlin ağladı,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

VIII

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

Hər səhər yenidən al geydi üfiq.

Ağardı, qızardı, qaraldı hərdən,

İlk yağış sonrası itdi münafiq…

* * *

Qısır buludlardan mədət umanlar,

Əlləri göylərə uzalı qaldı.

Haqqın dərgahında oyaq qalanlar,

Uca Yaradandan müjdəni aldı.

* * *

İgid, ər oğullar vüsala yetdi,

İllərin həsrəti axır ki, bitdi,

Sevindi yurd yeri, el oldu agah…

* * *

Sısqa bulaqların açıldı gözü,

Aşdılar dağları, keçdilər düzü,

Bir elin xanıydı, adıyla Elxan…

IX

Bir elin xanıydı, adıyla Elxan,

Yamac dırmandılar, zirvə aşdılar.

Nələrdən keçdilər, nələr gördülər…

Hər zəfər sonrası qucaqlaşdılar….

* * *

Keçilməz sədləri keçdi ər Elxan,

Yürüdü, yürüdü Araza yetdi…

“Xudafərin” – deyib, hıçqıran Elxan,

“Körpümüz bizdədir!” – məruzə etdi…

* * *

Sinələr qabardı, ucaldı şərəf,

Sevincə büründü, hər yan, hər tərəf,

Yurdun dörd-bir yanı gövhəri-cahan…

* * *

İtirdi neçə döst, neçə ər igid,

Özü bu ütüdən çıxdı salamat,

Əməli eylədi məşhuri-cahan…

X

Əməli eylədi məşhuri-cahan,

Hələ yol yarıdı, güc ver, İlahi.

Nə qədər zirvə var hələ aşası,

Məqamı yaxın et, tac ver, İlahi.

* * *

Araza yetişmək yolun yarısı,

Xudafərin indi ancaq yol-yolaq.

Üzündə təbəssüm, çöhrəsində nur,

Yurddaşa yurdundan vermişdi soraq.

* * *

Hər kəlmə başında dilində Vətən,

Arxasında Vətən, önündə Vətən,

Müqəddəs bir yolun yolçusu oldu.

* * *

Bir gün arzusuna yetdi nəhayət,

Özü sevinsə də, qəm etdi heyət,

Şəhidi – şühəda Nəcəfi Elxan…

XI

Şəhidi – şühəda Nəcəfi Elxan…

Bu qordan od aldı ərlər, ərənlər.

Hər gün yeni zəfər, yeni qələbə,

Bu gün sevinclidir, onu sevənlər.

* * *

Arzusu, istəyi çin olub onun,

Ananın açıqdır yolu Ağdama.

İndi olanları görməzdən gələn,

Namərdin gözünə gərək ağ dama.

* * *

Görmək istəyirdi azad yurdunu,

Qalib istəyirdi görsün ordunu,

Bütün xəyalları olubdu gerçək.

* * *

O, keçən cığırlar yol olub indi,

O, içən bulaqlar göl olub indi,

Ruhu Kərbəladan, qutu Nəcəfdən…

XII

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bu gün çiçəklənir can Azərbaycan.

Binalar tikilir, yollar çəkilir,

Göylərə ucalır can Azərbaycan.

* * *

Ümid ağacları artıq bar verir,

Çölləri yurd edir can Azərbaycan.

Artıb doğma yurdun hörmət, izzəti.

Şanına şan qatır can Azərbaycan.

* * *

Bütün fəsillərdə geyinir əlvan,

Heyrətlə danışır eşidən, duyan,

İgid ərənlərdən, şanlı sələfdən!!!

* * *

Hər bahar boy verib, bitən lalər,

Şanlı sərkərdədən gətirir xəbər –

Bəzzdə məskən salan ulu xələfdən…

XIII

Bəzzdə məskən salan ulu xələfdən,

Sevinir, boş yerə verməyibdi can.

Əbəs deməyibmiş hər addımbaşı,

Biz gedək, sən yaşa can Azərbaycan!

* * *

Ən uca zirvədən süzür Arazı,

Arazın dərd-səri nədir bilirəm.

Bu gnlər yaralı Araz da nədən,

Bilmirəm, nədənsə görünür xürrəm.

* * *

Araz kənarının yoxdur şəriti,

Bu gələn hənirti, başqa hənirti,

Fəth edib Arazı, Nəcəfi Elxan…

* * *

Təbriz də sıyrılır qanlı tarixdən,

Ulu əcdadlardan, şanlı tarixdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

XIV

Dərs alan elçidi Nəcəfi Elxan,

Sonalar Göyçəyə enib bu axşam.

Köhlənlər Dərbəndə dəmir aparıb,

Durnalar Kərkükdə görüb ehtişam.

* * *

Yurdun dödr bir yanı ona doğmadır,

Xeyməsi laməkan gəzir Elxanım…

Yurdunda yurdundan yeni Yurd quran,

Keçilməz sədləri əzir Elxanım….

* * *

Yenə həmin günə getdi xəyalı,

Mundiri alan gün kefi, əhvalı,

Üçrəngli bayrağı göründü gözə…

* * *

Qardaşı dilləndi, bacısı güldü,

Qulağına gəldi nənə öydü:

– Bilirdi, “Sərhəddən başlanır Vətən!”

XV

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

Nisgili, həsrəti dadmışdı erkən.

Şəkər əvəzinə ayaz yemişdi…

***

Babası hürriyyət carçısı Həsən.

O taylı, bu taylı Yurd idi Elxan!

Anası Afətdi, atası Şükür,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

***

Bir elin xanıydı, adıyla Elxan,

Əməli eylədi məşhuri-cahan,

Şəhidi – şühəda Nəcəfi Elxan…

***

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bəzzdə məskən salan ulu xələfdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

28.05 – 24.08.2024.

Bakı – Bərdə – Ağdam – Xocalı – Şuşa – Laçın – Bakı..

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru