
65-İN QƏTLİ
Tortun üstündəki 65 rəqəmi məni çaşdırdı.
Bir müddət ona baxdım. Elə bil rəqəm deyildi. İki nəfər yan-yana dayanmışdı — altı və beş. Məni tanıyırdılar, mən isə onları yox.
Eynən yuxu kimi… İstədim soruşum:
— Kimin ad günüdür?
Qızımın səsinə ayıldım:
— Ata, tortu kəs.
Əlimi bıçağa uzatdım.
O anda otaqdakı səslər qəribə şəkildə kəsildi. Gülüşlər uzaqlaşdı. Qaşıqlar susdu. Şamların alovu belə tərpənmədən mənə baxmağa başladı.
Bir anlıq özümü ad günü süfrəsinin arxasında yox, hadisə yerində hiss etdim.
Qurban qarşımda idi.
65.
Heç müqavimət göstərmirdi.
Əvvəl bıçağı 6-nın ortasından keçirdim.
Krem iki yana yayıldı.
Sonra 5-i yortdum.
Bir dəfə.
Bir də, bir də…
Sonra daha xırda hissələrə böldüm.
65-i doğram-doğram elədim.
Bıçağın üstü kremə bulaşmışdı. Qırmızı mürəbbə kənara axırdı. Süfrənin ağ örtüyünün üstünə bir damcı düşəndə mənə qan kimi göründü.
Qızım dedi:
— Ata, bu tikəni mənə ver.
Mən isə donub qalmışdım.
Ortada artıq 65 yox idi.
Boşqabların içində onun parçaları vardı.
Birinə altı düşmüşdü.
Birinə beşin yarısı.
Birinin üstündə rəqəmdən yalnız balaca ağ krem izi qalmışdı.
Düşündüm:
İndi sübutları da yeyəcəklər.
Hamı sakitcə cinayət yerini tərk edirdi.
Kimsə çay içirdi.
Kimsə tortun çox dadlı olduğunu deyirdi.
Kimsə ikinci tikəni istəyirdi.
Mən isə əlimdə bıçaq dayanmışdım.
Elə həmin anda qapı açıldı.
Heç kim içəri girmədi.
Amma mən özümü məhkəmə zalında hiss edirdim.
Müttəhimlər kürsüsündə oturmuşdum.
Hakim yox idi.
Onun yerində böyük bir saat asılmışdı.
Saniyə əqrəbi hər dəfə tərpənəndə zalda çəkic səsi eşidilirdi.
Tak.
Tak.
Tak.
Prokuror qarşıma yeridi.
Üzü yox idi.
Onun sifətinin yerində köhnə şəkillərim vardı.
Soruşdu:
— 65-i niyə öldürdünüz?
Dedim:
— Mən öldürmədim. Tort idi.
— Onda niyə parçaladınız?
Cavab vermədim.
Prokuror masanın üstünə bir-bir sübutlar düzməyə başladı.
Uşaqlığım.
İlk məktəb çantam.
Atamın səsi.
Anamın əlləri.
Bir zamanlar sevdiyim qadının gözləri.
Getmək istəyib getmədiyim yerlər.
Deyə bilmədiyim sözlər.
Gecikdirdiyim görüşlər.
“Sabah edərəm” dediyim bütün sabahlar.
Sonra məndən soruşdu:
— Bunları da siz doğramısınız?
— Yox.
— Bəs kim?
Başımı qaldırıb divardakı saata baxdım.
Saat günahsız adam kimi susurdu.
Onda başa düşdüm:
Mən 65-i öldürməmişdim.
Əslində məni hadisə yerinə 65 özü çağırmışdı.
Mən artıq bezdim bu və ayağa qalxdım:
— Cəzanı deyin, — dedim. — Görəsən neçə il verəcəksiniz?
Zal susdu.
Saatın saniyə əqrəbi bir dəfə də tərpəndi.
Tak.
Sonra haradansa bir səs gəldi:
— Heç kim bilmir.
— Beş il?
Sükut.
— On?
Sükut.
— İyirmi?
Yenə sükut.
— Bəlkə bir gün?
Bu dəfə saat da susdu.
Və mən ilk dəfə anladım ki, insanın aldığı ən qəribə hökm elə budur:
Cəzanın müddəti əvvəlcədən deyilmir.
Səni həyata buraxırlar.
Neçə il qalacağını demədən.
Qapı açıldı.
Mən yenidən evdə idim.
Hamı tort yeyirdi.
Bıçaq stolun üstündəydi.
Boşqabımda isə balaca bir tikə qalmışdı.
Üstündə kremdən yarımçıq bir rəqəm görünürdü.
Bilə bilmədim altı idi, yoxsa beş.
Çəngəli götürmədim.
Bir müddət ona baxdım.
Sonra düşündüm:
Bəlkə mən bu gün 65-i doğramadım.
Bəlkə ömrümü iki yerə böldüm:
yaşadığım ömür
və
hələ mənə verilməmiş ömür.
Birincisinin ifadəsi artıq alınıb.
İkincisi isə hələ istintaqdadır.
Mən müttəhiməm.
Mən şahidəm.
Mən zərərçəkənəm.
Bəlkə də hakim də özüməm.
Bir şeyi dəqiq bilirəm:
Bu gündən sonra hər səhər mənə verilən əlavə günə adi gün kimi baxmaq istəmirəm.
Çünki 65-in qətlindən sonra əsas sual artıq
“Mənə neçə il verəcəklər?”

Müəllif: Sehran Allahverdi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında