Üç ailə qurmayan (yəni heç qurmaq şansları da yoxdu), xanımla gün ərzində yaxın təmasda oluram İkisinin yaşı 60 , digərininki əllini haqlayıb.
Biri gəlin, adı qardaş, özü də gəlindən seçilməyən qardaş evində, biri ata evində evli qardaşın ailəsiylə, biri anası və qardaşının ailəsiylə…
Girinc, dərdə giriftar, taleləri qəvi, ömürləri zəbun… İkisinin özünə məxsus otaqları belə yoxdu. İşli, güclü, namuslu- qeyrətli .
Di gəl heç birinə ürəkli yaxınlaşmaq olmur. Elə biləsən “zapalı” çəkilmiş əl bombasıdı, indicə partlayacaqlar.
Hər şey xətirlərinə dəyir, doğan günəş, çıxan ay, axan su…
Qalan şeylər, insanlar çoxdan onların arzu və könüllərini ikiyə bölüblər.
Onlarla həmişə həlim olmağa çalışıram. Axı bu gözəl dünyada heç nə görmədilər. Heç kim olmadılar. İmtiyazsız yaşadılar. Gəlin olmadılar, qadın olmadılar, ən başlıcası, ən gözəli ana olmadılar.
Çox heyif.
Təkcə ana olmaq, bu həyatın bütün ağrılarının, acılarının, dəhşətlərinin , yoxluqlarının təpəsinə yekə bir qılınc çalmaq deməkdi.
Həzrət Əli qılıncı…
Allah, qadınlardan hər şeyi alsa da tək ana olmağı almasın.
Biz “sovetin uşaqları” olsaq da , evlərimizdə palıd kimi köklü- köməcli nənə- babalarımız “Əhli- beyt”i unutdurmadılar..
Qonşumuz ağ saçlı, ağ saqqalı Mikayıl babanın səsi hələ də qulaqlarımda səslənir:
Deyin, necə tökülməsin yaş bu gün, Kəsilibdi, yetmiş iki baş bu gün…
“Məhərrəmlik mərasimi”-ni , belə bir müsibəti ilk dəfə nənəmdən eşidib ,öyrəndim… Arvad qatı dindar deyildi, amma bu təziyyəni ölüncə unutmadı. Heç yadımdan çıxmaz, həmən günü qətl sınınca evə girməzdi. Belə isti havalara təsadüf olurdusa, günün şaxıyanında qapımızda var- gəl eliyə – eliyə bayatı deyib ağlayırdı:
-Şümür, ağ oğlun ölsün, Bağrı dağ oğlun ölsün. Azarrayıb yatmamış, Sappasağ oğlun ölsün…
Böyük qardaşım Səməndər qapımızın ağzına, öz pəncərəsinin altına qızılgüllər əkmişdi. Gün çırtıyan kimi qara kəlağayısını həmən gül ağacına bürüyərdi. Saçımdan qırmızı bantlarımı açırdı, çəhrayı sandallarımı mal pəyəmizin qapısının arxasında gizləyəndə anam, əmim arvadı güllü qoftalarını soyunub ,qarasını deyərdilər. Qardaşlarımın patefonunu cərəyandan ayırırdı, atamın xırda əl radiosunu jiletinə büküb yükdə gizlədirdi. Qorxurdu ,evin kiçikləri birdən onu açıb musiqi zad dinləyərlər… Anamı sabun əritməyə, uşaq .çimizdirməyə , paltar yumağa qoymazdı.
Mərasim qışa düşsəydi, eyni şeyi qarın- boranın altında eləyirdi… İtgin- sürgün qardaşlarını da Kərbəla şəhidlərinə qatıb ağlardı. Gözünün yaşını silmirdi, sinəsi aşağı axıdırdı, deyirdi , gözünün yaşı sinəsi aşağı axanların yeri bir ayrı olar, o dünyada… Qətl gününün axşamı daha çox kədərli olurdu.
Yeməyimizi axşam süfrəmizi ertəli açdırırdı, şər qovuşan kimi işıqları söndürürdü…
Beləcə, nənəmin təziyəsinin Şəmi – Qəribanı başlayardı. Arvad yanan xeymələri, kəsilən başları, susuz körpələri, qanlı meydanda bir cüt qələm qollarından olan Həzrət Abbası gözünün önünə gətirib yaşını sel kimi axıdırdı. Nənəmi gözündən, əlindən, baxışından anlayan anam bizi yerimizə yığıb çökərdi arvadın böyrünə.
Od- yalov xarakterini heç övladları belə bilməyən qaynanası əlini süfrəyə uzatmayınca acından ölsə belə anam ağzına loxma aparmazdl. Nənəm də ki, hər saat acımazdı…
Nənəm heç vaxt hədik bişirməzdi. Bu işin qarğaşasını Səkinə bibim çəkirdi. İmamların yeddisidə halva çalıb yeddi evə pay göndərirdi.
Qırx çıxınca üzü gülməzdi, heç kimlə danışmazdı.
Səməndər tarixçiydi, araşdırmalar aparırdı, rayon qəzetimizdə maraqlı yazıları ,hekayələri çap olunurdu.
“Məhərrəmlik mərasimi necə meydana gəldi” başlığıyla bir yazısı çap olunmuşdu . Orda nə yazıldığını unutmuşam. Musa əmimin dərs oxumayan Mahir oğlu qardaşımı nənəmə çuğullamışdı. Arvad sevimli nəvəsindən yaman küsmüşdü. Heç nəylə nənəsinin könlünü ala bilməyən qardaşım, qəzeti əlinə alıb yazdığı elmi məqalənin tamam əksini, nənəmin illərdi bəyənib təqdir elədiyi şeyləri qəzetə baxa- baxa ona söyləmişdi. Nənəsiylə barışmışdı.
Dərs dediyi əmim oğluna yalandan beş yazmışdı ki, dilini dinc qoysun…
Bir onu bilirəm ki, bizlər də ölüb gedəcəyik , bu faciə nəsildən- nəslə ötürüləcək. Çünki, bətnimizdəki körpələrimizin də beyninə onu əkib sonra bu dünyaya gətirmişik.
Xocalı boyda da müsibətizi heç unutmarıq. Onların da yarası sağalmaz. Körpəsini, çağasını kol dibində gizlədib sinəsini yağı gülləsinə sipər eləyən ana , balası əlindən alınıb süngüyə taxılan, döşü kəsilən , başı qoparılan şəhidlərimiz də Kərbəla çölündə qanı çay olanlar qədər yandırır bizi.
Yağının tikə- tikə doğradığı gülburnu, əli xına görməyən, çiyni gərdəyə dəyməyən Natiq də o səngərdə günlərlə susuzluqdan yanmışdı. Yerə düşən kimi su istəmişdi. İnanmıram, şümür ona su verib… Natiq də bir Kərbəla şəhidi deyilmi?
Poladımız, Mübarizimiz, Fəridimiz var bizim…. Ruhları şad , cisimləri ipək üstə yatsınlar.
P.S.foto 14 iyul 2024-cü il Yuxarı Gövhər Ağa Məscidində çəkilib.
Xəstəliyin yolunu səbirsizliklə gözləyirdim. Ola bilməzdi , bu rahatlıqda, bu gözəllikdə , bu sakitlikdə azar məni xırxalamasın.
Həkimim 60 yaşında ,nazik rus qadınıydı. Əsil həkimiydi. Həmişə deyirəm, Allah mənim bəxtimə gözəl həkimlər yazıb.
Qızdırmam qalxan kimi, məni ” bağladılar” çarpayıya , tibbi dəstəni də oturtdular yanımda. Elə qulluq elədilər, xəstəliyimin üçüncü günü ayağa qalxdım. Dördüncü günü həkimim dedi:
– Bu gün qonaqlarımız Maşuk dağına, Lermontovun öldürüldüyü yerə gedəcəklər, səni də dəstəyə qoşacam. Beş qardaş dağı çoxillik cökə meşələridi. İndi ağacların çiçək vaxtıdı, bu gəzinti bütün xəstəliyi canından çıxaracaq.
Hansı bulağın başında dayansalar, ordan su iç, əllərini yu, üzünə vur. Nağıllarımız yadıma düşdü, bir bulaqdan üzünü yu, birində saçlarını, birində qaşlarını, ol ,dünya gözəli. Olan- olmazdan torbama atıb, qarışdım camaata. Şəhər at şabalıdıyla əhatələnib. Bizdəki çoxillik çinarlar kimi iriləniblər.
Pyatiqorskı (yerli xalq beş tau deyir)çıxmamış avtobusumuz xarab oldu. Şəhər çox sakit, balaca , qırmızı kirəmitli , təmiz , tozsuz yerdi. Küçələrində adamlar azdı. Cavanların hamısı müharibədə, müharibəyə nifrət eliyənlər isə çoxdan sərhəddi bəridə qoyublar…
Qırılmış avtobusdan düşən kimi şıdırğı yağış başladı. Canım qızdırmalıdı deyə qalın geymişəm. Oğlumun qəribə xasiyyəti var. Bir saatlıq evdən çıxsam belə, yenə məni at kimi çullayır.
İndi yenə qalın qoftalar, şərflər, ayaqqabılar yığıb ey zəmbilimə…
Dəstədə millət olaraq təkəm, bu heç mənim vecimə də deyil. Danışırlar, gülürlər, torbalarından nəsə götürüb yeyillər.
İri şabalıd ağacının altında daldalandım. Yeni avtobus gəldi, doluşub yola düşdük. Altı saatlıq gəzinti olacaq.
Beş qardaş dağını aralıdan görən kimi ,Kəlbəcərin Ağdaban kəndindəki yeddi qardaş dağı yadıma düşdü… O dağlar da beləcə yan-yana sıralanıb durmuşdular , mən görəndə .
İlk duralğamız şairin öldürüldüyü yer oldu. Qalın meşənin içi, günəşin çox az düşdüyü bir yer.
Elə orda da barelyefini qoyublar.
Bələdçi xanım pafosla danışır, Martınova çox acıqlıdı, mən hündür ağacın dibində otururam. Ayaqlarım əsir, başımdan tər açılır, hündürlükdən təzyiqim qalxır.
Gəldiyimə peşmanam. Daldaya çəkilib yaş qoftamı dəyişirəm, boyunu sevdiyim kəlağayımı çiynimə salıram, yenidən dəstəyə qoşuluram.
Bir anlıq hamı böyük şairi unudur, diqqətlər mənim çiynimdəki ovsunlu kəlağayıya yönəlir. Bunu hiss eləyib lap forslanıram. Bədənimdə “ikinci cəbhə” açılır…
Qızdırma yoxdu, başım ağrımır, əhvalım çox yaxşıdı…
Bütün bunları gözəl yaylığıma borcluyam.
Rus xalqı həqiqətən öz şairinə layiqincə sahib çıxıb. Bütün şəhər ancaq Lermontov qoxuyur. Müxtəlif şəhərlərdən gəlmiş adamlar onun öldürüldüyü yerdə dualar oxuyur, xaç çevirir, göz yaşı tökür, torpağı öpürdü.
Onun sıldırım qayalar arasında çimdiyi iyli gölə tunel çəkiblər, gölü cağbəndə alıb ora heç kimi buraxmırlar. Gölün üstündən göyə millənən qayalarda yüzlərlə göyərçin yuva qurub.
Şairin hər gecə gölə enən ruhunun çiyinlərinə qonurlar…bunu bələdçi xanım dedi.
Onlarla yeri gəzdik, muzeyini ziyarət elədik, bura gələrkən qaldığı küləş örtüklü komasına baxdıq.
At axuruna getdik. Yoruldum, hətta paxıllıqdan bezdim. Çox paxıllığım tutdu, Lermontova.
Başladım öz dilimdə azeylənməyə, deyinməyə.
Bayaqdan kəlağayıma qəribə bir baxışla baxan cütlük artıq üzümə gülümsəyirdilər. Hara gedirdimsə, arxamca gəlirdilər. Mən ilk baxışdan onları gürcü ailəsi zənn etmişdim.
Narzanın iyli suyunu içən kimi, mədəm hoppanıb ağzıma dürtüldü.
Elə biləsən bir qabın içinə qurbağa, siçan, it öldürüb atıblar, üstünə də su töküb qoyublar günün altına. İndi o suyu süzüb sənə içirdillər.
Daldaya çəkilib qaytardım, dana kimi böyürdüm.
Bir də gördüm kimsə əlini başıma qoydu, qolumdan tutdu. Qaraqaş, qara saçlı, qarayanız xanım , (məni izləyən cütlüyün xanımı) mənim dilimdə danışmağa başladı.:
– Al suyu ,üzünə vur, yəqin təzyiqin qalxıb, deyib şüşədən ovcuna tökdüyü suyu üzümə vurdu.
Gülüşüm, həyəcanım içimə qayıtdı, mədəmdəki sonuncu qidanı da bayıra püskürdüm. Heç demiyəsən qadın da üzümə iyli sudan çırpıb…
Olan- qalan heyimi də qusmaq aldı əlimdən. Hardan təmiz su tapdılarsa yenə əlimin, üzümün iyini təmizləyə bilmədim.
Oturuqlu qaldım, mənim dəstəm meşənin içinə doğru getdi. Lermontov depressiyada olanda Maşuk dağındakı bir talada , iri palıd , cökə ağaclarının altında, özünün daşdan yonduğu stulabənzər şeyin üzərində oturub saatlarla xəyala dalırmış.
Geri baxdım ki, gəldiyimiz avtobus görünür. Mən də düşdüm dəstənin getdiyi cığıra.
Qalın meşənin içində tanıdığım çiçəkləri dərib ovalayıb üzümə sürtürddm ki, bəlkə üfunət iyini apara bildim. Xeyli urəli- geri getdim, bəni- insan görmədim. Sürətlə geri qayıtdım, avtobus yerində yoxuydu….
Səfər başlayanda bələdçi öz nömrəsini telefonlarımıza yazdırdı. Hamı arvada zəng eliyə bildi, məndə alınmadı, heç özüm də əhəmiyyət vermədim. Təkidlə tapşırmışdı, azdığınızı hiss elədizsə, gördüyünüz cığırlarda oturun…
İlk ağlıma oğlum gəldi. Məni bu qalın meşədə tapmasalar, o neyliyəcək.
Çünki, bu səfərin torbasını o tikmişdi. Mənim nə işim vardı ,uzaq ellərdə.
Sonra qardaşlarımı düşündüm, gec tapılsam, onların təhnizindən, lağlağısından necə yayınacam?
Məni burda ayı, canavar, çaqqal parçalasa, elin üzünə necə çıxacaqlar?
Ancaq pis şeylər düşündüm. Cığırın alt tərəflərində, tanımadığım ağacların dibindən dolma yarpağı yığdım, türklərin sarı kantoron, bizim çay çiçəyi dediyimiz çiçəkdən balaca bir taya qurdum…
Jaketimi sərib üstündə uzandım, başı göylərə dəyən ağaclardan yuxarı boylandım…
Meşənin sıxlığı göyü aydın görməmə mane olurdu İstəyirdim burdan özümü Allaha göstərim.
Mən hər zaman demişəm, məni qoruyan bir qüvvə var. Elə qüvvə ki, mən onu görmürəm, amma o hər an mənimlədi. Məni gözündən qoymur ,illərdi məni hər bəladan xilas eləyir. Yenə o qüvvəmlə sakitcə danışmağa başladım. Əlimin ,üzümün üfunət qoxusunu unutdum. Özümü sehirli bir aləmə saldım…
Bilmirəm nə qədər keçdi, birdən qulağıma öz dilimizdə səs gəldi:
– Bacı, ay bacı, yaylıql bacı… Azmamışdan qabaq üzümə su vuran qadınıydı, əri də yanında. Qalxıb onlara əl elədim…
Bir az irəlidə səfər yoldaşlarımdan çoxunu gördüm…
Heç demiyəsən hamı məni gəzirmiş. Aradan əlli dəqiqəlik bir zaman keçib.
Məni tapan , öz dilimizdə danışanların kimliyini yəqin ki, bildiniz … Bizim köhnə qonşularımız. Amma heç vaxt Qarabağımızda olmayıblar. Krasnodar vilayətində yaşayıblar.
Avtobusa qalxan kimi hamı əl çalmağa başladı. Bir neçə xanım məni qucaqladı.
Otelə çatanda həkimimi qapıda təlaşlı gördüm. Düşən kimi altıma stul verdilər, təzyiqimi ölçdülər, iynə vurdular.
Mən də içimi yeyirdim, öyrəncəliyik axı, xəstələnəndə danlanmağa, yıxılanda döyülməyə, Evə gec gələndə söyülməyə…
Xüsusi diqqət və qayğı yaza bilmədiyim isterikaya saldı. Məni bir şey maraqlandırırdı.
– Oğluma xəbər verməyiblər ki? Həkimim yox deyəndə, elə bərkdən güldüm!! Nə vaxt belə güldüyümü heç xatırlaya bilmədim.
Səfər yoldaşlarım dedilər ki, sənin dəstədə olmadığını o ailə bildi.
– Yaylıqlı qadın yoxdu, dedilər…
Nə Maşuk dağı, nə kəlağayı , nə də meşədə itməyim sinəmdəki Qarabağ yarasını mənə unutdura bilməz. Sadəcə öz dilimdə eşitdiyim sözlər, mənə ( bəlkə də yaylığıma) təbəssümlə baxan baxışlar, mənim üçün narahat olan adamları sizlərə demək istədim. Başqa heç nə….
İgid Natiqə Milli Qəhrəman adı verdi , dövlət başçımız…
Nə qədər ki, Natiqin o duruşu, idman geyimindəki baxışları var eyy, bizim nəyisə unutmağa haqqımız çatmaz.
And içmişəm… Xankəndində özümə iri bağı olan həyət evi alacam. Həmən bağda çoxlu qoz- fındıq ağacları əkəcəm. ( kimsə gəlib Vəz….un qozları zad yazsa , həmən blok..) Bağımın ağacları belə bar verəndə şəklini çəkib paylaşacam. Dəniz Çiçəyi şişirdəcəm. Düz bir ay ceviz toplayacam , heç bundan yorulmayacam.
Orda qəşşşəng bir ev tikəcəm , Vüsal Oğuzun qonaqlar üçün tikdiyi evini döyəcək. Qızıl Əhmədi almalarım Nargilə Rəhman almalarını xaralda saraldacaq… Yuvamın ağbirçəyi mənim gözəl anam Azəri Həsənxani hamınıza üzərlik yandıracaq. Evimin küləfirəngisindən baxacam eeee, mənim gözəl diyarıma. İmarətimin gəvəli- kilimli yerindən Alov Inanna Eyvazova bütün şəhərə Şaman duaları oxuyacaq.
Ay toooova, şer də yazacam, direktor da olacam, molberti balkonumda qoyub rəsm də çəkəcəm, hələ arada saz da çalacam. Qoy Elşən Əzim in bağrı çatlasın.
Eləcə sevgi şerləri yazacam . Xa Nım hər gün öz dəniziylə sinəmə çəkdiyi dağın, yaranın yerini Qalanın havası sağaldacaq. Şəkillərimlə onun da işinə baxacam.
Bütün günü nə danışsam, altından həmən adımı yazacam. Məsələn, Təranə, dur mənə çay süz, müəllif Bircə…
Əziz qardaşım Fazil Yusif kimi , maaşımı başı bitli uşaqlara xərcləyəcəm.
Bağımdakı kirpiləri Azər Azer Qismetə göndərəcəm. Çiyələk ləkələrim yetişən kimi Rəbiqə xanımı başının dəstəsiylə çağıracam.
Adilə Nəzər Xankəndini bir günə gəzib qutara bilməz, Aləmzər xanımla bir xeyli qalarlar, gəzib çiçək yığallar. Narıngül Nadir qəşəng donlarını geyinib şəhərin küçələrində gəzəcək, mən də düşəcəm dalınca ki, günortadı, gəlin Qarabağ basdırması yeyək.
Bəsti İsmayıla özüm samovar qaynadacam. Besti Elibeylini özüm bilirəm neyliyəcəm. Onu Ərim gəldidə arı pətəklərinin yanında üşüdəcəm.
Şərq otağımı Qismət Rüstəmovun ixtiyarına verəcəm ki, bütün günü orda Prustdan , Kafkadan , Nobelli yazarlardan mühazirələr oxusun.
Sonra tərcümələr eliyəcəm. Həəəə, nolsun ki, dil bilmirəm. Guya hamı dil bilir????
İçində istədiyimi yazıb , kitabın üstünə V. Vulf, C. Ostin , Banin, Bunun yazacam. Onsuz da içini axtaran olmur ki.
Pul yığıb özümə çoxlu titullar alacam. Fəlsəfə mürəbbəbişirəni, Qvatemalanın fəxri vətəndaşı, Afrika qadın yazarlarının məşşatəsi, Çexovun palatasının medsestrası… Çox eee, lap çox.
Şuşa Dram teatrında tamaşalarımı səhnələşdirəcəm. Biletləri burdakı bütün dostlarıma paylayacam.
Adını yazmadığım dostlarım məndən inciməsinlər. Bu bir zarafatdı . Hamınızın xətri çox əzizdi…
Bircə Xanım yazır: “Ən yaxşı şeyləri müəyyən yaşıma qədır özümə qıymadım. Məsələn, ən gözəl yeməyi bişirdim, oğlum dərsdən gəlməyincə qazanın ağzını açmadım. Yavan çörək gəvələdim, o gələndə ,iştahım çoxdan ölmüş olurdu. Guya mən dolu qazandan onsuz bir tikə yesəydim, dünya dağılacaqdı?..
Onu evdə qoyub kollektivlə heç bir gəzməyə getmədim. Qaz, su, işıq, zəlzələ qorxusundan…
İş yoldaşlarımla axşam yeməyinə belə gedə bilmədim. Düşündüm ki, mənim soyuducumda bir qazan sup var, mən oğlumsuz necə gedib kabab yeyərəm. Hər şeyi (kitab oxumaqdan savayı) saxladım o evlənəndən sonraya. Oğlumun bal ayına aldığım biletin məbləğinə iş yoldaşım ev aldı. Mənim iyirmi günlük bir gəzintiyə verdiyim pul hələ də onu yandırır, mən qətiyyən peşman deyiləm.
Mən öz səyahətlərimi də saxladım yarı yaşdan sonraya. Bax buna çox heyif… Gərək eləməzdim. Heç olmasa sizlər eləməyin.
Çünki o yaşdan sonra sağlamlıq əl vermir. Ruh , həvəs, maraq sanki yasa batır. Adamı qəribə bir ərincəklik basır. Yuxu saatın, ayıq saatından lap çox olur.
Yanından yel ötən kimi xəstələnirsən, yaşdan doğan bir vasvasılıq, eybəcərlik hakim olur xarakterinə. Çoxunun bişirdiyini yeyə bilmirsən, bəzi yerlərin yatağında yata bilmirsən.
Gənc olanda bu şeylər haqda heç düşünmürsən.
Dediyim o ki, uşağınızla bərabər həyatın dadını çıxardın. Onun böyüməsini gözləməyin. Özünüzü də yekəldərək çox şeydən mərhum eləməyin.
P.S. Bir il iki ay əvvəl Naxçıvana getdim, hələ də özümü sağalda bilmirəm. Bütün dəlilikləri vaxtında eləyin.”