ELÇİN İSGƏNDƏRZADƏNİN “ŞUŞAM”I – YARALI XATİRƏDƏN ZƏFƏR SEVİNCİNƏ GEDƏN YOL

YÜZ ON ALTINCI YAZI

ELÇİN İSGƏNDƏRZADƏNİN “ŞUŞAM”I – YARALI XATİRƏDƏN ZƏFƏR SEVİNCİNƏ GEDƏN YOL

(Elçin İSGƏNDƏRZADƏ: – Şuşam!)
     Salam olsun çox dəyərli oxucum! Ədəbiyyatmızda elə mövzular var ki, sözün əsl mənasında müqəddəs hesab olunur. Elə kəlmələr var ki, ehtiva etdiyi məna kitablara sığmır. Min bir məna yükülü belə sözlərdən biri də “Şuşa”dır. Şuşa – Azərbaycan poeziyasının yaddaşında yalnız bir şəhərin adı deyil. O, Vətən anlayışının, milli ruhun, tarixi yaddaşın, Qarabağ nisgilinin və Zəfər duyğusunun poetik simvoludur. Bu müqəddəs şəhərin hər daşı, hər qayası, hər küləyi və yağışı Azərbaycan insanının yaddaşında ayrıca bir hekayə yaşadır. Tanınmış şair, alim və ziyalı Elçin İsgəndərzadənin “Şuşam” silsiləsində də Şuşa məhz belə – yaddaşın, itkinin, həsrətin, doğmalığın və nəhayət, qürurun ünvanı kimi təqdim olunur. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından tanıyaq.
Qısa arayış: Elçin İsgəndərzadə 16 sentyabr 1964 – cü il  Şuşa şəhərində anadan olub (bu əsəri yaratmaq vəzifəsilə).  Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisidir.
     Elçin İsgəndərzadənin Şuşa haqqında yazdıqları sadəcə şəhərə həsr olunmuş şeirlər toplusu təsiri bağışlamır. Burada bir insanın şəxsi yaddaşı ilə xalqın ümummilli yaddaşı bir-birinə qovuşur. Şair üçün Şuşa həm uşaqlığın, həm ailənin, həm evin, həm nənənin, həm də itirilmiş və yenidən qazanılmış Vətənin adıdır.
      Bu baxımdan “Şuşam” əsəri və onunla səsləşən “Şuşadakı evimizin uçuqları önündə”, “Şuşadakı evimizin uçuqlarına noktürn”, “Şuşa küləyi, Şuşa yağışı”, “Şəhid evimizə elegiya” və digər poetik parçalar bir-birindən ayrı deyil. Onlar birlikdə Şuşanın poetik salnaməsini yaradır.
     Şuşanı tanımağın ən səmimi yolu elə  “Şuşam”dan keçir desək yanılmarıq.
“Şuşam” şeirinin başlanğıcı son dərəcə sadə, lakin emosional baxımdan güclüdür:
“O bizim ağaclarıydı,
o bizim küləkləriydi,
o bizim yağışlarıydı…”

Buradakı “bizim” sözü xüsusi poetik yük daşıyır. Şuşa şair üçün coğrafi məkan deyil, mənsubiyyət hissidir. Ağac da “bizimdir”, külək də “bizimdir”, yağış da. Şair Şuşanı xəritədə axtarmır; onu yaddaşında, duyğularında, uşaqlığında və doğmalıq hissində tapır.
     Daha sonra bu tanışlıq hissi belə ifadə olunur:
“Duruşundan tanıyırdım,
qoxusundan tanıyırdım,
yağmasından tanıyırdım.”

Bu misralar Şuşanın şair yaddaşında necə canlı olduğunu göstərir. Tanımaq burada görməklə məhdudlaşmır. Şuşa qoxusu, küləyi, yağışı, ağacı ilə bütöv bir duyğu sistemidir.
    Lakin bu doğma mənzərə şairin yaddaşında artıq yaralıdır:
“Ağac da boynubüküydü
külək də qırıq-qırığıydı
bulud da çilik-çiliyiydi…”

Burada təbiətin özü insan faciəsinin şahidinə çevrilir. Ağacın “boynubükülməsi”, küləyin “qırıq-qırıq” olması, buludun “çilik-çilik” görünməsi əslində dağıdılmış Vətənin poetik mənzərəsidir. Şair təbiəti insanlaşdırır və onun ağrısını insan ağrısı kimi təqdim edir.
    “O qədər qurban oldum ki…” – şeirin ən təsirli məqamlarından biri qurbanlıq motividir:
“Ağacına qurban olum, dedim
buluduna qurban olum, dedim,
daş yoluna qurban olum dedim…”

Burada Azərbaycan dilinin ən doğma ifadələrindən biri – “qurban olum” – poetik mətnin əsas emosional dayağına çevrilir.
Ancaq şairin qurbanlığı burada bitmir:
“O qədər qurban oldum ki, –gördüm anam da qurbandı,gördüm balam da qurbandı…”
Bu üç misra fərdi ağrını milli faciə səviyyəsinə qaldırır. Ana və bala obrazları vasitəsilə şair bir ailənin deyil, bütöv bir xalqın yaşadığı ağrını ifadə edir.
Və sonda Şuşaya müraciət edir:
“Qurbanlarını qəbul elə, Şuşam!”
Bu, həm fəryad, həm dua, həm də etirafdır.
Şuşa – “şəhərlərin şəhəri”
     “Şuşam” əsərinin ikinci hissəsində poetik ovqat dəyişir. Ağrı və nisgilin yerini tədricən qürur və Zəfər duyğusu tutur:
“Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam
zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!”

“Şəhərlərin şəhəri” ifadəsi Şuşanın Azərbaycan mədəniyyətindəki xüsusi yerini ümumiləşdirir. Şair bununla Şuşanı digər şəhərlərlə sadəcə müqayisə etmir, onu milli-mənəvi zirvə kimi təqdim edir.
      Ardınca Şuşanın tarixi dərinliyi vurğulanır:
“Qədimliyin, ululuğun əsrlərə söykənir,
igidliyin, ağalığın nəsillərə söykənir…”

Şuşanın tarixi burada keçmişdə donub qalmış bir hadisə kimi deyil, nəsillərdən-nəsillərə ötürülən mənəvi miras kimi təqdim edilir.
     Şairin “Gövhərlərin şəhərisən” ifadəsi də təsadüfi deyil. Şuşanın qiyməti onun daşında, qalasında, küçəsində olduğu qədər, yaratdığı mədəniyyətdə, yetişdirdiyi sənətkarlarda və Azərbaycan milli ruhundakı yerindədir.
Şuşanın yolu – yaddaşın yoludur! Yaddaşdır!
Şeirdə diqqət çəkən başqa bir fikir budur:
“Bütün yollar səndən keçir, sən yolların yolusan…”
Bu misra əsərin fəlsəfi məğzini açan ifadələrdəndir. Şuşaya gedən yol yalnız fiziki yol deyil. Şuşaya aparan yollar tarixdən, yaddaşdan, sənətdən, sevgidən, mübarizədən və Zəfərdən keçir.
     Şair daha sonra deyir:
“Gözümüzün işığısan, ömrümüzün nurusan…”
Şuşa artıq yalnız keçmişin xatirəsi deyil. O, bu günün də işığı, gələcəyin də ümididir.
     Uçmuş ev – uçmuş dünya, bir tarixdir.
Elçin İsgəndərzadənin Şuşa poeziyasında ən güclü obrazlardan biri evdir.
“Şuşadakı evimizin uçuqları önündə” şeirində şair dağıdılmış evlə öz mənəvi vəziyyətini eyniləşdirir (bu ilin mart ayında Ağdam rayonunun Yusifcanlı kəndində yerləşən öz uçuq evimizin eyvanında dayananda yadıma ilk olaraq bu misralar düşdü, sonra hardansa ağlıma”dambaca” kəlməsi gəldi) :
“O evin uçqunuyam,
hər gün kərpiclərim ovulur,
uçunuram,
uçuluram…”

Burada ev sadəcə daş-divar deyil. Ev insanın yaddaşıdır, ailəsidir, uşaqlığıdır, köküdür. Evin uçması insanın daxili aləminin də dağılması deməkdir.
Şairin:
“Evim yox,
nə ovcumun taleyində,
nə taleyin ovcunda…”

deməsi isə taleyin sərtliyi qarşısında insanın köməksizliyini ifadə edir (nə vaxtsa köçkünlük haqqında yazdığım yazını xatırlayıram).
Bu hissənin ən sarsıdıcı ümumiləşdirməsi belədir:
“Dünya da uçulur evim kimi
dünya da uçur toz kimi…”

Şairin fərdi faciəsi burada bəşəri məna qazanır. Bir evin dağılması ilə dünyanın dağılması arasında paralellik yaradılır.
    “Şuşadakı evimizin uçuqlarına noktürn” isə sanki həmin ağrının daha sakit, daha daxili ifadəsidir.
“Əllərim
qapımızın tutacağında qaldı…”

Bu misra ayrılığın fiziki sərhədini qeyri-adi poetik şəkildə göstərir. İnsan gedib, amma əlləri, səsi, baxışları həmin evdə qalıb:
“Səsim qapımızın cırıltısına qarışdı,
gözlərim pəncərəmizdən asıldı…”

Burada qapı və pəncərə sadəcə əşyalar deyil. Onlar keçmişlə bu gün arasında qalan son bağlardır.
Bu hissənin sonundakı:
“ürəyim yeriyir uçulmuş yurd yerlərində…”
ifadəsi isə bütün silsilənin poetik açarlarından biri sayıla bilər. Çünki insan Şuşadan uzaqda olsa belə, onun ürəyi həmin yurd yerlərində yaşayır.
      “Şuşa küləyi, Şuşa yağışı” şeirində məkan dəyişir. Şair artıq Şuşada deyil, Bakıda Şuşanı axtarır:
“Bakıda Şuşa küləkləri əsir hərdən,
Şuşa yağışları yağır…”

Bu, fiziki məsafənin mənəvi məsafəyə çevrilmədiyini göstərir.
Şuşa küləyi Bakıya gəlir, Şuşa yağışı Bakıda yağır. Lakin bu küləklərdən keçən insan “qərib oğlan”dır:
“Bir qərib oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.”

Buradakı “qərib” sözü əsərin emosional ağırlığını daha da artırır. İnsan öz Vətəninin küləyində belə qərib ola bilərmi? Şairin poetik cavabı məhz bu ağrılı paradoks üzərində qurulur.
Sonra:
“Duman nə gözəldi, İlahi,
külək nə gözəldi, İlahi,
yağış nə gözəldi –
oğlan nə qəribdi, İlahi!..”

misraları ilə gözəllik və qəriblik bir-birinə qarşı qoyulur. Təbiət gözəldir, amma həmin təbiətin içində qərib qalan insanın taleyi ağrılıdır.
     Qəmər nənə  Şuşanın canlı yaddaşı, tarixin bir parçasıdır.  Elçin İsgəndərzadənin Şuşa dünyasında Qəmər nənə obrazının xüsusi yeri var. “Şuşalı xatirələrimin baş qəhrəmanı, Qəmər nənəmin əziz ruhuna” ithaf olunan şeir əslində bir nənənin portreti olmaqdan daha böyük məna daşıyır.
      Şair əvvəlcə gündəlik həyatın ən sadə detallarını sadalayır:
“Eh… nənəm o günü xamır qatmadı,
təndir qalamadı, çörək yapmadı.”

Ardınca:
“Süd daşdı ocaqda, baxan olmadı,
keçilər çəpəri yarıb keçdilər.”

Bütün bunlar həyatın adi mənzərələridir. Lakin nənə olmayanda həmin adi mənzərələrin hamısı mənasını itirir.
Ən təsirli cümlə isə budur:
“hamı yerindəydi, nənəm yoxuydu.”
Bu sadə ifadənin arxasında böyük bir boşluq dayanır.
     Şair nənənin ölümünü yalnız ölüm kimi qəbul etmir. O, nənəni nağılların, uşaqlığın, evin, ocağın və keçmişin simvoluna çevirir:
“Eh… nənəm, nağıllı, noğullu nənəm,
payız dumanına qarışıb getdi.”

Və sonda:
“Bizi uydurduğu o nağıllara,
bir də payızlara tapşırıb getdi…”

Bu misralarda nənə obrazı bütöv bir nəslin yaddaşını təmsil edir.
    Qala divarlarından baxan şair  özü də qala kimi görünür. Qala adam təsiri bağışlayır.
“Şuşanın qala divarlarından – Malıbəyli səmtə baxarkən” şeirində Şuşanın coğrafiyası ilə insan taleyi yenidən birləşir.
“Könül ki, var
bir sevdanın yarasıdır…”

Şairin könlü Şuşanın yarasına bənzəyir. Qala divarı isə həm sığınacaq, həm müşahidə nöqtəsi, həm də keçmişlə bu gün arasında sərhəddir.
“Ömrün payız arasıdır” ifadəsi də zamanın keçiciliyini və itirilmiş illərin ağırlığını hiss etdirir.
Burada “xəzan”, “yarpaq”, “təqvim günləri” kimi obrazlar zamanın əldən çıxmasını simvollaşdırır:
“yarpaq kimi tökülənbu təqvim günlərinin.”
Beləliklə, Şuşanın yaraları insan ömrünün yaraları ilə eyniləşir.
     “”Xarıbülbül” otelinin pəncərəsindən baxarkən” adlı  hissə isə daha çox ümid və ayrılıq motivləri üzərində qurulub.
Şair pəncərəni “umud” adlandırır:
“Pəncərələr bir umuduydu, onda…”
Pəncərə insanı xarici aləmlə birləşdirən vasitədir. Burada isə o, sevginin və həyatın simvoluna çevrilir.
Şairin yaratdığı ürək obrazı xüsusilə poetikdir:
“Bir ürək şəkli cizilərdi,
cızıqlarından şeh daman…”

Amma həmin ürək də zamanla yox olur:
“sonra o ürək də süzülüb gedərdi,
yerində ağlayan şüşələr qalardı…”

Şüşələrin “ağlaması” insanın ağlamasıdır. Pəncərə isə ayrılığın gözlərinə çevrilir:
“İndi ayrılığın gözləri kimi baxır pəncərələr –içindən bütün ayrılıqlar keçir.”
Bu misralarda Şuşanın bir pəncərəsi bütün ayrılıqların simvoluna çevrilir.
   “Xarıbülbül” otelində bir gecə” şeirində şair artıq konkret hadisədən daha çox insanın daxili vəziyyətini araşdırır.
“Bilirsən, bu yol da çıxıb gedəcək,harasa gedəcək, qayıtmayacaq.”
Yol burada zamanın və taleyin simvoludur. Gedən yol geri qayıtmır. İnsan isə geridə qalan xatirələri ilə baş-başa qalır.
Şeirin ən təsirli obrazlarından biri “yaralı quş”dur:
“Ürəyin içində yaralı quş tək –
nə gəliş, nə gediş ovutmayacaq…”

Yaralı quş həm insanın daxili azadlığının itirilməsini, həm də həsrətin yaratdığı kövrəkliyi ifadə edir.
Şairin:
“Beləcə qazancın bir sürü həsrət,
beləcə gedişin səssiz olacaq.”

deməsi isə ayrılığın insan həyatında qoyduğu yeganə “qazancın” həsrət olduğunu bildirir.
    “Şəhid evimizə elegiya” hissəsi Şuşa silsiləsində ağrının ən yüksək nöqtələrindən biridir.
    Şair dağıdılmış evi bir dəftərə bənzədir:
“Tavanının dirəkləri təkcızıq dəftər kimi
üzü göylərə açılmış,sanki dua edir.”

Bu bənzətmə son dərəcə təsirlidir. Dağılmış ev susmur; o, sanki göylərə dua edir.
    Şair isə həmin dəftərə nə yazacağını bilmir:
“Bilmirəm nə yazım bu təkcızıq dəftərə.”
Çünki dağıntı qarşısında söz də aciz qalır.
Daha sonra:
“İndi həsrət bizim evin şeiridir,
yazıram,
yazıram,
hərflər evimiz kimi uçur.”

Bu misralarda poeziyanın özü dağıntıya çevrilir. Şair yazdıqca hərflər uçur, çünki xatirənin özü də yaralıdır.
    Elegiyanın ikinci bölümündə isə uşaqlıq səsləri eşidilir:
“– topu tut
– ipi çək
– daşı at”

Bu sadə uşaq oyunları bir anda böyük bir tarixi boşluğun ifadəsinə çevrilir. Çünki artıq həmin səslərin sahibləri yoxdur.
Şair deyir:
“Sevinə bilmirəm heç nəyə…”
Və səbəbini belə açıqlayır:
“Sevincim dağıntılar altında çoxdan toza dönmüş…”
     Bu, işğalın və müharibənin insanın psixoloji dünyasında yaratdığı dağıntının poetik ifadəsidir.
     Elçin İsgəndərzadənin “Şuşam” əsərində ( silsilə şeirlərində) diqqət çəkən əsas cəhətlərdən biri odur ki, şair yalnız ağrını danışmır. O, ağrıdan Zəfər düşüncəsinə yüksəlir.
      Əsərin (silsilənin)  əvvəlində Şuşa yaralıdır: ağacları boynubüküdür, küləyi qırıq-qırıqdır, buludları çilik-çilikdir. Sonrakı hissələrdə isə Şuşa “şəhərlərin şəhəri”, “zəfərlərin şəhəri” kimi səslənir.
     Bu keçid təsadüfi deyil. Çünki milli yaddaşın əsas xüsusiyyətlərindən biri ağrını unutmayaraq ondan güc yaratmaqdır.
Şairin Şuşaya müraciətində bu güc açıq şəkildə hiss olunur:
“Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam,
Zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!”

Burada artıq “Şuşam” sözü yalnız nisgilin deyil, qürurun da ifadəsidir.
    Şuşanı yazmaq, Şuşadan yazmaq, Şuşada yazmaq tarixidir,  yaddaşı qorumaqdır
Elçin İsgəndərzadənin Şuşa haqqında poetik nümunələri həm də yaddaşın qorunmasına xidmət edir. Şair dağıdılmış evin daşlarını, nənənin ocağını, pəncərənin şüşəsini, qala divarını, küləyi, yağışı və uşaqlıq səslərini sözə çevirir.
Çünki yaddaş itəndə yalnız hadisələr deyil, insanın özü də itir.
    Bu mənada “Şuşam” əsərinin əhəmiyyəti onun yalnız Şuşaya həsr edilməsində deyil. Əsər bir insanın timsalında Vətənini itirmiş, onun həsrətini yaşamış və nəhayət, Zəfər sevincinə qovuşmuş bütöv bir nəslin mənəvi tarixini danışır.
      Elçin İsgəndərzadənin poetik dili burada xüsusilə seçilir. O, böyük tarixi hadisələri pafoslu ifadələrlə deyil, çox vaxt kiçik və konkret detallar vasitəsilə təqdim edir: qapının tutacağı, pəncərə şüşəsi, təndir, süd, palaz, uşaq oyunu, kərpic, yağış, külək…
     Məhz bu detallar əsərin səmimiyyətini artırır. Şuşa yaddaşda, yaddaşlarda yaşayır.
     Elçin İsgəndərzadənin “Şuşam” əsəri bir şəhərə yazılmış şeir olmaqdan çox, Vətənə yazılmış poetik etirafdır.
     Bu əsərdə Şuşa bəzən ana, bəzən ev, bəzən uşaqlıq, bəzən nənə, bəzən yaralı quş, bəzən pəncərə, bəzən külək və yağış, bəzən də Zəfər simvoludur.
     Şairin “Şuşam”ı yaddaşla bu gün arasında körpü salır. Şuşanın dağıdılmış evləri ilə insanın dağılmış dünyasını birləşdirir, sonra həmin ağrının içindən yeni bir qürur doğurur.
     Bu poeziyanın əsas qənaəti belədir: Şuşanı itirmək yalnız bir şəhəri itirmək deyil, öz yaddaşının bir parçasını itirməkdir. Şuşanı xatırlamaq isə özünü, kökünü və Vətənini xatırlamaqdır.
     Elçin İsgəndərzadə öz poetik dünyasında Şuşanı həm ağrısı, həm sevgisi, həm də Zəfəri ilə yaşadır. Onun misralarında Şuşanın küləyi Bakıya qədər gəlir, yağışı yaddaşın üzərinə yağır, dağıntıları ürəyin içində qalır, qala divarları keçmişə boylanır, nənənin səsi nağıllardan eşidilir, uşaqların itmiş səsləri isə dağıntıların altından gəlir.
   Amma bütün bu ağrıların fövqündə bir həqiqət dayanır:
“Gözümüzün işığısan, ömrümüzün nurusan…”
Və bu nurun adı Şuşadır.
      Elçin İsgəndərzadənin “Şuşam” əsərinin poetik gücü də məhz bundadır: o, Şuşanı sadəcə təsvir etmir – onu yaşadır. Yaşadır ki, yaddaş yaşasın, yaddaş yaşasın ki, Vətən duyğusu nəsildən-nəslə ötürülsün.
      Şuşa isə bu poeziyada artıq yalnız keçmişin şəhəri deyil!
    O, Zəfərin şəhəridir.O, yaddaşın şəhəridir.O, ruhun şəhəridir. O, Azərbaycanın Şuşasıdır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir