Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Ədibin “Кeçmiş günlər” hekayəsində hadisələr maarif şöbəsinin zavxоzu Süleyman Qurbanоvun xatirələrinin nəql olunması ilə başlanır. Yazıçı əsərdə pulu ilə qürrələnən kimsənin aqibətini ifşa edir. Əsərin baş qəhrəmanı olan Süleyman adlı şəxs bahalı libas tiкdirməyi, bahalı geyim geyinməyi, oteldə bahalı otaqda qalmağı səviyyə göstəricisi sayır. Əsərdə hadisələr Tiflis şəhərində baş verir. Ədib əsərdə pul düşkünlüyünün gətirə biləcəyi bəlaları ifşa etmişdir. Əsərdə Tiflis кüçələri bütün gerçəklikləri ilə təsvir olunmuşdur. Yazıçı “Кeçmiş günlər” hekayəsində Süleyman bəyin Кnyaz Qurquraşvili və gürcü qızı Tamaranın toruna düşərək, aldanmasının təsviri ilə ibrətamiz sonluğu təsvir etmişdir. Süleyman bəyin saatının, qızıl кəmərinin, pullarının Кnyaz Qurquraşvili və gürcü qızı Tamara tərəfindən oğurlanması onun pula və ad-sana hərisliyinin nəticəsi idi. Ədib “Кeçmiş günlər” hekayəsində hadisələrin gedişatının təsviri vasitəsilə oxucunu maarifləndirir.                                                                                              Əbdürrəhim bəy Haqverdiyevin maarifçilik görüşlərinin əks olunduğu digər bir hekayəsi də “Uca dağ başında” əsəridir. Əsərdə insan və cəmiyyət problemi öz əksini tapmışdır. Belə ki, hekayədə kiçik bir şəhərin əhalisinin dünyagörüşü, mədəniyyəti, yaşam tərzi yazıçı qələminin ecazkarlığının gücü ilə oxucuya çatdırılmışdır. Təsvir olunan şəhər uca dağ başında, mədəniyyət mərкəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər idi. Ədib əsərdə çox güclü peyzaj nümunələri yaratmışdır. Söz vasitəsi ilə kiçik bir şəhər oxucu gözündə çox asanlıqla canlana bilmişdir. Bu şəhər dağın sağ və sоl ətəкlərindən кöpüкlənərəк sürətlə axan iki çay arasında yerləşirdi. Buranın səfalı meşələri, sərin bulaqları və havası məşhur şairləri, ədibləri, musiqişünasları, xanəndələri məşhur idi. Ədib əsərdə bu kiçik şəhərin təbiətini və insanlarının məşğuliyyətini iki qismə ayırıb, təsvir edir. Belə ki, May ayının birindən sentyabrın оrtasınadəк şəhər şənliк və abad оlur, yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan кöçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərir, şəhərin haləti tamamən dəyişilir, tərəddüd azalır, ticarət кəsilir, camaat biкarlayıb özünə məşğuliyyət axtarır. Ədib əsərdə məşğuliyyətsiz insanların faciəsindən söz açmışdır. Məşğuliyyətsiz qalan insanlar elmdən kənar olduqları üçün onların yeganə məşğuliyyətlərindən ən birincisi dəli оynatmaq olur. Yazıçı “Uca dağ başında” hekayəsində elə bir cəmiyyəti tənqid edərək, ifşa edir ki, orada insanlar dəli оynatmaqla vaxtını кeçirirdi. Ədib dəli oynatmaq səhnəsini bütün eybəcərlikləri ilə bərabər oxucuya çatdırmışdır. Dəlilər meydanda başı açıq, ayaqyalın, libası cındır vəziyyətində о baş-bu baş gəzdirilirdilər. Məşğuliyyətsiz qalan insanlar cəmiyyətdə ən təhlükəli varlığa çevrilirlər.                                                                                                                           Əbdürrəhim bəy Haqverdiyevin digər bir maarifləndirici mahiyyətli hekayəsidə “Seyidlər оcağı” əsəridir. Əsərdə camaatın cahilliyi, avamlığı, elmsizliyi və mərifətsiziliyi tənqid edilir. Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçılar ifşa olunur. Ədibin “Seyidlər оcağı” hekayəsi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilə səsləşir. Hekayədə İranda vəziyyət bütün ayrıntıları ilə əks olunmuşdur. Ədib əsərdə mütrübləri, hоqqabazları, кəndirbazları, meymun оynadanları, ayı оynadanları vaizləri, risalələri, mərsiyəxanları, seyidləri və dərvişləri tənqid hədəfinə çevirmişdir. Hekayədə İrandan gələn Seyid Əhməd və Seyid Səməd fırıldaqçı mollaların ümumiləşmiş obrazlarıdır. Onların niyyəti asan yolla yaşayışlarını təmin etməkdir. Ədib onların arasında olan dialoqlar vasitəsi ilə hər iki obrazın xarakterini ifşa edir. Əsərdə tipi öz dili ilə ifşa etmək olduqca qabarıqdır. Ədib əslində əsərdə binamazları, оruc tutmayanları, yetim malına qəsd edənləri, zinaкarları, əqidəsi süst оlanları tənqid hədəfinə çevirmişdir.                                                                              Əbdürrəhim bəy Haqverdiyevin “Seyidlər оcağı” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrdə maarifçiliyin alovlu təbliğatçısıdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

ATAKİŞİYEVA HƏCƏRİN YAZILARI


“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – Təkrirlər…

Təkrirlər…

(epifora)


Çəkil, fələk, get başımdan,
Susuram yorğun-yorğun.
Razıdır o, göz yaşımdan
Baxıram ağrın-ağrın.

Bir hovur dincəlim, gülüm,
Gələndə demir ki ölüm..
İçimdə tufandır, çölüm
Göl kimi durğun-durgun.

Qara olub ağ, artdıqca,
Üz rəngləyib ağartdıqca..
Onlar məni ağlatdıqca
Gülürəm darğın-darğın.

Qəm dərib arzu əkirəm,
Bilməyən sanır çökürəm..
Arı kimi bal çəkirəm
Çiçəkdən oğrun-oğrun.

Ömür yığılar addıma…
Hər addım sallam yadıma,-
Öz “ədalətli” adıma
Yaşaram uyğun-uyğun.

Adilə də pay diləyər,
Qoşula gedə küləyə…
Aşiq oldum bir mələyə,
Gözlərəm vurğun-vurğun.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ULDUZ” JURNALININ İYUN 2024-CÜ İL SAYI (PDF)

Təsisçilər: AYB və ULDUZ JURNALININ ƏMƏKDAŞLARI

Baş redaktor: Qulu AĞSƏS

“ULDUZ” JURNALININ BÜTÜN SAYLARI (PDF):

  1. “ULDUZ” JURNALI – 2024 (PDF),

Təsisçilər: AYB və ULDUZ JURNALININ ƏMƏKDAŞLARI

Baş redaktor: Qulu AĞSƏS

“ULDUZ” JURNALININ BÜTÜN SAYLARI (PDF):

  1. “ULDUZ” JURNALI – 2024 (PDF),

“ULDUZ” JURNALININ İYUN 2024-CÜ İL SAYI (PDF):

>>>>> ulduz-iyun-2024

EHTİYAT VARİANT: “ULDUZ” JURNALI  (PDF)

QEYD: ƏVVƏLKİ İLLƏRİN PDF ARXİVİ – AYB


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı yazır

Mövsümsüz açanlar

Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.

Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.

Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.

Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.

Onlar yaşayırlar… amma necə?

Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…

Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?

Qayələri də bu!

Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!

Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!

Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.

Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SERGEY JİTOMİRSKİNİN “SİRAKUZLU ALİM” TARİXİ ROMANI YAYINLANIB

SERGEY JİTOMİRSKİNİN “SİRAKUZLU ALİM” TARİXİ ROMANI YAYINLANIB

Bu günlərdə tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub. Qədim yunan mütəfəkkiri Arximedin həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı VAQİF SULTANLI çevririb.

Qeyd edək ki, “Srakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayın evinin illər sonar romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.

Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977),  “Monqolustan və Tibet tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992),  “Qədim astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə çevrilmişdir.

Sergey Jitomirskinin ilk dəfə 1982-ci ilə yayınlanan “Sirakuzlu alim” tarixi romanı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Arximedin həyat yoluna işıq tutan əsər sadə, çəkici bir dillə yazılmış, alimin riyasiyyat və fizika sahəsində qazandığı elmi uğurlar bədii səpkidə canlandırılmışdır. Romanın mühüm özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat yolunun deyil, bütövlükdə antik dönəmin əfsanə örtüyünə bürünmüş tarixi mənzərəsinin yaradılmasıdır.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

VAQİF SULTANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Nazlı, sən!

Nazlı, sən!

Nazlı-nazlı baxışına heyranam
Heyranam ki, doğulandan nazlısan.
Hər sözünə, dürr sözünə vurğunam,
Bəxtəvərəm, anam oldun, Nazlı, sən!

Doğulandan ruhun oldu beşiyim,
Abrın oldu, həyan oldu keşiyim.
Halallığa ocaq, evim-eşiyim,
Sabahıma inam oldun, Nazlı, sən.

Hara getsək, hardan gəlsək yuva – sən,
Nəsil-nəsil gələnlərə yuvasan.
Güclülərin güc aldığı havasan,
Gücsüzlərə güman oldun, Nazlı, sən!

Ağam olub evimizin yarağı,
Əllərinlə yandı onun çırağı.
Oğlu, qızı, on bir oğul-uşağı,
İsitməkçün yanan oldun, Nazlı, sən.

Hamımızın anasısan duymadım,
Özüm sevdim, başqalara qıymadım.
Mahirəyəm, baxmağınan doymadım,
Nazla baxan sonam oldun, Nazlı, sən!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AŞURA ƏZADARLIĞI VƏ QƏDİM TÜRK AYİNİ – YUĞLAMA

AŞURA ƏZADARLIĞI VƏ QƏDİM TÜRK AYİNİ – YUĞLAMA

Hər il İmam Hüseynin (Allahın salamı olsun ona) şəhadəti, Kərbəla faciəsi yad edilərkən demək olar ki, eyni, standart məzmunlu iradlarla rastlaşırıq.

Bir tərəfdən deyilir ki, əzadarlıq mərasimləri xurafatdır, digər tərəfdən isə iddia edilir ki, bu ənənənin Azərbaycan xalqına, əslində, heç bir aidiyyəti yoxdur.

Sözsüz ki, insanın özünü zəncirlə döyməsi, qılıncla, xəncərlə yaralaması, yəni özünə xəsarət yetirib sağlamlığına ziyan vurması heç bir halda təqdir edilə bilməz. Yeri gəlmişkən, müasir Azərbaycanda Aşura günlərində qanvermə mərasimlərinin keçirilməsi şübhəsiz ki, olduqca savab bir işdir. Amma bizi maraqlandıran başqa məsələdir. Əzadarlıq ənənəsi həqiqətənmi Azərbaycan üçün yad ənənədir?!

Təziyə mərasimlərinin Azərbaycanla əlaqəsini araşdırarkən nəzərimizi cəlb etmiş aşağıdakı maraqlı faktları oxucuya təqdim edirik.

“O günlərdə (Kərbəla faciəsindən az sonra) Əbdurrəhmanın atası Səid ibn Mixnəf Əzdi Azərbaycanda idi. Əbdurrəhman evə yetişdikdə atası da gəlib çatdı və əhvalatı oğlundan soruşdu. Oğlu əvvəldən sonadək hər şeyi danışdı. Səid onun söylədiklərini eşidən kimi huşunu itirib atdan yıxıldı.

Özünə gələndən sonra – əfsus ki, burada olmadım ki, canımı o Həzrətə fəda edim – deyərək elə ağladı ki, orada olanların hamısını ağlatdı. Hüseyn əleyhissalamın dostları Səidin gəlişindən xəbərdar olub əza məclisi təşkil etdilər.

Üç gün Həzrəti Hüseyn əleyhissalama əza saxladılar. Səhəri gün Bənu Əzd qəbiləsinin üzvləri Səidin Azərbaycandan İraq alayı (3.000 döyüşçü) ilə gəldiyini və çoxlu mal gətirdiyini eşidib dəstə-dəstə onun görüşünə gəldilər. Səid yaxasını cırmışdı. Gələnlər Həzrəti Hüseyn əleyhissalamın müsibəti münasibətilə ona başsağlığı verdilər. Səid dedi: Camaat, Azərbaycanda padişah idim. Kufə, Bəsrə və İraqdan çoxlu məktub aldım.

Məni Kufəyə tələsdirdilər ki, ora gəlim. İstəyirdim ki, İmam Hüseyn əleyhissalam Məkkədən Kufəyə gələndə ona qoşulum, yaxud düşmənlərin hücumuna məruz qalarsa, o Həzrətin imdadına yetişim. Amma bunların heç biri mümkin olmadı. Hüseyn əleyhissalamın adı gələndə ciyərim yanır, parçalanır, dağılır, bu həyatda yaşadığıma görə özümü qınayıram”.

Haşiyə. Qədim Azərbaycanda yuğ adlı bir ayin olmuşdur. Yuğ mərasimi zamanı matəm nəğmələri (ağılar) ifa edilir, iştirakçılar üzlərini cırır, saçlarını yolur, başlarına kül tökür, qara geyinirdilər. Ərəb fəthlərindən və İslam dininin yayılmasından sonra həmin ənənə tədricən unudulmuş, yaddan çıxmışdır. Zənnimizcə, Azərbaycan dilindəki “yuğ”, “yuxu” və “yox” sözlərinin mənşəyi eynidir.

Yeri gəlmişkən, İslam ariflərinə və “Kitabi-Dədə Qorqud”a görə, yuxu kiçik ölümdür. Maraqlıdır ki, rus dilində yuxuya, yəni “kiçik ölüm”ə «сон» (son – axır) deyilir. Dünya həyatının – ömrün sonu ölümdür. Ölüm, əslində, insanın özünü deyil, onu əhatə edən maddi aləmi yoxa çıxarır. O həyatın əbədi mərhələsinə keçiddir. İmam Əli əleyhissalam sui-qəsdə məruz qalıb ölümcül yaralandıqda demişdi:

“Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım”. Dilimizdəki “yol”, “öl” (ölüm) və “ol” (olum) sözlərinin bir-birinə bənzəməsinin səbəbi budur ki, onların hər üçü, faktiki olaraq, eyni mənanı ifadə edir, ömrü, həyatı bildirir. İnsan ömrü səfərdir, yoldur: “yol” (yol ömürdür) –“öl” (ölüm keçiddir) – “ol” (olum əbədi həyatdır).

Beləliklə, Aşura şəhidləri üçün, ola bilsin ki, ilk təziyə mərasimi məhz Azərbaycandan gəlmiş 3.000 döyüşçünün iştirakı ilə keçirilmişdir. Amma bir tərəfdən, müəllif həmin hərbi birləşməni İraq alayı adlandırır, digər tərəfdən isə, ilk əzadarlıq məclisinin hansı formada keçirildiyi barədə dəqiq məlumat vermir. Lakin istənilən halda, sözügedən mənbədə Azərbaycan adının çəkilməsi maraq doğurur.

Bəs həmin dövrdə Azərbaycanda hansı xalq yaşayırdı? Gəlin, VII əsrə aid edilən “Kitab-əl-futuh” əsərinə nəzər salaq: Xəlifə Müaviyə özünün yaxın adamı Ubeyd ibn Şəriyyə əl-Curhumidən Azərbaycan haqqında soruşmuş və ondan belə bir cavab almışdır: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir. Onlar burada bir-birlərinə qaynayıb-qarışmış və vahid qövmə çevrilmişlər”.

Yuxarıdakı məlumatdan bəlli olur ki, Azərbaycanın və ümumilikdə Qafqazın əzəli xalqlarından biri də türklərdir. Belə isə türklər qədim zamanlarda böyük şəxsiyyətlərinin matəm mərasimlərini necə keçirirdilər?

VI əsr qot tarixçisi İordan: “Atilla öldükdə hunlar öz adətlərinə uyğun olaraq saçlarının bir hissəsini kəsib üzlərinə dərin yaralar vurdular. Hunlara görə, igid döyüşçüyə qadınların göz yaşı ilə deyil, kişilərin qanı ilə ağlamaq lazımdır”.

VII əsr Çin müəllifi Çjou-şun qədim türklərin matəm adətləri haqqında: “Ölüm günündə olduğu kimi, dəfn günündə də mərhumun qohumları qurban kəsir, at çapır və öz sifətlərini iti silahlarla yaralayırlar”.

VIII əsr Orxon–Yenisey abidələrindən: “Gözlərimdən yaş axır, fəryad qəlbimin dərinliklərindən gəlirdi, adamlar ağlayır, nalə çəkirdilər. Xalqın çoxu saçını, üzünü kəsirdi”.

Göstərdiyimiz misalların uzaq Pannoniya (Macarıstan) hunlarına, Altayda yaşamış göytürklərə aid olduğunu, onların Azərbaycanla heç bir bağlılığının olmadığını söyləyənlər qoy dilimizdəki bu ifadələrin mənasını izah etməyə çalışsınlar: “Qara qıyma gözləri qan yaşla doldu” (“Kitabi-Dədə Qorqud”dan), “gözlərindən qanlı yaş axdı”, “qan ağladı” və s.

Yazımızı dahi Hüseyn Cavidin Kərbəla müsibətinə həsr etdiyi növhə ilə yekunlaşdıraq.

Kərbəla Şahının adını еşidən,
Əza məclisində matəm saxlayar.
Matəm məclisində başına döyər,
O məclisdə olar hamı bərabər.
Ey ürək, sən bir an da bu müsibətdən gəl qafil olma,
Cəza günü onun şəfaətindən başqa bir mükafat yox,
Açıq gözlə baxsan şəhidlər ağasına, susuz Şaha sən,
Zəhranı bir küncdə qəmli görərsən,
O gecə nalə çəkib əza saxlamış,
Oğlunun nəşinə baxaraq demiş,
Qatilin etmədi Allahdan həya,
Zeynəb göz yaşlarını axıdaraq,
Şəhid Şahımıza matəm saxlamış,
Arif, bu müsibətdən gəl qafil olma,
Ariflər məclisi üçün bir qənimətsən.

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məşhur filosoflar azadlığı harada hiss edirdilər?

Məşhur filosoflar azadlığı harada hiss edirdilər?

  • Karl Yunq: Özünü qınamaq cəsarətində
  • Kant: Haqqı mükafatı olduğu üçün yox, doğru olduğu üçün sınamaqda
  • Sartr: Hərəkətləriniz üçün məsuliyyət daşımaq cəsarətində
  • Nitsşe: Dünyaya yaxşılıq və şərdən kənara nüfuz edən gözlə baxmaqda
  • Spinoza: Özü olmayanlar üçün azadlıq yoxdur
  • Seneca: Kənardan hamı kimi görünməkdə və daxildəki fərqlərimizi qorumaqda
  • Albert Kamyu: Təsadüflərin həyatınızın hekayəsi olduğu bir dünyada azadlığı necə axtara bilərik?
  • Karl Marks: Azadlıq sosial ədalətlə əldə edilir və bu, sərvətin ədalətli bölüşdürülməsi ilə təzahür edir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Naibə Yusif – Yorulmuşam.

Yorulmuşam

Yorulmuşam, qoca dünya,
yorulmuşam.
Çalxalanıb dağ selitək
ümmanlarda boğulmuşam…
Əkilmişəm damla-damla
dəryaların sinəsinə,
aram-aram qarışmışam
dalğaların nəfəsinə…
Nəriltili dağ selimdən
bir əsər yox!
Qovuşduğum ümmanlarda
bir kəsər yox…
Çalxalanır aram-aram,
layla deyir dağ selimə,
arabir də asta-asta
“sığal” çəkir sərt telimə…
Yumşalıram aram-aram,
bilməyirəm,
harda yoxam, harda varam,
bölünürəm param-param…
Yorulmuşam, qoca dünya…
Eldən-elə daşınmaqdan yorulmuşam.
Dəryalarda aşınmaqdan yorulmuşam.
Haqq görəndə yaşınmaqdan yorulmuşam.
Yorulmuşam, qoca dünya….

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bircə – “Əhli- beyt”

Biz “sovetin uşaqları” olsaq da , evlərimizdə palıd kimi köklü- köməcli nənə- babalarımız “Əhli- beyt”i unutdurmadılar..

Qonşumuz ağ saçlı, ağ saqqalı Mikayıl babanın səsi hələ də qulaqlarımda səslənir:

Deyin, necə tökülməsin yaş bu gün,
Kəsilibdi, yetmiş iki baş bu gün…

“Məhərrəmlik mərasimi”-ni , belə bir müsibəti ilk dəfə nənəmdən eşidib ,öyrəndim…
Arvad qatı dindar deyildi, amma bu təziyyəni ölüncə unutmadı.
Heç yadımdan çıxmaz, həmən günü qətl sınınca evə girməzdi.
Belə isti havalara təsadüf olurdusa, günün şaxıyanında qapımızda var- gəl eliyə – eliyə bayatı deyib ağlayırdı:

-Şümür, ağ oğlun ölsün,
Bağrı dağ oğlun ölsün.
Azarrayıb yatmamış,
Sappasağ oğlun ölsün…

Böyük qardaşım Səməndər qapımızın ağzına, öz pəncərəsinin altına qızılgüllər əkmişdi.
Gün çırtıyan kimi qara kəlağayısını həmən gül ağacına bürüyərdi.
Saçımdan qırmızı bantlarımı açırdı, çəhrayı sandallarımı mal pəyəmizin qapısının arxasında gizləyəndə anam, əmim arvadı güllü qoftalarını soyunub ,qarasını deyərdilər.
Qardaşlarımın patefonunu cərəyandan ayırırdı, atamın xırda əl radiosunu jiletinə büküb yükdə gizlədirdi.
Qorxurdu ,evin kiçikləri birdən onu açıb musiqi zad dinləyərlər…
Anamı sabun əritməyə, uşaq .çimizdirməyə , paltar yumağa qoymazdı.

Mərasim qışa düşsəydi, eyni şeyi qarın- boranın altında eləyirdi…
İtgin- sürgün qardaşlarını da Kərbəla şəhidlərinə qatıb ağlardı. Gözünün yaşını silmirdi, sinəsi aşağı axıdırdı, deyirdi , gözünün yaşı sinəsi aşağı axanların yeri bir ayrı olar, o dünyada…
Qətl gününün axşamı daha çox kədərli olurdu.

Yeməyimizi axşam süfrəmizi ertəli açdırırdı, şər qovuşan kimi işıqları söndürürdü…

Beləcə, nənəmin təziyəsinin Şəmi – Qəribanı başlayardı.
Arvad yanan xeymələri, kəsilən başları, susuz körpələri, qanlı meydanda bir cüt qələm qollarından olan Həzrət Abbası gözünün önünə gətirib yaşını sel kimi axıdırdı.
Nənəmi gözündən, əlindən, baxışından anlayan anam bizi yerimizə yığıb çökərdi arvadın böyrünə.

Od- yalov xarakterini heç övladları belə bilməyən qaynanası əlini süfrəyə uzatmayınca acından ölsə belə anam ağzına loxma aparmazdl.
Nənəm də ki, hər saat acımazdı…

Nənəm heç vaxt hədik bişirməzdi. Bu işin qarğaşasını Səkinə bibim çəkirdi.
İmamların yeddisidə halva çalıb yeddi evə pay göndərirdi.

Qırx çıxınca üzü gülməzdi, heç kimlə danışmazdı.

Səməndər tarixçiydi, araşdırmalar aparırdı, rayon qəzetimizdə maraqlı yazıları ,hekayələri çap olunurdu.

“Məhərrəmlik mərasimi necə meydana gəldi” başlığıyla bir yazısı çap olunmuşdu .
Orda nə yazıldığını unutmuşam. Musa əmimin dərs oxumayan Mahir oğlu qardaşımı nənəmə çuğullamışdı. Arvad sevimli nəvəsindən yaman küsmüşdü.
Heç nəylə nənəsinin könlünü ala bilməyən qardaşım, qəzeti əlinə alıb yazdığı elmi məqalənin tamam əksini, nənəmin illərdi bəyənib təqdir elədiyi şeyləri qəzetə baxa- baxa ona söyləmişdi.
Nənəsiylə barışmışdı.

Dərs dediyi əmim oğluna yalandan beş yazmışdı ki, dilini dinc qoysun…

Bir onu bilirəm ki, bizlər də ölüb gedəcəyik , bu faciə nəsildən- nəslə ötürüləcək. Çünki, bətnimizdəki körpələrimizin də beyninə onu əkib sonra bu dünyaya gətirmişik.

Xocalı boyda da müsibətizi heç unutmarıq.
Onların da yarası sağalmaz.
Körpəsini, çağasını kol dibində gizlədib sinəsini yağı gülləsinə sipər eləyən ana , balası əlindən alınıb süngüyə taxılan, döşü kəsilən , başı qoparılan şəhidlərimiz də Kərbəla çölündə qanı çay olanlar qədər yandırır bizi.

Yağının tikə- tikə doğradığı gülburnu, əli xına görməyən, çiyni gərdəyə dəyməyən Natiq də o səngərdə günlərlə susuzluqdan yanmışdı.
Yerə düşən kimi su istəmişdi.
İnanmıram, şümür ona su verib…
Natiq də bir Kərbəla şəhidi deyilmi?

Poladımız, Mübarizimiz, Fəridimiz var bizim….
Ruhları şad , cisimləri ipək üstə yatsınlar.

P.S.foto 14 iyul 2024-cü il Yuxarı Gövhər Ağa Məscidində çəkilib.

Müəllif: Bircə XANIM

BİRCƏ XANIMIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"