
DAĞLARA
Səhərdi, quşların cəh-cəhinə bax,
Dil açar gətirsən lalı, dağlara.
İsmətli analar, qoçaq gəlinlər
Sağıb, ötürdülər malı dağlara.
Bura qonaqpərvər eldi, obadı,
Mehriban qarşılar yaxını, yadı.
Getməz damağımdan qaymağın dadı,
Necə söyləməyim halı, dağlara?
İllər ələnsə də tellərin üstə,
Murazım o incə əllərin üstə.
Arılar ətirli güllərin üstə,
Çəkib gətirəcək balı, dağlara.
Qəzənfər, bu eşqin görünməz sonu,
Əyilməz vüqarı, bilirəm onu!
Nə gözəl yaraşır çiçəkli donu,
Buluddan örtdüyü şalı, dağlara.