ŞƏHİDLƏR Millətim yol gəlir neçə min ildir, Yolunu-izini çəkər şəhidlər. Yerdə aslan kimi durar marıqda, Göydə şahin kimi səkər şəhidlər. * * * Doğulub düşmənə daş atmaq üçün, Ürəyi qorxudan boşaltmaq üçün. Ölərlər vətəni yaşatmaq üçün, Hər qəlbdə bir qala tikər şəhidlər. * * * Analar ər doğar,oğul böyüdər, Hər oğul dünyası- nağıl, böyüdər. Yurdunu sevərlər analar qədər, Düşmənin qəddini bükər şəhidlər. * * * Səngəri ev bilib ağ ban eyləyər, Bağ qurar,ömrünü bağban eyləyər. Canını xalqına qurban eyləyər, Qanını yurd üçün tökər şəhidlər. * * * Özü qocalmaz ki,əsri qocaldar, Gələcək,gedəcək nəsli qocaldar. Qəlblərdə vətənə heykəl ucaldar, Azadlıq ağacı əkər şəhidlər. * * * Bayraqtək ucadır adı onların, Adları titrədir yadı onların Qanında doğmaqçün qəhrəmanların, Millətin ruhuna çökər şəhidlər. * * * Vətən,qurbanınam- üzdə demədi, Əməldə göstərdi,sözdə demədi. Mahirə,ağlamaq,sızlamaq nədi, Sənin göz yaşından küsər şəhidlər.
QƏRƏNFİL Ağladın Azadlıq şəhidlərinə, Bir az da dənizə ağla,qərənfil. Ağla ölənlərin itmiş ruhuna, Bir az da kükrəyib çağla,qərənfil. * * * Bizdən yan keçmədi ölüm,fəlakət, Günah işlətmişik,yoxsa qəbahət? Baxışlar nigaran, ürək narahat… Bir az da sinələr dağla,qərənfil. * * * Bu nə intizardı,bu nə sualdı, Dəniz susub,dinmir,elə bil laldı, Son ümid şöləsi közərə qaldı, Bir az da yaramı bağla,qərənfil.
DEYİRLƏR, KİŞİ AĞLAMAZ… (20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…) Deyirlər,kişi ağlamaz, Ancaq hamı ağladı o gün, Anam ağladı, bacım ağladı… Göz yaşları gildir-gildir, elə bil ki, seldir… O vaxt atam da ağladı- 1990-da… Onda ərşə qalxdı, sinə dağladı atamın anamın,bacımın naləsinə qarışan yanıqlı fəryadı… O ağladı,sızladı,mən düşündüm, Sakit,təbiətən mülayim atam niyə ağlayır? Üşüdüm… Mənə elə gəldi ki,o ayazlı, şaxtalı gecədə küçədə əliyalın,sinəsini düşmən gülləsinə Sipər edən mən idim… Atam mənə görə ağlayırdı, Sən demə, Vətən oğulları üçün sızlayırdı. Deyirlər,kişilər ağlamaz,ancaq ağladı atam o şənbə gecəsinin dəhşətinə,vəhşətinə… İlham üçün özünü qurban verən Fərizənin həsrətinə. Yandı şair təbiətli Ülvinin gəncliyinə,nakam ömrünə O gecə şəhidlik zirvəsinə ucalan oğullar üçün ağladı atam… Deyirlər,kişi ağlamaz,ancaq atam ağladı,mənə görə yox- Şəhid olmuş qardaşıma,bacıma… 5.05.2014. Quba-Zərdabi.
ŞƏHİDLƏRİN RUHUNA Güllər buta bağlayanda, Çaylar daşıb çağlayanda, Qərənfillər ağlayanda Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Gəncdi Ülvi Bünyadzadə, Nakam ömrü getdi bada, Gətirib sən onu yada Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Leyli-Məcnun əfsanədir, Sədaqətə nümunədir– Onlar İlham-Fərizədir. Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Bir olmuşuq həmişə biz Azad olsun Vətənimiz. Mövlud,çatar zəfərimiz… Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına…. 13.12.2014. Quba-Zərdabi.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü! Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından Qarabağımızın xilası, Qələıbə müjdəsi ilə gedirik!