Bu gün gözəl insan, sadiq dost, hər sözündən, kəlməsindən Qarabağ, Ağdam, yurd həsrəti boylanan vətənpərvər şair Elnur Qərarinin doğum günüdür!!! Bu gözəl gün münasibəti ilə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Paşayeva Qənirə Ələsgər qızı (7 mart 1975, Düz Qırıqlı, Tovuz rayonu) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
HƏYATI Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.
AİLƏSİ Subaydır. Firuzə adlı mənəvi qızı var.
TƏHSİLİ Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
FƏALİYYƏTİ Jurnalist fəaliyyəti 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Siyasi fəaliyyəti Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
MÜKAFATLARI 30 sentyabr 2011-ci il tarixində “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi “Xəzər” Milli Mükafatının qaliblərindən biri elan edib.
“İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri Diplomla təltif edib. Gürcüstanın fəxri vətəndaşıdır.
SƏFƏRLƏRİ Somali səfəri Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.
ƏSƏRLƏRİ Kitabları Nobel mükafatlı qadınlar. Bakı: “Elm və təhsil”, 2009. 456 səh. 1000 nüsxə Tarixə adını yazan qadınlar, 3 cilddə. Bakı: Ozan, 2011. Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. H. Məmmədova ilə birgə. Bakı: “Elm və təhsil”, 2011. Səndən sonra. Təbriz: 2020
Məqalələri “Bülbül kimi gül aşiqi”, “Ozan dünyası” jurnalı, №3(10) 2012.
FİLMOQRAFİYA Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001) Erməni soyqırımı. Türkün sözü (film, 2001) Mənə inanın! (film, 2007) Ruhum qarabağlıdır (film, 2012)
Bu gün Qənirə xanımın doğum günüdür. Biz də “Yazarlar” jurnalı olaraq, Qənirə xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni ailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Qənirə xanım!
Hər iki qələm dostumuzu həm Beynəlxalq Yazıçılar günü, həm də doğum günləri münasibəti ilə təbrik edir, həyatda və yaradıcılıqda yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi.
HƏYATI Kənan Hacı 3 mart 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.
FƏALİYYƏTİ 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “Qərib axşamlar” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.
MÜKAFATLARI 2004-cü ildə Müstəqil Media Mərkəzinin “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Kitab bayramı” yarışmasında “2009-cu ilin Yeni Nəsil yazarı” mükafatını alıb. “Qızıl Qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatıdır. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi ilə “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.
ƏSƏRLƏRİ Kitabları 2008-ci il – “Retro yuxular” (Xüsusi buraxılış) 2009-cu il – “Özündən qaçmaq olmur” (şeir) 2010-cu il – “Çəhrayı qan” (nəsr) 2010-cu il – “Quşlar üçün karusel” (nəsr) 2011-ci il – “Yağ kimi” (roman) 2013-cü il – “Atamın sevgilisi” (nəsr) 2013-cü il – “Yaddaş kartı” (memuar-roman) 2014-cü il – “Rəqqasə” (roman) 2015-ci il – “Uzaqdasan, soyuqdur” (şeir) 2015-ci il – “Ədəbiyyatın kulisi” (esselər) 2017-ci il – “Fironun dəftəri” (roman) 2017-ci il – “İki qadını ayıran pəncərə” (nəsr)
Pyesləri 2004-cü il – “Kölgə” (pantomim) 2017-ci il – “Xəlbir və ney”
Tərcümələri Lev Tolstoy – “İnsan nə ilə yaşayır” Umberto Eko – “Naməlum O” “Həyat işığı” (Rus ədəbiyyatından seçmələr) “Əjdahanı necə öldürdülər” (Avropa yazarlarından hekayələr) “Actus reus” (müştərək)
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.
HƏYATI Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).
YARADICILIĞI Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.
SİYASİ FƏALİYYƏTİ 1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).
1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.
ƏSƏRLƏRİ “Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).
VƏZİFƏLƏRİ 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.
1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.
Ailəlidir, iki övladı var.
FİLMOQRAFİYA Uzun müharibədə qısa görüşlər (1974-75) Tütək səsi (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Arxadan vurulan zərbə (film, 1977)
Bu gün Akif Əlinin 70 yaşı tamam olur. YAZARLAR cameəsi adından doğum günü, yubileyi münasibəti ilə Akif müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Akif müəllim!!! Doğum gününüz mübarək olsun!!!
Tuncay ŞƏHRİLİ – “Yazarlar” jurnalının Texniki redaktoru
Bu gün “Yazarlar” jurnalının Texniki redaktoruTuncay Şəhrilinin doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, uzun ömür, can sağlığı, təhsilində və bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Tuncay Şəhrili!
Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, gözəl insan, sadiq dost, sevimli şair, Ülkər Nicatlının anadan olduğu gündür! Doğum gününüz mübarək olsun, Ülkər xanım! Allah can sağlığı versin! Bütün xəyallarınız gerçək olsun inşallah. Uğurlarınız bol olsun!!!
1. Salam, Emfira xanım. Necəsiniz? Özünüzü bir neçə kəlmə ilə oxucularımıza necə təqdim edərdiniz? Mən Emfira Ərkli – Emfira Hacıbaba qızı Tağıyeva 1950 -ci fevralın-17 də Xaçmaz rayonundakı Alıc-qışlaq kəndində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Konserva kobinatında laborant və hesablaycı vəzifəsində çalışıb, 1969-cu ildə Bakı yeyinti-sənaye texnukumuna daxil oldum. Texnukumu bitirdikdən sonra Xaçmaz taxıl hazırlığı kobinatında hesablama şöbəsinin müdiri işləməyə başladım. Həm də “partkom” ( İlk partiya təşkilatının katibi) kimi çalışırdım. Daha sonra texniki peşə ixtisası üzrə istehsalat təlimi ustası işləməyə başladım. Həm də müəllimlik edib, o eyni zamanda uzun müddət məktəbin ilk partiya təşkilatının katibi oldum. Hələ orta məktəbdə oxuduğum illərdən şeirə, poeziya vurğunu idim. Özüm də arada yazırdım. Şeirlərim müxtəlif mətbuat orqanlarında, almanaxlarda, poeziya antalogiyalarında işıq üzü görüb. Tanınmış şair Vidadi Ağdamlının t’rtib etdiyi “Gözüm yolda könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ”, “Qarabağ Azərbaycandır” poeziya antalogiyalarında davamlı çap olunuram. Şeirlərində Qarabağ müharibəsindən, şanlı qələbədən mərd oğullarımızın döyüşlərdə göstərdikləri qəhramanlıqlardan bəhs olunur. AKİVİHİ rəyasət heyətinin qərarı ilə 70-illik yubileylə əlaqədar olaraq “Qızıl Qələm” və “Ulu Öndər” fəxri media mükafatları ilə eləcə də “Azərbaycan Bayrağı”, “Abdulla Şaiq”, “Xəlil Rza Ulutürk” diplomları ilə təltif olunmuşam. “Düyam Mənim” kitabım işıq üzü görüb. İkinci kitab hal-hazırda çapdadır. Emfira xanımın ilk kitabıdır. Ailəliyəm. Üç övladım (iki oğl, bir qız), yeddi nəvəm var.
2. Emfira xanım, məktəb illərinizi necə xatırlayırsınız? Məktəb illərim çox gözəl keçib. Özfəaliyyətlə və idmanla məşğul olmuşam çox çıxışlarım olub. Rayonda Atıcı kimi də 3-cü yer tutmuşdum. Valeybol komandamız var idi. Kapitan mən idim. Yarışlara çıxırdıq. Həm də şeirlər yazırdım.
3. Gənc yaşlarında yazdığınız o şeirlər qalır yoxsa? Əfsus. Bir tək yadımda ana şeirindən bir parça qalıb. Ailə vəziyyətimlə əlaqədar maneələr vardı. Anam rayonun rəhbəri olub uzun illər. 1959 -1980 kimi! Respublikada o dövrün ən fəal qadını anam güclü riyaziyyatçı idi. Paralel dərs də deyirdi. Yüksək mükafatlara da layiq görülmüşdü. Vəli Axundovun rəhbərliyi dövründə tanınmış bir Azərbaycanlı qadını idi.
4. Ailədə neçə uşaq olmusunuz evin böyüyü ya kiçiyi olmusunuz? İlk övladı mən 3 uşaq olmuşuq. Bir bacım və bir qardaşım var.
5. Yəqin ki, siz onlardan seçilirdiniz şeirlər yazdınığınızı ana – atanız bilirdi, necə qarşıladılar? Atam 1969- cu ildə rəhmətə gedəndən 16 gün sonra gözü yaşlı öz biliyinə 4-5 qiymətlər alıb Yeyinti Sənaye texnikumuna daxil oldum. Çox gözəl, atam mənə, “Oğul” deyərdi. Bəli tək mən seçildim həm təhsil həm yaradıcılığımla.
6. Ruhu şad olsun. Atanız necə bir insan idi, ailədə övladlarına qarşı sərt idi, yoxsa? Atam 1939- cu ildə müharibəyə gedib. 1948 də qayıdıb evlənib. Anam Qubadandır. Kəndə riyaziyyat müəlliməsi olub. 20 yaşında sevib evləniblər. 1916-dən atam,1928 anam idi. Yaş fərqi çox olsa da, mehriban idilər. Çox gözəl ailə başçısı idi. Yəqin ki, başa düşərsiz müharibənin acılarını çəkmiş insan idi. O, da sovet işinə dəvət almışdı. Partiya sovet işçisi olmaq o dövrün ən çətin vəzifələrdən biri idi.
8.Yoldaşınız haqqında zəhmət olmasa? Yoldaşımla orta məktəbin axırıncı siniflərində tanış olmuşam. Ona qədər tanımırdım. Özüm oğlan kimi böyümüşdüm. Sinifdə ərköyün bir qız idim. Evləndikdən sonra kəndə köçdüyüm üçün yaradıcılığıma son qoydum. Amma 3 günə bir kitab oxuyurdum gecələr. Vaxt yox idi. Qaynanam da olmadığına görə işim çox olurdu.
9. Hal-hazırda yaradıcılığınızı davam etdirirsiniz? 52 ildən sonra sosial şəbəkələrin yaratdığı imkandan istifadə edirəm. Təsadüf məni yenə yaradıcılığıma qayıtmağa yol açdı. Tanınmış yazarlarla söhbətlər stimul yaratdı yazmağa 17 yaşında başlasam da, qeyd etdiyim kimi 52 ildən sonra 71 yaşında ilk kitabım çıxdı. İndi də ikinci kitabım bu gün, sabah işıq üzü görəcək. Müharibə ən aktual məsələ kimi povest hekayə şeir və sairə toplanır. 10 Dan çox antologiyada, həm öz rayonumuzda, həm Quba və Dəvəçi rayonlarında, həm də Bakıda şeirlərim çap olunub.
10. İndiki gənc yazarlarımız haqqında fikirləriniz necədir? Əlbəttə, əfsus ki, şərait onlara imkan vermir özlərini xalqa tanıdanlar. Hər şey maddiyyata bağlı olduğu üçün çox əzab çəkirlər. Mən özüm də təqaüdümlə çap elətdirirəm əsərlərimi.
11. Aldığınız bu mükafatların sevincini ifadə etsəydiniz ? Əlbəttə, çox sevinirəm. İlk Türkiyə tanıdı məni. Bunu unutsam, nankor olaram. Güldürün xanımın sayəsində. Mükafatların içində “ZİYADAR” Mükafatı mənim üçün xüsusi ilə çox dəyərlidir.
12. İkinci kitabınızda “Borçalı” nəşiryyatında olacaq yoxsa, fikrinizdə başqa bir nəşiryyat var? Bəli. “Borçalı” nəşriyyatı artıq nüsxələrini yoxlamağa verib mənə. Bilirsiz rayon adamıyam hər dəfə gəlib, getmək olmur. Artıq tanımışam rahatdı. Onlarla gələcəkdə də iş birıiyimiz davam edəcək.
13. Çox gözəl qiymətləri necə sərf edir, bir kitab neçəyə başa gəlir? Var indiki tələbatla baha olsa da cəmiyyətə bəxş etdiyin üçün qiyməti düşünmədən çalışıram ki, gənclərə çatdırım. 2022 -ci il bizim ailə qurmağımızın 50 ilidir. Brilyant toy. İlk kitab 71 də çıxıb ikincisi 50 illiyimizə töhfə olar.
15. Emfira xanım, Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edir, həyatda və yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzu edirik. Sizi çox yormayaq. İnanın çox xoş oldu. Sonda oxucularımıza sözünüz nə olardı? Oxucularımıza sözüm odur ki, sadə xalq dilində yazdığım şeirlərimdə hər cür nəsihətlər var. Onlara can sağlığı, həyatda sağlam ömür arzulayıram. Gələcək nəslə gözəl töhfələr hazırlasınlar. İzləri qalsın. Sizə də dərindən təşəkkürümü bildirir, işlərinizdə uğurlarınızın davamlı olmasını arzu edirəm. Çox sağ olun.
Biz də YAZARLAR kollektivi olaraq, Emfira xanımı təbrik edirik. Uğurlarınız bol olsun, Emfira xanım! İlhamınız tükənməsin!
Tanrının insana bəxş etdiyi istedad, təxəyyül, aldığı təhsil, zəka dərinliyi və itiliyi cəmiyyətdə tutduğu müəyyən mövqe ilə birləşdikdə ona geniş imkanlar yaradır. Bu sintezi özündə cəmləşdirən insanlar çox vaxt yaradıcı olurlar. Bitirdiyi ali məktəbdən, ixtisasından asılı olmayaraq, Tanrının belə seçilmişləri adətən incəsənətin sahələrindən birinə üz tutur və o sahədə də peşəkar olurlar. Çünki onların daxili aləmi, ruhu, zəngin təxəyyülü, xəyal və arzuları adi peşəyə sığmır və bir gün daxili çərçivənin divarlarını uçurub üzə çıxır, artıq həmin şəxsin özünə yox, minlərlə insanın qəlbinə nəinki yol tapır, həm də hakim olur.
Belə insanlardan biri bugünkü ədəbiyyatımızda, mətbuatda müstəsna yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı qazi şair, yazıçı, publisist, tərcüməçi Rəfail Tağızadədir. Onun ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir.
Rəfail müəlllimin yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə poeziyasının pərəstişkarı olduğum, şeirlərini özündən əvvəl tanıdığım üçün bu gün məhz onun lirik düşüncələrinə, zəngin və sərhədsiz poeziya aləminə qısa səyahət etmək istədim.
Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Yaratdıqca da kamilləşir, müdrikləşir və bu dünyanı dərk etdikcə daxilində bir nigaranlıq hiss edir:
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran –
yazan şair narahatdır, çünki ürəyi tək özü üçün deyil, cəmiyyət üçün, insanlar üçün vurur, hətta bəşəri problemləri də düşünür, təhlil edir və müəyyən nəticələr çıxarır.
Rəfail Tağızadəni başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:
Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.
Yеnə gəlib çаtdı pаyız ахşаmı,
yеnə bu könlümdə küləklər əsir,
ахşаm süfrəsində bоş qаlıb bir yеr
kölgələr dоlаşır, kölgələrdə sirr.
Pəncərə önündə ağac kimiyəm,
xatirə yarpaqlar uçur havada,
ömrün payızında bir xəzan kimi
ayrılıq səs salır yalqız odada.
Tutub boz səmanı qara buludlar,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.
Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm də ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir. Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.
Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq və bənzərsiz çatdıra bilməsi, məncə Allah vergisidir. Sanki bu sözlər, ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır və oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri və yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə də bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi və nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında və gələcək yaradıcılığında böyük rol oynayıb. “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan”, – deyib məşhur rus şairi N.A.Nekrasov. Rəfail Tağızadə məhz vətəndaş olmaq borcunu layiqincə yerinə yetirdiyinə görə şairliyini bu zirvəyə qaldıra bilib. Zahirən həmişə sakit, təmkinli, mülaym görünən bu insanın daxilində ciddilik, bəzən yerində biruzə verilən sərtlik də var. O, heç vaxt, heç nəyə görə heç kimə və heç nəyə əyilmir. Başını yalnız Tanrı qarşısında əyən insanlar başqalarının gözündə ucalır. Hansı tədbirdə olursa olsun, hansı məclisdə iştirak edirsə etsin, Rəfal Tağızadə həmişə dərin ehtiramla qarşılanır. Çünki həmişə nə dediynin, nə danışdığının və nə etdyinin fərqindədir.
“Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim”, – deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun nə qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli və vətənpərvər olmasının danılmaz sübutudur.
Eldən, obadan uzaq düşən insan kövrək olsa da, dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə də, qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:
Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,
qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
rəqs meydаnınа nidаlаr qоyаn
tək qıçı üstündə оynаyаn оğlаn,
bu gecə tək qаlаn qıçın оynаyır.
Оturub оrtаdа qаrа ciyər bəy,
sаğdişi аyаqdı, sоldişi qоldu,
dаğlаrа dırmаnаn uzаnаn yоldu,
sürünə-sürünə bаrmаqlаr gəlir,
аtlаnа-аtlаnа pəncələr gəlir,
qоllаr rəqs eləyir, qıç təpik çаlır,
оynаyıb yоrulаn əl çəpik çаlır.
Hərdən hаlаy vurub yаllı gedirlər,
bir pəncə оrtаdаn çıхmаq istəmir
qаlаn bаrmаğındаn süzülür təri,
sevinc tər içində bоğur kədəri…
Şəhid Qаrаbаğdа tоydu bu gecə.
Bu qаzi tоyundа, bu ər tоyundа,
yerində оynаyаn süzənindən çох,
yerdən təbrik edən gəzənindən çох,
sаqqаllı gələni bəzənəndən çох.
Bu qаzi tоyundа, bu ər tоyundа,
tək əl оvcun döyür çəpik yerinə,
çəliklər səs sаlır təpik yerinə.
Qаzilər оynаyır, qаzilər indi –
bаşlаrı üstündə qоltuq аğаcı,
yellənir bоş, qıçsız şаlvаr bаlаğı.
Bu qаzi tоyundа, bu ər tоyundа.
Bu gün bəy оturub bаyrаğın аltdа,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа
qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,
ötən günlərini sаlа bir yаdа.
Dоlаşаn ruhlаr dа оynаyır bu gün,
itən аrzulаr dа оynаyır bu gün,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
çəngəllər, bıçаqlаr əllərdən аrtıq,
susаnı dаnışаn dillərdən аrtıq…
Göylərə ucаlаn tək qоl оynаyır
yаnındа оynаyаn bir хəyаl qоllа,
yоl gedir, yоl gedir bir kölgə yоllа.
Аnаnın yоl çəkən gözləridi bu,
оğlunа söz qоşаn sözləridi bu.
Səngərdən dаğlаrа uzаnаn аğ yоl,
sоnundа qаliblər dаyаnаn аğ yоl,
bu gecə yоl gedən tək аyаqlılаr
döyüşə səsləyir ayaqlıları,
bu qаzi tоyundаn, bu ər tоyundаn.
Belə tükürpədici misralardan istfadə edərək bir qədər irreal təsvirlə poeziyasevərləri vahimələndirməyi bacarmaq hər söz adamına nəsib olmur. Belə şeirlərdə abstrakt rəsmlərdə olduğu kimi min bir rəngin çaları var, ancaq oxucu şairin önə çəkdiyi fikrin rəngini görə bilir, çünki şair təfəkkürü oxucunu məhz o fikrə cəlb etməyi bacarır. Bir sözlə, yaradıcı insan istedadlı olduqda meydana əsl sənət əsərləri çıxarır. Rəfail Tağızadənin hər kiçik şeiri belə bir əsərdir. Təsirli, yadda qalan əsər…
Türk mütəfəkkiri Əlişir Nəvai yazırdı:
Sözlərdə bir yalan gizlənsə əgər,
Bizə yanlış gəlir, hec bəyənmirik.
Bir müdrik bir şeir yazarsa əgər,
Yalanı da görsək qüssələnmirik.
Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.
Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır.
Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə “Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:
Bu gecə yuxumu ərşə çəkdirən
dərdlər göy əskiyə bükəcək məni.
Tutub öz əlimlə, dırnaqlarımla,
hələ codlaşmamış barmaqlarımla
məni öz qanıma boyuyacaqdı.
Sonra maddım-maddım baxıb üzümə
bu dərdi taleyə bağlayacaqdı.
Qanımı dondurub, səsimi kəsib,
küyümü içimdə saxlayacaqdı.
Arzular qurtarmır, güman yetişmir,
uzanan əlimə ümman yetişmir.
Sən məni dənizin üstünə çıxar,
istərsən yeriyib gedim bu yerdən.
Məni utandırma özüm-özümdən.
Açın bu gecənin qapılarını.
Udacam gecəni hava qarışıq,
bu dəniz qarışıq, səma qarışıq,
ulduzlar qarışıq, o Ay qarışıq.
İlahi, sən məni günahdan qoru,
məni utandırma gecə yanında,
bu dəniz yanında, o Ay yanında,
məni utandırma Onun yanında.
… qoru bu gecəlik günahdan məni,
qoru bu gecəlik qınaqdan məni…
Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə “bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, – deyə bilər.
Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır.
Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir.
Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:
Götürüb gedirəm səni özümlə
gecənin ən sakit, gizlin yerinə.
Qıymaram mən sənə könlümdən başqa
bir baxış toxuna, yerin bilinə.
Mən səni köksümə sıxıb apardım,
bürüdüm hissimin burulğanına.
Bir də görərsən ki, qaçıb üzümdən
dodağım qonubdu dodaqlarına.
İlahi, sən bunda cazibəyə bax!
Bu sevgi özümdən qoparır məni.
Bu xumar gecədə bədirlənən Ay,
salıb işığına aparır məni.
Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.
Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar – sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.
30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni “Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox – həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.
Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən – cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza – eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.
Əllərində bir dəniz,
gözlərində bir röya,
yanağın bir ay kimi
işıq salır gözümə,
barmaqlarım dalğatək
telində dalğalanır,
saçının həzin mehi
üzümdə sığallanır,
mənə dikilən baxış
tökülür üz-gözümə
mehriban xəyal kimi,
durub baxıram sənə
dili donmuş lal kimi,
bir ömürlük arzular
damla-damla süzülür
o qönçə dodaqlardan
ürəyimə bal kimi
necə də gözəl həyat,
sığın bu sinəmə, yat.
Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq…