Qəzənfər Məsimoğlu – Dağlara

DAĞLARA

Səhərdi, quşların cəh-cəhinə bax,
Dil açar gətirsən lalı, dağlara.
İsmətli analar, qoçaq gəlinlər
Sağıb, ötürdülər malı dağlara.

Bura qonaqpərvər eldi, obadı,
Mehriban qarşılar yaxını, yadı.
Getməz damağımdan qaymağın dadı,
Necə söyləməyim halı, dağlara?

İllər ələnsə də tellərin üstə,
Murazım o incə əllərin üstə.
Arılar ətirli güllərin üstə,
Çəkib gətirəcək balı, dağlara.

Qəzənfər, bu eşqin görünməz sonu,
Əyilməz vüqarı, bilirəm onu!
Nə gözəl yaraşır çiçəkli donu,
Buluddan örtdüyü şalı, dağlara.

Zaur Ustac “Laçın Simurq kitabxanası”nda – 2025

“📚 Kitabxanamıza dəyər qatan anlardan biri…
Kitabxanamız fəaliyyətə başladığı gündən sevimli şair, tərcüməçi və yazıçı Zaur Ustac bizə onlarla dəyərli kitab hədiyyə edib. Lakin bu dəfəki təqdimat xüsusilə fərqli və yadda qalan oldu.

Oxucularımızdan biri – Rövşən Abdullaoğlunun kitabını arzuladığını Zaur müəllimə bildirdik. O isə bu istəyə sadəcə cavab verməklə kifayətlənmədi – kitabı tapıb şəxsən Laçına gələrək bizə təqdim etdi.

Bu diqqət və həssas yanaşmasına görə Zaur Ustaca dərin təşəkkürümüzü bildiririk. Oxucularımızın sevincinə səbəb olmaq, kitab sevgisini yaymaq adına atılan hər addım bizim üçün dəyərlidir.

Təşəkkürlər, Zaur müəllim! 📖❤️”

Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Laçın

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” – 67

“XƏZAN” – 67

“Xəzan” jurnalının iyun (2025) nömrəsi çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat veriblər.
112 səhifəlik jurnal poeziya, nəsr nümunələri, publisistik məqalələrlə zəngindir.
Jurnalın redaksiya heyəti şairlərdən Bəxtiyar Abbas İntizarı, Səadət Qəribi, Əzizə Ağahüseynqızını və Kəramət Əmirlini yubiley yaşları münasibətilə təbrik edib və jurnalın səhifələrində onların yaradıcılıqları barədə məxsusi məqalələr yerləşdirilib.
Beləliklə, sizə təqdim olunan növbəti nömrənin yazı düzümü aşağıdakı kimidir:

1.Redaktor guşəsi
-“Yatmağı, yeməyi… oxumamağı…”

2.Publisistika
-Ramiz İSMAYIL – “İntizarlı şair” (Bəxtiyar Abbas İntizarın “Həsrət mələyi” şeirlər kitabı haqqında)
-Qəzənfər MƏSİMOĞLU – “Oxucu hisslərinə doğma olan şeirlər” (Əzizə Ağahüseynqızının yaradıcılığına baxış)
-Mehman GÖYTƏPƏLİ – “Yaşamağa, yaratmağa səsləyən poeziya” (Səadət Qəribin 55 yaşına poeziya təhlilli bir baxış)
-Nəsib ABİD – “Hafiz Əlimərdanlının söz-sənət dünyası”
-Ramiz İSMAYIL – “Sözünü deyən şair” (Əbülfəz Əhmədin “Sözüm var” şeirlər kitabı haqqında)
-Mahir CAVADLI – “Yurda sinə dolu sözlə dönən şair” (Asya Əhmədovanın şeirləri barədə)
-Əli BƏY AZƏRİ – “Yaradılışın dərki və poetik təsviri” (Çingiz Ərəblinin “Eşqnamə”si dərin fəlsəfi yüklü bir əsər kimi)
-Sehran MƏMMƏDOV, Zəminə RƏSULOVA – “Dadanovlar mülkü”

3.Poeziya
-Zeynəb CƏMALƏDDİN – “Olacaqsan”, “Çıxdı”, “Divani”, “Nərgiz”, “Reallıq”, “Təsəlli”, “İşıq olardı”, “Yıxmasın”, “Adamlara”, “Sən demə”, “Şahanəm, Şahanəm, mənim Şahanəm” (şeirlər)
-Qafar QƏRİB – “Bu, mənəm”, “Xitabət”, “Söz necə yaranır?”, “Kaş ki…”, “Xoşbəxtlik və bədbəxtlik”, “Payız”, “Qar yağır”, “Faciə”, “Həsrətimdən saralan qız”, “Gecikən sevgi”, “Ömrüm boyu var olan eşq”, “Unuda bilmirəm”, “Bu qız elə şeirdir”, “Məzarlıqda düşüncələr”, “Ürəyimi pay qoyacam”, “Kəpənək”, “Dünya üçbucağıymış”, “Öz səbrimi yoxlayıram” (şeirlər)
-Bəxtiyar ABBAS İNTİZAR – “Şairlərin”, “Bilmirəm”, “Dinim”, “Kişi şeiri”, “Yox, yox”, “Vətən şeiri”, “Gecəyarısı şeiri”, “Cavab yox”, “Sübh duası”, “Oğurluq şeir”, “Gəlir”, “Məhkum şeirə”, “Çatışmır”, “Çıxmışam”, “Olmadım”, “İmdad şeir”, “Peşiman”, “Edim”, “İnciyərəm”, “Yetim şeiri”, “Bəs eləməz”, “Gərək”, “Qərib şeir”, “İsmarıc”, “Olmamışdı”, “Kasıb”, “Final”, “Qanlı şeir”, “Yoxdu”, “Mənə qalıbdı”, “Qayıdacaq”, “Dünyada”, “Təsadüfən” (şeirlər)
-Əzizə AĞAHÜSEYNQIZI – “Zoğal ağacına söylədiklərim”, “Bir qış axşamının xatirələri”, “Sənə”, “Bişirmişəm”, “Gecənin harayı”, “Payızın ilk yağışı”, “Yarpaqlar”, “Əgər qaytarsaydım vaxtı geriyə”, “Sözə gəldim”, “Oğluma məktub”, “Bir misra söz”, “Yurduma bahar gəlir”, “Dəniz düşüncələrim” (şeirlər)
-Səadət QƏRİB – “Gözəl deyilmiş”, “Qocalmaz sevilən qızlar”, “Gəl, qurtar hicranın əlindən məni”, “Yaşamaq çətin”, “Axtarıram yerdə mən “göy üzünü””, “Ağlayan xatirələr”, “Oğlumun işi çox”, “Yalan dünyada”, “Yanıqlı bir bayatıyam”, “Sən”, “Mən də insanam”, “Bilmirəm”, “Barışmalıyam” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Rübailər, Qəzəllər”
-Arzu KAZIMQIZI NEHRƏMLİ – “Hər səhər dərdimlə salamlaşırıq”, “Gəlmişəm”, “İçində kişilik haqqı üşüyür”, “Düşən axşamı görmüşəm”, “Cənazəm kəfən dağıdır”, “Havadan ayrılıq qoxusu gəlir”, “Tələsirəm”, “Günlər”, “Minillikdir ürəyim”, “Yuxularım çin olur”, “Doymuşam” (şeirlər)
-Maria ZƏRDABİ – “Qurbanam”, “Naməlum əsgər”, “Ana Kürüm”, “Müqəddəs arzum”, “Sevə bilmirəm”, “Oğlum”, “Rəssam, elə çək ki”, “Şeir”, “İstərəm”, “Xəyala çevrilən həyat”, “Cazibə”, “Yadlar doğmalaşar” (şeirlər)
-Lütviyyə ƏSGƏRZADƏ – “Üçlüklər” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Münacat” (nəzmə çəkilmiş müraciət)
-Minarə İSGƏNDƏR – “Burda”, “Bezirlər axı”, “Kim bilir nələr çəkirəm?”, “Hardasa, kim isə gözləyir məni”, “Məni gözəl xatırla”, “Doldu gözlərim”, “Sevdim”, “Xatırladım”, “Xəyala dalıb”, “…ən gözəl şeirmdi mənim”, “Dünya mənsiz qalanda” (şeirlər)
-Gülüzə MƏMMƏDOVA – “Könlümdən yazmaq keçir”, “Dağları gətir”, “Azərbaycanım”, “Qəlbimin sahibisən sən”, “Sənsiz boynubükük bir bənövşəyəm”, “Qar sevinci”, “Ürəyim”, “Pəncərəmdə bitən quşlar”, “Bir hiss gözləyir məni”, “Qayıt” (şeirlər)
-Səringül SADƏ – “Ana”, “Eşq”, “Baxın”, “Mübariz”, “Bu gecə”, “Mən bir ömür yaşadım”, “Allah eşqi”, “Dünyanın qonağıyam”, “Söz”, “Deyim dünya bizimdi”, “Demərəm” (şeirlər)
-Ələsgər TALIBOĞLU – “Ay ata ocağı, ata ocağı”, “Bu qızın”, “İzin ver başına dolanım sənin”, “Qoyma coşqun sönə, dağlar”, “Dərə qalsın aramızda”, “Bu nə səfil ömürdür ki”, “Umudum qara kölgə”, “Həyan gəlsin”, “Səbrimin dağarcığı”, “Bir ilim də” (şeirlər)
-Şərqiyyə BALACANLI – “Yaxşı ki, Vətən var”, “Babalardan qalan miras”, “Azərbaycan”, “Ana”, “Ana yol gözləyir”, “Şikayətim var”, “İl boyu döyüşdə”, “Oğullar oyaqdır”, “Şükür sənə, ulu Tanrım”, “Var ol, ey təmiz insan”, “Həyatı sevirəm mən”, “Şeir – sahilsiz ümman”, “Vətən nə gözəl olmuş”, “Anaların harayı”, “Belə qalmaz”, “Gəlin”, “Pəri”, “Olmaz”, “Sevirik təbiəti”, “Zəfər bizimlədir”, “Göyçə gölü”, “Yurduma yaz gəlir”, “Əsl insan” (şeirlər)
-Xəlil TAHİRBƏYLİ – “Kəndimiz”, “Tamahkar”, “Yadıma sən düşürsən”, “Bilmədim ki, bircə nədir günahım” (şeirlər)
-Savaş SARIQAYA – “Bizimdir”, “Üstünə düşdü”, “İnsanlıq ölüyor”, “Yeni bir dünya düzəni gərək”, “Umutsuz yaşanırmı, a gülüm?”, “Mən də gəlirəm” (şeirlər)

4.Nəsr
-Şahlar HACIYEV – “Şukanın fəhmi” (hekayə)
-Arzu KAZIMQIZI NEHRƏMLİ – “Birinci seriyanın sonu” (hekayə)
-Arzu HEYDƏROVA – “Xoruz əhvalatı” (hekayə)
-Mənsurə XƏLƏFBƏYLİ – “Son”, “Qanlı loxma” (hekayələr)

XƏZAN – 67 – PDF – SƏADƏT QƏRİB

Üz qapağında SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzizə Fariz məzun oldu

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Fariz – Əzizə Həsənova ali məktəbdən məzun olub.

Modern.az xəbər verir ki, bu barədə şəhid xanımı özünün sosial şəbəkə hesabında  paylaşım edib.

“Tam 4 il bundan öncə, Farizin şəhid olmağından 1 il sonra özümü sınadım və ali məktəbə qəbul olundum. Təbii ki, mənim ali təhsil almağım onun ən böyük arzusu idi və mən onu yerinə yetirdim. Bu gün böyük fəxr və qürur hissi ilə deyirəm ki, mən artıq məzunam. Ruhun şad olsun, Fariz. Əzizən ali təhsil müəssisəsini başa vurdu. Və artıq bundan sonra uğurla addımlayacağım bir hədəfə çatmaq üçün səylə çalışmalıyam. Ən əsası mənə yadigar qalan iki övladımın təhsilli, vətənpərvər və vicdanlı bir şəxsiyyət kimi formalaşmasında əlimdən gələni etməliyəm. Bu mənim həm ata, həm də ana kimi valideyn olaraq vəzifə borcumdur. Var gücümlə çalışacam ki, övladlarımın üzərində hər zaman günəş olsun. Kölgə onların üzərinə qaranlıq salmasın. Həyatda ən böyük silahım nailiyyətlərim və övladlarımın qarşısında aciz qalmamağım olsun».

Qeyd edək ki, Əzizə Həsənova “Odlar Yurdu” Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu ve audit ixtisasını bitirib.



Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Füzuli rayonunun işğaldan azad olunması əməliyyatında iştirak edib. 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Əzizə Farizin digər yazıları

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahin Həmidi – Təbrizim

Gəl səni bağrıma basım, Təbrizim

Hana qur, sinəndə toxu, himnimi,
Gerçək say dilində, yuxu himnimi.
Qaldır bayrağımı, oxu himnimi.
Heç nədən çəkinmə, qorxma, əzizim,
Gəl səni bağrıma basım, Təbrizim.

Yerə haram qatıb “halal” etdilər ,
Səni tapdalayıb işğal etdilər.
Yarana duz basıb, xal-xal etdilər,
Vətən yollarında silinməz izin,
Gəl səni bağrıma basım, Təbrizim.

Qəlbinə ən yaxın sən bizi saydın,
Özünü Bakının varisi sandın.
Sözünü vətənə tamarzı sandın,
Bükülməz qolunam, qatlanmaz dizin,
Gəl səni bağrıma basım, Təbrizim.

Bir yumruq kimiyik, neçə dilliyik,
Biz bir obalıyıq, biz bir elliyik.
Demə ki Mərəndli, Ərdəbilliyik,
Biz də sizlərinik, sizlər də bizim,
Gəl səni bağrıma basım,Təbrizim.

Dinim imanımsan, həyam arımsan,
Səslənən sazımsan, dinən tarımsan,
Qəlbi şeir dolu Şəhriyarımsan,
Dünyaya səs salan milyonlar bizim
Gəl səni bağrıma basım,Təbizim.

Getdi sevincimiz, qaldı vay bizə,
Gah o tay dedilər, gah bu tay bizə.
Vətən hər tərəfdən verdi hay bizə.
Göstər düşmənini, başını əzim,
Gəl səni bağrıma basım, Təbrizim.

Gah mənim qışlağım, gah aranımsan,
Sirli,möcüzəli bir Quranımsan,
Bakımsan, Gəncəmsən Lənkəranımsan,
Qoy gəlim yanına, qoynunda gəzim
Gəl səni bağrıma basım, Təbrizim!

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

O, həmişə insanların rifahını düşünür

O, həmişə insanların rifahını düşünür

Deyir ki:- “Mənəviyyatla bağlı olan hər şey gözəldir, dəyərlidir. Əsrlərin yadigarı olan memarlıq abidəsi, gözəl bir rəsm əsəri, milli ornamentli qədim bir tikili, yaxşı bir kitab və s.. İnsana zövq verirsə çox dəyərlidir. Biz hər zaman böyüklüyümüzdən, nəcibliyimizdən ağızdolusu danışırıq. Amma bəzi naqis cəhətlərimizin üstündən də səssizcə ötürük. Birinin uğurunu qısqanırıq, o birinin təmiz, xeyirxah əməllərinə kölgə salırıq. Elə ədəbiyyat aləmində dedi-qodu səviyyəsində olan sualları müsahibə mətninə çevirməklə müsahibi “dolaşdırmağa”, “vurmağa” cəhdimiz də heç bir ədəbi ölçüyə sığmır. Belə məqamlarda düşünmürük ki, əxlaqımıza, mədəniyyətimizə sayğısızlıq göstəririk.”

Emosional və sakit təbiətlidir. Onda şəfqət hissi çox güclüdür. Qəlbi sanki bir sığınacaqdır. Bu sığınacaqda insanlığa sevgi, mərhəmət və bir sıra mənəvi dəyərlər hələ də qorunub saxlanmaqdadır. O, həmişə insanların rifahını düşünür. Buna görə də sevilir, həmişə hörmətlə qarşılanır…

“Hər bir insanın həyatda bağlandığı, çox sevdiyi nələrsə var. O nələrsə səni sevdiyinə doğru uzanan keşməkeşli yolu inadkarcasına qət etməyə ruhlandırır. Məncə bunlardan ən ucası, alisi yurd segisi, vətən təəssübkeşliyidir. Yetər ki, istədiyini “dəlicəsinə” sevəsən. Doğrudan da, insan bir şeyə dəlicəsinə vurulanda Allah onu istəyinə çatdırır. Biz bu gün belə amalla yaşayan neçə ziyalının, ədəbi şəxsiyyətin adını çəkə bilərik? Bir də kimdi ədəbiyyat adamı? Gecə-gündüz təkcə öz əsərlərinin, nəşrlərinin qayğısını çəkən, ard-arası kəsilməyən təbliğatını qurandımı ədəbiyyat adamı? Bu gün hansısa fəxri kürsüyə, əhəmiyyətli posta sahiblənib ancaq özünü yetişdirəndimi ziyalı?”- söyləyir.

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Şəfəq Nasirdir. O, 25 iyun 1954-cü ildə Beyləqan rayonunda dünyaya gəlib. 1971-ci ildə orta məktəbi, 1976-cı ildə isə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə uzun illər respublikada uşaqlar, yeniyetmə və gənclər üçün kitablar nəşr edən “Gənclik” nəşriyyatında başlayıb. O, burada redaktor, şöbə müdiri və- zifələrində çalışıb. 1992-1994-cü illərdə “Təhsil” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. 1995-2015-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyində baş məsləhətçi, sənədlərlə iş və protokol şöbəsinin müdiri, Media və ictimai əlaqələr şöbəsində böyük məsləhətçi, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xəbərləri”nin redaksiya qrupunda qrup rəhbəri- redaktor, media və ictimai əlaqələr şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 2016-2021-ci illərdə “Respublika” qəzetində məsul katib, humanitar siyasət redaksiyasının müdiri vəzifəsində işləyib. Uzun illərdir Azərbaycan jurnalistikasının bir qolu olan İrəvan mətbuatının tədqiqi sahəsində elmi araşdırmalarla məşğuldur. İrəvanda ilk anadilli mətbuatımız sayılan “Lək- lək” satirik jurnalını və ədəbi, siyasi, tarixi, fənni aspektdən fəaliyyət göstərmiş “Bür- hani-həqiqət” dərgisini tədqiq edərək, bu mövzuda vaxtaşırı qələmə aldığı məqalələrini ədəbi ictimaiyyətə təqdim edib. Hər iki jurnalı transfoneliterasiya edərək, ön söz, lüğətlə kitab şəklində nəşr etdirib. Eləcə də İrəvanın maarifpərvər ziyalılarının hayat və yaradıcılığına, ictimai taleyinə, dini-mədəni abidələrinə sözün qüdrəti ilə ədəbi ömür qazandıran elmi-tədqiqat xarakterli məqalələri işıq üzü görüb. Müxtəlif vaxtlarda “Yeni səslər”, “Vətən səsi”, “Şahidlər” kimi almanaxlarda hekayələri, ictimai məzmunlu publisistik məqalələri nəşr olunub. 10-dan çox kitabın, o cümlədən, “Gecə yağışı”, “Beyləqanın güllü yazı”, “Ciddi söhbət”, “Bir ömrün üçbucağı”, “Könül- lərə şəfəq payı”, “Sözümdən ocaq çatdım” kimi bədii, publisistik əsərlərin, “Məmmədəli Nasir”, “Bürhani-həqiqət”, “Lək-lək” kimi elmi tədqiqat əsərlərinin müəllifidir. Bunlardan əlavə, onun bir çox xarici ölkələrin dərgilərində elmi, publisistik məqalələri nəşr olunub. Filologiya üzrə fəlsəfə doktorudur…

Şair-publisist Şahnaz Şahin onu belə xarakterizə edir: “İxtisasca jurnalist olsa da, yaradıcılığa bədii yazılarla başlayıb. Başqa sözlə, ədəbi mühitə yazıçı kimi gəlib. Elə mən də onu əvvəlcə yazdığı hekayələr və povestlərindən, publisistik əsərlərindən tanımışam. Diqqətimi çəkdiyindən mətbuatdakı çıxışlarını hər zaman izləmişəm. Onun jurnalistika sahəsində qələmə aldığı resenziya, rəy və çoxçeşidli publisistik məqalələrində də bədii təsvir elementləri açıq-aydın nəzərə çarpır. Kitablarından birinə yazdığı “Ömür zaman işığında” Ön sözündə belə deyir: “Uşaqlıq çağlarından göy üzü kimi təmiz sözə aşiq olmuşam. İllər uzunu işığını, cığırını tutub üzü yoxuşlara yol almışam. Bir də baxmışam ki, hər şeydən uca, dəyərli olan sözlə sirdaşam…” Bu aşiqlik, sirdaşlıq həyatı boyu onu yaradıcılığa sövq edib. Və bir gözəl cəhəti də odur ki, Şəfəqin şəxsiyyət olaraq əqidəsi bütövdür, o, Sözlə bağladığı əhdi-peymanına sadiqdir. Şəfəq uşaqlıq çağlarından həyatı müşahidə etməyi sevib. Gördüyü, dərk etdiyi nə varsa, yaddaşına hopub. Sonra yaşadıqlarını ədəbiyyata gətirməyə ehtiyac hiss edib. Hələ orta məktəb illərində yazdığı şeirləri, miniatür və kiçik məqalələri rayonda çıxan “Yüksəliş” qəzetində dərc olunub. İmzası geniş oxucu auditoriyasına “Ulduz” jurnalından, “Ədəbiyyat və İncəsənət qəzeti”ndən tanış olan Şəfəq ədəbiyyata ilk nəsr əsəri olan “Qonşular” hekayəsi və “Müəllifin ilk kitabı” seriyasından “Gecə yağışı” hekayələr toplusu ilə gəlib. Hər birinin mövzusu həyatdan alınmış bədii nəsri ədəbi mühitdə maraqla qarşılanmışdır. “Gecə yağışı” kitabındakı hekayələrində müəllif özünün qeyd etdiyi kimi, insana qayğı, övlad-valideyn və doğmalar arasında yaranan yad münasibətlərdən söhbət açır.”

O, emosional olaraq olduqca həssas və kövrək bir təbiətə malikdir. İntuisiyası çox güclüdür. Buna görə də əsasən intuisiyasını dinləyərək hərəkət edir və adətən də hərəkətlərində səhvə yol vermir. Mərhəmətli olduğu üçün ətrafdakı insanlardan da eyni münasibət və yanaşma gözləyir. Niyyəti saf, istəkləri ülvidir. Həm maddi, həm də mənəvi cəhətdən çox səxavətli insandır. O, heç vaxt özü haqqında deyil, başqaları haqqında düşünmək üçün kodlaşdırılıb. Sadiq, qoruyucu, intuitiv və mehribandır. Təfərrüatları xoşlayır və qarşı tərəfin də onun qədər detallara diqqət yetirməsini istəyir. Amma dərin düşünmə bacarığı ona xasdır, bunu hər kəs bacara bilməz. İncə mentaliteti var…

İyunun 25-i filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, jurnalist Şəfəq Nasir növbəti ad gününü qeyd edəcək. Onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Şəfəq Nasirin yazıları

QULU AĞSƏSİN YAZILARI

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZMAQ HƏM DƏ DAXILI DIALOQDUR” – Byeong Cheol Kang

“YAZMAQ HƏM DƏ DAXILI DIALOQDUR”

 
Müsahibimiz, tanınmış koreyalı şair, yazıçı, tərcüməçi və jurnalist, bir çox beynəlxalq ədəbi mükafatların laureatı, Koreya Sülh və Əməkdaşlıq İnstitutunun vitse-prezidenti və siyasi elmlər üzrə fəlsəfə doktoru (PhD) Byeong Cheol Kangdır.
 
— Söhbətimizi Koreya ədəbiyyatı ilə başlayaq… Sizin fikrinizcə, Koreya ədəbiyyatının unikal xüsusiyyətləri hansılardır?
 
— Koreya ədəbiyyatının ruhu tarix, emosiyalar və kollektiv təcrübə ilə dərin şəkildə bağlıdır.  Əsas anlayışlardan biri “han”dır — Koreyalılara xas olan kədər və dözüm hissi, millətin mübarizələrini və ümidlərini əks etdirir.  
Bu emosional dərinlik Koreya ədəbiyyatına güclü bir rezonans verir. 
Ümumi ədəbi ənənələrdən təsirlənsə də, Koreya ədəbiyyatı xüsusilə tarixi travmalar — Yapon işğalı, Koreya müharibəsi və milli bölünmə kimi hadisələrin əks olunması ilə fərqlənir və tez-tez fərdlərin daha böyük tarixi qüvvələrin təsiri altında necə təsirləndiyini təsvir edir.  Ənənə və yeniliyin qarışığı onun əsas güclərindən biridir.  
Klassik formalardan tutmuş bir sətirlik şeirlər kimi müasir eksperimentlərə qədər, Koreya ədəbiyyatı dəyişiklikləri qəbul edir, eyni zamanda köklərinə hörmət edir.  
Müasir Koreya yazıçıları getdikcə daha çox gender, sinif və şəxsiyyət məsələlərinə toxunur, müxtəlif və şəxsi səslərin yaranmasına səbəb olur.  İnternetin köməyi ilə Koreya ədəbiyyatı indi qlobal auditoriyaya daha sürətlə çatır, təsirini və mədəni mübadiləni genişləndirir. 

 
 — Hansı ədəbi janrlarla daha çox əlaqə hiss edirsiniz, bu janrlara sizi xüsusilə cəlb edən nədir?
 
— Ən çox əlaqə hiss etdiyim ədəbi janrlar poeziya və qısa hekayələrdir.  
Poeziya məni, emosional gücü və lirik gözəlliyi ilə cəlb edir.  
Bir sətirlik bir şeir bütöv bir emosiyalar, xatirələr və mənalar dünyasını əhatə edə bilər.  
Qısa hekayələr də məni güclü şəkildə cəlb edir.  Xüsusilə bir fərdin həyatının gözlənilməz yollarla necə şərh oluna biləcəyini göstərən dönüşlər və dəyişikliklərdən zövq alıram.  Bu kəşf və anlayış hissi məni davamlı olaraq ədəbiyyat dünyasına daha dərindən cəlb edir. 
 
— Sizcə, bir yazıçının öz həqiqi “mən”ini kəşf etməsi və ifadə etməsi vacibdirmi, kimlik axtarışı sizin əsərlərinizdə necə əks olunur?
 
— Bəli, düşünürəm ki, bir yazıçının öz həqiqi “mən”ini kəşf etməsi və ifadə etməsi çox vacibdir.  Yazmaq sadəcə gözəl cümlələr qurmaq deyil: dürüstlük, orijinallıq və daxili dialoqdur.  Yazıçı xatirələri, emosiyaları, dəyərləri və bəzən ziddiyyətləri ilə səmimi şəkildə üzləşdikdə, əsərləri dərinlik, aydınlıq və güclü rezonans qazanır. Oxucular səmimi bir səsi təbii olaraq hiss edirlər. 
Mənim əsərlərimdə kimlik axtarışı təkrarlanan bir mövzudur.  
İstər poeziya, istərsə də nəsr yazımda, daim bu suallara cəlb olunuram: —İnsan hansı növ kimliyə malikdir?  Mənim fərdi kimliyim insanlığın ümumi kimliyi ilə necə əlaqəlidir?  Mən dilə və başqalarına necə bağlıyam?  Bəzən bu sualları şəxsi refleksiya ilə araşdırıram,  bəzən isə aidiyyət, dəyişiklik və yaddaşın qarışıqlığı ilə mübarizə aparan personajlar vasitəsilə.  Xüsusilə Koreya ədəbiyyatında, kollektiv tarix və şəxsi təcrübə dərindən birləşdiyi üçün, özünü kəşf etmək ənənə və müasirlik, şəxsi və siyasi arasında bir səyahətdir.
 Mənim üçün yazmaq özünü tanıma və yenidən tərif etmə prosesidir və inanıram ki, bu səyahət ədəbiyyata davamlı əhəmiyyət verir. 
 
— Yazıçı olaraq, hansı fəlsəfi dünya görüşünə sahibsiniz, bu dünya görüşü ədəbi yaradıcılığınıza necə təsir edir?
 
— Şair və yazıçı olaraq, insanın mürəkkəbliyini, Buddizmin keçicilik və qarşılıqlı əlaqəlilik anlayışlarını əhatə edən fəlsəfi bir dünya görüşünə cəlb olunuram.  
Həyatı sabit absolyutlar silsiləsi kimi deyil, ziddiyyətlərin bir arada mövcud olduğu, daim dəyişən bir axın kimi görürəm:  —Sevinc və kədər, əminlik və şübhə, fərdilik və cəmiyyət. Sadə cavablar axtarmaqdansa, bu perspektiv məni mövzuları və personajları incəlik və empati ilə araşdırmağa təşviq edir.
Bu dünya görüşü ədəbi işimə dərin təsir göstərir.  
Tez-tez kimliyin axıcılığına və insanların tarix, yaddaş və münasibətlər arasında necə naviqasiya etdiklərinə diqqət yetirirəm.  
Xüsusilə, insanlar qeyri-müəyyənlik və dəyişiklik arasında necə mənalar tapırlar və şəxsi hekayələr daha geniş sosial və tarixi qüvvələrlə necə kəsişir?  
Ayrıca, tam əminliklə hərəkət edən insanların kütləvi vəhşiliklər törətdiklərini müşahidə edirəm.  Onların şəxsiyyətlərinə baxdıqda, çoxlu pis insanları cəzalandırmaq inancıyla mütləq yaxşılığa can atma meyli var. 
 Yazılarım, aydın həllərdən çox ,bu mürəkkəbliyi təbəqələnmiş hekayələri poetik dil və açıq suallar vasitəsilə əks etdirməyə çalışır. Nəticədə inanıram ki, ədəbiyyatın rolu insan təcrübəsinin zənginliyini əks etdirməkdir. Həm gözəlliyini, həm də qeyri-müəyyənliyini əhatə edərək, oxucuları varlıq haqqında dərin bir dialoqa dəvət etməkdir. 
 
—Yazıçı olaraq azadlıq və məsuliyyət arasında necə tarazlıq saxlayırsınız?
 
—Məncə, yazıçı üçün azadlıq və məsuliyyət arasında tarazlıq saxlamaq olduqca önəmlidir. Yazıçılıq yaradıcı azadlıq tələb edir: —Fikirləri, hissləri və formalı sərbəst şəkildə ifadə etmək bacarığını. Lakin bu ifadə azadlığı eyni zamanda məsuliyyət də gətirir: —Gerçəyə qarşı, təsvir olunan mövzulardan tutmuş oxucular qarşısında olan məsuliyyəti. Xüsusilə, həssas mövzulara və ya real təcrübələrə toxunduqda, sözlərimin etik təsirini dərindən düşünür və diqqətlə yanaşıram.
 

—Yaradıcı prosesə başlamazdan əvvəl hansı zehni və emosional hazırlıq görürsünüz, yazı prosesi sizə hansı duyğuları yaşadır?
 

—Yaradıcı prosesə başlamazdan əvvəl zehni sakitlik və emosional hazır vəziyyət əldə etməyə çalışıram. Adətən səssiz meditasiya və ya daxili düşüncələr vasitəsilə zehnimi arındırır, özümü ilham üçün açıq hala gətirirəm. 
Qəlbimi məşğul edən hissləri, xatirələri və ya sualları yazı vasitəsilə araşdırmağa yönəlirəm. Bəzən şəxsi təcrübələr üzərində düşünür, bəzən isə əsərimin mövzusuna uyğun mühitə qərq oluram. Səyahətlər zamanı seyr etdiyim mənzərələrdə keçirdiyim hissləri qeyd etmək və yadda saxlamaq da mənim yaradıcılığımı gücləndirir.

 
—Bir şairin daxilindəki ağrını ifadə etməsi nə dərəcədə vacibdir?
 
—Daxili ağrını ifadə etmək bir şair üçün çox önəmlidir. Şeir elə bir vasitədir ki, insani hissləri, xüsusən də dərdləri incə sənətə çevirə bilir. İçəridə yığılan ağrı insanı narahat və bədbəxt edir. Səmimi ifadə olunan şeirlər vasitəsilə şair bu ağrını gözəlliyə çevirir, oxucularla güclü empatiya və bağ qurur. Bu proses həm şairin özünə şəfa verir, həm də oxucuların öz yaralarına təsəlli tapmasına kömək edir. Şeir vasitəsilə daxili ağrı insanın kövrəkliyi, davamlılığı və ümid haqqında ümumbəşəri həqiqətləri üzə çıxara bilər.
 
—Yaradıcılıqla məşğul olan biri kimi hansı çətinliklərlə qarşılaşırsınız?
 
—Yaradıcılıqla məşğul olan biri kimi, qarşılaşdığım ən böyük çətinliklərdən biri ilhamla davamlı zəhmət arasındakı tarazlığı qorumaqdır. İlham gözlənilmədən gəlir, lakin ilham olmadıqda belə mütəmadi oxumaq və yazmaqla məşğul oluram. Digər bir çətinlik isə iqtisadi ehtiyaclar ilə yaradıcılıq arasında balans yaratmaqdır. Gündəlik qazanc üçün işləməli olduğum zaman yazmaq daha çətin və məhdud olur. Həyatın qayğılarından qurtulmaq, daxilimdəki səsi qorumaq və ona inanmaq ciddi sınaqdır.
 Vaxt məhdudiyyəti, maddi sıxıntılar və oxucu gözləntiləri də yaradıcılıq prosesinə mənəvi yük salır.

 
—Ədəbiyyat və siyasət arasında qarşılıqlı əlaqəyə münasibətiniz necədir, onlar bir-birini necə təsir edir?
 
—Ədəbiyyat və siyasət bir-biri ilə dərin və mürəkkəb əlaqələr içindədir. 
Ədəbiyyat çox zaman cəmiyyətin aynası olur, siyasi reallıqları, ictimai çarpışmaları və ideoloji mübarizələri əks etdirir. Romanlar, şeirlər və esse yazıları vasitəsilə yazıçılar güc strukturlarını tənqid edə, kənarda qalanların səsini çatdıra və alternativ gələcəklər təsəvvür edə bilərlər. Beləliklə, ədəbiyyat siyasi müdaxilə və müqavimətin forması olur. 
Avtoritar rejimlər çox vaxt tənqidi fikirlər söyləyən yazıçıları susdurmağa çalışırlar. Siyasət də ədəbiyyatın yaranma və qəbul edilmə şəraitini formalaşdırır. 
Siyasi sistemlər, senzura və ictimai siyasətlər nəyin sərbəst ifadə ediləcəyini, nəyin isə basdırılacağını müəyyən edir. Tarixi hadisələr və siyasi mühitlər də ədəbi əsərlərin mövzularına, üslubuna və təciliyyətinə təsir edir. Məsələn, zülm və ya ixtilal dövrlərində çox güclü ədəbi hərəkatlar yaranır ki, bunlar hakimiyyətə meydan oxuyur və dəyişiklik çağırışı edir. Koreyada da bir zamanlar ifadə azadlığı məhdud olsa da, bu gün geniş şəkildə qorunur və tətbiq olunur.
Nəticə etibarilə, ədəbiyyat və siyasət daim dialoq içindədir. Onların qarşılıqlı təsiri kimliyimiz, ədalət, azadlıq və cəmiyyət haqqında anlayışımızı dərinləşdirir. Bu dinamik əlaqə hər iki sahəni zənginləşdirir və dünyanı daha geniş mənada qavramağımıza yardım edir.

 
—Koreya ədəbiyyatının gələcəyi haqqında fikirləriniz necədir, müasir yazıçılar gələcəyə necə töhfə verə bilər?
 
—Məncə, Koreya ədəbiyyatının gələcəyi böyük imkanlar və ümidlərlə doludur.
 Koreya cəmiyyəti qloballaşdıqca və daha çoxçeşidli hala gəldikcə, ədəbiyyat da inkişaf edir: –mövzular, üslublar və səslər baxımından daha geniş və zəngin olur. 
Koreya ədəbiyyatının tarixi köklərindəki emosional dərinlik və mədəni zənginlik bu gün də öz təsirini saxlayır və artıq daha müasir və müxtəlif formalarda ifadə olunur. Koreya ədəbiyyatı dünyaya açıqdır və başqa mədəniyyətlərlə qarşılıqlı əlaqəyə hazırdır. Ən önəmlisi isə, yazıçılar fərdiliklərini və orijinallıqlarını qoruyaraq, açıq dialoqlarda fəal iştirak etməlidirlər. 
Şəxsi təcrübənin həqiqəti ədəbiyyat vasitəsilə dünyaya çatdırıldıqda, bu empatiya, anlayış və mədəni mübadilənin güclü bir vasitəsinə çevrilir. 
Müasir yazıçılar həm milli, həm də bədii sərhədləri aşaraq dünyagörüşlərini genişləndirdikcə, Koreya ədəbiyyatının gələcəyi daha canlı, əhatəli və qlobal dəyərli bir məcraya yönələcəkdir.
Koreyada baş vermiş mühüm tarixi və siyasi hadisələr mənə həm dərin emosional, həm də intellektual ilham verib. Yaponiya işğalı, Koreya müharibəsi, Koreya yarımadasının bölünməsi və demokratikləşmə hərəkatları kimi hadisələr yalnız koreyalı xalqın kollektif yaddaşında iz buraxmaqla qalmayıb, həm də mənim yazıçı kimliyimi və həyatdakı məqsədimi formalaşdırmaqda mühüm rol oynayıb. Mən bu dövrlərdə koreyalıların yaşadıqlarını digər dünya vətəndaşlarının hissləri ilə müqayisə edərək empatiya nöqtələri axtarmağa çalışıram. Bu tarixdən doğan ümumi emosiyalar əsərlərimdə zaman-zaman görünür: -Bəzən birbaşa olaraq həmin dövrlərdə yaşamış qəhrəmanların hekayələri vasitəsilə, bəzən də simvolik olaraq, köç, həsrət və ümid kimi ümumbəşəri duyğularla. Mən xüsusilə tarixin axınına səssizcə qapılan insanların həyatına diqqət yetirirəm. Unudulmuş səslər, danışılmamış hekayələr və zülm və dəyişikliklər fonunda yaranan mənəvi suallar məni heyran edir. Şeirlərimdə və bədii əsərlərimdə göstərməyə çalışıram ki, tarix sadəcə bir arxa fon deyil, o, bu gün də hisslərimizi, münasibətlərimizi və seçimlərimizi formalaşdırmağa davam edən canlı qüvvədir. Ədəbiyyat vasitəsilə yaddaşı yaşatmağa, şəfa və dialoq üçün məkan yaratmağa və insanın həm tarixin içində yaşadığını, həm də onu aşma gücünə malik olduğunu dərk etməyə çalışıram. Məsələn, bir dəfə Polşadakı gözəl bir ağcaqayın meşəsində gəzərkən heyranlıq içində donub qaldım. Həmin an doğma vətənimin günəşini necə darıxdığımı hiss etdim. O an başa düşdüm ki, dünyanın müxtəlif ölkələrində yaşayan mühacirlər də öz doğma yurdlarını necə dərin həsrətlə xatırlayırlar. Təhlükəsiz və gözəl ölkələrdə yaşayan insanların da qəlbində müharibə və ya yoxsulluq içindəki vətənlərinə qarşı sonsuz bir həsrət var. Qaçqınların bu acı həyatı yalnız bu günün qlobal vətəndaşlarına deyil, həm də bizim öz əcdadlarımızın həyatlarına da güzgü tutur.

 
— Koreya mədəni irsinin hansı aspektlərini araşdırmağa çalışırsınız, bu araşdırma yaradıcılığınıza necə təsir edib?
 

— Koreya mədəni irsinin araşdırmağa çalışdığım cəhətləri arasında ənənəvi dəyərlər, tarixi yaddaş, xalq nağılları, dil və xüsusilə də yalnız koreya xalqına xas olan dərin “han” duyğusu var. Mən həmçinin nəsillərarası hekayə ötürülməsi, Konfutsi dəyərləri ilə müasir fərdiyyətçilik arasındakı gərginlik, rituallar və ailə quruluşları, həmçinin şifahi ənənələrin şəxsiyyətin formalaşmasına təsiri ilə də maraqlanıram. Lakin mənim ən böyük diqqət mərkəzim buddist mədəni irsinin təsiridir. Buddist mədəni elementlərin araşdırılması mənim yaradıcılığıma dərindən təsir göstərmişdir. Zaman və məkan anlayışını aşan buddist dünyagörüşü, insan təbiətinin əsas, varoluşsal suallarını izah etmək və anlamaqda böyük kömək edir. Bu araşdırmalar nəticəsində mən anladım ki, yerli kimliklə qlobal empatiya arasında ziddiyyət yoxdur.
Əksinə, mədəni dərinliyə endikcə, dinlərdən və sərhədlərdən asılı olmayaraq, insanları birləşdirən ortaq təcrübələr daha aydın şəkildə üzə çıxır. Bu düşüncə mənim yazıçı səsimi gücləndirir və həm milli kimliyə, həm də ümumbəşəri duyğulara toxunan əsərlər yaratmağıma imkan verir.
Fotolar:

Söhbətləşdi: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

RİFAT İSMAİLİ – YER – HAMININ VƏTƏNIDIR!

RİFAT İSMAİLİ – ALBANİYA – İTALİYA

BİOQRAFİYA

Şair, nasir və esseist Rifat İsmaili 1968-ci il martın 24-də Albaniyanın Dıraç şəhərində anadan olub. 1991-ci ildən etibarən İtaliyada yaşayır, hazırda isə Savona şəhərində məskunlaşıb. İncəsənətə və ədəbiyyata dərin marağı olan müəllif hələ məktəb illərindən yazmağa və rəsm çəkməyə başlamışdır. 1986-cı ildən başlayaraq, dövrünün qəzet və jurnallarında dərc olunmuş, bu günə qədər də fəal şəkildə yazı həyatını davam etdirir. Müəlliflik fəaliyyəti ilə yanaşı, o həm də tərcüməçiliklə məşğul olmuş, Bukovski, Antonio Skarmeta və digər məşhur yazıçıların əsərlərini səsləndirmişdir.
Onun əsərləri italyan, ingilis, ərəb, ispan, rus, türk, özbək, çin və digər dillərə tərcümə edilmiş, həmin ölkələrin bir sıra nüfuzlu ədəbi orqanlarında çap olunmuşdur.
Müxtəlif nəşrlərdə redaktor və ya resenzent kimi dəfələrlə iştirak etmişdir ki, bu da onun ədəbi fəaliyyətinin əhatə dairəsini daha da genişləndirir.
Rifat İsmaili həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş müxtəlif ədəbi janrlarda bir çox kitabların müəllifidir.
O, həm yerli, həm də xarici müəllifləri əhatə edən “Gjurmë Penash” antologiya jurnalının nəşriyyatçısıdır.
Bundan əlavə, beynəlxalq ədəbiyyat və incəsənət jurnalı olan Kryefjala-nı da dövri şəkildə nəşr etdirir.
Uşaqlar üçün nəzərdə tutulmuş Pena Balerina adlı ədəbi jurnalın da təsisçisi və nəşriyyatçısıdır
.

YER – HAMININ VƏTƏNIDIR!

Ağıllı, dözümlü, başqalarının mövcudluğunu anlayıb qəbul edən insanlar üçün bu Yer – hamının Vətənidir! Bu gün – parçalanmaların və müharibələrin həyatı təhdid etdiyi, Şərin bütün dünyaya kök saldığı kritik bir məqamda, insanlar qeyri-müəyyən gələcəyin fərqində olmalı, həyəcan siqnalı verməli və Şərə qarşı birləşməlidirlər.
Bu mübarizədə yazıçılar və sənətçilər əsas rol oynamalıdırlar ki, qələmləri və bilikləri ilə insanlığın oyanış prosesini sürətləndirsinlər. Danışdığımız bu məsələyə nə qədər çox önəm və həssaslıq göstərsək, yaxın gələcəkdə Yer kürəsinin sağlamlığı, insan həyatının – bizim və övladlarımızın – təminatı üçün bir o qədər vacib olacaq. Əks təqdirdə isə, çox gec olacaq və fəlakət qaçınılmazdır.
Sual budur: İnsanlar həyatın əvəzolunmaz dəyərlərinin daha çox fərqində ola biləcəklərmi? Anlaya biləcəyikmi ki, həyat bizim idarəmizdədir, biz onu gözəlləşdirən və ya firavan edən məhz özümüzük – davranışlarımızla, əməllərimizlə, fədakarlığımız, həmrəyliyimiz, hörmət və başqalarına – xüsusilə də bu dünyanı bizimlə paylaşan zəif canlılara – qarşı mərhəmətimizlə? Heç düşünmüsünüzmü, hər səhər günəş doğmadan oyanmaq, onu bir nəhəng buludun udduğunu görmək nə qədər kədərli olar? Lakin ondan da dəhşətlisi nüvə silahıdır – çünki o, təkcə günəşi yox etmir, həm də partlayışdan əvvəl, partlayış zamanı və sonra olan hər şeyi məhv edir; yüzlərlə kvadrat kilometr əraziyi Ölüm və xaosun imperiyasına təslim edir.
Dünya nə qədər kədərli olar əgər bir səhər oyansaq və qonşularımızı, onların uşaqlarının səslərini, gülümsəyərək verilən “sabahın xeyir” sözünü və sülh içində yaşamaq dəvətini tapa bilməsək…
Eyni dərəcədə qorxunc və üzücü olar əgər göy quşların qanadları ilə artıq kəsişməsə, ağaclar qurusa, çayların suyu sonsuz dənizə olan axınını dayandırsa…
İllər öncə yazdığım və bu gün də aktuallığını qoruyan bir esse vardı:
“Biz heç vaxt səhvlərimizdən və uğursuzluqlarımızdan öyrənə bilmirikmi? Nə üçün daha şüurlu, daha mərhəmətli ola bilmirik – nə başqalarına, nə də özümüzə?”
Bu, yarım bir dünyanın yarımçıq üzüdür. Qalan hissə – həqiqət – suyun altında qalmış aysberq kimidir – qaranlığa bürünmüşdür. Bu, uzun müddət sağalmağa ehtiyacı olan xəstə bir dünyadır.
Dünya vahiməli hala gəlib – ya sonsuz meşədə vəhşi heyvanlar arasında olsan, ya da insan meşəsinin ortasında – nəhəng şəhərlərin, yolların, göydələnlərin, fabriklərin, reklamların və milyonlarla işığın arasında…
Mən hələ də hava olan, təbii qalan bir dünya axtarıram – lakin tapa bilmirəm.
İnsan alçaldılmadığı, özünü zəif və önəmsiz hiss etmədiyi bir dünya arzulayıram – orada xaos və çaşqınlıq insanı udmur. Maşınlar insanın yerinə iş görmür və insan da robota və kalkulyatora çevrilmir. Sevgi sadəcə lüğətdə uydurulmuş bir söz deyil – gerçək olur. Həyat isə bir qəfəsə çevrilmir, hər yerdə divarlarla toqquşduğun bir zindan olmur – əksinə, azad qaçdığın bir işıqlı düzən olur, daşıdığın enerjilər heç kəsə zərər vermir, yalnız gərəkli olanla yaşamağı öyrənirsən və xəstə, müvəqqəti eqonu doyurmaq üçün dünyanın tarazlığını pozmağa, zərər verməyə ehtiyac duymursan.
Gəlin, həyatın gözlərinin içinə baxaq – bu, olmalı olduğu kimi deyil!
Qəzəbli uşaqları deyil, bombaların qətl etdiyi minlərlə körpənin taleyini görməli və duymalıyıq – çox vaxt pul və güc sahibi olan dəli hökmdarların kaprizləri naminə. O anaları görməliyik – gündəlik çörəyi özünə və övladlarına təmin edə bilməyənləri – və onlara yardım etməliyik. Qadınlara, yaşlılara və günahsız insanlara qarşı zorakılığı görməliyik – və lazımi anda əlimizi uzadaraq sülh və ümid bəxş etməliyik.
Biz bu dünyanın bütün bəlalarını ruh gözümüzlə görməli və onları səsimizin və qələmimizin gücü, ağlın və tərəqqinin qüvvəsi ilə, yaxşılıq və həyatın davamı naminə önləməliyik.

Müəllif: RİFAT İSMAİLİ

Tərcümə: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Şuşatək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"