
Июнь 1945, американец пытается что-то объяснить пленным японским солдатам.
Левый японец утверждал, что ему 18 лет, правый — что 20.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

Июнь 1945, американец пытается что-то объяснить пленным японским солдатам.
Левый японец утверждал, что ему 18 лет, правый — что 20.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.
Müəllif: Zaur USTAC
I>>>> Rənglərin Şahzadəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Nərmin Ağaqızı yazır:
“Məhəbbət sadəcə dildə bəzəkli cümlə deyil, əməldə daşınan ağır məsuliyyətdir.”
“Məhəbbət gözəl sözlərlə başlar, fəqət əməldə öz ağırlığını göstərən məsuliyyətlə davam edər.”
“Sevgi sadəcə cümlələrdə deyil, əməllərdə öz əksini tapır.”
“Sevgi təkrarlanan cümlələrlə deyil, səssiz fədakarlıqlarla ölçülür. Zira gerçək hisslər yaşanmağı seçir.”
“Əsl sevgi nikahdan sonrakı böhranlardan keçərək kök salır və hər gün daha da möhkəmlənir.”
“Ürəyə toxunan sevgi – zamana məğlub olmaz.”
“İçindəki “mən” ilə üzləşməkdən qaçan insan güzgüdə üzünü, tənhalıqda isə həqiqi simasını görür.”
“Səhvlərini qəbul et, lakin özünü tənbeh etməyə alışdırma. Zira yanlışlarını qəbul etmək güc, özünü daim günahlandırmaq isə yükdür.”
“Özünə zaman ayırmaq başqalarından uzaqlaşmaq demək deyil, özünün ən möhkəm tərəfinə yaxınlaşmaqdır. Zira insan özünə zaman ayırdığı an görünməyən, lakin ən möhkəm tərəfini inşa edə bilər.”
“İnsan daxili gücünü kəşf etdikdən sonra ona heç bir maneə əvvəlki qədər böyük görünmür.”
“Əngəllərin ölçüsünü dəyişən onların böyüklüyü deyil, insanın daxili potensialında böyüyən iradəsidir.”
“Qarşılaşdığımız çətinliklərə problem deyil, fürsət kimi yanaşsaq, qorxu bildiklərimiz belə gücə çevrilər”.
“Öz potensialına güvən. Çünki daxilində kəşf olunmağı gözləyən güc düşündüyündən də daha böyükdür”.
Müəllif: Nərmin Ağaqızı
Nərmin Ağaqıznın digər yazıları
Oxuyun >> Gözündə tük var

Salam olsun əziz yazarlar və oxucular! Buyurun oxuyun: Yazarlar 68
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var

ANASINI ÖZÜNƏ YARAŞDIRMAYAN ÖVLAD
Bəzən elə hadisələr olur ki, eşidəndə və yaxud görəndə təsirlənirəm və bu, məni düşünməyə vadar edir. Gördüyüm fakta keçməmişdən əvvəl həmin ailə haqqında kiçik məlumat vermək istərdim. Belə ki, (adlar şərtidir) Nailə ilə Eldar Azərbaycanın kənd rayonlarının birində anadan olub. Hələ gənc ikən hər ikisi ailəliklə paytaxta köçmüşlər. 25 yaşları olanda ailə həyatı qurublar. Hazırda Nailə ilə Eldarın təxminən 60 yaşı var. Onların bir qız və bir oğlan övladları dünyaya gəlib.
Ailə çox kasıb şəraitdə yaşayıb. Yaxşı yadımdadır, hələ 10-15 il bundan əvvəl Nailə Bakının hansısa qəsəbəsindən hər gün 20-30 litr süd alırdı və yaşadığı qəsəbədən Bakıya bidonlarla südü satmağa aparırdı. Çox əziyyət çəkirdi. İlin bütün fəsillərində səhər tezdən avtobusla qəsəbədən Bakıya gedirdi, axşamüstü qayıdırdı. Onu da qeyd edim ki, qəsəbədən Bakıya təxminən 25 kilometrdir.
Nailə xanım çətinliklərlə, əzab-əziyyətlə hər iki uşağını oxutdurdu. Uşaqlar ali təhsil də aldılar. Hal-hazırda hər ikisi işləyir…
…Səhər saat 8.30 radələri olardı. Gördüm. Gözlərimə inanmadım. Dayandım və xeyli onlara baxdım. Ana bir böyük vedrə ilə gedirdi. Vedrənin içində xeyli yumurta var idi. O, yumurtaları qonşu qəsəbəyə satmağa aparırdı. Nailə xanımdan 6-7 metr aralıda oğlu işə gedirdi. Onun əlində heç nə yox idi. Eyni yolu piyada təxminən 15 dəqiqə gedəcəkdilər. Sonra isə oğlu işlədiyi müəssisəyə yola düşəcəkdi. Vedrə ağır olduğundan ana əziyyət çəkirdi, güclə yeriyirdi.
Məlumat üçün qeyd edim ki, ana və övlad bir evdə yaşayırlar və oğlan hələ ailə həyatı qurmayıb. Sakit ailədir.
Onlara bir daha diqqət yetirdim. Oğlanın anası ilə yanaşı getməməsi və anasına kömək etməməsini görəndə çox təsirləndim. Anasının yaxşı geyimdə olmamasına və ağır vedrə ilə getdiyinə görə oğlan utanırdı.
Sözüm belə övladlaradır: kasıb olduğunuza, geyimin köhnə və yaxud ucuz olduğuna görə utanmayın. Ananızın sizi necə böyütdüyü yadınızdadırmı? Əziyyətlə çörək qazanan, ailəsi, övladları üçün canından keçən belə analarla fəxr etməyə dəyər…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

ANA DİLİNİ ANA KİMİ SEVƏN ŞAİR ANA DİLİ GÜNÜNDƏ ƏBƏDİYYƏTƏ QOVUŞDU…
Bəzən elə insanlar olur ki, onların yoxluğu təkcə bir ailənin, bir dost çevrəsinin deyil, bütöv bir xalqın ürəyində boşluq yaradır. Bu gün Azərbaycan ədəbiyyatı belə bir itkini yaşayır. Xalq şairi Nəriman Həsənzadənin vəfat xəbəri məni dərindən sarsıtdı. Elə bil ömrümün işıqlı bir səhifəsi səssizcə qapandı…
Nəriman müəllimlə ilk tanışlığım 1997-ci ildə nəşriyyatda olmuşdu. İlk görüşdən onun sadəliyi, təvazökarlığı, sakit danışığı, insanlara sonsuz hörmət və məhəbbətlə yanaşması məni valeh etmişdi. O, böyük şair olmaqdan əvvəl böyük insan idi. Onun yanında heç kim özünü yad hiss etmirdi. Hər kəsə diqqətlə qulaq asar, hər kəsin sözünə dəyər verərdi.
Yaradıcılığıma göstərdiyi qayğını ömrüm boyu minnətdarlıqla xatırlayacağam. “Ürəyin sevgi işığı”, “Qar altındakı xatirələr” və “İşıqlı arzular toplusu” kitablarıma böyük sevgi ilə ön söz yazdı. Onun qələmi ilə yazılmış həmin sətirlər mənim üçün sadəcə ön söz deyil, bir ustadın xeyir-duası, yaradıcılığıma verilən ən qiymətli qiymət idi.
Ömrümün unudulmaz hadisələrindən biri də 60 illik yubileyim münasibətilə SOCAR tərəfindən mənə həsr olunmuş kitabın hazırlanması oldu. Həmin kitab üçün Nəriman müəllimdən də müsahibə alınmışdı. O, “Çağdaş nəsrin bədii imkanları” başlıqlı yazısında yaradıcılığıma verdiyi dəyərli fikirləri ilə mənə böyük mənəvi dəstək olmuşdu. Böyük sənətkarın səmimi sözləri mənim üçün hər zaman ən qiymətli mükafatlardan biri olaraq qalacaq.
Son görüşümüz isə ürəyimdə silinməz iz buraxdı. Bir gün Ağa ilə birlikdə onu ziyarət etdik. Artıq xəstə idi. Amma yenə də çöhrəsində nur, baxışlarında müdriklik vardı. Söhbət edirdi, dinləyirdi… Lakin gözlərinin dərinliyində qəribə bir sükut hiss olunurdu. Elə bil ruhu bu fani dünyadan asta-asta ayrılmağa hazırlaşırdı. O görüşdən ayrılarkən ürəyim sıxılmışdı. Daxilimdə izah edə bilmədiyim bir hiss vardı. Bu gün anlayıram ki, həmin hiss böyük bir ayrılığın xəbərçisi imiş.


Tale də qəribə yazılır… Ömrünü Azərbaycan sözünə, ana dilimizin saflığına, zənginliyinə və milli ruhunun yaşamasına həsr etmiş böyük söz ustadının məhz 1 Avqust Azərbaycan Əlifbası və Ana Dili Günündə Haqqın rəhmətinə qovuşması insanı daha da kövrəldir. Bu, sanki ilahi bir rəmzdir. Ana dilinin keşiyində ömür sürən bir şair elə Ana Dili Günündə əbədiyyətə qovuşdu. Bundan sonra 1 Avqust mənim üçün təkcə Ana Dili Günü deyil, həm də böyük ustad Nəriman Həsənzadəni hüznlə xatırlayacağım bir tarix olacaq.
Nəriman Həsənzadə Azərbaycan poeziyasının uca zirvələrindən biri idi. O, sözə sədaqəti, Vətən sevgisi, insanlıq duyğusu və mənəvi bütövlüyü ilə bütöv bir məktəb yaratdı. Onun misraları neçə-neçə nəslin yaddaşına hopdu, qəlbinə yol tapdı.
Bu gün ustadın cismani yoxluğu hamımızı kədərləndirir. Amma belə insanlar əslində dünyadan getmirlər. Onlar yazdıqları əsərlərdə, yetişdirdikləri qələm sahiblərində, toxunduqları ürəklərdə yaşamağa davam edirlər.
Əziz Nəriman müəllim…
Sizin nəcibliyiniz, xeyirxahlığınız, mənə göstərdiyiniz diqqət və qayğı heç vaxt unudulmayacaq. Mən bu gün yalnız böyük bir şairlə deyil, həm də mənəvi dayaq olmuş gözəl bir insanla vidalaşıram.
Allah sizə rəhmət eləsin. Məkanınız cənnət, ruhunuz şad olsun.
Sözünüz yaşayacaq…
Adınız yaşayacaq…
Sizi tanıyanların qəlbində isə xatirəniz əbədi yaşayacaq.
Dərin hüznlə və ehtiramla:

Sona Abbasəliqızı İsmayılova
Tarixi roman yazarı

ANA DİLİM
Nəfəsində nəfəsi var anamın,
Olmamısan kürsülərdə lal, dilim.
Hər kəlməndə qoxusu var laylamın,
Beşiyimdə eşitdiyim bal dilim.
Sənsən mənim kimliyimin sənədi,
Sənsən mənim nəsihətim, öyüdüm.
Mənim sevgim ilk növbədə sənədi,
Sözlərinin istisində böyüdüm.
Yadlar hec cür uydurmasın bəhanə,
Başqa dilə calaq olmam mən gedib.
Düz beş yüz il bundan qabaq cahana,
Şah babamız bu dil ilə hökm edib.
Gah qılıncsan savaşlarda sınanmış,
Gah da həzin sızıltılı bir kaman.
Aynur sənə Tanrı kimi inanmış,
Onun ruhu sənsiz qalmaz heç zaman.
Müəllif: Aynur Qafarlı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Əziz dostlar, gözəl insanlar!
Deyirəm, ürəyimdə qalmasın, axşam-axşam bir növ borcumdan çıxıram.
Azərbaycanın kitab bazarında, nəşriyyat sektorunda kök salmış sistemli bir xaosu və süni intellekt proqramlarının bədii ədəbiyyatı sürətlə məhvə sürükləməsindən doğan milli təhlükəni diqqətinizə çatdırmaq istəyirəm.
Aydındır ki, bədii tərcümə tarix boyu müxtəlif elmi-nəzəri yanaşmaların və fərqli yaradıcı məktəblərin mübarizə meydanı olmuşdur. Bu sahədə adekvatlıq və ekvivalentlik prinsiplərini əsas götürənlər, bədii mətnin adaptasiyasını, yerli mühitə uyğunlaşdırılmasını müdafiə edənlər, yaxud orijinalın sintaktik strukturuna sadiqliyi, hərfi tərcüməni ön plana çəkənlər və s. hər zaman mövcuddur. Bütün bu yanaşmalar bədii tərcümənin daxili zənginliyini təmin edən qanuni eksperimentlər, estetik seçimlərdir. Ən əsası da, insan zəkasının, fərdi üslubun, məsuliyyətin məhsuludur.
Lakin süni intellekt proqramlarını həyata keçirdiyi mexaniki proses heç bir tərcümə məktəbinə, metodologiyasına və ya estetik cərəyana aid edilə bilməz; maşın tərcüməsi bədii mətnin fəlsəfəsini, alt qatındakı metaforik düşüncəni və dilin milli ruhunu duya bilmədiyi üçün ortaya çıxan nəticə bədii yaradıcılığın açıq profanasiyası, bəsitləşdirilməsi və urvatdan salınmasıdır. Məhz buna görə də bu məsələ yaradıcılıq azadlığı sferasından çıxaraq, dövlət səviyyəsində ciddi diqqət yetirilməli və tənzimlənməli olan bir problemə çevrilir.
Bədii tərcümə sadəcə bir dildəki sözlərin digər dildəki mexaniki qarşılıqlarını tapmaq sənəti deyil. Tərcümə millətin təfəkkür sistemini, dilin bədii potensialını, söz ehtiyatını və üslub zənginliyini formalaşdıran mədəni-mənəvi mühitdir, özünəxas yaradıcılıq laboratoriyası və məkanıdır. Təəssüf ki, bu gün həmin məkan ciddi bir kommersiya işğalı altındadır.
Bu işlə məşğul olan bəzi naşirlər və işbazlar illərdir səsləndirilən tənqid və iradlardan heç bir nəticə çıxarmır, əksinə, cəzasızlıq mühitindən istifadə edərək öz fəaliyyət sahəsini daha da genişləndirir. Son illərdə bəzi naşirlər xərcləri minimuma endirmək və tez qazanc əldə etmək üçün dünya ədəbiyyatı incilərini Google Translate, ChatGPT və s. kimi alqoritmlərə “tərcümə” etdirir. Qeyd etdiyimiz kimi, süni intellekt bədii mətnin alt qatındakı ismarışları, bədii-estetik enerjini, üslubi çalarları, frazeoloji birləşmələri və s. və i.a. hiss etmək iqtidarında deyil. Odur ki, quru, mexaniki, aşagə səviyyəli, milli sintaksisimizə tamamilə yad olan hibrid mətnlər bədii tərcümə adı altında tirajlanır.
Bu tip kitabların kütləvi satışı gənc nəslin dil bazasını zəhərləyir. Oxucu ana dilinin orijinal çalarlarını deyil, xarici dillərin, əsasən də, ingilis və rus dillərinin kalka olunmuş strukturlarını mənimsəyir və ya ümumiyyətlə əsərləri azərbaycan dilində oxumaqdan imtina edir.
Maşın tərcüməsi illərini bu sahəyə vermiş peşəkar, istedadlı bədii tərcüməçilərin, peşə kodeksini gözləyən nəşriyyatların əməyini kölgədə qoyur və onları maddi baxımdan bazardan sıxışdırıb çıxarır. Bu gedişat peşəkar əməyin dəyərsizlədirilməsi, yerli tərcümə məktəbinin tamamilə məhv olması deməkdir.
Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…
Bu işə kim əncam çəkəcək?
Bəlkə qanunverici orqan və ya Mədəniyyət Nazirliyi?
Əlaqədar təşkilatların bu və ya digər səbəbdən “tərcümə sahəsi azad yaradıcı sferadır, dövlət tənzimləməsinə gedilə bilməz” yanaşması ilə prosesdən kənarda qalmaq ehtimalını öncədən nəzərə alaraq bildirmək istəyirəm: biz dövlətdən yaradıcı prosesə müdaxilə etməsini yox, bədii tərcümə sənətini xilas etməsini xahiş edirik.
Dövlətin bədii tərcüməçinin estetik seçiminə, mövzusuna və ya fərdi üslubuna, müdaxilə etməsi əlbəttə ki, qəbuledilməzdir. Lakin bu tip tərcümələrin Azərbaycan dilinin qrammatik strukturunu eybəcərləşdirməsinə, kitabı sadəcə xammala çevirən naşirlərin oxucuya açıq-aşkar kələk gəlməsinə göz yummaq yaradıcılıq azadlığından xəbər vermir, bu ən azından milli mədəni irsə qarşı laqeydlikdir.
Süni intellektin bədii yaradıcılığa təhdidi bu gün qlobal mədəniyyət aləminin ən çox müzakirə etdiyi və müqavimət göstərdiyi məsələlərdən biridir. Dünya miqyasında fəaliyyət göstərən nüfuzlu tərcümə qurumları, məsələn, Beynəlxalq Tərcüməçilər Federasiyası və Avropa Bədii Tərcüməçilər Assosiasiyaları Şurası, rəsmi bəyanatlarında maşın tərcüməsinin əsərin orijinallıq statusunu məhv etdiyini bildirirlər. Fransa və Almaniyanın peşəkar bədii tərcümə birlikləri, eləcə də Avropa Yazıçılar Şurası hazırda hökumətlər qarşısında kəskin tələblər qaldırırlar. 34 Avropa ölkəsindən 55-dən çox təşkilatı və 260.000-dən çox müəllifi təmsil edən EWC tələb edir ki, əgər kitabın tərcüməsində süni intellektdən istifadə edilibsə, bu məlumat oxucudan gizlədilməməli, kitabın üzərində “Süni intellekt dəstəyi ilə hazırlanmışdır” qeydi mütləq və məcburi qaydada yerləşdirilməlidir. Avropa İttifaqının qəbul etdiyi Süni İntellekt Aktı da yaradıcı sferada maşın “yaradıcılığı”nın insan əməyini qanunsuz sıxışdırmasının qarşısını almaq məqsədi daşıyır.
Azərbaycan olaraq bizim bu qlobal hüquqi-mədəni müqavimət dalğasından kənarda qalmağımız daxili ədəbi mühitimizin intiharı deməkdir.
Hörmətli və həşmətli Yuxarılar, yaranmış böhranın aradan qaldırılması üçün təcili olaraq aşağıdakı addımların atılmasını təklif edirəm:
Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi yanında peşəkar dilçilər, yazıçılar və tərcüməçilərdən ibarət səlahiyyətli “Bədii Tərcümə üzrə Keyfiyyət və Nəzarət Şurası” yaradılsın.
Çap olunan bədii tərcümə kitablarının titul vərəqində mətnin hansı metodla (insan əməyi, yaxud maşın tərcüməsi) hazırlandığı barədə şəffaf məlumatın qeyd olunması məcburi dövlət standartına çevrilsin.
Tamamilə süni intellekt vasitəsilə çevrilmiş və lazımi peşəkar bədii redaktədən keçməmiş mətni “bədii tərcümə” adı altında oxucuya satan, dil korlayan nəşriyyatlara qarşı monitorinq və xəbərdarlıq sistemləri işə düşsün.
Dövlət sifarişli tərcümə layihələrində və qrantlarda yalnız canlı insan əməyinə üstünlük verilsin, yerli tərcümə məktəbinin dirçəldilməsi üçün xüsusi proqramlar və müsabiqələr təşkil edilsin.
İnanmaq istəyirəm ki, ölkə mədəniyyətinin bu strateji və həssas cəbhəsində yaşanan böhrana biganə qalmayıb, tərcümə sahəsinin peşəkar nüfuzunun müdafiə edilməsi istiqamətində lazımi addımları atacaqsınız.
Hörmətlə, Etimad Başkeçid
Etimad Başkeçidin digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.
Müəllif: Zaur USTAC
I>>>> Rənglərin Şahzadəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

DİL MƏSƏLƏSİ
(1 Avqust: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı subyektiv baxışlarım)
Ulu Öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin gün ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin tarixi ilə əlaqədardır. Dil və əlifba isə əslində hər bir millətin milli kimliyinin bir parçası sayılır.
Milli kimlik – fərdin özünü müəyyən bir millətə, xalqa və ya dövlətə aid etməsi, onun tarixi, mədəniyyəti və dəyərləri ilə eyniləşdirməsi hissidir. Milli kimliyin əsas elementləri isə aşağıdakılardan ibarətdir: 1. Dil; 2. Tarix; 3. Mədəniyyət; 4. Milli-mənəvi dəyərlər; 5. Dövlətçilik və vətəndaşlıq.
Sözümü 1 Avqust: Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə uyğun olaraq milli kimlik mövzusunun dil elementinə yönəltmək istərdim: Azərbaycan dili qrammatik və lüğət tərkibi baxımından türk dillərinə aiddir və bu dil özünəməxsus zəngin lüğət tərkibinə malikdir. Tarixi əlaqələr (ərəb və fars dilli imperiyalar və qüvvələrin istilası) nəticəsində Azərbaycan dilində ərəb və fars mənşəli sözlər peyda olmuş və zaman ötdükcə Azərbaycan dilinin tərkibinə keçmişdir. Nə qədər qəribə səslənsə də bu gün Azərbaycan dilində mövcud olan sözlərin 60-65%-nin ərəb və fars mənşəli ifadələr olduğu bildirilir. Hər bir dildə müəyyən qədər əcnəbi sözlərin mövcudluğu təbii qarşılanır və demək olar ki, dünyanın bütün dillərində belə bir durum mövcuddur. Lakin bir dildə mövcud olan ifadələrin 60-65%-nin xüsusi bir dilə və ya dillərə aid olması məsələsi sözün həqiqi mənasında təəssüfedici bir məsələdir. Bununla bağlı qəribə və acınacaqlı bir misal göstərmək istəyirəm: Azərbaycan ədəbiyyatında tez-tez işlənən “ədəbiyyat”, “şeir”, “şair”, “beyt”, “misra”, “bənd”, “heca”, “nəsr”, “nasir”, “esse”, “hekayə”, “povest” və “roman” kimi açar sözlərin heç biri Azərbaycan türkcəsində deyil, əslində ərəb, fars və latın dillərinə aid ifadələrdir. Halbuki ən azından dilçi alimlərimiz bu qəbil açar sözlər üçün öz dilimizdə oxşar və uyğun ifadələr tapa və təyin edə bilərdilər. Çünki millətimiz ərəb, fars və rus imperiyalarının istilası altına düşməzdən əsrlər öncə ədəbiyyat sahəsində söz sahibi olmuş, öz şairləri və yazarları ilə fəxarət hissi duymuşdur. Azərbaycan Respublikası müstəqil dövlətçilik nemətinə sahib olan ölkələrdən biridir.
Bu gün dünyda 3000-dən çox fərqli xalq və millətlərin mövcud olduğu deyilir. Lakin bu millətlərin hər birinin müstəqil dövlət qurmaq şansı yoxdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış 193 ölkə, rəsmi olaraq tanınmamış daha iki ölkə (Vatikan və Fələstin) mövcuddur. Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycan da həmin ölkələrdən biridir. Biz ən azından milli dövlətçilik kimi möhtəşəm nemətin sayəsində dilimizə sahib çıxmalı, onu yad ifadələr və kənar təsirlərdən qorumağa çalışmalıyıq.
Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti, yəni 90%-dən çoxu etnik azərbaycanlılardan (türk soylu xalqdan) ibarətdir. Ölkə əhalisinin 2009-cu il siyahıyaalınmasına əsasən etnik tərkibi 90% üzəri azərbaycanlılar, qalan hissəsi isə digər azsaylı xalqlar (ləzgi, rus, erməni, talış, avar və s.) təşkil edir. Hər halda ölkədə türk kökənli əhali üstünlük təşkil edir. Üstəlik heç bir ölkənin istilası altında da deyilik və müstəqil dövlət sahibiyik. Belə olan halda nədən dilimizin əcnəbi ifadələrdən təmizlənməsi üçün addım atılmır?
Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU mövcud olan halda nədən bu qanunlara qarşı xüsusi biganəliyin şahidi olmalıyıq?
Sonda dil məsələsi ilə bağlı təklifimlə sözümü yekunlaşdırmaq istəyirəm: Bu mövzuda atılacaq əsas addım aidiyyatı orqanlar və təşkilatların öz milli kimliyi və qanuni vəzifələrini dərk etməsi, məsuliyyət və ciddi qərarla işə başlamasıdır. Çünki dövlət qərarı, nəzarəti və gücü olmadan bu problemin aradan qaldırılması mümkün deyil. Hər halda fürsətləri əldən vermədən Odlar Yurdu Azərbaycanda DİL İNQİLABInın həyata keçirilməsi bir milli kimlik və dövlətçilik zərurətidir. Lakin bu inqilab düşünülmüş, məntiqli, eyni halda dilçi alimlər və mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilməlidir…
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.08.2026