Yer üzünün əşrəfi insandır. Belə deyirlər, belə də var. İnsanlığın şah əsəri də anadır! Ana! Anaya “müqəddəs varlıq” təsadüfi olaraq deyilmir. Odur ki, insan üçün mühüm əhəmiyyətli bir çox anlayışların qarşısında “ana” sözü yazılır: ana Vətən, ana dili, ana təbiət, ana yurd, ana torpaq.
Ana mövzusu həmişəyaşar, əbədi, əzəli və həm də yeni bir mövzudur. Ana obrazı həmişə məhəbbətlə tərənnüm olunub. Hər bir qadının şərəfi, böyüklüyü, ülviliyi onun analığındadır. Həyatdakı bütün uğurluğumuz üçün anaya borcluyuq və nə qədər çalışsaq da, onun borcunu qaytara bilmərik. Ana körpəlikdən ta həyatı sönənə kimi bizim qulluğumuzda durur, qayğımıza qalır, bizdən ötrü narahat, nigaran olur, gecələr sübhədək beşiyimiz başında oyaq qalır, xoşbəxtliyimiz naminə ömrünü şam kimi yandırır.
Yaradıcı simalar ona görə də qadın gözəlliyini ana obrazında ümumiləşdirmiş və əbədi obraza, qəhrəmana çevirmişlər.
Rembrant misli görünməmiş sənətkarlıqla çəkdiyi ana rəsmini “Madonna” adlandırmışdır. Bu əsər dünya incəsənətinin son dərəcə qiymətli sərvətlərindən biridir.
“Madonna” italyan dilində “Allahın anası”, “ilahi qadın” deməkdir. Rəssam rənglərin sehrli dili ilə ananı müqəddəsləşdirmiş və onu ən ülvi məqamda – ana qəlbinin hərarətini körpəsi ilə bölüşəndə canlandırmışdır. Sonralar bir çox madonna rəsmləri meydana gəlmişdir. Həmin portretlərin hər birində uşaq ananın sol qoynunda təsvir edilib. Niyə? Bu təsadüfdürmü? Yoxsa burada bir qanunauyğunluq var?
Sən demə, körpə ananın bətnində ananın ürək ritminə öyrənir. Dünyaya gələndən sonra uşaq sol qoyunda tutulanda ananın ürək döyüntülərinin sədaları altında özünü rahat hiss edir, sakitlik, dinclik tapır, ananı incitmədən yuxuya gedir.
Müasir analar da, çox güman ki, bu möcüzədən xəbərdardırlar, onlar da uşaqları qucaqlarına alanda övladlarını sol qoyunlarında tuturlar.
Körpəni yatıranda ana ona layla çalır. Həzin laylanın sədaları altında uşaq tezcə yuxuya gedir.
Şair Adil Cəmilin “Anama layla” şeirlər kitabını (Bakı: Elm və təhsil, 2020) oxuyanda xəyal məni qanadlarına alıb uzaqlara – analı günlərimə, anasız illərimə apardı. Valideyni, xüsusən də ananı itirmək çox böyük dərd, qüssə, fəlakətdir. Ana itkisi sarsıdıcıdır. Babalarımız təsadüfən deməmişdir: “Uşaq atadan deyil, anadan yetim qalır!”
“Anama layla!” Necə gözəl mənalandırmadır! Kaş övladlar anaya laylanı onun sağlığında çalaydılar. Ana yorğun olanda, ana dilxor olanda, ana narahat olanda, ananın yuxusu gələndə niyə ona layla çalmayaq?!
Kaş analar dünyalarını dəyişməyəydilər! Onsuz da analar dünyadan köçmürlər, daim bizimlədirlər!
Laylanı balalarına, övladlarına analar çalırlar. İnsanların ən zərif, kövrək hissləri övladla bağlıdır. Fəqət Adil Cəmil “Anaya layla” deyir. İtirdiyi anasını yada salaraq kövrəlir, ağlamsınır, bu gen dünya ona dar gəlir:
Hicran məni dara çəkir,
Sən yatan məzara çəkir.
Ey dərdimə yanan, lay-lay,
Anam lay-lay, anam lay-lay.
Adil Cəmilin kövəkliyindən, böyüklüyündən, zənginliyindən irəli gələn bir təşəbbüsdür, çox gözəl, çox uğurlu deyilişidir: “Anama layla!”
Anam deyib öyündüyüm,
Həsrətində üyündüyüm
Daş sükutlu sonam, lay-lay,
Anam lay-lay, anam lay-lay.
Şairi ağrıdan, için-için ağladan bir ana yoxluğudur, bir də Vətən dərdi. Çörəyi dizi üstə olan, şərəfsiz ermənilər şairin doğma yurd-yuvasını tutublar. Ananı doğma torpaqda dəfn etmək oğula qismət olmadı. Ana yurd həsrəti ilə dünyasını dəyişdi:
İndi ananın ruhu şaddır, oğul da sevinclidir. Doğma torpaqlarımız düşməndən azad edilib. Ali Baş Komandanın başçılığı altında müzəffər silahlı qüvvələrimiz erməni ordusunu darmadağın etmiş, düşməni torpaqlarımızdan, o cümlədən 1993-cü il aprelin 2-də erməni faşist işğalçılarının əlinə keçmiş Kəlbəcərdən də qovmuşdur!
Adil Cəmil ana niskili ilə “Anamın xatırəsinə” şerini də qələmə alıb. Ana heç zaman unudulmur, xatirəsi həmişə əzizdir, sağlığında da, cismən həyatdan köçəndə də. İfadə tərzinin mükəmməlliyi diqqət çəkir:
Bir qəmli dastan idi
Bu sabah bitdi anam.
Şair yaşadığı ağrını acı-acı, göz yaşı tökə-tökə, sızıldaya-sızıldaya, ürəyi sıxıla-sıxıla dilə gətirir:
Canımdan can qoparıb,
Son mənzilə o varıb
Dünyanı da aparıb
Dünyadan getdi anam.
Şairin qənaətincə, “dünyadan köçən anası dünyanı da özü ilə aparıb”. Budur, Adil Cəmilin ustalığı. Söz oynatmır, sözdən çələng hörür, sözün qüdrətini önə çəkir.
“Anama layla” kitabında ana mövzusundan başqa bir çox mövzularda şeirlər də vardır ki, onlar da maraqla oxunur, onlar düşündürür, tərbiyələndirir, yaxşı şeir yazmağın yolunu göstərir. “O yanda, bu yanda” bu kitaba daxil edilmiş birinci şeirdir. Elə bu ilk şerilə şair adamı öz təsiri altına salaraq, kitabı vərəqləməyə, digər şeirlərlə də tanış olmağa səsləyir:
O yanda yer qazılır
Kəhrizə çıxmaq üçün.
Bu yanda çay tələsir
Dənizə çıxmaq üçün.
İblis qatır aranı
Qan dizə çıxmaq üçün.
Hamı Həccə tələsir
Təmizə çıxmaq umun.
Yaşayırıq – gecədən
Gündüzə çıxmaq üçün (“O yanda, bu yanda” şeirindən).
Var ol, şair! Bəli, elə anlar olur ki, insan həyatdan küsür, bezir, xoşbəxtliyə çata bilmir, bir tikə çörəyə möhtac olur, şərə düşür, tora düşür – onda gecəsi-gündüzü ona haram olur. Yalnız “Yaşayırıq – gecədən, Gündüzə çıxmaq üçün”.
Bəzi harın adamlar da, məsləki – pul, məqsədi – yarınmaq, yalaqlanmaq, satılmaq, satmaq, mərdimazarlıq və pislik etmək, tor qurmaq olanların da aqibəti belə olur.
Adil Cəmil əslən Kəlbəcərdəndir. Bu rayon ölkəmizin dilbər guşəsidir. Havası təmiz, suyu ondan da tərtəmiz, dağlar qoynunda məskən salıb, yaşıllığa qərq olub, bulaqları bumbuz. Təbiəti gözəl! Belə yerin adamları da saf olur, dostcanlı, mərd, comərd, əli, dili düz, qonaqsevən olur.
Bu yerlərin sakinləri 30 illik həsrət çəkdilər. Adil kimi. Ağı dedilər, bayatı oxudular. “Vətən, hey!” səsləndilər.
“Anama layla” ərsəyə gələndə hələ torpaqlarımız azad olunmamışdı. Doğma yurdu üçün qəribsəyən, darıxan, özünə yer tapmayan Adil Cəmil qələmə sarıldı. Ah çəkməkdən usanmadı. “Qürbətdə qalan vətənə” baxa-baxa yazdı:
Ah çəkib uzaqdan Murova baxdım,
Kəlbəcər adında girova baxdım.
Dən düşən saçımda qırova baxdım…
Yazdan ayrılmamış qış hardan gəldi? (“Hardan gəldi” şeirindən).
Necə də gözəl ifadə olunub: “Ah çəkib uzaqdan Murova baxdım, Kəlbəcər adında girova baxdım”.
Kəlbəcər kimi gözəl diyarın girov olmağı, düşmənin burada at oynatması nəinki Adilin, eləcə də uzun müddət bizim hamımızın dərdi idi. Fəqət hamıdan daha çox Adil yandı-yaxıldı: “Gündoğan tərəfə baxan kəndimin, Qibləsi dəyişib günbatan oldu” – deyə haray qopardı, axşamlar kəndini yuxuda gördü, gündüzlər gözləri önündə canlandırdı, əzizlədi, oxşadı.
Adil Cəmil şeirlərində bu gününü, sabahını fikirləşməyi, ömrü mənalı yaşamağı, onu bada verməməyi insanlara tövsiyə edir. Şairin qənaətincə, həyatın mənası barədə düşünməyən, xoşbəxtliyin yollarını arayıb tapa bilməyənlər axırda peşman olur. Şeirdəki şəxs kimi:
Mən ömrümü “qurban olum” –
Deyə-deyə qurban verdim (“Qurban verdim” şerindən).
İnsanlar başqalarından ötrü fədakarlıq göstərməklə yanaşı özlərini də düşünməli, ömürlərini bihudə yerə qurban verməməlidirlər:
Sən demə arzular xam xəyal imiş,
Xəyallar Adili xamladı getdi (“Karvan köç elədi” şeirindən)
Şairin “İşğal günü” şeiri də maraqla oxunur, poçtalyonun yurd yerini tərk etməməsi adamda bir yandan fərəh, qurur hissi oyadır, digər yandan onu gözləyən acı tale təəssüf hissi oyadır:
Kəndimizin poçtalyonu
Kənddə qaldı işğal günü.
Obaya xəbər daşıyan
O insandan
Heç çıxmadı xəbər-ətər.
İşğal günü kəndi tərk etməyən poçtalyonu burada qalmağa vadar edən müəyyən səbəblər var. Əvvəla, o, yataq xəstəsi idi. Yalvarırdı ki, onu yerindən tərpətməsinlər. “Qurumuşdu ayaqları, Söz tutmurdu dodaqları”. İkincisi, onu kənddə qalmağa, burada ölməyə məcbur edən Vətən sevgisi idi: “Bura mənim obamdır, ömrüm-günüm burada keçib, qalıb burada ölüm” – deyirdi.
Poçtalyonun taleyi, təbii ki, bəllidir. Qocaya, xəstəyə, körpə uşağa, qadına rəhm etməyən erməni faşistləri, söz yox ki, poçtalyonu tapan kimi, şübhəsiz, qanına qəltan etmişdilər. Adil Cəmil demişkən:
Zülm varmı bundan betər
Ölüm varmı bundan betər.
Kitabda qandonduran bir fəryad var: oğul dərdi, oğul yoxluğu. Valideyn üçün övladı itirməkdən böyük dərd-sər təsəvvürə gəlməzdir.
Adil Cəmi onu için-için ağladan, sızladan bu hiss (dərsinə şərik oluram, əziz dost) dilə belə gətirir:
Daha varlığıma bu dünya dardı,
İşıqlı nə varsa aparıb getdin.
Dilimdə bir “oğul” kəlməsi vardı,
Onu da dilimdən qoparıb getdin (“Ay oğul atası, oğulsan tabla” şeirindən. Orxana ithaf).
Adil Cəmilin kitabda toplanmış digər şeirləri də uğurludur. Diqqət yetirək: “Soruşmayın əhvalımı” (Dünya fani, ömür hədər, Gedən gəlməz, gələn gedər), “Göy üzü səs saxlancıdır” (Məməm-mənəm deyənlərin, Mənliyində “Mən” yoxmuş), “Fikir adlı şum yerində” (Dağlar mənə dağ çəkəndən, Dağ görmədim dağım kimi), “Ay zalım fələk” (Gürşad əvəzinə, leysan yerinə, Gözümün yaşını tökdürdün mənə), “Dərdim” (Belimdə şələ var vallah öluncə, Neçəki diriyəm diridi dərdim) və s.
Kitabdakı şeirlərin bir qismində qardaş Qırğızıstan, onun təbiəti, insanları anılır. “Böyükçöl”, “Qırğız yaylasında”, “Ər Manasın aulunda”, “Bir vadidən gördüklərim”, “Çu çayı” və s. şeirlər bu qəbildəndir.
“Anama layla” kitabını vərəqləyib sona çatırdım. Öz-özümə: “Adil nə əcəb kitaba sevgi şeirləri daxil etməyib?” – deyə fikirləşirdim ki, nəhayət, axtardığımı tapdım: ”Uzanan ayrılıq ömür qısaldır”, “Bizim sevgi”, “Görüş yerində”, “Yanmağıma yanmıram”, “Səni düşünərkən”, “Bir sevda dəlisiyəm”. “O eşqin sarayı uçmayıb, gülüm”, “Sən”, ”Sən görmədin”, “Keçib” və s.
Sinəsində yeridiyin
Yamac oldum – sən görmədin.
Yollarına kölgə salan
Ağac oldum – sən görmədin.
Bu yerdə üzümüzü Adil Cəmilə tutaraq deyirik: başqa sevənlər də sən dərdə olublar, ürəyini sıxma. Gözəl şeirlər yaz, ürəyini də sıxma. Sevilən şairsən!
Ser Çetverikov ataya minnətdar olmalıyam, ona görə ki, “Müasir dövrdə insanın taleyi” kitabımı yüksək səslə oxuyandan sonra öz məktubu vasitəsilə bəzi fikirlərimi səmimi və daha aydın söyləməyimə imkan yaratdı. Məni tez-tez yaxşı başa düşmürlər və dünyagörüşümün ziddinə xarakterizə edirlər. Buna, yəqin ki, səbəbkar özüməm. Çünki anlaşılmazlığı antinomiya, ziddiyyət, paradoks və faciəvi mübahisələrlə müqayisəli təhlil edirəm. Mən araşdırmaları özümün qəti inamımla aparıram, o inamla ki, dünyanın quruluşuna, hətta varlığın dərinliyinə antinomik-paradoksal düşüncə tərzi uyğun gəlir. Bu mənada dünyanı mütəsna olaraq nə pessimist, nə də optimist kimi qəbul etmək olmaz. Diqqətə çatdırmaq üçün onu da əlavə edim ki, ilahiyyatçı deyiləm, filosofam və dilim ilahiyyatçıların dilindən fərqlidir.
Adı çəkilən kitabımda ümidsizlik və inamsızlıq, Çetverikov atanın mənə yazdığı kimi, möhür vurulmuş şəkildə deyil. Doğrudur, həyatın pisliklərinə, bu pisliklərdə insanın acınacaqlı iştirakına qarşı məndə çox güclü və əzabverici hisslər var; amma həyatın Mənasına olan inamım bundan güclüdür. Gizlətmirəm, məndə xristianlığın həddən artıq mərhəmətli, alicənab, faciəsiz, ürəyiyumşaq başa düşülməsinə qarşı güclü müqavimət var. Hər halda o, dünyanı kilsə daxilində təhlükəsiz, sevincli, işıqlı – xilasedənlərə, və kilsə xaricində gizli, təhlükəli, əzabverici – məhv olanlara ayırır. Bax belə bölgü sistemi və kilsə daxilindəkilərin uyğun düşüncə tərzi mənə görə İncilin ruhuna uyğun gəlmir. Məsihin Incil obrazı başqa cürə öyrədir. Məsihin yolu ilə getmək ona gətirib çıxarır ki, biz vergi yığanlarla, fahişələrlə, düyada ölənlərlə bir yerdə olacağıq və əzab içində qıvrılacağıq. Başa düşmək çətindir, axı necə olar bilər ki, kilsə daxilində özünü sakit və firavan xilaskar kimi hiss edib dünyanın əzab-əziyyətinə şərik çıxmayasan. Farisey özbaşınalığının qorxusu həmişə var. Məni təəccübləndirən ata Çetverikovda mənim kitabımdan yaranan yanlış təəssüratdır ki, guya Allah tarixə təsir göstərmir, O, dünyanı tərk edib. Həqiqətdə isə, Allahın tarixə təsiri olmasaydı, onda nə mənim kitabım, nə də yazdıqlarım olardı. Heç kitabın əsas mövzusunu təşkil edən ali hakim də olmazdı. Lakin Allahın tarixə təsiri gizlidir və rasional şərhə tabe olmur. Allah tarixə təsir edir, necə ki, təbiət və insan təsir edir. Buna görə də tarix Allahın təbiətin determinasiyası və insanın azadlığı ilə birgə istehsalıdır. Tarix üzərində Allahın təsiri yolun immanent nəticələrə görə aşkarlanmasıdır, əks yol Allahın hökmranlığına aparır. Məhkəmə Allahın cəzası deyil, belə düşüncə antropomorf və ekzoterikdir, məhkəmə Allahı unutmanın nəticələrini aradan qaldırmaq üçündür. Ata S. Çetverikov nəyə görəsə məni o məsələdə qınayır ki, fikrimə görə, guya Allah mühakimə edən və cəza verəndir, Allah sevgisi yoxdur. Həqiqətdə isə, cəza Allahdan gəlmir, dilimizin qüsuru aldadıcıdır. Mən ancaq Allahın sevgisinə inanıram, əzab və qorxu verən Allaha inanmıram. Lakin Allah sevgisi qaranlıq stixiyada mənasını dəyişib; od kimi də təsir edə bilər, əzab kimi də yaşanar. Tarix üzərində immanent mühakimə dünya və insan üzərində mühakimənin sonuncusu deyil.
Ən başlıca problem ki, mənə əziyyət verir; bu şərin baş verməsi və şərə görə cavabdehlik məsələsidir. Pisliklərə görə Allahın cavabdeh olması fikrilə razılaşmaq çətindir. Hər şey Allahın əlindədir, Allah hər yerə təsir edir, Allah xeyirxah məqsədlər naminə şərdən yararlanır, Allaha münasibətdə heç kim, heç nə azad deyil. Kalvin tədrisdə ardıcıl və radikal nəticələrini əvvəlcə bu kimi fikirlərə görə əldə etmişdi. Allah şərə, yaxud şərdən keçən əməllərə təsir edirmi? Cavab “bəli”dirsə, o zaman dünya əzabına və şərə görə məsuliyyət Allahın üzərinə düşür. Yox, əgər “yox”dursa, onda Allaha və Onun münasibətindən azadolma baş verir ki, Allahın təkhakimiyyətliliyinə kölgə salır, sanki Onu şərə qarşı (mən düşünürəm ki, bütün bunlar dilin problemidir) gücsüz edir. Bu təhlükəsiz və optimist həllə imkan vermədiyi üçün problemlərin ən çətinidir. Dostayevski bundan əziyyət çəkirdi. Teodiseyanın böyük hissəsi, Bl. Avqustindən Leybnitsə kimi, nəinki qaneedici deyil, birbaşa təhqiredicidir, Allaha və insana qarşı hörmətsizlikdir. Əlbəttə, burada xalis aqnostik mövqedə dayanıb etiraf etmək olar ki, biz rasional dərk mümkün olmayan son dərəcə gizli işlə məşğul oluruq. Bu nöqteyi-nəzər daha yaxşıdır, nəinki rasional teodiseyalar ki, ilahiyyatda da, metafizikada da sona qədər duruş gətirə bilməyiblər; necə də olsa həmişə həssas vicdanlar üçün əlverişsiz mənzərə yaradıblar. Kilsə müəlliminin çoxu öyrədir ki, pislik mövcud deyil. Amma sona qədər fikirləşəndə etiraf etmək lazım gəlir ki, şərin mənbəyi varlıqdan kənardadır, harada ki, Allah qüdrəti hökm sürür, daha doğrusu, qeyri-mövcudluqda və olmayan azadlıqdadır. Bu, fəlsəfi təfsirdir, sonuncu sirr haqqında azadlıq və şər ilə əlaqəli fəlsəfi ifadədir. Dünyanı dərk etmə və görmənin faciəvi mənbəyi budur. Buna səbəb dünyanın şər və əzabının təcrübəsi, yaradıcılıq təcrübəsi, yeni nəyinsə yaradılmasıdır. Şərdən çıxış yolu Allahın öz əzabındadır, daha doğrusu, Məsihdədir, hakimi-mütləq Allahda deyil, bağışlayan, sevgi qurbanı Allahdadır. Mən düşünürəm ki, xristianlığın mahiyyəti budur.
S. Çetverikov ata mehriban Allahın insan həyatında rolunu belə təsvir edir ki, guya o, ancaq kilsə civarında qərar tutanlara, daşqın zamanı gəmidə olanlara aiddir. Lakin insanlıq tarixinin böyük hissəsi, ələlxüsusus, bizim dövrümüzdə, nə kilsə daxilindədir, nə də gəmidə, dünyanın quduz okeanlarında boğulur. Bu o anlama gəlir ki, Allah dünyanın və insanın böyük hissəsindən əl çəkib? Mömin xristianlar necə özlərini dünya əzabından qoruyub, kilsəxarici əzab və işgəncənin onlara dəxli olmadığını iddia edə, yaxud dünyanın vəziyyətindən doğan pessimizmə laqeydlik göstərib optimist ola bilərlər? Bu məhəbbətin hökmlərinə görə günah olardı. Andre Jidanın “Leretour del`enfant podigue” novellasında, hansı ki, incilin obrazını fikir azadlığı ilə təfsir edir, israfçı oğuldan onun bu dünyada ata evindən kənarda nə etdiyini soruşurlar, belə cavab verir: əzab çəkdim. Bu kimi cavabı həqiqət və doğruluq axtarmaq, xoşbəxtlik və həyat həzzi tapmaq səbəbindən ata evini tərk edənlər də söyləyə bilər. Məsihilər ata evini tərk edənlərin əzablarına, dünya acısı çəkmələrinə laqeyd ola bilməzlər. Ata evini tərk edənlərə diqqət xristianlığa döndərmək cəhdi və kilsəyə qaytarmaq işilə tamamlanmalı deyil; xristianlar onlardan çox şey öyrənə bilərlər.
İnsanın dünyadakı taleyinə xüsusi diqqət, onları sınaq və əzablara ayırmaq üçün icazə lazımdır. Xristianlıq müasir insana fəlakət zamanı kömək edə bilər, xüsisilə, o zaman ki, əgər insan müasir ruhun sınaq və suallarına müstəsna əhəmiyyət verir. Amma bu, kifayət deyil, görünür, kilsə dairələrində zamanın hərəkətinə lazımi həssaslıq göstərilmir, onlar düşünürlər ki, bu günün adamı beş yüz, min il bundan əvvəlin adamı ilə eynidir. Mənim kitabımdan narahat olan S. Çetverikov ata heç vəchlə kilsədən imtinanın hayında deyil. Lakin kilsə tarixi krizis yaşayır və onun üzərində mühakimə labüddür. Kilsə cəhənnəm cəfənglərinin qarşısını ala bilmir, çünki Məsihə üstün gəlmək gücündə deyil, lakin cəhənnəm adıyla, nəinki kilsə xarici qüvvələri, hətta kilsədaxili qüvvələrin də qarşısını almağa çalışır, hansılar ki, xristanlıqda insanlığın xeyrinə düzəliş ediblər. Müasir ateizmdə təkcə ateistlər günahkar deyillər, ilk günahdan üzü bəri həmişə “Allah, Allah” deyə səslənənlərdir ki, Allaha etiqad və ibadəti təhrif ediblər. Kilsə onun ikili anlayışa malik olduğunu etiraf etməklə müdafiə olunar. Bəzi kilsəyə görə Məsihin mistik varlığı canlı, guya həqiqi davam edən təcəssümdür. Bəzi kilsələrin tərkibi sosial institutlar kimi günahkar insanlardır və bu mənada, həm sosial mühit, onun təsiri, təlqini ilə, həm də öz hüquqları, iqtisadiyyatlarına uyğun hökümətlə müəyyən əlaqədədirlər. İkinci mənada kilsə özündə məhdudiyyət və bütün baş verənlərin sosial nizamla tənzimlənməsi məsuliyyətini daşıyır. Tarixdə sosial hadisələr kimi kilsənin ən böyük günahı onun səcərə və qeyri-ruhanilərinin şəxsi günahları deyil, günah yanlışlıqda, təhrif edilmələrdə, xristianlığın əsas prinsiplərinin insan mənafeyinə uyğunlaşdırılmasında, inancın özündədir. Ruhani və müqəddəs adlandırılmış o qədər günahkar adamlar var ki… Bax, bunun üzərində düşünmək lazım gəlir. Allah həmişə dünyaya təsir edir və bu faydalı təsir heç vaxt insanın qəddarlıq, şəxsiyyətə zidd, amansızlıq kimi mühakimələrinə bənzəmir. Həm insan azadlığı, həm də dünyanın qaranlıq stixiyası mənada Allahın dünyaya təsiri bizim üçün müstəsna dərəcədə çətin və anlaşılmazdır. Bu təsir heç vaxt kənardan və zorakı ola bilməz. Dünyanın üzərində Allah mühakiməsi rəhimsizcəsinə ola bilməz, məxsusən, ona görə ki, Allah insan azadlığına hörmət edir və zoru sevmir.
Insan yeni yollar arayanda, iztiraba dözmək məcburiyyətində qalanda, əzab çəkəndə eynən İovanın taleyini yaşayır. Məni hər şeydən çox İovanın təsəlliverənlərinə çevrilmək qorxusu narahat edir. İova Allahla mübarizədə Allah tərəfindən bəraət qazandı, amma onun dindar təmsilçiləri məzəmmət olundular. Xristianlar tez-tez İovanın təsəlli verənləri kimi mühakimə yürüdürlər. Onlar elə bilirlər ki, insanın və dünyanın hədsiz əzablarına baxmayaraq bu üsulla optimist olmaq mümkündür. Qoy “bədxahlar” əzabda qovrulsunlar, bu onların haqqıdır, “xeyirxahlar” isə bunun nəticəsində razılıq hissi yaşasınlar. Bu məsələni heç vəhclə qəbul edə bilmirəm. Çünki heç kəs özünü dünyanın, bəşəriyyətin ümumi taleyindən ayıra bilməz və heç kəs özündən razı şəkildə iddia edə bilməz ki, o, düzgün yoldadır. Mən, əlbəttə, yaxşı bilirəm ki, S. Çetverikov ata xilas yolunun qaçılmaz əlaməti olaraq özünü ləyaqətsiz və günahkar hiss edir. Təəssüf ki, bir çox xristianlar özlərini ləyaqətsiz və günahkar hiss etmək düşüncəsilə xristian aləmində ritorik – şərti üsullar əldə etdilər.
S. Çetverikov ata, əlbəttə, bunu yaxşı bilir. Mənim nəzərdə tutduğum problem başqadır. Söhbət bütün xristianlar üçün səciyyəvi olan özünü ləyaqətsiz və günahkar hiss etmədən getmir, dünyanın, başqa insanların sualını özününkü kimi qəbul edib, əzabı-əziyyətini bölüşməkdən, gedir. Hamı hər kəs üçün cavabdehdir. O insanlar ki, nə vaxtsa dünyanı monastıra getmək üçün tərk edirdilər, onlar bunu fədakarlıq xatirinə edirdilər. İndi bu dünyada yaşamaq özü fədakarlıqdır. Allahla mübarizə bəzi vaxtlarda Allah üçün daha münasibdir, nəinki Allaha ibadətin başqa formaları və təqva. İova Allahla mübarizə aparırdı, onun təmsilçiləri isə mömin idilər. İova da, onun təmsilçiləri, daha doğrusu, ittihamçıları indi də var. İova pessimizm anları yaşadı, lakin onun təmsilçiləri optimist idilər, çünki bütün baş verənlərin ədalətli olduğuna inanırdılar. Hər halda Allahın mühakiməsi bizim düşündüyü-müzdən gizli baş verir və rasionallaşdırıla bilməz, baxmayaraq ki, bu, teoloji rasionalizasiya olardı.
Mən optimist deyiləm, lakin pessimist kimi xarakterizə olunmağım da düzgün olmaz. Qəti pessimizm xristianlıqla uzlaşmır, bu varlığın əksinə – yoxluğa doğru meyletmədir. Passiv pessimizmi təəccüblə qarşılayıram, amma pessimizmin mənim payıma düşən cəhətini aktiv pessimizm, yaxud pessimizmlə mübarizə kimi dəyərləndirmək olar. Mən insana, onun ilahi təbiətinə, yüksək ləyaqətinə, dünyada sülhü davamlı qoruyan yaradıcılıq işinə hər kəsdən çox inanıram. Bütün yazdıqlarım buna şahididir. Lakin bu heç də insan təbiətinin
J. J. Russo ruhunda lütfükar təmizliyinə xoşniyyətli inam və ya optimist münasibət deyil. Insan ruhuna xas olan azadlıq və yaradıcılıq onun həyatını faciəvi edir.
İnsan var olmaq və olmamaq uçurumu ilə üz-üzə qoyulub. O, bu uçurumu təkbaşına, öz gücü ilə dəf edə bilməz, yuxarının köməyinə ehtiyac var. Bu isə ilahi işdir. Əgər bizim əsrdə insanın varlığı özü təhlükədədirsə, insan çürüyürsə, bu məhz ona görədir ki, o, ancaq özünün, öz gücünün ixtiyarına buraxılıb. İnsan bəlkə də öz varlığının ən təhlükəli dövrünü yaşayır. Lakin mən düşünmürəm ki, insanın taleyi tamamilə çarəsizlik olmuşdur. Axı çarəsizlik bu dünyaya aiddir, o biri dünyaya yox. Məgər biz bilmirik ki, dünyanın tarixi sonsuz deyil, dünya bir gün dağılacaq, tarix bitəcək. Buradan isə belə nəticəyə gəlmək olur ki, bu dünyada, bu torpaqda, bu dövrdə sonun olacağı labüddür. Dünyəvi çarəsizliyin səbəbi bununla izah olunur. Çarəsizlik düşüncəsi insanın yaradıcı işinə, onun bu dünyada həqiqəti işıqlandırmaq istəyinə mane olmamalıdır; çünki yaradıcılıq insanı son nəticəyə qədər təqib edir. Allah-insan işinin sonuna. Axırıncı söz ki, Allaha şamil olunub, insan sözünə də aid olur. Mütləq və qəti pessimizm artıq tənqidlərə dözmür, ona görə ki, dünyanın və insan həyatının cəfəngiyatına və şərinə dair hər bir mühakimə daha yüksək bir Mənanın mövcudluğunu nəzərdə tutur; aşağı həyatın da hər bir hökmü, mühakiməsi tək olan Tanrının varlığını şərtləndirir. Bu mənada demək olar ki, şər və şər adı ilə tanınan mövcudluq Allahın varlığını təsdiq edir.
Susuzluqdan yanmış çöllərə, “mərhəmət”,- deyib inləyən çarəsiz qəlblərə, qəbirlərdən “imdad” ,-deyə səslənərək göyə uzanmış körpə qız əllərinə, əli-qolu bağlanmış, üstünə qaya, daş qoyulub əzilən, köz üstündə yeridilən, mal kimi alınıb-satılan kölələrə, ALLAHa şərik qoşub HAQQI bilməyənlərə, insan haqqı bilməyənlərə, haram (faiz) yeyənlərə, Doğru yoldan sapanlara, zinakarlara, oğrulara, əyyaşlara, çəkidə aldadan, qeybət qıranlara, halalı qoyub harama əl uzadanlara, cinlərə əsir olub cadu ilə insan taleyi ilə oynayanlara GƏLdi MÜBARƏK QURAN!!!
Allahın YAZIsı müqəddəsdir. Yazısın (QURAN) ı təhrif edəni sevməz. Yazıları yandırmayın, onların ATƏŞi sizinkindən ÇOXdur
Allah ayıb bilməsəydi ÖLÜlərin ÜSTünə ÖRTük çəkməzdi.
TorPA(K)qla bizi ya Rəbb, mən səndən UTANıram.
Göydən ilmə-ilmə ENdi NAXIŞlar
RƏBBim SƏXAVƏTli, hər GÜN bağışlar,
AC qalANDA yada düşsün YAĞIŞlar.
SONu B(H)ərəkətdir, SONu NEMƏTdi
ALLAH ƏMR edir,
MƏLƏK lər YAZır,
Şeytan pusur, fürsət axtarır
ADAM da öz bildiyini edir
Allah adamı ol.
Sorun olmasaydı sual olmazdı
Sual olmasaydı cavab olmazdı
Cavab gecikəndə sən kəndinə bax
Yerə, Göyə,Buluda,
bir də SƏSsizliyə bax
Taleyimin izi ilə YOL gedirəm,
hərdən SAVAŞıram…
hərdən BARIŞıram…
sonra GÖYə baxıb GÜLÜMSƏyirəm:
Ordan necə görünürəm?…
SEVin bir-birinizi!
Qoy DÜŞMƏN çatlasın!
O heç əvvəllər də sevməmişdi
ADƏM babamızı,
HƏVVA anamızı,
HAMIMIZI….
Bitib tükənməyənin sorağındayam. BİRi Ondan XƏBƏR gətirdi VAXTı ilə, DE(:)di ki,Görünməyəni yalnız QƏLBinlə DUYa BİLərsən, yetər ki, onu təmiz saxla. Ən çətini də elə budu: Zibilliyin içində GÜL kimi QALmaq.
Bir parça çörəyi bir quşa yetirən ALLAH öz QULUnu heç AC BURAXMAz. Nəfs-Nəfəs DƏNGƏmiz pozulmasın.
Dalğa nə QƏDƏR GÜClü gəlsə də ÇƏKİlə bilir. Bu ədəbdən əsirgəmə bizi ULU YARADAN!
Birini öldürməyə nə var ki, BACARırsansa DİRİlt onu, çətin OLanı budu. Rəbbim üçün çətin olan yoxdur:həm öldürür, həm dirildir.
Bizi Diri saxla, ey YERin GÖYün SAHİBi!
Sənin DOSTun Mənim də DOSTumdur. Dost doğrunu söylər, DOĞRU YOLa çəkər, ADına ləkə gətirtməz. Həm səhvlərini(mi) DÜZəldər, həm (ruzi) bağışlar, həm də əhv edər. DOS(T)DOGRU YOL bəxş et bizə İLAHİ. Ən böyük DOST ALLAHdır!
ALLAHın SÖZü hər yerdə keçərlidir. AYAQ ÜSTə ölənə BAXsan tanıyarsan ÖZünü.
Yaradan ƏLini çəkdiyi ADama da YARATmaq GÜCü verir, gücün yetdi-yetmədi nəsə yaratma; altında qalıb əzilərsən, malzemen çatmamış əlbət. KİTABı OXU, təhlükəsizlik QAYDAlarına ƏMƏL et, yoxsa kəndini də, digərlərini də yakarsın adam olacaq hərif.
Göndərdiyi KİTABı hərf-hərf, sətir-sətir OXUyub ƏMƏL ETmək ÜÇün
Mənə GÜC VERən ALLAH bir öyrənci kimi mənə bir MÜƏLLİM (s.a.s) də göndərdi, Yer Üzü hələ belə Müəllim GÖRməmişdi. HƏYATı BAHAsına şagirdərini QORUdu. SALAM OLSUN Ona. Əlhəmdulillah.
BİR GÜN SEÇİM qarşısında QALdı:
Ya Allahın Gözündən DÜŞ(əcəksən),
Ya da Elin DİLınə DÜŞ(əcəksən)
O ikİNCİni seçdi. 1500 ildir hələ də SEVİLir.
(p.s. Hz. Xədicə anamıza Cənnətdə tikilən EV İNCİdən)
Caynaqlarını mənə göstərib, dişlərini qıcırdadan şeytan, bil ki, MƏN BAŞ QOYduğum YERə ALLAH DAŞ qoyar, necə ki, ətrafında TƏVAF ETmək hər kəsə yaraşmaz, ÜSTü ÖRTülü, qara ÇADRAlı görəndə bir az gen dayan, ağzın həmən sulanmasın.
Allah bir QAZAN VERdi Əlimə, ərzaqlarını da GÖNDƏRdi;mən fikirləşirəm YEməyi neçə nəfərlik edim ki,hər kəs DOYsun, SÜFRƏdən əliboş, AC gedən OLMAsın . YA Rəbb yardım et, resepti sən daha yaxşı bilirsən, duzu əskik, ya da şor olmasın;məni üzüqara eləmə…
EhtiyAC və möhtAC qardaş oldular, aclar bir SÜFRƏ (Quran)dən YEyərlər.
Məni tapmaq üçün bu qədər YOLları keçməli idin. İndi de görüm nə gətirmisən?…
5 noyabrda Sumqayıt şəhər İ.Qayıbov adına 1 saylı məktəbin 2e sinifi Qarabağımızın azadlığını, “Zəfər bayramını” qeyd edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin bir dəqiqəlik sükutu ilə açıq elan olunduqdan sonra 2e sinifinin sinif rəhbəri Gülgəz müəllimə çıxış edərək, şagirdlərə və qonaqlara günün önəmindən bəhs edib. Daha sonra sözü şəhid analarına verib. Tədbirdə şairə Esmira Günəşin dəvətiylə iştirak edən şəhid Ruslan Məmmədovun anası Rəna xanım və şəhid Niyaməddin Ələkbərovun anası Həcər xanım çıxış edərək, şəhid övladlarının xatirəsini yaşadan hər kəsə təşəkkür edərək, hər tədbirin onlar üçün təsəlli olduğunu bildiriblər.
Daha sonra şagirdlərin bir-birindən maraqlı çıxışları ilə davam edən tədbirin sonunda şairə Esmira Günəş çıxış edərək qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə, xüsusilə də valideynlərə təşəkkürünü bildirərək, valideynlerin sinif adından şəhid ailələri üçün hazırladıqları hədiyyələri təqdim etməsi üçün müəlliməyə təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra şagirdlər və qonaqlar birlikdə şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Gülgəz müəllimə şagirdlərə vətən müharibəsi qəhrəmanlarımızın məzarlarını göstərərək onlar haqqında məlumatlar verib. İlin ən yadda qalan tədbiri 1 nömrəli məktəbin 2e sinfinin tədbiri olub.
Bayram günlərində telefonuma gələn təbrikdə çox söz yazılmır. Yazılan sözlərdən biri məni həmişə çox duyğulandırır. “Əzizim” sözü. Hər dəfə də “Əzizim, səni təbrik edirəm!” – yazılır. Bu sözə görə bütün bayramları sevir və səbirsizliklə gözləyirəm. Hətta hərdən bayramların sayının az olduğuna təəssüflənirəm. Yaxşı ki, yaşım çoxdur və Sovet dövrünün bayramları da yadımdadır. Məni təbrik edən adam da o dövrün nümayəndəsi olduğu üçün, bir də görürsən artıq təqvimimizdən çoxdan silinmiş bayramları da yada salır. Yada salır dedim, yadıma bir əhvalat düşdü. Elə həmin bu “əzizim” kəlməsini mənə hər bayram ərmağan edən insanla əlaqəli.
Özüm-özümü tərifləməyim, amma bir qədər qəribə görünsə də, deməliyəm ki, cavanlıqda çox gözəl və Bakıda ən yaxşı geyinən qızlardan idim. Valideynlərim tez-tez xarici səfərlərdə olur və oradan mənə son dəbdə olan geyimlər gətirirdilər.
Biz şəhərin düz mərkəzində, bizdən bir qədər aralıda da uzaq qohumumuz, Solmaz xalamgil yaşayırdı. Qohumumuzun Sahib adlı bir nəvəsi də var idi. Bu hündür boylu, enlikürək oğlan özündən o qədər razı idi ki, sanki Bakıda bundan yaraşıqlı, bundan ağıllı, bundan bacarıqlı ikinci adam yox idi. Anam da, rəfiqəm də bilirdilər ki, mən bu oğlana aşiqəm. Bu boyda şəhərdə gözüm ondan başqa bir adamı görmürdü. Mənə yaxınlaşan hər kəsdə məhz onun cizgilərini axtarır, ona oxşarlıq gəzirdim. Bunu o özü də hiss edirdi. Məni görəndə danışıb-gülər, mənimlə zarafat edər, amma yaxınlığa doğru bir addım da atmazdı. O qədər ciddi oğlan idi ki, onun zarafatı da, gülüşü də mənə qəribə gəlirdi.
Mənim ona olan münasibətimi hamıdan yaxşı rəfiqəm bilirdi. Bilirdi ki, onu görəndə əllərim əsir, özümü itirirəm. Hər dəfə Sahibdən danışanda deyirdi: Sən də qəribə qızsan ee. Bir addım at da! O nə bilsin ki, sən onu sevirsən?
Ancaq mən həmişə susur və necə deyərlər “yarımı pünhyanı sevirdim”. Sahib mənim ilk məhəbbətim idi. İlk məhəbbbətin adətən uğursuz olduğu haqda kitablarda çox oxumuşdum, ancaq nə zamansa roman qəhrəmanları kimi gizli bir eşq yaşayıb, sonra ömrüm boyu əziyyət çəkəcəyimi güman edə bilməzdim.
İsti yay günlərindən biri idi. Qaynar şualarını Bakının küçələrinə örpək kimi sərən günəşin istisi nəinki insanları yandırır, hətta küçənin asfaltını əridirdi. Rəfiqəmlə dərsdən çıxıb bizə gəldik. Evimiz nisbətən sərin idi. Bir qədər dincəldikdən sonra rəfiqəm üzünü mənə tutub gözlərini qıydı və:
– Sən o yaraşıqlının telefon nömrəsini bilirsən?- deyə soruşdu.
– Nə yaraşıqlı? – deyə mən rəfiqəmin kimi nəzərdə tutduğunu dərhal anlayıb soruşdum.
– Güya bu şəhərdə ikinci yaraşıqlı var sənin aləmində? – deyə rəfiqəm zarafat etdi.
– Neynirsən onun telefon nömrəsini?
– Zəng edib deyəcəm ki, sənin dərdindən burada saralıb solan var.
– Dəlisən?!
– Niyə dəli oluram? Qoy bilsin də. Bəlkə bir reaksiyası olar o daş ürəklinin.
– Yox. Lazım deyil.
– Ver görüm onun nömrəsini. Mən bilirəm nə edəcəyimi.
– Nömrəni tapıb verərəm, amma mənim adımı çəksən səndən ömürlük inciyərəm.
– Yaxşı. Söz verirəm sənin adın olmayacaq, amma onunla bir zarafat etməliyəm…
O vaxt mobil telefonlar yox idi. Mən telefon kitabçasından Sahibin iş telefonunun nömrəsini tapıb rəfiqəmə verdim. Qız elə bunu gözləyirmiş kimi dəstəyi götürüb nömrəni yığdı.
Xəttin o biri başından “Allo” deyən ecazkar səsi o dəqiqə tanıdım. Qeyri-ixtiyarən əllərim əsdi. Mənə elə gəldi ki , o, bizi burada, bax elə bu otaqda görür. Mən əllərimlə üzümü tutub kənara çəkildim. Rəfiqəm əvvəllər heç vaxt onda sezmədiyim aktyorluq istedadını işə salıb salamlaşdı:
– Bağışlayın, nömrəni səhv yığmışam, – dedi.
Düşündüm ki, söhbət elə bu iki kəlmə ilə də bitəcək, lakin belə olmadı. İllər boyu gizlicə həsrətini çəkdiyim oğlan elə həmin ecazkar səsə bir qədər də nəvaziş qatıb:
– Buyurun, xanım. Siz hansı nömrəni yığırdınız ki? – deyə soruşdu.
Rəfiqəm kənarda həyəcandan əsdiyimi görüb gülümsədi və ağlına ilk gələn bir nömrəni dedi.
Xəttin o biri başında səslənən gülüşü eşidəndə həm təəccübləndim, həm də əsəbiləşdim. Bu azmış kimi, mənim idealım olan Sahib qır saqqız olub yapışdı rəfiqəmdən.
“Xanım, nə gözəl səsiniz var”, “yəqin özünüz daha gözəlsiniz”, “ sizi görmək istəyərdim” və sairə bu kimi ifadələri işlədərək rəfiqəmdən əl çəkmirdi.
Rəfiqəm də öz roluna necə məharətlə girmişdisə, heç çıxmaq fikri yox idi. O, gülərək nazla “Olar! Gəlin elə bu gün görüşək!” – deyəndə sanki ürəyim yerindən tərpəndi.
– Harda? Necə? – deyə Sahib sevincək soruşdu.
– Bu gün “Azərbaycan” kinoteatrının qarşısında. Axşam saat 7-də.
– Əla. Mənə çox uyğundur ora. Blirsiniz, siz sanki mənim oraya yaxın olduğumu və saat 7-də işdən çıxacağımı bilirmiş kimi təyin etdiniz görüş yerini.
Rəfiqəm bütün bunları həqiqətən bildiyindən bir qədər tutulsa da, özünü ələ aldı və vəziyyətdən ustaıqla çıxa bildi.
– Ha, ha, ha! Siz nə danışırsınız? Sadəcə mən şəhərdə başqa yer tanımıram. Ona görə oranı dedim. Vaxt isə valideynlərimin evdə olmayan vaxtdır. Evdən çıxa bilərəm.
– Olsun. Sizi gözləyəcəm.
Rəfiqəm dəstəyi yerinə asıb dərindən nəfəs aldı və divanda oturub gözlərini mənə zillədi.
Biz çinayət işləmiş müqəssirlər kimi bir-birimizə baxıb susurduq. Sonra rəfiqəm:
– Sən də buna vurulmusan! Salam verən kimi məni görüşə dəvət etdi. Eybi yox. Qoy getsin ora. Biz də səninlə gedib kənardan onun məni gözlədiyini seyr edərik.
– Mən heç yerə gedən deyiləm! – dedim.
Qəribə burasıdır ki, sevdiyim oğlan başqa bir qıza görüş təyin etdiyini eşidəndə təəccüblənsəm də, ürəyimdə ona qarşı mənfi nəsə oyanmadı. Uzun müddət ürəyimdə yer verdiyim o oğlan gözümdən düşmədi. Baş verənləri adi zarafat kimi qəbul etdim.
– Yaxşı gedib baxarııq! – dedim.
Bir qədər sonra anam zəng edib axşam evə gec gələcəyini dedikdə
– Hara gedirsən ki? – deyə soruşdum.
– Atanla kinoya gedəcəyik. Bilet alıb. Bu axşam “Azərbaycan” kinoteatrında yeni film nümayiş edilir, – dedi.
Anamla söhbətimi rəfiqəm də eşidirdi. Mən dəstəyi asıb:
– Biz bu axşam ora gedə bilmərik. Valideynlərim orada olacaqlar, – deyə mən yaranmış vəziyyəti rəfiqəmə izah etdim.
– Düzdür. Heyf. Onun məni orada necə gözlədiyini görə bilməyəcəyik! – deyə rəfiqəm planının pozulduğuna təəssüfləndi.
O gün rəfiqəm məni tək qoymayıb valideynlərim gələnə qədər mənimlə qaldı. Bir müddətdən sonra onllar gəldilər və xüsusi bir ruh yüksəkliyi ilə yeni filmdən və kinoya getdiklərindən danışdılar.
– Qızlar, siz də gedib baxın. Əla filmdir. Solmaz xala da getmişdi bizimlə, – deyə anam söhbətə başladı.
– Solmaz xala da sizinlə idi? – deyə mən təəccübləndim.
– Hə. Ona da bilet almışdıq. Kinoteatrın qarşısında da təsadüfən Sahibi gördük. Mənə elə gəldi ki, kimisə gözləyirdi. Gözü elə cavan qızlarda idi, – deyə anam mənə baxıb gülümsədi.
Rəfiqəm özünü saxlaya bilməyib güldü:
– Bəlkə kiminləsə görüşü var imiş? Siz mane olmusunuz? – dedi.
– Ola bilər. Cavan oğlandı da. Hər halda bizimlə filmi seyr etmək istəmədi.
– İstəməz də, – deyə yenə rəfiqəm dilləndi.
Ertəsi gün rəfiqəm yenə bizə gəldi, yenə Sahibin telefonuna zəng etdi:
– Necəsiz? – deyə soruşdu
– Siz görüşə niyə gəlmədiniz? Mən sizi gözlədim, – deyən Sahibin sualına rəfiqəm aktyorluq istedadının ən yüksək pilləsini nümayiş etdirdi:
– Siz mənimlə görüş təyin edib özünüz başqa qadınla görüşdünüz dünən axşam, – dedi
– Mən?! – deyə yazıq oğlan təəccübləndi
– Bəli, siz! Mən sizə yaxınlaşmaq istədikdə yanınızdakı qara saçlı qadını görüb geri döndüm.
Sahib necə bərk güldüsə səsi telefon dəstəyindən otağa yayıldı.
– Xanım, o qara saçlı qadın mənim nənəmdir! – deyib daha da bərk güldü:
– Demək siz gəlmişdiz ora? – deyə soruşdu.
– Əlbəttə. Nənəniz cavandır maşallah! – deyə Solmaz xalanı yaxşı tanıyan və o axşam Sahibin yanındakı qadının məhz nənəsi olduğunu bilən rəfiqəm heyrətləndi.
– Hə. Nənəm vaxtilə çox gözəl olub. İndi də təravətini itirməyib.
Solmaz xala həqiqətən çox gözəl qadın idi. Onun yaşı çox olsa da həmişə səliqəli və dəblə geyinər, özünə çox yaxşı baxardı.
– Gələn dəfə nə vaxt görüşək? – deyə Sahib soruşdu.
– Bu ara Moskvaya gedəcəm. Gələndən sonra sizə mütləq zəng edərəm, – deyə rəfiqəm görüşmək istəmədiyini bildirdi.
– Yaxşı olsun, əzizim! – deyib Sahib sağollaşdı.
Sahibin rəfiqəmə, tanımadığı, heç vaxt görmədiyi bir qıza əzizim deməsi məni çox məyus etdi. Mənə elə gəlirdi ki, hər kəsə əzizim demək olmaz axı! Mən o vaxtlar nə qədər sadəlöhv idim! Bütün bunlara baxmayaraq hər dəfə Sahibi görəndə hiss edirdim ki, qəlbimdəki boşluğu ancaq o doldura bilər. Əgər o vaxt mənə ümid versəydi, mənə evlilik təklif etsəydi, mütləq onunla ailə qurardım. Təəssüf ki, o bunu etmədi. Mən də sevgimi ürəyimin dərinliyində dəfn etdim…
Günlərin bir günü Sahib “Niyə ərə getmirsən ? Yoxsa ürəyində gizli sevgin var?” – deyə soruşdu. Gözlərinin düz içinə baxıb “Var!” – dedim. İstehzalı bir gülüşlə “Yoxsa o, mənəm?”- dedi.
Xeyr! Sən deyilsən, əzizim! – deyb ondan həmişəlik ayrıldım. Cürət edib “sənsən!”deyə bilmədim… Hətta ona “əzizim” deyərək əsəbimdən onun bir zaman rəfiqəmə dediyi sözü də özünə qaytardım.
Ondan sonra həyatımda çox şey dəyişdi. Başqa bir insanla ailə qurdum. İki oğul anası oldum. Xoşbəxt və firavan yaşadım, ancaq onu unuda bilmədim ki, bilmədim… İndi nə valideynlərim, nə Solmaz xala həyatda yoxdurlar. Onları xatirələrimdə yaşadıram.
Hərdən gənclikdə qürurumu sındırıb Sahibi sevdiyimi ona demədiyim üçün heyfsilənirəm. Çünki illər sonra o, mənə “əgər o gün, sənə sual verdiyim gün ürəyindəki mən olduğumu desəydin hər şey başqa cür olardı. Çünki o vaxtlar o qədər gözəl idin ki, mən özümü sənə layiq bilmirdim, ancaq səni ürəyimdə sevirdim və həmişə bu sevgini gizlətməyə çalışırdım, əzizim!” – dedi.
Bu dəfə “əzizim” sözü tamam başqa cür səsləndi. Bu söz indi ürəkdən deyilən və yalnız mənə aid söz idi.
Biz indi çox yaşlıyıq. Hər ikimizin nəvələrimiz var, ancaq mən yenə də onu görəndə özümü bir qədər itirirəm. Yəqin kitablardan oxuduğum ilk məhəbbət həsrəti elə bu imiş.
Bax, indi də gözüm təqvimdədir. Bayram yaxınlaşır axı.
Yenə mütləq ondan mənə təbrik gələcək. Yenə yazacaq “Bayramın mübarək,əzizim!”
Zaur Ustac زائـــور اوستاج بو گوز ظفر لیباسیندا سئوینج گؤز ياشی هر ایکی ساحلده دايانیب اَرلر آيریلیق آتشی ائله قارسیيیب ایچهرک قورودار آرازی نرلر * * * گؤيلردن بويلانیر تومریس آنامیز اَلینده قان دولو او مشهور تولوق خاین ياغیلارین باغری يئنه قان جانی اَسمهجهده، ایشلری شولوق * * * اوشاقدان بؤيويه هامی امیندیر تاریخ صحنهسینده يئتیشیب زامان بو دفعهبیريوللوق بیتهجک صؤحبت نه گذشت اولاجاق، نه ده کی، آمان * * * ایللردیر حسرتدن گؤزلری نَملی مامیرلی داشلارین گولور هر اوزو نئچه قرینهدیر قالمیشدی چیلپاق يامياشیل چايیرلا گلیب بو گوزو * * * آل دونون گئيینیر گونش هر سحر سمامیز ماسماوی، گؤي اوزو تمیز دومان دا يوخ اولوب، ایتیب بولودلار گؤزون آيدین اولسون، سئوین، آ تبریز 06/11/2022. باکی
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz! 06.11.2022. Bakı. Müəllif: ZAUR USTAC زائـــور اوستاج
(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma və bizə öz tərəfindən bir mərhəmət bəxş et! Sən həqiqətən(mərhəmət) bəxş edənsən. (Ali-İmran,8)
Hər başlangıcın sonu olduğu kimi hər sonun da bəlli bir başlanğıcı olur. Son heç vaxt birdən-birə gəlmir. Gələrkən müəyyən zaman intervalında xəbərdarlıqlarla, əlamətlərlə gəlir: yağışdan öncə buludlar kimi, gün doğmadan öncəki qaranlıq (hər qaranlıq gecənin bir gündüzü var)kimi, doğum sancısı, ölüm solğunluğu kimi….
Getdiyim haqqın yoludur,
Yoluma duman bürünür.
Mən yürüyürəm, arxamca,
Cansız kölgələr sürünür…
Allah Cənnəti və Cəhənnəmi yaratdı. Cənnətin yolunu tikanlarla, çətin, keçılməz maneələrlə,sınaqlarla, Cəhənnəmin yolunu isə nəfsə xoş gələnlərlə döşədi.
Şübhəsiz ki, kafirlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar (Ali-İmran,10)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının(müvəqqəti) mənfəətidir.Ən gözəl dönüş yeri Allah dərgahındadır.(Ali-İmran,14)
Haqq yolunu tutanlar bu dünyada cəhənnəm əzabından keçib əsl DOST (Allah)a qovuşur.
Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız. (Yasin,83)
Çətinliyə düşməyən, əziyyət çəkməyən insan son mükafatın həzzini ala bilməz. Əziyyətlə əldə edilmiş nemət daha qiymətli və əziz olur.
Torpaq ayağımdan çəkir,
Gözlərim qanlı yaş tökür,
ömrümə qaranlıq çökür
Bəxtimin ulduzu sönür.
Uca Allah ilk insanı-Adəmi yerdən götürülmüş torpaqdan yaratdı. Torpaq insan bədəninin xam maddəsidir. İnsan bütün həyatını torpa(k)qla bir olaraq keçirir. İnsan yerdə dünyaya gəlir, torpaqda ayaq açır, Yerin bitirdiklərindən qidalanır, sonda yerə əmanət olur. Yer, torpaq bizi ömrün qürubunda qoynuna alıb saxlayır.
Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir! (Yasin,36)
Dünyada bunca adam var,
Dərdimdən dərdlilər anlar,
Uzaqlaşdıqca insanlar,
Tək, uca Allah görünür…
Dərd –insanlara Allah tərəfindən verilmiş nemətdir.İnsan dərd çəkməsə, acının nə olduğunu bilməsə yardım etməz, anlayışlı olmaz, Allahın axtarışına çıxmaz. Acı çəkən, ağlayan uşaq anasına sığındığı kimi dərdli insan da Kainatın Yaradıcısını sorğular, Onu axtarar.
İnsan bir Can və Ruh daşıyır. Daşıdığı əmanəti sonda onu Yaradana təslim edir. Yolun sonu və son söz Əvvəl, Axir olan Allaha aiddir.
“ALLAH” şerində şair bunu təsdiqləyir:
İndi gördüklərim dərin yuxuma,
Ayılıb yenmişəm zəif qorxumu,
Özümdən alaraq ölməz ruhumu,
Yenə dərgahına gətirdim Allah.
Ruh ALLAHın nəfəsidir, ruh müqəddəsdir. Allah Hayy, Əvvəl, Axir olduğu üçün ruh da əbədidir, ölməzdir. Müəyyən zaman kəsiyində Cana verildikdən sonra ondan alınır. Ruhla bədən bir olduqdan sonra vəhdətdə yaşayır. Bədən ruhu, ruh da bədəni qidalandırır. Zaman bitdikdən sonra Əmanətlər Yaradıcıya təhvil verilir.
Ömür dedikləri bir anlıq imiş,
Bəxtimiz sarayı viranlıq imiş,
Dünya başdan başa qaranlıq imiş,
Yıxılıb özümü itirdim, Allah…
İnsan hansı zaman kəsiyidə yaşasa da ona ömrü qısa bir filmə sığacaq. Buna görə uzun müddət yaşansa da ömür bir an kimi gəlir. Dünya həyatı maneələrə, insana qaranlıq gələn çətinliklərlə doludur, bu qaranlıq, müəmma, çətinlık dolu həyatda insan istər-istəməz aciz qalır, aciz insan daha böyük qüvvəyə -Allaha hər zaman ehtiyac duyur.
Bu yalan dünyada
İki gerçək yaşadım,
Bir ömürdə
İki həyat yaşadım
Həyat qədər şirin yalan
Ölüm qədər
acı gerçək yaşadım.
Hər şey yalan…
Təkcə sən gerçəksən, Tanrım!
Hər şey iki
təkcə sən birsən, Tamrım!…
Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.
O, hansınızın daha yaxşı əməl edəcək deyəsizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qudrətlidir, bağışlayandır. (Mülk.1,2)
Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis dönüş yeridir! (Mülk,6)
Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.
O, bir şeyin olmasını istədiyi zaman ona yalnız “Ol!”deyə əmr edər. O da dərhal olar. (Yasin, 82)