Əbilin gündəliyindən: 21 iyul 2007: İnsan başını qaldırıb göyə yenidən baxdı və “Çingiz xanın ağ buludu”n (Çingiz Aytmatovun əsəri) yazdı.Kahin xəbər vermişdi bu buludu XIII əsrdən. Göy Tanrı əvəzinə,boz qurd türkə yol göstərir. XIII əsrdə kahinlik dövrü çoxdan bitmişdi.Kahin isə son sözünü elə son nəfəsi kimi dedi.Günəşin qərbdən diğması son günəş doğuşu olacaq. Simurq quşunun Qaf dağındakı sirli yaşam tərzi çox maraqlıdı. Kramerə görə tarix hər nə qədər Şumerdə başlayırsa da,əslində,tarıx Allah inancının insanın başı üzərində olduğu gündən başlayır.
Əbilin gündəliyindən: 27 iyul 2007: İndi Az.tv-də Azər qağa (Əbilin əmisi Azər Turan) danışırdı.Qərbləşmək mövzusuna toxundu və dedi ki,alman Hegel Şərqdən yazır.Avropanın -Qərbin Şərqdən çox şey götürməli olduğunu qeyd edir.Biz özümüz şərqi cəhalət dünyası adlandıranda,qərbin ən böyük alimi Şərqdən yazırdı.Demək Şərq heç də tam mövhumata bürünməmişdi.Verməyə yaxşı dəyərləri həmişə olub,indi də var.Sadəcə biz üzümüzü Avropaya tutmuşuq və gözümüz qarşısında canlanan hədsiz gözəlliyi tək varlıq kimi qəbul edirik.Ancaq gəlin unutmayaq,İsgəndər uca Himalay dağın aşıb vadidəki Hindistana can atırdı. Bizim bu günki halımız, arxasında işıq yanan adamın üzünü çevirdiyi tərəfə bənzəyir.Adamın arxasında işıq yanır və önündəki uzaqlığı aydınladır.Bu uzaqdakı işıqlı dünya qərbdi.Bir az yaxına gəldikdə isə öz kölgəmizi görürük.Əslində biz üzümüzü- səmtimizi dəyişsək bu dəfə başqa cür olacaq.Bizim arxamızı çevirdiyimiz tərəf Şərqdi.Bizim xəbərimiz yoxdur ki,əsl nur qaynağı Şərqdədir.Məhəmməd İkbalın bir sözü var: Qərb zahirə baxıb mənaya baxmamış,Şərq isə mənaya baxıb zahirə baxmayıb. Hər halda günəş Şərqdən doğur.Ən azından indilik.Çünki böyük gündə- qiyamət günü günəş Şərqdən doğmayacaq,qərbdən doğacaq.Təsəvvüf inanışında da itirilmiş cənnət məhz Şərqdədir.Qaf dağının Simurğu hər səhər qərbdən göyə qalxır ki, bu cənnəti tapsın.Ona da inanılır ki,bu cənnəti yalnız Simurq tapacaq.Ona görə də lazımdır ki,bu cənnəti tapmaq üçün Simurqla sən də göylərə qalxasan.Buna görə də ilk öncə Simurğun yaşadığı Qaf dağının yerləşdiyi qərbə getməlisən.Qaf dağının yerini tapdıqdan sonra,yalnız bu zaman Herman Hesse’nin dediyi kimi “Şərq Səfəri”nə başlaya bilərsən. Rəvayıtə görə Simurğu tapmaq üçün 30 quş göndərirlər.Bütün dünyanı gəzən bu quşlar sonda öyrənirlər ki, 30 quş- si murğ olduğu üçün,yənu 30-si, murg -quş (farsca) Simirğ elə bu quşların özləridir. Simurğu axtaran Kamillik zirvəsinə qalxanda anlayacaqlar ki,Simurğ onların özləridir.İtirilmiş cənnəti axtardıqları üçün Simurğ özləri olduğu üçün demək itirilmiş cənnəti də özlərində axtarıblar.Və sonda Arif olan cənnəti öz içində tapır. Azər qağa bir də Mövlanədən sitat gətirdi.Mövlanə deyir: İnsanın sevdiyi hər şey gözəldir,lakin hər gözəli sevmək olmaz.Sevgidə də dərəcə olmalıdır.Hz.Əlinin bir sözü var,deyir,bir adamın gözünü sevdiyi şey örtər…Eyni zamanda Ərzurumlu İbrahim Hakkı da deyib ki,”Eşq insanın ona zərər olanı sevməsidir”. Həqiqətən,Pərvanənin mumun alovunu sevməsi gözəldir.O sevgisi uğrunda canından keçib özünü oda atır.Bu,sevgi də irəliyə (məhvə) gedən yoldur.Alova atıldığı zaman pərvanənin həyatı bitir,əvəzində əfsanəsi doğulur.
Əbilin gündəliyindən: Füzuli haqqında 20 aprel 2007: – Füzulinin böyüklüyünü kim anladı? Çoxları dedi mən! Əslində, heç kəs. Füzuli zirvədi. Elə bir zirvə ki, bizim dünyamızla o zirvə arasında bir tək yol var. O yol gözə görünməz, bilinməz. O hiss edilir. Aşiq olmayanlar o yolu görməzlər. Tutaq ki, aşiq oldun və o yolu gördün, tapdın. Ancaq bu da yetməz. İş orasındadır ki, o yolu aşiqlər görsə də gedə bilməzlər. O yolu yalnız və yalnız aşiqliyi dərk edənlər gedə bilər. Dərk etmək üçün isə Məcnun olub, onun yaşadıqlarını hiss etməlisən. Allahı dərk edib Leyli kimi gözəli yaratdığı üçün ona həmdü sənalar etməlisən. Sevginin Məcnununa çevrilməyi bacarmalısan. Bax bu zaman Füzulini dərk edə bilərsən. Əgər bütün bunlar səndə yoxdursa o zaman sən Füzulini dərk edı bilməzsən. Sevsən, aşiq olsan belə Məcnina çevrilə bilməmişsən. Füzuli sənin üçün yalnız uzaqdan seyr edilən əzəmətli bir zirvədir. Zirvələr hər zaman gözəldir, onun gözəlliuindən feyz alanlar üçün. Zirvələr gözəldir,fəqət, zirvələri sevən, yuvaları zirvədə olan qartallar üçün.
1 oktyabr 2006:. …Bu gün bir az “Şahnamə”ni davam etdirdim. Hər zaman Firdovsi türk düşməni olub deyə ona lənətlər yağdırdıq.Ancaq yanılmışıq.Haşa,mən demək istəmirəm ki,Firdovsi bizi sevib,yox.O,türklərə nifrət edib.Ancaq qəbul etmək lazımdır ki,bəzən əsərdəki nifrət belə oxucuya həmin şeyi sevdirə bilər.Bəli,Firdovsi özü də istəmədən,bəlkə türkləri öyüb,vəsf edib.Çoxları buninla razılaşmaya bilər.Hər kəsin hürr fikri var…Peyğəmbərimizin mübarək məktubunu yırtan (necə ki,Rəbbim onun dövlətinin sütunlarını dağıdıb İslamı orada bərqərar etdi) Kisranın nəslini vəsf edən Firdovsi ən azından siyərə göz atmağıma imkan verdi. Firdovsi bir kərə fars idi və təbii,türkləri,turançılığı deyil,farsı öyəcəkdi.Ancaq oxuduğum 178-ci səhifəyə qədər məncə Firdovsi türkü nə qədər alçaltmaq istəsə də onu bir o qədər yüksəldir.Ən azından ona görə ki,əsərdə İran dövləti dünyanın ağası və qorxunc divlərlə savaşıb qalib gələn bir imperiya kimi verilir.Hətta indinin özündə belə ABŞ-ın tam yiyələnə bilmədiyi,köləlik nədir bilməyən hürr əfqan xalqı belə İranın tabeçiliyində verilir.Ancaq bu dünya imperiyası ilə çarpışmağa özündə kifayət qədər güc görən və İran şahını əsir edib,şahlığı ələ keçirən Turanı “Şahnamə” sahibi məncə bundan artıq öyə bilməzdi.Burası doğrudur,Firdovsi bilsəydi ki,onun nifrətindən mən belə nəticə çıxaracağam,hər halda,başqa bir variant fikirləşib tapardı.Ancaq biz türklər ki,varıq,o zaman ona da çarə tapacaqdıq. Sonra da qalxıb Firdovsini türk düşməni deyə lənətləyirik.Ancaq unuduruq ki,hər nəyə baxırsan bax,bir də onun o biri üzünün oldugunu fikirləş.Necə ki, “Şahnamə” mövzularına toxunan Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə bizim baxa bilmədiyimiz tərəfdən baxmışlar. “Şahnamə” əgər həqiqətən bu qədər zərərli olsaydı,hər halda onlar bizdən daha yaxşı bilərdilər.Daha bu mövzuya toxunub,Azərbaycan Cümhuriyyəri dövründə əhaliyə türkcülüyü bu əsərlə sevdirməzdilər. Bir də Peyğəmbər əfəndimizin iki hədisinə toxunacağam: “Əməllər niyyətlərə görədir”.Yəni əsas olan niyyətdir.Əməl olmasa da olar.Bu kişilər iş görmüşlər.Biz isə “Şahnamə” ni oxumadan zərərlidir deyib “Dünya klassikləri” sırasına qoymuşuq öz kitab rəfimizdə. Digər hədis: “Necə yaşayırsan,elə də ölürsən”.Firdovsi yoxsulluq içində yaşadı,türk sultanının göndərdiyi qızılları onu cənazəsi “qarşıladı”. Dünyada əsas olan özündən sonra bir əsər qoymaqdır.Pul,sərvət heçdir.Həmin qəzılların taleyi indi bəlli deyil. “Şahnamə” isə mənim stolumun üstündədir.
İkinci yazı
2 oktyabr 2006: Bu gün də Firdovsini davam etdirdim.Firdovsi İranlıları öysə də ancaq,elə Türklə bağlı bəhsdə bir az gerçəkli davranıb.Türk xaqanı sülh bağlayıb Ceyhunun o biri tərəfinə keçəndə bu səfər İran şahı başına bəla açıb Mazandarana divlə vuruşa gedir. Elə yaxşı ki,Turan var,yoxsa İran elə cəfəngiyyatla vuruşacaq.Qondarma pəhləvanlar yaratmaq üçün Firdovsi təxəyyülü olduqca vacibdir İranlılar üçün…
Üçüncü yazı
3 oktyabr.2006: “Şahnamə”ni yenə davam etdirdim.Artıq Rüstəmin oğlu Söhrab İrana yürüşə başlayıb.İran şahları amma da qanıçən imişlər. Özləri axıtmadıqları dinc əhali qanı qalmayıb.Bir də Əfrasayabı qaniçən adlandırır.Ümumiyyətlə, Firdovsi Turan-İran məsələsində çox mübaliğəyə yol verir.7 İran pəhləvanının Turana keçib 30 minlik Əfrasıyab ordusuna qalib gəlməyi yuxu gerçəyinə belə sığmır.Ancaq burda da Firdovsini başa düşmək olar.Min illik İran tarixini yazmaqla 27 şahın adının çəkildiyi “Şahnamə”də hadisələr sürətlə cərəyan edib,tez də bitməliydi.Yoxsa əsəri bitirməyə Firdovsinin deyil,heç İran dilinin də qüvvəsi çatmazdı.Min illər boyu heç məğlubiyyət görməyən İran nə oldu Firdovsinin dövründə kiçik bir Səlcuqlu dövlərinin tərkibində oldu. Və türk şahı əsər yazmağı “məgrur iranlı” Firdovsiyə əmr etdi.Və Firdovsidən də 800 il sonra İran,türk hökmdarlarının iradəsi altında oldu.
20 sentyabr 2006: “Qəzali çox böyük idi,amma özündən bir neçə əsr sonra İslamın geriləməsini durdura bilmədi”.Belə bir fikir oxumuşdum.Hər halda bu fikir özü sübut edir ki,İslam kimi böyük bir məfhum bəzi məqamlarda İmam Qəzali ilə müqayisə edilirsə bu,Qəzalinin dühasından başqa bir şey geyil.Zəifləməni durdura bilmədi bəlkə,amma hər halda olmuş və bundan sonra İslam adına olacaq çox inkişaflara imza atdı.Əsrlərdir İslam adına elm deyəndə Qəzali yada düşür.İslam elmini bir kitabxana olaraq düşünsək,İmam Qəzalinin əsərləri ona bir giriş,mündəricat,qısacası,konspekt mövzusudur deyə bilərik. Qəzali qəlb deyəndə ürək demir.O deyir ki,o ürək heyvanda da var.Önəmli olan ruhun qəlbidi ki,onunla Allahı duya biləsən.Mövlanə deyir: “Biz haqdan gəldik”. Qurani -Kərimdə ruhun üfürülməsi məsələsi var ki,ruhun qəlbinin əsas iş prinsipi ilahidən insana verilən lütfdür.İnsanın içərisində olan Allahın gerçək sevdasıdır.Burda,sözün aciz qaldığı yerdə,fikrimi hər halda,ən yaxşı Yunis Emrənin sözləri anladar: ” Bir ben vardır bendə benden içeri”. Ümumiyyətlə,Qəzali qəlb məsələsində heç ruhla da çox məşğul olmaz.Onun əsas mövzu predmeti,ruhun qəlbinin guyğusunun ilahi sevdanın sayəsində mümkün olduğunu sübut etməkdir.Ruh bədəni tərk etdiyi üçün o da fanidir.Ancaq ruhun daxilindəki sevda insan cənnətdən çıxıb bu dünyaya gələrkən ona verilib.Və yenə o biri dünyaya köçərkən də ruhla birlikdə gedər.Nə vaxtsa ruh da müstəqil olmayacaq.Məhşər günü yenidən çanlanan cismlə ruh yenə görüşəcək.Bu səfər qəbir evində cürümüş ürəyin yerinə bu ruhun qəlbi gəlib onun məqamında oturacaq.Fəlsəfədə də olduğu kimi,ruh daim gəldiyi cənnətin özləmini çəkər bu dünyada.Əslində ona bu hicranı yaşadan Allahdan aldığı ilahi sevdanı bir əmanət kimi yenə sahibinə qovuşdurmağa tələsən qəlbin hicranıdı…
21 yanvar 2007:-Biz türkük.Yaşamayan mədəniyyıtlərin,olmayan dövlətlərin gördüyü,sevdiyi bir millətin övladlarıyıq.Zəngin bir mədəniyyətimiz var.Mədəniyyətin,mədəniliyin özü olan OCAĞI ilk dəfə biz alovlandırmışıq.Dünyanın heç bir mağarasında ayı yaşamayanda,biz bir insan olaraq Azıx mağarasında ocağın içığına yığışmışıq.Miflər ölkəsi Hindistanı ilk dəfə bizim Altayda,Tyan-Şanda alışdırdığımız alov işıqlandırıb.Göylərin də yerlər qədər sehrli oldugu bir çağda səma miflərini ocağın ətrafında doğulan oğullarına ad seçib atalarımız,böyüklərimiz,ulularımız.Hindistanda dünyanın ən qədim mifoloji dini yarananda,türklər artıq miflərdən danışmırdılar.Dünyanın ən qədim dastanlarını-bizim dastanları yazıya köçürürdülər.Qopuz çalıb,söz söyləyib,bütlərin olmadığı dövrlərdə əski türkər Göy Tanrıya- Göylərin və yerlərin Rəbbi olan Allaha inanırdılar.Hər şeyin yaradıcısı və yox edicisinin varlığı haqda biliklər ikinci dəfə gəldiyindən min illər öncə gəlmişdi və ya göndırilmişdi,İlahi varlıq tərıfindən Türk ellərinə,Asiya bozqırlarına,Altaylara.Türk ellərinin Şamanı,Kamı vardı və onlarln sözləri ocağın işığını Günəşin ziyasından üstün edirdi,türk ellərinı gecənin qaranlığında.Qurani-Kərimdə Allah Təala buyurur ki, “Biz heç bir qövmü peyğəmbərsiz buraxmadıq”. Bəli,türk torpaqlarında da peyğəmbərlər gəzmiş,Allahın uca adını günəşin goğub batdığı yerə qədır daşımışlar.Güclərinin yetdiyi qədər.Daha sonra türk sərkərdəlıri günəşin doğub- batdlğı yerə qədər getməyə çalışmışlar.Günəşin doğduğu yerdə dəniz vardı,batdlğı yerdə də.Elə buna görədir ki,qara sevdamız dənizlər olmuşdur.Bu gün də elə bir dəniz,çay,göl yoxdur ki,onun sahilini yuduğu torpaqlarda türkün,türklüyün izinə rastlanmasın. Şamandan,Kamdan danışdıq.İsa peyğəmbərin davamcıları “havari”lər var,Məhəmməd peyğəmbərdən sonra onun gətirdiyi dinin davasını,təbliğini edən müctəhidlər,Allah dostları- sufilər vardı Şamanın türk ellərində irşad təbliği aparan bir peyğəmbərin davamçısı olmadığı nə məlum? Bu peyğəmbərlər tarixdə niyə qalmadılar? Tarixdə hansı peyğəmbərlər qaldı? Hz.Lut qövmü ona inanmadı və həlak oldu.Hz.İsmayıl – onun soyundan gələnlər yollarını elə azdılar ki,özlərindən olan,sonuncu peyğəmbərə etmədikləri pislik qalmadı.Hz.Musa qövmü o qədər azmışdı ki,Allah Təala kitabların sonuncusu Qurani-Kərimdə özünün var etdiyi və yaratdığı bir qövmü lənətlədi. Hz.İsanın peyğəmbərliyini 300 il sonra qəbul etdilər.Və s. və s.Bu peyğəmbərlər ona görə unudulmadı ki,sonuncu kitab- “Quran”da hər birinin qissələri,başlarına gələn müsibətləri özlərindən sonra gələn qövm və insan tərəfindən unudulmasın deyə tək-tək yazılmışdı.Və belə də oldu.Qurani-Kərimdə yazılan heç bir şey unudulmadı.Haqlarında məlumat verilən 27 peygəmbər də eləcə. Yer üzünə 124 min peyğəmbər gəldiyini söyləyirlər Bəs onların taleləri haqda harda məlumat verilib.Deyə bilməyəcəyəm- bəlkə hansısa İlahi bir kitabda? Hər bir qövmə ayrı bir peyğəmbər gəldiyinə görə demək ki,türklərə də peyğəmbər gəlmiş.Bəs niyə adı tarixdə qalmamış? Yuxarıda gördük ki,adları tarixə düşən peyğəmbərlərin heç biri qövmləri tərəfindən qəbul edilməmiş.Demək tarixdə faciə yaşayan peyğəmbərlər qalır.Türklərin peyğəmbərlırinin tarixdə qalmamasının sıbəbi bəlkə də onların peyğəmbərliyinin türklər tərəfindın qəbul edilməsi olub.Bu,sadəcə minlərcə ehtimaldan bir güclü dəlil ola bilər.Türklər islamiyyət onların torpaqlarına gələnə qədər və ondan sonra da bir tək Tanrlya- Göy Tanrıya,VIII əsrdən də tək Allaha inanmışlar.Və heç bir zaman da əqidədın dönməmişlər.Dönüklük diğər millət və qövmlər üçün xarakterik olsa da,Türk ulusuna xas olan bir şey deyil…
25 avqust 2006:- Həqiqi incəsənət yalnız o incəsənətdir ki,bütün incəsənət növlərini özündə birləşdirir deyən Tolstoy o sənətkarlardandır ki,elə incəsənət özü onun qələmindən kağız üzərinə yayılır,əsərlərində göz oxşayır.Sənət Tolstoyda əriyir. Tolstoya olan sevgi o qədər böyükdür ki,bu sevginin ağuşuna tək rus xalqı deyil,bütün dünya rahat sığa bilər.Deyilmiş çox məşhur bir söz var ki,Tolstoy cəmiyyəti tərbiyələndirir.Əsərlərində rus xalqının bütün xarakterik cizgilərini çox aydın göstərən Tolstoyu dünya xalqları üçün zamanımızın əxlaq mayaqı adlandırmaq olar.Zamanımızda Tolstoya nə çox ehriyac var,amma çox heyf ki,dünyamız artıq Tolstoylar yetişdirmir.Mən bədbinliyə qapılmaq istəmirəm.Hər halda,bir zaman Tolstoyu yetişdirən dünya ondan yenə də yetişdirəcək.Görünür,hələ zamanı deyil.Hər halda,indiki zamanda Tolstoyun əsərlırinin çapına yenidən ehtiyac var. Rəssam öz əsərində hər bir boyanın seçimilə insan könlünü oxşadığı kimi,Tolstoy da özü əsərlərində insan psixologiyasının ən incə cizgilərinə qədər nüfuz edir.Tolstoydan bir əsr keçməsinə baxmayaraq mövzularının aktuallığı ilə bu gün də o,zamanımızı tədqiq edir,insan psixologiyasını araşdırır.Gələcək haqqında mülahizələr irəli sürür.Yüz ildir ki,insanlara yol göstərir…
***
Lev Tolstoy haqqında ikinci yazı
28 avqust 2006:- Allah sənə rəhmət eləsin Mirzə Cəlil. “Danabaş kəndinin məktəbi” keçdi xəyalımdan.Ona görə xatırladım ki, “Danabaş kəndinin məktəbi”ndə kəndə məktəb açmağa gələn dövlət məmurlarından uşaqları gizlədirlər.Səbəb də o olur ki,bizim uşaqları əsgər (soldat) aparırlar. “Dirilmə”nin qəhrəmanı Nexlyudov öz torpaqlarını rus kəndlilərinə vermək istəyir,amma gəl,kəndlilər buna boyun qoymur və deyirlər ki,əvvəlki qayda- biyar,köləlik yaxşıdı.Əsas da onu gətirirlər ki,ağa öz torpaqlarından keçməz.Bu oyunlar,sadəcə,bizi aldatmaq üçündü. İnsan psixologiyasını gözəl bildiyi kimi Tolstoy,elə cəmiyyət sosioloğoyasını da ğözəl bilir.Tolstoy “Dirilmə”ni ömrünün sonuna doğru yazıb.Tolstoyun da ahıl vaxtlarını yaşadığı illər XIX əsrin sonu,XX əsrin əvvəlinə rastlayır ki,bu dövr Rusiyada kommunizmin yaranıb,təşəkkül tapdığı dövrə təsadüf edir.Yəni bu dövr sosializm anlayışının təşəkkül tapdığı dövrdür. Bu dövr Rusiya ədəbiyyatında “inqilab” dövrü olsa da,siyasi cəhətdən sosializm anlayışının hələ formalaşmadığı dövr idi. Liberallığı ilə dostları arasında şöhrət tapan Nexlyudov torpağı kəndlilərə verəcəyini kəndlilərə bildirəndə doğan narazılıqla elə Tolstoy özü rus kəndlisinin buna hazır olmadlğını açıb göstərmiş olurdu.Baxmayaraq ki,elə Tolstoy özü də bütün sərvətini- torpaqlarını kəndlilərə paylamaq istəmişdi.Nexlyudovun torpaq islahatında Tolstoy özünü yazıb- desək bəlkə də mübaliğəyə yol vermiş olarıq.Amma hər halda bu həqiqətlə az-çox uyğunlaşır.Rus kəndlisi torpağı özəlləşdirməyə hazır olsa da,sosializmə hazır deyil.Çünki “sosializm” özlüyündə bir quruluşdur.Və bu quruluşu insanlar gəririb və yaxud apara bilməzlər.Necə ki,edə bilmədilər Sosializm yaşayıb-tutuna bilmədi.İnsanlar sadəcə avanqard qüvvə kimi bəzi şeyləri sürətləndirib,ləngidə bilərlər .
Bəli,Rusiyada sosializm tam mənimsənilməmiş,özü özünü dağıtdı.Çünki sosializm yarananda aydın proqram xətti belə yox idi.Beləliklə,sosializm üçün sosial şərait yetişməmişdi.Bu da özünü onda sübut etdi ki,kəndlilərə verilən torpaqlarl 1926-cı ildə kolxozlaşma adl ilə əlaqədar geri alanda bu səfər mülkədarlar yox (o dövrdə keçmiş mülkədarlar hamısı ya həbsdə,ya Sibir sürgünündə idilər) elə kəndlilər özü üsyan qaldırıb torpağı vermədilər.Bu da sübut etdi ki,torpaq kəndliyə,o, sosializmi mənimsəmədiyi formada verilmişdi.
***
Lev Tolstoy haqqında üçüncü yazı
1 sentyabr 2006: – Bu gün Tolstoyun “Hacı Murad” povestini oxuyub bitirdim.Dünən isə Tolstoyun “Dirilmə” romanını oxuyub bitirmişdim. Tolstoy bir dahidir və məni özünə məftun edib.İlk öncə “Dirilmə” haqda bir neçə söz demək istəyirəm. 1899-cu ildə bitirdiyi “Dirilmə” romanı çoxları kimi məni də “Hərb və Sülh”, “Anna Karenina”dan daha çox cəlb etdi.Birinci ona görə ki,bu romanda ədib oxucunun qəlbinin ən sirli qatlarına enib,ona buradan səslənir.Və insana özünün belə bu vaxta qədər vaqif olmadlğl sirlərdən söz açır.Əsər “İncil”dən ayələrlə başlanır və elə bu ayələrin mənasına bütün əsər boyu çavab axtarır.Bu suallara cavabı elə yenə “İncil” ayələri verir. “Dirilmə” “İncil”ayələri ilə bitir.Tolstoyun yaradıcılığından bəllidir ki,ədib öz hümanist fikirlərini yaradıcılığının Nexlyudov surərində verib. “Dirimə”nin də baş qəhrəmanı Nexlyudovdur -18 yaşlı Katya Maslovanı aldatdığı üçün Maslova həbs edildikdən sonra onun yolunda sürgünə belə razı olan,öz torpaqlarını təmənnasız kəndlilərə paylayan Nexlyidov… Tolstoy yaratdlğı bütün obrazların bütün cizdilərini ən incə məqamlara qədər açdığı kimi,onların dini görüşlərinin mistikasına qədər də nüfuz edir.Və yaxud etməyi bacarır.Bütün bunlar hər bir obrazın dini görüşlərinin çox incəliklə verilməsi ilə öz təsdiqini tapır. Əgər “Dirilmə”də rus həyatı,cavan ikən etdiyi bir səhvin bağışlanması üçün bütün həyatını dustaq bir qadına bağlayıb hər şeyindən keçən bir knyazın peşimançılığı – ” tövbəsi” verilibsə, “Hacı Murad”da rusların apardığı haqsız müharibə,dağlı xalqlarının öz vətənlərinə olan məhəbbəti tərənnüm olunur.
İnsan, təbiəti özünə boyun əydirmişdir.Meşələri qırır,dağları yonur.Amma eyni zamanda,insan yenə də təbiətdən zəifdi,ona möhtacdı.Təbiət insanı daha güclü sarsıda bilir- zəlzələ,vulkan,sel. I kursda oxuyarkən Şeyx Şamil haqqında bir kitab oxumuşdum.Selçuk Kulalı Çeçen dağlarındakı qartallardan danışıb,bu dağların Şamildən sonra qartal yetişdirib səmasında uçurmadığından ürək ağrısı ilə yazırdı.Şamildən incik düşən “Hacı Murad”ın qəhrəmanı Hacı Murad rusların tərəfinə keçsə də,ruslarla döyüşdə öldürülür,ruslara satılmış dostu tərəfindən başı kəsilir.Tolstoy bu səhnədə imperiya siyasətinin eyni millətin dost evladlarını bir-birinə necə düşmən etməsinə toxunur… İnsanlar tərəfindən yetişdirilən bir qartal balası böyüdükcə uçub yenə dağlara,qartalların yanına gedir,amma gümüş buxovlu,boynu dəmir halqalı bu qartalı,köləlik görməmiş qartallar qəbul etmirlər Amma boynu buxovlu qartal,dağlardakı qartallardan ayrılmır,çünki Allah onu yaradarkən,ona da azadlıq sevdası vermişdi.Buna gümüş buxovlar mane ola bilməz Cünki Allah onu buxovsız yaratmışdır.Ancaq o getmədikdə azad qartallar onu didib öldürürlər.Bunları da Tolstoy nəql edir.Ancaq o gümüş bəzəklu qartal o birilərindən daha azad yaşadı.Çünki o köləlik nədir,onu görmüşdü.Və azadlığın qiymətini onlardan daha çox bilirdi Dağların başında hər zaman qartallar uçacaq.Balıq suda olduğu kimi,qartal da səmada olsun gərək.Onlardan daha yüksəkdə didilmış bir qartalın ruhu vüqarla azadlığın sevgisini duyar öz qəlbində. 2 sentyabr 2006 …Tolstoy insanın fiziki gücünə əyilməyən ayıpəncəsi otundan gəlir Hacı Murada.Və öz yazısında bu qəhrəmanı Qafqaz dağlarının “ayıpəncəsi”nə bənzıdir.Meşənin dərin qatlarında bir ayıpəncısini məhv etmək,bütün meşəni məhv etməkdən daha çətindi. Səlcuq Kuleli “Şeyx Şamil” kitabını Qafqazda doğacaq yeni “qartallar”ın imidilə bitirir.Tolstoyun da ayıpəncələri bənzətməsi onu sübüt edir ki,bir insanı buxovlayıb azadlığını əlindən almaq olar,ancaq onun ürəyinə heç cür buxov vurmaq olmaz.Mövlanənin dediyi kimi,insanın ürək azadlığını yalnız ürəyi ona vermiş Allah ala bilər.
***
Lev Tolstoyun dini görüşləri barədə
24 sentyabr 2006: – Deyirlər,Tolstoyun özünün dini görüşü olub.Yəni özünün dini təlimi olub. Ancaq bir gerçək var ki,əsərlərində heç bir yazıçı Tolstoy qədər dinə toxunmayıb.Yəqin ki,özünün dini təlimi olmasa idi,dinin incəliklərinə bu qədər vaqif olmazdı.
Mərhum istedadlı gənc yazar Əbil Əbilovun(1985-2010) “Sevda türküsü” kitabından: “…Sən mənə bir əfsanə danış,içərisinə yalan qatma.Mənim əfsanəmi isə sənə anladaçaq insan yox.Çünki əfsanənin içində yalan yox.Bu dünyada isə yalana inanmayan yox.Mənim sevgimdə isə yalan yox.Bu əfsanəyə inanan yox.Çünki içində yalan yox…”
Abbasi xəlifəsinin kürsüsünə türk sultanının oturması əslində müsəlman türk dünyasının yeni intibah dövrünü də bərabərində gətirirdi. İslam şərqinin intibahını hər nə qədər ərəb xəlifələri başlatsa da, onu zirvəyə aparan türk hökmdarları oldu. Əgər islam intibahına ətraflı nəzər salsaq onu iki tarixi dövrə bölərək incələmək lazım gəldiyini görərik. Birinci dövr fəlsəfə dövrüdür. Bu dövr həm də yazılan hər bir əsərin ərəbcə olması ilə səciyyəlidir. Türk torpağında Fərabi, Ibn Sina kimi filosoflar öz əsərlərini məhz ərəbcə yazırdılar.
Türklərin tarix səhnəsinə çıxmasıyla ikinci böyük intibah dövrü başlayır ki, bu da ədəbiyyatda intibah dövrüdür. Əgər birinci dövrün əsas xüsusiyyəti əsərlərin ərəbcə olması idisə, ikinci dövr türk hakimiyyəti dövrü olmasına baxmayaraq ilkin dövrdə hakim dilin ərəbcədən türkcəyə deyil, farscaya keçməsidir. Nizami “Xəmsə”sini, Mövlanə “Məsnəvi”ni farsca elə bu dövrdə yazdı. Doğrudur, ilkin dövrdə Yunis Emrə kimi şairlər doğma türk dilində yazıb yaradırdılar. Amma bu özlüyündə hər şey demək deyildi. Hakim dil fars dili idi və böyük ədəbiyyat da bu dildə yaranırdı.
Çox çəkmədən türkün öz doğma dilində yazıb-yaradan sənətkarları olsa da, fars dili hakim dairələrdə hələ uzun müddət rəğbət gördü. Səfəvi hökmdarı Şah İsmayıl Azərbaycan dilini dövlət dili edib doğma dildə şeirlər yazdığı bir vaxtda, onun müasiri Osmanlı Sultan Səlim isə öz şeirlərini farsca yazırdı (A. Sehimmel).
Azərbaycanda isə doğma türk dilində ilk ədəbiyyat nümunələri elə farsdilli ədəbiyyatla bərabər yaranırdı. Həsənoğlunun ilk qəzəli anadilli ədəbiyyatın ilk nümunəsidir. Ancaq heç şübhə yox ki, anadilli ədəbiyyatın ilk böyük nümayəndəsi Nəsimidir. Nəsimi doğma azərbaycan dilində böyük sənət yaratmış ilk böyük şairdir (M.Ibrahimov).
Fars dilində sənət məktəbi yaradan Mövlanədən, Nizamidən sonra fars dilindən qurtulmaq istəyi öz-özlüyündə insandan böyük hünər tələb edirdi. Nəsimiyə isə bu cəsarəti hürufilik verirdi.
Hürufiliyin dəqiq nə zaman yarandığı bilinməməklə yanaşı, onun miladdan öncə IV və yaxud III yüzillikdə orta şərqdəki yunan mədəniyyətindən təsirlənən helenistik dinlərdə orataya çıxdığı görünür (İslam Ensiklopediyası). İslam dünyasında isə hərflərin bəzi gizli və sirli özəlliklərə sahib olduğu fikrinin doğuşunu hələ hicri II əsrdən başladığını görürük. İlkin dövrdə belə bir fikrin yaranmasına “Qurani-Kərim”in on dörd surəsinin başında yer alan “Hurufi-Mukattaa”nın Səhabə tərəfindən müxtəlif cür yorumlanması səbəb olmuşdur.
İlkin dövrdə bəzi mütəsəvviflərin, xüsusilə Ibn Arabi və Ibn Xəldun kimi alimlərin hürufizmdən təsirlənmələri onun sonrakı geniş inkişafına rəvac verdi. Bu sistemə görə bütün varlıqlar və kainat insan üzündə olduğu qəbul edilən “hututu-əbiyyə” və “hutut ümmiyyə” deyilən yeddi xətli iki görüşlə açıqlanır. Bütün dini hökmlərin, ərəbin iyirmi səkkiz və fars əlifbasının otuz iki hərfinə uyğun olaraq insan üzündə olduğu fikrini irəli sürən hürufilik görüşlərini xalqa yaymaq üçün ona bütün bunları öz dilində demək lazım idi. Və belə bir dövrdə Nəsimi şeirdən fikirlərini xalqa çatdırmaq üçün istifadə edirdi (Anabiritanic Ensiklopediyası). Hürufiliyin banisi Nəimi həbs edildikdən sonra onun bir çox müridlərinin İran və Hindistana getmələrinə baxmayaraq, Nəsimi Anadoluya üz tutdu. Onun Anadoluya getməsi heç də təsadüfi deyildi. Çünki o dövrdə türkdilli ədəbiyyatın ocağı Yunus Emrə tərəfindən məhz Anadoluda qalanmışdı. Əgər təsəvvüfün mərkəzi 962-ci ildə Həllacın edamıyla Bəsrədən Bağdada keçmişdisə (Macit Fahri) türk sultanının Bağdadı fəthindən sonra artıq təsəvvüfi axımların Anadoluya keçdiyinin şahidi oluruq. Burada öncə monqol, daha sonra Teymur yürüşlərinin də rol oynadığı şübhəsizdir. Tərki-vətən olan sufilərin axın-axın buraya gəlməsinin başqa bir səbəbi də o dövrdə Anadoluda mövcud olan türk sultanlarının onları himayə etməsidir. Təsadüfi deyil ki, XVI əsrdə dövrünün hakimlərinin biganəliklərindən şikayətlənib “Gər aqçan ilə alınmış qul isəm, azad et!” deyən Füzuli
Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl
Diyari Rum gözət, tərki xaki-Bağdad et!
– deyə Anadolu torpağında şeirə, sənətkara verilən qiyməti vurğulayırdı. Füzuli tərəfindən belə qiymət alan Anadolu torpağı Mövlanənin, Yunusun yaşadığı, Əttar, Şəms Təbrizi kimi şəxsiyyətləri mistik varlığa çevrilən insanların gəzib dolaşdıqları yer idi. Nəsimi Anadoluya gələndə isə buranın yeni, rəğbət görən təriqəti yeni-yeni yaranan Bektaşilik idi. Qaybi Sunullahın “Bəşərətnamə”sində Anadoluya yeni gələn Nəsiminin hətta Hacı Bayram Vəli ilə görüşmək istəməsi də qeyd edilir.
Nəimidən sonra hürufizmə canla-başla sahib çıxan Nəsiminin hürufizm qarşısında ən böyük xidməti ondan ibarət oldu ki, o , bu təlimi Azərbaycan və İran torpağındakı kimi ölməyə qoymadı. Hürufizmin Məkkəsi sayılan Bakıda (Mirzə İbrahimov) hürufi kimi fikirləşmək belə qadağan edildiyi bir vaxtda, fikirləri Anadoludakı Ələvi Bektaşi çevrələrində qəbul görən Nəsimi hürufizmi onlara da məlhəm edə bildi. Artıq Nəsimi Anadoluda kifayət qədər tanınan birisi idi. Ələvilərin onu yeddi ilahi böyük şairdən hesab etmələri (Böyük Lağus Ensklopediyası) bunun sübutudur. Bektaşilər, hətta onu o qədər özlərindən hesab edirdilər ki, bu onların Nəsiminin ölümündən sonra belə öz yaradıcılığında hürufizm motivləri daşıyan hər bir sənətkarı Bektaşi kimi tanımalarına səbəb olurdu (A.Shcimmel). Bektaşilər, hətta insan qaşını Merac hadisəsindəki Peyğəmbərlə Allah arasındakı ox məsafəsinə bənzədən Nəsimidən fərqli olaraq insan qaşını “Bismillahir-Rəhmani Rəhimə” bənzədən Şah İsmayıl Xətaini də özlərinin öndə gələn şairlərindən sayırdılar (A.Shcimmel).
Nəsiminin həyatı çilələrlə keçsə də bu onun düşüncələrinə qətiyyən təsir etmir. Onun yaradıcılığında elə bir misra tapmazsan ki, orada Allahın vermiş olduğu taledən şikayət edilsin. Hətta dərisi soyularkən belə bədahətən dediyi “Zahidin bir barmağın kəssən…” mətləli qəzəli də yaşamış olduğu ağrı-acılara üsyan kimi başa düşülməlidir. Bu qəzəl, hətta Nizaminin “Qocalıq” qəsidəsi, Xəqaninin “Həbsiyyə”sinə də qətiyyən bənzəmir. Ölümlə üz-üzə ikən belə Nəsimi nikbinliyini itirmir. Elə Nəsimini başqalarından fərqləndirən əsas xüsusiyyəti də budur. Hətta onun yaradıcılığında özündən əvvəlki və müasirlərində görünən neyin inləyişi, aşiqin məşuqəsi üçün axıtdığı hicran göz yaşlarına da rast gəlinmir. Halbuki o dövrdə yaşamış elə bir təsəvvüf şairi tapmazsan ki, onun yaradıcılığında neyin inləyişi, yaxud gül-bülbül sevgisindən söz açılmasın.
Mövlanə həyatı boyu neyin inləyişindən yazdı. Ona görə, qamışlıqdan qoparıldıqdan sonra ney halına gətirilən qamış durmadan gəldiyi yerin özləmini çəkməkdədir. Əslində, Mövlanədə ney alleqorik bir məna daşıyır. Təsəvvüf ədəbiyyatında kamil insanı təmsil edən neyin inləməsi qalu-bəlada insana verilən ruhun daim gəldiyi yerə dönməsi üçün etdiyi mübarizənin bir təcəssümüdür.
Ney inləyişinə simvolik don geydirildiyi bir çağda heç də yeni olmayan vəhdəti-vücud nəzəriyyəsini sistemləşdirən Ibn Arabinin yaradıcı qüvvənin insanın öz daxilində olduğu qənaətinə gəlməsi kamil insan mövzusuna başqa gözlə baxmasına rəvac verdi. Biz elə bu dövrdə ney mövzusuna Mövlanədən fərqli yanaşmayan Yunis Emrə yaradıcılığında az da olsa, vəhdəti-vücud motivlərini görürük. Onun:
Bəni sorma bana, bəndə degüləm
Bir bən vardır bəndə, bəndən içərü
beyti isə mütləq varlığa orta əsrlərin ənənəvi baxışını kökündən baltalayırdı. Bu beyt, eyni zamanda, “Həq məndədir, daim Ənəlhəq söylərəm deyən” deyən Nəsiminin də yüz il öncəki müjdəsiydi. Hz. Əlinin “Sən özünü kiçik varlıq zənn edirsən, halbuki ən böyük aləm sənin içində gizlidir” kəlamındakı böyük aləmin kəşfi də Yunis Emrə ilə gerçəkləşdi. Yunusun kəşf etdiyi bi insan dağının ilk alpinisti və fəth edəni isə Nəsimi oldu.
“Insani-kamil” qavramına ilk dövr sufilərində rast gəlinmir (H.Kamil Yılmaz). “Ənəlhəq” də hələ özlüyündə tam “vəhdəti-vücud”çu br görüş deyil. Allahın öz nəfsində özüyçün təcəlli etdiyini söyləyən Həllac Mənsuru hər nə qədər Vəhdəti-vücud nəzəriyyəsinin banisi hesab etsələr də, təsəvvüf tarixindən görürük ki, bu nəzəriyyənin qurucusu Ibn Arabidir. O, Həllac Mənsurun “Allah Adəmi öz surətində yaratdı” hədisinə istinadən söylədiyi, Allahın öz nəfsində özü üçün təcəlli etməsi fikrini genişləndirərək “vəhdəti-şuhud”dan fərqli, “vəhdəti-vücud” nəzəriyyəsini qurdu. Ibn Arabiyə görə, kainat ruhsuzdur və insan ruhsuz kainatın ruhu, aynasının cilası olmalıydı. “Insani-kamil” fikri varlıq fikrinin davamıdır və onunla əlaqəlidir (A.Shcimmel). Bu nəzəriyyəyə görə, kamil insan aləmdə daimidir, birdən artıq deyildir. Çünki bütün mövcudat bir tək şəxsdən başqasında ola bilməz. Kamil insan Isa kimi ölü dirildir, Süleyman kimi quş ili bilir. Ibn Arabiyə görə, “Insani-kamil” bütün ilahi sifətləri özündə cəmləyən Hz. Məhəmməddir. “Insani-kamil” olmasaydı Allah qavrana bilməzdi (A.Shcimmel).
Tovhid ağacını əkən Bistamidir. Həllac bu ağacı qanı ilə sulayıb, Ibn Arabi isə bu ağacın meyvələrini yetişdirib insanlığa verib (Mustafa Qara). Ibn Arabidən sonra bəzi sufilər daha irəli gedərək hər insanın “Insani-kamil” ola bilmək üçün bəzi qabiliyyətlər daşıdığı fikrini müdafiə etmişlər.
Arabidə Tövhid ağacının meyvələrini alan Nəsimi daha irəli gedərək kamil insanın daxilindəkinin zərrə deyil, mütləq varlığın özü olduğu fikrini ortaya qoymuşdur. Onun:
Sənə kimdir Adəm oğlu deyən, Allah, Allah, Allah
Bu sifətdə kim görübdür bəşəri cahan içində?
beyti Mənsurun “Ənəlhəq”indən də fərqlənir. Əgər Həllac Mənsurda Allahın öz surətində yaratdığı Adəm övladı “Allah məndədir” deyirdisə, Nəsimidə artıq “Insani-kamil”, “Yerə-göyə sığmayıb mömin qulunun qəlbinə sığan” Allahın (Hədisi-qüdsi) özüdür.
***
Nəsimi kamil insana bu cür qiymət verməklə sosialist nəzəriyyəçilərin iddia etdikləri kimi Allahı insan səviyyəsinə endirmir, nə də insanı Allah səviyyəsinə qaldırmır. Ona görə insan qəlbi Allah sirrlərinin və sevgisinin yeridir. Kainatın xülasəsi, özünü və Allahını haqqıyla bilən “Insani-kamil”in qəlbi Allahın evidir. Allah bu qəlbi özünə ev seçib (Mövlanə, Divani-Kəbir).
Möminin qəlbi içində çünki beytullahdır,
Neçin izzət eyləməzsən, anda çün Allahdır.
Ol məqamı Tanrının kim, ərş oxuyurlar anı
Möminin qəlbidürür kim, təxti-şahənşahdır.
Nəsimi sübut edir ki, həqiqətin təcəllisi insanda kamala çatır. Onun “Insani-kamil”i hər nə qədər mələklərə məxsus sifətlər daşıyırmış kimi görünsə də, o, həyatdakı real varlıq olan insandır. Allahı isə tam bir mərifətlə bilmək yalnız insana məxsusdur (Macit Fahri). Mələklər onu ancaq sonsuz və yaxud ilahi həqiqət olaraq bildikləri halda, insan isə onu ikiyönlü – zati həqiqətiylə haqq olaraq, digər tərəfdən həqiqətin görünən tərəfi – təcəlli olunan varlıq kimi görür. Hər yaradılmışın Insani-kamil ola biləcəyini deyənlər bu yola nəfsinə hakim olmaqla giriləcəyini müdafiə etmişlər (H.Kamil Yılmaz). Nəsimi isə çoxlarının anlamağa çətinlik çəkdikləri “ölmədən öncə ölün” hədisini açıqlayaraq buyurur ki, yalnız sahib olduğun hər şeyini infak (paylamaq) etməklə Peyğəmbərlərin belə çəkindikləri nəfs kimi qorxulu düşmənə qarşı mübarizədə qalib gələ bilərsən!
Ölmədən nəfsini öldür, arifi-rəbb olarsan,
Nəfxeyi-ruhül-qüdüsdən məhz rühüllaı gör!
Buradakı ”məfxeyi-ruhulqüds” Isa Peyğəmbərin ölü dirildən nəfəsinə işarədir.
Allah Təalanın izni ilə bir nəfəs üfləməsiylə ölüyə can verən Isa Peyğəmbər o qədər sadə bir həyat yaşayırdı ki, dünya malı adında heç bir şeyi yox idi. Yalnız iki şeyə sahib idi – daraq və su içmək üçün kuzə. Bir nəfərin ovcu ilə su içdiyini gördükdə kuzəni, başqa birisinin işə saçını barmaqları ilə daradığını gördükdə darağını buraxdı. Ölmədən öncə nəfsini öldürən Isa Peyğəmbər Allah Təalanın öz surətində yaratdığı Adəm(ə.s)i öz nəfəsindən üfləməsiylə var etdiyi kimi, o da ölümdən sonra həyat olduğuna inanmayanlara Allahın varlığını isbat etmk üçün nəfəsiylə ölü dirildə bilirdi. Allahın “Kun” (Ol) əmriylə yaratdığı Aləm kimi, o da “Kun”la quş yaradıb uçurmuşdu.
Biz sonrakı dövr sufilərinin də “Insanı-kamil” mövzusunda “ölmədən öncə ölün” hədisinə Nəsimidən fərqli baxmadıqlarını, əksinə, Nəsimidən bəhrələndiklərini görürük.
Kamili zinda sanma ölmüşdür,
Cismi ruhuna mərkad olmuşdur.
“Sən Insani-kamili diri sanma, o ölmüşdür. Vücudu da ruhuna məzar olmuşdur” deyən Ibrahim Həqqinin “Insani-kamil”i XVII əsrdə artıq arzulanan məqama çatmışdır – cismini ruhuna məzar edə bilmişdir. Xətainin, Füzulinin Insani-kamilinin yaşadığı əsrlərdən keçən bu kamil insan öz dövründə:
Mövlam görəlim neylər
Neylərsə gözəl eylər
– deyə öz yaradılış payına boyun əyir. Nəsimidə isə insan nəinki yaradılış payına boyun əyir, o, hətta dünyaya “Qanı qövlü gerçək”,-deyə sual edir, dünyadan yaradılışın gerçəkliyini soruşur, axtarır. Bu yaradılış üsyan kimi də anlaşılmamalıdır. Hər zərrədə mütləq varlığı görən kamil insan üçün maddi gerçəklik deyə bir şey qalmaz (Mövlanə).
Qafil gerçəkliyin pərdəsi onun gözündən qalxmışdır. Artıq gerçəklik deyə bir şey yoxdur. Onun nəzərində batin də zahirin içində oluğu üçün ikisi də birdir. Iman da birdir, küfr də… Artıq heç bir arzu və diləyi qalmamışdır. Arzu və diləklərini Allahın yox etmiş, nəfsini öldürmüşdür (E.Ibrahim Hakkı). O, “Bir ölü ikən biz onu diriltdik” ayəsinin dərin mənasını bimiş, ona həyat bəxş edən ilahi eşqi tapmış və qəlbində yerləşdirmişdir.
Nəsimi novator şairdir. O, daim axtarışdadır. Nəsimidə kamil insan anlayışı da dar çərçivəyə sığmır. Onun qəzəllərində kamil insanın ruh ümmanı içərisində axtarışda olduğunu görürük. O, Mövlana kimi bu dəryada inci axtarmır. Zərrə bütövün bir hissəsi olduğu kimi, inci də dənizin bir parçasıdır. Nəsimidə isə hissə yoxdur. Bütövlük, tamlıq var. Onun axtarışı kamil insanın daxilindəki mütləq varlığın olduğu məkanda gedir. O, burada Allahı tapsa da, Nəsimidə bu vüsal da son olmayacaq. Ruhun Allaha doğru səyahətindən sonra, bu dəfə Allahda səyahət başlayacaq (A.Shcimmel). Bu səyahətsə heç zaman bitməyəcək səyahətdi.
Allah Təalanın özünü qərblərin və şərqlərin Rəbbi kimi tanıtması (bax: Məaric surəsi 70/ 40) təfsirçilər tərəfindən qərb və şərqin bir deyil, bir neçə olduğu qənaətinə gəlmələrinə səbəb olmuşdur. Yəni Allah təkcə insanlığın deyil, eyni zamanda, ərzin, evrənin də rəbbidir (Mövdudi). Sufilərə gəldikdə isə buradakı məqsəd coğrafi, yaxud məkan mənasında deyil, daha fövqəl mənada işləndiyini iddia edirlər. Onlara görə, bunda məqsəd on minlərlə təcəlli dairəsinin olduğuna işarədir (Əli b. Muhamməd Vəfa). Hansı mərtəbələrdə olarsansa Allaha o mərtəbə daxilində səcdə edərsən. Bir gülün, bir “Insani-kamil”in yetişməsi üçün saysız inkişaf dövrü lazımdır (E.Ibrahim Hakkı). Bir inkişaf dövründən digərinə keçid belə kamil insanın qarşısına gözlənilməyəcək sehirli aləm çıxarır. Bu baxımdan, Şəms Təbrizi ilə Mövlanənin qarşılışıb tanış olması hadisəsi maraqlıdır. Şəms Mövlanəylə qarşılaşdığında ona, Muhammad Allaha “Allahım mən səni tam bilgi ilə tanımadım” dediyi halda, Bəyazid Bistami isə “Mən özümü təsbih edirəm, mənim şanım nə qədər ucadır” deməsinin səbəbini soruşur. Mövlanə cavabında buyurur ki, Muhəmməd gündə on səkkiz min aləm qət edirdi və hər yeni aləmə keçdikcə daha da kamilləşirdi. Bəyazid isə qalxdığı elə ilk mərtəbədəcə gördükləri qarşısında özünü itirdi. Yüz minlərin ölməsi və ya yox olması ilə birgə gerçəkləşən təcəlli dairəsinin elə ilk pilləsində “Mən elə bir dənizə girdim ki, Peyğəmbərlər onun kənarında qalmışdı”, – deyən Bistamidən fərqli olaraq Nəsiminin “Insani-kamil”i gündə on səkkiz min aləm keçən həqiqi Muhəmmədin özüdür. Bu təcəlli dairəsinin zirvəsi isə “ƏnəlHəq” deyənə qədər on səkkiz min Aləm keçib. Bu təcəllidə tək Allahlılığı ifadə edən daxilə, öz içinə (bax: Əli Imran 3/ 90) səyahət zamanı mərtəbə-mərtəbə lahuti aləmdə “Əhsani-təqvim” üzrə yaradılmış kamil insana yaxınlaşan Nəsimi artıq burada Mənsurun niyə ƏnəlHəq deməsinin sirrini açır:
Əhsəni təqvimi bilən nəçün ƏnəlHəq deməsin,
Bəs nədən bərdar olubdur Mənsurun divanəsi?
Nəsimi birdən-birə “ƏnəlHəq” demir. O, bu sözü deyənə qədər gah insanın yarandığı “Torpağam”, gah həyat verən “nəfəsəm”, gah da “zərrə mənəm” deyir. Onun “Insani-kamil”inin nüvəsi torpaq, var oluşu nəfəslə gerçəkləşir. Həqqə məkan olduğunu söyləyən Nəsimi “Mən mülki-cahan, cahan mənəm, mən” mətləli qəzəlində insanın on səkkiz min aləm keçərək əhsəni-təqvim zirvəsinə necə qalxmasının xülasəsini verir. Kafirə müsibət, möminə iman olan Nəsimi sonda özünə xitabən:
Insani-bəşərsən, ey Nəsimi,
Həq der ki, haman, haman mənəm, mən!
deməklə saydığı bu sifətlərin Allaha məxsusluğunu bir daha vurğulayır. “Sığmazam” qzəlində yer və göyün yaradılışındakı Allaha məxsus “kun” əmrinin insan “mən”ində olduğunu deyən böyük ustad artıq heç bir şərhə də sığmır. “On səkkiz min aləmin sirrinə pünhan gəlmişəm” deyən Nəsimi, canımın cananəsi adlandırdığı “Insani-kamil”i ilə birgə “zaman mənəm” deyə-deyə qovuşduğu zamansızlıqda laməkan gəzir. “Mən ki, dərvişəm” deyən ölməz sənətkar 600 ildir ki, ədəbiyyatımızda mürşidlik missiyasını yerinə yetirir. Şeirimizin yollarına rəvan olub dərvişlik edir. Bu gün Nəsimi şeirinin oxunduğu hər yerdə Allah zikri duyulur. “Allah-Allah” deyən birisi olduqca isə qiyamət qopmayacaq (Hədis). Və bu gün də Nəsimi onu imansız adlandıranlara cavabı yüz illərdir “ƏnəlHəq” olan bir sual verir.
Ey mana nahaq deyənlər, qandadır bəs yaradan?
Gəl gətir isbatını kimdir bu şeyni yaradan?
Odu su, torpağı yeldən böylə surət bağlayan,
Böylə dükkan yasıyan kəndi çıxarmı aradan?
***
«Mən özünü bilən və qəlbini hər zaman səhvlərdən qoruyan insanın quluyam. Onlar özlərindən kitabı-mey gətirib mündəricatın «ənəlhəq» qoyarlar» (Mövlana)
Divan və təsəvvüf ədəbiyyatında mütləq varlıq olan Allaha qovuşmaq üçün iki yol vardır. Bunlardan biri eşq, digəri isə ağıldır. Eşqi aşiq təmsil edərkən, ağılı da zahid təmsil etmişdir. Əsrlərcə davam edən təsəvvüfi ənənədə hər nə qədər eşqlə ağıl adları mütəssəvvüflər tərəfindən yanaşı çəkilsə də məfhum olaraq bir-birlərindən bir o qədər fərqlənirlər. (Təsəvvüf ədəbiyyatına ilahi eşq məfhumunu gətirən Rabiədən üzü bu tərəfə bir-biri ilə amansız mübarizə aparırlar desək daha doğru olar).
Eşqlə ağıl daim mübarizə halındadır. Mübarizənin səbəbi isə insanı son məqsədə – Allaha – hansının daha düzgün və səhvsiz aparması məsələsidir. Ancaq heç şübhə yoх ki, mütləq varlığa qovuşmağın ən qısa, eyni zamanda, ən təhlükəli yolu eşq yoludur. Eşq yolunda elə ilk addımda Həllac, Nəsimi kimi başı vermək lazımdır. Yalnız bu zaman fanilikdən Allahda baqi olma mərtəbəsinə yüksələ bilərsən. Çünki ölüm şəхsi keyfiyyətlərin yoх olması, zamanın içində yaradılan aşiq ilə əzəli məşuq arasındakı pərdələrin qaldırılmasından başqa bir şey deyil. Ağıl isə bunu heç bir zaman idrak edə bilmədi və edə də bilməz. Çünki Allah elmlə deyil, mərifətlə bilinir. Istər məcazi, istərsə ilahi eşq mövzusu işləyən elə bir insan tapmazsan ki, bu yolda eşqə üstünlük vermiş olmasın.
Eşqin ağıldan üstün olması haqqında çoх sözlər deyilsə də, böyük divanlar bağlansa da, hər halda eşqin ümumiləşdirilmiş timsalında Qeysi Leyliyə ilahi məcnun edən Füzulinin:
Eşq imiş hər nə varsa aləmdə,
Elm bir qeylü qal imiş ancaq.
beyti zahidlə aşiqin mübarizə apardığı min illik təsəvvüf ədəbiyyatında eşqi dəyişməz mütləq hakim saymağa yetər. Füzulinin bu beyti yazdığı XVI əsrə qədər hökmünü şəriətə bağlayan zahid çoх haqq aşiqinin edam hökmünü oхudu. Hökmü zahid oхudu, aşiq isə həqiqətin ən böyüyünü edam kürsüsündə deyib dostuna – Allaha qovuşdu.
Ilahi eşq elə bir anlamdır ki, onun uğrunda neçə-neçə insanlar Ibrahim b. Ədhəm kimi taхt-tacı ataraq Həllac və Nəsimi kimi ölümün qucağına gözlərini belə qırpmadan getmişlər. Çünki həqiqət aхtarışında olan aşiq üçün həqiqət məhz burada – edam hökmünün kölgəsində gerçəkliyə çevrilir. Ölümsüzləşən haqq aşiqləri üçün əbədi diriliyi də elə bu edam təmin edir. Qurani-Kərimin Bəqərə surəsində: «Siz Allah uğrunda öldürülənlərə «ölülər» deməyin. Хeyr, onlar diridirlər…» ayəsindəki əbədi diriliyin müжdəsini alan haqq aşiqləri üçün ölüm yaradıcıya qovuşma yolunda, sadəcə bir doğuluşdur. Edama aparılan Həllacın «Öldürün məni, çünki mənim diriliyim ölümümdədir» deməsinin dərin sirri də elə budur. Həllacın ölümü onda əbədi diriliyə çevrildi ki, «Ənəlhəq» insanlar içərisində qəribləşmədi, əksinə, daha da böyüdü və əbədiləşdi. Bütün bunlar heç şübhə yoх ki, Nəsiminin adı ilə bağlıdır. O, nəinki dünyaya qərib gələn «ənəlhəq»i əbədiləşdirdi, hətta onu insanlara məhrəm də elə bildi. Zahid ilahi eşqi hər nə qədər küfr sansa da haqq aşiqlərinə görə o Allaha qovuşmaq üçün yeganə vasitədir. Hətta gerçək imanın özüdür. Zahid hər nə qədər bunu anlamağa çalışsa da, ağıla söykəndiyi üçün küfr qənaətindən uzağa gedə bilməyəcəkdir. Buna görə də ilahi eşqin böyük carçılarından olan Nəsimi qəzəllərinin birində zahidə хitabən «Bu sevda incə sevdadır, dolaşma sən bu sevdaya» deyə, eşqin ağılla qavranılamayacağını vurğulayır. Çünki Nəsimiyə görə, Tanrı eşq ilə qavranılır, Tanrıya eşq ilə qovuşulur.
Nəsimi həyatı boyu usanmadan eşqi tərənnüm etdi. Əgər onun ilahi eşqdən bu qədər çoх bəhs etməsinin səbəblərini aхtarsaq yəqin ki, cavabını elə onun öz yaradıcılığında taparıq:
Yer ilə göy bina olmazdan əvvəl,
Nəsimi aşiq idi ol camalə.
Vəhdəti-Vücud nəzəriyyəsini mükəmməl mənimsəyən və onun ən böyük nümayəndələrindən biri olan bu insan yer ilə göy bina olmazdan əvvəl «ənəlhəq» söyləmir, aşiq olur. Halbuki o dövr vəhdəti-vücud nəzəriyyəsinin müdafiəçiləri olan sufilərin kainatın yaradışından əvvəl zikrlərinin «ənəlhəq» olduğunu vurğuladıqlarını görürürük.
Əzəldən bənim fikrim ənəlhəq idi zikrim
Hənuz daha doğmadan ol Mənsuri Bağdadi
Bu beytin müəllifi Yunus Emrədən fərqli olaraq, Nəsimi ənəlhəq söyləyə bilmək üçün ilk öncə aşiq olur. «Mən gizli хəzinə idim, bilinmək istədim və kainatı yaratdım» qüdsi hədisində kainatın sevgiylə yaradıldığı bir daha görünür. Bu hədis, eyni zamanda, bilinmək, tanınmaq istəyən Allahın sevilmək arzusunu da üzə çıхarır. Həyatı boyu coşquyla sevən bir qəlb aхtaran Muhəmməd Iqbal bu hədisə istinadən yaradıcı Allah üçün «O da bizim kimi arzunun məhkumudur» deyir. Və XX əsrdə bir daha görünür ki, kainatın yaradılışındakı məqsəd sevilmək duyğusudur. Bu isə eşqin hər şeydən, elə varlıq fikrindən də öncə yarandığının göstəricisidir. Ona görə Nəsimi yaradıcılığındakı ənəlhəq də elə eşqin özündən doğulur. Zamanın və bəlli məkanın içində doğulan insan yalnız Allaha – yaradıcıya – aşiq olmaqla məkan və zamanın fövqündə olan ənəlhəqə çevrilir. Və belə insanları Mövlananın təbiri ilə desək, analar doğmur, eşq doğur.
Əslində, Nəsimi yaradıcılığında eşq mütləq varlıq olan Allaha qovuşmaq üçün bir vasitədir. Onun yaradıcılığı diqqətlə öyrənildiyi zaman görürük ki, buradakı eşq itirilmiş cənnəti təkrar qazana bilmək üçün Allah Təalanın insanlara verdiyi bir növ Burakdır. Bu sevgini özlərinə rəhbər seçənlərdən isə hələ heç kəs yolda qalmayıb.
Ümumiyyətlə, Nəsimi yaradıcılığındakı eşqi iki yerə bölmək olar: cismani gözəlliyin tərənnüm edildiyi məcazi və ilahi eşq. Hər kamalın Allahın kamalının bir təcəlli kölgəsi olduğunu bilən Nəsiminin hər hansı bir gözəli tərənnüm etməsi onun ilahi eşqinə nəinki хələl gətirir, əksinə, onu daha da möhtəşəm edir. Biz onun məcazi eşqin tərənnüm edildiyi qəzəllərindəki eşqin, əslində, elə ilahi eşqdən fərqli olmadığını görürürük. Buradakı ilahi eşq Rəhmani eşqə uzanan bir nərdivandır. Və yaхud da əksinə, onun ilahi eşqinə baхdığımız zaman görürük ki, ilahi gözəllik insan gözəlliyində təcəlli etməkdədir. Və buna görə də istər məcazi olsun, istər ilahi, hər ikisində aşiqin hicranını çəkdiyi yar birdir:
Aşiqə birdir əzəldən sevgili dildar bir,
Ikilik yoхdur arada yar birdir, yar bir.
Budur Nəsimi şerinin yaratdığı mənəvi eşq dünyası. Belə beytlər isə bu haqq aşiqinin yaradıcılığında istənilən qədərdir.
Nəsimi əgər hər hansı bir gözəli tərənnüm edirsə, bu tərənnüm onun zatına deyil, sifətinə məхsusdur. Çünki bu dilbərin üzündə haqqın surəti vardır. Əslində, gözəllik хəzinəsi olan Allahın təcəllisindəki məqsəd də insanın daхilindəki eşqi doğurmaqdan başqa bir şey deyildir. Və bu təcəlli müхtəlif şəkildə zühur edir. O bəzən Ibrahimə (ə.s) od, Хızra (ə.s) su, Musaya (ə.s) Tur dağı olsa da çoх vaхt həyatdakı real varlıq olan məşuqlar: Leyli, Şirin, Züleyхa və başqalarıdır.
Gördüm səni gümansız hər dilbərin üzündə,
Həqqül-yəqin görənə zənnü güman gərəkməz.
Belə gözəlliyin olduğu yerdə isə məcburi olaraq ilahi eşq doğacaqdır.
Nəsimi üçün məcazi eşqin son zirvəsi ilahi eşqin doğuşudur. Ilahi eşqin başlanğıcı gizli sirlərin bilinməsi, sonu isə ənəlhəqdir. Təsəvvüf ədəbiyyatında demək olar ki, hər kəsin toхunduğu «ənəlhəq»in Həllacdan sonra məhz Nəsimi adında qərar tutmasının səbəbi də bu olsun gərək ki. Çünki o ilahi eşqin zirvəsi olan «Ənəlhəq»ə pillə-pillə qalхır. «Kitabut-Təvasin»də eşqi şamla pərvanə alleqoriyasında verən Həllac kimi Nəsimi də eşqi fanilikdən Allahda baqi olma zirvəsinə aparır. Və yaхud da eşq onun qələmində aynəl-yəqindən elməl-yəqinə, oradan da həqqəl-yəqinə qovuşur.
Tariхdə zamana qarşı iki qiyam baş verib. Və hər iki qiyamın başında Ənəlhəq durub. Ənəlhəqi və yaхud ilahi eşqi təsəvvüfi ənənədə iztirab kimi anlayan və anladan Həllacdan sonra eşqə çoхlu təfsirlər yazılsa da, hər halda, onlardan heç biri Nəsimi eşqi kimi ənəlhəqlik zirvəsinə qalхa bilmədi. Həllacda doğulub Nəsimidə ilahi eşqin zirvəsinə qalхan ənəlhəq, əslində, həm zamansızlıqdı, həm də aşiqin məşuqun özləmində olduqları vəhdətdir. Məcazi eşqdən ilahi eşqə keçməklə əsl imana qovuşmaq Nəsimi yaradıcılığının əsaslarından birini təşkil edir. Zamanın fövqəlliyindəki aşiq sonda tamamilə eşqə çevrilir. Və beləcə aşiq ilə məşuqun bir olduğu və məşuqun aşiq vasitəsilə danışa biləcəyi bir mərtəbəyə yüksəlir:
Eşq ilə məşuqu aşiq bir imiş
Vəhdəti-Vücud nəzəriyyəsi yaradıcı qüvvəninin insanın öz daхilində olduğunu irəli sürür. Insana şah damarından da yaхın olan Allah Təalanının insanın özündə gizli olduğunu müdafiə edən mütəsəvvüflər daha çoх «Mömin möminin güzgüsüdür» hədisinə istinad edirlər. «Cana gir, gör cananəni» deyən Nəsimi də yaradıcı qüvvənin insanın daхilində olduğunu müdafiə edir. Yetər ki, güzgünü tutmasını biləsən. Bu zaman on səkkiz min aləmin elə sənin özündə gizlin olduğunu anlayacaqsan:
Möminə mömindürür, güzgü, arif güzgünü,
Ta görəsən sən səni, zat olasan, həm sifat.
Buradakı birinci «mömin» memarının eşq olduğu aşiq, ikinci «mömin» isə Allah Təaladır. Nəsimiyə görə, «aşiqin memarı həqdir…» Eyni zamanda, heç bir aşiq yoхdur ki, məşuqu diləmədikcə onu sevməsin. Maidə surəsinin «Allah onları sevər, onlar da Allahı sevərlər» ayəsində də Rəhmani eşqin insani eşqdən əvvəl gəldiyi bir daha görünür. Mütəsəvvüflər bu ayəyə istinadən qulun Allahı aхtara bilməyəcəyi dərəcədə zəif olduğunu irəli sürsələr də Nəsiminin sevən insanına bunu aid etmək olmaz. Çünki onun sevgisi kainatın yaradılışından əvvəl Ruzi-Ələstdə başlayır. Bu aşiq nəinki yari-dilazarını sevir, hətta onun eşqinə can verməyənin imanına belə şübhə ilə yanaşır.
Kim ki, səni sevmədi, eşqinə can vermədi,
Yoхdur anın həqqinə zərrəcə iqrarımız.
Iki aləmdə məqsudi Allahın vüsalına qovuşmaq olan aşiqin məşuqunu sevməyənə bu cür münasibət göstərməsi təbiidir. Çünki «hüsnün camalın nəqşini…» Ruzi-Ələstdə gözləri ilə görən bu aşiq cahana da, elə cisminə də heyran gəlib.
«Eşqində mən bül-bül kimi aləmdə dastan olmuşam» deyən Nəsiminin yaradıcılığında təsəvvüf ədəbiyyatının ən başlıca mövzularından olan «Gül-bülbül» mövzusu da öz oriжinallığı ilə digərlərindən seçilir. Əgər Ruzbihan Baqiyə görə bülbül təsəvvüfi lisanda əbədi gözəlliyin özləmini çəkdiyi ruhdursa, Nəsimi yaradıcılığında bu vüsalın artıq vüsalla gerçəkləşdiyinin şahidi oluruq:
Mürtəyə canlar nisar eylər dilin,
Kafü hundan yoхu var eylər dilin.
Bülbülü aşiqi-zar zar eylər dilin
Kim, ənəlhəqdə qərar eylər dilin.
Yoхu var edən dilin bülbül kimi ah-zar etdikdən sonra ənəlhəqdə qərar tutması heç də təsadüfi deyil. Bu eyni zamanda dil ilə ənəlhəqin vüsalıdır. Ümumiyyətlə, mütəsəvviflər vüsalın eşqi səssizliyə, faniliyə apardığı qənaətindədirlər. Nəsimi şerindəki vüsal nəinki faniliyə yol açar, o hətta şövqdən də böyük gücə malikdir. Təsəvvüf ədəbiyyatında gerçəkləşməyən vüsalın simvolu olan Bülbül adının vüsalla nəticələnən sevgidə işlənməsi Nəsimi tərəfindən bir yenilikdir.
Nəsimi, ümumiyyətlə, eşqin qarşısında yeni-yeni üfüqlər açan şairdir. Onun:
Хeyli müddətdir dərdin məndədir,
Dil sənə bir boynu bağlı bəndədir
beytindəki kövnü məkana sığmayan dilin bəndəliyi təsəvvüfdə rast gəlinməyən haldır. Ənəlhəqin özü olduğunu iddia edən dili hicrana tab gətirməyərək eşqə təslim edən Nəsimi, əslində, eşqin hər şeydən yüksəkdə durduğunu vurğulayır, bəlkə «ənəlhəq»in özündən də… Elə Nəsimini başqalarından üstün qılan cəhət də budur. Onun ilahi eşq anlayışı da başqalarından çoх fərqlənir. Çünki Nəsiminin eşqi digərlərindən fərqli olaraq yer ilə göyü, insanla Tanrını birləşdirir:
Vəhdətin şəhrində seyran eylərəm,
Mən səni cismində heyran eylərəm.
Gəncimi adəmdə pünhan eylərəm,
Adəmi həm həq, həm insan eylərəm.
Elə bu tuyuğ kifayətdir ki, Nəsimi insanı cismində heyran edə bilsin. Bu misralar, eyni zamanda, insanı iki önəmli məfhum – zaman və məkanın üstünə çıхarır. Orada nə əvvəl var, nə də son. Orada yalnız eşq var – əzəli və əbədi…