www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Elman Eldaroğlu təbrik edir

Vaqif Osmanov- 70

Ədəbi tənqidə 1979- cu ildə Balakən rayonunda müəllim işləyərkən gəlib. Daha doğrusu, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” romanını oxuyandan sonra buna qərar verib. Bəli, bugünkü söhbətimin qəhrəmanı hidrometoroloq olsa da, həm də söz adamıdır…

Deyir ki:- “Söz sənətinin hər dövrünün özünəməxsusluğu var. Müasir nəsr artıq cild-cild romanlar dövrünü arxada qoyub. İndi vaxtın qıtlığı, informasiyaların bolluğu zamanıdır. Ona görə də hekayə, povest, roman həcmini dəyişib. Yığcam, konkret, geniş informasiyalı nəsr əsərləri çox oxunur. Özüm də böyük həcmli əsərləri oxumuram. Hövsələm və vaxtım çatmır. O vaxt oxuduğum Zahid Sarıtorpağın “Quşların intiharına inanmayın” romanındakı hadisələr məni, necə deyərlər, yerimdən tərpətdi. Yazıçı bu günün reallıqlarını ustalıqla həcmcə kiçik, mənaca dolğun romana yerləşdirib. Kənan Hacının, Ataqamın, Yaşar Bünyadın, Ayaz İranooğlunun hekayə və povestləri, Pərvanə Bayramqızının hekayələri, Əli bəy Azərinin Qarabağ müharibəsi haqqında əsərləri maraqlıdır. Ən başlıca məsələ isə gerçəkliyi, həqiqəti yazmaqdır. Bəzək-düzəksiz olsun, oxucunu inandırsın. Bəli, əsas meyar budur mənim üçün.”

1956-cı ilin avqust ayının 26-da Balakən rayonunun Qamıştala kəndinə anadan olub, 1973-cü ildə Qaravəli kənd orta məktəbini bitirib. 1973-1977- ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Oranı bitidikdən sonra dörd il Balakən rayonunda müəllim işləyib. Balakən rayonunun “Şən həyat”, ADPU-nun “Gənc müəllim”, eləcə də “Azərbaycan gəncləri”, “Azadlıq”, “Rezonans”, “Azad qələm”, “Ədalət”, “Aktual qəzet”, “Ruzigar”, İnamın gəlişi” qəzetlərində, “Elm və həyat”, “Xəzan”, “Əfsun”, Türkiyədə nəşr olunan “Hece taşları” dərgilərində şeirləri, hekayələri, publisistik yazıları, elmi, ədəbi-tənqidi yazıları dərc olunub. Bir sözlə, ölkədə bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin müəllifi kimi tanınır. Eyni zamanda, uşaqlar üçün ingilis dilindən tərcümələr də edib…

…Bəlkə də heç özü də bilmir, o anadan olanda həftənin bazar günü olub. Bazar günü dünyaya gələnlər isə Günəş tərəfindən idarə olunur, təbii xarizma, liderlik xüsusiyyətləri və yüksək həyat enerjisi ilə seçilirlər. Onlar optimizm, yaradıcılıq və uğur meyilliliyi kimi keyfiyyətləri daşıyan fərdlərdir. Odur ki, qəhrəmanım da, güclü iradəyə və idarəçilik bacarığına malikdir. Ətrafındakı insanları cəlb edən parlaq və isti aura var. Həvəsli, canlı və hər zaman hərəkətli quruluşu ilə seçilir. Həyata ümidlə baxır, çətinliklərə qarşı müsbət düşüncələrini itirmir. Sənətə, gözəlliyə və yenilikçi fikirlərə meyillidir…

“Mənim ixisasım coğrafiya müəllimi, pedaqoqdur, peşəm hidrometeoroloqdur. Sırf mənim peşəmlə bağlıdır deyə söyləyirəm. Bakı küləkər şəhəridir. Amma Bakı toponimi küləklər şəhəri mənasını vermir. Bəzi tədqiqatçılar onun adının “təpə” mənasında olduğunu yazırlar. Sara Aşurbəyli bu coğrafi adın “Bagi” qəbiləsinin adından yarandığını qeyd edir. Bu versiya daha inandırıcıdır. Ərəb səyyahları Bakıya gəlib onu “Badi-kubə” adlandıranda “Bakı” toponimi vardı. Hətta Xəzər dənizinin coğrafi adlarından biri Bakı olub. O ki qaldı niyə küləklər şəhəridir? Bəli, Bakının və Abşeron yarımadasının azı 250-300 günü küləkldir. Küləklərimiz də millidir- xəzri və gilavar. Bakının və Xəzər dənizinin küləkli olmasının əsas səbəbi coğrafi mövqeyidir. Şimal Büzlu okeanından gələn Kra antisiklonu Xəzərin şimalından Azərbaycana sanki dar dəhlizdən daxil olur. Yelçəkər yaradır. Mülayim qurşaqdan gələn hava kütlələri isti hava axını gətirir.”- söyləyir.

Maraqlı adamdır, ömrünün çox hissəsini müəllimliyə, hidrometeorologiyaya həsr etsə də, həm də yaxşı publisist və tərcüməçidir. O ki, qaldı onun bir insan kimi xarakterinə, qoy deyim, siz də bilin: Onun ən böyük gücü analitik düşüncə tərzidir. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dostdur. Onunla əməkdaşlıq etmək bir başqa aləmdir. Başqalarına kömək etməkdən xoşlanır, yardımsevərdir. Və ondan müdrik, uğurlu məsləhətlər almaq olar. Bir sözlə, özünütəkmilləşdirmə və öyrənmə arzusu onu zaman-zaman gözəl məsləhətçi kimi yetişdirə bilib. O, həm də sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar, haqqında danışdığım Vaqif Osmanovda olduğu kimi…

Xülasə, avqust ayının 26-sı Vaqif müəllimin 70 yaşı tamam olacaq. Birdən elə düşünərsiniz ki, tələsmişəm, axı 26-na hələ qalır. Elə deyil, söz gəldisə gərək qarşısını almayasan…

…Çox yaşasın!..

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dəniz Aslanlı – Metamorfoz

Metamorfoz
İnsan həyatının ilk illərində başqalarının həqiqətləri ilə yaşayır. Ona deyilənləri doğru qəbul edir, öyrədilən qaydaları isə dəyişməz qanun hesab edir. Lakin zaman keçdikcə həyat elə sınaqlar gətirir ki, illərlə inandığın düşüncələr bir-bir çatlayıb dağılır. Məhz o an anlayırsan ki, həqiqət hazır şəkildə heç kimə verilmir. Hər kəs onu öz yolunda, öz səhvləri, itkiləri və seçimləri ilə kəşf edir.
Bəlkə də insan üçün ən böyük təhlükə yalan eşitmək deyil, eşitdiyini sorğulamadan həqiqət kimi qəbul etməkdir. Sorğulanmayan fikir zaman keçdikcə inanca çevrilir, inanc isə bəzən insanı reallıqdan uzaqlaşdırır. Halbuki həqiqət rahatlıq vəd etmir. O, bəzən bütün bildiklərini dağıdır, səni sarsıdır, amma eyni zamanda gözlərini açır və həyata daha ayıq baxmağı öyrədir.
Həyatın ən qiymətli dərsləri məktəb partalarının arxasında keçirilmir, kitabların son səhifəsində yazılmır. Onlar gecənin səssizliyində peşmanlıqlarla üz-üzə qaldığın anlarda, səni dəyişən ayrılıqlarda, güvəndiyin insanların xəyanətində və hər şey bitmiş kimi görünərkən yenidən ayağa qalxmaq məcburiyyətində qaldığın anlarda gizlənir.
Ona görə də hər deyilənə inanmağa tələsmə. Hər fikri öz ağlından, hər həqiqəti isə öz vicdanından keçir. Çünki başqaları sənə yolu göstərə bilər, amma o yolu necə gedəcəyini, harada dayanacağını və kimə çevriləcəyini yalnız həyatın özü öyrədə bilər.

Müəllif: Dəniz Aslanlı

Dəniz Aslanlının digər yazıları

Atakişiyeva Həcəin yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi

Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi

Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi

Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.

“Zəfərlərə Doğru” adlı kitabım Cümhurbaskanimiz Recep Tayyip Erdoğanin dava və yol dostu AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə.
Diqqət və hörmətə görə AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə və məni layiqincə təmsil etdiyinə görə Gönül Elçim Mustafa Nazilli bəyə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizlərdən var olun.
Qeyd edim ki Barış bəy mənə salamlarını və xoş sözlərini xoş arzularını çatdırmış və uğurlar arzulamışdır.
Bizdən də Qardaş Türkiyəmizdə ki dostlarımıza və Barış bəyə qucaq dolusu salamlar sevgilər.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“Milli Qəhrəman Vüqar” – Yeni kitabın təqdimatı

“Milli Qəhrəman Vüqar” – Yeni kitabın təqdimatı
Bu günlərdə Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü”, “Ustad Niftalı Göyçəli” ödülü, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri ödülü və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəlinin Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun xatirəsinə yazdığı “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poema kitabı işıq üzü görmüşdür.

Kitabın əsas məlumatları:
Kitabın adı: “Milli Qəhrəman Vüqar” (Bioqrafik poema)
Müəllif: Niftalı Göyçəli
Redaktor: Valeh Novruzov (Turan Yazarlar Birliyinin üzvü, ünlü-sədalı etnoqrafik “Dərəçiçək xatirələri” kitabının müəllifi
Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı, 2026
Kağız formatı: 84×108 1/16
Kitabın həcmi: 104 səhifə
Tiraj: 100

Kitab barədə:
Bu poemada Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun obrazında I Qarabağ savaşında rəşadət göstərmiş igid əsgərlərimizin döyüş salnaməsindən bəhs olunur.
Əziz şəhidimizə həsr olunmuş kitabın girişində Turan Yazarlar Birliyinin üzvü, TYB-nin xüsusi ödülü, “Hüseyn Cavid” ödülü və “Ustad Niftalı Göyçəli” ödülü laureatı, yazıçı-şair Ramil Bəylər tərəfindən kainat və varlıq aləmi barədə qələmə alınmış “Münacat” adlı gözəl şeiri təqdim edilir.
Ardınca kitabın əsas hissəsində Ustad Niftalı Göyçəlinin uyğun mövzuda xüsusi məharətlə qələmə aldığı gözəl və mənalı poeması yer almışdır.
Bundan sonra kitabın redaktoru Valeh Novruzovun II Qarabağ Savaşı ilə bağlı fikirləri, ardınca şəhid Vüqar Mürəslovun bibisi, Turan Xalq şairi Şəhla xanım Rəvanın həmin poema barədə qələmə aldığı nəzəri münasibəti yer almışdır. Kitabın sonunda isə “Şəkil albomu” başlığı altında şəhid Vüqar Mürsəlov və eləcə də onun yaxınları və cəbhə yoldaşlarına aid fotoşəkillər təqdim edilmişdir…
Məlumat üçün qeyd etmək lazımdır ki, Ustad Niftalı Göyçəlinin “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poemasının ilk təqdimatı 26.07.2026 tarixində Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində “Həməşəra” mətbu orqanının təşkilatçılığı ilə onun özü və eləcə də tanınmış ziyalılar, Cəlilabad ədəbi mühitinin bir qrup tanınmış və dəyərli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilmişdir…

Minnətdarlıq:
Fürsətdən istifadə edib, Azərbaycan ədəbi mühitinin qocaman nümayəndəsi, Turan məfkurəli Turan Xalq şairi, Ustad Niftalı Göyçəlini işıq üzü görmüş yeni kitabına görə səmimi qəlbdən təbrik edir, doğma elimizin fəxarətli sülaləsinə mənsub olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovla bağlı yazıb ərsəyə gətirdiyi belə bir gözəl və mənalı poemaya görə təşəkkürümü bildirir, eyni halda əziz və dəyərli Ustadımıza uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
04.08.2026

Zaur Ustac – Sevgi şeirləri

GƏL
Ümiddən bir çələng hörmüşəm, gülüm.
Nə vaxtdır rəfində gözləməkdədir…
Dünyamda bir dünya qurmuşam, gülüm.
Haçandır üfiqdə bəkləməkdədir…

Gəl, nazı-qəmzəni sən qoy boxçaya,
Arzu-istəyini çıxar taxçaya,
Bu nədir, dönmüsən əntiq axçaya,
Cəmalın yad nəzər süsləməkdədir…

Ustacı etmisən, özünə möhtac,
Gözünün gülməsi, üzünə möhtac,
Ruhunun dinməsi, sözünə möhtac,
Həp ruhum, ruhunu izləməkdədir…

AĞÇİÇƏYİM
Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!

Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!

Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!

ŞEHÇİÇƏYİM
Tacısan dünyamda sən çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

ÜLYAHƏZRƏT
Könül sarayımın sultanı sənsən,
Qəlbimdə qurduğun taxtın mübarək!
Ruhum təbəəliyi özü üstənib,
Biətin mübarək, andın mübarək!

Zaman neçə kərə dayandı, durdu,
Bircə təbəssümün min dünya qurdu,
Baxışın isitdi viranə yurdu,
Ocağın mübarək, odun mübarək!

Sözdən ilmə – ilmə toxunub tacın,
Nəyim var, nəyim yox qoy olsun bacın,
Bu yolda qurbanlıq özü Ustacın
Məqamın mübarək, adın mübarək!


Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sübhan Abasbəylinin şeirləri

HƏKİM

Xəstəyə şəfadır məlhəm ürəyin,
Ümidsiz gözlərə işıqsan, həkim!
Gülümsər gözlərin ümid yandırır,
Sən həyat çeşməsi, bulaqsan, həkim!

Sadiq bir əsgərsən əlində silah,
Dilindən düşməyir heç zaman Allah,
Işə tələsirsən hər erkən, sabah,
Ürəklər qızdıran ocaqsan, həkim!

Sənsiz bu dünyanın hər günü kədər,
Ölüm tüğyan edər, yaşamaq hədər,
Sevinc bəxş edirsən,hər axşam,səhər,
Bütün insanlara dayaqsan, həkim!

Bir kabus dolaşır gəzir dünyanı,
Alıb caynağına minlərlə canı,
Belə çətin gündə sizə tay hanı?
Könüllər yandıran çıraqsan, həkim!

Şirin sözlərindir xəstəyə dərman,
Xəstənin gülüşü sənə ərməğan,,
Səni ürəyində yad edir Sübhan,
Xalqın keşiyində oyaqsan, həkim!

NECƏSƏN?

Çoxdandır ayrılıq salıbdır, yağı,
Ata bir, ana bir qanım, necəsən?.
Uzaq düşdün bacı, qardaş elindən,
Can canımdan olan canım, necəsən?
Ata bir, ana bir qanım, necəsən?.

Araz nalə çəkdi, gözlər qızıl qan,
İkiyə bölündü bir bədən, bir can.
Yanır için-için hey Azərbaycan,
Təbriz, Ərdəbilim, şanım, necəsən?
Sən canımdan olan canım, necəsən?.

Ey başı bəlalı, Gülüstan kəndi!
Böldün bir milləti, əyildi qəddi.
Çəkdin ürəyimə dəmirdən səddi,
Gözündən yaş axan danım, necəsən?*
Can canımdan olan canım, necəsən?.
*-sübh çağım

DƏNİZ

Dəniz, yadındamı bir qız, bir oğlan?
Gəzərdi qoynunda sənin bir zaman.
Mavi gözlü qızı sevərdin sən də,
Qalıbmı onlardan ürəyində iz ?
Sən ey mavi gözlü, dalğalı dəniz!

Yanına gələndə tutub əl-ələ,
Şaqraq ləpələrin dəyib sahilə,
Sevinib baxardın hey gülə-gülə.
Darıxardıq səni görməyəndə biz,
İlk görüş günləri, ey mavi dəniz.

O mavi gözləri salanda yada,
Gəlirəm yanına, çatırsan dada.
Ürəyim dincəlir sənə baxanda,
Olmusan bizlərə mehriban, əziz,
Sən ey mavi gözlü, dalğalı dəniz.

Bir gün sahilinə gələrək mehman,
Gördün tək gəzirəm, darıxdın yaman.
Dalğalar sordular səbəbin haman,
Külək də qanadın sallayıb səssiz,
Baxmadız üzümə, ey mavi dəniz!

ŞƏHİD ƏSGƏR

Dönsəydi kağıza hər dağ, hər qaya,
Dəniz də, mürəkkəb olsaydı əgər,
Yazarlar dursaydı yerdən ta Aya,
Yenə vəsf etməyə acizdir bəşər,
Sizlərin haqqında, ey şəhid əsgər!

Yeni tarix yazdın, dillərdə dastan,
Torpağın qayıtdı ,özün verdin can.
Qovuldu ölkəndən işğalçı düşman.
Gətirdin Vətənə xoşbəxtlik, zəfər,
Sən ey şəhid olan, yenilməz əsgər!

Tökülən qanından bitdi gül-çiçək,
Açdı torpağımız hey ləçək-ləçək.
Gözlərimiz güldü, sevindi gerçək.
Sizləri unutmaq olarmı məgər?
Şəhidlik taxtında əyləşən əsgər!

Hayların gözünə çəkərək min dağ,
İşğaldan qurtuldu doğma Qarabağ.
Qalxdı xan Şuşada üçrəngli bayrağ!
Qanlı döyüşlərdə göstərdin hünər!
Düşmənə zərbəni endirən əsgər!

QALİB BAYRAĞIM!

Eşitsin insanlar, eşitsin dünya,
Köləlik zəncirin qırdı yurdumuz.
Bütöv Qarabağa gəldi bayrağım,
Bu gün yeni tarix yazdı Ordumuz!
“Hay”lara məzarı qazdı Ordumuz!

İkiyüz il yanan, od-alov söndü,
Xalqımın vüqarı özünə döndü.
“Muxtar vilayət”i arxivə gömdü,
Gavurdan intiqam aldı Ordumuz!
Dəmir zindanlara saldı Ordumuz!

Ay ellər, bir dönün, tarixə baxın!
Gülüstan sülhünə, keçmişə axın!
Qələbə bayrağın sinəyə taxın!
“Hay”-a məzar qazdı indi Ordumuz!
Düşmən bayrağını yendi Ordumuz!

Ey Şəhid ruhları, qalxın ayağa!
Qanınız tökülən, o Qarabağa!
Baxın Xan elində üçrəng bayrağa!
Ağ bayrağ qaldırdı, o mənfur yağın!
Yeni tarıx yazdı Vətən bayrağın!

Siz ey Qazilərim, eşq olsun sizə!
Gəzdin Qarabağı, gəzdin diz-dizə.
Ölümlə qaldınız hər an üz-üzə,
Sarsılmaz qayatək keşikdə durdun,
Haqqın məhkəməsin Bakıda qurdun.

Ali Baş Komandan, gözümüz aydın!
Qələbə günlərin özlədin, saydın!
Tarixə yazıldı müzəffər adın!
Köləlik zəncirin qırdı yurdumuz!
Yeni tarix yazdı şanlı Ordumuz!

Sübhan Abasbəyli

Müəllif: Sübhan Abasbəyli

Sübhan Abasbəylinin digər yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Lalə İsmayılın ilk kitabı – “Bəyaz Durnalar” kitabının təqdimat mərasimi keçiriləcək

ELAN

Lalə İsmayılın ilk kitabı – “Bəyaz Durnalar” kitabının təqdimat mərasimi keçiriləcək

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə sizi mənalı bir tədbirə dəvət edirik.

5 avqust 2026-cı il, saat 14:00-da Azərbaycan Milli QHT Forumunda şair Lalə İsmayılın ilk kitabı – “Bəyaz Durnalar” kitabının təqdimat mərasimi keçiriləcək.

“Bəyaz Durnalar” kitabı Birinci Qarabağ müharibəsində məzarı olmayan, itkin düşmüş yeddi şəhidimizin əziz xatirəsinə ithaf olunub. Müəllifin qardaşı İsmayıl İsmayılov da həmin yeddi itkin şəhidimizdən biridir.

Tədbir çərçivəsində İsmayıl İsmayılovun doğum gününə həsr olunmuş anım proqramı keçiriləcək, qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad ediləcək.

Bu görüş Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ölməz xatirəsinə ehtiramın, ədəbiyyatın, vətənpərvərliyin və milli-mənəvi dəyərlərimizin təntənəsi olacaq.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 83, World Business Centre, 2-ci mərtəbə (Heydər Əliyev Sarayının arxa tərəfində, Ziraat Bankın yerləşdiyi bina).

Ədəbiyyatsevərləri, ziyalıları, şəhid ailələrini, qazilərimizi, media nümayəndələrini və bütün ictimaiyyət nümayəndələrini bu mənalı tədbirdə iştirak etməyə dəvət edirik.

Tədbirə giriş sərbəstdir. Hər kəs dəvətlidir!

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Ana dili abidəsi önündə

Ana dili abidəsi önündə
Bu gün, 03.08.2026-cı ildə, Mingəçevir şəhərində H.Əliyev mərkəzinin direktoru Mənsur Həsənovun təşəbbüsü ilə Mingəçevir şəhər Mədəniyyət işçiləri, AYB-nin Mingəçevir bölməsinin yazarları “Ana dili” abidəsinin önündə Ana dilimizə həsr olunmuş tədbir keçirildi. Tədbirdə YAP-nın Mingəçevir bölməsinin sədr müavini cənab Rauf Qafarov iştirak edirdi.
Tədbiri H.Əliyev Mərkəzinin direktoru cənab Mənsur Həsənov açdı. Abidəni ziyarətə gələn Mingəçevir şəhərinin Mədəniyyət işçilərini, uazarları salamladı. Sonra sözü AYB-nin Mingəçevir bölməsinin sədri, istedadlı şair Elşən Əzimə verdi.
Şair dilimizin Türk dil qrupuna aid olmasından, poetikliyindən danışdı. Dilimizin yaşamasında müstəsna rolu olan Mədəniyyət işçilərinin, ədəbiyyat adamlarının, mətbuatımızın fəaliyyətini qeyd etdi. Poeziyamızdan, klassik şairlərimizin ana dilimizdə yazdıqları poemalardan ayrı-ayrı nümunələr gətirdi. Hörmətli prezidentimiz İlham Əliyevin yüksək ttibunalardan ana dilində danışmasını xüsusi qeyd etdi.
Söz verilən Rizvan Mikayılov dilimizin min illərlə qorunub saxlanmasından, Ulu öndər H.Əliyevin dilimizə verdiyi qiymətdən danışdı. Şair Məmməd Mərzili özünün “Ana dili” şeirini səsləndirdi. Şair Əhməd Əfsun dilimizin gözəlliyini xüsusi ilə vurğuladı.
Sonda foroqraf Cabir yığıncaq iştirakçılarının “Ana dili” abidəsi önündə xatirə şəkillərin çəkdi.

Məmməd Gürşadoğlu
AJB-nin üzvü, şair-publisist

VAQİF OSMANLI – ANA DİLİ ABİDƏMİZ OLACAQMI

ANA DİLİ ABİDƏMİZ OLACAQMI

İnsanlar arasında ünsiyyət vasitəsi olan dil ilk insanla, sözlə, şüurla, təfəkkürlə yaşıddır, sivilizasiyanın dayaq sütunudur, xalqın yaddaşı, anası, şərəfi, ləyaqəti, milli kökü, milli ruhu, milli mənliyidir, soy kökümüzə, Vətənə, torpağa, yurda sahib olmaqdır.

“Hər bir insanın ana dilinə münasibəti onun mədəni səviyyəsi ilə yanaşı, vətəndaşlıq qeyrətini də müəyyən edir. Ana dilini sevmədən Vətəni sevmək mümkün deyil. Öz ana dilinə biganə adam vəhşidir” (Konstantin Paustovski).

Bizim ana dilimizə münasibətimiz necədir? Ana dilimizin saflığını qoruyuruqmu, orfoqrafik və orfoepik qaydaları bilirikmi, həmin qaydalara əməl edirikmi?

Dilçi alimlərimizin nailiyyət, müvəffəqiyyət, mədəniyyət, key¬fiy¬yət və s. kimi ərəb dilindən qalma sözlərimizdəki iki “y” hərfindən birini atmaqla dilimizi yüngülləşdirməyi məsləhət gördüyü bu günümüzdə ehtiyat sözünü iki “y” ilə yazan reklam şirkətləri, hətta alim və yazarlar günü-gündən artır. Hələ də “aftotəmir”, “smazka”, “razval”, “matarist”, “palirovka” kimi terminlər addımbaşı gözümüzə girməkdədir. Hətta tanınmış yazarlarımızın bəziləri bilmirlər ki, “da”, “də”, “ki” bağlayıcıdır, yoxsa ədat.

Ana dilimizi qorumaq, zənginləşdirmək qələm və elm adamlarının, kütləvi informasiya vasitələrinin birinci və təxirəsalınmaz vəzifəsidir. Ancaq ana dilimizi “tüfeyli sözlər”lə həddən artıq “çirkləndirən” də elə həmin peşə sahiblərİndən bəziləridir. “Necə deyərlər”, “demək istəyirəm ki”, “tutaq ki”, “mənə elə gəlir ki” söz və söz birləşmələrini işlədənlə¬rin günahı söz ehtiyatının kasadlığı, başqa dildə düşünüb ana dilində hıqqana-hıqqana danışmaq istəyi, mütaliəsinin azlığıdır.
Televiziyalarda, radioda, mətbuat orqanlarında “xadiməçi”, “piyadaçı” kimi kəlmələri eşidəndə necə təəccüblənməyəsən?

XI əsrdə yaşamış türkçülüyün banisi, öz dilini dünyaya tanıtmış Mahmud Kaşğari “Divanü-lüğət-it-Türk” əsərində “ürək dostu” mənasında “həmdəm” yazmışdı. Necə doğma və gözəl səslənir. “Kitabi-Dədə Qorqud” dastanındakı “gəlimli”, “gedimli”, “ölümlü” sözləri 1400 ildən sonra da təravətini itirməyib. Cəlil Məmmədquluzadə “ziyalı” əvəzinə “işıqlı”, Rəsul Rza “tormoz” əvəzinə “əyləc”, “uca bina” əvəzinə “göydələn”, “həmkar” əvəzinə “işdaş”, Xəlil Rza Ulutürk “plyaj” əvəzinə “çimərlik”, Xalq yazıçısı Elçin “müstəqim” əvəzinə “birbaşa”, professor Qəzənfər Paşayev “otkrıtka” əvəzinə “açıqlama” (“açıqca” – V.O.), azadliq mücahidi Oqtay El¬dəgəz “nizamnamə” əvəzinə “yönətim”, “pasport” əvəzinə “başlaq” işlətməyi doğru sayırdı. “Nümunə” əvəzinə “örnək”, “inkaredilməz” əvəzinə “danılmaz”, “müasir” əvəzinə “çağdaş”, “əksəriyyət” əvəzinə “çoxluq”, “ictimaiyyət” əvəzinə “ellik”, “əhval-ruhiyyə” əvəzinə “ovqat”, “qırım”, “müvəffəqiyyət” əvəzinə “uğur”, “nəqliyyat” əvəzinə “minik”, “məzuniyyət” əvəzinə “dincəliş”, “kuryer” əvəzinə “ayaqçı”, “skvoznyak” əvəzinə “yelçəkər”, yaxud “əsənək”, “qeyri münbit” əvəzinə “verimsiz”, “kombayn” əvəzinə “biçər-döyər” sözlərini təklif edənlərlə həmrəyəm.

Böyük Bəxtiyar Vahabzadə müsahibələrinin birində deyir ki, ana dilinə heykəl qoyan ilk xalq gürcülərdir. Tbilisi məktəbliləri “Bilik günü”ndə abidənin önündə ana dilinə və Vətənə sədaqətli olacaqlarına and içirlər.

Bəs bizim “Ana dili” abidəmiz – and və sədaqət yerimiz nə vaxt olacaq?..

Müəllif:  VAQİF OSMANLI

“Ədəbi ovqat” ədəbi-bədii dərgisinin baş redaktoru

VAQİF OSMANLININ YAZILARI

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM
Qəbələ rayonunun Böyük Pirəlli kənd tam orta məktəbində bir qız oxuyurdu. Bu balaca, zərif cüssəli qız dərslərinə çox məsuliyyətlə hazırlaşar, bütün fənləri sevə-sevə oxuyardı. Yuxarı siniflərdə təhsil alarkən dəfələrlə Riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda iştirak etmişdi. Müəllimlərin sevimlisi olan bu qız böyüdükcə ürəyindəki arzular da şaxələnir, böyüyürdü. Orta məktəbi bitirmək, Pedaqoji Universitetə daxil olmaq və bir müəllim kimi orta məktəbdə işləmək bu qızın həyat amalına çevrilmişdi. Bu arzuların onun ürəyində kök salmasına isə orta məktəbdə ona dərs deyən riyaziyyat müəllimi Nüşabə Eyvazova olmuşdu. Gültəkin Yolçuyevanın dediyinə görə Nüşabə müəllimi özünə nümunə bilməsinə əsas səbəb, müəllimin mədəniyyəti, etik normalara əməl etməsi, davranışı, psixoloji və pedaqoji savadı, eləcə də, öz şagirdlərinə qarşı qayğıkeş, mehriban münasibəti olmuşdu.
Tanışlıq üçün: Yolçuyeva Gültəkin Tahir qızı 26 fevral 1991-ci ildə Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olub. Böyük Pirəlli kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Texnologiya müəllimi ixtisasına qəbul olunub və ali məktəbi müvəffəqiyyətlə bitirib. Texnologiya müəllimi kimi ilk əmək fəaliyyətinə 2018-ci ilin sentyabr ayında Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 156 saylı tam orta məktəbdə başlayıb. Onu da qeyd edək ki, 2025-2026-cı tədris ilində 156 saylı tam orta məktəbdə 1800-dən çox şagird təhsil alıb, 100-ə yaxın müəllim çalışıb.
Ailəsində məsuliyyətli olduğu kimi, iş yerində də Gültəkin müəllimi savadlı, tələbkar və məsuliyyətli bir müəllim kimi tanıyırlar. Gültəkin müəllim öz işinə yaradıcı münasibət bəsləyir, öz işində daim yeniliklər axtarmağa çalışır, şagirdlərə bu fənnin incəliklərini aşılayır. Texnologiya fənni barədə sevə-sevə danışır və qeyd edir ki, texnologiya qədim yunan sözü olub, “texne” – mədəniyyət, bacarıq və “loqos” – öyrənmək, elm deməkdir. Deməli, texnologiya bacarıq, ustalıq, mədəniyyət haqqında bir elmdir. Eləcə də, texnologiya insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir. Texnologiya fənni gündəlik həyatımızda rast gəldiyimiz bir çox işləri, prosesləri özündə əks etdirən bir fəndir. Belə ki, 5-9-cu siniflərdə şagirdlərə “Məişət mədəniyyəti”, “Oduncağın emalı texnologiyası”, “Metalın emalı texnologiyası”, “Elektrotexniki işlər”, “Elektron texnologiyaları”, “Qrafika”, “Ərzaq məhsullarının emalı texnologiyası”, “Parçanın emalı texnologiyası” bölmələrindəki mövzular tədris edilir ki, bunların da əksəriyyəti onların gündəlik həyatlarında lazım olan biliklərdir.
Gültəkin müəllim söhbət əsnasında belə bir məsələyə toxundu ki, Texnologiya fənni şagirdlərə mədəniyyət, ünsiyyət qaydalarını öyrədir. Belə ki, 5-ci sinifdə “Ailədə davranış və ünsiyyət mədəniyyəti”, 6-cı sinifdə “Məktəbdə ünsiyyət və davranış mədəniyyəti”, 7-ci sinifdə “İctimai yerlərdə davranış və ünsiyyət mədəniyyəti”, 8-ci sinifdə “Xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti”, 9-cu sinifdə “Mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları” mövzuları keçilir ki, bu biliklər də şagirdlərin mədəni bir vətəndaş kimi formalaşmalarında böyük rol oynayır.
Gültəkin Yolçuyeva ilə söhbət zamanı o, Texnologiya fənninin tədrisində rast gəlinən maraqlı məqamlara toxundu. O, qeyd etdi ki, bütün fənlər kurikulum üsulu ilə keçirilir. Texnologiya fənnində kurikulum üzrə keçirilən mövzularda bütün mövzular müxtəlif fənlərə inteqrasiya olunur. Elə mövzular var ki, həmin mövzularda bir deyil, bir neçə fənnin inteqrasiyasına rast gəlinir. Texnologiya fənnini tədris edən müəllimlər bu mövzuları keçdiyi zaman Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Həyat bilgisi, Təsviri incəsənət, Biologiya, İnformatika fənlərindən müəyyən dərəcədə anlayışı olmalıdır. Belə ki, 5-ci sinifdə keçirilən “Məmulatın qrafik təsviri” mövzusu Riyaziyyat və Təsviri incəsənət fənlərinə, “Ölçmə və nişanlama alətləri” mövzusu Həyat bilgisi və Azərbaycan dili fənlərinə inteqrasiya olunur. 6-cı sinif şagirdlərinə keçirilən “Meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası” mövzusu Həyat bilgisi və Biologiya fənlərinə, 7-ci sinifdə keçirilən “Ev quşlarının bəslənməsi texnologiyası” mövzusu Həyat bilgisi və Biologiya fənlərinə, 8-ci sinifdə keçirilən “Avtomatlaşdırılmış paltaryuyan maşının quruluşu və iş prinsipi” mövzusu Azərbaycan dili və Həyat bilgisi fənlərinə, 9-cu sinifdə keçirilən “Süni oduncaq materiallarının səthinin bəzədilməsi” mövzusu Azərbaycan dili, Təsviri incəsənət və Kimya fənlərinə, “Əlvan metalların səthinin bəzədilmə texnologiyası” mövzusu Azərbaycan dili, Təsviri incəsənət, Fizika və Kimya fənlərinə, “Kompüterlərin tipləri və növləri. Kompüterin iş prinsipi” mövzusu Azərbaycan dili, Həyat bilgisi, İnformatika və Fizika fənlərinə inteqrasiya olunmuşdur. Bu haqda çox danışmaq olar, düşünürəm ki, kifayətdir.
Gənc müəllim Gültəkin Yolçuyeva bir nüansə da qeyd etdi. O, belə bir fikir irəli sürdü ki, bir neçə fənnin terminləri olduğu kimi Texnologiya fənninin də öz terminləri var. 5-9-cu sinif şagirdlərinə bu fənnin mövzularını izah edən zaman onlara 100-dən çox terminin (sözün) izahı verilir. Belə ki, şagirdlər leksikonda işlənməyən və yaxud az işlənən sözlər barəsində biliklərə yiyələnirlər. Belə sözlərə misal olaraq – pəstah, spesifikasiya, ülgü, reysmus, günyə, verstak, bıçqı, törpü, suvand, sumbata kağızı, şerxebel, fuqan, kazein, məngənə, pərçim, kanape, tartin, furnitur, şlyambur, aşqar, ştangenpərgar, piqment, pasterizə, strelizə, bəxyələmə, kanva, ventilyasiya, transpartyor, şpindel, zivana, interyer, file, raqu, kaşirlənmə, rifləmə, zağlama, polietilen, poliqropilen, polistirol, polikarbonat, polivinilxlorid və sairəni göstərmək olar.
Məlum məsələdir ki, məktəblərdə çalışan müəllimlər dərin biliyə malik olmalıdır. Görəsən, həqiqətən bu, belədirmi? Azərbaycan Respublikasında 4 mindən çox ümumtəhsil məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 410 məktəb paytaxt Bakıda və qəsəbələrdə yerləşir. Ölkə məktəblərində 1.6 milyondan çox uşaq oxuyur. Müəllimlərin savadlarının hansı səviyyədə olmasını təyin etməkdən ötrü Azərbaycanın Elm Və Təhsil Nazirliyi tərəfindən son illərdə bütün fənlər üzrə sertifikasiya imtahanı keçirilmişdir. Sertifikasiyada iştirak edən hər bir müəllim tədris etdiyi fənn üzrə 60 sualı cavablandırmışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Fizika, Kimya, Tarix, Biologiya, Coğrafiya, İngilis dili, Rus dili, İnformatika, Texnologiya, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə, Çağırışaqədərki hərbi hazırlıq fənləri tədris edilir. Məktəblərdə 130 mindən çox müəllim çalışır.
Keçirilmiş sertifikasiya imtahanlarının nəticələri (ixtisarla) ilə tanış olaq. Belə ki, respublika üzrə riyaziyyat müəllimlərinin sertifikasiya imtahanında 8.807 nəfər iştirak edib. Onlardan 4.127 nəfər yüksək bal (51-60 bal), 4.078 nəfər qənaətbəxş bal (30-50 bal) toplayıb. İmtahandan keçə bilməyən (kəsilən) müəllimlərin sayı isə 602 nəfər olub.
Coğrafiya fənni üzrə sertifikasiya imtahanına ölkə üzrə 3.760 nəfər müəllim cəlb olunub. Onlardan 342 nəfər kəsilib. Eləcə də, Tarix fənni üzrə keçirilən sertifikasiya imtahanında 5.571 müəllim iştirak edib, onlardan 4.194 nəfər uğur qazanıb, 1.377 nəfər isə uğursuz nəticə göstərib. Texnologiya fənni üzrə iştirak edən 2.948 nəfərdən 2.555 nəfər uğurlu, 393 nəfər uğursuz nəticə əldə edib. Fiziki tərbiyə fənni üzrə iştirak edən 5.419 müəllimdən 903 nəfər uğursuz nəticə göstərərək kəsilib.
Bu məqalədə bütün fənlər haqqında danışmaq istəmirik. Qeyd edək ki, bütün fənlərdən sertifikasiya imtahanlarında kəsilənlər var. Bu da onu deməyə əsas verir ki, bəzi məktəblərdə savadsız müəllimlər çalışıb.
Gültəkin Yolçuyeva da 2026-cı ilin iyun ayında Texnologiya fənni üzrə keçirilən sertifikasiya imtahanında iştirak etmişdir. O, 57 bal toplamışdır, yəni, 60 sualdan 57 suala düzgün cavab yazmışdır. Fakta nəzər saldıqda, Gültəkin Yolçuyevanın Texnologiya fənni üzrə dərin biliyə malik olmasını görürük. Onu da qeyd edim ki, Elm və Təhsil nazirliyinin açıqlamasına görə Texnologiya fənni üzrə keçirilən sertifikasiya imtahanında heç bir müəllim 60 bal toplamamışdır.
Bundan sonra da Gültəkin Yolçuyevaya ailədə xoşbəxtlik, işlərində nailiyyətlər, uğurlar arzulayırıq. Belə savadlı müəllimlərlə fəxr etməyə dəyər…

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist, AJB-nin və AYB-nin üzvü, “İti qələm” mükafatı laureatı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I