YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021. Bakı.
VALLAH KƏHRİZDƏN AYIBDI… Turist kimi gəzmişəm, Qarış-qarış Yurdumu! Hələ yada salmıram, Süründüyüm Ordumu! * * * Əlimdə qayçı, dəryaz, Toz-torpaq uda-uda! İstəyirəm mən dönəm, Nisgilli, dərdli Yurda! * * * Gözümüzü açandan, Eşitdik: “Araz”, “Araz”… O vaxtlar Qarqar bizə, Dayaz idi, damdayaz… * * * İndi keçilməz olub, Dərindən də dərindi… Yeganə təsəllimiz, Bu dərdimiz sərindi… * * * Bir də ümid çırağı, Qurumayan o kəhriz… O vaxtlar düşünərdik, – “Nə ərköyün bu kəhriz…”- * * * Kənkanlarla qol-boyun, Yaşamaqdan zövq alır. Onlar nazın çəkməsə, Suyu tez-tez azalır… * * * İndi bu fikrə görə, Utanıram özümdən… Düz otuz il sərasər, Yaş axıdıb gözündən… * * * Arınıb zir-zibildən, Xirtdəyinə çıxsa da… Axıdıb göz yaşını, Öz içinə axsa da… * * * İndi mən o kəhrizin Yanına turist kimi… Yaxası zınqırovlu, Muncuqlu artist kimi… * * * Necə gedim, a Millət!? Dilə gəlib deməzmi: -Hanı sənin külüngün?!- Göz yaşını yeməzmi?! * * * Ya evimin divarı, Qarqarın qara daşı, Şahbulağın ağ daşı, Atıb-tutmazmı başı?! * * * Soruşmazmı, nə vaxtdır, Hardasan, “İşlərbaşı”!? Qalmayıb xanəgahın, Artıq daş üstə daşı… * * * Hanı malan, şuğulun!? Ya isgənən, sığırğan!? Neçə vaxtdır, hardasan!? – Burda hamı bağrı qan… * * * Bəlkə də kəhriz kimi, Arılar da vəfalı… Kötüklər ta çürüyüb, Pətək arar səfalı… * * * Kol-kos basmış arxların İtib bəndi-bərəsi… Məni görcək deməzmi, – Hanı bunun dəhrəsi!?- * * * İndi mən o kəhrizin Yanından turist kimi… Yaxası zınqırovlu, Muncuqlu artist kimi… * * * Ötüb keçə bilmərəm, Bəlkə bir “ajıqıjı” İllərdi yol gözləyir, – Harda qaldı bu “Qıjı”!? * * * Məndən dastan gözləyən, Mən “Zəfər dastanım”ı Bax, orda yazacağam, – Əkəcəm bostanımı… * * * Hər tutumu çırpanda, Ya da üzüm dərəndə… Axtalıq zoğalları Kölgəliyə sərəndə… * * * Gözü bıçaqlı əzgil Batsın sənin gözünə… Buz quyumdan içməmiş Söz baxarmı sözümə!? * * * Ən sonuncu adamsan, Bu işdən söz açmağa! Qısqı bərk gələn kimi, Yer gəzərsən qaçmağa… * * * Öz işinlə məşğul ol!!! Qoy, dərdli dərdin çəksin… Gilas da dəriləcək, Döz, barı bir ting əksin… 17.04.2022. – Bakı.
TƏZƏ SÖZ Təzə söz eşitmişəm, Göydən Yerə gəlmədi. Yəqin ki, maraq etdin, Görən hansı kəlmədi? * * * Səbr et, indi deyərəm, Kökü Loqos, logiya. Təptəzəcə elmdir, Adı “Tapdalogiya”. * * * Çox mötəbər ağızdan Eşitdim lap indicə. Pek anlamlı kəlmədi, Mənasına gəlincə. * * * Cığıra düşüb getmək, Olub tipalogiya. Ənənəni yaşatmaq İndi Tapdalogiya. * * * Afərin, bərəkAllah! Gorun çatlasın, Sabir! İndi daha sabahdan Qazilmayacaq qəbir. * * * Yandırıb Ataları Sovuracayıq külün… Mən bu işə ağladım, İstərsəniz siz gülün… 30.04.2022. – Bakı.
Salam olsun, Dostlar! Məlumat verildiyi kimi 22 May 2022-ci il tarixində axşam saat 20:00-da Zaur Ustac səhifəsində ənənəvi “Ziyadar” Mükafatı laureatları üçün uduş keçiriləcək. 1 (bir) nəfər qalıb 28 May 2022 -cil tarixində baş tutacaq Almaxanımın konsertinə 2 (iki) bilet qazanacaq. Uğurlarınız bol olsun. Qalibi bəribaşdan təbrik edirik!!!
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.